Məhkəmə qərarları › İş №1(036)-100/2022

İmişli Rayon Məhkəməsi Hökm — İş №1(036)-100/2022

18.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM İmişli rayonu İş № 1(036)-100/2022 18.10.2022 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Qurban Hamid oğlu Hacıyevin sədrliyi, Nuranə Busat qızı Hacıyevanın katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs: Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə xx xxxxxx 1988-ci il tarixdə Saatlı rayonunun Nəriman kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, himayəsində dörd azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Saatlı rayonunun Nəriman kəndində qeydiyyatda olmaqla İmişli rayonunun Hacırüstəmli kəndində yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 08 sentyabr 2022-ci il tarixdə saat 23 radələrində birgə yaşadıqları İmişli rayonunun Hacırüstəmli kəndində yerləşən fərdi yaşayış evində aralarında yaranmış şəxsi münasibətlər zəminində arvadı Zərərçəkmiş şəxs sağ göz və boyun nahiyəsinə qəsdən sillə ilə bir neçə dəfə vuraraq ona dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmaya aid bədən xəsarəti yetirmişdir. Məhkəmədə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilib ifadəsində göstərdi ki, Gülnarə ilə 4 ildir ki evlidir və bu evlilikdən bir qız uşağı dünyaya gəlmişdir. Gülnarə onun ikinci həyat yoldaşıdır. Birinci həyat yoldaşı Sevincdən ayrılmış və birgə nikahlarından üç oğlan uşaqları vardır. Gülnarənin atası və anası onların ailə işlərinə qarışdığından arvadı ilə aralarında mütəmadi olaraq mübahisələr yaranırmış. Hadisədən təxminən 10 gün əvvəl birinci evliliyindən olan uşaqlarına məktəb paltarı almaq istədiyindən həmin gündən başlayaraq Gülnarə evdə onunla mütəmadi olaraq mübahisə edirmiş. 08 sentyabr 2022-ci il tarixdə saat 23 radələrində evdə olan zaman Gülnarə birinci evlilikdən olan uşaqlara paltar almamağı, onlara maddi kömək etməməyi dediyindən o, əsəbiləşmiş və sillə ilə bir neçə dəfə onun sifətindən vuraraq xəsarət yetirmişdir. Bundan sonra o, bacanağına zəng edib gəlib Gülnarəni atası evinə aparmağı demiş və özü evdən çıxıb getmişdir. Törətmiş olduğu cinayət əməlindən səmimi peşmandır. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli özünün etirafı ilə yanaşı, iş üzrə dindirilmiş zərər çəkmiş şəxsin ifadəsi, ekspertiza rəyi, iş materialları və işin digər obyektiv halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 4 ildir ki, Qaraşla evlidir və bu evlilikdən bir qız uşağı dünyaya gəlmişdir. Qaraş evə sərxoş vəziyyətdə gələn zaman mütəmadi olaraq mübahisə yaradırmış. 08 sentyabr 2022-ci il tarixdə saat 23 radələrində Qaraş sərxoş vəziyyətdə evə gəlmiş və üç yaşlı qızını qucağına götürüb onunla oynayarkən o, ona yemək hazırlamaq üçün mətbəxə keçmişdir. Sonra Qaraş divanları gətirib evin ortasına qoymuş və heç bir səbəb olmadan onu söyüb təhqir etmiş, daha sonra isə valideynləri barəsində nalayiq ifadələr işlətmişdir. O, ailəsini söyüb təhiq etdiyinə görə Qaraşa iradını bildirmiş və bu zaman sonuncu əsəbiləşərək onun sifətinə bir neçə dəfə sillə ilə vuraraq xəsarət yetirmişdir. Sonra bacısı və bacısının əri gəlib onu ata evinə aparmışlar. Hazırda Qaraşla barışmamış və sonuncunun cəzalandırılmasını xahiş edir. İşdə olan məhkəmə-tibbi ekspertizanın 09 sentyabr 2022-ci il tarixli, 698/22 nömrəli rəyindən görünür ki, 1992-ci il təvəllüdlü Zərərçəkmiş şəxs sağ gözaltı nahiyəsində hematoma, boyun nahiyəsində isə qançır olmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müayinə olunanın göstərdiyi müddətdə və şəraitdə əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. Beləliklə də şərh edilən sübutları məcmu üzrə qiymətləndirərək məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan ictimai təhlükəli əməli törətməkdə təqsirliliyi təsdiq edildi və o, istinad edilən cinayət qanununun həmin maddəsinin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən cinayət əməli törətməsini, əməlini etiraf edib səmimi peşmançılıq çəkməsini, himayəsində dörd azyaşlı uşağının olmasını, yaşayış yeri üzrə müsbət xasiyyətləndirilməsini və zərər çəkmiş şəxslə barışmağa cəhd etməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Qeyd olunanlara əsaslanaraq məhkəmə Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, habelə təyin ediləcək cəzanın ağırlaşdıran hallarının olmamasını və cəzanı yüngülləşdirən halları nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə islah işləri cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinib aylıq qazancının 10 (on) faizi dövlət nəfinə tutulmaqla 1 (bir) il müddətə islah işləri cəzasına məhkum edilsin. Cəzasını iş yeri üzrə çəksin. Cəza çəkmə müddətinin əvvəli hökm icraya başlandığı və məhkumun qazancından dövlət nəfinə tutmaların aparıldığı vaxtdan hesablansın. Hökmün icrası İmişli rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Hökmdən 20 gün müddətinə İmişli rayon məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən: Qurban Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar