Məhkəmə qərarları › İş №1(036)-16/2022

İmişli Rayon Məhkəməsi Hökm — İş №1(036)-16/2022

29.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM İmişli rayonu İş № 1(036)-16/2022 29.06.2022 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirlən şəxs: Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə xx xxx 1981-ci il tarixdə İmişli rayonunun Sarıxanlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, İmişli rayonunun Sarıxanlı kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs məhkəməyə verilmişdir ondan ötrü ki, o və tanışı X5 16 avqust 2020-ci il saat 22:30 radələrində İmişli rayonunun Buludlu kəndində yerləşən Şahid4 işlətdiyi kafenin arxa tərəfindəki həyətində tanışı X3 doğum günü münasibətilə təşkil olunan məclisdə iştirak edərkən, yan tərəfdəki masanın ətrafında əyləşən Zərərçəkmiş şəxs onlarla eyni masa arxasında olan Şahid1 ilə etdiyi zarafatı yanlış başa düşüb, bunu bəhanə edərək, alkoqol sərxoşluğu vəziyyətində X5 ilə bir qrup şəxs halında kafedəki müştəriləri və tanışlarının yanında digərlərindən fərqləndiklərini nümayiş etdirmək məqsədilə özlərini cəmiyyətin fövqündə qoyaraq, ictimai yerdə heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edib Zərərçəkmiş şəxs qarşı nalayiq ifadələr işlədərək, Malik Əİiyevlə birlikdə zor tətbiq edərək yumruq və baş zərbələri ilə qəsdən Zərərçəkmiş şəxs baş və bədən nahiyələrindən, habelə o, kafenin həyətindən götürdüyü stulu silah qismində istifadə etməklə qəsdən sonuncunun sağ qolundan vurub ona fiziki ağrılar, həmçinin dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirməklə qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Daha sonra, o və X5 öz qanunsuz hərəkətlərini davam etdirərək, həmin gün saat 23:50 radələrndə Sarıxanlı-Buludlu kəndlərarası avtomobil yolunun Şahid4 işlətdiyi kafenin qarşısından keçən hissəsində, yəni ictimai yerdə, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edib, ətrafda olan və yaşayan şəxslərə aşkar hörmətsizlik və laqeydlik göstərməklə Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadələr işlədərək, Malik Əliyevlə birlikdə zor tətbiq edib Zərərçəkmiş şəxs yerə yıxaraq, yumruq və təpik zərbələri ilə qəsdən bədən nahiyələrindən vurub sonuncuya fiziki ağrılar, həmçinin dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirməklə və əynində olan köynəyini cıraraq əmlakını məhv etməklə, təkrarən, xuliqanlıq etmişdir. Təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməli aşağıdakı qaydada araşdırılmışdır. Belə ki, məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə deyil, AR CMnin 221.2.1-ci maddəsi ilə təqsirli bilib ifadəsində göstərdi ki, 16 avqust 2020-ci il tarixdə saat 18 radələrində həmkəndlisi Xəyyam Quluzadə ilə İmişli rayonunun Buludlu kəndində görüşərkən sonuncu onu axşam saat 20:30 radələrində həmin kənddə Şahid4 işlətdiyi kafeyə ad gününə dəvət etmişdir. Həmin gün saat 20:15 radələrində o, kafeyə getmiş və Xəyyamgilin kafenin binasının arxasındakı həyətdə sağ tərəfdə olan stolda oturduqlarını görmüşdür. Xəyyamdan başqa orada Qənimət Allahverdiyev, Şahid1, Cəfər Məhərrəmov, Novruz Mamedov, Hacı Abdullayev, Pərvin Hüseynov və Malik Əliyev də olmuşlar. Onların sol tərəfində olan stolda isə kənd sakinləri Zərərçəkmiş şəxs, Xasməmməd Xasməmmədov, Ceyhun Ağayev, Şahid7, Şahid8 və Şahid2 oturmuşlar. Hərəsi öz stolunda oturub deyib-gülüb, yeyib-içmişlər. Digər stolda söhbət əsnasında kimsə kiməsə əcnəbi demiş və Malik Əliyev də əcnəbi sözünü “ac Nəbi” kimi başa düşüb, o biri stolda oturan Abbasa ac olmadıqlarını bildirmişdir. Abbas da cavabında heç kəsə “ac Nəbi” demədiyini, əcnəbi dediyini bildirmişdir. Lakin Abbasın əcnəbini kimə və niyə dediyini bilməmişdir. Abbas durub onların stoluna yaxınlaşmış və o da müdaxilə edib ona sözsöhbət lazım olmadığını demişdir. Abbas yerinə qayıtmış və sonra onların oturduqları yerdən çıxıb təxminən 10 dəqiqə sonra geri qayıtmışdır. Həmin söhbət yenidən davam etmiş və Abbasla Malik bir-birlərinə söz ataraq aralarında sözlü mübahisə baş vermişdir. O, Malikdən və Abbasdan söhbəti qurtarmalarını istəmiş və sonuncu yenə də onların stoluna yaxınlaşıb “gedəyin, söhbətimizi davam etdirəyin” demişdir. O da ciddi söhbət olmadığını deyəndən sonra Abbas yerinə qayıtmışdır. Saat 23:30 radələrində o və Malik Abbasla sözlə mübahisə etmişlər. Həmin vaxt Xəyyam hesabı öyrənmək üçün içəriyə getmişdir. Sözlü mübahisə davam etdiyindən onlar stoldan qalxıb kafenin girişə yaxın olan həyətinə çıxmışlar. Onlar girişə yaxın olan həyətdə olarkən onların stolunda olan uşaqlarla söhbət etmişlər. Həmin vaxt Rəcad onların yanına gəlmiş və mübahisəni onların yaratdığını demişdir. Gözlənilmədən Rəcad bu sözü deyəndən sonra həyətdəki taxta stulu götürüb onun başına vurmuşdur. Onlar yaxalaşarkən ətrafdakılar onları aralamışlar. Abbas həmin vaxt onların yanında olmamışdır. Şahid4 səs-küyə görə çayxananı bağlamış və onlar da dağılışıb evlərinə getmişlər. Kafenin yanındakı qonşular da onların səs-küyünə kafenin qabağına gəlmişlər. O, tək evə gedərkən Malik ona zəng vurub harada olduğunu soruşub Abbasın onu axtardığını deyib geri qayıtmağını istəmişdir. Ona görə o, yoldan qayıdıb Maliklə kafenin yanı ilə gedən cığır yolda görüşmüşlər. Malik ona Abbasla Qulunun onu axtardığını, lakin onların arasında nə olduğunu və nəyə görə onu axtardıqlarını bilməmişdir. Onlar söhbət edərkən cığırla kafe istiqamətində səs gəldiyini eşidib baxarkən Abbasın gəldiyini görmüşdür. Abbas onlara yaxınlaşarkən Malik “qoyma öldüm, məni vurdu” demişdir. O, başını qaldırarkən Abbas artıq orada olmamış, qaçıb çıxıb getmişdir. Malik onun dizinin üstünə yıxılmış və o, onun döş qəfəsinin sol tərəfində bir balaca yarıq olduğunu görmüşdür. Sonra Maliki qucağına alıb asfalt yola gətirmiş və “Mercedess” markalı avtomobillə sonuncunu İmişli MRX-yə gətirmişlər. O, həmçinin göstərdi ki, 16 avqust 2022-ci il tarixdə saat 22:30 radələrində və saat 23:50 radələrində Maliklə birlikdə Abbasla mübahisə edərkən sonuncunu yumruqla vursa da, stulla vurmamışdır. Törətmiş olduğu cinayət əməlindən səmimi peşmandır. Məhkəmədə zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 16 avqust 2020-ci il tarixdə saat 20 radələrində həmkəndlisi Şahid2 ona zəng vurub ad günü olduğunu deyib onu İmişli rayonunun Buludlu kəndindəki Şahid4 işlətdiyi kafeyə dəvət etmişdir. O da həmin kafeyə gəlmiş və kafenin arxasında olan həyətə keçmiş və həyətə girərkən sol və sağ tərəfdə bir-birinə yaxın ayrı-ayrı stollar və məclis olduğunu görmüşdür. Rəcadın ad günü olduğu stolda həmkəndliləri Şahid8, Xasməmməd Xasməmmədov, Şahid7, Ceyhun Ağayev və Şahid2 oturmuşlar. Sağ tərəfdəki stolda isə Xəyyam Quliyevin ad günü məclisi olmuş və həmin stolda isə Təqsirləndirilən şəxs, Vüsal Tarverdiyev, Xəyyam Quliyev, Qənimət Allahverdiyev, Malik Əliyev, Novruz Məmmədov, Anar Abdiyev, Şahid1 və Hacı Abdullayev oturmuşlar. O, hər iki stolda oturan həmkəndliləri ilə görüşüb Rəcadın məclisində əyləşmişdir. Oturub yeyib-içərkən hər iki stolda oturan həmkəndliləri bir-biriləri ilə zarafatlaşırmışlar. Həmin vaxt Şahid1 onların stoluna gəlmiş və bir rumka qaldırıb sağlıq demişdir. Kənan şortikdə, Vüsal isə kimano geyinibmiş. O, Kənana zarafatla məclislərində əcnəbi var deyərkən Malik də digər stoldan onun sözünü “ac Nəbi” kimi eşidib onunla kobud danışmağa başlamışdır. Onlar oturduqları yerdə bir az sözlə mübahisə etmişlər. Sonra saat 22 radələrində kafenin arxa tərəfində aralarında yaranmış mübahisə zəminində Vüqar onların süfrəsində oturanlara qarşı hörmətsizlik edib “durub stolu çevirərəm” deyərkən o, sonuncuya iradını bildirmiş və bu vaxt Vüqar və Malik oturduqları yerdən qalxıb üzərinə doğru hərəkət edərək onun ünvanına nalayiq ifadələr işlətmişlər. O da oturduğu yerdən ayağa qalxarkən Vüqar onun çənəsindən və başından bir neçə dəfə yumruqla, Malik də sonuncu ilə birlikdə çiynindən yumruq və kəllə ilə vurmuşdur. Həmin vaxt o da özünü müdafiə etmək üçün onlara yumruq zərbələri atmışdır. Kafedə olan həmkəndliləri araya girib onları ayırmış və onu kafenin qarşısına asfalt yola çıxarmışlar. Yolda olarkən uzaqdan Rəcadla Vüqarın dalaşdığını görüb yaxınlaşıb onları ayırmışdır. Sonra isə o, Rəcad, Cabir və Kənan sonuncunun “VAZ – 2106” markalı, **-FU-*** dövlət qeydiyyat nişanlı avtomobilinə əyləşib İmişli rayonunun Sarıxanlı döngəsi deyilən yerdə yerləşən “Vüqar” şadlıq sarayına getmişlər. Orada təxminən 50 dəqiqə qalıb həmkəndliləri ilə söhbət etmiş, Malik və eləcə də bir neçə nəfərlə telefonla danışmışdır. Həmin vaxt Vüsal Tarverdiyev də öz avtomobili ilə onun yanına gəlmişdir. Saat 23:30 radələrində o, Cabir və Vüsal sonuncunun avtomobili ilə, Rəcad isə Kənanla birlikdə sonuncunun avtomobili ilə Şahid4 işlətdiyi kafenin qarşısına getmişlər. Həmin vaxt Vüqar və Malik kafenin qarşısında yolun kənarında dayanmışlar. O, Kənanın avtomobilindən yerə düşüb onlara yaxınlaşıb nə üçün onu söyüb-döydüklərini soruşmuşdur. Vüqar əcəb etdiyini demiş və bu zaman aralarında yenidən mübahisə yaranmışdır. Vüqarla Malik birlikdə onu yumruqla vurmuş, o, yerə yıxılmış və yerdə olarkən onlar onu təpiklə də vurmuşlar. Həmin vaxt ətrafda kənd sakinləri və Vüqarın qohumları da olmuşlar. Dava-dalaş təxminən 4-5 dəqiqə çəkmiş, əynindəki köynəyi cırılmış və bundan sonra orada olan həmkəndliləri onları aralaşdırmışlar. Sonra Kənan onu avtomobili ilə evlərinə aparmışdır. Evdə cırılmış köynəyini dəyişmiş və həyətdəki çardağın altından mətbəx bıçağını götürüb qonşuluqlarında yaşayan Vüqargilin evinə getmişdir. Həmin gün saat 23:58-də Şaməddin ona zəng edib harada olduğunu soruşduqda o, Vüqargilə gedəcəyini demişdir. 17 avqust 2020-ci il tarixdə saat 00:07-də Şaməddin yenə ona zəng edib harada olduğunu soruşduqda o, cığırla Qulunun kafesinin yanına gələcəyini bildirmişdir. Şaməddin ona tez-tez zəng edərək yanına gəlmək istədiyini demişdir. Şaməddinin sonuncu zəngindən təxminən 3 dəqiqə sonra hadisənin baş verdiyi cığırda Cahid Əliyevin həyətinin giriş qapısının qarşısında Vüqar və Maliklə rastlaşmış və elə həmin anda da qətl hadisəsi baş vermişdir. O, həmçinin göstərdi ki, Malik və Vüqarla aralarında baş vermiş mübahisə zamanı sonuncu onu stulla vurmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, mərhum Malik Əliyev onun həmkəndlisi olmaqla bacısının əri olmuşdur. 16 avqust 2020-ci il tarixdə saat 18 radələrində özünə ad günü keçirmək üçün İmişli rayonunun Buludlu kəndində yerləşən Şahid4 işlətdiyi kafedə həmkəndliləri Şahid7, Şahid8, Xasməmməd Xasməmmədov, Ceyhun Ağayev, Cabir Əliyev və Zərərçəkmiş şəxsla birlikdə bir stolda əyləşib yeyibiçirmişlər. Onların oturduğu stoldan sağ tərəfdəki stolda yeznəsi Malik Əliyev, Təqsirləndirilən şəxs, Şahid1, Hacı Abdullayev, Pərvin Hüseynzadə, Qənimət Allahverdiyev, Novruz Mamedov və Xəyyam Quluzadə sonuncunun ad gününə görə yığışmışlar. Saat 21 radələrində onun məclisində əyləşmiş Zərərçəkmiş şəxs digər stolda əyləşmiş Şahid1 kafeyə şortikdə gəldiyi üçün zarafatla “əcnəbi kimi geyinmisən” demişdir. Malik həmin sözü “ac Nəbi” kimi başa düşüb Abbasın həmin sözü onların stolunda oturanların ünvanına dediyini düşünərək oturduğu stuldan sonuncuya “burada heç kəs ac deyil” deyə iradını bildirmişdir. Abbas yerindən durub Malikin oturduğu stola getmiş və onlara “ac Nəbi” demədiyini, Kənana “əcnəbi” dediyini bildirib öz yerinə qayıtmışdır. Kənan da Malikə Abbasla zarafatı olduğunu, sözü ona ünvanladığını, heç bir problem olmadığını demişdir. Bu söhbətdən təxminən yarım saat sonra Vüqar onların stoluna yaxınlaşaraq Abbasın ünvanına nalayiq ifadələr işlədərək üzünə iki dəfə yumruqla vurmuş və Vüqar yerə yıxılmışdır. Sonra da Vüqar onlara “sizin stolu çevirərəm” demişdir. Bu zaman Vüqarla Abbas tutaşmış, o və orada olan digər şəxslər onları ayırmışlar. Onlar oturduqları yerdən kafenin girişinə yaxın olan həyətinə keçmişlər. Həmin vaxt Şahid8 Vüqara “sən kimsən ki, bizim oturduğumuz stolu çevirirsən” demiş, Vüqar da cavabında sözünü təkrarlayaraq “mən yaxşı edirəm, bura mənim obyektimdir, mən sizin stolu çevirərəm” bildirmişdir. O, Vüqarın bu sözlərindən əsəbiləşərək “sən kimsən bizim oturduğumuz stolu çevirəsən” deyə soruşmuş, sonuncu onu nalayiq ifadələrlə təhqir edib üzərinə hücum çəkmiş və ona yumruq atmaq istəmişdir. O da yanında olan, üstü döşəkçəli dəmir stulu götürüb özünü müdafiə etmək məqsədi ilə Vüqara vurmaq istəmiş, lakin sonuncu əli ilə stulu yerə salmışdır. Bundan sonra orada olan şəxslər onları aralaşdırmış və Abbası çayxanadan çıxartmışlar. O, Şahid1 idarə etdiyi “VAZ - 2106” markalı, **-FU-*** dövlət qeydiyyat nişanlı avtomobillə Cabir Əliyevlə birlikdə Abbası Sarıxanlı döngəsi adlanan yerə “Vüqar” şadlıq sarayının qarşısına gətirmiş və söhbət edib Abbası sakitləşdirmişlər. Bu zaman oraya Abbasın sinif yoldaşı Vüsal Tarverdiyev də gəlmişdir. X10 Vüsalın idarə etdiyi “VAZ - 21011” markalı avtomobillə, o isə Şahid1lə birlikdə sonuncunun idarə etdiyi avtomobillə çayxanaya qayıtmışlar. Çayxanaya çatdıqda Abbasla Vüqarın oturduqları yerdə yenidən əlbəyaxa dava etdiklərini görmüşlər. O və orada olan şəxslər onları ayırmağa çalışdıqda Vüqar onu da söyməyə başlamış və o da sonuncunu söyüb cavab qaytarmışdır. Camaat toplaşdığına görə səs-küy yaranmış və o çıxıb evə getmişdir. O, evə çatdıqdan təxminən yarım saat sonra saat 00:30 radələrində həmkəndlisi Sənan Abbasovun mobil nömrəsinə zəng edərək çayxanada olub-olmadığını soruşduqda sonuncu çayxanada olduğunu, Abbasın Maliki bıçaqladığını və sonuncunun xəstəxanaya aparıldığını bildirmişdir. O da atası Vəkil Məhərrəmovla birlikdə taksi ilə İmişli Mərkəzi Rayon Xəstəxanasına getmiş və orada Malikin öldüyünü bilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 16 avqust 2020-ci il tarixdə saat 19 radələrində İmişli rayonunun Buludlu kəndindəki Şahid4 işlətdiyi kafenin həyətində domino oynayarkən Xəyyam onu çağıraraq axşam saat 20 radələrində həmin kafeyə öz ad gününə dəvət etmişdir. Saat 20:15 radələrində dominodan durub kafenin binasının arxasındakı həyətə keçmiş və onun əyləşdiyi stolda həmkəndliləri Hacı Abdullayev, Qənimət Allahverdiyev, Cəfər Məhərrəmov, Novruz Mamedov, Təqsirləndirilən şəxs, Vüsal Tarverdiyev, Pərvin Hüseynov və Malik Əliyev, sol tərəfdəki stolda isə həmkəndliləri Zərərçəkmiş şəxs, Xasməmməd Xasməmmədov, Ceyhun Ağayev, Şahid7, Cabir Əliyev, Şahid8 və Şahid2 oturub yeyib-içirmişlər. Bir az sonra o, hər iki stola bir rumka qaldırıb sağlıq demiş, Abbas da zarafatla ona və Vüsala əcnəbilər kimi geyindiklərini bildirmişdir. O, şortikdə olmuş, Vüsal isə kimano kofta geyinibmiş. Malik Abbasın “əcnəbi” sözünü “ac Nəbi” kimi başa düşmüş və buna görə aralarında mübahisə yaranmışdır. Abbas onların stoluna yaxınlaşıb Malikə səhv başa düşdüyünü, əcnəbi dediyini izah etmişdir. O, Vüqarla onlardan mübahisəni dayandırmalarını istəmiş və Abbasdan yerinə oturmasını xahiş etmişlər. Abbas yerinə əyləşmiş, o isə bibisi oğlu Mikayıl Usubova zəng edərək kafedən çölə çıxmışdır. Kafeyə qayıdarkən Vüqarın Abbasın oturduğu stola yaxınlaşdığını və stoldakılarla mübahisə etdiyini görmüşdür. Bu vaxt Vüqar nəsə demiş, Abbas stoldan qalxarkən Vüqar onu yumruqla vurmuş və sonuncu yerə yıxılmışdır. O, Abbası yerdən qaldırarkən sonuncu Vüqarın onu söydüyünü demişdir. Abbas qalxandan sonra Vüqarı stoldakılar çölə çıxarmışlar. Həmin vaxt Abbas Maliki çağırıb adi bir söhbəti nə səbəbdən uzatdıqlarını soruşduqda, sonuncu Abbası kəllə ilə vurmuş və Abbas yenə yerə yıxılmışdır. O, Abbası qaldırıb kafenin yanındakı işləməyən ərzaq mağazasının qarşısına aparmış və sakitləşdirmişdir. Həmin vaxt Rəcad kafedən çıxıb onlara yaxınlaşmış, o, Cabir və Rəcadla birlikdə Abbasın idarə etdiyi “VAZ-2106” markalı, “**-FU-***” dövlət qeydiyyat nişanlı avtomobilə əyləşib İmişli şəhəri istiqamətində olan yanacaq doldurma məntəqəsinin yanına getmişlər. Həmin vaxt Abbas Vüqara zəng vursa da, sonuncu telefona cavab verməmişdir. Daha sonra Abbas Malikə zəng vuraraq onunla işi olmadığını, Vüqarın nə səbəbdən onu söydüyünü gəlib ona izah etməsini istəmişdir. Bu zaman Abbası əsəbi görmüş və ona “Vüqar” şadlıq sarayının qarşısındakı kafedə çay içməyi təklif etdikdə sonuncu istəməmişdir. Həmin vaxt Vüsal idarə etdiyi “VAZ- 21011” markalı avtomobillə onların yanına gəlmiş və Abbası sakitləşdirmişdir. Sonra Vüsal avtomobilə yanacaq doldurmaq üçün Cabirlə birlikdə getmişdir. Sarıxanlı kəndinin girəcəyində o, Abbas və Rəcad Vüsalgili gözləmişlər. Təxminən 5-10 dəqiqə sonra Vüsalla Cabir ora gəlmiş və Abbas onlarla birlikdə kənd istiqamətində yola davam etmiş, o isə Rəcadla onların arxasınca getmişdir. O, kafenin qarşında Rəcadı düşürdərkən yenidən Abbas, Vüqar və Malik arasında kafenin qarşısındakı asfalt yolda mübahisə başlamış və Abbas Vüqardan nə üçün söyüş söydüyünü soruşmuşdur. Həmin vaxt səs-küy yaranmış, sözlə mübahisə olandan sonra o, Abbası qucaqlayıb uzaqlaşdırmış və ondan söhbəti bağlamasını xahiş etmişdir. Abbas ondan evlərinə düşürtməyini xahiş etmiş və o, onu evlərinin qarşısında düşürdüb oradan çıxıb evinə getmişdir. Evdə olarkən Xasməmməd, daha sonra isə Rəcad ona zəng edib Abbasın Maliki bıçaqladığını demişlər. Məhkəmədə şahid qismində dindirilmiş X2 ifadəsində göstərdi ki, 16 avqust 2020-ci il tarixdə saat 18 radələrində İmişli rayonunun Buludlu kəndindəki Şahid4 işlətdiyi kafenin qabağında olarkən həmkəndlisi Şahid7 axşam saatlarında oturub yeyib-içməyi təklif etdikdə sonuncu razılaşmışdır. Bundan sonra o, kafenin həyətində olarkən Şahid2 ona yaxınlaşıb ad günü olduğunu deyərək birlikdə oturmağı təklif etmiş və saat 20 radələrində kafenin arxa həyətində oturub yeyib-içməyə başlamışlar. Yandakı stolda Malik Əliyev, Təqsirləndirilən şəxs, Şahid1, Xəyyam Quluzadə, Vüsal Tarverdiyev, Cəfər Məhərrəmov, Pərvin Hüseynzadə, Qənimət Allahverdiyev və X7 ad gününə görə yığışıb yeyib-içirmişlər. Kənan şortik geyindiyindən Abbas zarafatla ona əcnəbi demiş, Malik Abbasın sözünü “ac Nəbi” kimi başa düşmüş və ac olmadıqlarını deyib iradını bildirmişdir. Abbas Malikin yanına gedib səhv başa düşdüyünü, Kənana əcnəbi dediyini izah etmiş və yerinə qayıtmışdır. Stolda Vüqar yenə həmin söhbəti başlamış, Abbas ona iradını bildirdikdə Vüqar ayağa qalxıb söyüş söyüb “sizin stolu çevirərəm” demişdir. Həmin vaxt Abbas qalxıb Vüqara tərəf getmiş, sonuncu Abbası yumruqla boynundan vurmuş, Abbas yerə yıxılmış və bundan sonra Vüqar çölə çıxmışdır. Malik Abbasın yanına gəlmiş, sonuncu ona əcnəbi sözünü yenə başa salmaq istəyərkən Malik yumruq və sillə ilə Abbasın sifətindən vurmuşdur. O və Qulu araya girib onları aralamışlar. Malik çölə çıxmış, Abbası isə yanlarında saxlamışlar. Onlar çölə kafenin girişinə yaxın olan həyətə çıxarkən Vüqar yenə gəlib Abbası yumruqla vurmuş və bu vaxt Rəcad da arxadan gəlib Vüqara niyə Abbası təklədiklərini deyib, həyətdə olan üstü parçalı, qıraqları dəmir olan stulu götürüb Vüqarın başından vurmuşdur. Orada olan şəxslər onları aralaşdırmış, X9 öz avtomobilinə mindirib aranı sakitləşdirmək üçün harasa aparmışdır. Sonra Malik və orada olan şəxslərin çoxu çıxıb evlərinə getmişlər. O, Xəyyam Quluzadə, Şahid4, Şahid6, Cəfər Məhərrəmov və xatırlamadığı bir neçə nəfər kafenin yanında qalmışlar. Təxminən 40-50 dəqiqə sonra Malik yenə kafenin qarşısına gəlmiş və 2-3 dəqiqə sonra Vüqar da ora gəlmişdir. Vüqarla Malik köhnə mağazanın yanına getmiş və orada Vüqar telefonla danışmışdır. Təxminən 10-15 dəqiqə sonra Abbas Kənanla kafenin qarşısına gəlmiş, Abbas avtomobildən düşüb Vüqardan niyə onu söydüyünü soruşduqda, sonuncu yenə söyüş söyüb Abbası yumruqla kafenin qabağında asfalt yolun ortasında vurmuşdur. Səs-küyə Xəyyamın atası, anası, Müslüm Məmmədov, Vüqarın qohumu Mənsurə və xatırlamadığı 25-30 nəfər adam ora toplaşmışdır. X11 avtomobilinə mindirib səhəri gün söhbət etmələrini deyib evlərinə aparmışdır. Təxminən 15 dəqiqə keçmiş kimsə cığır yolda qışqıraraq Malikin vurulduğunu demişdir. Onlar həmin yerə çatarkən Malikin yerdə Vüqarın qucağında olduğunu və döş qəfəsindən qan axdığını görmüşlər. Lakin Abbas orada olmamışdır. Sonra Maliki avtomobillə İmişli Mərkəzi Rayon Xəstəxanasına göndərmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8, Şahid5, Şahid4 və Şahid6 işin hallarına dair şahid X1 ifadəsinə uyğun ifadə verdilər. İşdə olan məhkəmə-tibbi ekspertizanın 17 avqust 2020-ci il tarixli, 558 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər - sol bazunun orta 1/3-nin ön səthində qançırlar, sağ saidin yuxarı 1/3-nin arxa səthində, sol çiyin qurşağı nahiyəsində sıyrıqlar küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müxtəlif şəraitlərdə, o cümlədən 16 avqust 2020-ci il tarixdə təsviri hissədə göstərilən şəraitdə əmələ gələ bilərdi. Qeyd olunmuş xəsarətlər sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. Cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs 19 aprel 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş, 20 aprel 2021-ci il tarixdə əməli Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsindən həmin Məcəllənin 221.3-cü maddəsinə tövsif edilmiş, 21 aprel 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuş və 22 aprel 2021-ci il tarixdə İmişli Rayon Məhkəməsinin qərarı ilə barəsində 3 (üç) ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. Göründüyü kimi ibtidai araşdırma orqanı cinayət işi üzrə toplanmış sübutlar əsasında təqsirləndirilən şəxsin əməlini silah qismində istifadə edilməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlər xuliqanlıq etmə kimi - müvafiq olaraq CM-nin 221.3-ci maddəsi ilə tövsif edib, ona həmin maddə ilə ittiham vermişdir. Məhkəmə istintaqında dindirilmiş təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs və şahidlərin ifadələrindən məlum olur ki, Təqsirləndirilən şəxs mərhum tanışı X5 ilə bir qrup şəxs halında 16 avqust 2020-ci il saat 22:30 radələrində İmişli rayonunun Buludlu kəndində yerləşən ictimai yer hesab olunan kafedə tanışı Zərərçəkmiş şəxs silah qismində istifadə edilən predmetlə, yəni dəmir stulla vurmamışdır. Bundan əlavə, hətta Zərərçəkmiş şəxs ifadəsində 16 avqust 2020-ci il saat 22:30 radələrində İmişli rayonunun Buludlu kəndində yerləşən kafedə Malik və Vüqarla aralarında baş vermiş mübahisə zamanı sonuncunun onu stulla vurmadığını göstərmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 221.3-ci maddəsinin tərkib əlamətləri yoxdur. Azərbaycan Respublikası CM-nin 221.3-ci maddəsinin mənasına görə xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər- silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda cinayət tərkibi yaradır. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli, 1 saylı Qərarının 8-ci bəndində göstərilir ki, xuliqanlıq hərəkətlərinin odlu silah, soyuq silah, habelə silah qismində istifadə edilə bilən əşyaların tətbiqi və yaxud tətbiqinə cəhd edilməsi, təqsirkar şəxsin əməlinin Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, silah qismində istifadə olunan əşyalara istənilən əşyalar, tətbiqi həyat və ya sağlamlıq üçün təhlükə yaradan bütün əşyalar aid edilir. Məhkəmə istintaqı zamanı müəyyən olunmuşdur ki, hadisə vaxtı Təqsirləndirilən şəxs əlində silah qismində istifadə edilən hər hansı bir əşya olmamışdır. Beləliklə də şərh edilən sübutları məcmu üzrə qiymətləndirərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs mərhum tanışı X5 ilə bir qrup şəxs halında 16 avqust 2020-ci il saat 22:30 İmişli rayonunun Buludlu kəndində yerləşən ictimai yer hesab olunan kafedə tanışı Zərərçəkmiş şəxs nalayiq ifadələrlə təhqir edib yumruq zərbələri ilə sonuncuya dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirməsi məhkəmə istintaqı zamanı təqsirləndirilən və zərərçəkmiş şəxsin ifadələri, iş üzrə şahidlərin ifadələri ilə təsdiq olunsa da, lakin hadisə zamanı Təqsirləndirilən şəxs dəmir stulla Zərərçəkmiş şəxs sağ qol nahiyyəsinə vurması öz təsdiqini tapmamışdır. Konstitusiya, insan və vətəndaş hüquqlarını və azadlıqlarını, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsini dövlətin ali məqsədi elan edir, insan və vətəndaş hüquqlarının və azadlıqlarının birbaşa qüvvədə olması, bu hüquq və azadlıqların gözlənilməsi və qorunması vəzifəsini qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının üzərinə qoyur (Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 71-ci maddəsinin İ və Vİ hissələri). Hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquq və azadlıqlarının olması, onlara qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququnun verilməsi bu hüquq və azadlıqların məhdudlaşdırılmasının yolverilməzliyini nəzərdə tutur (Konstitusiyanın 24-cü maddəsinin İ hissəsi, 26-cı maddəsinin İ hissəsi və 71-ci maddəsinin İİ hissəsi). Konstitusiyanın 28-ci maddəsinin İ və İİ hissələrinə əsasən hər kəsin azadlıq hüququ vardır. Azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada tutulma, həbsəalma və ya azadlıqdan məhrumetmə yolu ilə məhdudlaşdırıla bilər. Göründüyü kimi, Konstitusiyada azadlıq hüququnun qanuni əsaslarla məhdudlaşdırılması müəyyən edilmişdir. Azadlıq hüququnun məhdudlaşdırılması ictimai və milli təhlükəsizliyin təmin edilməsi, habelə digər şəxslərin hüquq və azadlıqlarının qorunması məqsədilə yalnız Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla həyata keçirilə bilər. Bu zaman azadlıq hüququnun məhdudlaşdırılmasının məqsədə uyğunluğu, müəyyənliyi, mütənasibliyi, tətbiqinin həddi və müddəti kimi vacib şərtlərin nəzərə alınması zəruridir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, qanunverici orqan tərəfindən azadlıq hüququnun məhdudlaşdırılmasını nəzərdə tutan normativ hüquqi aktlar qəbul edilərkən hüquqi dövlətin ali prinsiplərindən olan bərabərlik, mütənasiblik, hüquqi müəyyənlik, tarazlıq prinsiplərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Sadalanan prinsiplərə əməl olunması beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsip və normalarından, habelə “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının 21 dekabr 2010-cu il tarixli Konstitusiya Qanunundan irəli gəlir. Hüquq normalarının dəqiqliyi, aydınlığı, birmənalılığının ümumhüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir (Konstitusiyanın 25-ci maddəsinin İ hissəsi). Belə ki, bu cür bərabərlik normaların bütün hüquqtətbiqedicilər tərəfindən yalnız vahid anlaşılması və şərhi nəticəsində mümkündür. Əksinə, hüquq normalarının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmə prosesində hədsiz (qeyriməhdud) mülahizələrə və özbaşınalığa gətirib çıxarar. Bununla da bərabərlik, qanunun aliliyi prinsipi pozulmuş olar. Eyni zamanda Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, hər bir cinayət, habelə onun törədilməsinə görə cinayət məsuliyyəti qanunda dəqiq müəyyən olunmalıdır. Hər kəs müvafiq normanın məzmunundan çıxış edərək öz hərəkətlərinin (hərəkətsizliyinin) cinayət hüquqi nəticələrini qabaqcadan görmək imkanına malik olmalıdır. Hüquq normalarının dəqiq, aydın, birmənalı və müəy-yən olması, hüquqtənzimetmə sistemində onların bir-birinə uyğunluğu tələbi yuxarıda qeyd olunan konstitusion prinsiplərdən irəli gəlir. Əks təqdirdə, vətəndaşların hüquq və azadlıqlarının, qanuni mənafelərinin müdafiəsinin dövlət təminatını zəiflədən ziddiyyətli hüquqtətbiqetmə təcrübəsi yaranar. Konstitusiyaya əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edir. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir (Konstitusiyanın 60-cı maddəsinin İ hissəsi və 71ci maddəsinin Vİİ hissəsi). Məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi çıxış edir və o heç bir halda məhdudlaşdırıla bilməz. Bu hüquq yalnız məhkəməyə müraciət etmək hüququ ilə kifayətlənməyərək, pozulmuş hüquq və azadlıqları, həmçinin azadlıq hüququnu qanunvericilikdə nəzərdə tutulan hədlər çərçivəsində səmərəli müdafiə etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Ədalətli məhkəmə araşdırılması hüququ “İnsan hüqüqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasında da öz əksini tapmışdır. Konvensiyanın 6-cı maddəsinin tələbinə görə hər kəs, onun hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Xüsusilə vurğulanmalıdır ki, Konvensiyanın 6-cı maddəsini tətbiq edərkən məhkəmələr hüquq pozuntularının müvafiq orqanlar tərəfindən düzgün tövsif olunubolunmadığını, pozuntunun xarakterini və təqsirli bilinən şəxsə tətbiq edilə bilən cəzanın ağırlığını araşdırmalıdırlar. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Cinayət məsuliyyətinin əsaslarına dair CM-nin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Bu normanın mənasına görə şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə isnad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Bu tələb Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarının müddəalarından da irəli gəlir. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun həmin qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Qeyd olunanlar baxımından məhkəmə Təqsirləndirilən şəxs hərəkətlərini təhlil edərək hesab edir ki, təqsirləndirilən şəxsin əməli ona isnad edilən CM-nın 221.3-ci maddəsinin dispozisiyasında göstərilən əlamətlərlə üst-üstə düşmür. Ona görə də təqsirləndirilən şəxsin əməli 221.3-ci maddəsindən CM-nın 221.2.1-ci maddəsinə tövsif edilməlidir. Təqsirləndirlən şəxsin CM-nın 221.2.1-ci maddəsində nəzərdə tutulan əməli özünün etirafı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyləri, sənədlər və iş üzrə qanuni üsullarla toplanmış, məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılaraq hüquqi qiymət verilmiş digər sübutların məcmusu ilə tam təsdiq edilir. CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-nin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin (o cümlədən, əməldə cinayət tərkibinin əlamətlərinin olub-olmamasının) müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-nin 146.1 -ci maddəsi). Məhkəmə hesab edir ki, ibtidai araşdırma orqanı topladığı sübutlara əsasən müəyyən etdiyi, Təqsirləndirilən şəxs mərhum tanışı X5 ilə bir qrup şəxs halında 16 avqust 2020-ci il saat 22:30 radələrində İmişli rayonunun Buludlu kəndində yerləşən ictimai yer hesab olunan kafedə tanışı Zərərçəkmiş şəxs silah qismində istifadə edilən predmetlə, yəni dəmir stulla vurması ilə törədilən əməl kimi CM-nin 221.3-ci maddəsi ilə tövsif etməklə səhvə yol vermişdir. Belə ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarına müvafiq olaraq xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyrimüəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Məhkəmə istintaqında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs və tanışı X5 16 avqust 2020-ci il saat 22:30 radələrində İmişli rayonunun Buludlu kəndində yerləşən Şahid4 işlətdiyi kafenin arxa tərəfindəki həyətində tanışı X3 doğum günü münasibətilə təşkil olunan məclisdə iştirak edərkən, yan tərəfdəki masanın ətrafında əyləşən Zərərçəkmiş şəxs onlarla eyni masa arxasında olan Şahid1 ilə etdiyi zarafatı yanlış başa düşüb, bunu bəhanə edərək, alkoqol sərxoşluğu vəziyyətində X5 ilə bir qrup şəxs halında kafedəki müştəriləri və tanışlarının yanında digərlərindən fərqləndiklərini nümayiş etdirmək məqsədilə özlərini cəmiyyətin fövqündə qoyaraq, ictimai yerdə heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edib Zərərçəkmiş şəxs qarşı nalayiq ifadələr işlədərək, Malik Əİiyevlə birlikdə zor tətbiq edərək yumruq və baş zərbələri ilə qəsdən Zərərçəkmiş şəxs baş və bədən nahiyələrindən, sağ qolundan vurub ona fiziki ağrılar, həmçinin dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirməklə qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Daha sonra, o və X5 öz qanunsuz hərəkətlərini davam etdirərək, həmin gün saat 23:50 radələrndə Sarıxanlı- Buludlu kəndlərarası avtomobil yolunun Şahid4 işlətdiyi kafenin qarşısından keçən hissəsində, yəni ictimai yerdə, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edib, ətrafda olan və yaşayan şəxslərə aşkar hörmətsizlik və laqeydlik göstərməklə Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadələr işlədərək, Malik Əliyevlə birlikdə zor tətbiq edib Zərərçəkmiş şəxs yerə yıxaraq, yumruq və təpik zərbələri ilə qəsdən bədən nahiyələrindən vurub sonuncuya fiziki ağrılar, həmçinin dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirməklə və əynində olan köynəyini cıraraq əmlakını məhv etməklə, təkrarən, xuliqanlıq etmişdir. İş materiallarında olan İmişli RİHB-nın Buludlu və Sarıxanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində az ağır cinayət əməli törətməsini, əməlidən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, yaşayış yerindən müsbət xarakterizə olunmasını, vurulmuş ziyanın bir qismini ödəməsini cəzasını yüngülləşdirən hallar kimi, əməlində CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran halın olmamasını cəza təyini zamanı nəzərə alır. CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən CM-nin qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsipləri mütləq nəzərə alınmalıdır. Belə ki, bu prinsiplərə görə əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır (CM-in 5.1, 7.1 və 8.1-ci maddələri). Məhkəmə, cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Eyni zamanda, məhkəmə tərəfindən cəza təyin edilərkən, cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin edilmiş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Ədalətli cəza təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, CM-nin 58.3-cü maddəsinə uyğun olaraq həmin cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə uyğun olması başa düşülür. Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında qeyd edilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır (CM-in 48-ci maddəsi, CM-in 53.4-cü maddəsi və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004cü il və 17 mart 2011-ci il tarixli qərarları). Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin Qərarda daha sonra məhkəmələrə tövsiyyə edilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. (həmin qərarın 2-ci bəndi) Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Cinayət işinin materiallarında təqsirləndirilən şəxsin davranışında belə halların olması barədə məlumatlar olmamış, məhkəmə istintaqı zamanı da bu cür hallar, həmçinin azadlıqdan məhrumetmə cəzası təyin edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 221.2.1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş müddətdə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi ilə cəzanın məqsədinə nail olmaq mümkündür, həmin cəza, cəzanın məqsədinə xidmət edəcəkdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində hər gün saat 00:00-dan səhər saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, İmişli rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmasını məqsədə müvafiq hesab edir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar məhkəmə tərəfindən müəyyən olunmadı. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353 və 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il 6 (altı ay) müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 19 aprel 2021-ci il tarixdən 19 iyul 2021-ci il tarixədək həbsdə və ev dustaqlığında saxlandığı 3 (üç) ay müddət bir günə iki gün hesabı ilə hesablanmaqla təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə hər gün saat 00:00dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, İmişli rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası İmişli rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. İş üzrə maddi sübut, mülki iddia, ekspertiza və məhkəmə xərcləri yoxdur. Hökmdən 20 gün müddətinə İmişli rayon məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Qurban Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar