Məhkəmə qərarları › İş №1(035)-9/2024

Zərdab Rayon Məhkəməsi Hökm — İş №1(035)-9/2024

15.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Zərdab rayonu İş № 1(035)-9/2024 15.01.2024 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Zərdab Rayon Məhkəməsi X4 Elxan oğlunun sədrliyi Babayeva Leyla Şirin qızının katibliyi Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi Zərərçəkmiş şəxs Zərdab rayon Kommunal Müəssisələri Kombinatının nümayəndəsi Zərərçəkmiş şəxs1 Zərərçəkmiş şəxs X2 nümayəndəsi Zərərçəkmiş şəxs2 oğlunun Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1999-cu ildə Zərdab rayonunun Körpükənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Zərdab rayonu, Körpükənd kəndində daimi qeydiyyatda olan və həmin kənddə yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Zərdab Rayon Məhkəməsinin binasında 15 yanvar 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 10:45 radələrində X3 məxsus ünvan 1 ünvanında yerləşən qarışıq mallar mağazasına müştəri qismində daxil olaraq həmin mağazanın üzüklər yığılmış vitrinindən dəyəri 136 manat olan 01 ədəd 1.6 qram, 585 əyarlı, qaşsız qadın üzüyünü və dəyəri 638 manat olan 01 ədəd 5.8 qram, 750 əyarlı, qaşsız qadın üzüyünü oğurlamış, yəni gizli olaraq talamışdır. Bundan başqa, Təqsirləndirilən şəxs təkrar xx.xx.2023-cü il tarixdə 10:43 radələrində X3 məxsus ünvan 2 ünvanında yerləşən qarışıq mallar mağazasına müştəri qismində daxil olaraq həmin mağazanın üzüklər yığılmış vitrinindən dəyəri 374 manat olan 01 ədəd 4.4 qram, 585 əyarlı, oval formalı, qaşlı kişi üzüyünü, dəyəri 405 manat olan 01 ədəd 4.77 qram, 585 əyarlı, oval formalı, üzərində 6 ədəd qaşı olan kişi üzüyünü və dəyəri 552 manat olan 01 ədəd 6.5 qram, 583 əyarlı, qaşlı, qədimi qadın üzüyünü oğurlamış, yəni gizli olaraq talamışdır. Bundan başqa, Təqsirləndirilən şəxs təkrar xx.xx.2023-cü il tarixdə 10:47 radələrində X3 məxsus ünvan 3 ünvanında yerləşən qarışıq mallar mağazasına müştəri qismində daxil olaraq həmin mağazanın üzüklər yığılmış vitrinindən dəyəri 340 manat olan 01 ədəd 4.0 qram, 583 əyarlı, vasmoyka formalı, qaşlı qadın üzyünü, dəyəri 323 manat olan 01 ədəd 3.8 qram, 583 əyarlı, vasmoyka formalı, qaşlı qadın üzyünü, dəyəri 467 manat olan 01 ədəd 5.5 qram, 585 əyarlı, kitab formalı, qaşlı qadın üzüyünü, dəyəri 450 manat olan 01 ədəd 5.3 qram, 585 əyarlı, qaşsız, qalın alyans kişi üzüyünü və dəyəri 195 manat olan 01 ədəd 2.3 qram, 585 əyarlı, kəpənək formalı bəzəkləri olan qaşsız qadın üzüyünü oğurlamış, yəni gizli olaraq talamışdır. Bundan başqa, Təqsirləndirilən şəxs təkrar xx.xx.2023-cü il tarixdə 11:46 radələrində X3 məxsus ünvan 3 ünvanında yerləşən qarışıq mallar mağazasına müştəri qismində daxil olaraq həmin mağazanın üzüklər yığılmış vitrinindən dəyəri 265 manat olan 01 ədəd 3,12 qram, 583,585 əyarlı, üzərində rəngsiz şəffaf qaşlar olan, sarı rəngli, halqasının üç tərəfində “585” damğası olan üzüyünü, dəyəri 110 manat olan 01 ədəd 1.30 qram, 583,585 əyarlı, sarı rəngli, halqa formalı, halqasının iç səthində “585” damğası olan üzüyünü, dəyəri 217 manat olan 01 ədəd 2.56 qram, 583,585 əyarlı sarı rəngli, halqa formalı, halqasının iç səthində “ANBER 585” damğası olan üzüyünü və dəyəri 111 manat olan 01 ədəd 1.31 qram, 583,585 əyarlı sarı rəngli, halqa formalı, halqasının iç səthində “ANBER 585” damğası olan üzüyünü oğurlamış, yəni gizli olaraq talamışdır. Bundan başqa, Təqsirləndirilən şəxs təkrar xx.xx.2023-cü il tarixdə saat 03 radələrində ünvan 4 ünvanda yerləşən Kommunal Müəssisələri Kombinatının inzibati binasının xidməti otağına pəncərədən qanunsuz yolla daxil olaraq oradan 250,00 manat dəyərində 01 ədəd Çində istehsal edilmiş, “Packart bell” markalı, EasyNote TE69KB model, 15.6 HD LED LCD, AMD Dual-Core Processor E1-2500, AMD Radeon HD 8240, 2GB DDR3 Memmory xüsusiyyətli notebuku oğurlamış, yəni gizli talamışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərdab rayonu, Körpükənd kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayır. Heç bir yerdə işləmir. 2 ay Bakı şəhərində taksi sürərək pul qazanmışdır. Anası rayon ərazisində tək qaldığı üçün isə onun yanına gəlmək qərarına gəlmişdir. Rayona gəldikdən sonra heç bir yerdə işləməmişdir. Bu səbəblə gündəlik tələbatları yaranmışdır. xx.xx.2023-cü il tarixdə səhər saat 09 radələrində Zərdab şəhəri, Azərbaycan küçəsi ilə gəzən zaman yol qırağında yerləşən qarışıq mallar mağazası görmüşdür. Özündə maraq yarandığından içəriyə keçib baxmışdır. İçəridə olan zaman vitrində üzüklərin olmasını görmüşdür. Üzüklərə baxdıqdan sonra mağazadan çıxıb şəhər ərazisində gəzmiş, yolda gəzən zaman şəxsi ehtiyacları üçün həmin mağazada olan qızıl üzükləri oğurlamaq qərarına gəlmişdir. Həmçinin, mağazada satıcı işləyən qadının mağazanın arxasında yerləşən evinə tez-tez keçdiyini də görmüşdür. Saat 10 radələrində mağazaya qayıtmışdır. Saat 10:45 radələrində müştəri qismində mağazaya daxil olmuşdur. Satıcı mağazada olmamışdır. Vitrinin içərisinə əlini salacaq qədər boş yer olmuşdur. Dərhal əlini içəri salaraq üzüklər yığılmış qabdan 02 ədəd üzük götürmüş və dərhal çölə çıxmışdır. Bundan sonra rayon ərazisində dostluq münasibəti olan və ara-sıra əlbəəl olaraq qızıl alqı-satqısı ilə məşğul olan Turala zəng etmişdir. Həmçinin, Tural rayon ərazisində taksi fəaliyyəti ilə də məşğul olur. O, Turala zəng edərək onu gəlib küçədən götürməsini istəmişdir. Təxminən 10 dəqiqə sonra Tural gəlmişdir. Maşına əyləşən zaman Turala “mən də qızıl var, götürürsənmi” demişdir. Tural da ”kimindi” deyə sual vermişdir. O da “evindi, ehtiyacım var, satıram” demişdir. Bundan sonra Turalın istifadə etdiyi mağazaya getmişlər. Orada Tural 02 ədəd qızıl üzüyü çəkmişdir. Lakin, özünün anlayışı olmadığından, həmçinin yaddaşı zəif olduğundan neçə qram gəldiyi və modelini bilməmişdir. Tural 02 ədəd qızıl üzüyü hesablayaraq 135 manat etdiyini bildirmişdir. O da heç nə deməmişdir. Bundan sonra pulu alıb evə getmişdir. Pulu həmin gün və səhər öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Səhəri gün, yəni xx.xx.2023-cü il tarixdə saat 10:40 radələrində o, yenə də yol ilə gələn zaman yenidən mağaza da kiminsə olmadığını görmüşdür. Dərhal içəriyə keçmişdir. Eyni qaydada əlini içəri salaraq üzüklər yığılmış qabdan 03 ədəd üzük götürmüş və dərhal çölə çıxmışdır. Sonra yenidən Tural ilə əlaqə saxlamışdır. Onunla görüşüb yenidən mağazada qızıl üzükləri çəkmişdir. Həmçinin, yenə də üzüklərin neçə qram gəldiyi və modelini bilməmişdir. Turalın 03 ədəd qızıl üzüyü hesablayaraq nə qədər pul verməsini xatırlamır. Daha sonra isə yenidən rayon ərazisində gəzmişdir. O, həmin pul məbləğlərini xərcləmişdir. xx.xx.2023-cü il tarixdə saat 10:40 radələrində o, yenə də yol ilə gələn zaman yenidən həmin mağazada kiminsə olmadığını görmüş, dərhal içəriyə keçmişdir. Eyni qaydada əlini içəri salaraq üzüklər yığılmış qabdan 05 ədəd üzük götürmüş və dərhal çölə çıxmışdır. Daha sonra rayon ərazisində gəzməyə başlamış və Tural ilə əlaqə saxlamışdır. Onunla görüşüb yenidən mağazada qızıl üzükləri çəkmişdir. Həmçinin, yenə də üzüklərin neçə qram gəldiyi və modelini bilməmişdir. xx.xx.2023-cü il tarixdə də saat 11:40 radələrində yenə də o yol ilə gələn zaman yenidən mağazada kiminsə olmadığını görmüşdür. Dərhal içəriyə keçmişdir. Eyni qaydada əlini içəri salaraq üzüklər yığılmış qabdan 04 ədəd üzük götürmüş və dərhal çölə çıxmışdır. Sonra yenidən Tural ilə əlaqə saxlamışdır. Onunla görüşüb yenidən mağazada qızıl üzükləri çəkmişlər. Həmçinin, yenə də üzüklərin neçə qram gəldiyi və modelini bilməmişdir. Turalın 04 ədəd qızıl üzüyü hesablayaraq nə qədər pul verməsini xatırlamır. Gün ərzində rayon ərazisində olan zaman anası ona zəng edərək oğurluq edib-etmədiyini soruşmuşdur. O, da həmin an anasının artıq bildiyini öyrənmişdir. Bundan sonra polis əməkdaşları rayon ərazisində ona yaxınlaşaraq polis şöbəsinə dəvət etmişlər. O da polis şöbəsinə gəlmişdir. Artıq polis əməkdaşlarının onun əməlindən məlumatlı olmasını düşünüb əməlini etiraf etmişdir. Bu səbəblə barəsində məhkəmənin qərarı ilə “ev dustaqlığı” qətimkan tədbiri seçilmişdir. Bundan sonra xx.xx.2023-cü il tarixdə Zərdabi parkında kafedə əyləşib tanışları ilə araq içmişdir. O, kafeyə təxminən 01:15 radələrində gəlmişdir. Təxminən saat 02:45 radələrində kafedən çıxmışdır. Evə tərəf gedən zaman yaxınlıqda olan üç mərtəbə deyilən binanın arxasına keçmişdir. Binanın birinci mərtəbəsinin pəncərəsinin açıq olmasını görmüşdür. O, içəri daxil olmuşdur. Orada bir ədəd noutbuk olmuşdur. O, həmin noutbuku götürmüş və özü ilə evə aparmışdır. Noutbukun markasını bilmir. Daha sonra səhər açıldıqda polis əməkdaşları ondan oğurluq edib-etmədiyini soruşmuşlar. O da oğurluq etdiyini etiraf etmişdir. O, törətdiyi əməldən peşmandır. O, oğurluq etməsi barədə heç kəsə deməmiş və heç kəsin də məlumatı olmamışdır. Maddi imkanı olmadığından zərərçəkmiş şəxs X3 dəymiş ziyanı tam ödəməmiş, lakin aralarında hissə-hissə ödəmək şərti ilə razılaşmaları olmuşdur. Digər zərərçəkmiş şəxsdən oğurladığı notebuku isə sahibinə qaytarmışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxslərin nümayəndələrinin ifadələri, şahidlərin ifadələri, məhkəmə fiziki-kimyəvi və məhkəməəmtəəşünaslıq ekspertizasının rəyləri, eləcə də məhkəmədə tədqiq olunmuş digər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxsin nümayəndəsi qismində dindirilən Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, ünvan 3 ünvanında daimi qeydiyyatda olmaqla 1-ci qrup əlil atası Nazim Kərimov, anası Şahid1 və digər ailə üzvləri ilə birlikdə yaşayır. Yaşadığı evin həyətində qarışıq mallar mağazası vardır. Həmin mağaza atasının adına olmaqla müvafiq olaraq VÖEN-i vardır. Lakin, atasının onkoloji xəstə olması səbəbi ilə, mağazada anası Pərvanə satıcı qismində iştirak edir. Həmin mağazada geyim əşyaları ilə yanaşı qızıl zinət əşyaları da satılır. Həmçinin, anası Pərvanə tez-tez atasına nəzarət etmək üçün evə keçir. Həmin zaman isə anası mağazanın çöl qapısını açıq saxlayır. Belə ki, mağazada kameralar olduğu və rayon ərazisində hər kəslə xoş ünsiyyətdə olduqları üçün kiminsə oğurluq etməsini düşünməmişlər. Lakin, xx.xx.2023-cü il tarixdə gün ərzində anası ona zəng edərək qızılların əksik olmasını aşkar etdiyini demişdir. O, da dərhal yaşadığı evə gələrək kameralara baxmağa başlamışdır. xx.xx.2023-cü il tarixə baxdıqda rayon sakini olan Talehin mağazaya müştəri qismində daxil olaraq vitrinlərə əlini salıb qızıl zinət əşyalarını götürüb dərhal mağazadan çıxmasını görmüşdür. Daha sonra isə Talehin anasına və polis şöbəsinə məlumat vermişlər. Həmçinin, kameralarda əvvəlki günlərə də baxdığı zaman Talehin 16 iyun, 17 iyun və 21 iyun 2023-cü il tarixlərdə də müştəri qismində mağazaya daxil olaraq vitrinlərə əlini salıb qızıl zinət əşyalarını götürdüyünü müəyyən etmişdir. Taleh 4 dəfə olmaqla ayrı-ayrı tarixlərdə ümumilikdə 14 ədəd qızıl üzük götürmüşdür. Həmin üzüklər 01 ədəd 4,0 qram, 583 əyar olan “vasmoyka” adlanan üzük, 01 ədəd 3,8 qram, 583 əyar olan “vasmoyka” adlanan üzük, 01 ədəd 5,5 qram, 585 əyar olan qadın üçün kitab formalı üzük, 4,4 qram, 585 əyar olan oval formalı, qaşlı kişi üzüyü, 01 ədəd 4,77 qram, 585 əyar olan oval formalı, 6 qaşlı kişi üzüyü, 01 ədəd 3,45 qram, 585 əyar olan qaşlı kişi üzüyü, 01 ədəd 5,3 qram, 585 əyar olan qalın alyans kişi üzüyü, 01 ədəd 1,9 qram, 585 əyar olan alyans üzüyü, 01 ədəd 2,3 qram, 585 əyar olan karter üzüyü, 01 ədəd 6,5 qram, 583 əyar olan qədimi qadın üzüyü, 01 ədəd 1,6 qram, 585 əyar olan qasşsız qadın üzüyü, 01 ədəd 5,8 qram, 750 əyar olan qadın üzüyü və 01 ədəd 2,3 qram, 585 əyar olan qaşsız qadın üzükləri oğurlamışdır. Qızılın hər qramının qiyməti isə 110 manat təşkil edir. Zərərçəkmiş şəxs tərəfindən ona dəymiş ziyan tam şəkildə ödənilməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin nümayəndəsi qismində dindirilən Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, Zərdab rayonu, Məlikumudlu kəndində qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə həmin ünvanda yaşayır. Zərdab rayon Kommunal Müəssisələri Kombinatında təmizlik üzrə sahə rəisi işləməklə, hazırda Zərdab KMK-da direktor vəzifəsini müvəqqəti icra edir. Həmin KMK-nin xidməti otağı ünvan 9 ünvanında yerləşən 3 mərtəbəli binanın birinci mərtəbəsində yerləşir. 22 avqust 2023-cü il tarixdə saat 17:00-da iş saatı bitdikdən sonra evə getmişdir. 23 avqust 2023-cü il tarixdə saat 08:00-da işə gəldikdə xidməti otağın pəncərəsinin açıq olduğunu və otaqda yerləşən masanın üzərində olan 1000 (bir min) manat dəyərində olan “Packard bell” markalı kompyuterin olmadığını aşkar etmişdir. O, həmin zaman oğurluq hadisəsinin gecə saatlarında baş verməsini bilmişdir. Buna görə də, həmin gün Zərdab RPŞ-nə gələrək oğurluq edən şəxs və ya şəxslərin tapılıb məsuliyyətə cəlb edilməsi üçün ərizə ilə müraciət etmişdir. Sonradan ona həmin oğurluq hadisəsini rayon sakini Təqsirləndirilən şəxs törətməsi məlum olmuşdur. Həmçinin, xidməti otağın pəncərəsi və qapısı iş saatı bitdikdən və otağı tərk edən zaman bağlanmışdır. Onlara dəymiş ziyan notebuk qaytarılmaqla ödənilmişdir. Ona görə də təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid1 ifadəsində bildirmişdir ki, o, ünvan 3 ünvanında daimi qeydiyyatda olmaqla 1-ci qrup əlil həyat yoldaşı Nazim Kərimov, oğlu Zərərçəkmiş şəxs2 və digər ailə üzvləri ilə birlikdə yaşayır. Yaşadığı evin həyətində qarışıq mallar mağazası vardır. Həmin mağaza həyat yoldaşının adına olmaqla müvafiq olaraq VÖEN-i vardır. Lakin həyat yoldaşının onkoloji xəstə olması səbəbi ilə, mağazada özü satıcı qismində satış həyata keçirir. Həmin mağazada geyim əşyaları ilə yanaşı qızıl zinət əşyaları da satılır. Həmçinin, o tez-tez həyat yoldaşına nəzarət etmək üçün evə keçir. Həmin zaman isə mağazanın çöl qapısı açıq qalır. Belə ki, mağazada kameralar olduğu və rayon ərazisində hər kəslə xoş ünsiyyətdə olduqları üçün kiminsə oğurluq etməsini düşünməmişlər. Lakin, xx.xx.2023-cü il tarixdə gün ərzində qızılların əksik olmasını müəyyən etmişdir. Bu səbəblə oğlu Rəfaelə zəng edərək bu barədə məlumat vermişdir. Rəfael də evə gəlib kameralara baxmağa başlamışdır. xx.xx.2023-cü il tarixə baxdıqda rayon sakini olan Talehin mağazaya müştəri qismində daxil olaraq vitrinlərə əlini salıb qızıl zinət əşyalarını götürüb dərhal mağazadan çıxmasını görmüşdür. Daha sonra isə Talehin anasına və polis şöbəsinə məlumat vermişlər. Həmçinin, kameralarda əvvəlki günlərə də baxdıqları zaman Talehin 16 iyun, 17 iyun və 21 iyun 2023-cü il tarixlərdə də müştəri qismində mağazaya daxil olaraq vitrinlərə əlini salıb qızıl zinət əşyalarını götürdüyünü müəyyən etmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid2 ifadəsində bildirmişdir ki, o, ünvan 10 ünvanında daimi qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə yaşayır. Həm taksi fəaliyyəti ilə məşğul olur, həm kirayə mağaza götürüb qarışıq malların satışı ilə məşğul olur, həm də olduqca qızıl qəbul edib ya satır, ya da ki, lom kimi Bakı şəhərində yerləşən qəbul yerlərinə yenidən emala göndərir. Rayon sakini olan Təqsirləndirilən şəxs təxminən 2020-ci ildən tanıyır. Belə ki, o, öz avtomobilinin maqnitafon kalonkasını ona satmışdır. Həmin müddətdən sonra isə qiyabi olaraq tanımışdır. Təxminən xx.xx.2023-cü il tarixdə günortaya yaxın Taleh onun istifadəsində olan mağazaya gələrək özündə qızıl üzüklər olduğunu bildirmişdir. O, Talehə qızılları haradan aldığını soruşduqda özünün olduğunu bildirmişdir. O, yenə də Talehdən oğurluq olub-olmadığını soruşduqda, Taleh yenə də özünün olmasını bildirmişdir. Bundan sonra, o həmin üzüklərin qaş hissələrini gözə yarı şəkildə çəkidən çıxmışdır. Belə ki, o, həmin üzükləri lom kimi qəbul edir. Həmçinin, o, həmin an həmin üzüklərin tam çəkisini unutsa da, lom çəkisini müvafiq olaraq “alış satış protokolu” ilə qəbul etmişdir. Həmin protokolda qram, aldığım qiymət və digər göstəricilər qeyd olunsa da, tarixini qeyd etməmişdir. Bundan sonra, Taleh çıxıb getmişdir. xx.xx.2023-cü il tarixdə də, Taleh eyni qaydada ona qızıl üzüklər gətirib vermişdir. Həmçinin, onun nömrəsi Talehdə olduğundan əlaqə saxlamışdır. O, isə kənarda olduqda mağazaya gəlməsini tapşırmışdır. Həmin gün də Taleh ona xatırlamadığı sayda qızıl üzük gətirmişdir. Eyni qaydada oğurluq olub-olmadığını soruşmuşdur. Taleh yenə də öz şəxsi malı olduğunu bildirmişdir. O, yenə də, həmin üzüklərin qaş hissələrini çəkidən gözə yarı şəkildə çıxmışdır. Həmçinin, o, həmin an həmin üzüklərin tam çəkisini unutsa da, lom çəkisini müvafiq olaraq “alış satış protokolu” ilə qəbul etmişdir. Bundan sonra Taleh xx.xx.2023-cü il tarixdə də eyni qaydada ona qızıl üzüklər gətirib vermişdir. Taleh onunla əlaqə saxlayıb görüşmüşdür. Həmin gün də Taleh ona xatırlamadığı sayda qızıl üzük gətirmişdir. Eyni qaydada oğurluq olub-olmadığını soruşdur. Taleh yenə də öz şəxsi malı olduğunu bildirmişdir. Bundan sonra xx.xx.2023-cü il tarixdə də, Taleh eyni qaydada ona 04 ədəd qızıl üzüklər gətirib vermişdir. Eyni qaydada oğurluq olub-olmadığını soruşmuşdur. Taleh yenə də öz şəxsi malı olduğunu bildirmişdir. O, həmin üzükləri 270 manata satın almışdır. Bundan bir qədər sonra isə ona polis əməkdaşları yaxınlaşaraq polis şöbəsinə dəvət etmişlər. O, polis şöbəsində Təqsirləndirilən şəxs ona satdığı ümumilikdə 14 ədəd qızıl üzüyün oğurluq olmasını bilmişdir. Həmçinin, Təqsirləndirilən şəxs 16 iyun,17 iyun və 21 və 24 iyun 2023-cü il tarixlərdə ona hər gün olaraq nə qədər satmasını bilməsə də, ümumilikdə 14 ədəd müxtəlif formalı, qədimi və yeni olmaqla kişi və qadın üzükləri satmışdır. O, həmin üzükləri lom kimi qəbul etdiyindən ilkin çəkilərini xatırlamır. O, həmin 14 üzük müqabilində Talehə 1493 manat pul vermişdir. Həmin 10 ədəd üzüyü Bakı şəhərində yerləşən müxtəlif qızıl qəbulu yerlərinə satsa da, 4 ədəd üzük özün də olduğundan Polis Şöbəsinə təqdim etmişdir. Həmçinin, o xx.xx.2023-cü il tarixdə almış olduğu 4 ədəd üzük üçün Talehə 270 manat pul vermişdir. Eyni zamanda, Taleh onun yanına gələn zaman öz şəxsiyyət vəsiqəsini rahat şəkildə təqdim edərək, özünün tərtib etdiyi “alış satış protokolu” adlanan sənəddə yazılan şərtləri oxuyaraq qol çəkmişdir. O da buna görə rahat şəkildə həmin qızıl üzükləri qəbul etmişdir. Qızılların oğurluq olmasından xəbəri olmamışdır. Cinayət işində olan məhkəmə fiziki-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli, 3-16- 16-2-6/4288-9/6173 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş məmulatların ayrı-ayrılıqda tərkibi və digər göstəriciləri (qaşlarının təbiəti, damğası, adları və s.) aşağıdakılardan ibarətdir.

1. Üzərində rəngsiz şəffaf qaşlar olan, sarı rəngli, halqasının iç tərəfindən “585” damğası olan 1 ədəd üzük - Metalı, əyarı (Qızıl 583,585), kütləsi 3,12 qr. Ümumi dəyəri 265 man.

2. Sarı rəngli, halqa formalı, halqasının iç tərəfində “585” damğası olan 1 ədəd üzük - Metalı, əyarı (Qızıl 583,585), kütləsi 1,30 qr. Ümumi dəyəri 110 man.

3. Sarı rəngli, halqa formalı, halqasının iç tərəfində “ANBER 585” damğası olan 1 ədəd Üzük - Metalı, əyarı (Qızıl 583,585), kütləsi 2,56 qr. Ümumi dəyəri 217 man.

4. Sarı rəngli, halqa formalı, halqasının iç tərəfində “ANBER 585” damğası olan 1 ədəd üzük - Metalı, əyarı (Qızıl 583,585), kütləsi 1,31 qr. Ümumi dəyəri 111 man, cəmi 730 manat. Təqdim edilməyən zərgərlik məmulatları

1. 01 ədəd 4,0 qram çəkisi, 583 əyarlı “vasmoyka” formalı qaşlı qadın üzüyü – dəyəri 340 manat.

2. 01 ədəd 3,8 qram çəkisi, 583 əyarlı “vasmoyka” formalı qaşlı qadın üzüyü – dəyəri 323 manat.

3. 01 ədəd 5,5 qram çəkisi 585 əyarlı “kitab” formalı qaşlı kişi üzüyü – 467 manat.

4. 01 ədəd 4,4 qram çəkisi 585 əyarlı “oval” formalı qaşlı kişi üzüyü – dəyəri 374 manat.

5. 01 ədəd 4,77 qram çəkisi, 585 əyarlı “oval” formalı, üzərində 6 ədəd qaşı olan kişi üzüyü – dəyəri 405 manat

6. 01 ədəd 5,3 qram çəkisi, 585 əyarlı qaşsız, qalın, alyans kişi üzüyü – dəyəri 450 manat.

7. 01 ədəd 6,5 qram çəkisi, 583 əyarlı qaşlı qədimi qadın üzüyü – dəyəri 552 manat.

8. 01 ədəd 1,6 qram çəkisi, 585 əyarlı qaşsız qadın üzüyü – dəyəri 136 manat.

9. 01 ədəd 5,8 qram çəkisi 750 əyarlı qaşsız qadın üzüyü – dəyəri 638 manat.

10. 01 ədəd 2,3 qram çəkisi, 585 əyarlı “kəpənək” formalı bəzəkləri olan qaşsız qadın üzüyü dəyəri 195 manat, cəmi 3880 manat təşkil edir. Cinayət işində olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli 9/7144 nömrəli rəyində göstərilmişdir ki, ekspertiza tədqiqatına təqdim edilən bir ədəd Çində istehsal edilmiş, “Packart bell” markalı, EasyNote TE69KB model, 15.6 HD LED LCD, AMD Dual-Core Processor E1-2500, AMD Radeon HD 8240, 2GB DDR3 Memmory xüsusiyyətli notebukun istifadədə olması nəzərə alınmaqla orta bazar qiyməti təxminən 250,00 manat müəyyən olunur. Cinayət işində olan “sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs oğurladığı 04 ədəd qızıl üzük və 01 ədəd “Paçkart bell” markalı notebuk maddi sübut kimi tanınmış və zərərçəkmiş şəxslərə qaytarılmışdır. Cinayət işində olan şübhəli şəxsin tutulması haqqında xx.xx.2023-cü il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan Zərdab Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə həbsdən azad edilərək barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan şübhəli şəxsin tutulması haqqında xx.xx.2023-cü il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan Zərdab Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsdə saxlama müddətinin əvvəli xx.xx.2023-cü ildən hesablanmaqla 03 (üç) ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin tərtib etdiyi xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əməliyyat-sorğu kartotekasında məhkumluğuna dair məlumat yoxdur. Cinayət işində olan Zərdab rayon İcra Hakimiyyəti Başçısının Körpükənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi A.Məhərrəmov tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Cinayət işində olan zərərçəkmiş şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs2 tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən onlara dəymiş ziyandan 1200 manat ödənilmiş, qalan hissəni də ödəyəcəyini bildirmişdir. Cinayət işində olan zərərçəkmiş şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs1 tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən onlara dəymiş ziyan notebuk geri qaytarılmaqla ödənilmiş və təqsirləndirilən şəxsə qarşı şikayətləri və tələbləri yoxdur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin nümayəndələrinin ifadələri, şahid ifadələri, məhkəmə fiziki-kimyəvi ekspertizası və məhkəməəmtəəşünaslıq ekspertizasının rəyləri və işin yuxarıda adı çəkilən digər materiallarına məcmu halında qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ona ittiham elan olunan Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə tövsif edilmişdir. Məhkəmə də onun əməlini həmin maddələrlə tövsif edir. Məhkəmə istintaqı zamanı qeyd olunan əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. CM-nin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən əməlini etiraf edərək səmimi peşmançılıq hissi keçirməsini, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini, Azərbaycan Respublikasının CM-nin 59.1.13-cü maddəsinə əsasən zərərçəkmiş şəxs Zərdab rayon Kommunal Müəssisələri Kombinatına vurduğu ziyanı ödəməsini, CM-nin 59.1.14-cü maddəsinə əsasən zərərçəkmiş şəxs X3 dəymiş ziyanı qismən ödəməsini, zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Onun barəsində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkəmə tərəfindən barəsində ev dustaqlığı qətimkan tədbiri seçildiyi halda bundan nəticə çıxarmayaraq yenidən oğurluq əməli törədib islah olunmamasını, dəymiş ziyanı tamamilə ödəməməsini nəzərə alıb onun barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respubikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-in 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunan azadlıqdan məhrum etmə cəzasının əvvəli həbs olunduğu xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübut kimi tanınan 04 ədəd qızıl üzüyün və 01 ədəd “Paçkart bell” markalı notebukun zərərçəkmiş şəxslərə qaytarılması nəzərə alınmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyərini təşkil edən 178 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 384.1-ci maddələrini rəhbər tutaraq,

HÖKM ETDİ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli həbs olunduğu xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınan 04 ədəd qızıl üzüyün və 01 ədəd “Paçkart bell” markalı notebukun zərərçəkmiş şəxslərə qaytarılması nəzərə alınsın. İş üzrə ekspertiza tədqiqatının dəyərini təşkil edən 178 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu andan (həbsdə olan şəxs hökmü aldığı gündən) 20 gün müddətində Zərdab Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər.

SƏDRLİK EDƏN: İLQAM HƏSƏNQULİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar