Məhkəmə qərarları › İş №1(036)-112/2021

İmişli Rayon Məhkəməsi Qərar — İş №1(036)-112/2021

16.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 1(036)-112/2021 16.11.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Əsədli Xuraman Emin qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1987-ci il tarixdə İmişli rayonunun Gövhərli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, İmişli rayonunun Gövhərli kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 28 iyun 2021-ci il tarixdə saat 20 radələrində İmişli rayonunun Gövhərli kəndində «Dostluq» adlanan kafedə həmin kafenin sahibi Zərərçəkmiş şəxs ilə aralarında sonuncunun onu kafeyə buraxmaması səbəbindən baş vermiş mübahisə zamanı, kafenin mətbəxində olarkən, orada olan pivə bakalını əlinə götürüb həmin bakalla Zərərçəkmiş şəxs baş və bədən nahiyəsinə vurmaqla ona sağlamlığın qısa müddət pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilib ifadəsində göstərdi ki, həmkəndlisi Zərərçəkmiş şəxs yaşadıqları İmişli rayonunun Gövhərli kəndində «Dostluq» adlı kafesi vardır. O, bir müddət həmin kafedə işləmiş və 2020-ci ilin iyun ayında Rəşad tərəfindən həmin kafedən qovulmuşdur. Bundan sonra o, bir neçə dəfə həmin kafeyə getmiş və orada çay və pivə içmişdir. 28 may 2021-ci il tarixdə saat 10 radələrində o, həmin kafeyə gəlmiş və Rəşadın qardaşı Məhəbbətin kafenin həyətində stolda oturduğunu görmüşdür. Həmin vaxt Rəşad kafedə olmamışdır. Sonra Rəşad həmkəndlisi Ramil Heydərovun idarə etdiyi VAZ-2106 markalı taksi avtomobili ilə ərzaq alıb gətirib kafeyə boşaltmışdır. Həmin vaxt Rəşad onun kafeyə gəldiyini görüb iradını bildirib kafedən qovmuşdur. Rəşadın onu adamların arasında qovmasına əsəbiləşib evlərinə gedib bu barədə atası Fəramizə danışmışdır. Evdə bir saat olduqdan sonra o, İmişli rayonunun Qulubəyli kəndi ərazisində yerləşən “Sünbül” adlanan kafeyə getmiş və orada oturub təxminin dörd bakal pivə içmişdir. “Sünbül” kafesində olarkən Rəşadın atası Bayrama zəng edib oğlunun onu təhqir edib kafedən qovmasını demişdir. Sonra yaşadığı kəndə qayıtmış və kənddə Zaur adlı şəxsin mağazasının yanında oturub orada da iki bakal pivə içmişdir. Həmin gün saat 20:00 radələrində hava qaralarkən «Dostluq» kafesinə gəlmiş və kafenin mətbəxində olan Rəşadın yanına getmişdir. Rəşadın əlində bakalı əski ilə silməsini görüb onu kafedən qovduğuna görə iradını bildirib onunla mübahisə etməyə başlamışdır. Sonra o, mətbəxdə pivə bakalının birini əlinə götürüb Rəşadın əvvəlcə baş nahiyəsinə, daha sonra bakalın sınmış şüşəsi ilə sol qoluna vurmuşdur. Həmin vaxt kafedə onlardan başqa heç kim olmamışdır. Daha sonra Rəşad onun yanında DİN-nin 102 xidmətinə zəng vuraraq onun tərəfindən kafenin dağıdılması barədə şikayət etmişdir. Sonra çıxıb gedərkən kafenin həyətinə həmkəndliləri Şahid3 və Şahid2 gəlmişlər. Törətmiş olduğu cinayət əməlindən səmimi peşmandır. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş zərər çəkmiş şəxsin ifadəsi, ekspertiza rəyi, iş materialları və işin digər obyektiv halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs oğlu ifadəsində göstərdi ki, 2020-ci ilin iyun ayında yaşadığı İmişli rayonunun Gövhərli kəndində yerləşən ona məxsus «Dostluq» kafesində işləyən həmkəndlisi Təqsirləndirilən şəxs kafedə dava etdiyi üçün kafedən qovmuşdur. 28 iyun 2021-ci il tarixdə saat 20 radələrində Xəyal sərxoş halda «Dostluq» kafesinə gəlmiş və kafedə onlar tək olarkən ona yaxınlaşıb kafeni bağlatdıracağını və işlətməyə qoymayacağını deyib onunla mübahisə etməyə başlamışdır. Sonra Xəyal mətbəxdə pivə bakalının birini əlinə götürüb əvvəlcə onun baş nahiyəsinə, daha sonra bakalın sınmış şüşəsi ilə onun sol qoluna vurduqdan sonra bakalın sınmış şüşəsini onun sağ ayağının üzərinə çırpmış və o, aldığı xəsarətlərdən huşunu itirmişdir. Həmin vaxt kafedə onlardan başqa heç kim olmamışdır. Sonra Xəyal kafenin həyətindən çıxıb gedərkən kafeyə həmkəndlisi Əlizamin gəlmiş və onun xəsarət almasını görmüşdür. Bundan sonra o, mobil telefonla DİN-nin 102 xidmətinə və təcli-tibbi yardım xidmətinə zəng edib hadisə barədə məlumat vermişdir. Sonra hadisə yerinə polis əməkdaşları və təcli-tibbi yardım avtomobili gəlmiş və onu İmişli Mərkəzi Rayon Xəstəxanasına aparmışlar. Hazırda təqsirləndirilən şəxslə barışmamış və onun barəsində qanunamüvafiq tədbir görülməsini məhkəmədən xahiş edir. İşdə olan məhkəmə - tibbi ekspertizanın 30 iyun 2021-ci il tarixli, 450 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər – təpə nahiyəsində sağda, sol bazunun aşağı 1/3-nin bayır səthində, sol baldırın aşağı 1/3-nin ön səthində, sağ baldırın aşağı 1/3-nin ön səthində, sağ ayaq pəncəsinin üst səthində 4-cü daraq sümüyü proyeksiyasında, sol saidin yuxarı 1/3-nin arxa səthində, sol baldırın yuxarı 1/3nin ön səthində, sağ budun orta 1/3-nin ön səthində yaralar iti kənarlı kəsici xassəyə malik əşyanın (əşyaların) ola bilsin sınmış şüşə parçasının təsirindən, sağ baldırın orta 1/3-nin ön səthində sıyrıqlar isə küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müxtəlif şəraitlərdə, o, cümlədən 28 iyun 2021-ci il tarixdə təsviri hissədə göstərilən şəraitdə əmələ gələ bilərdi. Qeyd olunmuş təpə nahiyəsində sağda, sol bazunun aşağı 1/3-nin bayır səthində, sol baldırın aşağı 1/3-nin ön səthində, sağ baldırın aşağı 1/3-nin ön səthində, sağ ayaq pəncəsinin üst səthində 4-cü daraq sümüyü proyeksiyasında yaralar dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir, digər xəsarətlər isə sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. İşə əlavə olunmuş AA2583049 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 15 may 2019-cu il təvəllüdlü övladı X2 vardır. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları tam, obyektiv və hərtərəfli araşdırıb, mövcud sübutları düzgün təhlil edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsinə tövsif edilmişdir. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Bununla yanaşı, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar vardır. Belə ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aiddir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. “8 Noyabr–Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05.11.2021-ci il tarixli Qərarının 1.16-cı bəndinə əsasən öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan övladı, yaxud birinci və ya ikinci dərəcə əlil övladı olan şəxslər, o cümlədən bu Qərarın qüvvəyə mindiyi günədək atalığı, övladlığa götürməsi, qəyyumluğu və himayəçiliyi qanunvericiliklə nəzərdə tutulmuş qaydada müəyyən olunmuş şəxslər cinayət məsuliyyət məsuliyyətindən azad olunur. Həmin Qərarın 9.1-ci bəndinə əsasən məhkəmə icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarır (bu Qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla) amnistiya tətbiq edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Beləliklə, məhkəmə “8 Noyabr–Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05.11.2021-ci il tarixli Qərarının 1.16cı və 9.1-ci bəndlərinin tələblərini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində amnistiya tətbiq edilməli, barəsində olan cinayət işinin icraatına xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. İş üzrə mülki iddia, məhkəmə məsrəfləri, maddi sübut və müsadirə edilməli əmlak yoxdur. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 39.1.12, 43.3, 321, 346-347, 356 və 358-ci maddələrini, “8 Noyabr–Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05.11.2021-ci il tarixli Qərarının 1.16-cı və 9.1-ci bəndlərinin tələblərini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində “8 Noyabr–Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05.11.2021-ci il tarixli Qərarının 1.16-cı və 9.1-ci bəndləri tətbiq edilərək barəsində olan cinayət işinin icraatına xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri ləğv edilsin. Qərardan 20 gün müddətində İmişli rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Qurban Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar