Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 1(036)-19/2023 10.01.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs, Barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq olunması barədə iş üzrə icraat aparılan şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə və müdafiəçisi Müdafiəçi iştirakları ilə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə cinayət məsuliyyətinə səbəb olan əməli anlaqsız vəziyyətdə törətmiş Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi barədə materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üçün məhkəməyə verilmişdir ona görə ki, o, 15 iyul 2022-ci il tarixdə saat 22 radələrində İmişli şəhəri, Araz küçəsində alkoqol sərxoşluğu vəziyyətində idarə etdiyi “Vaz-2107” markalı, **- DU-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən ədavət apardığı qonşusu Zərərçəkmiş şəxs Şahid2 ilə qarşıda onunla eyni istiqamətdə yolun sağ kənarı ilə piyada hərəkət etdiyini görüb, sonuncunun da sağlamlığı üçün real təhlükənin yaranacağına məhəl qoymayaraq qisas almaq niyyəti ilə avtomobili qəsdən Zərərçəkmiş şəxs üzərinə sürüb, ümumi təhlükəli üsulla avtomobilin sağ yan tərəfi ilə sonuncunu vurub ona sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərər vurmaya aid xəsarət yetirmişdir. Məhkəmədə barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq olunması barədə iş üzrə icraat aparılan şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə ifadəsində göstərdi ki, 2021-ci ilin yanvar ayından 22 iyul 2022-ci il tarixədək müddətli hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən qayıtdıqdan sonra atası Çingizlə qonşuları Elşənlə aralarında mütəmadi olaraq mübahisələri olduğunu bilmişdir. Sonuncu dəfə, yəni 15 iyul 2022-ci il tarixdə baş verən hadisəni atası Çingiz özü ona danışmışdır. Belə ki, həmin tarixdə atası Çingiz idarə etdiyi **-DU-*** dövlət qeydiyyat nişanlı “VAZ-2107”markalı avtomobillə qonşuları Elşəni vurub xəsarət yetirmişdir. Atası Çingiz mütəmadi olaraq spirtli içkilər qəbul edib evdə münaqişə yaradırmış. Münaqişə zamanı onu, qardaşını və anasını öldürməklə hədələyirmiş. Atası anası Güllər Xəlilovanı mütəmadi olaraq qorxu altında saxlayırmış. O da anasını və ailəsini qorumaq məqsədilə anası Gülləri İmişli rayonunun Otuziki kəndində olan baba evinə aparmışdır. Atası Çingiz avtomobillə Elşənə xəsarət yetirdiyi üçün barəsində İmişli rayon polis şöbəsində cinayət işi başlanılmış, barəsində məhkəməpsixiatrik ekspertizası keçirilmiş və ekspertizanın rəyinə əsasən atası anlaqsız hesab olunmuşdur. Hal-hazırda atası Respublika Psixiatriya Mərkəzində stasionar müalicədədir. Məhkəmədə zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxsla bir küçədə yaşamaqla qonşudur. Bir neçə il olardı ki, Çingizlə münasibətləri pozulmuşdur. Belə ki, Çingiz arabir alt paltarında küçəyə çıxdığından o, dəfələrlə ona xəbərdarlıq etmiş, lakin sonuncu onun sözlərinə heç bir əhəmiyyət verməyib hərəkətlərini davam etdirirmiş. Çingiz küçədə alt paltarında gəzərkən onun ailəsi çölə çıxa bilmirmiş. Çingiz bir neçə dəfə idarə etdiyi “VAZ-2107” markalı, **- DU-*** dövlət qeydiyyat nişanlı avtomobili onun üzərinə sürərək həyat və sağlamlığı üçün təhlükə yaratdığından o, dəfələrlə ona iradlarını bildirmişdir. 15 iyul 2022-ci il tarixdə saat 21 radələrində yaşadığı küçədə mağazanın qarşısında olan zaman qonşuları Şahid2 da mağazanın qarşısında olmuş və onlar birlikdə söhbət edə-edə yollarına davam etmişlər. Küçə ilə gedərkən o, yolun sağ tərəfi ilə, Şahid2 isə ondan qabaqda gedirmiş. Aralarında çox az məsafə olmuşdur. Həmin vaxt o, hansısa maşının aşağı sürətlə küçəyə tərəf dönməsinin səsini eşitmişdir. Sonradan həmin maşının səsi yavaş-yavaş artmağa başlamışdır. O, sürücünün kim olduğunu müəyyən etmək üçün arxaya tərəf çevrilib baxmaq istəyərkən, çevrilməyə macal tapmamış maşın onu arxadan vurmuşdur. O, maşının altında qalacağını hiss edib sağ ayağı ilə yerə təkan verib özünü qaldırıb maşının üst örtüyünün üzərinə atmışdır. Maşın hərəkət etdiyindən o, üst örtüyün üzərindən sürüşüb Şahid2 dəymiş və oradan da yolun kənarında kolluq sahənin qurtaracağında olan tikanlı bərəyə düşmüşdür. Bu zaman başı orada olan qaz borusuna dəymişdir. Həmin vaxt o, özünü itirdiyindən bundan sonra hadisə yerində nələrin baş verdiyini bilməmişdir. O, bir də təcili-tibbi yardım maşınında ayılmışdır. Xəstəxanada müalicə alarkən hadisənin qonşusu Çingiz tərəfindən törədildiyini bilmişdir. Hazırda Təqsirləndirilən şəxs psixi xəstəliyni və müalicə olunduğunu nəzərə alıb ondan heç bir şikayəti və tələbi yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 15 iyul 2022ci il tarixdə saat 22 radələrində əmisioğlu Nurlan ona zəng edərək atası Çingizin maşınla qonşusu Elşəni vurduğunu demişdir. O, küçəyə çıxmış və orada olan qonşularından Elşəni təcili-tibbi yardımla xəstəxanaya aparıldığını öyrənmişdir. Bundan sonra o, evlərinə tərəf getmiş və bu vaxt atası Çingiz idarə etdiyi ”VAZ-2107” markalı, **-DU-*** dövlət qeydiyyat nişanlı avtomobillə gəlmiş və ona çatarkən maşına oturmasını demişdir. O, maşına əyləşmiş və onlar birlikdə İmişli rayonunun Qaralar kəndinin girişinə tərəf getmişlər. Həmin vaxt o, atasının maşınının alın şüşəsinin sındığını görmüşdür. O, atasından nə baş verdiyini soruşduqda atası qonşuları Elşəni maşınla vurduğunu bildirmişdir. O, atasına hadisə barədə polis şöbəsinə məlumat verməsini demiş və onlar geri qayıdarkən polis əməkdaşları atasını saxlatdırmışlar. Polis əməkdaşları atasını polis şöbəsinə aparmış, o isə taksiyə minib evlərinə qayıtmışdır. İşdə olan məhkəmə-tibbi ekspertizanın 14 sentyabr 2022-ci il tarixli, 588 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər - sol gözün bayır bucaq nahiyəsində yara, sol almacıq sümüyünün yerdəyişmiş sınığı, sol diz oynağının əziyi, baş-beyin silkələnməsi halında qapalı kəllə-beyin travması bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən vaxtda və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə avtoqəza nəticəsində əmələ gələ bilərdi. Qeyd edilən xəsarətlər dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilir. İşdə olan kompleks stasionar məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizanın 6 oktyabr 2022-ci il tarixli, 124 saylı rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda “Sayıqlama pozuntusu” (psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışında kodu F 22.0) müəyyən edilir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs aşkarlanan psixi patologiya –“Sayıqlama pozuntusu” tezliklə qüvvəyə minəcək klassifikatorda - psixi, davranış və yaxud neyroinkişaf pozuntularının 11-ci baxışında “Sayıqlama pozuntusu” rubrikasında 6A24.0 kodu altında “Sayıqlama pozuntusu, hal-hazırda simptomatik” olaraq qeyd edilir. Aparılmış eksperimental-psixoloji müayinə gedişində idrak proseslərinin tədqiqi zamanı diqqətində dayanıqsızlıq (tez yayınıb, gec mərkəzləşməsi), qavrama prosesində lənglik, təfəkküründə ilişkənlik, simvolizim qeyd olunur. Hadisə barəsində söylədikləri arqumentlərində məntiqi ardıcıllığın pozulduğu, subyektiv fikirlər söyləməsi, fikirlərinin korreksiya olunmaması, tutarlı faktlar təqdim edə bilməməsi, hiss etdikləri ilə sübuta yetirməyə çalışması, özünü və ətrafdakıları buna inandırmağa çalışması, gərgin və sıxıntılı olması aşkar edilir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət əməlini törətməmişdən əvvəl və törədərkən “Sayıqlama pozuntusu” formasında psixi patologiyadan əziyyət çəkmişdir. Belə ki, o, hal-hazırda da sayıqlama fikirlərinin təsiri altında olduğu və keçən müddət ərzində heç bir müalicə almadığı üçün psixi vəziyyətinin kəskinləşdiyi, sayıqlama fikirlərinin hələ də davam etdiyi müəyyən edilir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən əziyyət çəkdiyi sayıqlama pozuntusu hal-hazırda da davam edir. Buna görə də Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında deyildir. Təqsirləndirilən şəxs əziyyət çəkdiyi sayıqlama pozuntusu çərçivəsində təzahür edən əlamətlərin hal-hazırda davam etdiyi üçün onun stasionar şəraitdə məcburi müalicə edilməsinə ehtiyac yarandığı müəyyənləşir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 95.0.2-ci maddəsinə uyğun olaraq ümumi tipli psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi məsləhət görülür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini sayıqlama fikirlərinin təsiri altında törətdiyi üçün öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmamışdır. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli barəsində anlaqsız hesab edilməlidir. Onun əməli Azərbaycan Respublikası CM-in 21.1-ci maddəsinin təsiri altına düşür. Təqsirləndirilən şəxs hal-hazırki psixi vəziyyətinə görə özü və ətrafdakılar üçün sosial təhlükə kəsb edir. Çünki onda sayıqlama pozuntusu çərçivəsində təzahür edən əlamətlər hal-hazırda da davam edir. Təqsirləndirilən şəxs hal-hazırki psixi durumu onunla istintaq hərəkətlərinin aparılmasına imkan vermir. Belə ki, Təqsirləndirilən şəxs cinayət hadisəsini və iş üçün əhəmiyyət kəsb edən halları, etdiyi hərəkətləri düzgün qavramaq və təsvir etmək, hərəkətlərinin məsuliyyətini dərk etmək, onlara cavab vermək və rəhbərlik etmək, həmçinin öz prosessual hüquq və vəzifələrini şəxsən həyata keçirmək və onları lazımi səviyyədə yerinə yetirmək, digər məhkəmə-istintaq hərəkətlərində iştirak etmək qabiliyyətinə malik deyil. Təqsirləndirilən şəxs əqli-intellektual imkanlarında- diqqətində dayanıqsızlıq (tez yayınıb, gec mərkəzləşməsi), qavrama prosesinin bir qədər ləng olması, təfəkküründə ilişkənlik, simvolizim, yaddaş proseslərinin isə kifayət qədər aktiv olduğu aşkar olunur. Psixi-emosional vəziyyətində gərginlik, narahatlıq, sıxıntı, əhval-ruhiyyənin bir qədər enməsi, xarakterik xüsusiyyətlərində şübhəlilik, eqosentrizm, inamsızlıq müəyyən edilir. Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman psixi-emosional vəziyyətində emosional oyanıqlıq yaranmış, həmin halın yaranması Elşən adlı şəxsin həyat yoldaşı ilə əlaqəsinin olması düşüncələri, şübhələri, qısqanclıq fikirləri ilə əlaqədar olmuşdur. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır. İmişli Rayon Məhkəməsinin 25 noyabr 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində xüsusi tibbi müəssisəyə (psixiatrik stasionara) yerləşdirmə təhlükəsizlik tədbiri tətbiq olunmuşdur. Məhkəmə baxışı zamanı aydın olmuşdur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 127.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmiş, cinayət əməlini törədən zaman öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmamış, törətdiyi cinayət əməli barəsində anlaqsız hesab edilmiş, əməli Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsinin təsiri altına düşdüyündən ona Azərbaycan Respublikası CM-nin 95.0.2-ci maddəsinə uyğun olaraq ümumi tipli psixiatriya stasionarında məcburi şəklində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməlidir. Azərbaycan Respublikası CM-nın 21.1-ci maddəsində qeyd olunmuşdur ki, ictimai təhlükəli əməli (hərəkət və ya hərəkətsizliyi) törətdiyi zaman anlaqsız vəziyyətdə olmuş, yəni xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik nəticəsində öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etməyən və ya onu idarə edə bilməyən şəxs cinayət məsuliyyətinə cəlb edilmir. 21.2. Anlaqsız vəziyyətdə ictimai təhlükəli əməl (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs barəsində məhkəmə tərəfindən bu Məcəllə ilə nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər. 21.3. Anlaqlı vəziyyətdə cinayət törətmiş, lakin məhkəmə tərəfindən hökm çıxarılanadək psixi xəstəliyə tutulmuş və bunun nəticəsində öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və ya həmin əməli idarə etmək imkanından məhrum olmuş şəxs barəsində məhkəmə tərəfindən bu Məcəllə ilə nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər.Həmin Məcəllənin 95.0-cı maddəsində qeyd olunmuşdur ki, məhkəmə psixi pozuntusu olan şəxslərə aşağıdakı tibbi xarakterli məcburi tədbirləri təyin edə bilər:http://frameworks.eqanun.az/46/f_46947.html 95.0.1. məcburi ambulatoriya müşahidəsi və psixiatr müalicəsi; 95.0.2. ümumi tipli psixiatriya stasionarlarında məcburi müalicə; 95.0.3. ixtisaslaşdırılmış psixiatriya stasionarlarında məcburi müalicə; 95.0.4. ixtisaslaşdırılmış psixiatriya stasionarlarında intensiv müşahidə altında məcburi müalicə. Azərbaycan Respublikası CPM-nın 348.2-ci maddəsində qeyd olunmuşdur ki, aşağıdakı hallarda məhkəmə baxışının nəticələrinə dair məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbirlərdən birinin tətbiq edilməsi barədə qərar çıxarır: 348.2.1. əməlin törədilməsi zamanı təqsirləndirilən şəxs anlaqsız vəziyyətdə olduqda; Azərbaycan Respublikası CPM-nın 477.1-ci maddəsində qeyd olunmuşdur ki, məhkəmə istintaqı cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin zəruriliyi barədə dövlət ittihamçısının məruzəsi ilə başlanır. Sonra məhkəmə cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutları tədqiq edir və barəsində icraat aparıldığı şəxsin müdafiəçisini və qanuni nümayəndəsini, habelə dövlət ittihamçısının fikrini dinləyir. Daha sonra qərarın çıxarılması üçün məhkəmə müşavirə otağına gedir. 477.2. Qərar çıxararkən məhkəmə aşağıdakı məsələləri həll etməlidir: 477.2.1. ictimai təhlükəli əməlin törədildiyini; 477.2.2. həmin əməlin barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə icraatın aparıldığı şəxs tərəfindən törədildiyini; 477.2.3. əməlin anlaqsız vəziyyətdə törədildiyini və həmin şəxsin məhkəmə baxışı zamanı həmin vəziyyətdə olmasını; 477.2.4. şəxsin barəsində tibbi xarakterli məcburi tədbirlərin və məhz hansının tətbiq edilməsinə ehtiyac olduğunu. 477.3. Şəxs tərəfindən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin anlaqsız vəziyyətdə törədilməsini sübuta yetirilmiş hesab etdikdə, məhkəmə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi və barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi barədə qərar çıxarır. 477.4. Şəxs ictimai təhlükəli olmadıqda və onun tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyacı olmadıqda, məhkəmə iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Məhkəmə şəxsin əməli törətdiyi anda anlaqsız olması, baxışı zamanı sağaldığı halda da məhkəmə iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CM-nin 21 və 95-ci maddələri, Azərbaycan Respublikası CPM-nin 348 və 477-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Cinayət törədən zaman və hal-hazırda anlaqsız vəziyyətdə olan xx xxxxxx 1972-ci il tarixdə İmişli şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, işsiz, ailəli, orta təhsilli, əvvəllər məhkum olunmamış, İmişli şəhəri, Araz küçəsi ev 60 ünvanında qeydiyyatda olmaqla yaşamış Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə olan cinayət işi üzrə ümumi tipli psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində İmişli rayon məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən: Qurban Hacıyev
Məhkəmə qərarları › İş №1(036)-19/2023
İmişli Rayon Məhkəməsi Qərar — İş №1(036)-19/2023
10.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver