Məhkəmə qərarları › İş №1(036)-118/2021

İmişli Rayon Məhkəməsi Hökm — İş №1(036)-118/2021

07.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM İmişli rayonu İş № 1(036)-118/2021 07.12.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Əsədli Xuraman Emin qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirlən şəxs: Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1996-cı il tarixdə İmişli rayonunun Oruclu kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər İmişli Rayon Məhkəməsinin 12 avqust 2021-ci il tarixli hökmü ilə AR CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CMnin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, məhkumluğu ödənilməmiş, İmişli rayonunun Oruclu kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs, istintaqa məlum olmayan mənbədən, şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 0,235 qram çəkidə narkotik vasitə olan heroini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib daşıyaraq saxlamış, 10 avqust 2021-ci il tarixdə saat 20 radələrində İmişli RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyataxtarış tədbirləri zamanı İmişli şəhəri, H.Əliyev prospektində saxlanılıb İmişli rayon polis şöbəsinin inzibati binasına gətirilmiş və üzərində şəxsi axtarış zamanı əynində olan şalvarın sağ yan cibindən 1 ədəd polietilen kəsiyinə bükülü halda şəffaf rəngli plastik qabın (tiktak qabı) içərisində, təmiz çəkisi 0,235 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilib ifadəsində göstərdi ki, bir müddət olardı ki, narkotik vasitə olan heroin qəbul edirmiş. 10 avqust 2021-ci il tarixdə saat 18 radələrində İmişli şəhəri, H.Əliyev prospekti ilə tək piyada getdiyi zaman yerdə sellofan torba görmüş və torbanı götürüb açıb içərisinə baxan zaman torbanın içərisində 1 ədəd baş hissəsi qırıq olan içərisi boş şüşə ampula, 1 ədəd 1 ml-lik şpris, 1 ədəd şəffaf rəngli plastik tiktak qabı və 1 ədəd “Pal Mall” markalı siqaret qutusu olmuşdur. Həmin siqaret qutusunu açıb baxan zaman qutunun içərisində xırda kağız bükülü, həmin bükülünün içərisində limon duzu, plastik tiktak qabının içərisində isə ayrı-ayrılıqda sellofana bükülü halda az miqdarda heroin və marixuana toxumu olduğunu görmüşdür. O, heroin istifadəçisi olduğu üçün içərisində ayrı-ayrılıqda sellofana bükülü halda az miqdarda heroin və marixuana toxumu olan plastik tiktak qabını, 1 ədəd baş hissəsi qırıq olan içərisi boş şüşə ampula, 1 ədəd 1 ml-lik şprisləri və içərisində xırda kağız bükülü halda limon duzu olan “Pal Mall” markalı siqaret qutusunu əynində olan göy rəngli cins şalvarın cibinə qoymuş, sellofan torbanı isə ataraq İmişli şəhərinin mərkəzinə tərəf getmişdir. Həmin gün saat 20 radələrində İmişli şəhəri, H.Əliyev prospekti ilə tək piyada getdiyi zaman «Kapital Bank»-ın inzibati binasının yaxınlığında üç nəfər şəxs ona yaxınlaşaraq özlərini təqdim edib İmişli rayon polis şöbəsinin əməkdaşları olduqlarını bildirib onu polis şöbəsinə dəvət etmişlər. O, polis əməkdaşları ilə birlikdə İmişli rayon polis şöbəsinə gəlmiş və orada müdafiəçinin, iki hal şahidinin və polis əməkdaşlarının iştirakları ilə ona üzərində narkotik vasitə və ya daşınması qadağan olunan hər hansı bir əşya varsa həmin əşyaları çıxarıb təqdim etməyini təklif etdikdə o, əynində olan göy rəngli cins şalvarın sağ yan cibində tiktak qabının içərisində sellofana bükülü halda heroin olmasını bildirmişdir. Bundan sonra o, ayrı-ayrılıqda sellofana bükülü halda az miqdarda heroini və marixuana toxumu olan plastik tiktak qabını, 1 ədəd baş hissəsi qırıq olan içərisi boş şüşə ampulanı, 1 ədəd 1 ml-lik şprisləri, içərisində xırda kağız bükülü halda limon duzu olan “Pal Mall” markalı siqaret qutusunu çıxardaraq təqdim etmişdir. Təqdim etdiyi heroin və marixuana toxumu polis əməkdaşları tərəfindən qablaşdırılaraq möhürlənmişdir. Sonra bu barədə protokol tərtib edilmiş və protokolun doğruluğu onun və digər iştirakçıların imzaları ilə təsdiq olunmuşdur. Törətmiş olduğu cinayət əməlindən səmimi peşmandır. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri, iş materialları və işin digər obyektiv halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş İmişli RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərdi ki, 10 avqust 2021-ci il tarixdə saat 19 radələrində İmişli RPŞ-də xidmətdə olduğu zaman CAB-ın əməliyyat müvəkkili Şahid1 ona İmişli rayonunun Oruclu kəndində yaşayan Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitə saxlaması barədə əməliyyat məlumatı aldığını bildirmişdir. Daxil olmuş məlumat şöbə rəhbərliyinə məruzə olunduqdan sonra əməliyyat qrupu yaradılmış və o, əməliyyat qrupunun üzvləri CAB-ın əməliyyat müvəkkilləri Şahid1, Şahid2 və PPXB-nin polis nəfəri Şahid6 ilə birlikdə İmişli şəhəri, H.Əliyev prospektinə getmişlər. Həmin gün saat 20 radələrində Təqsirləndirilən şəxs onlar tərəfindən İmişli şəhəri, H.Əliyev prospektində saxlanılaraq rayon polis şöbəsinə gətirilmişdir. Rayon polis şöbəsində müdafiəçinin və iki hal şahidinin iştirakları ilə Təqsirləndirilən şəxs üzərində qanunla saxlanılması qadağan edilən və ya dövriyyəsi məhdudlaşdırılmış hər hansı bir əşya varsa təqdim etməsi təklif olunduqda sonuncu əynində olan göy rəngli cins şalvarın sağ yan cibində tiktak qabının içərisində sellofana bükülü halda heroin olmasını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs cibindən plastik tiktak qabını çıxardıb açaraq həmin qabın içərisindən 2 ədəd sellofan bükülüsü çıxardıb həmin bükülüləri açmış və bükülülərdən birinin içərisində 2 ədəd bitki toxumu, digərinin içərisində isə az miqdarda qəhvəyimtil rəngli toz halında maddə olmuşdur. Təqsirləndirilən şəxs həmin maddənin heroin, toxumların isə nəşə toxumu olmasını bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs həmin cibindən 1 ədəd baş hissəsi qırıq olan içərisi boş şüşə ampula, 1 ədəd 1 ml-lik şpris, içərisində xırda kağıza bükülü halda duz olan “Pal Mall” markalı siqaret qutusunu təqdim etmişdir. Sonra həmin narkotik vasitə olan heroin, toxum və əşyalar qablaşdırılaraq möhürlənmişdir. Bu barədə protokol tərtib edilmiş və protokolun doğruluğu iştirakçılar tərəfindən imzaları ilə təsdiq olunmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş İmişli RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid1 və PPXB-nin polis nəfəri Şahid6 Şahid2 ifadəsinə uyğun ifadə verdilər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, 10 avqust 2021-ci il tarixdə saat 21 radələrində İmişli rayon polis şöbəsinin inzibati binasının yaxınlığından keçib gedərkən bir nəfər polis əməkdaşı ona yaxınlaşıb Polis şöbəsinin inzibati binasında bir nəfərin üzərində şəxsi axtarış aparılmasında hal şahidi qismində iştirak etməyi təklif etdikdə o, etiraz etməyərək razılaşmışdır. Polis şöbəsində onun, dəvət olunmuş digər hal şahidinin və müdafiəçinin iştirakları ilə polis əməkdaşları adını sonradan bildiyi Təqsirləndirilən şəxs üzərində qanunla saxlanılması qadağan edilən və ya dövriyyəsi məhdudlaşdırılmış hər hansı bir əşya varsa təqdim etməsini təklif etdikdə sonuncu əynində olan göy rəngli cins şalvarın sağ yan cibində tiktak qabının içərisində sellofana bükülü halda heroin olmasını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs cibindən plastik tiktak qabını çıxardıb açaraq həmin qabın içərisindən 2 ədəd sellofan bükülüsü çıxardıb həmin bükülüləri açmış və bükülülərdən birinin içərisində 2 ədəd bitki toxumu, digərinin içərisində isə az miqdarda qəhvəyimtil rəngli toz halında maddə olmuşdur. Təqsirləndirilən şəxs həmin maddənin heroin, toxumların isə nəşə toxumu olmasını bildirmişdir. Həmçinin, Təqsirləndirilən şəxs həmin cibindən 1 ədəd baş hissəsi qırıq olan içərisi boş şüşə ampula, 1 ədəd 1 ml-lik şpris, içərisində xırda kağıza bükülü halda duz olan “Pal Mall” markalı siqaret qutusunu çıxardaraq təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi həmin kütlə, toxum və əşyalar polis əməkdaşları tərəfindən qablaşdırılaraq möhürlənmişdir. Bu barədə protokol tərtib edilmiş və protokolun doğruluğu onun və digər iştirakçıların imzalar ilə təsdiq olunmuşdur. İşdə olan məhkəmə-kimyəvi ekspertizanın 25 may 2021-ci il tarixli, 18/862 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən...” sözləri və imzalar olan kağız paketdəki plastmas qabda 1 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi 0,235 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroinin təmiz çəkisi - 0,235 qram, tədqiqata sərf edildi - 0.05 qram, qalıq çəkisi – 0,185 qramdır. İşdə olan məhkəmə-narkoloji ekspertizanın 28.10.2021-ci il tarixli, 4188 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İşə əlavə edilmiş İmişli rayon İcra və Probasiya şöbəsinin 06 dekabr 2021-ci il tarixli, 1147 saylı məktubundan görünür ki, İmişli Rayon Məhkəməsinin 12 avqust 2021-ci il tarixli hökmü ilə AR CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış məhkum Təqsirləndirilən şəxs şöbənin qeydiyyatına götürülməmiş və cəzasını çəkməmişdir. Beləliklə də şərh edilən sübutları məcmu üzrə qiymətləndirərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan ictimai təhlükəli əməli törətməkdə təqsirliliyi təsdiq edildi və o, istinad edilən cinayət qanununun həmin maddəsinin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs əməlini etiraf edib səmimi peşmançılıq çəkməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli və AR CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər İmişli Rayon Məhkəməsinin 12 avqust 2021-ci il tarixli, 1(036)-79/2021 saylı hökmü ilə AR CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılıması cəzası saxlanılmışdır. Göründüyü kimi Təqsirləndirilən şəxs həmin iş üzrə hökm çıxarılmazdan əvvəl hazırkı ittiham üzrə cinayət əməlini törətməsi müəyyən olunmuşdur ki, bu hal da cinayətlərin məcmusunu yaradır. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. İş üzrə maddi sübut məhv edilməli, ekspertiza tədqiqatına sərf edilmiş ekspertiza xərci Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353 və 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. İmişli Rayon Məhkəməsinin 12 avqust 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs oğluna AR CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təyin edilmiş və çəkilməmiş qalmış 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırması cəzasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulmaqla 11 (on bir) ay 28 (iyirmi səkkiz) günü AR CM-nin 66.5-ci maddəsinə əsasən hazırkı təyin olunmuş cəza ilə qismən birləşdirilsin və üzərində qəti olaraq 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Cəza çəkməsinin əvvəli həbsə alındığı gündən, yəni 10 avqust 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi İmişli rayon polis şöbəsinin saxlanc anbarında saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalan çəkisi – 0,185 qram olan narkotik vasitə heroin məhv edilsin. Ekspertiza tədqiqatına sərf edilmiş 99,48 manat (doxsan doqquz manat qırx səkkiz qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Hökmdən 20 gün müddətinə İmişli rayon məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Qurban Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar