Məhkəmə qərarları › İş №1(036)-13/2023

İmişli Rayon Məhkəməsi Hökm — İş №1(036)-13/2023

08.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM İmişli rayonu İş № 1(036)-13/2023 08.02.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Qurban Hamid oğlu Hacıyevin sədrliyi Nuranə Busat qızı Hacıyevanın katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxxxxxx 1994-cü il tarixdə İmişli şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, İmişli şəhəri, Meliorator qəsəbəsi ev 12, mənzil 4-də qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs, istintaqa məlum olmayan mənbədən, satış məqsədi ilə qanunsuz olaraq 0,777 qram çəkidə narkotik vasitə olan heroin əldə edib daşıyaraq saxlamış, 13 avqust 2022-ci il tarixdə saat 12 radələrində İmişli RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı İmişli rayonunun Yalavac kənd orta məktəbinin stadionunda saxlanılaraq İmişli rayon polis şöbəsinin inzibati binasına gətirildikdən sonra şəxsi axtarış zamanı əynində olan tünd göy rəngli cins şalvarının ön sol cibindən bir ədəd şəffaf rəngli sellofan bükümdə, təmiz çəkisi 0,777 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü qismən, yəni elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə deyil, AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilib ifadəsində göstərdi ki, bir müddət olardı ki, narkotik vasitə heroindən istifadə edirmiş. 13 avqust 2022-ci il tarixdə səhər saatlarında piyada gəzərkən İmişli şəhəri, N.Savalanov küçəsində yerləşən böyük zibil qutusunun yaxınlığında yerdə bir ədəd şəffaf sellofan bükümün olduğunu görüb həmin bükümü yerdən götürüb açdıqda içərisində qəhvəyi rəngli narkotik vasitə olan heroin olduğunu müəyyən etmişdir. O, narkotik vasitəni istifadə etmək məqsədilə üzərində olan tünd göy rəngli cins şalvarının sol ön cibinə qoymuşdur. Bundan sonra İmişli rayonunun Yalavac kənd məktəbinin stadionunda oturub atasıgili gözləmişdir. Belə ki, atasıgil həmin yerin yaxınlığında təndir çörəyi satırmış. Bu vaxt İmişli rayon polis şöbəsinin əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək onu polis şöbəsinə dəvət etmişlər. O, onlarla birlikdə polis şöbəsinə gəlmiş və polis şöbəsində dəvət olunmuş vəkilin iştirakı ilə videoçəkiliş vasitəsilə üzərinə baxış keçirilmiş və baxış zamanı əynində olan tünd göy rəngli cins şalvarının sol ön cibində saxladığı bir ədəd şəffaf rəngli sellofana bükülmüş narkotik vasitə olan heroini polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Həmin narkotik vasitə qablaşdırılaraq üzərinə möhür vurulmuşdur. Bu barədə protokol tərtib edilmiş və protokolun doğruluğu onun və iştirakçılar tərəfindən imzaları ilə təsdiq olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmadığını deməsini inandırıcı hesab etmir, özünü müdafiə məqsədi daşıyan və törətmiş olduğu cinayət əməlindən yaxa qurtarmağa yönəlmiş ifadə hesab edir. Onun törətmiş olduğu cinayət əməli iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri, iş materialları və işin digər obyektiv halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş İmişli RPŞ-nin NMQ-ın əməliyyat müvəkkili Şahid6 ifadəsində göstərdi ki, 13 avqust 2022-ci il tarixdə xidmətdə olduğu zaman İmişli şəhər sakini Təqsirləndirilən şəxs üzərində narkotik vasitə heroin olması və həmin tarixdə saat 12 radələrində İmişli rayon Yalavac kənd orta məktəbinin həyətində olacağı barədə məlumat almışdır. O, bu barədə şöbə rəhbərliyinə raportla məruzə etdikdən sonra rəhbərliyin müvafiq qərarı ilə o, Şahid7la birlikdə İmişli rayon Yalavac kənd orta məktəbini müşahidəyə götürmüşlər. Həmin gün saat 12 radələrində Təqsirləndirilən şəxs Yalavac kənd orta məktəbinin futbol stadionunda olduğunu görüb ona yaxınlaşıb özlərini təqdim edərək üzərində narkotik vasitə gəzdirməkdə şübhələndiklərini bildirib onu İmişli RPŞ-yə dəvət etmişlər. Polis şöbəsində dəvət edilmiş müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış və axtarış zamanı onun əynində olan tünd göy rəngli cins şalvarın sol ön cibindən bir ədəd şəffaf sellofana bükülü halda spesifik iyə malik olan, qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər kütlə aşkar edilmişdir. Aşkar edilmiş narkotik vasitəyə bənzər kütlə qablaşdırılaraq götürülmüş, bu barədə protokol tərtib edilmiş və protokolun doğruluğu iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş İmişli RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid7 işin hallarına dair Şahid6 ifadəsinə uyğun ifadə verdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, ***-***-**-** saylı mobil telefon nömrəsi onun istifadəsində olmuş və təxminən bir ildən artıq müddətdir ki, həmin nömrəni itirdiyi üçün işlətmir. Təqsirləndirilən şəxs tanımır. 12 mart 2022-ci il tarixdə saat 19:47:45-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Menem azad təkər lazımdı birdene” məzmununda yazılmış mesajdan məlumatı yoxdur. ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***- **-** saylı və ***-***-**-** saylı mobil nömrələrə 12 mart 2022-ci il tarixdə saat 19:49:21dən 14 mart 2022-ci il tarixə saat 15:25:20-dək çoxsaylı telefon danışıqları olmasından xəbəri yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 Zülfüqar oğlu ifadəsində göstərdi ki, İmişli rayonunun Yalavac kənd orta məktəbinin yaxınlığında arvadı Sənubər ilə birlikdə təndir çörəyi satır. Oğlu Elməddin uzun müddətdir ki, narkotik maddələrdən istifadə edirmiş. Elməddin mütəmadi olaraq ondan pul alaraq narkotik vasitədən istifadə edirmiş. Elməddinin kiməsə narkotik vasitə satmasından xəbəri olmamış, lakin ola bilsin ki, özü pulla aldığı narkotiki başqasına da həmin pulun qarşılığında vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 işin hallarına dair Şahid2 Zülfüqar oğlunun ifadəsinə uyğun ifadə verdi. İşdə olan məhkəmə-kimyəvi ekspertizanın 14 avqust 2022-ci il tarixli, 18/867 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi 0,777 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. Heroinin təmiz çəkisi – 0,777 qram, tədqiqata sərf edildi – 0,05 qram, qalıq çəkisi – 0,727 qram. İşdə olan məhkəmə-narkoloji ekspertizanın 27 oktyabr 2022-ci il tarixli, 6377 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İşə əlavə edilmiş 18 yanvar 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-** və ***-***-**-** saylı mobil telefon nömrələri ilə ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**- **, ***-***-**-**, ***-***-**-**, ***-***-**-** və ***-***-**-** saylı mobil telefon nömrələri arasında 10 mart 2022-ci il tarixdən 08 aprel 2022-ci il tarixədək narkotik vasitələrin alqısatqısı mövzusunda çoxsaylı SMS yazışmaları aparılmışdır. Beləliklə də şərh edilən sübutları məcmu üzrə qiymətləndirərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulan ictimai təhlükəli əməli törətməkdə təqsirliliyi təsdiq edildi və o, istinad edilən cinayət qanununun həmin maddəsinin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İşdə olan İmişli Rayon Məhkəməsinin 20 may 2020-ci il tarixli, 1(036)-26/2020 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 1 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, AR CM-nin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. İşdə olan İmişli Rayon Məhkəməsinin 05 may 2021-ci il tarixli, 7(036)-16/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs İmişli Rayon Məhkəməsinin 20 may 2020-ci il tarixli, 1(036)-26/2020 saylı hökmü ilə təyin edilmiş 1 (bir) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 7 (yeddi) ay 22 (iyirmi iki) günü AR CM-nin 52-1.5-ci maddəsinə əsasən iki gün azadlığın məhdudlaşdırılmasının bir gün azadlıqdan məhrum etmə hesabı ilə 3 (üç) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir. İşdə olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs 31 avqust 2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. İşdə olan İmişli Rayon Məhkəməsinin 15 avqust 2022-ci il tarixli, 4(036)-105/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs 13 avqust 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və 15 avqust 2022-ci il tarixdə barəsində üç ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. İşdə olan İmişli Rayon Məhkəməsinin 30 noyabr 2022-ci il tarixli, 1(036)-103/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə Təqsirləndirilən şəxs əməlini qismən də olsa etiraf edib səmimi peşmançılıq çəkməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli və AR CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə maddi sübut məhv edilməli, ekspertiza tədqiqatına sərf olunmuş ekspertiza xərci təqsirləndirilən şəxsdən dövlət nəfinə tutulmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353 və 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinib 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli həbsə alındığı gündən, yəni 13 avqust 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi İmişli rayon polis şöbəsinin saxlanc anbarında saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalan çəkisi – 0,727 qram narkotik vasitə olan heroin məhv edilsin. İş üzrə maddi sübut kimi cinayət işinin materiallarına əlavə edilmiş, “Azərcell Telecom MMC”dən daxil olmuş 01 ədəd CD disk iş materiallarında saxlanılsın. Ekspertiza tədqiqatına sərf edilmiş 31,95 (otuz bir manat doxsan beş qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Hökmdən 20 gün müddətinə İmişli rayon məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Qurban Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar