Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 1(036)-106/2021 19.11.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Əliyev Mirağa Aydın oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X2 üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxslər: Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs və onun müdafiəçisi X1 iştirakları ilə, xx xxxxxxxx 1985-ci il tarixdə İmişli şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməyən, İmişli şəhəri, Xəqani küçəsi, ev 22-də qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 03 iyul 2021-ci il tarixdə saat 22:05 radələrində alkoqol sərxoşluğu vəziyyətində keçmiş arvadı Zərərçəkmiş şəxs2 yaşadığı İmişli şəhəri, P.Həsənov küçəsi, ev 43-də yerləşən iki mərtəbəli fərdi yaşayış evinin ikinci mərtəbəsinə qalxaraq qapıdan zala, oradan isə eyvana daxil olmuş, keçmiş qayını Zərərçəkmiş şəxs1 onun evə daxil olduğunu görüb, evi tərk etməsini tələb etdikdə, o, heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və belə zorun tətbiq edilməsi hədəsi ilə müşayiət edilən qərəzli hərəkətlər edərək, özünü cəmiyyətin fövqündə qoymaqla, digərlərindən əsaslı surətdə fərqləndiyini nümayiş etdirərək, uca səslə nalayiq söyüş ifadələri işlətməklə, əvvəlcə həmin evin zalında Zərərçəkmiş şəxs1 sinəsindən yumruqla zərbə vuraraq sonuncunu döymüş, səs-küyə Zərərçəkmiş şəxs2 ikinci mərtəbəyə qalxıb, ondan evi tərk etməsini tələb etdikdə o, qanunsuz əməllərini davam etdirərək dəhlizdə Zərərçəkmiş şəxs2 qollarından sıxıb itələməklə sonuncunu dəhlizdəki divara çırparaq ona sol dirsək oynağının arxa səthində sıyrıqdan ibarət dərəcəsi təyin olunmayan bədən xəsarəti yetirmiş, daha sonra küçədə evin ətrafından keçən və işləyən şəxslər səs-küyə evin ikinci mərtəbəsinə qalxsalar da, o, qanunsuz əməllərini davam etdirib yenidən orada olan insanların yanında uca səslə Zərərçəkmiş şəxs2 və ailə üzvlərinin ünvanına nalayiq söyüşlər işlədərək, dəhlizdə Zərərçəkmiş şəxs1 itələmiş, sonuncunun başı dəhlizdə giriş qapısının kənarındakı divara dəydikdən sonra yerdə olarkən sonuncunun başına yumruqla çox saylı zərbələr vurmaqla ona sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirmiş, daha sonra səs-küyə toplaşmış şəxslərin köməkliyi ilə evdən çıxarıldıqdan sonra o, qanunsuz əməllərini davam etdirib İmişli şəhəri, Xəqani küçəsi, ev 22-də yerləşən evə gedib dəmir dəhrə və mətbəx bıçağı götürərək yenidən Zərərçəkmiş şəxs2 yaşadığı evə qayıdaraq Zərərçəkmiş şəxs1 zor tətbiq edəcəyi ilə hədələməklə qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 01 iyul 2021-ci il tarixdə saat 17-18 radələrində uşaqları ilə görüşmək üçün keçmiş arvadı Lamiyənin yaşadığı İmişli şəhəri, P.Həsənov küçəsi, ev 43 ünvanında yerləşən evə getmişdir. O, darvazanı döyüb qapını açıb qızı Banunu çağırmış, lakin qızı onunla görüşmək istəmədiyini demiş, digər qızı Sevgini isə görməmişdir. Həmin vaxt o, pis olub evə qayıtmışdır. Bundan sonra 03 iyul 2021-ci il tarixdə axşam saatlarında o, Lamiyəgilin yaşadığı evin qarşısına getmiş, orada dayanıb qışqırmış və əsəbiləşib sonuncunun ünvanına söyüş söymüşdür. Evdən heç kəs çıxmadığı üçün yerdən daş götürüb pəncərəyə atmış, lakin yenə heç kəs çıxmamış və bundan sonra çıxıb evlərinə getmişdir. Həmin gün İmişli şəhərində toya getmiş və toyda 100 qram araq içmişdir. Saat 22 radələrində o, toydan çıxıb uşaqlarının niyə onunla görüşmək istəməmələri barədə danışmaq üçün birbaşa yenidən Lamiyənin yaşadığı ata evinə getmişdir. Lamiyənin yaşadığı ev iki mərtəbəli olmaqla hər mərtəbəyə giriş ayrı-ayrı qapılardandır. Lamiyə uşaqları ilə birlikdə ikinci mərtəbədə yaşayırmış. O, darvazanı açıb birbaşa ikinci mərtəbəyə qalxmış və kimsə gəlsə onun evə gəldiyini bilməməsi üçün qapıdan girərkən ayaqqabılarını çıxarıb pilləkənin yanındakı şkafa qoymuşdur. Daha sonra o, evə girib gəzmiş, otaqlarda heç kəs olmamış, ona görə də zalın eyvanına keçmiş, arxadan qapını bağlamış və orada oturub uşaqlarının gəlməsini gözləmişdir. Təxminən 5-10 dəqiqə sonra Lamiyənin qardaşı Nəriman gəlib ikinci mərtəbəyə qalxmış və ondan qapını açmasını istəmişdir. O, qapını açmış və həmin vaxt Nəriman onun yaxasından tutub ondan nəyə görə evə gəlib girdiyini soruşmuş və evdən çıxıb getməsini istəmişdir. Həmin vaxt Nərimanın arxasınca atasının dayısı Sübhanın iki oğlu, dayısı oğlu Zabit və tanımadığı bir neçə nəfər ikinci mərtəbəyə qalxmışdır. O, uşaqlarının onunla nəyə görə görüşmək istəmədikləri və uşaqlarının öyrədilməsini deyib əsəbiləşərək Lamiyə və ailə üzvlərinin ünvanına söyüşlər söymüşdür. Nəriman onun yaxasından tutub onu söyüb çıxıb getməsini istəmiş, ona görə də sonuncu ilə süpürləşib çıxıb getməyəcəyini demiş, onlar birlikdə süpürləşərkən yerə yıxılmış və həmin vaxt başı, sağ əli və sağ kürək nahiyəsi əzilmişdir. Bundan sonra Lamiyə yuxarı qalxmış və sonuncu mübahisəyə qarışmasın deyə onu itələmişdir. Daha sonra evə qalxmış şəxslər onu sürüyüb həyətə düşürmüş və o da çıxıb evinə getmişdir. O, döyüldüyünə və söyüldüyünə görə çox əsəbiləşmiş və evə girib mətbəxdən bir ədəd ət kəsmək üçün istifadə edilən dəhrə və bir ədəd mətbəx bıçağı götürüb onu nəyə görə söydüklərini bilmək üçün yenidən Lamiyənin yaşadığı evə qayıtmışdır. Köynəyi cırıldığından yolda köynəyini çıxarıb atmışdır. O, Lamiyəgilin darvazasına çatarkən kimsə qışqırıb onun əlində bıçaqla gəldiyini demiş və bundan sonra sonuncunun qohum-əqrəbası onun bıçaq və dəhrə ilə gəldiyini görüb darvazadan həyətə girib qapını bağlamışlar. Həmin vaxt Nəriman onu söydüyündən o da qışqırıb onu və ailə üzvlərini söymüş, Nəriman və Lamiyəni itələmiş və onlar yıxılıb xəsarət almışlar. Sonra o, geri qayıdarkən polis əməkdaşları artıq darvazanın qarşısında olmuş və polis əməkdaşları onu sakitləşdirib avtomobilə mindirib İmişli RPŞ-yə gətirmişlər. Törətmiş olduğu cinayət əməlindən səmimi peşmandır. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş zərər çəkmiş şəxslərin və şahidlərin ifadələri, ekspertiza rəyləri, iş materialları və işin digər obyektiv halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, 03 iyul 2021-ci il tarixdə saat 22 radələrində siqaret almaq üçün küçəyə çıxarkən Lamiyə mobil telefonla ona zəng vurub ondan ikinci mərtəbəyə qalxıbqalxmadığını soruşmuşdur. O, küçədə olduğunu deyəndən sonra Lamiyə evə kiminsə, ola bilsin əvvəlki həyat yoldaşı Toğrulun girdiyini demişdir. O, dərhal evə qayıdıb ikinci mərtəbəyə çıxmış və evin içərisində heç kəs olmamışdır. Daha sonra o, giriş qapısına çıxarkən Lamiyənin qızı Sevginin yuxarıda olan eyvana boylanıb “ata sənə deməyiblər bura gəlmə” dediyini eşitmiş və onda evə girən şəxsin Toğrul olduğunu və sonuncunun zalın eyvanında gizləndiyini bilmişdir. O, zala girib eyvanın qapısını açmaq istəmiş, lakin Toğrul eyvanda qapını arxadan bağlamışdır. O, Toğrula qapını açmasa qapını sındıracağını deyəndən sonra sonuncu eyvanın qapısını açıb otaqdan çıxmış və zalda divanda oturmuşdur. O, Toğrula “sənə deməmişəm bura gəlmə, çıxaq evdən uşaqların yanında mübahisə etməyək” dedikdə sonuncu evdən çıxmayacağını bildirmişdir. Toğrul divandan oturaq vəziyyətində onun sinəsindən yumruqla vurub itələmiş və daha sonra ayağa qalxmışdır. Bundan sonra səs-küyə Lamiyənin uşaqları gəlib Toğruldan çıxıb getmələrini istəsə də, sonuncu çıxıb getməmişdir. Uşaqlar qışqırışmağa başlayarkən bacısı Lamiyə də səs-küyə ikinci mərtəbəyə qalxmış və araya girib Toğruldan çıxıb getməsini istəyərkən sonuncu bacısının qollarından tutub sıxaraq onu itələmişdir. Lamiyə dəhlizdə giriş qapısının qarşısında yıxılmış və qollarından xəsarət almışdır. Bundan sonra Lamiyə və uşaqlar həyətə düşmüşlər. Toğrul dəhlizdəki qapının ağzında onu qucaqlayıb itələmiş və onlar birlikdə sürüşüb pilləkəndən evin giriş qapısının qarşısına düşmüşlər. Pilləkəndən sürüşərkən onun sol gicgahı evin giriş qapısının kənarında divarın tininə dəymiş və o, özündən getmişdir. O, gözünü açarkən evin içərisində giriş qapısının qarşısında yerdə olduğunu, Toğrulun da onun üzərində uzanıb yumruqla başından vurduğunu görmüşdür. Anası Toğrulu itələyib ondan aralaşdırmış və bundan sonra o, ayağa qalxmışdır. Onlar yenə əlbayaxa olmuş və Toğrul onu itələyib pilləkəndən həyətə yıxmaq istəmişdir. Toğrul dava-dalaş zamanı qışqırıb onun və ailə üzvlərinin ünvanına söyüşlər söymüş, səs-küyə qonşular və küçədən keçən şəxslər həyətə gəlmiş və onları aralaşdırmışlar. Toğrul çıxıb getmək istəmədiyindən onlar onu pilləkəndən sürütdüyüb küçəyə çıxarmışlar. Toğrul küçədə də qonşuların və toplaşmış şəxslərin yanında qışqırıb onun və ailə üzvlərinin ünvanına söyüşlər söymüşdür. Təxminən 5 dəqiqə sonra Toğrul tanımadığı yoldan keçən avtomobilə minib çıxıb getmişdir. Təxminən 25 dəqiqə sonra Toğrulun atası Aqil onun əmisi Bayraməliyə zəng vurub oğlunun evdən balta götürüb onun yaşadığı evə gəldiyini demişdir. Həmin vaxt bacısı Lamiyə DİN-nin 102 xidmətinə zəng etdiyi üçün İmişli RPŞ-nin əməkdaşları onun yaşadığı evin həyətinə gəlmişlər. Saat 22:40 radələrində Toğrul əynində köynək olmadan lüt bədənə əlində balta ilə həyətə gəlmişdir. O, həmin vaxt darvazanın qarşısında olmuşdur. Bayraməli Toğrulun əlində balta ilə qaçıb onlara tərəfə gəldiyini görüb onları həyətə salmış və qapını bağlamışdır. Daha sonra Toğrul çıxıb getmişdir. O, həmin gün İmişli RPŞ-yə ərizə ilə müraciət etmişdir. Hazırda təqsirləndirilən şəxslə barışmış və sonuncuya qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmədə zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 işin hallarına dair qardaşı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ifadəsinə uyğun ifadə verərək təqsirləndirilən şəxslə barışdığını və sonuncuya qarşı heç bir şikayətinin və tələbinin olmadığını bildirdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 Xanış oğlu ifadəsində göstərdi ki, 03 iyul 2021-ci il tarixdə saat 22 radələrində oğlu ilə birlikdə Kürdəmir yolunda hərəkətdə olarkən Lamiyə ona zəng vurub yaşadığı evə gəlməsini istəmiş və telefonu söndürmüşdür. O, yenidən Lamiyəyə zəng vurub nə olduğunu soruşduqda ona heç kəs heçnə deməmiş, lakin telefonda ağlaşma səsləri eşitmişdir. O, dərhal geri qayıtmış və Lamiyəgilin həyətinə çatarkən həyətdə və darvazalarının qarşısında çoxlu sayda insan olduğunu görmüşdür. O, həyətə girərkən qardaşı oğlu Nərimanın həyətdə oturub başından qan axdığını görmüşdür. Tanımadığı şəxlər Toğrulun gizli gəlib ikinci mərtəbəyə qalxıb orada zalın eyvanında gizlənib qapını arxadan bağladığını, Lamiyənin kameradan evə kiminsə girdiyini gördükdən sonra Nərimana zəng vurub ikinci mərtəbəyə qalxıb-qalxmadığını soruşduğunu, sonuncu küçədə olduğunu dedikdən sonra gəlib ikinci mərtəbəyə qalxdığını, Toğruldan çölə çıxmasını tələb edərkən sonuncu Nərimanın üstünə cumub evin ikinci mərtəbəsinin dəhlizində döydüyünü, bundan sonra Lamiyənin ikinci mərtəbəyə qalxanda Toğrulun sonuncunu da itələdiyini, Lamiyənin yıxılıb divara dəyərək xəsarət aldığını eşitmişdir. Toğrul həmin vaxt qışqırıb söyüşlər söymüş və ona görə də qohum-qonşu, yoldan keçən şəxslər səs-küyə gəlib ayırmaq istəmişlər. Toğrul getmədiyi üçün məcbur olub sonuncunu sürüyüb çölə çıxarmışlar. O, Toğrulun atası Aqilə zəng vurmuş və sonuncu oğlunun sərxoş olduğunu və oğlu ilə bacarmadığını deyib polis şöbəsinə müraciət etmələrini istəmişdir. O, Aqillə danışana qədər kimsə DİN-nin 102 xidmətinə zəng etmiş və bir az keçəndən sonra iki polis əməkdaşı gəlmişdir. Bir az keçəndən sonra Aqil ona zəng vurub Toğrulun balta götürüb evdən çıxdığını demiş və ehtiyatlı olmalarını istəmişdir. O da ona görə darvazanın qarşısında dayanmış və saat 22:40 radələrində Toğrulun qışqırıb nəsə deyə-deyə əlində balta ilə darvazaya tərəf gəldiyini görmüşdür. O, dərhal darvazanın qarşısında olan şəxsləri içəriyə salmış və darvazanın qapısını bağlamışdır. Həmin vaxt polis əməkdaşları da küçədə olmuş və Toğrulu götürüb İmişli RPŞ-yə aparmışlar. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 və Şahid6 işin hallarına dair Şahid3 Xanış oğlunun ifadəsinə uyğun ifadə verdilər. İşdə olan məhkəmə - tibbi ekspertizanın 07 iyul 2021-ci il tarixli, 415/21 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində aşkar edilmiş xəsarətlər – alın və sağ nahiyələrində əzilmiş yaralar, sağ bayır topuq oynağı nahiyəsində isə bağ aparatının gərilməsi bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müayinə olunanın göstərdiyi müddətdə və şəraitdə əmələ gələ bilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərər vurmaya aiddirlər. İşdə olan məhkəmə - tibbi ekspertizanın 07 iyul 2021-ci il tarixli, 435/21 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində aşkar edilmiş xəsarətlər – sol dirsək oynağının arxa səthində sıyrıq bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müayinə olunanın göstərdiyi müddətdə və şəraitdə əmələ gələ bilər, sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. İşdə olan sərxoşluq vəziyyətinin tibbi müayinəsi ilə bağlı 03 iyul 2021-ci il tarixli, 887 nömrəli aktdan görünür ki, hadisə baş verən zaman Təqsirləndirilən şəxs yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olmuşdur. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları tam, obyektiv və hərtərəfli araşdırıb, mövcud sübutları düzgün təhlil edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsinə tövsif edilmişdir. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Bununla yanaşı, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsinə əsasən cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar vardır. Belə ki, “8 Noyabr–Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05.11.2021-ci il tarixli Qərarının 9.1-ci bəndinə əsasən məhkəmə icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarır (bu Qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla) amnistiya tətbiq edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Beləliklə, məhkəmə “8 Noyabr–Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05.11.2021-ci il tarixli Qərarının 9.1-ci bəndinin tələblərini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində amnistiya tətbiq edilməli, barəsində olan cinayət işinin icraatına xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. İş üzrə mülki iddia, məhkəmə məsrəfləri, maddi sübut və müsadirə edilməli əmlak yoxdur. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 39.1.12, 43.3, 321, 346-347, 356 və 358-ci maddələrini, “8 Noyabr–Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05.11.2021-ci il tarixli Qərarının 9.1-ci bəndinin tələblərini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində “8 Noyabr–Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05.11.2021-ci il tarixli Qərarının 9.1-ci bəndi tətbiq edilərək barəsində olan cinayət işinin icraatına xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri ləğv edilsin. Qərardan 20 gün müddətində İmişli rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Qurban Hacıyev
Məhkəmə qərarları › İş №1(036)-106/2021
İmişli Rayon Məhkəməsi Qərar — İş №1(036)-106/2021
19.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver