Məhkəmə qərarları › İş №1(036)-11/2021

İmişli Rayon Məhkəməsi Hökm — İş №1(036)-11/2021

07.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM İmişli rayonu İş № 1(036)-11/2021 07.04.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Qurban Hamid oğlu Hacıyevin sədrliyi Nuranə Busat qızı Hacıyevanın katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxslər: Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3, Təqsirləndirlən şəxs: Təqsirləndirilən şəxs və onun müdafiəçisi X1 iştirakları ilə xx xxxxxx 1992-ci il tarixdə İmişli rayonunun Qulubəyli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, İmişli rayonunun Qulubəyli kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə saat 23 radələrində "BC" kateqoriyalı AF 504203 nömrəli sürücülük vəsiqəsi ilə idarə etdiyi «X4» markalı, ** BF *** dövlət qeydiyyat nişanlı avtomobillə İmişli rayonunun Hacalmuradlı-Kürdmahmudlu kəndləri arasında çəkilmiş kəndarası yolla Hacalmuradlı kəndi istiqamətindən Kürdmahmudlu kəndi istiqamətinə hərəkətdə olarkən İmişli rayonunun Kürdmahmudlu kəndinin ərazisində yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı və öz hərəkətləri ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və əmlakına zərər vurmamalı, diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, görünüş şəraitini nəzərə almaqla avtomobili hərəkətin təhlükəsizliyin təmin edə biləcəyi sürətlə idarə etməli olduğu halda bunlara riayət etmədən cinayətkarcasına etinasızlıq göstərib hərəkətini davam etdirərək «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndində nəzərdə tutulan yol hərəkəti qaydalarını pozmaqla yaşayış məntəqəsində avtomobilin maksium icazə verilən 60 km/saat sürətdən artıq, yəni 70-80 km/saat sürətlə idarə edərək yolun sağ çiynində əks istiqamətə sürücü Şahid5 saxladığı VAZ-21214 markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobilin açıq qalmış sağ qapısı ilə toqquşmuş və toqquşmadan sonra VAZ-21214 markalı avtomobildən yerə düşməkdə olan Zərərçəkmiş şəxs1, yol üzərində dayanmış piyada Zərərçəkmiş şəxs2 və digər piyada Zərərçəkmiş şəxs3 avtomobilin ön hissəsi ilə vurmuş və nəticədə ehtiyatsızlıqdan hər üç şəxsin sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər almasına səbəb olmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilib ifadəsində göstərdi ki, xx xxxx 2020-ci il tarixdə saat 20 radələrində o, arvadı Saniyə, anası Şəkər, qardaşı arvadı Tamara ilə bir yerdə atası Şahid4 idarə etdiyi özünə məxsus «X5» markalı, ** BF *** dövlət qeydiyyat nişanlı avtomobillə İmişli rayonunun Xəlfəli kəndinə qayınatası Şahid2 evinə qonaq getmişlər. Atası qayınatası ilə yemək yeyərkən 100 qram araq içmişdir. Təxminən üç saatdan sonra evə qayıdarkən atası avtomobili idarə etməkdən ötrü ona vermişdir. O, avtomobili idarə edib İmişli rayonunun Xəlfəli kəndinin içərisi ilə evlərinə tərəf gələrkən atası sağ qabaq oturacaqda, anası, arvadı və gəlinləri arxa oturacaqda əyləşmişlər. İmişli rayonunun Kürdmahmudlu kəndinin içərisi ilə asfalt yolla avtomobili 50-60 km/saat sürətlə idarə edərkən 300 metr aralıdan əks tərəfdən gələn avtomobil istiqamətini dəyişib onun həkərət zolağına çıxıb hərəkətin əkisinə yolun sağ çiynində dayanmışdır. Həmin avtomobilin işıqları yanılı vəziyyətdə olduğundan o, yolu görə bilməmişdir. Avtomobilə çatmağa 10-15 metr qalmış həmin «VAZ-21214» Niva markalı avtomobilin sağ qapısı açıq vəziyyətdə olduğundan onun idarə etdiyi avtomobilin qabaq buferi «VAZ-21214» Niva markalı avtomobilin qapısı ilə toqquşmuşdur. Həmin anda o, əvvəlcə «VAZ-21214» Niva markalı avtomobilin qapısının arxasında olan Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1, daha sonra isə yolun üzərində dayanmış Zərərçəkmiş şəxs3 vurmuşdur. O, avtomobili yolun ortasında saxlayıb yerə düşmüş və avtomobillə vurduğu şəxslərdən bir nəfərin qıçının sınaraq asfaltın üstündə yıxılıb qaldığını görmüşdür. Sonra «VAZ-21214» Niva markalı avtomobilin sürücüsünun Rüfər Poladov olduğunu bilmişdir. Atası avtomobillə vurduğu şəxslərlə mübahisə etmiş, onlardan nə üçün yola çıxdıqlarını soruşmuş və baş vermiş hadisədə onların günahkar olduqlarını bildirmişdir. Həmin vaxt atası Talıbla həmin şəxslər arasında mübahisə olmuş və atasının təzyiqi olduğundan atası anasını, arvadı Saniyəni və qardaşı arvadı Tamaranı götürüb evlərinə aparmış, o isə hadisə yerində qalıb hadisə yerinə keçirilən baxışda iştirak etmişdir. Törətmiş olduğu cinayət əməlindən səmimi peşmandır. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli özünün etirafı ilə yanaşı, iş üzrə dindirilmiş zərər çəkmiş şəxslərin və şahidlərin ifadələri, ekspertiza rəyləri, iş materialları və işin digər obyektiv halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, xx xxxx 2020-ci il tarixdə saat 23 radələrində həmkəndlisi Şahid5 idarə etdiyi «VAZ-21214» Niva markalı, ** BK *** dövlət qeydiyyat nişanlı avtomobillə Kürdmahmudlu kəndindən yaşadığı Xəlfəli kəndinə evlərinə gedərkən Kürdmahmudlu kəndi ərazsində Əlizadə Həbiyevin arvadı ilə bir yerdə özünə məxsus VAZ-21061 markalı avtomobili yolun kənarında saxlamasını, özünün isə piyada getməsini görmüşlər. Rüfət avtomobili saxlayıb Əlizadədən nə üçün piyada getməsini soruşduqda sonuncu avtomobilinin benzinin qurtarmasını bildirmişdir. Avtomobildə şlanq olmadığı üçün onlar Əlizadəni götürüb evlərinə aparmışlar. Əlizadə oğlu Əli ilə həyətdən şlanq tapıb Rüfətə vermiş və sonuncu avtomobildən benzin çəkib polietilen qaba töküb onlara vermişdir. Bundan sonra Əlizadə evdə qalmış, onlar isə sonuncunun oğlu Əlini götürüb atasının VAZ- 21061 markalı avtomobili saxladığı yerə aparmışlar. Rüfət avtomobili idarə edib hərəkətin əksinə İmişli rayonunun Xəlfəli kəndi istiqamətində yolun yol çiynində sarı düz xəttin üstündə saxlamışdır. O, avtomobildən birinci özü düşüb qabaq sağ qapını açıb Əlinin düşməsini gözləyərkən «X4» markalı, ** BF *** dövlət qeydiyyat nişanlı avtomobil gəlib onların düşdükləri «VAZ-21214» Niva markalı avtomobilin qapısına çırpılmışdır. Həmin avtomobil əvvəlcə onunla Əlini, sonra isə onlardan arxada dayanmış piyada Zərərçəkmiş şəxs3 vurub yerə yıxmışdır. Hazırda Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi yoxdur. Məhkəmədə zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, xx xxxx 2020-ci il tarixdə saat 21 radələrində atası idarə etdiyi özünə məxsus VAZ-21061 markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobillə anası Xuramanı və dayısı Aləddini götürüb İmişli rayonunun Kürdmahmudlu kəndinə Qədirağa Hüseynovun evinə qonaq aparmışdır. Həmin gün saat 23 radələrində atası Əlizadə anası Xuramanla bir yerdə Şahid5 idarə etdiyi «VAZ-21214» Niva markalı avtomobillə evlərinə qayıtmış, dayısı Aləddin isə onlarla gəlməmişdir. Atası yolda avtomobilin benzinin qurtarmasını və Rüfətin onlara köməklik edib avtomobili ilə evə gətirməsini bildirmişdir. O, həyətlərindən bir şlanq və polietilen qab tapıb Rüfətə vermiş və sonuncu avtomobilindən benzin çəkib qaba tökmüşdür. Sonra atası evdə qalmış, o isə Əyyam və Rüfətlə birlikdə atasının avtomobilini saxladığı yerə getmişlər. O, «VAZ-21214» Niva markalı avtomobildə arxa oturacaqda, Əyyam isə qabaq sağ oturucaqda əyləşmişdir. Həmin yerə çatdıqda Rüfət avtomobilini atasına məxsus VAZ-21061 markalı avtomobilin arxa tərəfindən təxminən 8-9 metr aralıda saxlamışdır. Əyyam avtomobilin qapısını açıb yerə düşmüş, sonra onun düşməsi üçün oturacağı əli ilə qaldırmış və o, sol ayağı avtomobilin salonunda, sağ ayağını isə yerə qoyub düşdüyü anda «X4» markalı avtomobil onlara çataraq mindikləri avtomobilin açıq qalmış qapısı ilə toqquşmuş və həmin vaxt onun sağ ayağı qapı ilə avtomobilin paneli arasında qalaraq sınmışdır. O, yerə düşərkən Əyyam və dayısı Aləddinin də həmin avtomobillə vurulduqlarını görmüşdür. Məhkəmədə zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, xx xxxx 2020-ci il tarixdə yaşadığı Cəlilabad rayonundan İmişli rayonunun Kürdmahmudlu kəndində yaşayan bacısı Xuramanın evinə qonaq gəlmişdir. Həmin gün saat 20 radələrində Xuramanın əri Əlizadə onu və bacısını idarə etdiyi özünə məxsus VAZ-21061 markalı avtomobillə İmişli rayonunun Xəlfəli kəndində yaşayan Qədirağa Hüseynovun evinə qonaq aparmışdır. Saat 23 radələrində onlar Əlizadənin idarə etdiyi VAZ-21061 markalı avtomobillə evə qayıdarkən yolda avtomobilin benzini qurtarmışdır. O, avtomobilin yanında dayanıb gözləmiş, Əlizadə ilə Xuraman isə çıxıb evə gedərkən bir “VAZ-21214” Niva markalı avtomobil gəlib onları götürüb aparmışdır. Təxminən 20-25 dəqiqə sonra “VAZ-21214” Niva markalı avtomobil geri qayıdıb bacısı oğlu Əlini düşürərkən İmişli rayonunun Hacalmuradlı kəndi istiqamətində hərəkətdə olan “X5” markalı avtomobil gəlib əvvəlcə “VAZ-21214” Niva markalı avtomobillə toqquşmuş, sonra bacısı oğlu Əlini və Əyyamı, daha sonra isə onu vurub yerə yıxmışdır. Hadisə zamanı o, müxtəlif dərəcəli bədən xəsarətləri almışdır. Ona heç bir maddi və mənəvi yardım göstərilmədiyindən hal-hazırda Təqsirləndirilən şəxs şikayətçidir və məhkəmədən onun cəzalandırılmasını xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, xx xxxx 2020ci il tarixdə saat 22 radələrində özünə məxsus “VAZ-21214” Niva markalı, ** BK *** dövlət qeydiyyat nişanlı avtomobillə həmkəndlisi Zərərçəkmiş şəxs2 İmişli rayonunun Xəlfəli kəndinə apararkən yolda Əlizadə Həbiyevin VAZ-21061 markalı avtomobili saxlayıb yol kənarı ilə piyada getdiyini görmüşdür. O, avtomobili saxlayıb Əlizadədən nə üçün piyada getdiyini soruşduqda sonuncu avtomobilinin benzinin qurtarmasını bildirmişdir. Avtomobilindən benzin çəkmək üçün şlanqı olmadığından o, Əlizadəni arvadı Xuramanla bir yerdə evinə aparmışdır. Əlizadə həyətindən şlanq tapıb ona vermiş və o, avtomobilindən benzin çəkib polietilen qaba töküb sonuncuya vermişdir. Əlizadə ondan oğlu Əlini avtomobilinin yanına aparmasını xahiş etmiş, özü isə evdə qalmışdır. O, Əlini də götürüb VAZ-21061 markalı avtomobilin yanına aparıb əks yola çıxıb idarə etdiyi avtomobili Xəlfəli kəndi istiqamətində yolun sol çiynində hərəkətin əksinə saxlamışdır. Avtomobilin mühərrikini və görmə işıqlarını söndürmüş, lakin alt işıqları yanılı vəziyyətdə qalmışdır. Əyyam avtomobildən düşüb qapını açıb Əlinin düşməsi üçün oturacağı əli ilə tutarkən Xəlfəli istiqamətindən Kürdmahmudlu kəndi istiqamətinə hərəkət edən “X5” markalı minik avtomobili 70-80 km/saat sürətlə gəlib onun avtomobilinin sağ qapısına və qabaq sağ təkərinə çırpılmış, əvvəlcə Əyyam və Əlini, daha sonra isə onun avtomobilnin arxa tərəfində olan piyada Zərərçəkmiş şəxs3 vurub yerə yıxmışdır. Aləddini vurandan sonra avtomobili idarə edən şəxs avtomobili yolun ortasında saxlamışdır. Həmin vaxt “X5” markalı avtomobildən düşən Şahid4 onların yanına gəlib mübahisə edərək söyüb təhqir etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, xx xxxx 2020-ci il tarixdə saat 20 radələrində oğlu Tural, arvadı Şəkər, gəlinləri Saniyə və Tamara ilə bir yerdə idarə etdiyi özünə məxsus «X5» markalı, ** BF *** dövlət qeydiyyat nişanlı avtomobillə İmişli rayonunun Xəlfəli kəndində yaşayan qudası Şahid2 evinə qonaq getmişlər. O, yemək yeyərkən 100 qram araq içmişdir. Təxminən üç saat İbrahimin evində qonaq olduqdan sonra evə qayıdarkən avtomobili idarə etmək üçün oğlu Turala vermişdir. Tural avtomobillə İmişli rayonunun Xəlfəli kəndindən Kürdmahmudlu kəndi istiqamətində hərəkətdə olarkən idarə etdiyi avtomobillə hərəkətinin əksinə dayanmış «VAZ-21214» Niva markalı minik avtomobili arasında toqquşma baş vermişdir. Turalın idarə etdiyi avtomobilin ön hissəsi «VAZ-21214» Niva markalı avtomobilin qabaq sağ qapısı ilə toqquşmuşdur. Toqquşma anında Tural əvvəlcə «VAZ-21214» Niva markalı avtomobilin yanında olmuş sərnişinlər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, sonra isə yolun üzərində dayanmış piyada Zərərçəkmiş şəxs3 vuraraq yerə yıxmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 qızı və Şahid1 işin hallarına dair Şahid4 ifadəsinə uyğun ifadə verdilər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, xx xxxx 2020ci il tarixdə saat 20 radələrində qudası Şahid4, oğlu Tural, arvadı Şəkər, gəlinləri, yəni onun qızı Saniyə və Tamara ilə bir yerdə onlara qonaq gəlmişdir. Yemək yeyərkən Talıbla adama 100 qram araq içmişlər. Təxminən üç saat onlarda olduqduqdan sonra evlərinə gedərkən Talıb araq içdiyi üçün avtomobili idarə etmək üçün oğlu Turala vermişdir. Tural sükan arxasına oturub avtomobili idarə edib onlardan çıxıb getmişlər. Onlar gedəndən 5- 10 dəqiqə sonra qızı Saniyə ona zəng vurub Turalın avtomobili ilə “Niva” markalın avtomobilin yolda toqquşmasını xəbər vermişdir. O, dərhal hadisə yerinə getmiş və hadisə yerində Turalı, Talıbı və digər şəxsləri görmüşdür. İşə əlavə olunmuş hal-hazırda həqiqi hərbi xidmətdə olan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 Əsgər oğlunun xx xxxx 2021-ci il tarixli izahatından görünür ki, ona vurulmuş 1500 manat məbləğində maddi ziyan ödənilmişdir. Odur ki, onun Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi yoxdur. İşdən görünür ki, Təqsirləndirilən şəxs minik və yük avtomobillərini idarə etmək üçün hüquq verən "BC" kateqoriyalı AF 504203 nömrəli sürücülük vəsiqəsi olmuşdur. İşdə olan Məhkəmə - Tibbi Ekspertiza və X2 Publik Huquqi şəxsin məhkəmə kimyəvi şöbəsinin xx xxxx 2020-ci il tarixli, 909/k nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan nümunələrində etil spirti aşkar edilmədi. İşdə olan Məhkəmə - Tibbi Ekspertiza və X2 Publik Huquqi şəxsin İmişli rayon şöbəsinin məhkəmə – tibbi ekspertizanın xx xxxx 2020-ci il tarixli, 157 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 Əskər oğlunun bədəni üzərində aşkar edilmiş xəsarətlər – sağ bazu oynağının çıxığı, sağ bazunun yuxarı 1/3-nin ön səthindən sağ saidin yuxarı 1/3nin ön səthinə kimi davam edən qançır,sol bazunun orta 1/3-nin ön səthində və qarnın sağ yan səthində qançırlar küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən vaxtda və şəraitdə, yəni xx.xx.2020-ci il tarixdə avtoqəza nəticəsində əmələ gələ bilərdi. Qeyd olunmuş xəsarətlər dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilir. İşdə olan Məhkəmə - Tibbi Ekspertiza və X2 Publik Huquqi şəxsin İmişli rayon şöbəsinin məhkəmə – tibbi ekspertizanın xx xxxx 2020-ci il tarixli, 158 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində aşkar edilmiş xəsarətlər – sağ ayağın 1-ci barmağının 2-ci falanqasının distal ucunda oynaq daxili qeyri-tam sınığı (çatı), sağ ayağın üst səthində sıyrıq küt əşyanın təsirindən törənmişdir. Qərarın təsviri hissəsində göstərilən vaxtda və şəraitdə, yəni xx.xx.2020-ci il tarixdə avtoqəza nəticəsində əmələ gələ bilərdi. Qeyd olunmuş xəsarətlər dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilir. İşdə olan Məhkəmə - Tibbi Ekspertiza və X2 Publik Huquqi şəxsin İmişli rayon şöbəsinin məhkəmə – tibbi ekspertizanın xx xxxxx 2020-ci il tarixli, 191 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində aşkar edilmiş xəsarətlər – sağ baldır sümüklərinin (qamış, incik) aşağı 1/3-nin qəlpəli, yerdəyişmiş sınıqları bərk küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən vaxtda və şəraitdə, yəni xx.xx.2020-ci il tarixdə avtoqəza nəticəsində əmələ gələ bilərdi. Qeyd olunmuş xəsarətlər dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilir. İşdə olan məhkəmə yol - nəqliyyat hadisələri ekspertizasının xx xxxxxx 2021-ci il tarixli, 8/2282 saylı rəyindən görünür ki, «X4» markalı, ** BF *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən artıq, yəni 70-80 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Beləliklə də şərh edilən sübutları məcmu üzrə qiymətləndirərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsində nəzərdə tutulan ictimai təhlükəli əməli törətməkdə təqsirliliyi təsdiq edildi və o, istinad edilən cinayət qanununun həmin maddəsinin sanksiyası həddində cəzalandırılmalıdır. Cəza məsələsi müzakirə edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsi səciyyələndirən məlumatlar, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən cinayət əməli törətməsini, əməlini etiraf edib səmimi peşmançılıq çəkməsini, zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ilə barışdığını və sonuncuların ondan heç bir şikayətlərinin və tələblərinin olmadığını, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 ilə barışmağa cəhd etməsini və yaşayış yerindən müsbət xasiyyətləndirilməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə həmçinin hesab edir ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 çəkmiş olduğu maddi zərərlə əlaqədar olaraq məhkəmədə mülki mühakimə icraatı qaydasında iddia qaldırmaq hüququ izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353 və 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il 6 (altı) müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı gündən hesablansın. Barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatına sərf edilmiş 200 (iki yüz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 çəkmiş olduğu maddi zərərlə əlaqədar olaraq məhkəmədə mülki mühakimə icraatı qaydasında iddia qaldırmaq hüququ izah edilsin. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Hökmdən 20 gün müddətinə İmişli rayon məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Qurban Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar