Məhkəmə qərarları › İş №1(036)-104/2021

İmişli Rayon Məhkəməsi Hökm — İş №1(036)-104/2021

16.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM İmişli rayonu İş № 1(036)-104/2021 16.11.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Əsədli Xuraman Emin qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirlən şəxs: Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə 13 avqust 1987-ci il tarixdə İmişli şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, İmişli şəhəri, N.Ocaqov küçəsi, ev 14-də qeydiyyatda olmaqla İmişli şəhəri, 28 may küçəsində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs, istintaqa məlum olmayan mənbədən, satış məqsədi ilə qanunsuz olaraq 0,218 qram çəkidə narkotik vasitə olan heroin əldə edib yaşadığı İmişli şəhəri, 28 may küçəsində yerləşən evdə saxlamış və 15 iyul 2021-ci il tarixdə saat 14 radələrində İmişli rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı yaşadığı evdə baxış keçirilərkən yataq otağındakı çarpayının üzərindəki döşəyin altından ona məxsus həmin çəkidə narkotik vasitə olan heroin və bir ədəd kiçik ölçülü elektron tərəzi aşkar olunaraq götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilib ifadəsində göstərdi ki, təxminən 7-8 il olardı ki, hərdən-bir narkotik vasitələr qəbul edirmiş. 2021-ci ilin may ayının əvvəllərində İmişli şəhərində “Mədəniyyət evi”nin arxasından keçən su kanalının kənarı ilə tək piyada getdiyi zaman yolda kibrit qutusu görmüşdür. Həmin vaxt siqaretini yandırmaq üçün alışqanı olmadığına görə həmin kibrit qutusunu yerdən götürüb açarkən içərisində bir ədəd kiçik ölçülü sellofan bükümü və çətənə bitkisinin iki ədəd tumu olduğunu görmüşdür. O, kibrit qutusunun içərisində olan sellofan bükümünü açmış və bükümün içərisində heroin olmuşdur. O, kibrit qutusunun içərisində olan sellofana bükülü heroini və çətənə bitkisinin iki ədəd tumunu götürüb əynində olan şalvarının cibinə qoymuş və kibrit qutusunu su kanalına atıb oradan evinə getmişdir. Evinə çatıb heroini və çətənə tumunu anası Fəridə görməsin deyə evindəki yataq otağında olan çarpayının döşəyinin altına qoyub gizlətmişdir. Bir neçə gün sonra tapmış olduğu çətənə bitkisinin iki ədəd tumunu həyətindəki evə bitişik olan, tikintisi hələ başa çatmadığı üçün istifadə etmədikləri mətbəxin yarımtikilisinin içərisində dibçəkdə əkib becərmək və böyütdükdən sonra özü istifadə etmək qərarına gəlmişdir. Çətənə bitkisinin iki ədəd tumunu dibçəkdə əkmiş və dibçəyi mətbəxin yarımtikilisinin içəri tərəfdən küncünə qoyaraq çətənə koluna qulluq etməyə başlamışdır. Həmin çətənə tumlarından biri bitsə də, ikincisi bitməmişdir. Dibçəkdə bitən bir ədəd çətənə koluna vaxtlı-vaxtında su vermiş və çətənə kolu təxminən bir metr hündürlükdə böyüyüb inkişaf etmişdir. 15 iyul 2021-ci il tarixdə saat 14 radələrində evinin həyətində olduğu zaman İmişli rayon polis şöbəsinin bir neçə əməkdaşı onlara gəlmiş və qərara əsasən evinə və həyətindəki yardımçı tikililərə baxış keçirəcəklərini ona elan etmişlər. O, evinə və həyətindəki yardımçı tikililərə baxış keçirilməsinə etiraz etməmişdir. Polis əməkdaşları ondan həyətində qanunsuz narkotik bitkilər əkib becərməyi barədə soruşduqda o, evinə bitişik həmin yarımtikili mətbəxin içərisində dibçəkdə bir ədəd çətənə əkdiyini polis əməkdaşdarına bildirib həmin yeri onlara göstərmişdir. Təqdim etdiyi bir ədəd çətənə bitkisi elə orada aqronoma təqdim edildikdən sonra qablaşdırılıb götürülmüşdür. Bundan sonra polis əməkdaşları ondan evində və ya həyətində qanunsuz narkotik vasitə, psixotrop maddə və ya digər əşya olub-olmamasını soruşduqda o, evindəki yataq otağında olan çarpayının döşəyinin altına qoyub gizlətdiyi bir ədəd sellofan bükümdə olan heroini, bir ədəd kiçik ölçülü elektron tərəzini, üç ədəd istifadə etmiş olduğu şprisləri, iki ədəd istifadə etmiş olduğu alışqanları, bir ədəd sellofan bükümdə olan adını bilmədiyi ağrıkəsici dərman tabletkasını və bir ədəd başlığı qırılmış şüşə protonu polis əməkdaşlarına təqdim etmişdir. Təqdim etdiyi əşyalar da polis əməkdaşları tərəfindən qablaşdırılıb götürülmüşdür. Bu barədə protokol tərtib olunmuş, o da həmin protokolun doğru olmasını imzası ilə təsdiq etmişdir. O, həmçinin ifadəsində göstərdi ki, İmişli şəhər sakini Şahid3 narkotik vasitə qəbul edən şəxs kimi tanıyırmış. Belə ki, 2021-ci ilin yanvar ayının əvvəllərindən başlayaraq Orxan ondan bir neçə dəfə narkotik vasitə olan heroin istəmiş, o da ona bir neçə dəfə heroin vermiş və hər dəfə sonuncu heroin verən zaman ona məbləği yadında qalmayan pul vermişdir. Törətmiş olduğu cinayət əməlindən səmimi peşmandır. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli özünün etirafedici ifadəsi ilə yanaşı iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri, iş materialları və işin digər obyektiv halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş İmişli RPŞ-nin CAB-ın rəisi vəzifəsində işləyən Şahid1 ifadəsində göstərdi ki, 15 iyul 2021-ci il tarixdə saat 12 radələrində xidmətdə olduğu zaman İmişli şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə saxlaması, istifadə etməsi, satması və yaşadığı evin həyətində olan yardımçı tikilidə çətənə kolların əkini ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Daxil olmuş məlumat şöbə rəhbərliyinə məruzə olunandan sonra əməliyyat qrupu yaradılmışdır. O, əməliyyat qrupunun üzvləri polis əməkdaşları X2, X1, Şahid5, Şahid4 və Şahid2 ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı İmişli şəhəri, 28 may küçəsində yerləşən evin həyətinə getmişlər. Həmin vaxt Cavid evinin həyətində olmuşdur. Qərara əsasən Cavidin yaşadığı evinə və həyətindəki yardımçı tikililərə baxış keçiriləcəyi ona elan edilmiş və sonuncu evinə və həyətindəki yardımçı tikililərə baxış keçirilməsinə etiraz etməmişdir. Caviddən həyətində qanunsuz narkotik bitkilər əkib becərməsi barədə soruşulduqda sonuncu evinə bitişik yarımtikili mətbəxin içərisində dibçəkdə bir ədəd çətənə bitkisi əkdiyini bildirib həmin yeri göstərmişdir. Həmin yerdə bir ədəd dibçəyin içərisində təxminən bir metr hündürlükdə bir ədəd çətənə bitkisinə oxşar kol olmuşdur. Cavidin təqdim etdiyi bir ədəd çətənə bitkisinə oxşayan kol elə orada aqronoma təqdim edildikdən sonra qablaşdırılıb götürülmüşdür. Bundan sonra Caviddən evində və ya həyətində qanunsuz narkotik vasitə, psixotrop maddə və ya digər əşya olub-olmamasını soruşulduqda o, evindəki yataq otağında olan çarpayının döşəyinin altına qoyub gizlətdiyi bir ədəd sellofan bükümdə olan heroinə bənzər maddəni, bir ədəd kiçik ölçülü elektron tərəzini, üç ədəd istifadə edilmiş şprisləri, iki ədəd istifadə edilmiş alışqanları, bir ədəd sellofan bükümdə olan adı məlum olmayan dərman tabletkasını və bir ədəd başlığı qırılmış şüşə protonu təqdim etmişdir. Təqdim olunan əşyalar qablaşdırılıb götürülmüşdür. Bu barədə protokol tərtib olunmuş, o da protokolun doğruluğunu digər iştirakçılar kimi imzası ilə təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş İmişli RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili Şahid5, İmişli RPŞ-nin PPXB-nin polis nəfərləri Şahid4 və Şahid2 işin hallarına dair Şahid1 ifadəsinə uyğun ifadə verdilər. İş üzrə Şahid3 elan olunmuş ifadəsindən görünür ki, təxminən 3 il olardı ki, narkotik vasitə olan heroin qəbul edirmiş. Narkotik vasitəni 2021-ci ilin yanvar ayının əvvəllərindən həmin ilin iyun ayının ortalarına qədər İmişli şəhərində köhnə mal bazarı tərəfdə yaşayan «Cıbı» ləqəbli, Təqsirləndirilən şəxs alaraq istifadə etmişdir. Belə ki, o, heroin istifadəçisi olduğu üçün ona qəbul etməyə heroin lazım olurmuş. O da Cavidin heroin və başqa narkotik vasitələr satmasını bilirmiş. Cavidlə bir-birilərini təxminən 4-5 il olardı ki, tanıyırmışlar. 2021-ci ilin yanvar ayının əvvəllərində Cavidlə İmişli şəhərində təsadüfən görüşmüş və özü istifadə etmək üçün pulla heroin almaq istədiyini ona demişdir. Cavid də ona “istənilən vaxt məndə heroin olur, istəsən gəlib evimizdə məndən ala bilərsən” demişdir. Elə həmin vaxtdan başlayaraq o, heroin qəbul etmək istəyərkən Cavidin İmişli şəhərində yerləşən evlərinin həyətinə gedib ona 13 manat pul verərək yarım qramın yarısı qədər heroin alıb evinə gedərək öz yataq otağında gizlincə heroini falqada yandırıb tüstüsünü udmaqla qəbul edirmiş. Beləliklə o, Caviddən 2021-ci ilin yanvar ayının əvvəllərindən həmin ilin iyun ayının ortalarına qədər olan müddətdə təxminən 20-25 dəfə heroin alaraq istifadə etmişdir. 2021-ci ilin iyun ayının ortalarında Cavidin narkotik vasitə ilə bağlı İmişli rayon polis şöbəsinin əməkdaşları tərəfindən həbs olunduğunu eşitmişdir. Həmin vaxtdan sonra Cavidi görməmiş və əlaqəsi olmamışdır. İşdə olan məhkəmə-bioloji ekspertizanın 16 iyul 2021-ci il tarixli, 18/731-732 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs otağında olan...heroinə oxşar kütlə...” sözləri və imzalar olan kağız paketi açdıqda 01 ədəd bükümdə təmiz çəkisi - 0,218 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroinin təmiz çəkisi – 0,218 qram, tədqiqata sərf edildi – 0,05 qram, qalıq çəkisi – 0,168 qramdır. İşdə olan məhkəmə-narkoloji ekspertizanın 16 sentyabr 2021-ci il tarixli, 3477 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metafetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İşə əlavə edilmiş 01 oktyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** və ***-***-**-** saylı mobil telefon nömrələri ilə istintaqa məlum olmayan şəxslərin istifadələrində olan ***-***-**-**, ***-***-**-**, ***-***-**- ** və ***-***-**-** saylı mobil telefon nömrələri arasında müxtəlif tarixlərdə narkotik vasitələrin alqı-satqısı ilə bağlı SMS mətnləri mövcuddur. Beləliklə də şərh edilən sübutları məcmu üzrə qiymətləndirərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulan ictimai təhlükəli əməli törətməkdə təqsirliliyi təsdiq edildi və o, istinad edilən cinayət qanununun həmin maddəsinin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs əməlini etiraf edib səmimi peşmançılıq çəkməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli və AR CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə maddi sübut məhv edilməli, ekspertiza tədqiqatına sərf olunmuş ekspertiza xərci təqsirləndirilən şəxsdən dövlət nəfinə tutulmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353 və 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinib 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli həbsə alındığı gündən, yəni 15 iyul 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi İmişli rayon polis şöbəsinin saxlanc anbarında saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalan çəkisi – 0,168 qram narkotik vasitə olan heroin məhv edilsin. Ekspertiza tədqiqatına sərf edilmiş 63,90 (altmış üç manat doxan qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Hökmdən 20 gün müddətinə İmişli rayon məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Qurban Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar