Azərbaycan Respublikası adından HÖKM İmişli rayonu İş № 1(036)-114/2021 19.11.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Əliyev Mirağa Aydın oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxslər: Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Təqsirləndirlən şəxs: Təqsirləndirilən şəxs və onun müdafiəçisi X1 iştirakları ilə xx xxxxxx 1997-ci il tarixdə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər Füzuli Hərbi Məhkəməsinin 21 iyun 2017-ci il tarixli hökmü ilə AR CM-nin 182.2.2, 332.2.1 və 332.2.2-ci maddələri ilə təqsirli bilinib, CM-nin 62 və 66.3-cü maddələri tətbiq olunmaqla 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 10 noyabr 2017-ci il tarixli Qərarı ilə cəzasının çəkilməmiş qalan 2 (iki) ay 8 (səkkiz) gün hissəsindən vaxtından əvvəl şərti olaraq azad olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Mingəçevir şəhəri, C.Əliyev küçəsində yerləşən “Energetik” mehmanxanası, ev 8-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 315-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 29 aprel 2021-ci il tarixdə gecə saat 00:20 radələrində ünvan 3 ünvanında yerləşən “Vitamin” adlı aptekin qarşısından qaçırdığı X5 məxsus “VAZ-21074” markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobili həmin gün saat 12 radələrində narkotik sərxoşluğu vəziyyətində X7rşısından keçən avtomobil yolunda idarə edərkən, ərazidə xidmət aparan və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Növbətçi hissələri idarəetmə xidmətindən “VAZ-21074” markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobilin qaçırılması barədə məlumatı olan İmişli rayon polis şöbəsinin Dövlət yol-patrul bölməsinin yol-patrul xidmətinin inspektorları Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 qaçırılmış avtomobilin hərəkət etdiyini görüb sürücü Təqsirləndirilən şəxs xidmət apardıqları “BMW” markalı, **-YP-*** dövlət qeydiyyat nişanlı xidməti avtomobilin səsgücləndiricisi vasitəsilə saxla işarəsi vermiş, lakin sonuncu polisin qanuni tələbinə tabe olmayıb, avtomobili saxlamayaraq İmişli-Bəcirəvan-Saatlı rayonlararası avtomobil yolu ilə yüksək sürətlə hərəkətinə davam etmiş, bu zaman Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 Azərbaycan Respublikasının “Polis haqqında” Qanununun İİİ maddəsinin 2-ci hissəsinin 2-ci və 7-ci bəndlərinin tələblərindən irəli gələn xidməti vəzifələrini yerinə yetirərək cinayətin qarşısının alınması üçün tədbirlər görüb, cinayətkarı aşkara çıxarıb tutmaq üçün sonuncunun idarə etdiyi “BMW” markalı, **-YP-*** dövlət qeydiyyat nişanlı xidməti avtomobillə Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ-21074” markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobili İmişli-Bəcirəvan-Saatlı rayonlararası avtomobil yolunda təqib edib müxtəlif qanuni üsullarla ondan avtomobili dayandırmasını tələb etmiş, Saatlı rayonunun Hacıqasımlı kəndi ərazisində sonuncu avtomobili İmişli rayonu istiqamətində geri döndərərək polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayıb idarə etdiyi nəqliyyat vasitəsi ilə qaçmağa cəhd edərək həmin nəqliyyat vasitəsini Zərərçəkmiş şəxs1 idarə etdiyi “BMW” markalı, **-YP-*** dövlət qeydiyyat nişanlı xidməti avtomobilin ön hissəsinə qəsdən vuraraq zədələmiş, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 xidməti avtomobildən düşüb xidməti vəzifələrini yerinə yetirərək Təqsirləndirilən şəxs avtomobildən düşməsini tələb edərkən isə sonuncu “VAZ-21074” markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobili qəsdən hakimiyyət nümayəndəsi olan İmişli rayon polis şöbəsinin DYPB-nin yol-patrul xidmətinin inspektorları Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 üzərinə sürərək, avtomobillə qəsdən hər ikisinə dərəcələri təyin edilməyən bədən xəsarətləri yetirməklə, onlara xidməti vəzifələrini yerinə yetirərkən zor tətbiq etməklə müqavimət göstərmişdir. Bundan başqa o, istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq bir ədəd kağız bükümdə - 0,502 qram çəkidə, bir ədəd şüşə ampulada - 0,197 qram çəkidə, şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini şəxsi istifadəsi üçün əldə edərək özündə saxlayıb daşımış, həmin gün saat 15:20-də İmişli şəhəri, Heydər Əliyev prospekti, 127 ünvanında yerləşən İmişli rayon polis şöbəsinin inzibati binasında üzərində şəxsi axtarış aparılarkən, əynindəki gödəkçəsinin sol yan cibindən bir ədəd kağız bükümdə - 0,502 qram çəkidə və bir ədəd şüşə ampulada - 0,197 qram çəkidə, ümumilikdə - 0,699 qram çəkidə narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü yalnız Azərbaycan Respublikası CM-nin 315-ci maddəsi ilə elan olunmuş ittiham üzrə təqsirli bilib ifadəsində göstərdi ki, 29 aprel 2021-ci il tarixdə gecə saat 00:20 radələrində Mingəçevir şəhərində “Mərkəzi poçt”un binasının yaxınlığındakı aptekin giriş qapısının qarşısında dayanmış “VAZ-21074” markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobili talama məqsədi olmadan qaçırdıqdan sonra daha tez tutulmaq ehtimalına görə avtomobili Mingəçevir şəhərində sürməyib, avtomobillə İmişli rayonunun Cavadxanlı kənd istiqamətində hərəkət etməyə qərar vermişdir. Bu məqsədlə o, həmin avtomobillə Mingəçevir şəhərindən çıxaraq Yevlax rayonu istiqamətində gedərək, Kürdəmir yolu ilə gecə saat 03:30 radələrində İmişli şəhərinə çatmışdır. İmişliyə çatarkən onun pulu olmamış və Avtomobilin maqnitofonu yerindən çıxdığına görə maqnitofonu axtararkən oturduğu yerin üzərindəki günlüyün içərisinə əlini salarkən 1 ədəd 50, 5 ədəd 20 və 1 ədəd 10 manatlıq pul olmaqla, ümumilikdə 130 manat pul tapmışdır. Avtomobilin yanacağının qurtarmaması üçün pulları götürüb gecə saat 03-04 radələrində İmişli şəhərindəki “Asan xidmət”in yanında olan yanacaqdoldurma məntəqəsində həmin puldan avtomobilə 30 manatlıq yanacaq vurmuşdur. İmişli şəhərinin girəcəyindəki dairədən sağa şəhər istiqamətində dönüb Cavadxanlı kəndi istiqamətində getmək istəyərkən X7rşısında arxasında dövlət qeydiyyat nişanını bilmədiyi yol-patrul xidməti avtomobili olduğunu görmüşdür. Həmin xidməti avtomobil sayrışan işıqlarını yandırıb səsgücləndirici vasitəsilə bir neçə dəfə ondan avtomobili saxlamağını tələb etmiş, o isə tutulacağından qorxub geriyə dönərək Saatlı rayonu istiqamətində hərəkət etmişdir. Yol-patrul xidməti avtomobili onun arxasınca gəlmiş və həmin avtomobildə iki polis əməkdaşı olmuşdur. O, avtomobili 160-170 km/saat sürətlə idarə etdiyi üçün polis əməkdaşları Saatlı rayonunun girəcəyinə qədər onun arxasınca gəlmişlər. Yol boyu yol-patrul xidməti avtomobili ondan səsgücləndirici ilə avtomobili saxlamağını tələb etsələr də o, qorxduğu üçün avtomobili saxlamamışdır. Saatlı rayonunun ərazisinə keçən kimi həmin yol-patrul xidməti avtomobili geri dönüb qayıtmışdır. O, avtomobili Saatlı rayonunun adını bilmədiyi kəndinin ərazisinə sürmüş və sonradan polis əməkdaşları avtomobili tanımasınlar deyə avtomobilin arxa nömrə nişanını açmaq qərarına gəlmişdir. O, avtomobilin arxa nömrə nişanını açaraq avtomobilin arxa oturacağının üstünə qoymuş, avtomobilin ön tərəfindəki dövlət qeydiyyat nişanını isə yerindən çıxara bilməmişdir. Təxminən 3-4 saat Saatlı rayonunun tanımadığı kəndində gizlənəndən sonra o, yenidən İmişli rayonunun Cavadxanlı kəndinə getməyə qərar vermişdir. Həmin gün səhər saat 08-09 radələrində o, avtomobillə İmişli rayonunun Cavadxanlı kəndinə yola düşmüş və rahatlıqla kəndə gəlib çıxmışdır. Telefonu olmadığından Cavadxanlı kəndində yaşayan tanışı “Cıvı” ləqəbli Cavidin yaşadığı evə getmiş və sonuncunu darvazadan çağırmışdır. Cavid çölə çıxmış və ondan avtomobilin kimə məxsus olduğunu soruşduqda o, avtomobili yeni aldığını demişdir. Cavid ona inanmış və o, ondan avtomobillə gəzib vaxt keçirmək üçün qız tapmasını istəmişdir. Cavidin yaşadığı evin qarşısında olarkən tanımadığı bir nəfər oğlan gəlib avtomobilə minmiş və Cavid onları tanış etdikdən sonra birlikdə sonuncunun tanışı olan Nərgizi ünvanını bilmədiyi yerdən götürərək Bəhrəmtəpə ərazisində yerləşən çayxanaya getmişlər. Orada çay içib söhbət etdikdən sonra o, adını bilmədiyi oğlanı İmişli RPŞ-nin yanında, bundan sonra isə Cavidi yaşadığı evin qarşısında düşürmüşdür. Cavid evə getməmiş, evlərinin yaxınlığından dən almaq istəmiş, lakin pulu olmadığı üçün o, ona 2 manat pul vermişdir. Nərgiz isə avtomobilə minərək ön sağ oturacaqda əyləşmişdir. O, narkotik vasitə aludəçisi olduğu üçün Nərgizdən kimdən narkotik vasitə almaq mümkünlüyünü soruşmuşdur. Nərgiz özü də narkotik aludəçisi olduğunu deyib, avtomobildən düşərək İmişli şəhər bazarı istiqamətində getmiş, o isə avtomobildə gözləmişdir. Təxminən 10 dəqiqə sonra, yəni saat 11:00 radələrində Nərgiz “Golden” siqaret kötüyünə doldurulmuş şəkildə hazır olan iki nəfərlik marixuana gətirmişdir. Nərgizin həmin marixuananı haradan və kimdən aldığını bilməmişdir. Sonra Nərgizlə birlikdə nəşəni çəkmişlər. Daha sonra o, avtomobillə X8 yaxınlığından keçib Saatlı rayonu istiqamətində hərəkətdə olarkən dairədə dayanan dövlət qeydiyyat nişanını bilmədiyi yol-patrul xidməti avtomobili ona “saxla” işarəsi vermişdir. Yol-patrul xidməti avtomobili dairənin solunda, yanacaqdoldurma məntəqəsi ilə üzbəüz yolun digər tərəfində dayanmış və həmin vaxt iki yol polis əməkdaşı da ayaq üstə yolda olmuşlar. O, tutulacağından qorxaraq avtomobili saxlamamış və yenə də Saatlı rayonu istiqamətində sürmüşdür. Yol-patrul xidməti avtomobili yenə onun dalınca düşmüş və yol boyu yenə də səsgücləndirici ilə ondan avtomobili saxlamağını tələb etsələr də o, avtomobili saxlamamışdır. Nərgiz qorxduğu üçün ondan avtomobili saxlamağını istəmiş, lakin o, tutulacağından qorxub avtomobili saxlamamışdır. O, yenə avtomobili 160-170 km/saat sürətlə idarə etdiyi üçün yol-patrul xidməti avtomobili ona çata bilməmiş, lakin arxasınca gəlmişlər. O, Saatlı rayon ərazisinə girib adını bilmədiyi kəndinin ərazisi ilə hərəkətdə olarkən həmin yolu nömrə nişanlarını bilmədiyi iki yol-patrul xidməti avtomobilinin bağladığını görmüş və irəli getməyin mümkün olmadığını başa düşüb avtomobili geriyə döndərərək gəldiyi yolla yenidən İmişli rayonu istiqamətində hərəkət etmişdir. İmişli şəhərindən onun arxasınca gələn yol-patrul xidməti avtomobili də geriyə dönüb yenidən onun arxasınca gəlmiş və bundan əlavə Saatlı rayon ərazisində qarşısını kəsən iki yol-patrul xidməti avtomobili də onun arxasınca gəlməyə başlamışlar. O, qarşısında iki yol-patrul xidməti avtomobilini görüb geriyə dönərkən idarə etdiyi avtomobilin ön sağ tərəfi İmişli rayonundan onun arxasınca gələn yol-patrul xidməti avtomobilinin ön tərəfinə dəymişdir. O, yenə avtomobili saxlamamış və həmin yolla təxminən 100 metr İmişli rayonu istiqamətində gəldikdən sonra artıq qaçmağın mümkün olmadığını görüb idarə etdiyi avtomobili hərəkətdə olduğu yolun sağ hissəsində, üzü İmişli şəhər istiqamətində saxlamış, lakin avtomobilin mühərrikini söndürməmişdir. Bundan sonra nömrə nişanlarını bilmədiyi üç yol-patrul xidməti avtomobili də onun arxasınca gəlmiş, iki xidməti avtomobil arxada, İmişlidən gələn xidməti avtomobil isə idarə etdiyi avtomobilin qarşısında saxlamışdır. O, avtomobilin salonundan çıxmamış və həmin vaxt yol-patrul xidməti geyimində olan iki nəfər adını bilmədiyi polis serjantı idarə etdiyi Saatlı rayonunun Hacıqasımlı kənd ərazisində avtomobilə yaxınlaşaraq ondan avtomobildən düşməyi tələb etmişlər. Onun idarə etdiyi avtomobilin qapı və pəncərələri bağlı olmuş və ona görə də polis əməkdaşları qapını aça bilməmişlər. Həmin vaxt o, avtomobili hərəkətə gətirərək sükanı sol tərəfə, yəni Saatlı rayon istiqamətinə döndərib hərəkət etməyə başlamışdır. O, avtomobilin qabaq sol tərəfi ilə həmin polis əməkdaşlarını vurub İmişli şəhər istiqamətində sürmüşdür. Xidməti geyimdə olan iki polis serjantını avtomobillə vurub dönərkən həmin şəxslər yıxılmamış, lakin zərbədən geriyə getmişlər. O, nəşəli olduğu üçün özündə olmamış və ona görə də həmin vaxt idarə etdiyi avtomobillə iki polis əməkdaşının hansı nahiyəsindən vurduğunu bilməmişdir. Yol-patrul xidməti avtomobili onun arxasınca gələrkən Nərgiz telefonda Cavidlə danışaraq polis əməkdaşlarının onları tutacaqlarını demişdir. Bundan sonra o, avtomobili saxlamayıb Saatlı rayon istiqamətində təxminən 100 metr gedib qaçmağa yer olmadığını, gec-tez tutulacağını başa düşərək avtomobili saxlamış və mühərriki söndürüb salondan çölə çıxmışdır. Bundan sonra idarə etdiyi avtomobillə vurduğu iki polis serjantı onu idarə etdikləri və İmişli şəhərindən arxasınca gələn yol-patrul xidməti avtomobili ilə İmişli rayon polis şöbəsinə aparmışlar. Polis şöbəsində tanımadığı polis əməkdaşları onun üzərinə baxış keçirmiş, baxış zamanı gödəkçənin sol yan cibindən çıxarılan narkotik vasitəni o, cibinə qoymamış və həmin narkotik vasitə ona məxsus olmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsi zamanı gödəkçənin sol yan cibindən çıxarılan narkotik vasitənin ona məxsus olmadığını deməsini inandırıcı hesab etmir, özünü müdafiə məqsədi daşıyan və həmin cinayət əməlindən yaxa qurtarmağa yönəlmiş ifadə hesab edir. Onun törətmiş olduğu cinayət əməlləri iş üzrə dindirilmiş zərər çəkmiş şəxslərin və şahidlərin ifadələri, ekspertiza rəyləri, iş materialları və işin digər obyektiv halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə zərər çəkmiş şəxs qismində dindirilmiş İmişli rayon polis şöbəsinin DYPB-nin YPX-nin inspektoru vəzifəsində işləyən Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, 29 aprel 2021-ci il tarixdə gecə saat 02:30 radələrində YPX-nin inspektoru Zərərçəkmiş şəxs2 ilə birlikdə onlara təhkim olunmuş “BMW” markalı, **-YP-*** dövlət qeydiyyat nişanlı avtomobillə xidmət apararkən şöbənin növbətçi hissəsindən Mingəçevir şəhər ərazisindən “VAZ-21074” markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobilin qaçırılması barədə məlumat daxil olmuşdur. Həmin gün saat 11:45 radələrində X7rşısından xidmət apardıqları “BMW” markalı, **-YP-*** dövlət qeydiyyat nişanlı avtomobillə İmişli rayon Qaralar kənd ərazisində yerləşən dairə istiqamətində hərəkətdə olarkən “VAZ-21074” markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobilin digər hərəkət zolağında İmişli şəhər istiqamətində hərəkət etdiyini görmüşlər. Həmin avtomobili tanımadığı bir oğlan sürmüş, yanında isə bir qadın oturmuşdur. Xidməti avtomobili o, idarə etmiş, Nicat isə ön sağ oturacaqda əyləşmişdir. Onlar xidməti avtomobilin sayrışan işıqlarını yandıraraq “saxla” işarəsi verməklərinə baxmayaraq “VAZ-21074” markalı, **-BR- *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü onlara məhəl qoymamış və ona görə də geriyə manevr edib həmin avtomobili təqib etməyə başlamışlar. Onlar həmin avtomobilin getdiyi İmişli şəhər istiqamətində hərəkətdə olarkən “VAZ-21074” markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü qarşıdan yenidən geriyə manevr edib İmişli rayon Qaralar kənd istiqamətində, dairədən isə düzünə İmişli-Bəcirəvan-Saatlı istiqamətində hərəkət etmişdir. Nicat dərhal İmişli RPŞ-nin növbətçi hissəsinə “VAZ-21074” markalı, **- BR-*** dövlət qeydiyyat nişanlı avtomobilin İmişli-Bəcirəvan-Saatlı istiqamətində hərəkətdə olması, sürücüyə “saxla” işarəsi vermələrinə və səsgücləndirici vasitəsilə avtomobili saxlamasını tələb etmələrinə baxmayaraq, həmin avtomobilin hərəkətini davam etməsi və təqib etdikcə sürətini artırması, Saatlı rayon ərazisində qarşısının kəsilməsinin labüd olması barədə məlumat vermişdir. Həmin sürücü İmişli rayon Qaralar kənd məktəbinə qədər təxminən 80 km/saat sürətlə hərəkət etmiş, daha sonradan sürətini 160-170 km/saata qədər qaldırmışdır. Onlar yol boyu sayrışan işıqları yandırıb, səsgücləndirici vasitəsi ilə sürücüdən avtomobili saxlamasını tələb etsələr də, sürücü heç bir halda son ana qədər onlara məhəl qoymamışdır. O, yol boyu idarə etdiyi avtomobillə sürücünün qarşısına keçmək istəsə də, sürücü onların hərəkətdə olduğu hərəkət zolağına keçərək qarşılarını kəsmiş, yol boyu təhlükə yaratmışdır. Saatlı rayonunun Hacıqasımlı kənd ərazisində dəmiryol xəttinə çatmamış həmin sürücü iki yol-patrul xidməti avtomobilinin qarşısını kəsdiyini görərək sol zolağa keçmiş, daha sonra isə avtomobili sağ tərəf üstə manevr edərək İmişli rayon istiqamətində hərəkət etmək istəmiş, onlar həmin vaxt sürücünün qarşısını kəsmək üçün İmişli-Bəcirəvan-Saatlı avtomobili yolu üzrə Saatlı rayonunun Hacıqasımlı kənd ərazisində sağ zolağda avtomobili saxlayarkən sürücü qaçırdığı “VAZ-21074” markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön sağ tərəfi ilə xidməti avtomobilin ön tərəfini vurmuşdur. O və Nicat dərhal avtomobildən düşərək həmin avtomobilə tərəf qaçmış, sürücü xidməti avtomobili vurduqdan sonra idarə etdiyi avtomobili geriyə verərək yenidən İmişli rayon istiqamətində hərəkət etməyə başlamış, onlar sürücünün avtomobilinə yaxınlaşıb sonuncunun avtomobildən düşməsini tələb etsə də, sürücü tabesizlik göstərib, onların xidməti avtomobili saxladığı yerin yaxınlığında onu və Nicatı idarə etdiyi avtomobillə vuraraq İmişli rayon istiqamətində yenidən hərəkətini davam etdirmişdir. Sürücü onun sağ ayağından vurmuş, o və Nicat xəsarət alsa da, sürücünün saxlanılmasını təmin etmək üçün yenidən avtomobilə əyləşərək İmişli rayon istiqamətində hərəkəti davam etdirmişlər. Sürücü onları avtomobillə vurduqdan sonra vaxt itirdiklərinə görə sürücü gözdən itmişdir. “VAZ-21074” markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobilin qaçırılması barədə Saatlı RPŞ-yə də məlumat verildiyi üçün sürücünü artıq onlarla birlikdə sonuncular da təqib etmişlər. İmişli rayon istiqamətində hərəkətdə olarkən İmişli rayonunun Bəcirəvan kənd ərazisində həmin avtomobilin yenidən Saatlı rayon istiqamətində hərəkət etdiyini görmüşlər. Bundan sonra Nicat düşərək xidməti avtomobili idarə etməyə başlamış və geriyə manevr edib yenidən həmin avtomobili təqib etməyə davam etmiş, yol boyu səsgücləndirici vasitəsilə sürücüdən avtomobili saxlamasını tələb etsələr də sürücü avtomobili saxlamamış və qaçmağa davam etmişdir. Saatlı rayonunun Kamallı kəndində sürücünü zərərsizləşdirmək üçün traktor avtomobil yolunu kəsmişdir. Sürücü qarşı tərəfdə yolun kəsildiyini və arxa tərəfdən də bir neçə yol-patrul xidməti avtomobilinin onu təqib etdiyini görərək sonda avtomobili Saatlı rayonunun Kamallı kənd ərazisində yolun mərkəzi hissəsində saxlamış və avtomobildən düşərək təslim olmuşdur. Bundan sonra həmin sürücünün Mingəçevir şəhər sakini Təqsirləndirilən şəxs, yanında oturan şəxsin isə İmişli rayonunun Məhəmmədli kənd sakini X2 olduğunu bilmişlər. Təqsirləndirilən şəxs avtomobildən düşərkən sonuncunun hiss olunacaq dərəcədə narkotik vasitənin təsiri altında olmuşdur. Hazırda Təqsirləndirilən şəxs şikayətçidir və sonuncunun cəzalandırılmasını xahiş edir. Məhkəmədə zərər çəkmiş şəxs qismində dindirilmiş İmişli rayon polis şöbəsinin DYPB-nin YPX-nin inspektoru vəzifəsində işləyən Zərərçəkmiş şəxs2 işin hallarına dair zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ifadəsinə uyğun ifadə verərək təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirib məhkəmədən onun cəzalandırılmasını xahiş etdi. Məhkəmədə şahid qismində dindirilmiş İmişli RPŞ-nin CAB-ın əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 ifadəsində göstərdi ki, 29 aprel 2021-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Növbətçi hissələri idarəetmə xidmətindən Mingəçevir şəhər ərazisindən “VAZ-21074” markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobilin qaçırılması barədə məlumat daxil olmuşdur. Həmin məlumat əsasında 29 aprel 2021-ci il tarixdə saat 12 radələrində həmin avtomobilin İmişli rayon istiqamətində hərəkətdə olduğu müəyyən edilmiş, İmişli rayon polis şöbəsinin DYPB-nin Yol Patrul Xidmətinin inspektorları Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 İmişli RPŞ-yə təhkim olunmuş “BMW” markalı, **-YP-*** dövlət qeydiyyat nişanlı avtomobillə qaçırılması barədə məlumat daxil olmuş avtomobili təqib etmişlər. Həmin avtomobil İmişli rayonundan Saatlı rayon istiqamətində hərəkət etmiş, Saatlı RPŞ-si ilə əlaqə saxlanıldıqdan sonra Saatlı RPŞ-nin polis əməkdaşları yolun qarşısını kəsmiş, nəticədə həmin avtomobil saxlanılaraq İmişli RPŞ-yə gətirilmiş və “VAZ-21074” markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobili qaçıran şəxsin Mingəçevir şəhər sakini Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Material üzrə polis şöbəsində araşdırma aparılmış və eyni zamanda Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olması barədə onlara əməliyyat məlumatı daxil olmuşdur. Bununla əlaqədar olaraq Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş və polis şöbəsinə dəvət olunmuş iki hal şahidinin, müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə sonuncun üzərində şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan gödəkçənin sol yan cibindən siqaretin gümüşü kağızına bükülmüş içərisində qəhvəyi rəngli kütlə olan büküm və bir ədəd içərisində narkotik vasitəyə oxşar hissəciklər olan şüşə flakon aşkar edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynindəki şalvarın hər iki yan ciblərindən hissələr kəsilib götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilmiş, lakin Orucun üzərində qanunla qadağan olunan əşya, o cümlədən başqa narkotik vasitə aşkar olunmamışdır. Götürülmüş büküm, şüşə flakon və şalvarın cib hissələri qablaşdırılaraq möhürlənmişdir. Bu barədə protokol tərtib olunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs isə heç bir əsas göstərmədən protokolu imzalamaqdan imtina etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş İmişli RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili Şahid2 və İmişli RPŞ-nin PPXB-nin polis nəfəri Şahid3 işin hallarına dair Şahid1 ifadəsinə uyğun ifadə verdilər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, 29 aprel 2021ci il tarixdə saat 15 radələrində İmişli rayon polis şöbəsinin qarışısından piyada keçərkən İmişli rayon polis şöbəsinin əməkdaşları ona yaxınlaşaraq Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılacağını deyib, ona hal şahidi kimi iştirak etməyi təklif etdikdə o, razılaşmışdır. Sonra onun, digər hal şahidinin, müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış və axtarış zamanı onun əynində olan gödəkçənin sol yan cibindən siqaretin gümüşü kağızına bükülmüş içərisində qəhvəyi rəngli kütlə olan büküm və bir ədəd içərisində narkotik vasitəyə oxşar hissəciklər olan şüşə flakon aşkar edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynindəki şalvarın hər iki yan ciblərindən hissələr kəsilib götürülmüşdür. Sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilmiş, lakin üzərində qanunla qadağan edilmiş əşya, o cümlədən başqa narkotik vasitə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərindən götürülmüş büküm, şüşə flakon və şalvarın cib hissələri qablaşdırılaraq möhürlənmişdir. Bu barədə protokol tərtib olunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs isə heç bir əsas göstərmədən protokolu imzalamaqdan imtina etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 işin hallarına dair Şahid6 ifadəsinə uyğun ifadə verdi. İşdə olan 29 aprel 2021-ci il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, İmişli rayon polis şöbəsinin inzibati binasında üzərində şəxsi axtarış aparılarkən, Təqsirləndirilən şəxs əynindəki gödəkçəsinin sol yan cibindən bir ədəd kağız bükümdə - 0,502 qram və bir ədəd şüşə ampulada - 0,197 qram, ümumilikdə - 0,699 qram çəkidə narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. İşdə olan məhkəmə-tibb ekspertizanın 30 aprel 2021-ci il tarixli, 271 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində aşkar edilmiş xəsarət – sağ baldırın yuxarı 1/3-nin bayır səthində qançır bərk küt əşyanın təsirindən törənmişdir, müxtəlif şəraitlərdə, o cümlədən 29 aprel 2021-ci il tarixdə təsviri hissədə göstərilən şəraitdə (avtomobilin sağ baldır nahiyəsindən vurması nəticəsində) əmələ gələ bilər. Qeyd olunan xəsarət sağlamlığa zərərvurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. İşdə olan məhkəmə-tibb ekspertizanın 30 aprel 2021-ci il tarixli, 272 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində aşkar edilmiş xəsarət – sağ ayaq pəncəsinin üst səthində qançır bərk küt əşyanın təsirindən törənmişdir, müxtəlif şəraitlərdə, o cümlədən 29 aprel 2021-ci il tarixdə təsviri hissədə göstərilən şəraitdə (avtomobilin sağ ayağının üstündən keçməsi nəticəsində) əmələ gələ bilər. Qeyd olunan xəsarət sağlamlığa zərərvurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. İşdə olan məhkəmə-kimyəvi ekspertizanın 30 aprel 2021-ci il tarixli, 18/497 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “...Təqsirləndirilən şəxs əynindəki...” sözləri yazılmış kağız paketi açdıqda 01 ədəd kağız bükümdə təmiz çəkisi- 0,502 qram, 01 ədəd şüşə ampulada təmiz çəkisi - 0,197 qram olan maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə olan heroindir. İşdə olan məhkəmə-narkoloji ekspertizanın 02 sentyabr 2021-ci il tarixli, 3201 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və kannabioidlərin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İşdə olan 21 oktyabr 2021-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” Qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə barəsində cinayət təqibinə Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinə əsasən bəraətverici əsaslar olmadan xitam verilmişdir. Beləliklə də şərh edilən sübutları məcmu üzrə qiymətləndirərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 315-ci maddələrində nəzərdə tutulan ictimai təhlükəli əməlləri törətməkdə təqsirliliyi təsdiq edildi və o, istinad edilən cinayət qanununun həmin maddələrinin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Füzuli Hərbi Məhkəməsinin 21 iyun 2017-ci il tarixli hökmü ilə AR CM-nin 182.2.2, 332.2.1 və 332.2.2ci maddələri ilə təqsirli bilinib CM-nin 62 və 66.3-cü maddələri tətbiq olunmaqla 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 10 noyabr 2017-ci il tarixli Qərarı ilə cəzasının çəkilməmiş qalan 2 (iki) ay 8 (səkkiz) gün hissəsindən vaxtından əvvəl şərti olaraq azad olunmuşdur. Azərbaycan Respublikası CM-nin 83.3.4-cü maddəsinə görə ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. İşdə olan Mingəçevir şəhər İcra və Probasiya şöbəsinin 05 noyabr 2021-ci il tarixli, 596/3-12 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 10 noyabr 2017-ci il tarixli Qərarı ilə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 2 (iki) ay 8 (səkkiz) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunmuş, 18 yanvar 2021-ci il tarixdə cəza müddəti bitdiyi üçün məhkum Təqsirləndirilən şəxs şöbənin qeydiyyatından çıxarılmışdır. Göründüyü kimi Təqsirləndirilən şəxs qanunvericiliklə məhkumluğu ödənilmədən yenidən qəsdən az ağır cinayət törətmiş və bununla da cinayətlərin residivini yaratmışdır. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilmədən yenidən qəsdən az ağır cinayət törətməsini AR CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində AR CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar məhkəmə tərəfindən müəyyən edilmədi. İşdə olan Azərbaycan Respublikası Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasının 16 noyabr 2021-ci il tarixli, 17/40-4683 nömrəli məktubundan görünür ki, Füzuli Hərbi Məhkəməsinin 21 iyun 2017-ci il tarixli hökmü ilə AR CM-nin 182.2.2, 332.2.1 və 332.2.2-ci maddələri ilə təqsirli bilinib, CM-nin 62 və 63 maddələri tətbiq olunmaqla 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş məhkum Təqsirləndirilən şəxs 20 iyul 2017-ci il tarixdən 10 noyabr 2017-ci il tarixədək 3 saylı İstintaq Təcridxanasının təsərüfat briqadasında cəza çəkmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli və AR CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə maddi sübutlar məhv edilməli, ekspertiza tədqiqatına sərf olunmuş ekspertiza xərci təqsirləndirilən şəxsdən dövlət nəfinə tutulmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353 və 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 315-ci maddələri ilə təqsirli bilinib, CM-nin 234.1-ci maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 315-ci maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. AR CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs üzərində qəti olaraq 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Cəza çəkməsinin əvvəli həbsə alındığı gündən, yəni 29 aprel 2021-ci il tarixdən hesablansın. Azərbaycan Respublikası CM-nin 93.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi İmişli rayon polis şöbəsinin saxlanc anbarında saxlanılan 01 ədəd kağız bükümdə təmiz çəkisi - 0,502 qram, 01 ədəd şüşə ampulada təmiz çəkisi - 0,197 qram narkotik vasitə olan heroin və 02 ədəd içərisində qəhvəyimtil izlər olan parça hissələri məhv edilsin. Ekspertiza tədqiqatına sərf edilmiş 193,24 manat (bir yüz doxsan üç manat iyirmi dörd qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Hökmdən 20 gün müddətinə İmişli rayon məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Qurban Hacıyev
Məhkəmə qərarları › İş №1(036)-114/2021
İmişli Rayon Məhkəməsi Hökm — İş №1(036)-114/2021
19.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver