Məhkəmə qərarları › İş №1(036)-18/2021

İmişli Rayon Məhkəməsi Hökm — İş №1(036)-18/2021

06.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM İmişli rayonu İş № 1(036)-18/2021 06.04.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hacıyeva Nuranə Büsat qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər: Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs5, Təqsirləndirlən şəxslər: Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və onların müdafiəçiləri Müdafiəçi1 və Müdafiəçi2 iştirakları ilə xx xxxx 1993-cü il tarixdə İmişli şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər Bakı şəhər Yasamal Rayon Məhkəməsinin xx xxxxx 2011-ci il tarixli hökmü ilə AR CM-nin 177.2.1, 177.2.3 və 326.2-ci maddələri ilə təqsirli bilinib CM-nin 66.3-cü maddəsinə əsasən qəti olaraq 3 (üç) il müddətə azadlıqdan məhrum etmə və 100 manat cərimə cəzasına məhkum edilmiş, CM-nin 70-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzası 1 (bir) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilmiş, AR CM-nin 68.2-ci maddəsinə əsasən təyin edilmiş cərimə cəzasının müstəqil icra edilməsi müəyyən edilmiş, İmişli Rayon Məhkəməsinin xx xxxxxx 2011-ci il tarixli hökmü ilə AR CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 70-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzası 1 (bir) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2012-ci il tarixli hökmü ilə AR CM-nin 170.1 və 177.3.3-cü maddələri ilə təqsirli bilinib, CM-nin 170.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə, CM-nin 177.3.3-cü maddəsi ilə 7 (yeddi) il müddətə, CM-nin 66.3-cü maddəsinə əsasən qəti olaraq 8 (səkkiz) il müddətə, CM-nin 71.5 və 67-ci maddələrinə əsasən qəti olaraq 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə və 100 manat cərimə cəzasına məhkum edilmiş, Şirvan Apelyasiya Məhkəməsinin xx xxxx 2013-cü il tarixli Qərarı ilə CM-nin 177.3.3-cü maddəsi ilə tövsif edilmiş əməlləri CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinə tövsif edilməklə 5 (beş) il müddətə, CM-nin 66.3-cü maddəsinə əsasən 6 (altı) il müddətə, CM-nin 67.1 və 67.4-cü maddələrinə əsasən üzərində qəti olaraq 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə və 100 manat cərimə cəzası saxlanılmış, Salyan Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli Qərarı ilə AR CM-nin 177.2.1, 177.2.2 və 177.2.3cü maddələri ilə tövsif edilərək AR CM-nin 177.2.1 və 177.2.3-cü maddələrinə tövsif edilmiş AR CM-nin 66.3, 67.1 və 67.4-cü maddələri tətbiq edilməklə qəti olaraq 6 (altı) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə və 100 manat cərimə cəzası təyin edilmiş, xx xxxxxxx 2018-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş, İmişli şəhəri, E.İbrahimov küçəsi ev 11-də qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3cü maddələri ilə, xx xxxx 1994-cü il tarixdə İmişli şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər Biləsuvar Rayon Məhkəməsinin xx xxxxxx 2016-ci il tarixli hökmü ilə AR CM-nin 206.2 və 234.1-ci maddələri ilə təqsirli bilinib, CM-nin 206.2-ci maddəsi ilə 3 (üç) il 6 (altı) ay müddətə, CM-nin 234.1-ci maddəsi ilə 2 (iki) il müddətə, CM-nin 66.3-cü maddəsinə əsasən qəti olaraq 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx xxxxxxx 2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş, İmişli şəhəri, Xiyabani küçəsi ev 220-də qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs1 digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək tamah niyyəti ilə xx xxxx 2019-cu il tarixdə gecə saatlarında Zərərçəkmiş şəxs4 məxsus İmişli şəhəri, M.Sadıqcan küçəsində yerləşən fərdi yaşayış evinin həyətinə girib, həyətdə olan saxlanc yeri hesab olunan tövləyə qanunsuz daxil olaraq, tövlədə olan 300 manat dəyərində 1 baş xırdabuynuzlu heyvanı, hər birinin dəyəri 200 manat olmaqla, cəmi 800 manat dəyərində 4 baş xırdabuynuzlu heyvanı gizli yolla talayıb, zərər çəkmiş şəxsə ümumilikdə 1100 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək xx xxxxx 2019-cu il tarixdə gecə saatlarında X2 məxsus İmişli rayonu, Soltanmuradlı kəndində yerləşən fərdi yaşayış evinin həyətinə girib, həyətdə olan saxlanc yeri hesab olunan tövləyə qanunsuz daxil olaraq, tövlədən 900 manat dəyərində 1 baş inəyi gizli yolla talayıb, zərər çəkmiş şəxsə ümumilikdə 900 manat məbləğində ziyan vurmaqla, təkrarən, oğurluq etmişdir. Həmçinin o, xx xxxxxx 2020-ci il tarixdə gecə saat 02 radələrində İmişli şəhəri, H.Aslanov küçəsində yerləşən saxlanc yeri hesab olunan köşkə qanunsuz olaraq daxil olub oradan Zərərçəkmiş şəxs3 məxsus 33 manat dəyərində 1 blok nazik «Kent 4» markalı, 23 manat dəyərində 2 blok nazik «Vinçestr» markalı, 7,50 manat dəyərində 5 qutu qalın «Arqo» markalı, 7,50 manat dəyərində 5 qutu nazik «Arqo» markalı, 21,60 manat dəyərində 12 qutu nazik «Viceroy» markalı, 18,40 manat dəyərində 8 qutu nazik «LD» markalı, 37,50 manat dəyərində 2 blok və 5 qutu nazik «Mançestr» markalı, 33 manat dəyərində 1 blok İran istehsallı «Kent 4» markalı, 23 manat dəyərində 1 blok nazik «Palmal» markalı, 11,50 manat dəyərində 5 qutu qalın «Vest» markalı, 16,50 manat dəyərində 5 qutu İsveçrə istehsallı «Kent 4» markalı, 24,80 manat dəyərində 8 qutu nazik «Vinston» markalı, 21,70 manat dəyərində 7 qutu «Compakt Vinston» markalı, 16,10 manat dəyərində 7 qutu «Compakt Rotmans» markalı, 30 manat dəyəində 2 blok «Milano» markalı siqaret, 30 ədəd 1 manatlıq, 5 ədəd 2 manatlıq, 5 ədəd 3 manatlıq, 2 ədəd 5 manatlıq “xxxx” MMC-yə məxsus, 5 ədəd 1 manatlıq, 5 ədəd 2 manatlıq “xxxx” MMC-yə məxsus danışıq kartları və 75 manat nəğd pul olmaqla, ümumilikdə zərər çəkmiş şəxsin 480,10 manat dəyərində əmlakını gizli olaraq talamaqla, təkrarən, oğurluq etmişdir. Eləcə də o, xx xxx 2020-ci il tarixdə gecə saat 02 radələrində İmişli şəhəri, Qaradonlu küçəsində yerləşən Zərərçəkmiş şəxs1 məxsus mənzilə pəncərədən keçmək yolu ilə qanunsuz daxil olub oradan sonuncunun bir ədəd 250 manat dəyərində “Eurolux” markalı televizorunu gizli olaraq talamaqla, təkrarən, oğurluq etmişdir. Nəhayət o, tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək xx xxxx 2020-ci il tarixdə gecə saat 02 radələrində İmişli şəhəri, E.İbrahimov küçəsində Zərərçəkmiş şəxs2 məxsus hər birinin dəyəri 1500 manat olmaqla, cəmi 3000 manat dəyərində iki baş inək heyvanını gizli olaraq talamaqla, təkrarən, oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək xx xxxx 2020-ci il tarixdə gecə saat 02 radələrində İmişli şəhəri, E.İbrahimov küçəsində Zərərçəkmiş şəxs2 məxsus hər birinin dəyəri 1500 manat olmaqla, cəmi 3000 manat dəyərində iki baş inək heyvanını gizli olaraq talamaqla oğurluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilib ifadəsində göstərdi ki, xx xxxxx 2019-cu il tarixdə axşam saatlarında İmişli şəhərində yerləşən kafelərin birində tanışları Şahid3, Şahid6 və Şahid2lə görüşmüş və sonuncu onlara İmişli rayonunun Soltanmuradlı kəndində, asfalt yolun qırağındakı evdə heyvan olduğunu deyib həmin heyvanları oğurlayıb sataraq pul qazanmağı təklif etdikdə onlar razılaşmışlar. xx xxxxx 2019-cu il tarixdə gecə saat 02 radələrində o, Xəyyam, Azər və Elşənlə birlikdə sonuncunun idarə etdiyi “VAZ-21011” markalı, **-DL-*** dövlət qeydiyyat nişanlı avtomobillə Soltanmuradlı kəndinə gedib asfalt yolun qırağındakı evin yanında avtomobili saxlamışlar. Elşən avtomobildə qalmış, o, Xəyyam və Azər isə avtomobildən düşüb betonkanaldan keçib Zərərçəkmiş şəxs5 evinin həyətinə daxil olmuşlar. Həyətin işığı yanılı olsa da, evin içərisinin işıqları sönülü halda olmuşdur. Onlar mümkün olduqca sakit və səssiz hərəkət edib həyətdə olan tövlənin qapısının qarşısındakı daşı götürüb qapını açaraq hər üçü tövləyə daxil olub orada olan bir baş erkək dana heyvanını həyətə çıxarmışlar. Hər üçü köməkləşib dananı həyətyanı sahəyə daxil olduqları yerdən, yəni su arxının yanındakı “şluz” adlanan yerdən yola tərəf çıxararaq köməkləşib avtomobilin yük yerinə qoymuşlar. Sonra o, Azərlə piyada, Xəyyam isə Elşənlə avtomobilə əyləşib İmişli rayon mal bazarına getmişlər. Yuxarı Qaralar kəndinin giriş hissəsinin yaxınlığında Elşən və Xəyyamla görüşmüş və sonuncu həmin dananı 600 manata satdığını demişdir. Onun payına təxminən 150 manat pul düşmüş və həmin pulu sonradan xərcləmişdir. Sonra o, xx xxxxxx 2020-ci il tarixdə gecə saat 02 radələrində İmişli rayon “Mərkəzi poçt”un qarşısında yerləşən köşkdən siqaret, kontur və pul oğurlamışdır. Belə ki, o, ətrafda kimsənin olmadığını görüb tək köşkə yaxınlaşıb köşkün plastik qapısının kilidlə bağlandığını görüb qapını açmaq üçün qapının aşağı hissəsindən tutub özünə tərəf var gücü ilə çəkərək qapını açmışdır. Qapını açdıqdan sonra içəri daxil olub oradan 75 manat məbləğində pul, dəqiq sayını xatırlamadığı müxtəlif çeşidli Milano, Viceroy, Vinçestr, Palmall və Arqo markalı siqaretlər, dəqiq sayını bilmədiyi 1 manatlıq, 2 manatlıq, 3 manatlıq, 5 manatlıq Sim və Cin danışıq kartlarını götürüb oradan çıxıb yaşadığı evə tərəf getmişdir. Götürdüyü Sim danışıq kartlarını istifadə etdiyi mobil nömrəsinə yükləmiş, Cin danışıq kartlarını tanımadığı şəxslərə satmış, siqaretləri çəkmiş, pulları da xərcləmişdir. Daha sonra o, xx xxx 2020-ci il tarixdə gecə saat 02 radələrində özü tək İmişli şəhəri, Qaradonlu küçəsində, 8 nömrəli məktəbin arxasında yerləşən birmərtəbəli evin həyətinə darvazanın üzərindən tullanaraq keçmişdir. Həmin vaxt evdə kimsə olmamış, evin giriş qapısı bağlı olduğundan qapını aça bilməmiş və bundan sonra evin pəncərəsini çöldən əli ilə itələyərək açıb pəncərədən içəriyə keçib evin otaqlarını axtarmağa başlamışdır. Evin zal otağında televizor altlığının üzərində bir ədəd qara rəngli «Eurolux» markalı televizoru görüb onu oğurlamışdır. Televizoru götürdükdən sonra içəriyə girdiyi pəncərədən çölə çıxmış, sonra televizoru daş hasarın üzərinə qoyaraq hasardan tullanmış və televizoru da götürüb oradan birbaşa İmişli rayonunun Otuziki kəndində yerləşən mal bazarına getmiş və oğurladığı televizoru orada tanımadığı şəxsə 120 manata satmışdır. Bundan başqa o, xx xxxx 2020-ci il tarixdə gecə saat 02 radələrində tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə yaşadığı E.İbrahimov küçəsində iki baş sahibsiz inək olduğunu görüb onları oğurlamaq qərarına gəlmişlər. Bu məqsədlə inəkləri oradan “Sok zavod”un yanına xarabalıq bir yerə aparmışlar. Heyvanları Bərdə rayonunda təşkil olunan mal bazarına aparıb satmaq üçün avtomobil axtarmaq məqsədilə xatırlamadığı bir neçə şəxsə telefonla zəng etmiş, lakin avtomobil tapa bilməmişdir. Səhər saat 08 radələrində heyvanları orada saxlayıb yaşadıqları evlərinə getmişlər. xx xxxx 2020-ci il tarixdə saat 13 radələrində Umudla birlikdə heyvanları saxladıqları yerə gedərkən adının Rövşən olduğunu bildiyi “Qazel” markalı avtomobil sürücüsünə zəng edib danışaraq ona «Sok zavod»un yanına gəlməyini demişdir. Bundan sonra inəkləri bağlamağa ip almaq üçün mağazalara tərəf gedərkən yolda tanışı İbrahimlə rastlaşmışlar. O, İbrahimə inəkləri olduğunu deyib onları avtomobilə mindirib bazara aparmaq üçün köməklik etməsini xahiş etmişdir. İbrahimə həmin inəklərin oğurluq olduğunu bildirməmişlər. İbrahim onun xahişini qəbul etmiş və onlar İmişli şəhəri, H.Əliyev prospektində yerləşən tikinti materialları mağazasından 4 manata 10 metr uzunluğunda ip alıb birlikdə inəklərin olduğu yerə qayıtmışlar. Ora çatdıqdan sonra Umudla birlikdə ipi inəklərin buynuzlarına bağlamışlar. Bundan bir qədər sonra Rövşən idarə etdiyi «Qazel» markalı, dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobillə onların yanına gəlmişdir. O, Rövşənə inəkləri Bərdə bazarına aparmaq lazım olduğunu dedikdə sonuncu inəklərin oğurluq olduğundan şübhələndiyi üçün aparmaqdan imtina edərək oradan çıxıb getmişdir. Rövşən getdikdən sonra o, Umud və İbrahim inəkləri gizlətmək məqsədi ilə onları çöl sahəyə apararkən üç nəfər mülki geyimdə olan şəxs onlara yaxınlaşaraq polis əməkdaşları olduqlarını deyib onları İmişli rayon polis şöbəsinə dəvət etmişlər. Onlar da polis əməkdaşları ilə birlikdə rayon polis şöbəsinə getmişlər. Həmçinin polis əməkdaşları həmin iki baş inəyi də polis şöbəsinə aparmışlar. Törətmiş olduğu cinayət əməlindən səmimi peşmandır. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilib ifadəsində göstərdi ki, xx xxxx 2020-ci il tarixdə gecə saat 02 radələrində tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə sonuncunun yaşadığı küçədə iki baş sahibsiz inək olduğunu görüb onları oğurlamaq qərarına gəlmişlər. Bu məqsədlə inəkləri oradan “Sok zavod”un yanında olan xarabalıq bir yerə aparmışlar. Heyvanları Bərdə rayonunda təşkil olunan mal bazarına aparmaq üçün Qəzənfər avtomobil tapmaq məqsədilə bir neçə nəfərə telefonla zəng etmiş, lakin tapa bilməmişdir. Səhər saat 08 radələrində heyvanları orada saxlayıb özləri çıxıb yaşadıqları evə getmişlər. Həmin gün saat 13 radələrində Qəzənfərlə birlikdə heyvanları saxladıqları yerə gedərkən Qəzənfər tanımadığı bir nəfər şəxsə zəng edib danışdıqdan sonra inəkləri aparmaq üçün “Qazel” markalı avtomobil tapdığını demişdir. Bundan sonra inəkləri bağlamaq üçün ip almaq məqsədi ilə mağazaya tərəf gedərkən yolda tanışları İbrahimlə rastlaşmışlar. Qəzənfər İbrahimə inək oğurladıqlarını, inəkləri avtomobilə mindirib bazara aparmaq üçün onlara köməklik etməyi xahiş etdikdə sonuncu razılaşmışdır. Onlar İmişli şəhəri, H.Əliyev prospektində yerləşən tikinti materialları mağazasından 4 manata 10 metr uzunluğunda ip alıb birlikdə inəkləri saxladıqları yerə qayıtmışlar. Ora çatdıqdan sonra o, Qəzənfərlə birlikdə aldıqları ipi inəklərin buynuzlarına bağlamışlar. Bir müddət sonra “Qazel” markalı dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobil gəlmiş və Qəzənfər sürücüyə inəkləri Bərdə bazarına aparmaq lazım olduğunu demişdir. Sürücü də inəklərin oğurluq olduğunu bilib inəkləri aparmaqdan imtina edərək oradan çıxıb getmişdir. Sürücü getdikdən sonra o, Qəzənfər və İbrahim inəkləri gizlətmək məqsədi ilə çöl sahəyə apararkən üç nəfər mülki geyimdə olan şəxslər onlara yaxınlaşaraq polis əməkdaşları olduqlarını bildirib onları İmişli rayon polis şöbəsinə dəvət etmişlər. Onlar həmin şəxslərlə birlikdə rayon polis şöbəsinə gəlmişlər. Törətmiş olduğu cinayət əməlindən səmimi peşmandır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətmiş olduqları cinayət əməli özlərinin etirafi ilə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, ekspertiza və mütəxəssis rəyləri, iş materialları və işin digər obyektiv halları ilə tam subuta yetirilmişdir. Belə ki, məhkəmədə zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərdi ki, həyətində yerləşən tövlədə 1 baş qoç, 11 baş qoyun, 4 baş quzu və 3 baş keçi olmaqla, ümumilikdə 18 baş xırda buynuzlu heyvan saxlayırmış. Həmin heyvanları səhər saatlarında mütəmadi olaraq evindən 100-200 metr aralıda yerləşən sahəyə ötürüb bir də axşam saatlarında həyətə gətirirmiş. xx xxxx 2019-cu il tarixdə saat 22 radələrində həyətdə işlərini qurtardıqdan sonra evə keçib bir qədər dincəldikdən sonra yatmışdır. Səhəri gün, yəni xx xxxx 2019-cu il tarixdə bayram ərəfəsi bazarlıq etmək üçün 1 baş qoçu və 1 baş keçini satmaq qərarına gəlmişdir. Həmin gün gecə saat 03 radələrində bayırdan səs-küy eşidib pəncərədən həyətə baxdıqda yağış yağdığını görüb çölə çıxa bilməmişdir. Saat 05 radələrində həyətə düşüb tövlənin həyətə baxan qapısını açıb içəri daxil olduqda heyvanların olmadığını, tövlənin yola tərəf olan dəmir qapısının açıq olduğunu görmüşdür. Sonra oğlu Sarvanla birlikdə əvvəlcə İmişli rayon polis şöbəsinə, oradan da İmişli rayonunda təşkil edilən mal bazarına getmişlər. Bazarda ona məxsus xırda buynuzlu heyvanları axtarsa da tapa bilməmişlər. Saat 06 radələrində onlara heyvanların evindən bir qədər aralıda tapıldığını xəbər vermişlər. Həmin yerə getdikdə ona məxsus heyvanlardan 5 baş heyvanın, o cümlədən 1 ədəd qoçun və 4 baş qoyunun olmadığını görmüşlər. O, tapılan heyvanları aparıb tövləyə salmış və sonra heyvanlarının oğurlanması barədə DİN-nin 102 xidmətinə qızı Səadət zəng edərək məlumat vermişdir. Polis əməkdaşları ondan ərizə almış və hadisə yerinə baxış keçirdikdən sonra çıxıb getmişlər. Oğurlanmış bir baş qoçun təxminən 300 manat, 4 baş qoyunun isə hər biri 200 manat dəyərində olmuşdur. Baş vermiş oğurluq nəticəsində ona cəmi 1100 manat manat maddi ziyan dəymişdir. Ona vurulmuş maddi ziyan ödənilməmişdir. Hazırda Təqsirləndirilən şəxs1 şikayətçidir. Məhkəmədə zərər çəkmiş şəxs mərhum X1 hüquqi varisi qismində tanınıb dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərdi ki, həyətlərində yerləşən tövlədə 5 baş inək və 1 baş dana olmaqla, ümumilikdə 6 baş iri buynuzlu heyvan saxlayırmışlar. Həmin heyvanları anası Nəzakət tövlədə yemləyirmiş. xx xxxxx 2019-cu il tarixdə saat 23 radələrində anası həyətdə işlərini qurtardıqdan sonra evə keçmiş və bir qədər dincəldikdən sonra yatmışdır. Səhəri gün, yəni xx xxxxx 2019-cu il tarixdə səhər saat 07 radələrində anası yuxudan oyanıb həyətə düşmüş və tövlənin qapısını açıb içəri daxil olduqda heyvanlardan 1 baş dananın yerində olmadığını görmüşdür. Anası həyətdən çölə çıxıb dananı axtarsa da tapa bilməmişdir. Bundan sonra anası qonşuluqda yaşayan qayını Səbuhi Süleymanova xəbər vermiş və sonuncu ilə birlikdə dananı axtarsalar da tapa bilməmişlər. Sonra Səbuhi bu barədə DİN-nin 102 xidmətinə zəng edib məlumat vermişdir. Polis əməkdaşları gəlib anasında ərizə almış və hadisə yerinə baxış keçirmişlər. Oğurlanmış 1 baş dananın təxminən 900 manat qiyməti olmuşdur. Baş vermiş oğurluq nəticəsində onlara cəmi 900 manat məbləğində maddi ziyan dəymişdir. Onlara vurulmuş maddi ziyan ödənilməmişdir. Hazırda Təqsirləndirilən şəxs1 şikayətçidir. Məhkəmədə zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, İmişli şəhəri, H.Aslanov küçəsində köşk işlədirmiş. Köşkdə qəzet, lotoreya, siqaret, danışıq kartları, qazlı və qazsız sular satırmış. Köşkü hər gün saat 09 radələrində açıb, saat 18 radələrində bağlayıb evinə gedirmiş. xx xxxxxx 2020-ci il tarixdə həmişə olduğu kimi saat 18 radələrində köşkü bağlayıb evinə getmişdir. Səhəri gün, yəni xx xxxxxx 2020-ci il tarixdə saat 07:20 radələrində qonşusu İbrahim ona zəng vurub iş yerində olub-olmadığını soruşmuşdur. O, İbrahimə evdə olduğunu bildirdikdə sonuncu köşkün qapısının açıq olduğunu, qapıdan içəri girildiyini və tütün məmulatlarının yerində olmadığını demişdir. Bundan sonra o, dərhal köşkə gəlmiş və qapının dəstəyinin qırıldığını görmüşdür. Köşkə daxil olduqda isə oradan müxtəlif növ 13-14 blok siqaretin, 70 manat məbləğində danışıq kartlarının və 75 manat pulun olmadığını aşkar etmişdir. Bundan sonra o, DİN-in 102 xidmətinə zəng vurub məlumat vermişdir. Köşkdən 1 blok nazik «Kent 4», 2 blok nazik «Vinçestr», 5 qutu qalın «Arqo», 5 qutu nazik “Arqo”, 12 qutu nazik “Viceroy”, 8 qutu nazik “LD”, 2 blok və 5 qutu nazik “Mançestr”, 1 blok iran istehsallı “Kent 4”, 1 blok nazik “Palmal”, 5 qutu qalın “Vest”, 5 qutu İsveçrə istehsallı “Kent 4”, 8 qutu nazik “Vinston”, 7 qutu “Compakt Vinston”, 7 qutu “Compakt Rotmans” və 2 blok “Milano” markalı siqaretlər, 30 ədəd 1 manatlıq, 5 ədəd 2 manatlıq, 5 ədəd 3 manatlıq, 2 ədəd 5 manatlıq “xxxx”ə məxsus, 5 ədəd 1 manatlıq, 5 ədəd 2 manatlıq “xxxx”ə məxsus danışıq kartları və 75 manat nəğd pul oğurlanmışdır. Ona vurulmuş maddi ziyan ödənilməmişdir. Hazırda Təqsirləndirilən şəxs1 şikayətçidir. Məhkəmədə zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, xx xxx 2020-ci il tarixdə işi ilə əlaqədar Bakı şəhərinə getmiş və xx xxxx 2020ci il tarixdə yaşadığı İmişli şəhəri, Qaradonlu küçəsi ev 19 ünvanında yerləşən evinə gəldikdə evin pəncərəsinin açıq vəziyyətdə olduğunu görmüşdür. Evə kiminsə girib oğurluq etdiyindən şübhələnib dərhal qapını açıb evə daxil olmuş və zal otağında televizor altlığının üzərində olan ona məxsus bir ədəd “Eurolux” markalı televizorun oğurlandığını aşkar etmişdir. Bundan sonra bu barədə İmişli rayon polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Həmin televizoru təxminən 4-5 il əvvəl 750 manata almışdır. Televizor 102 diaqonallı və işlək vəziyyətdə olmuşdur. Televizorun oğurlanması nəticəsində ona 750 manat maddi ziyan dəymişdir. Ona vurulmuş maddi ziyan ödənilməmişdir. Hazırda Təqsirləndirilən şəxs1 şikayətçidir. Məhkəmədə zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, şəxsi təsərrüfatında 4 baş iribuynuzlu heyvanı olmuş və həmin heyvanlar yaşadığı evin yerləşdiyi küçədə olan otluq sahədə otlayıb gecə saat 22-23 radələrində qapıya qayıdırmışlar. Heyvanlar qapıya gəldikdən sonra o, onları həyətdə olan tövləyə salaraq orada saxlayırmış. xx xxxx 2020-ci il tarixdə saat 23 radələrində qapıdan heyvanların səslərini eşidib onları tövləyə salmaq üçün küçəyə çıxmış və qapıda iki baş inəyinin qayıtmadığını görmüşdür. O, iki baş inəyi tövləyə saldıqdan sonra digər iki baş inəyi axtarmağa başlamış, lakin tapa bilmədiyi üçün bu barədə İmişli rayon polis şöbəsinə ərizə ilə müraciət etmişdir. İnəklərinin hər birinin diri halda çəkisi 400 kq, hər birinin qiyməti isə 1500 manat olmuşdur. Oğurluq nəticəsində ona cəmi 3000 manat maddi ziyan dəymişdir. Heyvanları ona qaytarıldığından təqsirləndirilən şəxslərdən heç bir şikayəti və tələbi yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, xx xxxx 2019cu il tarixdə axşam saatlarında o, tanışları Şahid2, Təqsirləndirilən şəxs1 və Şahid4la İmişli şəhərində yerləşən kafelərin birində görüşmüşdür. Söhbət əsnasında Qəzənfər onlara İmişli şəhəri, Depo deyilən yerdə Qutais adında bir qadının qoyunları olduğunu, qoyunlardan oğurlayıb mal bazarında satmaq təklifini etdikdə onlar razılaşmışlar. Sonra Azər, Mirağa və Qəzənfər İmişi rayonunun Məzrəli kəndinə getmiş və həmin gün saat 23 radələrində yenidən İmişli şəhərində görüşmüşlər. Sonra ona məxsus VAZ 21011 markalı, **-DL-*** dövlət qeydiyyat nişanlı avtomobildə bir qədər söhbət etdikdən sonra birlikdə İmişli şəhəri, Depo deyilən yerə getmişlər. Orada o, onları oğurluq edəcəkləri yerin qarşısında düşürmüş, özü isə bir qədər aralıda avtomobildə gözləmişdir. xx xxxx 2019-cu il tarixdə saat 01 radələrində Azər ona zəng edib çağırmış və o da onların çıxacağı yolun qarşısına getmişdir. Orada Azərgilin yanında bir baş quzu, bir baş toğlu və üç baş qoyun olmuşdur. Onlar qoyunlardan yarısını avtomobilin yük yerinə, yarısını da arxa oturacağa qoyduqdan sonra oradan İmişli rayonunda yerləşən mal bazarına aparmışlar. Avtomobildə yer olmadığı üçün Mirağa qabaq oturacaqda əyləşmiş, Azərlə Qəzənfər isə piyada rayon mərkəzinə getmişlər. Mal bazarına gəldikdən sonra Mirağanı avtomobildən düşürtmüş və sonuncu mal bazarına girib təxminən yarım saat sonra bazardan çıxıb ona qoyunları 600 manata satdığını demişdir. Həmin puldan 100 manatdan bir qədər çox ona pay düşmüşdür. Mirağa qoyunları satana kimi, Azər Qəzənfərlə birlikdə mal bazarının yaxınlığına gəlmişlər. Qalan pulu da Mirağa Azər və Qəzənfərlə bölüşmüşdür. Bundan sonra o, X4 kəndinə evlərinə aparıb düşürtmüş, sonra isə rayona öz yaşadığı evə qayıtmışdır. Bundan başqa, xx xxxxx 2019-cu il tarixdə axşam saatlarında o, tanışları Şahid2, Şahid6 və Təqsirləndirilən şəxs1 ilə İmişli şəhərində yerləşən kafelərin birində görüşmüşlər. Söhbət əsnasında Qəzənfər onlara İmişli rayonunun Soltanmuradlı kəndində asfalt yolun kənarındakı evdə heyvan olduğunu, gedib onları oğurlayıb satıb pul qazana biləcəklərini dedikdə onlar razılaşmışlar. xx xxxxx 2019-cu il tarixdə gecə saat 02 radələrində o, Xəyyam, Qəzənfər və Azərlə birlikdə onun idarə etdiyi Vaz 21011 markalı, **-DL-*** dövlət qeydiyyat nişanlı avtomobillə Soltanmuradlı kəndinə gedib avtomobili orada asfalt yolun kənarındakı evin yanında saxlamışlar. O, avtomobildə qalmış, Azər, Xəyyam və Qəzənfər avtomobildən düşüb betonkanaldan keçib adını sonradan bildiyi Nəzakət Süleymanovanın evinin həyətinə daxil olmuşlar. Bir müddət sonra Azər, Xəyyam və Qəzənfər bir baş erkək dana heyvanı gətirmiş və birlikdə köməkləşib dananı avtomobilin yük yerinə qoymuşlar. Sonra o, Xəyyamla avtomobillə, Azərlə Qəzənfər isə piyada İmişli rayonunda yerləşən mal bazarına getmişlər. Mal bazarında Xəyyam dananı 600 manata satmışdır. Onun payına təxminən 150 manat pul düşmüşdür. Sonra evə gəlmiş və pulu da xərcləmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, xx xxxx 2019cu il tarixdə axşam saatlarında o, tanışları Şahid3, Təqsirləndirilən şəxs1 və Şahid4la birlikdə İmişli şəhərində yerləşən kafelərin birində görüşmüşlər. Söhbət əsnasında Qəzənfər onlara İmişli şəhəri, Depo deyilən yerdə Qutais adında bir qadının qoyunları olduğunu, qoyunlardan oğurlayıb mal bazarında satmaq təklifini etdikdə onlar razılaşmışlar. Sonra o, Mirağa və Qəzənfər İmişi rayonunun Məzrəli kəndinə getmiş və həmin gün saat 23 radələrində yenidən İmişli şəhərində görüşmüşlər. Sonra Elşənə məxsus VAZ 21011 markalı, **-DL-*** dövlət qeydiyyat nişanlı avtomobildə bir qədər söhbət etdikdən sonra birlikdə İmişli şəhəri, Depo deyilən yerə getmişlər. Orada Elşən onları oğurluq edəcəkləri yerin qarşısında düşürmüş, özü isə bir qədər aralıda avtomobildə gözləmişdir. xx xxxx 2019-cu il tarixdə saat 02 radələrində o, Mirağa və Qəzənfərlə birlikdə Qutaisin həyətində yerləşən tövlənin yola tərəf olan qapısını dartıb açıb orada olan heyvanlardan bir baş qoçu və dörd baş qoyunu köməkləşib birlikdə küçəyə çıxarmışlar. Sonra o, Elşənə zəng edib çağırmış və sonuncu da onların çıxacağı yolun qarşısına gəlmişdir. Onlar qoyunlardan yarısını avtomobilin yük yerinə, yarısını da arxa oturacağa qoyduqdan sonra oradan İmişli rayonunda yerləşən mal bazarına aparmışlar. Avtomobildə yer olmadığı üçün Mirağa qabaq oturacaqda əyləşmiş və Elşənlə birlikdə İmişli rayonunda yerləşən mal bazarına, onunla Qəzənfər isə piyada rayon mərkəzinə getmişlər. Sonra isə Mirağa ilə rayon mərkəzində görüşmüş və sonuncu ona 130 manat pul vermişdir. Sonra Elşən onunla Mirağanı Məzrəli kəndinə evlərinə aparmışdır. Bundan başqa, xx xxxxx 2019-cu il tarixdə axşam saatlarında o, tanışları Şahid3, Şahid6 və Təqsirləndirilən şəxs1 ilə İmişli şəhərində yerləşən kafelərin birində görüşmüşlər. Söhbət əsnasında Qəzənfər onlara İmişli rayonunun Soltanmuradlı kəndində asfalt yolun kənarındakı evdə heyvan olduğunu, gedib onları oğurlayıb satıb pul qazana biləcəklərini dedikdə onlar razılaşmışlar. xx xxxxx 2019-cu il tarixdə gecə saat 02 radələrində o, Xəyyam, Qəzənfər və Elşənlə birlikdə sonuncunun idarə etdiyi Vaz 21011 markalı, **-DL-*** dövlət qeydiyyat nişanlı avtomobillə Soltanmuradlı kəndinə gedib avtomobili orada asfalt yolun kənarındakı evin yanında saxlamışlar. Elşən avtomobildə qalmış, o, Xəyyam və Qəzənfər avtomobildən düşüb betonkanaldan keçib adını sonradan bildiyi Nəzakət Süleymanovanın evinin həyətinə daxil olmuşlar. Həyətin işığı yanılı olsa da, evin içərisinin işıqları sönülü olmuş və onlar mümkün olduqca sakit və səssiz hərəkət etmişlər. Xəyyam onlara kimsə gələrsə xəbər vermək üçün tövlənin yanında dayanmış, o və Qəzənfər isə tövlənin qapısının qabağındakı daşı götürüb qapını açıb tövləyə daxil olub tövlədə olan bir baş erkək dana heyvanını həyətə çıxarmışlar. Onlar köməkləşib dananı həyətyanı sahəyə daxil olduqları yerdən, yəni su arxının yanındakı “şluz” adlanan yerdən yola tərəf çıxarmışlar. Sonra da birlikdə köməkləşib dananı avtomobilin yük yerinə qoymuşlar. Xəyyamla Elşən avtomobillə, o və Qəzənfər isə piyada İmişli rayonunda yerləşən mal bazarına getmişlər. Yuxarı Qaralar kəndinin giriş hissəsinin yaxınlığında Elşən və Xəyyamla görüşmüş və sonuncu dananı 600 manata satdığını demişdir. Onun payına 150 manat pul düşmüşdür. Sonra evə gəlmiş və pulu da xərcləmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 işin hallarına dair Şahid2 ifadəsinə uyğun ifadə verərək həqiqətən də xx xxxx 2019-cu il tarixdə gecə saatlarında tanışları Şahid3, Təqsirləndirilən şəxs1 və Şahid2lə birlikdə Zərərçəkmiş şəxs4 məxsus beş baş xırdabuynuzlu heyvanı qabaqcadan əlbir olan bir qrup şəxs halında oğurladıqlarını göstərmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 işin hallarına dair Şahid2 ifadəsinə uyğun ifadə verərək həqiqətən də xx xxxxx 2019-cu il tarixdə gecə saatlarında tanışları Şahid3, Təqsirləndirilən şəxs1 və Şahid2lə birlikdə Nəzakət Süleymanovaya məxsus bir baş erkək dananı qabaqcadan əlbir olan bir qrup şəxs halında oğurladıqlarını göstərmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, xx xxxx 2020ci il tarixdə saat 13 radələrində İmişli şəhəri, H.Əliyev prospektində yolla piyada gedərkən tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə rastlaşmışdır. Həmin vaxt Qəzənfərlə Umud ona tanış adamın həyətində özlərinə məxsus heyvanları olduğunu və həmin heyvanları avtomobilə mindirmək üçün onlara köməklik etməyi xahiş etdikdə o, razılaşmışdır. Bundan sonra Qəzənfər yaxınlıqda olan mağazadan kəndir almış və birlikdə taksi ilə Depo küçəsi deyilən yerə getmişlər. “Sok zavod”un yaxınlığında avtomobildən düşüb piyada sahibsiz tiklilərə tərəf getdikdə tiklilərin birinin içərisində iki baş inək olduğunu görmüşdür. Onlar Qəzənfərin aldığı ipi həmin heyvanların buynuzlarına bağlamışlar. Təxminən 1-2 dəqiqə sonra həmin yerə tanımadığı bir nəfər dövlət qeydiyyat nömrəsini xatırlamadığı “Qazel” markalı avtomobillə gəlmişdir. Qəzənfərlə Umud “Qazel”in sürücüsü ilə söhbət edərkən o, kənarda dayanıb siqaret çəkirmiş. X5 sürücüsü ilə söhbət etdikdən sonra həmin şəxs avtomobili idarə edib oradan getmişdir. O, onların nə danışdığını bilməsə də, həmin şəxsin Qəzənfər və Umudla razılaşmadığını başa düşmüşdür. Bundan sonra Qəzənfər inəkləri oradan götürüb başqa yerə aparmaq lazım olduğunu demişdir. Onlar inəkləri oradan çıxarıb «Daş körpü» deyilən yerə tərəf apararkən yanlarında avtomobil saxlamış və avtomobildən düşən şəxslərin polis əməkdaşları olduğunu və həmin vaxt Qəzənfərlə Umudun həmin inəkləri oğurladıqlarını başa düşüb qorxusundan oradan qaçmışdır. İşə əlavə edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 9/2931 saylı rəyindən görünür ki, dişi 3 aylıq, diri halda çəkisi 400 kq, ətinin çəkisi 200 kq olan bir baş iribuynuzlu heyvanın 2020-ci ilin iyun ayına olan orta bazar qiyməti - 1500 manat olmaqla iki baş iribuynuzlu heyvanın ümumi dəyəri nəzəri qaydada təxminən - 3000,00 manat müəyyən edilir. İşə əlavə edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx xxxxxxx 2020-ci il tarixli, 9/4162 saylı rəyindən görünür ki, xx xxxxxx 2020-ci il tarixə respublikadaxili orta bazar satış qiymətləri nəzəri hesablama yolu ilə təxminən aşağıdakı kimi müəyyən edilir: 1 blok nazik «Kent 4» markalı siqaret - 33,00 manat; 2 blok nazik «Vinçestr» markalı siqaret - 23,00 manat; 5 qutu qalın «Arqo» markalı siqaret - 7,50 manat; 5 qutu nazik “Arqo” markalı siqaret - 7,50 manat; 12 qutu nazik “Viceroy” markalı siqaret - 21,60 manat; 8 qutu nazik “LD” markalı siqaret - 18,4 manat; 2 blok və 5 qutu nazik “Mançestr” markalı siqaret - 37,5 manat; 1 blok iran istehsallı “Kent 4” markalı siqaret - 33,00 manat; 1 blok nazik “Palmal” markalı siqaret - 23,00 manat; 5 qutu qalın “Vest” markalı siqaret - 11,50 manat; 5 qutu İsveçrə istehsallı “Kent 4” markalı siqaret - 16,5 manat; 8 qutu nazik “Vinston” markalı siqaret - 24,80 manat; 7 qutu “Compakt Vinston” markalı siqaret - 21,70 manat; 7 qutu “Compakt Rotmans” markalı siqaret - 16,1 manat; 2 blok “Milano” markalı siqaret - 30,00 manat. İşə əlavə edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx xxxxxxx 2020-ci il tarixli, 9/4163 saylı rəyindən görünür ki, 01 ədəd «Eurolux» markalı, 102 dioqanallı televizorun istifadə olunması nəzərə alınmaqla 2020-ci ilin may-iyun aylarına olan orta bazar qiyməti nəzəri qaydada təxminən - 250,00 manat müəyyən olunur. İşə əlavə edilmiş “xxxx” MMC-nin xx xxxxxxx 2020-ci il tarixli mütəxəssis rəyinə əsasən 2019-cu ilin mart ayına çəkisi 20 kq olan bir baş qoçun orta bazar qiyməti - 300 manat, çəkisi 14 kq bir baş qoyunun orta bazar qiyməti - 200 manat olmaqla, dörd baş qoyunun ümumilikdə orta bazar qiyməti - 800 manat, bir baş çəkisi 80 kq olan dananın orta bazar qiyməti - 900 manat olmuşdur. Beləliklə də şərh edilən sübutları məcmu üzrə qiymətləndirərək məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində, Təqsirləndirilən şəxs2 isə Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsində nəzərdə tutulan ictimai təhlükəli əməli törətməkdə təqsirlilikləri təsdiq edildi və onlar istinad edilən cinayət qanununun həmin maddələrinin sanksiyası həddində cəzalandırılmalıdırlar. Cəza məsələsi müzakirə edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsləri səciyyələndirən məlumatlar, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər Bakı şəhər Yasamal Rayon Məhkəməsinin xx xxxxx 2011-ci il tarixli hökmü ilə AR CM-nin 177.2.1, 177.2.3 və 326.2-ci maddələri ilə təqsirli bilinib CM-nin 66.3-cü maddəsinə əsasən qəti olaraq 3 (üç) il müddətə azadlıqdan məhrum etmə və 100 manat cərimə cəzasına məhkum edilmiş, CM-nin 70-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzası 1 (bir) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilmiş, İmişli Rayon Məhkəməsinin xx xxxxxx 2011-ci il tarixli hökmü ilə AR CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 70-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzası 1 (bir) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2012-ci il tarixli hökmü ilə AR CM-nin 170.1 və 177.3.3-cü maddələri ilə təqsirli bilinib, CM-nin 170.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə, CMnin 177.3.3-cü maddəsi ilə 7 (yeddi) il müddətə, CM-nin 66.3-cü maddəsinə əsasən qəti olaraq 8 (səkkiz) il müddətə, CM-nin 71.5 və 67-ci maddələrinə əsasən qəti olaraq 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə və 100 manat cərimə cəzasına məhkum edilmiş, Şirvan Apelyasiya Məhkəməsinin xx xxxx 2013-cü il tarixli Qərarı ilə CMnin 177.3.3-cü maddəsi ilə tövsif edilmiş əməlləri CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinə tövsif edilməklə 5 (beş) il müddətə, CM-nin 66.3-cü maddəsinə əsasən 6 (altı) il müddətə, CM-nin 67.1 və 67.4-cü maddələrinə əsasən üzərində qəti olaraq 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə və 100 manat cərimə cəzası saxlanılmış, Salyan Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli Qərarı ilə AR CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə tövsif edilərək AR CM-nin 177.2.1 və 177.2.3-cü maddələrinə tövsif edilmiş AR CM-nin 66.3, 67.1 və 67.4-cü maddələri tətbiq edilməklə qəti olaraq 6 (altı) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə və 100 manat cərimə cəzası təyin edilmiş, xx xxxxxxx 2018-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş və qanunvericiliklə məhkumluq ödənilmədən yenidən qəsdən az ağır cinayət törətmiş və bununla da cinayətlərin residivini yaratmışdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər Biləsuvar Rayon Məhkəməsinin xx xxxxxx 2016-ci il tarixli hökmü ilə AR CM-nin 206.2 və 234.1-ci maddələri ilə təqsirli bilinib, CM-nin 206.2-ci maddəsi ilə 3 (üç) il 6 (altı) ay müddətə, CMnin 234.1-ci maddəsi ilə 2 (iki) il müddətə, CM-nin 66.3-cü maddəsinə əsasən qəti olaraq 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş və qanunvericiliklə məhkumluq ödənilmədən yenidən qəsdən az ağır cinayət törətmiş və bununla da cinayətlərin residivini yaratmışdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ittiham olunduqları maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli və AR CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzalarını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərini etiraf edib səmimi peşmançılıq çəkmələrini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkumluqları qanunla müəyyən edilmiş qaydada ödənilmədən yenidən qəsdən az ağır cinayət törətməklə cinayətlərin residivini yaratmasını cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. İşə əlavə edilmiş İmişli rayon İcra və Probasiya şöbəsinin xx xxxxx 2021-ci il tarixli, 487 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 Bakı şəhər Yasamal Rayon Məhkəməsinin xx xxxxx 2011-ci il tarixli hökmü ilə AR CM-nin 326.2-ci madəsi ilə təyin edilmiş 100 manat cərimə cəzası hissəsində icra etməmişdir. Məhkəmə hesab edir ki, əvvəllər Bakı şəhər Yasamal Rayon Məhkəməsinin xx xxxxx 2011-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 AR CM-nin 326.2-ci maddəsi ilə təyin edilmiş çəkilməmiş qalan 100 manat cərimə cəzası AR CM-nin 66.4-cü maddəsinə əsasən hazırkı təyin olunmuş cəza ilə birləşdirilməli və ona qəti cəza təyin edilməlidir. AR CM-nin 68.2-ci maddəsinə əsasən təyin edilmiş cərimə cəzası müstəqil icra edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs5 vurulan maddi zərərlə əlaqədar olaraq məhkəmədə mülki mühakimə icraatı qaydasında iddia qaldırmaq hüququ izah edilməlidir. Məhkəmə eləcə də hesab edir ki, iki baş inəyin sahibi zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınmalıdır. İş üzrə ekspertiza tədqiqatlarına sərf edilmiş 150 (bir yüz əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada dövlət nəfinə tutulmalıdır. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 354, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Əvvəllər Bakı şəhər Yasamal Rayon Məhkəməsinin xx xxxxx 2011-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 AR CM-nin 326.2-ci maddəsi ilə təyin edilmiş çəkilməmiş qalan 100 manat cərimə cəzası AR CM-nin 66.4-cü maddəsinə əsasən hazırkı təyin olunmuş cəza ilə birləşdirilsin və üzərində qəti olaraq 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası və 100 manat cərimə cəzası saxlanılsın. AR CM-nin 68.2-ci maddəsinə əsasən təyin edilmiş cərimə cəzası müstəqil icra edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli həbsə alındığı gündən, yəni xx xxxx 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək həbsdə olduğu 2 (iki) gün təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli həbsə alındığı gündən, yəni xx xxxxx 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilib məhkəmə iclas zalından dərhal həbsə alınsın. Ekspertiza tədqiqatlarına sərf edilmiş 150 (bir yüz əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada dövlət nəfinə tutulsun. Zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs5 vurulan maddi zərərlə əlaqədar olaraq məhkəmədə mülki mühakimə icraatı qaydasında iddia qaldırmaq hüququ izah edilsin. İki baş inəyin sahibi zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınsın. İş üzrə mülki iddia yoxdur. Hökmdən 20 gün müddətinə İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən: Qurban Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar