Məhkəmə qərarları › İş №1(036)-15/2023

İmişli Rayon Məhkəməsi Hökm — İş №1(036)-15/2023

08.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM İmişli rayonu İş № 1(036)-15/2023 08.02.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirlən şəxs: Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, 26 mart 1969-cu il tarixdə İmişli rayonunun Gövhərli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, himayəsində bir yetkinlik yaşına çatmayan uşağı olan, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, İmişli rayonunun Gövhərli kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə, qardaşı oğlulları Şahid1 və Şahid2, eləcə də tanışı X1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, 15 aprel 2022-ci il tarixdə gecə saatlarında sonuncunun idarə etdiyi “QAZ-2410” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı, pikap tipli avtomobillə Zərərçəkmiş şəxs məxsus İmişli rayonunun Otuziki kəndi ərazisində “Araz” çayının yaxınlığında yerləşən qum-çınqıl karxanasına gəlmiş, özləri ilə gətirdikləri taxta hissələri ilə nərdivan hazırladıqdan sonra rolların bölgüsünə əsasən Şahid1 həmin nərdivanla beton dirəklərə çıxıb, dirəklərin yuxarı hissəsinə bərkidilmiş 1400 metr uzunluğunda “AES- 50” markalı alüminium elektrik məftillərini mişarla hissələrə ayıraraq yerə tullamış, o, Şahid2 və Xalid Sadıqzadə isə yerdə olan məftilləri bükərək avtomobilin yük yerinə yükləmiş, daha sonra sonuncunun idarə etdiyi avtomobillə Şahid1 və Şahid2la birlikdə oradan uzaqlaşmaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli yolla talayıb, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs 3600 (üç min altı yüz) manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilib ifadəsində göstərdi ki, 14 aprel 2022-ci il tarixdə saat 21 radələrində qardaşı Allahyarın İmişli rayonunun Gövhərli kəndində yerləşən evində olarkən tanımadığı bir şəxs gəlmiş və həmin şəxsi qardaşı oğlu Əmrah qarşılamışdır. O, həmin şəxslə görüşmüş və Əmrahdan onun kimliyi barədə soruşduqda Əmrah həmin şəxsin İmişli rayonunun Məzrəli kənd sakini Xalid Sadıqzadə olduğunu demişdir. Onlar birlikdə söhbət edərkən Əmrah ona “Araz” çayının kənarında dirəklərdə alüminum məftil olduğunu və oraya gedəcəklərini bildirmişdir. Sonra Əmrah ona onlarla birlikdə həmin yerə getməyi təklif etdikdə o, həmin yerin sahibinin olub-olmadığını soruşduqda Əmrah ona həmin yerin sahibsiz olduğunu demişdir. Əmrahla Xalid ona 40-50 manat pul təklif etdikdə o, razılaşmışdır. Sonra o, Əmrah, Nurlan və Xalidlə birlikdə sonuncunun idarə etdiyi “Qaz- 24” markalı avtomobillə İmişli rayonunun Otuziki kənd ərazsinə “Araz” çayının kənarına getmişlər. Xalid avtomobili saxlamış və beton dirəklərin arasında olan alüminium məftilləri göstərmişdir. O, Əmrahdan məftillərdə cərəyan olub-olmadığını soruşduqda, sonuncu həmin yerin köhnə qum-çınqıl karxanasının ərazsi olduğunu demişdir. Bundan sonra onlar gəldikləri avtomobilin yan hissəsinə bağladıqları 6 metr uzunluğundakı taxtadan özləri ilə gətirdikləri avadanlıqlardan nərdivan düzəltmişlər. Nərdivanı düzəltdikdən sonra Əmrah pilləkənlə beton dirəyə çıxmış və dəmir kəsən mişarla həmin alüminium məftilləri kəsmişdir. Əmrah 5 beton dirək arasından təxminən 30-35 metr uzunluğunda, 3 xətt gedən alüminium məftillərdən iksini kəsmiş, üçüncüsünü isə yüksək olduğu üçün əli çata bilmədiyinidən kəsə bilməmişdir. Əmrah həmin məftilləri kəsdikcə Nurlanla Xalid həmin məftilləri aşağıda dairəvi halda yığmışlar. O, həmin vaxt “Araz” çayının kənarında olmuşdur. Sonra o, onlarla birlikdə alüminium məfitlləri Xalidin həmin yerdən 50 metr kənarda saxladığı avtomobilə yükləmişlər. Məftilləri avtomobilə yüklədikdən sonra o, 15 aprel 2022-ci il tarixdə saat 05 radələrində qardaşı Allahyargilə qayıtmışdır. Məftilləri orada avtomobildən boşaldıb balta ilə təxminən 1 və 1.5 metr uzunluğunda kəsmişlər. Sonra Xalid çıxıb evlərinə getmiş və səhər saatlarında gələcəyini demişdir. Xalid getdikdən sonra o da evinə getmiş və saat 9-da yenidən qardaşı Allahyargilə gəlmişdir. O, Xalidin gəlmədiyni görüb saat 12-yə kimi onun gəlməsini gözləmiş, lakin sonuncu gəlməmişdir. Əmrahgil ona pul boyun olduqlarını və pulu verə bilmədikləri üçün payına düşən bir kisə alüminium məftili götürüb həmkəndlisi Hacı adlı motosiklet sürücüsünün istifadəsində olan mobil nömərəsinə zəng vurub qardaşı Allahyargilə çağırmışdır. Hacı özünə məxsus “İj” markalı, dövlət qeydiyyat nişanı olmayan motosikletlə gəlmiş və o, bir kisə doğranmış alüminium kabelləri motosikletə yığıb İmişli rayonunun Məzrəli kəndində fəaliyyət göstərən metal qəbulu obyektinə satmışdır. Kabelin çəkisi 18 kiloqram olmaqla bir kiloqramını 3,50 manata satmış və ona 63 manat pul verilmişdir. O, həmin pulu öz məsrəfləri üçün xərcləmişdir. Törətmiş olduğu cinayət əməlindən səmimi peşmandır. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli özünün etirafı ilə yanaşı iş üzrə ifadəsi elan olunmuş zərər çəkmiş şəxsin və dindirilmiş şahidlərin ifadələri, mütəxəssis rəyi, iş materialları və işin digər obyektiv halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə ifadəsi elan olunmuş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsindən görünür ki, 2016-ci il tarixdən "xxxx" MMC qum-çınqıl karxanasının təsisçisi və direktoru vəzifəsində işləyirmiş. Hadisədən təxminən üç il əvvəl karxanada olan avadanlıqların işləməsi üçün 10000 (on min) manat dəyərində 3000 (üç min) metr uzunluğunda, AES-50 alüminium məftillərindən, beton dirəklər üzərində, elektrik dirəklərinin arasındakı məsafə 90 metr olmaqla üç xətdən ibarət elektrik xətti çəkdirmişdir. Bir müddət olardı ki, elektrik xəttindən istifadə edilməmişdir. 15 aprel 2022– ci il tarixdə karxanaya gələrkən orada 9 ədəd beton dirəklərin üzərində olan 3 xətli alüminium məftillərin 2 xəttindən ibarət hissələrinin yerində olmadığını görmüşdür. O, məftillərin oğurlanmasını bilib bu barədə İmişli RPŞ-yə ərizə ilə müraciət etmişdir. İbtidai istintaq zamanı oğurluq edənlərin Şahid1, Şahid2, X1 və Təqsirləndirilən şəxs olduğunu bilmişdir. Oğurlanmış alüminium məftillərin ümumi uzunluğu 1400 metr olmuşdur. Ona təxminən 3600 manat məbləğində maddi ziyan dəymişdir. Hazırda ona vurulmuş maddi ziyan tam ödənilmişdir. Zərər çəkmiş şəxsin məhkəməyə ünvanlandığı teleqramdan görünür ki, Təqsirləndirilən şəxs heç bir şikayəti yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Xalid Sadıqzadəni 2022-ci ilin aprel ayının əvvəllərində oğurluq etməmişdən bir neçə gün əvvəl tanımışdır. Belə ki, özünə məxsus “Moskviç” markalı, dövlət qeydiyyat nişanı olmayan avtomobilini, Xalidlə tanış olmamışdan bir həftə əvvəl İmişli rayonunun Məzrəli kəndində olan dəmir qəbulu obyektinə metal kimi satmışdır. O, həmin obyektdən oksigen balonu almaq üçün gələrkən Xalidin yararsız istismardan çıxmış avtomobil damını doğradığını görmüşdür. Xalid ondan oksigen balonunu nə üçün almaq istədiyini soruşduqda o, dəmir kəsmək üçün kəsici alət düzəldəcəyini demişdir. Onlar Xaliddən oksigen balonunu almağa razılaşmış və oksigen balonunu alıb motosikletlə yaşadıqları İmişli rayonunun Gövhərli kəndindəki evlərinə aparmışlar. 14 aprel 2022-ci il tarixdə günorta saatlarında Xalid onlara gəlmiş və İmişli rayonunun Otuziki kəndinin ərazisində, qum-çınqıl karxanasında, beton dirəklərin üzərində alüminium məftillər olduğunu demişdir. O, Xalidlə birlikdə həmin yerə getmiş və həmin yerin sahibsiz olduğunu və beton dirəklərin üzərində olan məftillərdə cərəyan olmadığını müəyyən etmişlər. Onlar axşam həmin yerə gəlib alüminium məftilləri kəsib aparmaq qərarına gəlmişlər. Avtomobillə evə qayıdarkən yolda 2 ədəd 3 metr uzunluğunda və 5-6 ədəd, təxminən 20-30 sm uzunluğunda taxtalar götürüb onları avtomobillə həmin yerə gətirib nərdivan düzəltmək qərarına gəlmişlər. Evə çatdıqdan sonra o, həyətdən də 1 ədəd 6 metr uzunluğunda qalın taxta tapıb, həmin taxtanı 3 metr uzunluğunda 2 yerə kəsmişdir. Sonra həmin gün axşam Xalid avtomobili ilə onlara gəlmiş, o, taxtaları avtomobilə yığmış və qardaşı Nurlanla əmisi Təqsirləndirilən şəxs da onlara qoşulmuşdur. Onlar birlikdə İmişli rayonunun Otuziki kəndi ərazisində “Araz” çayının kənarında yerləşən qum-çınqıl karxanasına getmişlər. 15 aprel 2022-ci il tarixdə gecə saat 01 radələrində həmin yerə çatıb taxta pilləkən düzəldib pilləkəni beton dirəyə söykəyib yuxarıya qalxmışdır. Pilləkəni aşağıdan əmisi Zaman və qardaşı Nurlan tutmuşlar. O, alüminium məftilləri özləri ilə gətirdikləri kəsici alət vasitəsilə kəsmiş, Xalid isə yerdə məftilləri yumurlayaraq toplamışdır. Onlar ümumilikdə 5 beton dirək arasındakı alüminium məftilləri kəsmişlər. Sonra topladıqları məftilləri səhərə yaxın birlikdə onun yaşadığı evinə gətirib avtomobildən boşaltmış, məftilləri kəsici alət və balta vasitəsi ilə kiçik hissələrə kəsərək kisələrə yığmışlar. Əmisi Zaman öz payına düşən bir kisə alüminiumu götürüb getmişdir. Yerdə qalan üç kisə alüminiumu isə Xalid aparıb satmış, ona və qardaşı Nurlana hər birinə 30 manat pul vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Xalid Sadıqzadəni 2022-ci ilin aprel ayının əvvəllərində oğurluq etməmişdən bir neçə gün əvvəl tanımışdır. Belə ki, qardaşı Əmrah özünə məxsus “Moskviç” markalı, dövlət qeydiyyat nişanı olmayan avtomobilini, Xalidlə tanış olmamışdan bir həftə əvvəl İmişli rayonunun Məzrəli kəndində olan dəmir qəbulu obyektinə metal kimi satmışdır. O, qardaşı Əmrahla birlikdə həmin obyektdən oksigen balonu almaq üçün gələrkən Xalidin yararsız istismardan çıxmış avtomobil damını doğradığını görmüşdür. Xalid onlardan oksigen balonunu nə üçün almaq istədiyini soruşduqda onlar dəmir kəsmək üçün kəsici alət düzəldəcəklərini demişlər. Onlar Xaliddən oksigen balonunu almağa razılaşmış və oksigen balonunu alıb motosikletlə yaşadıqları İmişli rayonunun Gövhərli kəndindəki evlərinə aparmışlar. 14 aprel 2022-ci il tarixdə o, gecə evdə yatarkən qardaşı Əmrah onu yuxudan oyadıb “Araz” çayının kənarında yerləşən qum-çınqıl karxanasından alüminium məftilləri kəsməyi təklif etdikdə o, razılaşmışdır. Sonra o, qardaşı Əmrah, əmisi Zaman və Xalidlə birlikdə sonuncunun “Qaz-24” markalı, pikap tipli avtomobili ilə İmişli rayonunun Otuziki kəndi ərazisində “Araz” çayının kənarında yerləşən qum-çınqıl karxanasına getmişlər. Orada özləri ilə apardıqları taxtadan nərdivan düzəldib nərdivanı beton dirəyə söykəmiş və qardaşı Əmrah beton dirəyə qalxmışdır. Əmrah məftilləri kəsici alətlə kəsmiş, Xalid isə yerə düşən alüminium məftilləri yumurlayaraq toplamışdır. Onlar ümumilikdə 5 beton dirək arasında alüminium məftilləri kəsmişlər. Həmin məftilləri Xalidinin avtomobilinə yükləyib evlərinə aparmışlar. Evlərində məftilləri kəsici alət və balta vasitəsilə xırda hissələrə kəsərək kisələrə yığmışlar. Sonra o, yatmış və sonradan olanlardan xəbəri olmamışdır. Həmin günün axşamı Xalid onların hər birinə 30 manat pul vermişdir. İşdə olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 19 aprel 2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, 2022-ci ilin aprel ayına 1400 metr uzunluğunda AES-50 məftilinin orta bazar qiyməti 3600 (üç min altı yüz) manat təşkil edir. Cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs 11 noyabr 2022-ci il tarixdə Bakı şəhəri, H.Əliyev adına hava limanında saxlanılaraq İmişli RPŞ-nin müvəqqəti saxlama yerinə təhvil verilmiş, 13 noyabr 2022-ci il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək İmişli RPŞ-nin müvəqqəti saxlama yerindən həbsdən azad edilmişdir. Beləliklə də şərh edilən sübutları məcmu üzrə qiymətləndirərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsində nəzərdə tutulan ictimai təhlükəli əməli törətməkdə təqsirliliyi təsdiq edildi və o, istinad edilən cinayət qanununun həmin maddələrinin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs ilk məhkumluğunu, əməlini etiraf edib səmimi peşmançılıq çəkməsini, zərər çəkmiş şəxslə barışmasını, sonuncunun ondan heç bir şikayətinin olmamasını, vurulmuş maddi ziyanın tam ödənilməsini, himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olmasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alıb ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini məqsədəmüvafiq hesab edir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə hər gün saat 22:00dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, İmişli rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353 və 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 11 noyabr 2022-ci il tarixdən 13 noyabr 2022-ci il tarixədək həbsdə saxlandığı 2 (iki) gün müddət bir günə iki gün hesabı ilə hesablanmaqla 4 (dörd) gün təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə hər gün saat 22:00dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, İmişli rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası İmişli rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Hökmdən 20 gün müddətinə İmişli rayon məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Qurban Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar