Məhkəmə qərarları › İş №1(036)-10/2022

İmişli Rayon Məhkəməsi Hökm — İş №1(036)-10/2022

16.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM İmişli rayonu İş № 1(036)-10/2022 16.03.2022 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs: Fətullayeva (Talıbova) Ruhəngiz Ehtiram qızı, Təqsirləndirlən şəxs: Təqsirləndirilən şəxs və onun müdafiəçisi X2 iştirakları ilə xx xxxxxx 1989-cu il tarixdə İmişli şəhərində аnаdаn оlmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, оrtа təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul оlаn, İmşli şəhəri, Ş.Qurbanov küçəsi ev 38 ünvanında qеydiyyаtdа оlmaqla həmin ünvanda yаşаyаn, bаrəsində bаşqа yеrə gеtməmək barədə iltizаm qətimkаn tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs, cavabdeh kimi Şirvan Apelyasiya Məhkəməsinin 18 iyun 2019cu ildən başlayaraq 21 fevral 2011-cı il təvəllüdlü X8 və 19 yanvar 2012-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanılmalarından ötrü ondan hər bir uşaq üçün 100 manat olmaqla, hər ay cəmi 200 manat sabit pul məbləğində aliment tutulub Fətullayeva (Talıbova) Ruhəngiz Ehtiram qızına ödənilməsi barədə qanuni qüvvəyə minmiş 29 oktyabr 2019-cu il tarixli, 2(106)-3057/2019 nömrəli qətnaməsi üzrə verilmiş 14 yanvar 2020-ci il tarixli icra sənədini icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra etmədiyinə görə İmişli Rayon Məhkəməsinin 03 iyul 2020-ci il tarixli, 3(036)-262/2020 nömrəli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 gün müddətinə inzibati qaydada həbs olunduqdan sonra icra məmuru tərəfindən 14 iyul 2020-ci il, 04 avqust 2020-ci il, 15 sentyabr 2020-ci il, 17 noyabr 2020-ci il və 17 dekabr 2020-ci il tarixli məktublarla icra üçün ona yeni müddət təyin edilib məhkəmənin qətnaməsini icra etməyəcəyi halda cinayət məsuliyyətinə cəlb olunacağı barəsində rəsmi xəbərdarlıq edilməsinə və İmişli Rayon Məhkəməsinin 03 noyabr 2020-ci il tarixli, 8(036)-204/2020 nömrəli qərardadı ilə ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına baxmayaraq, özünün qanunsuz hərəkətlərini davam etdirməklə, məhkəmənin yuxarıda göstərilən qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməyib, təqdimatın verildiyi 08 iyun 2021-ci il tarixə qədər olan müddətdə Fətullayeva (Talıbova) Ruhəngiz Ehtiram qızına yaranmış 4200 manat borcunu ödəməkdən boyun qaçıraraq, ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilib ifadəsində göstərdi ki, anası Nailə Talıbova 1990-cı ildə vəfat etmiş və atası Qalib Talıbov başqa qadınla yeni ailə qurduğu üçün ondan ayrılıb nənəsi Nazilə Talıbovanın himayəsində yaşamışdır. 14 iyun 2010-cı il tarixdə qohumu Ruhəngizlə ailə həyatı qurmuş və birgə nikahlarından 21 fevral 2011-ci il təvəllüdlü Hüseyn və 19 yanvar 2012-ci il təvəllüdlü Həsən adlı iki oğlan uşaqları olmuşdur. 2015-ci ilə qədər münasibətləri yaxşı olsa da, sonradan Ruhəngiz onun sözlərinə əhəmiyyət verməyərək ona qarşı saymazlıq göstərdiyindən ailələrində söz-söhbət yaranmışdır. 2017-ci ilin əvvəllərində o, işdən evə qayıtdıqda nənəsi Nazilə ona Ruhəngizin uşaqları da götürüb valideynlərinin evinə getdiyini bildirmişdir. O, Ruhəngizlə telefonla əlaqə saxlayıb evə qayıtmasını bildirsə də, sonuncu müxtəlif bəhanələrlə geri dönməkdən imtina etmişdir. Nənəsi Nazilə və özü müxtəlif vaxtlarda Ruhəngizi evə gətirmək üçün atasının evinə getmiş, lakin sonuncu yenə də geri qayıtmamışdır. Bundan sonra o, nikahlarının ləğv olunması barədə ərizə ilə İmişli Rayon Məhkəməsinə müraciət etmişdir. İmişli Rayon Məhkəməsinin 18 iyun 2019-cu il tarixli qətnaməsi ilə nikahları pozulmuş və ondan hər ay hər uşaq üçün 150 manat olmaqla, cəmi 300 manat məbləğində aliment tutulub Ruhəngizə ödənilməsi qət edilmişdir. Qətnamədən narazı qaldığına görə apelyasiya şikayəti vermiş və Şirvan Apelyasiya Məhkəməsinin 29 oktyabr 2019-cu il tarixli qərarına əsasən İmişli Rayon Məhkəməsinin qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı azaldılmış və hər ay hər uşaq üçün 100 manat olmaqla, cəmi 200 manat aliment tutulması qət edilmişdir. Nikahlarının ləğv olunmasından sonra Ruhəngiz ata soyadı olan «Fətullayeva» soyadını qəbul etmişdir. Qətnamə icra olunması üçün İmişli rayon İcra və Probasiya şöbəsinə göndərilmiş və icra işi icra məmuru Şahid1 icraatında olmuşdur. İcra məmuru onu şöbəyə çağırıb icraata başlanması barədə qərarı və qətnamənin könüllü icra olunması haqqında bildiriş məktubunu imza etdirib verməklə qətnamədə göstərilən alimenti hər ay ödəməsini tələb etmişdir. Bundan sonra icra məmuru onu alimenti ödəməyəcəyi halda, inzibati və cinayət məsuliyyətinə cəlb olunacağı barəsində yazılı və şifahi şəkildə dəfələrlə xəbərdar etmişdir. Lakin, bir müddət işi olmadığına və gəliri az olduğuna görə məhkəmənin qətnaməsi ilə müəyyən olunmuş alimenti Ruhəngizə ödəyə bilməmişdir. Bu müddət ərzində Ruhəngizin hesabına cəmi bir dəfə «Milliön» ödəmə sistemi vasitəsi ilə 200 manat pul köçürmüşdür. Bir müddət İmişli şəkər zavodunda fəhlə kimi işlədiyindən icra məmuru tərəfindən icra sənədi üzrə əmək haqqından tutulmalar aparılması üçün iş yerinə məktub göndərilmiş və əmək haqqından iki ay ərzində hər ay 200 manat pul tutulub Ruhəngizin hesabına köçürülmüşdür. Şəkər zavodundan işdən çıxdıqdan sonra alimentə görə heç bir ödəniş etməmişdir. Şirvan Apelyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən olunmuş alimenti vaxtında tam ödəyə bilmədiyi üçün icra məmuru Şahid1 tərəfindən barəsində 03 iyul 2020-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün İmişli Rayon Məhkəməsinə göndərilmişdir. İmişli Rayon Məhkəməsinin eyni tarixli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törədilməsində təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati qaydada həbs olunmuşdur. Eləcə də, İmişli rayon İcra və Probasiya şöbəsinin təqdimatına əsasən İmişli Rayon Məhkəməsinin 03 noyabr 2020-ci il tarixli qərardadı ilə ölkədən getmək hüququ icra sənədi üzrə tələb ödənilənə qədər müvəqqəti məhdudlaşdırılmışdır. İnzibati məsuliyyətə cəlb olunmasından sonra da icra məmuru Şahid1 dəfələrlə məktub yazıb məhkəmənin qətnaməsi ilə müəyyən olunmuş alimenti ödəməsini tələb etmişdir. Bundan sonra o, 15 oktyabr 2021-ci il tarixdə Ruhəngizin hesabına «eManat» ödəmə sistemi vasitəsi ilə 200 manat pul köçürmüşdür. Törətmiş olduğu cinayət əməlindən səmimi peşmandır. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli özünün etirafı ilə yanaşı, iş üzrə dindirilmiş zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, iş materialları və işin digər obyektiv halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə zərər çəkmiş şəxs qismində dindirilmiş Fətullayeva (Talıbova) Ruhəngiz Ehtiram qızı ifadəsində göstərdi ki, 14 iyun 2010-cı il tarixdə qohumu Kənanla ailə həyatı qurmuş və birgə nikahlarından 21 fevral 2011-ci il təvəllüdlü Hüseyn və 19 yanvar 2012-ci il təvəllüdlü Həsən adlı iki oğlan uşaqları olmuşdur. 2015-ci ilə qədər münasibətləri yaxşı olsa da, sonradan Kənan mütəmadi olaraq spirtli içkilər qəbul etdiyinə, habelə onun və uşaqlarının ehtiyaclarını təmin etmədiyinə görə aralarında narazılıq yaranmağa başlamış və 2017-ci ilin əvvəllərində o, uşaqlarını da götürüb valideynlərinin evinə qayıtmış və hal-hazıra qədər də orada yaşayır. Ata evinə qayıtdıqdan sonra Təqsirləndirilən şəxs onlarla maraqlanmamış və uşaqlarının saxlanılmasına heç bir köməklik göstərməmişdir. 2018-ci ildə Təqsirləndirilən şəxs nikahlarının ləğv olunması ilə əlaqədar İmişli Rayon Məhkəməsinə ərizə ilə müraciət etmiş və məhkəmənin 18 iyun 2018-ci il tarixli qətnaməsi ilə nikahları ləğv edilmiş və uşaqlarının saxlanılması üçün hər ay Kənandan ümumilikdə 300 manat aliment tutulub ona verilməsi qət edilmişdir. Həmin qətnamədən Kənan apelyasiya şikayəti vermiş və Şirvan Apelyasiya Məhkəməsinin 29 oktyabr 2019-cu il tarixli qərarı ilə alimentin məbləği azaldılaraq, hər uşağa hər ay 100 manat olmaqla, cəmi 200 manat aliment ödənilməsi müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs xeyli müddət məhkəmənin qətnaməsi ilə müəyyən olunmuş alimenti ödəməmişdir. Bir müddət sonra o, soyadını dəyişdirərək ata soyadı olan «Fətullayev» soyadını qəbul etmişdir. Şirvan Apelyasiya Məhkəməsinin qərarından xeyli müddət keçdikdən sonra Kənan bir dəfə onun kart hesabına «Milliön» ödəmə sistemi vasitəsi ilə 200 manat pul köçürmüşdür. Sonra Təqsirləndirilən şəxs işlədiyi İmişli şəkər zavoduna şikayət etdiyinə görə onun əmək haqqından iki ay ərzində hər ay 200 manat olmaqla, cəmi 400 manat tutulub onun kart hesabına köçürülmüşdür. Bu müddət ərzində Kənan ona cəmi 600 manat pul ödəmişdir. Şirvan Apelyasiya Məhkəməsinin qərarı icra olunması üçün İmişli rayon İcra və Probasiya şöbəsinə göndərildikdən sonra o, alimentin alınması ilə əlaqədar dəfələrlə şöbəyə getmişdir. İcra işi ilə şöbənin icra məmuru Ramin Ağasıyev məşğul olmuşdur. İcra məmuru tərəfindən mütəmadi olaraq şöbəyə çağırılıb alimenti ödəməsi tələb edilməsinə baxmayaraq Təqsirləndirilən şəxs məhkəmənin qərarı ilə müəyyən olunmuş aliment məbləğini ödəməmişdir. Bununla əlaqədar olaraq özü də onunla telefon vasitəsilə əlaqə saxlayıb alimenti ödəməsini tələb etmiş, lakin bunun da heç bir əhəmiyyəti olmamışdır. Alimenti ödəmədiyinə görə İmişli rayon İcra və Probasiya şöbəsi tərəfindən Kənan barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün İmişli Rayon Məhkəməsinə göndərilmiş və məhkəmənin 03 iyul 2020-ci il tarixli qərarı ilə Kənan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 gün müddətinə inzibati qaydada həbs olunmuşdur. Eləcə də, İmişli rayon İcra və Probasiya şöbəsinin təqdimatina əsasən İmişli Rayon Məhkəməsinin 20 noyabr 2020-ci il tarixli qərardadı ilə Kənanın ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. 2021-ci ilin əvvəllərində o, İmişli rayon İcra və Probasiya şöbəsinə ərizə ilə müraciət edib yaranmış aliment borcunu və aylıq alimenti ödəmədiyinə görə Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunması üçün toplanmış materialların Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə göndərilməsini xahiş etmişdir. Məhkəmənin qətnaməsi ilə müəyyən olunmuş alimenti və yaranmış borcunu ödəmədiyinə görə Təqsirləndirilən şəxs şikayətçi olmaqla, onun haqqında qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsini məhkəmədən xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş İmişli Rayon İcra və Probasiya şöbəsinin icra məmuru Şahid1 ifadəsində göstərdi ki, İmişli Rayon Məhkəməsinin 18 iyun 2019-cu il tarixli, 2(36)-1404/2019-cu il tarixli qətnaməsi ilə həmin tarixdən başlayaraq 21 fevral 2011-ci il təvəllüdlü Hüseyn və 19 yanvar 2012-ci il təvəllüdlü Həsənin yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün cavabdeh Təqsirləndirilən şəxs hər ay 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutulub X3 verilməsi qət edilmişdir. Cavabdehin apelyasiya şikayətinə əsasən Şirvan Apelyasiya Məhkəməsinin 29 oktyabr 2019-cu il tarixli, 2(100)-3057/2019 nömrəli qətnaməsi ilə İmişli Rayon Məhkəməsinin həmin qətnaməsi qismən dəyişdirilərək X8 və X5 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün cavabdeh Təqsirləndirilən şəxs hər bir uşaq üçün 100 manat olmaqla, hər ay cəmi 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutulub X3 verilməsi müəyyən olunmuşdur. Şirvan Apelyasiya Məhkəməsinin qeyd edilən qətnaməsi üzrə verilmiş 14 yanvar 2020-ci il tarixli icra vərəqəsi 02 fevral 2020-ci il tarixdə İmişli rayon İcra və Probasiya şöbəsinə daxil olmuş və həmin gün «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən icraata başlanması barədə qəbul etdiyi qərarı alimentin könüllü ödənilməsi üçün 10 gün möhlət verilməsi barədə bildirişlə birlikdə cavabdehə göndərmişdir. İcraatın aparıldığı müddətdə tələbkar X1 dəyişdirərək «Fətullayeva» soyadını qəbul etmişdir. İcra sənədinin icrası ilə bağlı «İcra haqqında» Qanunun 50-ci maddəsinə uyğun olaraq 15 iyun 2020-ci il tarixdə cavabdehin yaşadığı ünvanda əmlak vəziyyəti yoxlanılarkən tələbin yönəldilə biləcəyi ona məxsus hər hansı əmlak aşkar edilməmiş və bu barədə müvafiq akt tərtib olunmuşdur. Tələbkar Zərərçəkmiş şəxs 03 iyul 2020-ci il tarixdə İmişli rayon İcra və Probasiya şöbəsinə daxil olmuş ərizəsində Təqsirləndirilən şəxs ona cəmi 600 manat pul ödədiyini bildirmişdir. Borclu Təqsirləndirilən şəxs qanuni tələblərini yerinə yetirməyib məhkəmənin qətnaməsi ilə müəyyən olunmuş alimenti ödəmədiyinə görə 03 iyul 2020-ci il tarixdə onun barəsində inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün İmişli Rayon Məhkəməsinə təqdim etmiş və məhkəmənin həmin tarixli qərarı ilə sonuncu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 gün müddətinə inzibati qaydada həbs olunmuşdur. İcra sənədinin icrasının təmin edilməsi məqsədi ilə «İcra haqqında» Qanunun 84.1-ci maddəsinə uyğun olaraq 20 oktyabr 2020-ci il tarixdə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatla İmişli Rayon Məhkəməsinə müraciət etmiş və məhkəmənin 03 noyabr 2020-ci il tarixli qərardadı ilə təqdimat təmin olunmaqla, sonuncunun ölkədən getmək hüququ icra sənədi üzrə tələb ödənilənə qədər müvəqqəti məhdudlaşdırılmışdır. Borclu Təqsirləndirilən şəxs İmişli rayon İcra və Probasiya şöbəsinə verdiyi 01 dekabr 2020-ci il tarixli izahatında məhkəmənin qətnaməsinə əsasən Zərərçəkmiş şəxs cəmi 200 manat pul ödədiyini və qalan pulu ödəməyə maddi cəhətdən imkanının olmadığını bildirmişdir. Tələbkar Zərərçəkmiş şəxs 07 yanvar 2021-ci il tarixdə ərizə ilə İmişli rayon İcra və Probasiya şöbəsinə müraciət edib məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini icra etmədiyinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə təqdimat verilməsini xahiş etmişdir. Borclu Təqsirləndirilən şəxs inzibati məsuliyyətə cəlb olunduqdan sonra icra üçün yeni müddət təyin edilərək dəfələrlə ondan məhkəmənin qətnaməsinin icrası tələb olunmuş və izahatları alınıb cinayət məsuliyyətinə cəlb ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İcraatın aparıldığı müddətdə Kənan alimentə görə Zərərçəkmiş şəxs 200 manat pul ödəsə də, yaranmış aliment borcunun qalan hissəsini ödəməmiş və görülmüş tədbirlərə baxmayaraq məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini tam icra etməmişdir. Təqsirləndirilən şəxs aliment ödənilməsinə dair Şirvan Apelyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş 29 oktyabr 2019-cu il tarixli, 2(106)-3057/2019 nömrəli qətnaməsini qərəzli olaraq icra etmədiyinə görə İmişli rayon İcra və Probasiya şöbəsi tərəfindən sonuncunun Azərbaycan Respublikası CM-nin 306.1ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunması məsələsinə baxılması üçün təqdimatla Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə müraciət edilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş İmişli rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru Şahid2 işin hallarına dair Şahid1 ifadəsinə uyğun ifadə verdi. İşə əlavə edilmiş 15 oktyabr 2021-ci il tarixli, 11845 nömrəli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxs Fətullayeva (Talıbova) Ruhəngiz Ehtiram qızının bank hesabına «eManat» ödəmə sistemi vasitəsi ilə aliment borcundan 200 manat pul köçürmüşdür. İşə əlavə edilmiş 16 mart 2022-ci il tarixli, ********* nömrəli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən zərər çəkmiş şəxs Fətullayeva (Talıbova) Ruhəngiz Ehtiram qızına aliment borcundan "xxxx" MMC vasitəsi ilə 2000 (iki min) manat ödənilmişdir. Beləliklə də şərh edilən sübutları məcmu üzrə qiymətləndirərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsində nəzərdə tutulan ictimai təhlükəli əməli törətməkdə təqsirliliyi təsdiq edildi və o, istinad edilən cinayət qanununun həmin maddəsinin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs ilk məhkumluğunu, əməlini etiraf edib səmimi peşmançılıq çəkməsini, zərər çəkmiş şəxsə vurmuş olduğu maddi ziyanın bir hissəsini ödəməsini, yaşayış yeri üzrə müsbət xasiyyətləndirilməsini və ictimai faydalı əməklə məşğul olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alıb ona təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla əsaslı və ədalətli hesab edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində hər gün saat 23:00-dan səhər saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, İmişli rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmasını məqsədə müvafiq hesab edir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar məhkəmə tərəfindən müəyyən olunmadı. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353 və 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il 6 (altı ay) müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 12 mart 2022-ci il tarixdən 16 mart 2022-ci il tarixədək həbsdə saxlandığı 5 (beş) gün müddət bir günə iki gün hesabı ilə hesablanmaqla təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 20 (iyirmi) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, İmişli rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. Hökmün icrası İmişli rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Hökmdən 20 gün müddətinə İmişli rayon məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Qurban Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar