Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 1(036)-105/2025 07.01.2026 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayeva Gülsaba Xeyrulla qızının sədrliyi, Ağalı Ələmşah Əlabbas oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Rayon (Şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, müdafiəçi – Müdafiəçi iştirakları ilə, xx.xx.1986-cı il tarixdə İmişli şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, İmişli şəhəri Qədir İsmayılzadə küçəsi, ev 118 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndiriməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilir ona görə ki, o, 3 oktyabr 2025-ci il tarixdə, saat 19:30 radələrində İmişli RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində İmişli şəhəri, Qədir İsmayılzadə küçəsində saxlanılıb üzəri yoxlanılan zaman əynində olan qara rəngli jiletin sağ yan cibindən bir ədəd şəffaf sellofan kəsiyi bükümündə təmiz çəkisi - 16,21 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib ifadəsində bildirmişdir ki, o, yaşadığı İmişli şəhəri, Q.İsmayılzadə küçəsi, ev 118 ünvanının həyətyanı sahəsində yerləşən mağazasında satıcı işləyir, əvvəllər məhkum olunmamışdır. Son bir ildən artıqdır ki, narkotik vasitə qurudulmuş marixuanadan istifadə edir. Narkotik vasitə aludəçisi deyildir. Ara-sıra narkotik vasitə marixuana istifadə edir. İstifadə etdiyi narkotik vasitə marixuananı müxtəlif şəxslərdən təsadüfi yolla, məclislərdə, qonaqlıqlarda əldə edib istifadə edir. 3 oktyabr 2025-ci il tarixdə, saat 19 radələrində o, yaşadığı küçədə, evinin yaxınlığında olan zaman polis əməkdaşları ona yaxınlaşıb xidməti vəsiqələrini göstərib özlərini təqdim etmişlər. Ona üzərində narkotik vasitə gədirməklə bağlı onlarda əməliyyat məlumatı olduğunu və buna görə də təxirəsalınmaz əməliyyat tədbirinin keçirildiyi, həmçinin üzərinin yoxlanılacağı ona izah edilmişdir. O da razı olmuş və əynindəki qara rəngli jiletin sağ yan cibində olan bir ədəd sellofan torbada olan narkotik vasitə qurudulmuş marixuananı çıxarıb təqdim etmişdir. Bundan sonra polis əməkdaşları onun üzərini yoxlamışlar və üzərindən siqaret və alışqandan başqa heç bir qanunsuz əşya aşkar etməmişlər. Bundan sonra onun üzərindən aşkar edilən narkotik vasitə qurudulmuş marixuana polis əməkdaşları tərəfindən qablaşdırılmış və üzəri möhürlənmişdir. Sonra qablaşdırmanın üzəri o və polis əməkdaşları tərəfindən imzalanmışdır. Həmçinin polis əməkdaşları onun saxlanılmasını videoçəkilişlə qeydə almışlar. Bundan sonra ona İmişli şəhəri, H.Əliyev prospekti, 127 ünvanında yerləşən İmişli rayon polis şöbəsinin inzibati binasına getməli olduğunu bildirmişlər, o da razı olmuşdur. Birlikdə polis şöbəsinə gəlmişlər. Orada ona üzərində narkotik vasitəyə bənzər kütlə gəzdirməklə bağlı şübhəli olduğunu bildirmişlər. Sonra videoçəkiliş əsasında İmişli RPŞ-nin İstintaq bölməsinin müstəntiqi, polis kapitanı Allahverdi Xəlilzadə tərəfindən onun üzərinə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı o, onu saxlayan polis əməkdaşları və müdafiəçisi iştirak etmişdir. Şəxsi axtarış zamanı onun üzərindən heç bir qanunsuz əşya aşkar edilməmişdir. Sonra əməliyyat zamanı onun üzərindən aşkar edilən narkotik vasitə qurudulmuş marixuana bir daha açılmış və elektron tərəzidə çəkilmişdir. Narkotik vasitə qurudulmuş marixuananın ümumi çəkisinin 16,7 qram olması elektron tərəzidə görünmüşdür. Sonra həmin büküm müstəntiq tərəfindən yenidən qablaşdırılmış və üzəri o, müdafiəçisi, polis əməkdaşları tərəfindən imzalanmışdır. Bundan sonra şəxsi axtarış başa çatmışdır. Bildirmişdir ki, o, əvvəllər və ya daha sonra narkotik vasitələr və psixotrop maddələrin alqısatqısı ilə məşğul olmamışdır. Digər növ narkotik vasitələrdən və ya psixotrop maddələrdən, habelə güclü təsiredici sair maddələrdən istifadə etmir. O, ancaq ara-sıra təbii narkotik vasitə qurudulmuş marixuana istifadə edir. Marixuananı isə çəkmə yolu ilə qəbul edir. O, üzərindən aşkar edilmiş qurudulmuş marixuananı 3 oktyabr 2025-ci il tarixdə, günorta saatlarında saat təxminən 14 radələrində mağazanın yaxınlığında olan su arxının kənarındakı zibillik yerdən şəffaf rənfli sellofanda yaşılı qurudulmuş formada ota bənzər kütlə aşkar etmişdir. Götürüb iyləmiş və görmüş ki, marixuanadır. İstifadəçi olduğu üçün götürüb özündə saxlamışdır. Özü də istifadəçi olduğu üçün götürüb cibinə qoymuşdur. Lakin polis əməkdaşları tərəfindən saxlanılmışdır. Bildirimşdir ki, 3 oktyabr 2025-ci il tarixdə təxminən saat 14 radələrində yaşadığı evin yaxınlığında olan zibillikdən tapdığı narkotik vasitə qurudulmuş marixuananın üzərindən istifadə etməmişdir. Fikirləşmişdir ki, axşam istifadə edər, amma polis əməkdaşları tərəfindən saxlanılmışdır. Onun narkotik vasitə qurudulmuş marixuanadan istifadə etməsindən ailə üzvlərinin məlumatı olmamışdır. O, 3 oktyabr 2025-ci il tarixdə İmişli RPŞ-nin əməkdaşları tərəfindən saxlanılan zaman fiziki təsirə, işgəncəyə, qeyri-insani rəftara, insan ləyaqətini alçaldan hərəkətlərə, yaxud belə hərəkətlərin ediləcəyi hədəsinə məruz qalmamış, üzərindən aşkar edilən narkotik vasitə qurudulmuş marixuana ona məxsusdur. O, tutulana qədər "xxxx" mobil operator şəbəkəsinə məxsus ***-***-**-** saylı mobil nömrədən istifadə etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş İmişli RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 ifadəsində bildirmişdir ki, İmişli şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq psixotrop maddə və narkotik vasitə əldə etməsi, daşıması və saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Qeyd edilən məlumat ətrafında əməliyyat-axtarış tədbirlərinin və müvafiq prosessual hərəkətlərin həyata keçirilməsi üçün xx.xx.2025-ci il tarixdə başda o olmaqla İmişli RPŞ-nin Cinayət Axtarış bölməsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 və İmişli RPŞ-nin KTQ-nin baş inpektoru, polis mayoru Şahid3 ibarət əməliyyat qrupu yaradılmışdır. Bundan sonra onlar xx.xx.2025-ci il tarixdə İmişli RPŞ-nin inzibati binasından İmişli şəhəri, Qədir İsmayılzadə küçəsi istiqamətində hərəkət edib avtomobili yolun kənarında saxlamışlar. Avtomobili o özü idarə etmişdir. Onlar avtomobilin içərisində olan zaman keçiriləcək tədbir baş inspektor Şahid3 tərəfindən mobil telefon vasitəsilə videoçəkilişlə qeydə alınmışdır. Videoçəkiliş başlanan zaman onlar özlərini təqdim etmişlər. Bundan sonra avtomobillə Təqsirləndirilən şəxs piyada şəkildə gəldiyi istiqamətdə hərəkət etmişlər. Orada Təqsirləndirilən şəxs piyada şəkildə hərəkətdə olduğunu görmüşlər. O, dərhal avtomobili saxlamış və onlar hər üçü avtomobildən düşmüşlər. Onlar hər üçü Təqsirləndirilən şəxs tərəf yaxınlaşmış və özlərini təqdim edərək xidməti vəsiqələrini göstərib polis əməkdaşları olduqlarını bildirmişlər. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və ya psixotrop maddə olub-olmaması, olduğu halda təqdim etməsini təklif etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs narkotik vasitə qurudulmuş marixuana istifadəçisi olduğunu bildirərək üzərində olan göy rəngli jiletin sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükümdə narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütləni və həmin jiletin sol yan cibindən bir ədəd alışqan və bir ədəd siqaret qutusunu təqdim etmişdir. Sonra Təqsirləndirilən şəxs üzəri yoxlanılmış, qanunla qadağan olunmuş hər hansı bir əşya və predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd şəffaf rəngli sellofan bükümdə aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlənin çəkisinin müəyyən edilməsi və qablaşdırılması üçün avtomobildən ləvazimatlar götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd büküm açılmış və içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən edilmişdir və həmin narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə elektron tərəzinin üzərinə qoyularaq çəkilmiş və çəkisinin 16,96 qram olması müəyyən edilmişdir. Həmin büküm ekspertizaya təqdim edilməsi üçün içərisi boş zərfə qoyulmuş, zərfin üzərində aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə və tədbir iştirakçıları barədə qeydlər aparılmış və iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra həmin gün saat 20:20 radələrində müstəntiq Allahverdi Xəlilzadə tərəfindən videoçəkiliş vasitəsilə polis əməkdaşları və Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış həyata keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə, saat 19:30 radələrində saxlanılan zaman üzərindən aşkar edilərək 01 ədəd zərfə qoyularaq qablaşdırılmış narkotik vasitə qurudulmuş marixuanaya baxış keçirilmişdir. Zərf açılmış və içərisində bir ədəd büküm olması müəyyən edilmişdir. Həmin büküm elektron tərəziyə qoyularaq çəkilmiş və çəkisinin 16,97 qram olması müəyyən edilmişdir. Bundan sonra həmin büküm yenidən bir ədəd zərfə qoyularaq ekspertizaya təqdim edilməsi üçün qablaşdırılmış, üzəri iştirakçılar tərəfindən tərəfindən imzalanmışdır. Sonra isə DİN-in 179 saylı möhürü ilə möhürlənmişdir. Bundan sonra Təqsirləndirilən şəxs şifahi izahatında üzərindən aşkar olunan bükümü xx.xx.2025-ci il tarixdə işlətdiyi mağazanın yaxınlığında olan zibillikdən tapdığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və sonuncuya üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmet, o cümlədən narkotik vasitə, psixotrop maddə və onların prekursorlarının olubolmaması, müsbət halda təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs üzərində heç bir əşyanın olmadığını, bütün əşyaları saxlanılan zaman polis əməkdaşlarına təqdim etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Məhkəmə iclasında Şahid2 və Şahid3 elan olunmuş ifadələrindən görünür ki, onlar Şahid1 ifadəsində göstərilən xüsusatları təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Vətəndaşın saxlanılması və üstünün yoxlanılması” haqqında 03 oktyabr 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 3 oktyabr 2025-ci il tarixdə saat 19:30 radələrində İmişli rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində İmişli şəhəri, Qədir İsmayılzadə küçəsində saxlanılmış, polis əməkdaşları tərəfindən üzəri yoxlanılan zaman əynində olan qara jiletin sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümün içərisindən narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilmiş, şəffaf rəngli sellofan büküm içərisində olan kütlə ilə birlikdə elektron tərəzidə çəkilən zaman 16,96 qram çəkidə olması müəyyən edilmişdir. (vərəq 08- 09); Şəxsi axtarış aparılması barədə 03 oktyabr 2025-ci il tarixli protokoldan görünür ki, İmişli RPŞ-nin əməkdaşlarının həmin tarixdə keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs üzərinə keçirilən baxış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və zərfə qoyularaq möhürlənmiş narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütləyə baxış keçirilməsi üçün zərf açılmış, zərfin içərisindən bir ədəd şəffaf rəngli sellofan bükümündə xarici görünüşünə görə narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilmiş və elektron tərəzi vasitəsilə çəkilərək bir ədəd bükümdə, 16,97 qram çəkidə olması müəyyən edilmişdir. (vərəq 31-32); Məhkəmə-kimyəvi ekspertizasının 04 oktyabr 2025-ci il tarixli, 18/719 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş “.... Təqsirləndirilən şəxs üzərindən...” sözləri və imzalar olan kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi -16,21 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır (vərəq 41-43); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 Şəxsi Ambulator X1 xx.xx.2025-ci il tarixli 7101 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda abstinesiya, intoksikasiya əlamətlərinin olmasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür. (vərəq 120-121); “İmişli Rayon Mərkəzi Xəstəxanası” X9 12 noyabr 2025-ci il tarixli, 18-1-46/2- 1322/2025 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs ruhi-əsəb, nevroloji və narkoloji kabinetlərində dispanser qeydiyyatda dayanmır. (vərəq 119) Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2025-ci tarixli qərardan görünür ki, faktla bağlı Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi başlanmışdır (cild 1, vərəq 1) Cinayət törətməkdə şübhəli bilinən şəxsin tutulması haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 20:10-da şübhəli şəxs qismində tutulmuşdur (vərəq 12, 26-27); Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan olunmuşdur (vərəq 56-57); Qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir (vərəq 70-71); "xxxx" MMC-dən daxil olmuş xx.xx.2025-ci il tarixli 27345 nömrəli məktuba əlavə edilmiş bir ədəd CD diskə baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələrdə iş üçün əhəhmiyyət kəsb edən heç bir sms mətni aşkar edilməmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun özünün etirafedici ifadəsi, şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək tam sübuta yetirilmiş və cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif edilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının 1.16 vı 5.1-ci bəndlərinin tətbiq edilməsini və həmin şəxs barəsində cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etdi. Ərizəyə əlavə olunmuş AA4642454 nömrəli şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2017-ci il təvəllüdlü X4, AZ İV seriyalı 836231 nömrəli doğum haqqında şəhadətnaməyə əsasən xx.xx.2023-cü il təvəllüdlü X5 vardır. Beləliklə, Təqsirləndirilən şəxs törədiyi cinayət əməli məhkəmə istintaqı zamanı toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, onun özünün etirafedici ifadəsi ilə yanaşı şahidlərin ifadələri, habelə digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə düzgün tövsif edilmişdir və qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Lakin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcuddur. Belə ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən az ağır cinayətlər kateqoriyasına aiddir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Məhkəmədə Dövlət ittihamçısı vəsatət verərək, bildirdi ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs istinad edilən cinayət əməli “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının təsiri altına düşür. Buna görə də o, Təqsirləndirilən şəxs barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının tətbiq edilməsini və həmin şəxs barəsində cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi təqsirləndirilən şəxs barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının tətbiq edilməsinə və həmin şəxs barəsində cinayət təqibinə xitam verilməsinə razı olduqlarını və cinayət təqibinə bəraətverici əsaslar olmadan, amnistiya aktı əsasında xitam verilməsinin hüquqi nəticələrinin onlara məlum olduğunu bildirdilər. Məhkəmə cinayət işinin materiallarını tədqiq edərək, təqsirləndirilən şəxsi, onun müdafiəçisini, dövlət ittihamçısını və şahidləri dinləyərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş digər sübutlarla təsdiq edilsə də, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarı tətbiq edilməklə, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmalı və cinayət işi üzrə icraata aşağıdakı əsaslara görə xitam verilməlidir. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının 1.16-cı bəndinə əsasən öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan övladı, yaxud orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş övladı olan şəxslər, o cümlədən bu Qərar qüvvəyə mindiyi günədək atalığı, övladlığa götürməsi, qəyyumluğu və himayəçiliyi qanunvericilikdə nəzərdə tutulmuş qaydada müəyyən olunmuş şəxslər müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasından azad edilirlər. Həmin Qərarın 5.1-ci bəndinə əsasən məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1-1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla); Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Beləliklə, məhkəmə “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının 1.16-cı və 5.1-ci bəndlərinin tələblərini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində amnistiya tətbiq edilməli, barəsində olan cinayət işinin icraatına xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Maddi sübutlar və məhkəmə məsrəfləri ilə bağlı məsələni tədqiq edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi İmişli rayon Polis Şöbəsinin maddi sübutların saxlanması otağında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 16.11 qram olan narkotok vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 67.3 (altmış yeddi manat otuz qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməli və Təqsirləndirilən şəxs göstərdiyi 6 saat pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi İmişli rayon Vəkil Bürosunun vəkili Müdafiəçi 66 (altmış altı) manat məbləğində pul Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və ya xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 39.1.12, 43.3, 321, 346-347, 356 və 358-ci maddələrini, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının 1.16-cı və 5.1-ci bəndlərinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının 1.16-cı və 5.1-ci bəndləri tətbiq edilərək barəsində olan cinayət işinin icraatına xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri qərar qanuni qüvvəyə mindikdən sonra ləğv edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi İmişli rayon Polis Şöbəsinin maddi sübutların saxlanması otağında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 16.11 qram olan narkotok vasitə qurudulmuş marixuana qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 67.3 (altmış yeddi manat otuz qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərdiyi 6 saat pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi İmişli rayon Vəkil Bürosunun vəkili Müdafiəçi 66 (altmış altı) manat məbləğində pul Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Qərardan 20 gün müddətində İmişli rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Gülsaba Ağayeva
Məhkəmə qərarları › İş №1(036)-105/2025
İmişli Rayon Məhkəməsi Qərar — İş №1(036)-105/2025
07.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver