Azərbaycan Respublikası adından HÖKM İmişli rayonu İş № 1(036)-14/2024 14.02.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Balacayev Elməddin Xudan oğlunun katibliyi, Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1, müdafiəçi X1 iştirakı ilə, xx.xx.1992-ci il tarixdə İmişli rayonu Qaralar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli,fərdi əməklə məşğul olan, İmişli rayonu, Qaralar kəndində yaşayan və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3 və 228.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs ondan ötrü məhkəməyə verilmişdir ki, o, o, 16 avqust 2023-cü il tarixdə, saat 21 radələrində alkoqol sərxoşluğu vəziyyətində nisyə aldığı malın pulunu ödəmək üçün İmişli rayonu, Cavadxanlı kəndinin ərazisində yerləşən Zərərçəkmiş şəxs2 məxsus ərzaq malları mağazasına gələrək, ictimai yer hesab olunan mağazanın daxilində, özünü cəmiyyətin fövqündə qoyaraq digər müştərilərin yanında heç bir əsaslı səbəb olmadan nalayiq söyüş ifadələri işlətmiş, Zərərçəkmiş şəxs2 söyüş söyməsini ona irad tutduqda isə mübahisə edərək nalayiq ifadələr işlətməkdə davam edib, öz şəxsiyyətini ətrafdakıların şəxsiyyətindən üstün tutmaqla digərlərindən əsaslı surətdə fərqləndiyini nümayiş etdirib ictimai qaydanı kobud şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərə yol verməklə, ətrafda olan insanlara qarşı aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirərək, əvvəlcə bir neçə dəfə yumruqla Zərərçəkmiş şəxs2 vurmağa cəhd etmiş, lakin mağazada olan Şahid2 onun qarşısını alaraq mağazadan çıxardıqdan sonra mağazanın qarşısında silah qismində istifadə etdiyi qanunsuz olaraq əldə edib üzərində gəzdirdiyi bir ədəd zavod üsulu ilə istehsal edilmiş, ucu deşici xassəyə malik, ümumi təyinatlı soyuq silah hesab edilən ov bıçağı ilə zor tətbiq edərək Zərərçəkmiş şəxs2 döş qəfəsinin sol yan səthindən vurub, sonuncuya döş qəfəsinin sol yan səthində arxa qoltuq xətti boyunca 9-10cu qabırğalar proyeksiyasında döş boşluğuna keçməyən yaradan ibarət sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarəti yetirmiş, bu zaman hadisə yerinə gələn və onun qanunsuz hərəkətlərinin qarşısını almağa çalışmaqla ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən Zərərçəkmiş şəxs2 oğlu Zərərçəkmiş şəxs1 zor tətbiq etməklə müqavimət göstərərək, silah qismində istifadə etdiyi eyni bıçaqla sonuncunun sağ qolundan vurub, ona sağ saidin orta-aşağı 1/3-nin ön səthində yaradan ibarət dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirərək qərəzli xuliqanlıq etmişdir. İş üzrə Təqsirləndirilən şəxs ona qarşı AR CM-nın 221.3 və 228.4-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə İmişli rayonu Qaralar kəndində yaşayır. 16 avqust 2023-cü il tarixdə saat 14 radələrində o, Zərərçəkmiş şəxs2 məxsus olan İmişli rayonu Cavadxanlı kəndi ərazisindən keçən yolun kənarında yerləşən ərzaq mağazasına gedərək 3 ədəd “Xırdalan” markalı pivə alıb içmiş, bir ədəd pivə alıb orada olan tanımadığı xəstə bir nəfərə vermiş və sonra 3 kq şəkər tozu və başqa şeylər alıb cəmi 20 manat ödəyərək borclu qalmışdır. Həmin gün saat 19 radələrində o, İmişli rayonu Aşağı Qaralar kənd sakini Natiq adlı şəxsin idarə etdiyi “VAZ 2106” markalı maşınla İmişli rayonu Bəcirəvan kəndində yerləşən “Çinarlı” restoranına gedərək orada iki bakal pivə içmiş və saat 20 radələrində həmin maşınla geri qayıdarkən borcunu ödəməkdən ötrü İntiqama məxsus olan mağazaya gəlmiş və çöl qoyulmuş soyuducudan iki ədəd 0,5 litir ölçüdə “Xırdalan” pivəsi götürüb kassanın qarşısına qoymuşdur. İntiqam həmin pivələri sellofan paketə qoymuş və nəyə görəsə əsəbləşdiyi üçün onunla çox yüksək səslə danışmağa başlamışdır. O, İntiqama “İntiqam hansısa oğraşa hirslənib hirsini mənim üstümə tökmə” dedikdə İntiqam ona “ sən nə deyirsən ay peysər” deyərək onu təhqir etmişdir. Buna görə o, İntiqamı yumruqla vurmaq məqsədilə kassaya yaxınlaşmış, lakin onu vura bilməmişdir. İntiqam kassanın o tərəfindən bəri tərəfə keçib onun üstünə gəlmiş və əlbəyaxa olmuşlar. Həmin vaxtı onu kimsə arxadan vurmuş və onlar marketin həyətinə çıxıb dalaşmağa davam etmişlər. Onun ayağı betona ilişdiyi üçün o, arxası üstə yerə yıxılmış, İntiqam onu əli ilə tutub boğmağa başlamışdır. İntiqamın əlindən qurtulmaq məqsədilə o, şalvarının arxa sağ cibində olan qatlama formalı cib bıçağını çıxarıb altdan yuxarı zərbə atmış və sonra bıçağı güllük sahəyə tullamışdır. Həmin vaxt İntiqam və oğlu Həmid onun üstünə düşüb onu yumruq, təpiklə vurmağa başlamış, ətrafda olan adamlar yaxınlaşaraq onu yolun kənarlaşdırmış və Natiq onu qaldıraraq maşına mindirmişdir. Lakin İntiqam və oğlu Həmid gələrək onu maşından dartıb çıxarmış, onu yenidən maşına mindirəndə İntiqam maşına tərəf yenidən gəlib onun üstünə hücum etmiş, lakin Natiq maşını sürüb onu oradan çıxarıb aparmışdır. Hadisə vaxtı yerə düşən telefonu səhvən götürmüş və sonra Həmidə məxsus olduğunu bilərək telefonu yerə çırpıb sındırmışdır. İntiqamı vurduğu bıçağı təxminən dörd il əvvəl Bakı şəhərindən, ünvanını xatırlamadığı ovçuluq mağazasından almış, bıçağı üstündə təsərrüfat məqsədləri üçün gəzdirmiş və hadisə zamanı özünü müdafiə məqsədilə istifadə etmişdir. İş üzrə Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 16 avqust 2023-cü il tarixdə saat 21 radələrində o, Cavadxanlı kəndi ərazisində fəaliyyət göstərən özünə məxsus ərzaq mağazasında olarkən Qaralar kənd sakini Təqsirləndirilən şəxs mağazaya daxil omuş, eyni vaxtda Şahid2 də dükana girmişdir. O,kassada dayanarkən Sadiq çöldəki soyuducudan iki ədəd “Xırdalan” markalı pivə götürüb gətirib onun qarşısına qoymuşdur. Həmin gün saat 13 radələrində oğlu Həmid mağazada olarkən Sadiq dükana gəlib pivə içmiş və sonra bəzi ərzaqlar alıb dükana borclu qaldığı üçün borcunun tam məbləğini soruşmuşdur. Sadiqin dükana 4 manat borcu qalmış, lakin Həmid həmin borcu Sadiqin xahişi ilə nisyə dəftərinə yazmamış və ona da deməmişdir. Sadiq dükana gəlib ondan borcu hesablamağı istəyəndə o, nisyə kitabını açmış, lakin adını tapa bilməyərək Sadiqdən nə aldığını soruşsa da Sadiq deyə bilməmişdir. O, yenə də kitaba baxıb borcu tapa bilməyəndə Sadiqə “sən bilmirsən dükandan nə aldığını?”, “nə aldığını de mən də borcunu deyim” deyərkən Sadiq nalayiq ifadə işlətmiş və aralarında mübahisə başlamışdır. Sadiq onu yumruqla vurmaq istərkən Rəcəb ona mane olmuş və Sadiq nalayiq ifadələr işlətmişdir. O, kassanın ətrafından keçib Sadiqlə dalaşmaq istərkən Natiq dükana girib Rəcəblə birlikdə onları ayıraraq Sadiqi çölə çıxartmışdır. Həmin vaxt Həmid də dükana gəlmiş, Sadiq cibindən bıçaq çıxartdığı üçün o, Sadiqin bıçaqla Həmidə xəsarət yetirəcəyindən qorxduğu üçün Sadiqin yaxasından yapşaraq geri itələmiş və onlar yerə yıxılmışdır. Sadiq arxası üstə yıxıldığı üçün onu bıçaqla vurmuş, ətrafda olan şəxslərin köməyi ilə ayrılandan sonra o, bıçaqlandığını hiss etmişdir. Sonra onlar yenidən əlbəyaxa olmuş, ətrafda toplaşanlar Sadiqi dükanın həyətindən çıxarıb yolun kənarında dayanan “VAZ 2106” markalı maşına mindirmişlər. O, maşının yanına gedib Sadiqdən onu niyə bıçaqladığını soruşaraq onunla əlbəyaxa olmuş, onları yenə də ətrafdakılar ayırıb Sadiqi maşına mindirmiş, onu isə xəstəxanaya aparmışlar. Daha sonra ifadəsində Zərərçəkmiş şəxs2 göstərmişdir ki, Təqsirləndirilən şəxs hadisə vaxtı sərxoş olmuş və hərəkətlərini idarə edə bilməmiş, sonradan əməlindən peşman olmuş və ona dəymiş zərəri ödəmişdir. Ona görə də, Təqsirləndirilən şəxs ilə barışmışdır və ondan heç bir şikayəti yoxdur. İş üzrə Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 13 radələrində atası Zərərçəkmiş şəxs2 məxsus olan İmişli rayonu Cavadxanlı kəndi ərazisində yerləşən .dükanda olarkən Təqsirləndirilən şəxs dükana gəlib altı ədəd 0,5 ltr. “Xırdalan” markalı alıb içmiş, sonra uşağı üçün oyuncaq tapança, üç kiloqram şəkər tozu alıb cəmi 20 manat ödəyərək 4 manat borclu qalıb getmişdir. Həmin gün saat 21 radələrində evdən dükana gələrkən yolda səs-küy eşitmiş, dükana çatanda Sadiqlə atasının mübahisə etdiyini, Sadiqin nalayiq söyüşlər söydüyünü və atasını təhqir etdiyini görmüşdür. Dükanın qarşısına bir neçə adam olmuş, o, dükanın giriş qapısının qarşısında dayanıb Sadiqin qolundan tutub çölə çəkmişdir. Sadiq onun üstünə gəlmək istədikdə onu itələmiş, atası dükandan çıxıb Sadiqlə əlbəyaxa olub onu yerə yıxmışdır. Sadiq cibindən bıçaq çıxarıb atasını vurmuş, o da Sadiqin üstünə gedərkən Sadiqin əlindəki bıçağı ona tərəf atmış və bıçaq onun sağ qoluna dəyib xəsarət yetirmişdir. Dükanın qarşısına yığılmış şəxslər Sadiqi kənarlaşdırıb Natiq adlı şəxsin maşınına əyləşdirilmişlər. Atası bir neçə dəfə Sadiqin üzərinə getməyə cəhd etsə də, kənarındakı şəxslər buna imkan verməmiş və kürəyindən qan axdığı üçün onu xəstəxanaya aparmışlar. Münaqişə təxminən iyirmi dəqiqə çəkmiş, hadisə yerində Şahid6, Şahid4, Şahid3, Nahid olmuş və sonra nənəsi X2 gəlmişdir. Sadiq hadisə vaxtı onun yerə düşən telefonunu səhvən götürmüş və ona məxsus olduğunu bilərək telefonu yerə çırpıb sındırmışdır. Telefonu İmişli rayonu Qaralar kənd sakini Aqil adlı şəxs gətirib sınmış vəziyyətdə ona vermişdir. Telefonu “Redmi Not 11S” markalıdır, qiyməti 650 manatdır. Daha sonra ifadəsində Zərərçəkmiş şəxs1 göstərmişdir ki, Təqsirləndirilən şəxs hadisə vaxtı sərxoş olmuş və hərəkətlərini idarə edə bilməmiş və sonradan əməlindən peşman olmuş və ona dəymiş zərəri ödəmişdir. Ona görə də, Təqsirləndirilən şəxs ilə barışmışdır və ondan heç bir şikayəti yoxdur. İş üzrə Şahid1 ifadəsində göstərmişdir ki, o, İmişli rayonu Qaralar kəndində yaşayır və özünə məxsus ”VAZ2106” markalı, **-HN-*** dövlət qeydiyyat nişanlı avtomobillə kənd ərazisində taksi fəaliyyəti ilə məşğul olur. 16 avqust 2023-cü il tarixdə saat 20 radələrində Sadiq istifadəsində olan ***-***-**-** saylı nömrə ilə zəng edərək onu İmişli rayonu Bəcirəvan kəndində yerləşən “Çinarlı” kafedən götürməsini sifariş etmiş və o, “Çinarlı” kafeyə gedib Sadiqi götürüb geri qayıtmışdır. Cavadxanlı kəndi ərazisində yerləşən dükanın yaxınlığına çatanda Sadiq düküna olan borcunu verməkdən ötrü maşını saxladıb düşmüş, o, isə maşında oturub dükanın qarşısında gözləmişdir. Təxminən üç-beş dəqiqə gözlədikdən sonra o, maşından düşüb Sadiqi çağırmağa getmiş, dükanın girişinə yaxınlaşanda İntiqam kassa tərəfdə, Sadiq isə müştərilərin dayandığı yerdə dayanıb mübahisə etdiklərini müşahidə etmişdir. Sonra İntiqam və Sadiq əlbəyaxa olmuş və o, içəridə olan bir neçə nəfərin köməyi ilə onları ayırmışdır. Bu zaman İntiqamın oğlu Həmid gələrək Sadiqə əl-qol atmağa başlamış, o, Həmidi tutub dalaşmasına mane olmuş və dükanın ətrafındakı şəxslər oraya toplaşmışdır. Sadiq dükanın həyətinə çıxandan sonra Həmid ona hücum etmiş, bundan sonra İntiqam da dükandan çölə çıxıb Sadiqin üstünə cummuşdur. Onları ayırmaq mümkün olmamış, Sadiq artıq arxası üstə yerə yıxılmış, İntiqam və Həmid Sadiqi yumruq və təpiklə vurmağa başlamışlar. O, Sadiqi qaldırıb dükanın həyətindən çölə çıxarmış, lakin Həmid və İntiqam arxalarınca gəlib yenə də Sadiqlə əlbəyaxa olmuşlar. Onları bir təhər ayırıb Sadiqi maşının qabaq oturacağında əyləşdirmiş, lakin o, sükan arxasına keçənədək İntiqam və Həmid maşının qapısını açıb Sadiqi çölə çıxarıb yerə yıxmışlar. O, hadisə yerinə yığılmış adamlarla köməkləşərək İntiqamı və Həmidi kənarlaşdırıb dükanın həyətinə aparmış və Sadiqi maşına əyləşdirərək sürüb birbaşa evlərinin qarşısına gətirib düşürtmüşdür. Hadisə vaxtı o, Zərərçəkmiş şəxs1 qolundan xəsarət almasını və Sadiqin İntiqamı bıçaqla vurmasını görməmişdir. Sadiqlə hadisə yerindən gedərkən kimsə maşının içərisinə telefon atıb Sadiqin telefonu olduğunu demişdir. Sadiq telefona baxıb ona məxsus olmadığını bildirmiş, həmin telefona zəng gəlmiş və telefonu o, açmışdır. Zəng edən adam Sadiqi soruşduğu üçün o, telefonu Sadiqə vermiş, onlar telefonda bir birilərini söymüş və Sadiq əsəbləşib telefonu yerə çırpmışdır. Sonra telefona yenidən zəng gəlmiş və o,telefonu yerdən götürüb cavab vermişdir. Zəng edən Həmid olmuş, telefonun özünə məxsus olduğunu bildirmiş və təhvil verməsini xahiş etimşdir. O, da telefonu göndərəcəyini demiş və həmin gün gecə vaxtı dayısı oğlu Aqil vasitəsilə telefonu Həmidə göndərmişdir. İş üzrə Şahid4 ifadəsində göstərmişdir ki, o, İmişli rayonu Bəcirəvan kəndində yaşayır. 16 avqust 2023-cü il tarixdə saat 21 radələrində həmkəndlilərilə birlikdə Zərərçəkmiş şəxs2 məxsus olan İmişli rayonu Cavadxanlı kəndi ərazisində yerləşən dükanın qarşısında olmuşdur. Həmin vaxt bir nəfər şəxs dükana girmiş, bir neçə dəqiqə keçəndən sonra dükanın içində səs-küy qopmuşdur. İntiqam və oğlu Həmid həmin adamı (Sadiqi) itələyib dükanın həyətindəki gül kolunun dibində yerə yıxmış və vurmağa başlamışlar. O, cəld yaxınlaşıb İntiqamın qolundan yapışıb geri çəkmiş, həmin vaxt ətrafda olan digər şəxslər də gələrək onları ayırmış və Sadiqi qaldırıb yolun kənarında dayanmış maşının yanına aparmışlar. Həmin vaxt İntiqamın köynəyinin qana bulaşdığını görmüş və bunun Sadiqin ağzının qanı olduğunu hesab etmişdir. Sadiqin İntiqamı bıçaqla vurmasını görməmişdir. Sadiqi maşına mindirərkən İntiqam və oğlu Həmid yenidən hücum edib Sadiqlə yerdə süpürləşmişlər. O, hadisə yerinə yığılmış adamlarla köməkləşərək İntiqamı və Həmidi kənarlaşdırıb dükanın həyətinə aparmış, Sadiq də “VAZ 2106” markalı maşına əyləşib çıxıb getmişdir. İntiqamın köynəyi tamamilə qana bulaşdığından onu dalaşarkən Sadiqin bıçaqla vurmasını bilərək İntiqamı rayon xəstəxanasına aparmışlar. Hadisə zamanı İntiqamın oğlu Həmid də qolundan xəsarət almışdır. İş üzrə Şahid6 ifadəsində göstərmişdir ki, o, İmişli rayonu Cavadxanlı kəndində yaşayır. 16 avqust 2023-cü il tarixdə saat 21 radələrində Zərərçəkmiş şəxs2 məxsus olan mağazanın qarşısında olmuşdur. Həmin vaxt bir nəfər şəxs dükana girmiş, bir neçə dəqiqə keçəndən sonra dükanın içində səs-küy qopmuşdur. İntiqam və oğlu Həmid həmin həmin adamı (Sadiqi) itələyib dükanın həyətindəki gül kolunun dibində yerə yıxmış və vurmağa başlamışlar.O, cəld yaxınlaşaraq İntiqamı kənara çəkərkən İntiqamın əynində olan ağ rəngli köynəyin yan hissəsinin qanlı olduğunu görüb onun bıçaqlandığını bilmiş, lakin necə bıçaqlandığını görməmişdir. Bundan sonra Sadiq və İntiqam yenidən bir-birilərinin üstünə hücum etmiş, lakin hadisə yerinə toplaşmış adamlar onların bir-birini vurmasına mane olmuşdur. Sadiq “VAZ 2106” markalı maşına əyləşib çıxıb getmiş, İntiqamı isə vəziyyəti pis olduğu üçün İmişli rayon xəstəxanasına aparmışlar. Hadisə zamanı İntiqamın oğlu Həmid də qolundan xəsarət almışdır. İşdə olan “Baxış keçirilməsi haqqında” 17 avqust 2023-cü il tarixli protokolda göstərilmişdir ki, baxış keçirilən obyekt ərzaq mağazası olub İmişli-Saatlı yolunun İmişli rayonu Cavadxanlı kəndi ərazisindən keçən hissəsində, Saatlı rayonu istiqamətində, yolun sağ tərəfində yerləşir. Mağazanın qarşısına tor çərçivə çəpər çəkilmiş, həyətində gül kolları əkilmişdir. Mağazanın həyətində stol və stullar qoyulmaqla şəxslərin əyləşməsi üçün şərait yaradılmışdır.Mağazanın həyətinin sağ və sol tərəflərinə gül kolu əkilmiş, beton piltə döşənmiş yolu vardır. Mağaza üç otaqdan ibarətdir. Birinci və ikinci otaqlar istifadəsiz, üçüncü otaq mağazadır. Mağzanın giriş qapısı ağ rəngli plastikdəndir və sol tərəfində müxtəlif markalı suların yığıldığı soyuducular vardır.Giriş qapısından içəri girəndə müştərilərin dayanması üçün bir kvadrat ölçüdə yer vardır. Müştəri ilə kassada dayanan satıcının arasında stol və şüşəli soyuducu vardır.Stolun üzərində ərzaq məhsulları və tərəzi vardır. Mağazada olan təhlükəsizlik kamerası vasitəsilə lentə alınmış videgörüntü “Samsung” markalı mobil telefonun kamerası vasitəsilə çəkilib götürülmüşdür.( c.i.səh: 05-12) İşdə olan “Baxış keçirilməsi və götürülmə aparılması haqqında” 18 avqust 2023-cü il tarixli protokola əsasən İmişli rayonu Cavadxanlı kəndi ərazisində yerləşən Zərərçəkmiş şəxs2 məxsus mağazanın həyətinə baxış keçirilərkən çəpərdən içəri girəndə sağ tərəfdəki gül kolunun dibindən bir ədəd qatlama formalı cib bıçağı aşkar edilib götürülmüşdür. Bıçaq qara-kül rəngli olmaqla sap və tiyə hissəsi dəmir metaldandır. Sapı qövsvarı formada, tiyəsi düzdür. Sapının üzərində “Əjdaha” mozaikası vardır. Sap hissədə kəmərə keçirmək üçün hissə vardır. Bıçaq sapın yuxarı hissəsindəki qaytarıcı mexanizm vasitəsilə açılır, sapın orta hissəindəki dişcikli mexanizmlə bağlanır. Bıçağın ümumi uzunluğu 20 sm, tiyənin uzunluğu 8,5 sm, eni 2,5 sm, qalınlığı 0,4 sm, sap hissəsinin uzunluğu 11,5 sm, eni 2,8 sm, qalınlığı 2 sm-dir. Bıçağın üzərində hər hansı qanabənzər ləkələr aşkar edilməmişdir. ( c.i.səh: 25-29) İşdə olan “Baxış keçirilməsi haqqında” 5 sentyabr 2023-cü il tarixli protokola əsasən 17 avqust 2023-cü il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokola əlavə edilmiş bir ədəd CD diski izlənilərkən Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs və Şahid2 birlikdə söhbət etmələri, söhbət zamanı Zərərçəkmiş şəxs2 marketin borc dəftərini vərəqləməsi, bu zaman isə Təqsirləndirilən şəxsla mübahisə etməsi görüntülənmişdir. Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs2 arasında soyuducu və üzərində müxtəlif mallar olan stol vardır. Təqsirləndirilən şəxs soyuducunun o tərəfindən əli ilə Zərərçəkmiş şəxs2 tərəf uzansa da Şahid2 təşəbbüsü ilə ayrılmışdır.Zərərçəkmiş şəxs2 marketin kassa hissəsindən müştərilər dayanan hissəyə keçməyə cəhd edən zaman S. Cabbarov onu bir dəfə əli ilə baş nahiyyəsindən vursa da Şahid2 onları ayırmışdır. Kənar şəxslər Zərərçəkmiş şəxs2 və Təqsirləndirilən şəxs sakitləşdirməyə çalışmış, lakin marketə daxil olan Zərərçəkmiş şəxs1 əli ilə Təqsirləndirilən şəxs itələyib marketdən bayıra çıxarmışdır. Zərərçəkmiş şəxs2 marketin çıxış qapısından surətlə çıxaraq Təqsirləndirilən şəxs yaxasından yapışmış və sonuncunu itələyərək marketin həyətindəki gülün kənarına yıxıb vurmağa başlamışdır. Zərərçəkmiş şəxs1 öz növbəsində yerə uzanmış Təqsirləndirilən şəxs təpikləmişdir. Orada olan şəxslərin köməyi ilə Zərərçəkmiş şəxs2 və Təqsirləndirilən şəxs ayrılmışdır. Təqsirləndirilən şəxs yolun kənarında dayananan qırmızı rəngli minik avtomobilinə əyləşərkən Zərərçəkmiş şəxs2 yenidən onun üzərinə hücum etsə də kənarda olan şəxslərin köməyi ilə ayrılmışdır. Zərərçəkmiş şəxs2 əynində olan ağ rəngli köynəyin kürək hissəsi qanabənzər formada ləkələnmişdir. ( c.i.səh: 113) İşdə olan “Əşyanın tanınmaya təqdim edilməsi haqqında” 27 sentyabr 2023-cü il tarixli protokola əsasən təqsrləndirilən şəxs Təqsirləndirilən şəxs İmişli RPŞ-nin inzibati binasında yerləşən xidməti otaqda stolun üzrində sıra nömrələri ilə nömrələnmiş, bir-birindən açıq-aşkar fərqlənməyən dörd ədəd qatlama formalı cib bıçaqlar arasından Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 vuraraq xəsarət yetirdiyi bıçağı fərdi əlamətlərinə görə tanımışdır. ( c.i.cəh: 123- 124) İşdə olan AR SN MTEPAB PHŞ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 628 nömrəli ekspert rəyinə əsasən 2006-cı il təvəllüdlü Zərərçəkmiş şəxs1 bədəni üzərində aşkar edilmiş xəsarətlərsağ saidin orta-aşağı 1/3-nin ön səthində səthində yara iti kənarlı kəsici xassəyə malik əştyanın bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müxtəlif şəraitlərdə, o cümlədən xx.xx.2023-cü il tarixdə təsviri hissədə göstərilən şəraitdə əmələ gələ bilərdi.Həmin xəsarətlər sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. ( c.i.səh: 32-33) İşdə olan AR SN MTEPAB PHŞ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 638 nömrəli ekspert rəyinə əsasən 1992-ci il təvəllüdlü Təqsirləndirilən şəxs bədəni üzərində aşkar edilmiş xəsarətləronurğa sütunu boyunca döş fəqərələri proyeksiyasında, sağ və sol dirsək oynaqlarının arxa səthində, sağ saidin yuxarı 1/3-nin arxa səthində sıyrıqlar bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müxtəlif şəraitlərdə, o cümlədən xx.xx.2023-cü il tarixdə təsviri hissədə göstərilən şəraitdə əmələ gələ bilərdi. Qeyd olunmuş xəsarətlər sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. ( c.i. səh: 38-39) İşdə olan AR SN MTEPAB PHŞ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 658 nömrəli ekspert rəyinə əsasən 1984-cü il təvəllüdlü Zərərçəkmiş şəxs2 bədəni üzərində aşkar edilmiş xəsarətlərdöş qəfəsinin sol yan səthində arxa qoltuq xətti boyunca 9-10-cu qabırğalar proyeksiyasında döş boşluğunu keçməyən yara kəsici-deşici alətin təsirindən törənmişdir, müxtəlif şəraitlərdə, o cümlədən qərarın təsviri hissəsində göstərilən vaxtda və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə bıçaqla vurulması nəticəsində əmələ gələ bilərdi. Qeyd olunmuş xəsarətlər dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir.( c.i.səh: 80-81) İşdə olan AR ƏN MEM tərəfindən verilmiş Məhkəmə-kriminalistik ekspertizasının 21 sentyabr 2023-cü il tarixli, 3-16-16/2-3/1434 nömrəli rəyinə əsasən tədqiqata təqdim edilmiş bir ədəd bıçaqzavod üsulu ilə istehsal edilmiş, ucu deşici xassəyə malik olan, ümumi təyinatlı ov bıçağıdır, soyuq silah hesab edilir, üzərində təyinatını dəyişdirən əlavə və ya dəyişiklik edilməmişdir. ( c.i.səh: 119- 122) İşdə olan AR ƏN MEM tərəfindən verilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 26 sentyabr 2023-cü il tarixli, 9/6675 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd, göy rəngli “Redmi Not 11S” markalı mobil telefonun hazırkı vəziyyətdə (üst korpusu zədəli, ayrılmış və arxa kamerasında çatlar olmaqla, təyinatı üzrə istifadəyə yararsız vəziyyətdə) ehtiyat hissəsi kimi 2023-cü ilin avqust ayına olan tarixə orta bazar qiyməti 40,00 manat, zədələnməmişdən əvvəl, normal vəziyyətdə 200,00 manat müəyyən edilir. ( c.i.səh: 125- 127) AR CM-nin 221.1-ci maddəsinə görə xuliqanlıq ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərdir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” AR Konstitusiya Məhkəməsinin 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, cinayət hüququnda ictimai qayda dedikdə, ictimai asayişi, şəxsiyyətin toxunulmazlığını və mülkiyyətin bütövlüyünü, dövlət və ictimai institutların normal fəaliyyətini təmin edən, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış münasibətlər kompleksi başa düşülür; İctimai qaydanı kobud surətdə pozan hərəkətlər, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir; Cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması, təqsirkarın elə hərəkətləridir ki, bu hərəkətlər vətəndaşların, idarə, müəssisə və digər təşkilatların normal həyat və fəaliyyəti üçün təhlükə yaradır, qorxu və narahatçılıq hissinə səbəb olur. Qərara əsasən Xuliqanlıq zamanı silah və ya silah qismində istifadə edilən əşyaların tətbiqi – ondan birbaşa sağlamlığa zərər vurulması, habelə zərərçəkmiş şəxsin həyat və ya sağlamlığı üçün real təhlükə yaradan üsulla istifadə olunmasıdır. Silah və ya silah qismində istifadə edilən əşyaların tətbiqi ilə insanların həyat və ya sağlamlığı üçün real təhlükə yarandığı sübuta yetirilərsə, bu əməl CM-in 221.3-cü maddəsi ilə tövsif olunmalıdır. AR CPM-nin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübütların məcmuyuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs AR CM-nın 221.3 və 228.4-cü maddələrində nəzərdə tutulan cinayəti törətmişdir. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif olunmuşdur. Ona görə də, o, CM–nın Xüsusi hissəsinin müvafq maddələri ilə təqsirli bilinib Umumi hissəsinin normaları nəzərə alınmaqla cəzalandırılmalıdır. AR CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza ədalətin bərpası, məhkumun islah edilməsi və məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İşdə olan İmişli RİHB-nin Qaralar kənd İƏD üzrə İN tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 89 saylı arayışa əsasən Təqsirləndirilən şəxs evlidir və himayəsində iki nəfər azyaşlı uşağı vardır. ( c.i. səh: 97) Himayəsində azyaşlı uşaqları olması, əməlindən səmimi peşmançılıq çəkməsi, zərərçəkmiş şəxslərlə dəymiş zərəri ödəyərək onların hər biri ilə barışıq əldə etməsi Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallardır. İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli sorğu məlumatına əsasən Təqsirləndirilən şəxs məhkum olunmamışdır. (c.i. səh: 109-110) İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. İşdə olan İmişli RİHB-nin Qaralar kənd İƏD üzrə Nümayəndəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli xasiyyətnaməyə əsasən Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmuşdur. (c.i.səh: 98) Məhkəmə hesab edir ki, törətdiyi cinayətlərin xarakteri nəzərə alınaraq Təqsirləndirilən şəxs AR CM-nın müvafiq maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasına məhkum edilməli və AR CM-nın 66.2-ci maddəsinə əsasən cəzaları toplamaq yolu ilə üzərində qəti cəza saxlanılmalıdır. İş üzrə zərərçəkmiş şəxslərin aşkar surətdə qeyri adekvat zorakı hərəkətlərinin intensivliyinin cinayətin törədilməsinə təsiri də nəzərə alınaraq cinayət nəticəsində şəxsi mənafelərə zərər dəysə də, ictimai mənafelərə əhəmiyyətli zərər vurulmaması cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldan hal kimi qiymətləndirilməli, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar və şəxsiyyəti nəzərə alınaraq CM-nın 70-ci maddəsinə əsasən ona təyin olunan azadlıqdan məhrumetmə cəzasının şərti olaraq tətbiq edilməsi məqsədəmüvafiq hesab edilməlidir; İş üzrə olan maddi sübut, İmişli RPŞ-nin maddi sübutların saxlanması otağına təhvil verilmiş də saxlanılan 1 ədəd qatlama formalı bıçaq məhv edilməli, zərərçəkmiş şəxs şəxs Zərərçəkmiş şəxs1 təhvil verilmiş 1 ədəd “Redmi Not 11S” markalı mobil telefon onun özünə verilməlidir; İş üzrə ekspertiza xərcini təşkil edən 114,0 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351-353 və 383-385-ci maddələrini rəhbər tutaraq H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətməkdə tədbirli bilinsin və 2(iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs AR CM-nın 228.4-cü maddəsində nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinib 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. AR CM-nın 66.2-ci maddəsinə əsasən cəzaları tamamilə toplamaq yolu ilə Təqsirləndirilən şəxs üzərində qəti olaraq 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. AR CM-nın 70-ci maddəsi tətbiq olunaraq Təqsirləndirilən şəxs təyin olunan 3 ( üç) il müddətə azadlıqdan məhrumetmə cəzası 2 (iki) il sınaq müddəti ilə şərti olaraq tətbiq edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəsini aldığı gündən hesablansın. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə qoyulan vəzifəni mütəmadi və ya qərəzli olaraq yerinə yetirməkdən boyun qaçırtmazsa, yaxud başqa cinayət törətməzsə təyin olunan cəza icra olunmasın. Barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri məhkəmənin hökmü qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə olan maddi sübut, İmişli RPŞ-nin maddi sübutların saxlanması otağında saxlanılan 1 ədəd qatlama formalı bıçaq məhv edilsin; Zərərçəkmiş şəxs şəxs Zərərçəkmiş şəxs1 təhvil verilmiş 1 ədəd “Redmi Not 11S” markalı mobil telefon onun özünə verilsin. İş üzrə ekspertiza xərcini təşkil edən 114,0 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. Hökmün icrasına nəzarət İmişli rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim: Ülvi Qənbərov.
Məhkəmə qərarları › İş №1(036)-14/2024
İmişli Rayon Məhkəməsi Hökm — İş №1(036)-14/2024
14.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver