Azərbaycan Respublikası adından HÖKM İmişli rayonu İş № 1(036)-101/2022 23.11.2022 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Qurban Hamid oğlu Hacıyevin sədrliyi, Nuranə Busat qızı Hacıyevanın katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirlən şəxs: Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə xx xxxxx 1969-cu il tarixdə İmişli şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, əvvəllər məhkum olunmamış, İmişli şəhəri, Araz küçəsi, ev 21 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 237.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 2022-ci ilin aprel ayında İmişli rayonunun Otuziki kəndində qardaşı X1 yaşadığı fermanın ərazisində xeyli miqdarda, 7 (yeddi) ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisini qanunsuz olaraq əkərək, həmin bitkilərə aqrotexniki qaydada qulluq edib yetişdirməklə kultivasiya etmiş və 2022-ci ilin iyun ayında çətənə bitikisinin bir hissəsini toplayıb qurudaraq, satış məqsədi olmadan, qanunsuz olaraq 90,0 qram çəkidə, şəxsi istehlak miqdarından artıq miqdarda, narkotik vasitə olan qurudulmuş marixuananı hazırlayıb bir ədəd sintetik torbaya yığmaqla saxlamış, 30 avqust 2022-ci il tarixdə saat 20 radələrində İmişli rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı İmişli rayonunun Otuziki kəndində yerləşən fermanın ərazisinə baxış keçirilərkən oradan onun aqrotexniki qaydada qulluq göstərdiyi, əkilib-becərilməsi qadağan olunmuş 5 (beş) ədəd yaş vəziyyətdə, 5700,0 qram çəkidə çətənə (kannabis) bitkisi, 2 (iki) ədəd quru halda, 1200,0 qram çəkidə çətənə (kannabis) bitkisi və (bir) ədəd sintetik torbaya yığılmış 90,0 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 237.1-ci maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilib ifadəsində göstərdi ki, 36 ildir ki, narkotik vasitə olan qurudulmuş marixuanadan siqaretə doldurub çəkmə yolu ilə istifadə edirmiş. İmişli rayonunun Otuziki kəndi ərazisində qardaşı Əsgərə məxsus dörd hektardan çox əkin sahəsi və ferma vardır. Həmin əkin sahəsinin 45 sotu ona məxsusdur. Qardaşı Əsgər həmin yerin təxminən 2 hektarını onun tanımadığı şəxsə icarəyə vermiş və həmin şəxs də oraya qarğıdalı əkmişdir. Qarğıdalı əkilən sahədən sonra kolluq ərazi olmuş və həmin kolluq ərazi suya yaxın olduğu üçün 2022-ci ilin mart-aprel aylarında özü isitifadə etməsi üçün çətənə bitkisi əkmişdir. Çətənə bitkisindən bir ədəd sellofan torbaya yararsız halda olan qurudulmuş marixuana yığmışdır. Belə ki, torbaya yığdığı qurudulmuş marixuananı gün vurub yandırmışdır. İki ədəd çətənə kolunu da gün vurub qurutduğu üçün çıxardıb kolluğun içərisinə qoymuşdur. 30 avqust 2022-ci il tarixdə saat 20 radələrində sahəsinə baş çəkərkən polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edib onun iştirakı ilə kolluq əraziyə baxış keçiriləcəyini bildirmişlər. O da polis əməkdaşları ilə razılaşaraq həmin əraziyə baxış keçirmişdir. Baxış keçirilən zaman kolluq ərazidən sellofan torbada narkotik vasitə olan marixuana, 2 ədəd qurumuş çətənə bitkisi və 5 ədəd yaş vəziyyətdə çətənə bitkisi aşkar edilmişdir. O, polis əməkdaşlarına həmin əkinin və narkotik vasitənin özünə məxsus olduğunu bildirmişdir. Törətmiş olduğu cinayət əməlindən səmimi peşmandır. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli özünün etirafı ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza və mütəxəssis rəyləri, iş materialları və işin digər obyektiv halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş İmişli rayon X2 aqronom vəzifəsində işləyən Şahid4 ifadəsində göstərdi ki, 30 avqust 2022-ci il tarixdə saat 20 radələrində İmişli rayon polis şöbəsinin əməkdaşlarının dəvəti ilə İmişli şəhər sakini Təqsirləndirilən şəxs İmişli rayonunun Otuziki kəndi ərazisində yerləşən fermada qarğıdalı sahəsində qanunsuz bitki əkdiyinə görə əraziyə baxış keçirilməsində mütəxəssis-aqronom kimi iştirak etmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs qarğıdalı sahəsində 5 ədəd narkotik xassəli çətənə kolları, həmçinin 2 ədəd kötük hissəsi üzərində olmayan, quru halda narkotik xassəli çətənə kolları aşkar edilmişdir. Həmin kolun dibi bellənmiş, becərilib qulluq edilmişdir. Həmin bitki kolunu və onun ətrafını müayinə etdikdən sonra həmin kola aqrotexniki qaydada qulluq edilməsinə dair rəy vermişdir. Bitki kolu video çəkilişlə kökündən çıxarılmış və ekspertizaya göndərilməsi üçün qablaşdırılaraq götürülmüşdür. Baxış zamanı Təqsirləndirilən şəxs həmin bitki kollarını təxminən altı-yeddi ay əvvəl, yəni 2022-ci ilin mart-aprel aylarında əkib qulluq etməklə becərdiyini bildirmişdir. Daha sonra polis əməkdaşları tərəfindən protokol tərtib edilmiş, ucadan oxunmuş, doğru olduğu üçün həmin protokolu o da imza etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş İmişli RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 ifadəsində göstərdi ki, 30 avqust 2022-ci il tarixdə İmişli şəhər sakini Təqsirləndirilən şəxs İmişli rayonunun Otuziki kənd ərazisində yerləşən fermada çətənə bitkisi əkməsi barədə ona məlumat daxil olmuşdur. Daxil olmuş məlumatı şöbə rəhbərliyinə məruzə etmiş və şöbə rəhbərliyi tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirərinin keçirilməsi ilə bağlı şöbənin əməkdaşları – Şahid2, Şahid3 və Xətai Savalandan ibarət əməliyyat qrupu yaradılmışdır. O, həmin polis əməkdaşları ilə birlikdə həmin gün saat 19:30-da İmişli rayonunun Otuziki kəndi ərazisinə gedib həmin fermanı müşahidəyə götürmüşlər. Müşahidə zamanı Təqsirləndirilən şəxs əkdiyi çətənə bitkilərinə tərəf gəldiyini görüb özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər. Sonra Təqsirləndirilən şəxs və dəvət edilmiş aqronomun işitrakı ilə əraziyə baxış keçirilmişdir. Baxış keçirilən zaman orada yaş vəziyyətdə, əvvəlcədən aqrotexniki qaydada qulluq edilmiş 5 ədəd çətənə bitkisi, 2 ədəd quru vəziyyətdə çətənə bitkisi və baxışın davamında bir ədəd kisədə narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilmişdir. Həmin bitkilər və qurudulmuş marixuana ekspertizaya təqdim edilməsi üçün qablaşıdırılmışdır. Baxış bitdikdən sonra birlikdə rayon polis şöbəsinə gəlmişlər. Polis şöbəsində dəvət olunmuş müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış və axtarış zamanı onun üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 və Şahid3 Yunis oğlu işin hallarına dair Şahid1 ifadəsinə uyğun ifadə verdilər. İşdə olan 30 avqust 2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, İmişli rayon polis şöbəsinin əməkdaşları tərəfindən İmişli rayonunun Otuziki kəndi ərazisində Təqsirləndirilən şəxs məxsus sahədə baxış keçirilən zaman aqrotexniki qaydada, yəni dibi boşaldılmış, suvarılmış və xüsusi qaydada qulluq edilmiş 5 (beş) ədəd yaşıl və 2 (iki) ədəd yanaraq yararsız hala düşmüş çətənə kolu (marixuana) aşkar edilmişdir. İşdə olan məhkəmə-bioloji ekspertizanın 31 avqust 2022-ci il tarixli, 18/946 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “… Təqsirləndirilən şəxs məxsus çöl sahədən...”Çətənə”...” sözləri və imzalar olan 02 ədəd sintetik torbada ümumi sayı 05 ədəd, yaş vəziyyətdə, ümumi çəkisi – 5,700 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Tədqiqata təqdim olunmuş üzərində “… Təqsirləndirilən şəxs məxsus çöl sahədən...” sözləri və imzalar olan 01 ədəd sintetik torbada ümumi sayı 02 ədəd, quru halda, kökü üzərində olmayan, ümumi çəkisi – 1200 qram olan bitki nümunələri əkilibbecərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Tədqiqata təqdim olunmuş üzərində “… Təqsirləndirilən şəxs məxsus çöl sahədən...narkotik vasitəyə bənzər kütlə..” sözləri və imzalar olan 01 ədəd sintetik torbada ümumi sayı – 90,0 qram olan kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən küstar üsullar hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. - Quru halda çətənə (kannabis) bitkilərinin ümumi çəkisi – 1200,0 qr., cəmi tədqiqata sərf edildi – 0,2 qr (hər obyektə – 0,1 qr), qalıq – 1199,80 qr. - Yaş halda çətənə (kannabis) bitkilərinin ümumi çəkisi – 5700,0 qr., cəmi tədqiqata sərf edildi – 0,5 qr (hər obyektə – 0,1 qr), qalıq – 5699,50 qr. - Marixuananın təmiz çəkisi - 90,0 qr., tədqiqata sərf edildi – 0,1 qr., qalıq – 89,90 qr. İşdə olan məhkəmə-narkoloji ekspertizanın 21 sentyabr 2022-ci il tarixli, 5373 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İşə əlavə edilmiş “İmişli Rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsin vərəm şöbsinin 23 noyabr 2022-ci il tarixli, 485 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs vərəm şöbəsində dispanser qeydiyyatında dayanır. Beləliklə də şərh edilən sübutları məcmu üzrə qiymətləndirərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 237.1-ci maddələrində nəzərdə tutulan ictimai təhlükəli əməli törətməkdə təqsirliliyi təsdiq edildi və o, istinad edilən cinayət qanununun həmin maddələrinin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs ilk məhkumluğunu, əməlini etiraf edib səmimi peşmançılıq çəkməsini, vərəm xəstəsi olmasını, yaşayış yeri üzrə müsbət xasiyyətləndirilməsini və ailədə yeganə qazanc gətirən şəxs olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alıb ona təqsirli bilindiyi maddələrinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla əsaslı və ədalətli hesab edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində hər gün saat 23:00-dan səhər saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, İmişli rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmasını məqsədə müvafiq hesab edir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar məhkəmə tərəfindən müəyyən olunmadı. İş üzrə ekspertiza tədqiqatına sərf edilmiş 31,95 (otuz bir manat doxsan beş qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. İş üzrə maddi sübut kimi İmişli RPŞ-nin maddi sübutların saxlanılması otağında saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalan 05 ədəd çəkisi - 5699,50 qram çətənə bitkiləri, 02 ədəd çəkisi - 1199,80 qram çətənə bitkiləri və 01 ədəd sintetik torbaya yığılmış çəkisi - 89,90 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 237.1-ci maddələri ilə təqsirli bilinib, CM-nin 234.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına, CM-nin 237.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CMnin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları tam toplamaq yolu ilə üzərində 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 30 avqust 2022-ci il tarixdən 01 sentyabr 2022-ci il tarixədək və 02 noyabr 2022-ci il tarixdən 23 noyabr 2022-ci il tarixədək həbsdə saxlandığı 23 (iyirmi üç) gün müddət bir günə iki gün hesabı ilə hesablanmaqla 1 (bir) ay 16 (on altı) gün təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 10 (on) ay 14 (on dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, İmişli rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. Hökmün icrası İmişli rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Azərbaycan Respublikası CM-nin 93.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə ekspertiza tədqiqatına sərf edilmiş 31,95 (otuz bir manat doxsan beş qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. İş üzrə maddi sübut kimi İmişli RPŞ-nin maddi sübutların saxlanılması otağında saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalan 05 ədəd çəkisi - 5699,50 qram çətənə bitkiləri, 02 ədəd çəkisi - 1199,80 qram çətənə bitkiləri və 01 ədəd sintetik torbaya yığılmış çəkisi - 89,90 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən 20 gün müddətinə İmişli rayon məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən: Qurban Hacıyev
Məhkəmə qərarları › İş №1(036)-101/2022
İmişli Rayon Məhkəməsi Hökm — İş №1(036)-101/2022
23.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver