Məhkəmə qərarları › İş №1(036)-13/2024

İmişli Rayon Məhkəməsi Hökm — İş №1(036)-13/2024

04.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM İmişli rayonu İş № 1(036)-13/2024 04.07.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Quliyev Telman Osman oğlunun sədrliyi, Zaid Əkrəm Əkbər oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Cəlilabad rayon vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx.xx.1979-cu ildə İmişli rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, məhkum olunmamış, İmişli şəhəri Araz küçəsi ev 107 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: X3 16 sentyabr 2023-cü il tarixdə, saat 12 radələrində Şahid1 20 manat pul alaraq sonuncuya yaşadığı İmişli şəhəri, Araz küçəsi ev 107 ünvanında yerləşən fərdi yaşayış evinin yataq otağındakı çarpayının üzərində Şahid2 ilə cinsi əlaqədə olmaq üçün şərait yaradaraq, fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuva təşkil edib saxlamışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, xx.xx.2019-cu il təvəllüdlü övladı X5 ilə birlikdə özünə məxsus İmişli şəhəri, Araz küçəsi ev 107 ünvanında yerləşən fərdi yaşayış evində yaşayır. Yaşayış evi 3 otaq və bir zaldan ibarətdir. Ev istifadəyə yararlıdır və içərisində ona lazım olan məişət əşyaları vardır. Şahid1 və Şahid2 tanımır, heç biri ilə münasibəti olmamışdır. Qonşuluqda yeni ev tikilir və qonşusu ondan ustaları üçün çay hazırlamağı xahiş etmişdir. Bu səbəbdən 16 sentyabr 2023-cü il tarixdə saat 13 radələrində o, qonşuluqda işləyən ustalar üçün çay hazırlayan zaman bir nəfər gənc oğlan və bir nəfər də qadın həyət qapısını döyüb yol ilə keçən olduqlarını və çay-su lazım olduğunu demişdir. Qadın yaşlı, oğlan isə cavan olmuş və həmin şəxslərə baxıb ana oğul olduqlarını hesab etmişdir. Həmin şəxslərə evdə uşaq olan otağa keçməyi, özü isə gələcəyini demişdir. O, ustalara çayı verib geri qayıdanda üç maşın polis əməkdaşlarının gəldiyini görmüşdür. Polis əməkdaşları ilə birlikdə evə daxil olduqları zaman həmin qadının paltarlarını soyunmuş halda, oğlanın isə paltarları əynində oturduqlarını görmüşdür. Həmin polis əməkdaşları ona burada evində qanunsuz olaraq fahişəxana təşkil etməsini, onların isə buraya cinsi münasibətdə olmaq üçün gəldiklərini və evini bu şəxslərə kirayə verdiyini demişdir. O, həmin şəxsləri tanımadığını, onlarla heç bir münasibətinin olmadığını və onun evinə çay içməyə gəldiklərini demişdir. Sonra birlikdə polis şöbəsinə getmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verərək göstərdi ki, o, 2023-cü ilin aprel ayının 3-də hərbi xidmətdən qayıtmış və usta kimi fəaliyyət göstərir. Onun müxtəlif qadın tanışları vardır və həmin qadınlarla sevgi münasibəti yaşayaraq, onların özlərinin könüllü razılığı əsasında cinsi əlaqədə olur. O, rayon ərazisində olan tanışlarından Təqsirləndirilən şəxs öz yaşadığı evi bu cür məqsədlər üçün kirayə verdiyini öyrənmiş və sonuncunun da telefon nömrəsini əldə etmişdir. Mütəmadi olaraq İlhamə ilə əlaqə saxlayıb evə gəlmək istədiyini demiş, sonuncu isə onun gəlməsinə razı olmuşdur. Təqsirləndirilən şəxs məxsus yaşayış evi İmişli şəhəri Araz küçəsi ev 107 ünvanında yerləşir. İlhamə yaşadığı evi bir saatlıq 10 manata kirayə verir. O, həmin evə yalnız qadın tanışları ilə cinsi münasibətdə olmaq üçün getmişdir. Ev bir neçə otaqdan ibarət olsa da, İlhamə evin bir otağını kirayə verirdi. Əlavə qaldıqda isə hər saata görə 10 manat pul ödəməli olmuşdur. Otaqda bir ədəd taxt və taxtın üzərində cinsi münasibətdə olmaq üçün yataq dəsti vardır. Yay aylarında hava isti olduğu üçün otağa vintilyator da qoyulmuşdur. Şahid2 pul qarşılığında müxtəlif şəxslərlə cinsi münasibətdə olur. O, Nərgizi bir ay olar ki, tanıyır və sonuncu ilə bir neçə dəfə pul qarşılğında cinsi münasibətdə olmuş, hər dəfə cinsi əlaqədə görə Nərgizə 10 manat pul vermişdir. 16 sentyabr 2023-cü il tarixdə saat 12 radələrində o, Nərgizlə görüşmək istəmiş və buna görə də sonuncu ilə əlaqə saxlayıb fikrini demişdir. Rayon ərazisindən tanımadığı bir nəfər taksi ilə gedib Nərgizi Ağsu- Kürdəmir-İmişli yolunun İmişli şəhəri ərazisindən keçən yolunun üzərindəki avtovağzalın qarşısından götürüb birbaşa İlahmə Heydarovanın yaşadığı həmin evə getmişdir. Həmin vaxt o, İlahmə Heydarova ilə telefon əlaqəsi saxlayıb evə gəlmək istədiyini demiş, sonuncu isə razı olmuşdur. O, Nərgizlə birlikdə evə girmiş və iki saatlıq Nərgizlə cinsi münasibətdə olmaq üçün İlhaməyə 20 manat pul vermişdir. Pullardan ikisi beş manatlıq, biri isə on manatlıq əskinaslar olmuşdur. İlhaməyə pulu verdikdən sonra otağa daxil olmuş və Nərgizin yanına gəlmişdir. Həmin vaxt polis əməkdaşları hadisə yerinə gəlmiş, onlara əyinlərini geyinməyi və birlikdə polis şöbəsinə getməyi təklif etmişdir. O, da razılaşıb polis əməkdaşları ilə birlikdə polis şöbəsinə getmişdir. O, dəflərlə Təqsirləndirilən şəxs məxsus yaşayış evinə müxtəlif qadın tanışlarını aparmış və cinsi münasibətdə olmuşdur. Bunun üçün Təqsirləndirilən şəxs evin otağını ona bir saatlıq 10 manata kirayə vermişdir. Həmçinin rayon ərazisində çox adam da eyni qaydada gedib öz tanışı ilə İlhamənin evinin bir otağını kirayə götürüb cinsi münasibətdə olmuşdur. İş üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 ifadə verərək göstərmişdir ki, İmişli şəhər sakini Təqsirləndirilən şəxs Bəybala qızını tanımır, heç bir ədavəti və ya düşmənçiliyi olmamışdır. O, müxtəlif şəxslərlə, pul qarşılığında cinsi əlaqədə olur. Bu işlə təxminən bir ildir ki, məşğul olur. İmişli şəhər sakini olan və adını Nicat bildiyi şəxsi isə bir ay olar ki, tanıyır. Nicatla təsadüfən rayon ərzisində tanış olmuş və bir neçə dəfə dpul qarşılığında cinsi münasibətdə olmuşdur. Cinsi münsibətdə özünün könüllü razılığı əsasında, pul qazanmaq məqsədilə olur. 16 sentyabr 2023-cü il tarixdə saat 11 radələrində Nicat onunla əlaqə saxlayıb münasibətdə olmaq istədiyini bildirmiş, o da razı olmuşdur. Nicatla İmişli rayonu ərazisində avtovağzalın qarşısında görüşmüş, Nicat tanımadığı bir nəfər taksi sürücüsü ilə gəlmişdir. Nicat onu maşına götürmüş və birlikdə Təqsirləndirilən şəxs məxsus evə getmişdir. Həmin evin ünvanını xatırlamır. Ancaq yol yadında qalmış və ətrafda yatrımtikili evlər tikilmiş, yolu isə torpaq yol olmuşdur. Ətrafda yabanı bitkilər olmuşdur. Nicat evin həyətinə daxil olub İlhaməni çağırmış və otaq istəmiş, birlikdə evin içərisinə daxil olmuşlar. Nicat isə çöldə İlhamə ilə nəsə danışmış və içəri girmişdir. Nicat İlhamənin otağı kirayə verdiyini və bunun üçün İlhaməyə 20 manat pul verdiyini demişdir. Nicat isə onunla cinsi münasibətdə olmaq üçün ona 10 manat pul vermişdir. Otaq evin içərisində yerləşir və qapısı zala açılır. Otaqda bir ədəd taxt, taxtın üzərində isə yataq dəsti vardır. Həmçinin otaqda bir ədəd paltarları üstünə qoymaq üçün stul və küncdə ventilyator olmuşdur. O, həmin evə birinici dəfə getmişdir. Bu zaman polis əməkdaşlarının səsini eşitmiş və İlhamə ilə birlikdə evə daxil olmuşlar. Sonra isə polis əməkdaşları ilə birlikdə polis şöbəsinə getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş İmişli Rayon Polis Şöbəsinin CAB-nın Narkotiklərlə Mübarizə qrupunun əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid3 ifadə verərək göstərdi ki, 16 sentyabr 2023-cü il tarixdə icraatına qərəzsiz və etimad doğuran mənbədən İmişli şəhər sakini Təqsirləndirilən şəxs İmişli şəhəri Araz küçəsi ev 107 ünvanında yaşadığı evdə əxlaqsızlıq yuvası saxlaması və Nərgiz adlı qadının həmin evdə əxlaqsızlıqla məşğul olması barədə məlumat daxil olmuşdur. Daxil olan məlumat İmişli RPŞ-nin rəhbərliyinə məruzə edildikdən sonra yaradılmış əməliyyat-istintaq qrupunun tərkibinə o da daxil edilmişdir. Əməliyyat-istintaq qrupunun üzvləri İmişli RPŞ-nin rəisinin əməliyyat işləri üzrə müavini, polis polkovnik-leytenantı Akif Nəsirov, İmişli RPŞ-nin CABnın rəisi, polis mayoru Fuad Səmədov, İmişli RPŞ-nin Təhqiqat bölməsinin rəisi, polis mayoru Elsevər Əliyev, İmişli RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı Mehdi Hüseynzadə, İmişli RPŞ-nin KTQ-nun baş inspektoru Şahid5, İmişli RPŞ-nin PPXBnün polis nəfəri, polis baş serjantı Şahid4 daxil olmuşdur. Birlikdə Təqsirləndirilən şəxs məxsus fərdi yaşayış evinə getmişlər və evin həyət qapısına çatdıqda Təqsirləndirilən şəxs onları qapının qarşısında görərək dərhal uca səslə qışqırmağa və panika yaratmağa başlamışdır. Bundan sonra dərhal həyətə daxil olub evin pəncərəsindən “Səbinə çıx çölə” deyə qışqırmağa başlamışdır. Onlar Təqsirləndirilən şəxs sakitləşdirməyə və intizama dəvət etməyə çalışmış, lakin sonuncu öz hərəkətlərinə davam etmişdir. Təqsirləndirilən şəxs evində əxlaqsızlıq yuvası təşkil etməsi ilə bağlı daxil olan məlumatın yoxlanılması üçün oraya gəldiklərini demişlər və sonuncunu sakitləşdirməyə çalışsalar da bu mümkün olmamışdır. Əməliyyat-istintaq qrupunun digər üzvləri dərhal yaşayış evinin içərisinə daxil olduqda evin yataq otağında bir nəfər çılpaq qadın və bir nəfər də yarı çılpaq vəziyyətdə oğlanın olduğunu müəyyən etmişlər. Otağa daxil olduqda otaqda cinsi münasibətdə olmaq üçün şərait yaradılmasını, çarpayı və yataq dəsti qoyulmasını, kənarda üzərinə əşya yığılması üçün stol və stul qoyulmasını, habelə yay aylarında sərinlik yaratmaq üçün sərinkeş, yəni vintilyator qoyulmasını görmüşlər. Stolun üzərində siqaret, alışqan, mobil telefon və bir ədəd 5 AZN, dəqiq sayını bilmədiyi 1 AZN əskinaslar olmuşdur. Təqsirləndirilən şəxs məxsus evin digər otağından isə, televizorun qarşısından bir ədəd yaşıl rəngli dəftər və həmin dəftərin arasından bir ədəd 10 AZN və iki ədəd 5 AZN əskinaslar olmuşdur. Təqsirləndirilən şəxs həmin dəftəri və pulları götürməyə etiraz etsə də təhiqatçı tərəfindən götürülmüş və bu barədə protokol tərtib edilmişdir. Birlikdə İmişli RPŞyə gəldikdən sonra Təqsirləndirilən şəxs evindəki çılpaq qadının şəxsiyyətinin Masallı rayonu Ərkivan qəsəbəsi sakini Şahid2, oğlanın şəxsiyyətinin isə İmişli şəhər sakini Şahid1 olması müəyyən edilmişdir. Şahid2 həmin evdə pul qarşılığında ayrı-ayrı şəxslərlə cinsi əlaqədə olur, Təqsirləndirilən şəxs isə həmin şəxslərə kirayə otaq verməklə əlavə ödəniş alır. Şahid1 şifahi sorğu zamanı Şahid2 ilə həmin vaxt cinsi münasibətdə olmaq üçün Təqsirləndirilən şəxs evinə gəldiyini və kirayə otaq verməsi üçün Təqsirləndirilən şəxs 20 AZN pul verməsini, cinsi münasibətin qarşılığında isə Şahid2 10 AZN pul verməsini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş İmişli RPŞ-nin Kriminalistik Tədqiqatlar qrupunun baş inspektoru Şahid5 oğlu və İmişli RPŞ-nin X8 Xidmətinin polis nəfəri, polis baş serjantı Şahid4 oxşar məzmunda ifadə verərək Şahid3 ifadəsində göstərdiyi xüsusatları analoji olaraq təsdiq etmişlər. İş materialları ilə müəyyən olunur ki, iş üzrə Şahid3 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşmə zamanı Şahid3 icraatına qeyri-aşkar mənbələrdən dəfələrlə Təqsirləndirilən şəxs yaşadığı evin otaqlarını ayrı-ayrı şəxslərə öz tanışları ilə cinsi münasibətdə olmaq üçün pul qarşılığında verməsi barədə məlumat daxil olduğunu, 16 sentyabr 2023-cü il tarixdə, saat 12 radələrində daxil olmuş məlumatın realizə edilməsi üçün Təqsirləndirilən şəxsnn yaşadığı evə baxış keçirilməsi zamanı Şahid1 və Şahid2 onun evində cinsi münasibətdə olmaq üçün gəldiklərini aşkar etdiklərini, həmçinin bu zaman Təqsirləndirilən şəxs evindən onun evini bu məqsədlər üçün pul qarşılığında verməsi ilə bağlı hesabat yazdığı dəftərin aşkar edilməsini, Şahid1 və Şahid2 onun evinə təsadüfən qonaq kimi gəlməsini qeyd etməsinin məsuliyyətdən yayınmaq xarakteri daşıdığını, həmçinin son vaxtlar da, İmişli RPŞ-nin həyata keçirdiyi əməliyyataxtarış tədbirlərindən sonra Təqsirləndirilən şəxs barəsində araşdırma aparılmasından nəticə çıxarmayaraq yenə də ayrı-ayrı şəxslərə öz tanışları ilə cinsi münasibətdə olmaq üçün öz evinin yataq otağını pul qarşılığında verməsi barədə icraatına yenə qeyri-aşkar mənbələrdən əməliyyat məlumatlarının daxil olmasını bir daha Təqsirləndirilən şəxsın üzünə qarşı demişdir. Bundan başqa, iş materialları ilə müəyyən olunur ki, iş üzrə Şahid4 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşmə zamanı Şahid4 istintaq zamanı verdiyini ifadəsinə uyğun olaraq ona da rayon ərazisindən qeyriaşkar mənbələrdən Təqsirləndirilən şəxs yaşadığı evi mütəmadi olaraq ayrı-ayrı şəxslərə öz tanışları ilə cinsi münasibətdə olmaq üçün pul qarşılığında verməsi barədə məlumat daxil olduğunu, həmin məlumatların şöbə rəhbərliyinə məruzə olunduğunu və sonuncu dəfə Şahid3 icraatında daxil olan məlumatın realizəsi ilə bağlı Təqsirləndirilən şəxs yaşadığı evə baxış zamanı məlumatların doğru olmasının üzə çıxdığını, Şahid1 və Şahid2 həmin evdə cinsi münasibətdə olmaq üçün gəldiklərini, bunun üçün Təqsirləndirilən şəxs 20 AZN pul verilməsini, hətta evə daxil olan zaman Şahid1 cinsi münasibətdə olmaq üçün Şahid2 verdiyi 10 AZN pulu stolun üstündə özünün aşkar etməsini və bu barədə də videogörüntü olduğunu Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. “Hadisəyerinə baxış keçirilməsi haqqında” 16 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, baxış keçirilən yer İmişli şəhəri Araz küçəsi ev 107 ünvanında yerləşən fərdi yaşayış evidir. Həmin ev mişar daşından tikilimiş və suvaqlanmışdır. Evə küçədən dəmir qapıdan girilir. Evin giriş qapısı da dəmirdəndir. Həmin ev dörd otaqdan ibarətdir. Evin girişindən daxil olduqda sağda birinci otaqda biri kişi, biri qadın olmaqla iki nəfərin münasibətdə olması aşkar edilmişdir. Birinci otaqdan televizor altılığının üzərindən göy üzlü və vərəqdən ibarət olan dəftər aşkar edilərək götürülmüşdür. Həmin dəftərin arasında 1 ədəd 10 AZN, 2 ədəd 5 AZN olmaqla 20 AZN pul aşkar edilmişdir. Həmin evdən Təqsirləndirilən şəxs məxsus iki ədəd “Redmi” markalı mobil telefon götürülmüşdür. “Baxış keçirilməsi haqqında” 21 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, baxış keçirilən dəftər 12 ədəd vərəq (24 səhifə) və iki vərəq üz qabığından ibarətdir. Dəftərin üz qabığı yaşıl rəngdədir. Dəftərin qabığında səliqəsiz formada yazılar vardır. Dəftərin üz qabığının içəri üzündə “aprel-1 ayının hesabı” sözləri və 7, 10, 15, 20, 30 və 40 rəqəmlərindən ibarət yazılar yazılmışdır. Dəftərin birinci səhifəsində “may ayının 1-dən may ayının 31-dək olan müddət və hər günün altında 10,15,20, 35 rəqəmlərindən” ibarət yazılar yazılmışdır. Dəftərin ikinci səhifəsində “iyun ayının 1-dən 30 iyunadək olan günlər və hər günün altında 10, 20, 30 rəqəmlərindən” ibarət yazılar yazılmışdır. Dəftərin üçüncü səhifəsində “1 iyuldan 26 iyul tarixinədək” olan günlər və hər günü altında 10,15, 20 rəqəmlərindən ibarət yazılar yazılmışdır. Dəfətrin dördüncü səhifəsində “26 iyul tarixindən 19 avqust tarixinədək” olan günlər və hər günün altında 10, 15, 20 və 30 rəqəmlərindən” ibarət yazılar yazılmışdır. Dəfətrin beşinci səhifəsində “20 avqust tarixindən 10 sentyabr tarixinədək” olan günlər və hər günün altında 10, 15, 20 və 30 rəqəmlərindən ibarət yazılar yazılmışdır. Dəfətrin altıncı səhifəsində “11 sentyabrdan 16 sentyabradək” olan günlər və hər günün altında 10,15 və 20 rəqəmlərindən ibarət yazılar yazılmışdır. Sonuncu sətirdə “16 sentyabr-20“ yazılmışdır. Dəftərin iyirmi ikinci səhifəsində “17, 5, 15 rəqəmləri və atma” sözləri, “20 əd-reyka”, 5 əd-şifer ağ”, “2 pac sürüb”, “1 kq 60 dubib” “25 kq mismar(90)”, “15 kisə siment sözləri yazılmışdır. İyirmi üçüncü səhifədə “332-borc-Eldənizə”, “249 azn verdim”, “97 siment, 218 siment, 6-yol, 7 yol, 118 siment” sözləri yazılmışdır. Dəftərin iyirmi dördüncü səhifəsində “emusiya 3 kq, rolik 20 sm ucuz 1 əd, kis 4 barmaq 1 əd, pilintus- 16metr, iç tin 4 əd, çöl tin 2 əd, mufta 5 əd, laminat 17 kv, silkon(akrilik) 7 əd, padalok üçün peniplas 18 kv, aboy 5 rlon, aboy kleyi 2 əd, aboy kantı 5 əd, silkon şəffəaf 1 əd, rezak dişi 1 paçka, sürüb 18lik iri diş 2 manatlıq, şunur, Müşviq 150” sözləri yazılmışdır. Dəftərin ikinci üz qabığının iç tərəfində “aprel ayı və rəqəmlərdən ibarət yazılar yazılmışdır. Dəftərin ikinci üz qabığının arxa tərəfində səliqəsiz yazılar yazılmışdır. Dəftərin arasında bir ədəd 10 AZN və iki ədəd 5 AZN ibarət pul vahidləri vardır. “Diskə baxış keçirilməsi haqqında” 23 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, baxış keçirilən CD diksdəki 01 ədəd “MP4” video formatında olan videofayl 03 dəqiqə 04 saniyə uzunluğundadır. Həmin videoda İmişli RPŞ-nin rəisinin əməliyyat işləri üzrə müavini, polis polkovnik-leytenantı Akif Nəsirov, İmişli RPŞ-nin TB-nin rəisi, polis mayoru Elsevər Əliyev, İmişli RPŞ-nin TB-nin təhqiqatçısı, polis kapitanı Mehdi Hüseynzadə, İmişli RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3, İmişli RPŞ-nin KTQnun baş inspektoru, polis kapitanı Şahid5 və İmişli RPŞ-nin PPXB-nün polis nəfəri, polis baş serjantı Şahid4 şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı İmişli şəhəri Araz küçəsi ev 107 ünvanında yerləşən fərdi yaşayış evinin həyətinə daxil olur və həmin vaxt Təqsirləndirilən şəxs evin pəncərəsinə yaxınlaşaraq “Səbinə çölə çıx” ifadəsini deyir. Əməliyyat qrupunun üzvləri Təqsirləndirilən şəxs yaşadığı evə daxil olan zaman yataq otağında bir nəfər çılpaq vəziyyətdə olan qadının və bir nəfər də yarı çılpaq vəziyyətdə olan şəxsi aşkar edir. Şahid1 həmin çılpaq vəziyyətdə olan qadının Şahid2, digər şəxsin isə özü olduğunu bildirmişdir. Şahid1 Şahid2 ilə cinsi münasibətdə olmaq üçün Təqsirləndirilən şəxs evinə gəldiyini, evin yataq otağını 20 manata kirayəyə götürdüyünü bildirmişdir. Şahid2 və Şahid1 olduğu otaqda bir ədəd çarpayı, bir ədəd sərinkeş, xalça, stol və stul, stolun üzərində isə “papi” markalı salfet, qutusu, mobil telefon, siqaret və alışqan, bir ədəd 5 AZN və dəqiq sayı görünməyən 1 AZN pul əskinasları vardır. Əməliyyat müvəkkili Şahid3 şübhəli şəxs Təqsirləndirilən şəxs əlindən tutaraq ona müqavimət göstərdiyini və üzərinə hücum etdiyini bildirmişdir. Elsevər Əliyev təhqiqatçı Mehdi Hüseynzadəni çağıraraq, televizorun qarşısında olan bir ədəd yaşıl rəngli dəftəri və həmin dəftərin arasında olan bir ədəd 10 AZN və iki ədəd 5 AZN-dən ibarət pul əskinaslarını götürməyi bildirmişdir. Təqsirləndirilən şəxs həmin dəftərin götürülməsinə etirazını bildirmiş və dəftərin onun aylıq hesabatı olduğunu qeyd etmişdir. Bununla da baxış yekunlaşmışdır. 26 sentyabr 2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmiş, həmin tarixli qərarla barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş İmişli Rayon İcra Hakimiyyəti başçısının İmişli şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsinin verdiyi xx.xx.2023-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs İmişli şəhəri Araz küçəsi ev 107 ünvanında qeydiyyatdadır və yaşayış yeri üzrə müsbət xarakteriza olunur. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-nin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Məhkəmə iclasında iş üzrə Təqsirləndirilən şəxs özünün müdafiəsi üçün dəlil gətirərək Şahid1 və Şahid2 tanımadığını, həmin şəxslərin onun yaşadığı ünvana gələrək yol ilə keçən şəxslər olduğunu və çay istədiklərini, həmin şəxslərin onun evində cinsi münasibətdə olmaq niyyətlərini qabaqcdan bilmədiyini qeyd etsə də göstərilən xüsusatlar, şahid ifadələri, baxış keçirilməsi və üzləşdirmə aparılması haqqında protokollar, habelə toplanmış digər istintaq sənədləri ilə tam təkzib edildiyindən onun ifadəsinə tənqidi yanaşılmalıdır. Məhkəmə təqsirləndirilən şəxs X1 ifadəsinə tənqidi yanaşır və onun ifadəsini cəzadan yaxa qurtarmağa yönəlmiş və məhkəmə istintaqını aldatmağa hesablanmış ifadə hesab edir. Beləliklə, məhkəmə işdəki sübutları müqayisəli şəkildə qiymətləndirərək hesab edir ki, hadisə ittihamda göstərilən qaydada və şəraitdə baş vermişdir. Məhkəmə iclasında bilavasitə araşdırılmış sübutlarla təqsirləndirilən şəxs X1 ona istinad edilən cinayət əməlini törətməsi tam təsdiq edilir. İbtidai istintaq orqanı tərəfindən X1 əməli Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsi Maddə 2.1. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Maddə 8.1. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Maddə 41.1. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Maddə 41.2. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Maddə 58.1. Cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Maddə 58.3. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin göstərilən normalarının müəyyən etdiyi ədalət prinsipi və cəzanın təyin edilməsinin ümumi əsasları cəza təyin edilərkən törədilmiş cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin nəzərə alınmasını nəzərdə tutmuşdur. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CMnin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə cinayət qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin ilk dəfə cinayət törətməsini və himayəsində azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halların mövcudluğunu və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Sadalananlara əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyini ilə bağlı məsələni müzakirə edərək bu qənaətə gəlir ki, ona ittiham olunduğu Azərbaycan Respublikası CMnin 244.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş ictimai işlər növündə cəza təyin edilməsi qanuni, əsaslı və ədalətlidir. Təqsirləndirilən şəxs X3 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut olub İmişli Rayon Polis Şöbəsinin “Maddi sübutların saxlanması otağı”na təhvil verilmiş 1 (bir) ədəd dəftər cinayət işi materiallarında saxlanılmalı və 1 (bir) ədəd 10 AZN və 2 (iki) ədəd 5 AZN əskinasdan ibarət 20 AZN pul vəsaiti dövlət nəfinə keçirilməlidir. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsi ilə təqsirli bilinib 400 (dörd yüz) saat müddətə ictimai işlər cəzasına məhkum edilsin. Təyin edilmiş cəza müddətini günlük 3 (üç) saatdan artıq olmayan müddətə ictimai işlərə cəlb edilməklə çəksin. Cəza çəkməsinin əvvəli ictimai işlərə cəlb edildiyi vaxtdan hesablansın. Hökmün icrası İmişli rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut – İmişli Rayon Polis Şöbəsinin “Maddi sübutların saxlanması otağı”na təhvil verilmiş 1 (bir) ədəd dəftər cinayət işi materiallarında saxlanılsın. İş üzrə maddi sübut – İmişli Rayon Polis Şöbəsinin “Maddi sübutların saxlanması otağı”na təhvil verilmiş 1 (bir) ədəd 10 AZN və 2 (iki) ədəd 5 AZN əskinasdan ibarət 20 AZN pul vəsaiti dövlət nəfinə keçirilsin. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Hökmdən 20 gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu andan 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar