Məhkəmə qərarları › İş №1(036)-16/2024

İmişli Rayon Məhkəməsi Qərar — İş №1(036)-16/2024

01.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 1(036)-16/2024 01.03.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Quliyev Telman Osman oğlunun sədrliyi, Şiralıyeva Günel Mirzə qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs Ələkbərli Dəyanət Fikrət oğlu, Təqsirləndirilən şəxs və müdafiəçisi İmişli rayon vəkil bürosunun vəkili X3 iştirakı ilə, xx xxxx 1961-ci il tarixdə İmişli rayonu, Qaragüvəndikli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamş, İmişli rayonu, Qaragüvəndikli kəndində yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir ona görə ki, o, 18 iyul 2023-cü il tarixdə saat 20 radələrində Şahid7 atası Şahid4 idarə etdiyi “OPEL” markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobillə İmişli rayonu, Qaragüvəndikli kəndi ərzisində yolda hərəkətdə olarkən, həmin yolda piyada hərəkət edən Ələkbərli Dəyanət Fikrət oğluna “yolun ortasından çəkil” dediyinə görə sonuncu bir qədər irəlidə yolun kənarında yerləşən Şahid2 məxsus fərdi yaşayış evinin qarşısında Şahid7 yaxınlaşaraq yolun kənarı ilə getdiyi halda əsassız olaraq ona irad tutduğunu bildirərkən, Şahid7 ona qarşı nalayiq ifadələr işlətmiş, bu zaman Şahid2 onları sakitləşdirdikdən sonra sonuncunun atası Təqsirləndirilən şəxs hadisənin mahiyyətini aydınlaşdırmadan ictimai yerdə, heç bir əsaslı səbəb olmadan, öz şəxsiyyətini ətrafdakı insanların şəxsiyyətindən üstün tutaraq, şəxsi mənafelərə əhəmiyyətli zərər vurmaqla digərlərindən əsaslı surətdə fərqləndiyini nümayiş etdirərək, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarında ifadə olunan ictimai qaydanı kobud şəkildə pozaraq, aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərərək, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıqla, insanların mənafeyinə toxunmada ifadə olunan cəmiyyətə açıqca hörmətsizlik edən hərəkətlər edərək, gözlənilmədən arxadan Ələkbərli Dəyanət Fikrət oğluna yaxınlaşıb əlində tutduğu istintaqa məlum olmayan küt, iti uclu və ya iti kənarlı əşyadan silah qismində istifadə etməklə zor tətbiq edərək, gözündə eynək olan Dəyanət Ələkbərlinin sağ göz nahiyəsinə, eynəyin üstündən qəsdən bir dəfə, daha sonra isə sol təpə nahiyəsinə qəsdən bir dəfə vuraraq, sonuncuya qüzehli qişanın yara ağzında boğulması ilə sol göz almasının korneoskleral dəlib-keçən yaralanması, sol təpə nahiyəsində və sol gözün altında yaralar, sağ gözün alt qapağının qançırından ibarət, ümumi əmək qabiliyyətinin cüzi dayanıqlı (4%) itirilməsinə səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirməklə qərəzli xuliqanlıq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə deyil, həmin Məcəllənin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilərək ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdə, saat 20 radələrində arvadı Leyla ona oğlu Samirgilin kimləsə mübahisə etdiyini demişdir. O da digər oğlu Şəmillə birlikdə onların yanına getmişdir. Bu vaxt oğlu Samirin həmkəndlisi Ələkbərli Dəyanət Fikrət oğlu ilə sözlü mübahisə etdiyini görmüşdür. O, Dəyanətə iradlarını bildirsə də, sonuncu sakitləşməmişdir. X2 evlərinin qarşısında səs-küy saldığı, mübahisə etdiyi və ona nalayiq ifadələr işlətdiyi üçün əsəbləşib onu iki dəfə sağ əli ilə, yumruqla vurmuşdur. Bu zaman Dəyanətin eynəyi sınaraq yerə tökülmüşdür. Mübahisə, dava-dalaş təxminən 2-3 dəqiqə davam etmiş və həmin vaxt onun əlində heç bir əşya olmamışdır. Törətmiş olduğu cinayət əməlindən səmimi peşman olmaqla, hazırda zərərçəkmiş şəxslə barışmış və sonuncunun ondan heç bir şikayəti və tələbi yoxdur. Ona görə də barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs Ələkbərli Dəyanət Fikrət oğlu ifadə verərək göstərdi ki, 18 iyul 2023-ci il tarixdə saat 20 radələrində İmişli rayonu, Qaragüvəndikli kəndində Elgün adlı şəxsin mağazasından siqaret alıb evə qayıdarkən, həmin vaxt ağ rəngli, markasını və dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobil yanından keçərkən həmin avtomobilin sürücüsü əlini avtomobildən çölə çıxararaq ona "yoldan çəkil" demişdir. O da həmin vaxt yolun kənarı ilə getmiş, lakin həmin şəxsə heç nə deməmişdir. Bundan sonra o, həmkəndlisi Şahid2 fərdi yaşayış evinin yanında özünə məxsus torpaq sahəsinin qarşısına gedib, oraya mal-qaranın gələn vaxtı olduğu üçün heyvanların həmin torpaq sahəsinə girməməsinə nəzarət etmişdir. Bu zaman həmin avtomobilin sürücüsü qarşıdan geri dönüb qayıdaraq Samirgilin fərdi yaşayış evinin qarşısında avtomobili saxlamışdır və avtomobildən düşərək ona tərəf gəlmişdir. O da həmin şəxsə öz iradını bildirirərək yolun kənarı ilə getdiyi halda ona nəyə görə elə dediyini soruşmuşdur. Bu zaman həmin avtomobilin sürücüsü ona nalayiq ifadələr işlətməyə başlamışdır. Həmin vaxt Samir öz evlərindən çıxaraq gəlib nə məsələ olduğunu soruşduqda, o da Samirə hadisəni danışmışdır. Bundan sonra Samir ona sonradan adını bildiyi Elgiz adlı sürücünün onlara qonaq gəldiyini deyib, mübahisənin lazım olmadığını, onun xətrinə həmin Elgiz adlı sürücünü bağışlamasını istəmişdir. O da Samirlə razılaşıb öz aralarında söhbət etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs və oğlu Şahid1 onların yanına gəlmişdir. O da arxaya çevrilib Atamoğlangilin gəldiyini gördükdən sonra Samirlə söhbətinə davam etmişdir. Bu zaman qəflətən arxadan Atamoğlan onun göz nahiyəsinə yumruqla bir dəfə zərbə vurdu və onun gözündə olan eynəyi sınaraq şüşəsi gözünə dolmuşdur. Daha sonra isə o, zərbənin təsirindən əlləri ilə üzünü tutarkən Atamoğlan onun baş nahiyəsinin sol tərəfindən təkrar zərbə vuraraq ona xasarət yetirmişdir. Daha sonra atası Şahid8 gəlib onu oradan evə aparmışdır. Təqsirləndirilən şəxs onu gözündən vurarkən arxa tərəfində durduğundan, sonra isə o, əlləri ilə üzünü tutduğu üçün Atamoğlan onun baş nahiyəsinə vurarkən əlində nə olduğunu görə bilməmişdir. Lakin, Atamoğlanın əlində bərk əşya olduğunu güman etmişdir. Aralarıdna olan dava-dalaş təxminən 2-3 dəqiqə davam etmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışlar və sonuncuya qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadə verərək göstərdi ki, xx.xx.2023-cü il tarixdə, saat 20 radələrində evdə olarkən küçədən səs eşidib küçəyə çıxmışdır. Bu zaman Elgiz adlı qohumu ilə həmkəndlisi Dəyanətin mübahisə etdiyini görmüşdür. O, nə olduğunu soruşanda Dəyanət ona Elgizin avtomobillə onun yanından keçərkən qırağa çəkilməsini dediyini bildirmişdir. O da onları sakitləşdirib mübahisənin lazım olmadığını bildirmişdir. Həmin vaxt Dəyanətin yanında qardaşı Fərasət də olmuşdur. Fərasət Dəyanəti çəkib oradan aparmaq istəsə də Dəyanət getməmişdir. Dəyanət həmin vaxt sərxoş olduğu üçün heç kimə qulaq asmamışdır. Ona görə də qardaşı Şahid1 zəng edib hadisə barədə məlumat verib, onları sakitləşdirmək üçün atasının oraya gəlməsini istəmişdir. O, həmin vaxt Elgizi evin həyətinə salmışdır ki, mübahisə böyüməsin, Fərasət isə qardaşı Dəyanəti kənara çəkib aparmışdır. Təxminən iki dəqiqə sonra Dəyanət köynəyini çıxararaq mayka ilə onların yanına gəlib Elgizlə mübahisəni davam etdirmək istəmişdir. Bu zaman atası Atamoğlan və qardaşı Şəmil də onların yanına gəlmişdir. Atası Dəyanəti sakitləşdirməyə çalışsa da, Dəyanət nalayiq ifadələr işlətməyə başlamışdır. Bu zaman atası Atamoğlan Dəyanətin sol göz nahiyəsindən bir dəfə və sol təpə nahiyəsindən isə bir dəfə olmaqla yumruq vurmuşdur. Atasının əlində heç bir əşya olmamışdır. Sonra isə Dəyanətin atası Fikrət hadisə yerinə gələrək oğlunu sakitləşdirib oradan aparmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 işin hallarına dair Şahid2 ifadəsinə uyğun ifadə verdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 20 radələrində evdən çıxıb Elgünün marketinə gedərkən bir neçə şəxsin qardaşı Dəyanət Ələkbərlinin ətrafına toplaşdığını və Dəyanətin döyüldüyünü görmüş, lakin oraya çatanda dava-dalaş bitmiş olduğundan hadisənin necə baş verdiyini görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadə verərək göstərdi ki, xx.xx.2023-cü il tarixdə özünə məxsus olan “Opel” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobillə qohumu Şahid2 yaşadığı İmişli rayonu, Qaragüvəndikli kəndində yerləşən evlərinə ailəvi qonaq getmişdir. Həmin gün saat 20 radələrində Samirgilin evlərinin yaxınlığında adını sonradan bildiyi Dəyanət Ələkbərli avtomobil yolunun ortası ilə getdiyi üçün Dəyanətin yanından keçərkən onunla birlikdə avtomobildə olan oğlu Möhübbət Dəyanətə yolun ortasından çəkilməsini demişdir. Daha sonra isə onlar Samirgilin evlərinin qarşısına çatmışdır. Bu zaman Dəyanət də qara və ya göy rəngli, dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobildən düşmüşdür. O, avtomobildən düşüb həyətyanı sahəyə keçmiş, həmin vaxt oğlu Möhübbət də avtomobildən düşərkən Dəyanət Möhübbəti yanına çağırmışdır. O, küçəyə çıxarkən Dəyanətin Möhübbətin qoluna girərək apardığını görmüş və Samirgil isə dəyanətə yaxınjaşaraq onların qonaq gəldiyini deyib mübahisənin lazım olmadığını bildirmiş və öz aralarında söhbət etməyə başlamışlar. Daha sonra Təqsirləndirilən şəxs oğlu Şahid1lə birlikdə “VAZ-2107” markalı, dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobillə onların yanına gəlmişdir. Atamoğlan Dəyanətdən nəyə görə ora gəldiyini soruşmuşdur. Həmin vaxt, arvadı Əfsanə xəstə olduğu üçün həyətə girmiş və sonradan baş vermiş hadisədən xəbərdar olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 işin hallarına dair Şahid4 ifadəsinə uyğun ifadə verdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 20 radələrində evdən çıxıb Elgünün marketinə gedərkən bir neçə şəxsin oğlu Dəyanət Ələkbərlinin ətrafına toplaşdığını və Dəyanətin döyüldüyünü görmüşdür. Lakin oraya çatanda dava-dalaş bitmişdir və Dəyanətlə Atamoğlanı aralaşdırmışlar. O, hadisənin necə baş verdiyini görməmişdir. İş üzrə Şahid6 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2023cü il tarixdə qardaşı Şahid4 məxsus “Opel” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə qohumu Şahid2 yaşadığı İmişli rayonu, Qaragüvəndikli kəndində yerləşən evlərinə ailəvi qonaq getmişlər. Saat 20 radələrində Şahid1 mal-qara üçün örüşə getdiyindən qardaşı Elgizdən onu evlərinə aparmasını istəmişdir. Elgiz Şəmili evlərinə apararkən Şahid7 da onlarla getmişdir. Təxminən 15 dəqiqə sonra Elgizgil gəlmişlər. Həmin vaxt onlar da həyətdə oturmuşdur. Elgiz gəlib onları evə getmək üçün darvazadan çağırmış və o, darvazadan baxdıqda bir nəfər tanımadığı şəxsin Möhübbətin qolundan tuaraq apardığını görmüşdür. Bu zaman Şahid5 Elgizdən həmin oğlanın kim olduğunu soruşanda Elgiz də həmin oğlanı tanımadığını bildirmişdir. Bunu Samir eşidib küçəyə çıxmış və onlar da Samirin arxasınca küçəyə çıxmışlar. Samir həmin şəxsin arxasınca səslənib “qonşu, qonşu” deyə çağırdıqda həmin şəxs çevrilib nə olduğunu soruşmuşdur. Samir də həmin şəxsə “mənim qonaqlarımdır” dedikdən sonra özü də həmin şəxsin yanına getmişdir. Xəstəliklə əlaqədar Əfsanənin halı pisləşmiş və onların başı Əfsanəyə qarışmışdır. Daha sonra isə oraya Təqsirləndirilən şəxs gəldiyini görmüşlər. Sonra isə onlar oradan çıxıb evə getmişlər. Ona görə də Təqsirləndirilən şəxs ilə hər hansı şəxsin dava-dalaş etdiyini görməmişdir. İş üzrə Şahid7 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2023cü il tarixdə atası Elgizə məxsus “Opel” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobillə qohumu Şahid2 yaşadığı İmişli rayonu, Qaragüvəndikli kəndində yerləşən evlərinə ailəvi qonaq getmişlər. Saat 20 radələrində atası oradan Şahid1 öz evlərinə apararkən, o, da atasıgillə getmişdir. Şəmili evlərinə düşürdüb qayıdarkən Samirgilin evlərinin yaxınlığında bir nəfər adı sonradan ona məlum olan Dəyanət Ələkbərli yolun ortası ilə gedirdi. Onlar Dəyanətin yanından keçərkən o, Dəynatə “yolun ortasından çəkil” demişdir. Onlar Samirgilin evlərinin qarşısına çatanda Dəyanət Ələkbərli də qara və ya göy rəngli, dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobildən yolun başında düşmüşdür. Atası Elgiz anası Əfsanə, bacısı Günay və bibisi Vəfanı səsləmək üçün həyətyanı sahəyə keçmişdir. Həmin vaxt o, avtomobildən düşərkən Dəyanət onu yanına çağırmışdır. Həmin vaxt Dəyanət onun çiyninə əlini qoyub birlikdə oradan uzaqlaşmışlar. Anası da küçəyə çıxarkən Dəyanətin onu apardığını görmüşdür. Onları səsləyib hara getdiklərini, Dəyanətin kim olduğunu soruşmuşdur. Bu zaman Samir küçəyə çıxmış, Dəyanətə onların qonaq gəldiyini deyib mübahisənin lazım olmadığını bildirmişdir. Bundan sonra Dəyanətlə Samir aralarında söhbət etmişlər. Daha sonra Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ-2107” markalı, dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobillə oğlu Şahid1lə birlikdə onların yanına gəlmişdir. Həmin vaxt anası Əfsanə xəstə olduğu üçün həyətə girmiş və orada baş vermiş hadisəni görməmişdir. Məhkəmə-tibbi ekpsertizasının 31 iyul 2023-cü il tarixli, 549 saylı rəyindən görünür ki, Ələkbərli Dəyanət Fikrət oğlunun bədəni üzərində aşkar edilmiş xəsarətlər - sol təpə nahiyəsində və sol gözün altında yaralar, qüzehli qişanın yara ağzında boğulması ilə sol göz almasının korneoskleral dəlib-keçən yaralanması iti kənarlı kəsici-deşici xassəyə malik əşyanın, ola bilsin şüşə parçasının təsirindən, sağ gözün altında qançır isə bərk küt əşyanın təsirindən törənmişdir, müxtəlif şəraitlərdə, o cümlədən xx.xx.2023-cü il tarixdə təsviri hissədə göstərilən şəraitdə əmələ gələ bilərdi. Ambulator kartada qeyd olunanlara əsasən (xx.xx.2021-ci ildə) sağ və sol gözdə travmadan əvvəl görmə itiliyi 0,07 k. ilə 0,3 olmuşdur. Travmadan sonra MOM-nə daxil olarkən sağ gözdə görmə itiliyi 0,2 və sol gözdə 0,02, xəstəxanadan evə yazılarkən sağ və sol gözdə 0,2 olmuşdur. Müxtəlif travmalar nəticəsində əmək qabiliyyətinin itirilməsinin faiz cədvəlində travmadan əvvəlki görmə itiliyi 0,3 olduğu halda travmadan sonra 0,2 olması ümumi əmək qabiliyyətinin 4% itirilməsi kimi qiymətləndirilir. Odur ki, qeyd edilmiş xəsarətlər dərəcəsinə görə ümumi əmək qabiliyyətinin cüzi dayanıqlı itirilməsinə (4%) səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. Təkrar məhkəmə-tibbi ekspertizasının 6 sentyabr 2023-cü il tarixli, T621/2023 nömrəli rəyindən görünür ki, vətəndaş Ələkbərli Dəyanət Fikrət oğlunda qüzehli qişanın yara ağzında boğulması ilə sol göz almasının korneoskleral dəlib-keçən yaralanması, sol təpə nahiyəsində və sol gözün altında yaralar, sağ gözün alt qapağının qançırı olmuşdur. Qeyd edilən xəsarətlərdən sağ gözün alt qapağının qançırı küt əşyanın təsirindən, digər xəsarətlər isə iti uclu və ya iti kənarlı əşyanın (alətin) təsirindən törənmişlər, qərarda göstərilən vaxtda, yəni xx.xx.2023-cü il tarixdə yarana bilərdilər, dərəcəsinə görə ümumi əmək qabiliyyətinin cüzi dayanıqlı (4%) itirilməsinə səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsi Maddə 124.1. Məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Maddə 124.2. Cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi, maddi sübutlar, istintaq və məhkəmə hərəkətlərinin protokolları və digər sənədlər. Maddə 125.1. Məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Maddə 128.1. Öz xüsusiyyətinə və əlamətlərinə, mənşəyinə, aşkar edildiyi yerə və vaxtına və ya üzərində hadisənin izlərinin saxlanıldığına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək edən hər bir əşya maddi sübut hesab edilə bilər. Maddə 128.3. Əşyanın maddi sübuti əhəmiyyəti məhkəmə tərəfindən o halda qəbul olunur ki, əşya əldə olunduqdan dərhal sonra o, ətraflı təsvir edilməklə, möhürlənməklə və bu kimi hərəkətlər yerinə yetirilməklə onun üzərindəki izlərin əlamətlərinin və xüsusiyyətlərinin əhəmiyyətli surətdə dəyişdirilməsi imkanı aradan qaldırılmış olsun və şübhəli, təqsirləndirilən, zərər çəkmiş şəxs və ya şahid onu bilavasitə məhkəmədə tədqiqdən əvvəl tanısın. Maddə 145.1. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Maddə 145.2. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Maddə 145.3. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Maddə 146.1. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. İbtidai istitaq orqanı təqsirləndirilən şəxsin əməlini silah qismində istifadə edilməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlər xuliqanlıq etmə kimi müvafiq olaraq CM-nin 221.3-cü maddəsi ilə tövsif edib, ona həmin maddə ilə ittiham vermişdir. Məhkəmə istintaqında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs 18 iyul 2023-cü il tarixdə İmişli rayonu, Qaragüvəndikli kəndində ictimai yerdə Ələkbərli Dəyanət Fikrət oğlunu silah qismində istifadə edilən predmetlə, yəni istintaqa məlum olmayan kəsici, deşici, küt, iti uclu və ya iti kənarlı əşya ilə deyil, fiziki gücündən istifadə edərək yumruqla vurmuşdur. Bundan əlavə, istintaq orqanı verilmiş ittiham üzrə təqsirləndirilən şəxsin ictimai yerdə, heç bir əsaslı səbəb olmadan, öz şəxsiyyətini ətrafdakı insanların şəxsiyyətindən üstün tutaraq, şəxsi mənafelərə əhəmiyyətli zərər vurmaqla digərlərindən əsaslı surətdə fərqləndiyini nümayiş etdirərək, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarında ifadə olunan ictimai qaydanı kobud şəkildə pozaraq, aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərərək, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıqla, insanların mənafeyinə toxunmada ifadə olunan cəmiyyətə açıqca hörmətsizlik edən hərəkətlər etməsi barədə əlamətlərin sadəcə qeyd edilməsi ilə kifayətlənmiş, lakin, cinayətin təsvirində bu əlamətlərin mövcud olduğunu göstərən konkret faktlar öz əksini tapmamışdır. Məhkəmə iclasında toplanmış sübutlarla həmin hallar müəyyən olunmamış və tam şəkildə təkzib edilmişdir. Bundan başqa, iş üzrə təqsirləndirilən şəxsə və şahidlərə nisbətdə ifadəsi daha mühüm əhəmiyyət kəsb edən zərərçəkmiş şəxs Ələkbərli Dəyanət Fikrət oğlu məhkəmə iclasında verdiyi ifadəsində Təqsirləndirilən şəxs onu yalnız yumruqla vurduğunu, hər hansı bir əşya ilə vurmasını görmədiyini bildirmiş, iş üzrə dindirilmiş bütün proses iştirakçıları Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs Ələkbərli Dəyanət Fikrət oğlunun sağ göz nahiyəsinə və sol təpə nahiyəsinə yumruqla vurduğunu, həmin vaxt sonuncunun zərbənin təsiri və gözündə olan eynəyin şüşələrinin sınması nəticəsində xəsarət aldığını bildirmişlər. İş üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizası da öz rəyində zərər çəkmiş şəxs Ələkbərli Dəyanət Fikrət oğlunun bədəni üzərində aşkar edilmiş xəsarətlərin şüşə parçasının təsirindən əmələ gəlmiş olduğunu ehtimal etmişdir. Lakin, istintaq orqanı bu faktları nəzərə almadan, xüsusilə hadisə zamanı Təqsirləndirilən şəxs əlində silah qismində istifadə edilən predmet, yəni kəsici deşici əşya olmasının zərərçəkmiş şəxsin özü və cinayət icraatı üzrə digər iştirakçıların təkzib etməsinə baxmayaraq, Təqsirləndirilən şəxs hər hansı predmetdən silah qismində istifadə etməsinə dair sübutlar mövcud olmadan sonuncuya əsassız olaraq Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə ittiham irəli sürmüşdür. Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin mənasına görə xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər- silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərərçəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda cinayət tərkibi yaradır. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli, 1 saylı Qərarının 8-ci bəndində göstərilir ki, xuliqanlıq hərəkətlərinin odlu silah, soyuq silah, habelə silah qismində istifadə edilə bilən əşyaların tətbiqi və yaxud tətbiqinə cəhd edilməsi, təqsirkar şəxsin əməlinin Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, silah qismində istifadə olunan əşyalara istənilən əşyalar, tətbiqi həyat və ya sağlamlıq üçün təhlükə yaradan bütün əşyalar aid edilir. Məhkəmə istintaqı zamanı müəyyən olunmuşdur ki, hadisə vaxtı Təqsirləndirilən şəxs əlində silah qismində istifadə edilən hər hansı bir əşya olmamışdır. Beləliklə də şərh edilən sübutları məcmu üzrə qiymətləndirərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 18 iyul 2023-cü il tarixdə, saat 20 radələrində aralarında yaranmış mübahisə zamanı Ələkbərli Dəyanət Fikrət oğluna ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirməsi məhkəmə istintaqı zamanı təqsirləndirilən və zərərçəkmiş şəxsin ifadələri, iş üzrə şahidlərin ifadələri, ekspert rəyləri və digər materiallar ilə təsdiq olunsa da, hadisə zamanı Təqsirləndirilən şəxs silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə xuliqanlıq əməlini törətməsi sübuta yetirilmir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, qanunverici orqan tərəfindən azadlıq hüququnun məhdudlaşdırılmasını nəzərdə tutan normativ hüquqi aktlar qəbul edilərkən hüquqi dövlətin ali prinsiplərindən olan bərabərlik, mütənasiblik, hüquqi müəyyənlik, tarazlıq prinsiplərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Hüquq normalarının dəqiqliyi, aydınlığı, birmənalılığının ümumhüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir (Konstitusiyanın 25-ci maddəsinin İ hissəsi). Belə ki, bu cür bərabərlik normaların bütün hüquqtətbiqedicilər tərəfindən yalnız vahid anlaşılması və şərhi nəticəsində mümkündür. Əksinə, hüquq normalarının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmə prosesində hədsiz (qeyriməhdud) mülahizələrə və özbaşınalığa gətirib çıxarar. Bununla da bərabərlik, qanunun aliliyi prinsipi pozulmuş olar. Eyni zamanda Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, hər bir cinayət, habelə onun törədilməsinə görə cinayət məsuliyyəti qanunda dəqiq müəyyən olunmalıdır. Hər kəs müvafiq normanın məzmunundan çıxış edərək öz hərəkətlərinin (hərəkətsizliyinin) cinayət hüquqi nəticələrini qabaqcadan görmək imkanına malik olmalıdır. Hüquq normalarının dəqiq, aydın, birmənalı və müəyyən olması, hüquqtənzimetmə sistemində onların bir-birinə uyğunluğu tələbi yuxarıda qeyd olunan konstitusion prinsiplərdən irəli gəlir. Əks təqdirdə, vətəndaşların hüquq və azadlıqlarının, qanuni mənafelərinin müdafiəsinin dövlət təminatını zəiflədən ziddiyyətli hüquqtətbiqetmə təcrübəsi yaranar. Konstitusiyaya əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edir. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir (Konstitusiyanın 60-cı maddəsinin İ hissəsi və 71ci maddəsinin Vİİ hissəsi). Məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi çıxış edir və o heç bir halda məhdudlaşdırıla bilməz. Bu hüquq yalnız məhkəməyə müraciət etmək hüququ ilə kifayətlənməyərək, pozulmuş hüquq və azadlıqları, həmçinin azadlıq hüququnu qanunvericilikdə nəzərdə tutulan hədlər çərçivəsində səmərəli müdafiə etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Ədalətli məhkəmə araşdırılması hüququ “İnsan hüqüqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasında da öz əksini tapmışdır. Konvensiyanın 6-cı maddəsinin tələbinə görə hər kəs, onun hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Xüsusilə vurğulanmalıdır ki, Konvensiyanın 6-cı maddəsini tətbiq edərkən məhkəmələr hüquq pozuntularının müvafiq orqanlar tərəfindən düzgün tövsif olunubolunmadığını, pozuntunun xarakterini və təqsirli bilinən şəxsə tətbiq edilə bilən cəzanın ağırlığını araşdırmalıdırlar. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Cinayət məsuliyyətinin əsaslarına dair CM-nin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Bu normanın mənasına görə şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə isnad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Bu tələb Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarının müddəalarından da irəli gəlir. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun həmin qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-nin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Qeyd olunanlar hüquq normaları baxımından məhkəmə Təqsirləndirilən şəxs hərəkətlərini təhlil edərək hesab edir ki, təqsirləndirilən şəxsin əməli ona isnad edilən CMnın 221.3-ci maddəsinin dispozisiyasında göstərilən əlamətlərlə üst-üstə düşmür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin tərkib əlamətləri yoxdur və onun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin tərkib əlamətləri mövcuddur. Ona görə də təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif edilməlidir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.8-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin şikayəti olmadıqda (cinayət təqibi xüsusi ittiham qaydasında həyata keçirildikdə, habelə cinayət təqibinin başlanmasına prokurorun təşəbbüsü olmadığı halda cinayət təqibi ictimai-xüsusi ittiham qaydasında həyata keçirildikdə) cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində məhkəmə tərəfindən təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə yuxarıda qeyd olunan qanunvericilik aktı normalarına əsasən hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığına görə barəsində olan cinayət təqibinə xitam verilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım göstərməkdən azad edilməli və müdafiəçisi İmişli rayon vəkil bürosunun vəkili X5 tərəfindən göstərilmiş hüquqi yardıma görə 36 (otuz altı) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına İmişli rayon vəkil bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39, 43, 344-347, 321.2.1, 356 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə olan cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım göstərməkdən azad edilsin və müdafiəçisi İmişli rayon vəkil bürosunun vəkili X5 tərəfindən göstərilmiş hüquqi yardıma görə 36 (otuz altı) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına İmişli rayon vəkil bürosunun hesabına köçürülsün. Qərardan 20 gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar