Azərbaycan Respublikası adından HÖKM İmişli rayonu İş № 1(036)-19/2025 20.08.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi, Xüsusi ittihamçı Atakişizadə Nicat Vahid oğlunun nümayəndəsi və vəkili Bakı şəhər “Sirus” vəkil bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs X3 və onun müdafiəçisi Bakı şəhər 14 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1995-ci il tarixdə İmişli şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, İmişli şəhəri, P.Həsənov küçəsi ev 176 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, X7 küçəsi 23B ünvanda yaşayan X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Atakişizadə Nicat Vahid oğlu xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi və həmin maddənin sanksiyası həddində cəzalandırılması barədə ittiham hökmü çıxarılmasını xahiş etmişdir. Xüsusi ittihamçı Atakişizadə Nicat Vahid oğlu şikayətini onunla əsaslandırmışdır ki, ailəlilidir, himayəmdə iki azyaşlı övladı var. Ali təhsilli olmaqla uzun müddətdir ki, "xxxx" MMC-də Baş energetik vəzifəsində işləyir. İşlədiyi cəmiyyət və kollektiv arasında yüksək nüfuz və hörmət qazanmışdır. Yaşadığı yerdə də müsbət xarakterizə edilir. Bir müddət əvvəl X3 ilə tanış olaraq onunla münasibətdə olmuşdur. Aysel onun ailəli olduğunu bildiyi halda onunla münasibəti davam etdirməyə könüllü razılıq vermişdir. Sonradan ailəli olduğundan atdığı addımın doğru olmadığını başa düşüb Ayselə münasibəti sonlandırmağı və qarşılıqlı hörmət çərçivəsində ayrılmalı olduqlarını bildirmişdir. Aysel isə onun bu təklifindən sonra ondan 2000 (iki min) manat məbləğdə pul tələb etmiş və yalnız bundan sonra ayrılacağını bildirmişdir. O, Ayselə 2000 deyil, 1000 verə biləcəyini bildirsə də, Aysel bununla razılaşmamışdır. Daha sonra təxminən cari ilin mart ayından Aysel özünə xəsarət yetirməklə, körpüdən ataraq öldürəcəyi ilə müxtəlif vaxtlarda buna hətta cəhd edərək onu hədələmiş, ondan ailəsindən boşanaraq onunla evlənməsini tələb etmiş, əks halda isə bu hərəkətlərini davam etdirəcəyini bildirmişdir. Hətta avqust ayında Aysel onun qolunu “rezak” adlanan kəsici alət ilə kəsərək sağlamlığına xəsarət yetirmişdir. Ayselin bu hərəkətləri barədə Bakı şəhəri Abşeron RPİ, Sabunçu RPİ, Nizami Rayon Prokurorluq orqanlarında araşdırma aparılmışdır. Sentyabr ayında isə Aysel Abdullayeva onun iş yerinə gələrək çəkic ilə ona məxsus avtomobilin şüşələrini qırmış, avtomobilə cızıqlar ataraq qəsdən əmlakına zərər yetirmişdir. Aysel Abdullayeva ilə yuxarıda adı çəkilən hüquq-mühafizə orqanlarında profilaktik söhbət aparılaraq ona qanunsuz əməllərinə son qoyması barədə dəfələrlə xəbərdarlıq edilmişdir. Bütün bunlara baxmayaraq, Aysel nəinki nəticə çıxarmaq, əksinə qanunsuz hərəkətlərini davam etdirərək “Tik-Tok” və “İnstagram” sosial şəbəkələrində saxta istifadəçi adları ilə hesab açaraq ona məxsus foto və video görüntüləri paylaşmaqla yanaşı, şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaqla təhqir etmişdir. Bununla yanaşı Aysel Abdullayevanın onun azyaşlı övladının şəklini saxta profil hesabına yerləşdirməsi, şəkil və videolarını aşkar şəkildə kütləvi nümayiş etdirməklə təhqir etməsi, onda ağır psixoloji və emosional iztiraba səbəb olmuşdur. A.Abdullayevanın “Tik-Tok” və “İnstagram” sosial şəbəkələrində saxta istifadəçi adları ilə açdığı hesablardan paylaşdığı şəkil və videoların üzərinə yazdığı mətnlərin kontekstindən təhqir edilməsi aşkardır. Belə ki, A.Abdullayeva 15 sentyabr 2024-cü il tarixindən etibarən “Tik-Tok” sosial platformasında “peysernicat_peyser89_n89" və "peysərəm mən” adı ilə profillər açaraq onun şəkllərini paylaşaraq şəkillərin üzərinə “mən özüm sevgilimi axtarıram, seçirəm (harda c....n, alçağı, mamauşağı, yalançı, şərəfsizi var onu əlimlə qoymuş kimi seçirəm)” “insafa gəl, vicdana gəl, arada vaxt elə qeyrətə gəl”, “peysəri tanıyın” və “şərəfsizəm mən” yazılarını qeyd etmişdir. Həmin paylaşmalara minlərlə baxış var və bu say hər gün artmaqdadır. Aysel Abdullayeva təkcə onu deyil ailə üzvləri - atası, həyat yoldaşı və digər qohumları haqqında da nalayiq və təhqiramiz ifadələr yazmaqla onları da narahat etməkdədir. Aysel Abdullayeva bu kimi hərəkətləri ilə, yəni onun şərəf və ləyaqətini ləkələyən, işgüzar nüfuzuna xələl gətirən və həqiqətə uyğun olmayan məlumatları internet informasiya ehtiyatlarında yaymaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Ona görə də o, həmin maddə ilə cinayət məsuliyyətinə cəlb edilməlidir. Əvvəl keçirilmiş məhkəmə iclasında xüsusi ittihamçı Atakişizadə Nicat Vahid oğlu şikayətin məzmununa uyğun ifadə verərək X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında xüsusi ittihamçı Atakişizadə Nicat Vahid oğlunun nümayəndəsi və vəkili Bakı şəhər “Sirus” vəkil bürosunun vəkili Müdafiəçi1 şikayəti müdafiə edərək çıxışında göstərmişdir ki, təqsirləndirilən şəxs X3 15 sentyabr 2024-cü il tarixindən etibarən internet informasiya ehtiyatlarında, “Tik-Tok” və “İnstagram” adlı sosial şəbəkələrdə saxta istifadəçi profilləri yaradaraq həmin profillər vasitəsilə Atakişizadə Nicat Vahid oğlunu əvvəllər aralarında olmuş münasibəti bitirdiyi üçün, qisas almaq niyyətilə Atakişizadə Nicat Vahid oğluna və onun ailə üzvlərinə məxsus fotoşəkillərin üzərilərinə nalayiq və təhqiredici ifadələr yazmaqla paylaşıb (kütləvi nümayiş etdirib) sonuncunun şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs X3 barəsində verilmiş xüsusi ittiham qaydasında şikayəti qəbul etməyərək izahatında göstərdi ki, xüsusi ittihamçı Atakişizadə Nicat Vahid oğlu ailəli ola-ola özünü ona boşanmış və subay kimi tanıdaraq onunla münasibət qurmaq istəmiş, o da Nicata inanmış və sevgi münasibətində olmuşlar. 2025-ci ilin avqust ayında isə ona ailəli olduğunu və ayrılmaq qərarına gəldiyini bildirmişdir. O, Nicatın bu sözünə inanmayıb onun qardaşı ilə “İnstagram” sosial şəbəkəsi vasitəsilə əlaqə saxlamış, qardaşı da Nicatın ailəli olduğunu və hətta iki uşağının olduğunu təsdiqləmişdir. O, Nicatın onu aldatmasına əsəbiləşib onun iş yerinə gedərək avtomobilinin şüşələrini sındırmış, hətta intihar etməyə cəhd etmişdir. Nicatın bu hərəkətləri nəticəsində onun psixologiyası pozulmuş və müalicə almışdır. Aralarında yaranmış mübahisədən sonra Nicat ondan birlikdə gəzintidə olarkən çəkdirdikləri şəkilləri sosial şəbəkədən silməsini istəmiş, o da həmin şəkilləri silmişdir. Həmin şəkilləri o, Nicatla yaxın münasibətləri olduğu zaman şəxsi “Tik-Tok” hesabında musiqili video şəklində paylaşmış və şəkillərin üzərində və ya altında hər hansı təhqiredici və ya şəxsin şərəf və ləyaqətini nalayiq formada alçaldan yazılar yazmamışdır. Münasibətləri pozulduqdan sonra isə Nicatın istəyi ilə silmişdir. Nicat onun intihara cəhd etdiyi üçün və Nicatın bunun məsuliyyətinin onun üzərində qalacağını bildiyi üçün, habelə evli ola-ola onunla münasibət qurduğunu onun ailəsinə və tanışlarına deyib onu biyabır edəcəyini dediyi üçün planlı şəkildə ona oyun qurmuşdur. Nicat ondan əvvəl başqa bir xanıma qarşı da bu kimi hərəktələr etmişdir. Ona görə də güman edir ki, Nicat özünü təmizə çıxarmaq və ondan yaxa qurtarmaq üçün özü saxta profillər yaradaraq paylaşımlar edib bunları onun üzərinə yıxır. Halbuki onun özünə məxsus bir “İnstagram” və bir “Tik-Tok” hesabı vardır və o, həmin hesabda Nicatın şərəf və ləyaqətini nalayiq formada alçaldan yazılar və ya şəkillər paylaşmamışdır. Nicatın şərəf və ləyaqətini nalayiq formada alçaldan paylaşımların edildiyi sosial şəbəkə profilləri ona məxsus deyildir. Odur ki, şikayəti əsassız hesab edir və barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi2 çıxışında bildirmişdir ki, xüsusi ittihamçı Atakişizadə Nicat Vahid oğlu sosial şəbəkələrdə X3 tərəfindən təhqir olunmamış və ya şərəf və ləyaqəti hər hansı formada alçaldılmamışdır. Belə ki, hazırda internet resurslarının sürətli şəkildə inkişafı dövrü olmaqla bütün sosial şəbəkələrdə istənilən şəxs tərəfindən saxta profillər yaradılması mümkündür. Hazırdı vəziyyətdə isə xüsusi ittihamçının təhqir olunduğu paylaşımlar edən profillərin təqsirləndirilən şəxs A.Abdullayevaya məxsus olması heç bir halda təsdiq olunmur. İttiham tərəfi irəli sürmüş olduğu ittihamın əsası kimi xüsusi ittihamçı ilə təqsirləndirilən şəxs arasında olan “Whatsapp” yaşımalarına söykənmişdir. Hansı ki, həmin yazışmalar tərəflər arasında olan şəxsi münasibətlər zəminində emosional gərginlik formundan yazılmışdır, həmin yazışmalarda A.Abdullayevanın xüsusi ittihamçı barəsində sosial şəbəkələrdə təhqiredici paylaşımlar etməsini təsdiq etmir və həmin yazışmalar ittihamı təsdiq edən sübut kimi qəbul edilə bilməz. Məkhəmə iclasında dindirilmiş şahidlər isə yalnız sosial şəbəkələrdə Nicat Atakişizadənin təhqir olunduğu paylaşımları gördüklərini bildirmişlər, onların ifarədələri sözü gedən istifadəçi profillərinin təqsirləndirilən şəxs tərəfindən yaradılmasını və ya təhqiredici məlumatların onun tərəfindən paylaşılmasını təsdiq etmir. Qeyd olunanlara əsasən şikayəti əsassız hesab edir və təqsirləndirilən şəxs barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, Atakişizadə Nicat Vahid oğlu onun iş yoldaşıdır. Nicatın yaxın münasibətdə olduğu Aysel adlı xanım onların iş yerinə gələrək şirkətə məxsus avtomobilin şüşələrini sındırmışdır. Bundan əlavə Aysel “Tik-Tok” sosial şəbəkəsində ona mesaj yazaraq Nicatın onunla əlaqə saxlamasını, əks halda pis olacağını Nicata bildirməsini istəmişdir. “Tik-Tok” sosial şəbəkəsində Nicatın ailəsinə və uşağına qarşı təhqiredici və onun şərəf və ləyaqətini nalayiq formada alçaldan paylaşımlar olduğunu görmüşdür. Ayselin şəxsi mesajlarda Nicatın barəsində işlətdiyi nalayiq ifadələrə görə və həmçinin Nicatın Ayseldən başqa xanımla mübahisəsinin olmamadığını bildiyinə görə əmin olmasa da, güman edir ki, həmin paylaşımlar Aysel tərəfindən paylaşılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, o, “Tik-Tok” sosial şəbəkəsində olarkən orada “User” adlı istifadəçi adından iş yoldaşı Nicatın özünə, ailəsinə, uşağına və hətta bibisi qızına qarşı şərəf və ləyaqəti nalayiq formada alçaldan paylaşım olduğunu görmüş və həmin paylaşımın şərh bölməsinə Nicatın onun ifadə etdiyi tərzdə bir insan olmadığını, Nicatın çox yaxşı bir insan olduğunu və Nicat barəsində bu tərz paylaşım etməyə haqqı olmadığını yazmışdır. Bundan bir qədər sonra həmin paylaşımı edən şəxs onun şərhinə cavab olaraq ona qarşı çox nalayiq ifadələr qeyd etmişdir. O, bu təhqirə necə cavab verəcəyini düşünənədək şəxs onu qara siyahıya əlavə edərək (bloklayaraq) onun şərhə cavab vermək hüququnu məhdudlaşdırmış və o, həmin şəxsin təhqirinə cavab yaza bilməmişdir. Güman edir ki, həmin şəxs Nicatın əvvəllər münasibətdə olduğu Aysel adlı xanımdır. Çünki Aysel bundan əvvəl onun iş yerinə gələrək şirkətin qarşısında dayanmış avtomobilin Nicata məxsus olduğunu hesab edərək ön və arxa şüşələrini sındıraraq orada səs-küy salmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, o, “Tik- Tok” sosial şəbəkəsində olarkən orada dəqiq adını xatırlamadığı, lakin təxminən “Asila” adlı istifadəçi adından onun müdiri Nicat Atakişizadənin özünə, ailəsinə və uşağına qarşı üzərində təhqiredici ifadələr yazılmış fotoşəkillər paylaşıldığını görmüşdür. Güman edir ki, həmin şəkillər Nicat Atakişizadənin əvvələr yaxın münasibətdə olduğu Aysel tərəfindən paylaşılmışdır. Çünki həmin şəkillər paylaşılmazdan əvvəl Aysel “Tik-Tok” sosial şəbəkəsində ona şəxsi mesaj yazaraq Nicatın ünvanına nalayiq ifadələr işlətmiş, Nicatın onunla əlaqə saxlamayacağı təqdirdə intihar edəcəyini bildirmişdir. Bundan sonra o, Ayselə görüşüb bu barədə danışmağı təklif etmiş və Aysel onunla razılaşaraq görüşmüşlər. Həmin vaxt Aysel çantasından “ovalanze” adlı dərman preparatı çıxarıb içərək özünü öldürəcəyinə inandırmaq istəmişdir. Sonradan isə həmin dərmanın psixoloji xətələr üçün nəzərdə tutulmuş dərman preparatı olduğunu bilmişdir. Buna görə də qeyd olunan şəkillərin Aysel tərəfindən paylaşıldığını güman edir. Hazırda Aysel ilə aralarında olan yazışmalar onda yoxdur, silmişdir. İş materiallarında olan məhkəmə iclasında tədqiq olunmuş; “Tik-Tok” sosial şəbəkəsindən çıxarışlardan görünür ki, həmin sosial şəbəkədə “alezadehh_” - “anam_qəhbə_atam_peysər” - “asila” - “peyserem men (@asilalili95a)” - “@peysernicat_peyser89_n89” - “@vefasizyarim_8995an (men 1 vefasizin qurbani oldum)” adlı hesablar vasitəsilə xüsusi ittihamçı Atakişizadə Nicat Vahid oğluna məxsus fotoşəkillər paylaşılaraq üzərilərinə onun şərəf və ləyaqətini nalayiq formada alçaldan ifadələr qeyd olunmuşdur. İmişli Rayon Məhkəməsinin 27 may 2025-ci il tarixli məktubundan görünür ki, TikTok və İnstagram profilləri vasitəsilə - “alezadehh_” - “anam_qəhbə_atam_peysər” - “asila” - “peyserem men (@asilalili95a)” - “@peysernicat_peyser89_n89” - “@vefasizyarim_8995an (men 1 vefasizin qurbani oldum)” adlı hesabların qeydiyyatdan keçdiyi (yaradıldığı) zaman xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək istifadə olunan elektron poçt ünvanı, İP ünvanı, mobil cihaz və ya kompüter haqqında bütün mümkün məlumatların müəyyən edilməsi barədə "xxxx" MMC-yə və Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinə sorğu edilmişdir. "xxxx" MMC-nin 12275 nömrəli, 05 iyun 2025-ci il tarixli məhkəmə sorğusuna cavab mətubunda qeyd olunmuşdur ki, sorğuda qeyd olunan məlumatların "xxxx" MMC tərəfindən təqdim edilməsi texniki cəhətdən mümkün deyildir. Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin 3-27-101/2-586/2025 saylı, 30 iyun 2025-ci il tarixli məhkəmə sorğusuna cavab mətubunda qeyd olunmuşdur ki, sorğuda qeyd olunan məlumatların (müvafiq sosial şəbəkə hesablarının yaradılması zamanı istifadə olunan elektron poçt ünvanı, İP ünvanı, mobil cihaz və ya kompüter haqqında, o cümlədən həmin hesabların xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək qoşulduğu İP ünvanı, mobil cihaz(lar) barədə bütün mümkün məlumatların) təqdim edilməsi əməliyyat-axtarış fəaliyyətinin aparılmasını tələb etdiyindən və Xidmət qanunvericilikdə əməliyyat-axtarış subyekti kimi müəyyən edilmədiyindən, həmin məlumatların məhkəməyə təqdim edilməsi mümkün deyildir. “Elektron Məhkəmə” İnformasiya sistemindən əldə olunmuş məlumata əsasən +**********57 saylı mobil nömrə təqsirləndirilən şəxs X2 məxsusdur. “Whatsapp” sosial şəbəkəsindən çıxarışlardan görünür ki, təqsirləndirilən şəxs X3 həmin tətbiq üzərindən istifadəsində olan +**********57 saylı mobil nömrədən Atakişizadə Nicat Vahid oğluna “Tik-Tok” sosial şəbəkəsində sonuncuya məxsus fotoşəkil paylaşdığını əks etdirən fotoşəkil göndərməklə fotoşəkilin altında “yəqin görmüsən bax bunu istəyirdin də etdiklərinlə, məni dinləyirsənsə silirəm, ya gəlib mənə pulu gətirirsən silirəm bitiririk, yadaki gedib nömrə alıb atıram və.s” məzmunlu mesajlar yazmışdır. Həmin çıxarışdan görünür ki, paylaşılan fotoşəkllər üzərində hər hansı təhqiredici və ya şəxsin şərəf və ləyaqətini alçaldan ifadələr qeyd olunmamış, fotoşəkillər orijinal formada paylaşılmışdır. (iş.v 56, 63) İşin araşdırılan halları ilə +**********57 saylı mobil nömrənin təqsirləndirilən şəxs X2 məxsus olması və sonuncunun “Tik-Tok” sosial şəbəkəsində Atakişizadə Nicat Vahid oğluna məxsus fotoşəkil paylaşması təqsirləndirilən şəxsin özünün etirafedici ifadəsi ilə yanaşı “Whatsapp” ani mesajlaşma tətbiqi vasitəsilə Atakişizadə Nicat Vahid oğlu ilə aralarında olan paylaşım və yazışmalar ilə təsdiq olunsa da, təqsirləndirilən şəxs tərəfindən “Tik-Tok” sosial şəbəkəsində paylaşılması məhkəmə iclasında təsdiq olunmuş paylaşımlar (fotoşəkillər) üzərində Atakişizadə Nicat Vahid oğlunun hər hansı formada təhqir edilməsi və ya onun şərəf və ləyaqətini alçaldan ifadələr qeyd olunması öz təsdiqini tapmamışdır. Bundan əlavə məhkəmə qeyd edir ki, “Tik-Tok” sosial şəbəkəsində rəsmi olmayan (“alezadehh_” - “anam_qəhbə_atam_peysər” - “asila” - “peyserem men (@asilalili95a)” - “@peysernicat_peyser89_n89” - “@vefasizyarim_8995an”) istifadəçi profilləri üzərindən Atakişizadə Nicat Vahid oğluna və onun ailə üzvlərinə məxsus fotoşəkillərin üzərilərinə nalayiq və təhqiredici ifadələr yazmaqla paylaşılıb (kütləvi nümayiş etdirilib) sonuncunun şərəf və ləyaqətinin nalayiq formada qəsdən alçaldılması məhkəmə iclasında təsdiq olunmuş fakt olsa da, həmin istifadəçi adlarının məhz X2 məxsus olması, tərəfindən yaradılması (qeydiyyatdan keçirilməsi) və ya paylaşılması sübuta yetirilməmişdir. Göründüyü kimi xüsusi ittihamçı Atakişizadə Nicat Vahid oğluna qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirləndirilən şəxs X1 aidiyyəti müəyyən edilmir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə görə isə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. “İnsan hüquqlarının və azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinə görə hər kəs ona qarşı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə, işinin ədalətli və açıq araşıdırılması hüququna malikdir. Azərbaycan Respublikası CM-nin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3cü maddəsinə görə yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcüd olduğu əməlin törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında göstərmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Cinayət qanunvericiliyinin yuxarıda göstərilən normalarının tələblərindən görünür ki, şəxsə istinad edilən əməldə cinayət tərkibinin əlamətlərinin olması cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə yoxlanılmalıdır. Törədilmiş hər hansı əməldə, onu cinayət kimi xarakterizə edən və bilavasitə cinayət qanununda nəzərdə tutulan obyektiv və sübyektiv əlamətlərinin hamısının, yəni cinayətin obyekti, obyektiv cəhəti, subyekti və subyektiv cəhətinin eyni vaxtda mövcüd olduğu təqdirdə, törədilmiş əməl cinayət məsuliyyəti yaradır. Göstərilən əlamətlərdən heç olmasa birinin mövcüd olmaması əməlin cinayət kimi xarakterizə edilməsini və onu törətmiş şəxsin cinayət məsuliyyətini istisna edir. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Həmin Məcəllənin 21.3-cü maddəsinə görə cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikası CPM-nin 1.2.2-ci maddəsinə görə Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi ona yönəlmişdir ki, cinayət törətməkdə təqsiri olmayan heç kəsi cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına almaq, ittiham və ya məhkum etmək mümkün olmasın. Həmin Məcəllənin 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. Azərbaycan Respublikası CPM-nin 28.2-ci maddəsinə görə hakimlər cinayət mühakimə icraatını həyata keçirərkən qanunun mənafeyindən başqa hər hansı bir mənafeyi ifadə edə bilməzlər. Həmçinin Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Barbera, Messegue və Jabordo İspaniyaya qarşı”işi üzrə 06 dekabr 1988-ci il tarixli qərarında qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi digər maddələrlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir (§ 77). Bundan başqa, İnsan hüquqları üzrə Avropa Məhkəməsi “X8rşı” işi üzrə 25 sentyabr 1992-ci il tarixli qərarında göstərmişdir ki, bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquqi fərziyyənin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur (§ 36). Azərbaycan Respublikası CM-nin 145.3-cü maddəsinə görə isə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Məhkəmə qeyd edir ki, “Tik-Tok” sosial şəbəkəsində rəsmi olmayan (“alezadehh_” - “anam_qəhbə_atam_peysər” - “asila” - “peyserem men (@asilalili95a)” - “@peysernicat_peyser89_n89” - “@vefasizyarim_8995an”) saxta istifadəçi profilləri vasitəsilə Atakişizadə Nicat Vahid oğlunun şərəf və ləyaqətinin nalayiq formada qəsdən alçaldılması faktının təqsirləndirilən şəxs X3 tərəfindən törədilməsinə əsaslı şübhələr mövcud olsa da, göstərilən hallar onun cinayət məsuliyyətinə cəlb edilməsi və təqsirli bilinməsi üçün əsas hesab edilə bilməz. Belə ki, Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Azərbaycan Respublikası CPM-nin 21.1-ci maddəsinə görə cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri həmin Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Bundan başqa, Azərbaycan Respublikası CPM-nin 42.1.3 və 350.2-ci maddələrinə əsasən şəxsin cinayətin törədilməsinə aidiyyəti olmadıqda, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılmalıdır. Həmin Məcəllənin 55.1-ci maddəsinə görə isə məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikası adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Beləliklə, məhkəmə iclasında tədqiq olunmaqla müəyyən edilmiş halları nəzərə alaraq, məhkəmə hesab edir ki, xüsusi ittihamçı Atakişizadə Nicat Vahid oğluna qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində X1 aidiyyəti sübut edilmədiyindən ona həmin maddə ilə bəraət verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Xüsusi ittihamçı Atakişizadə Nicat Vahid oğluna qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində X1 aidiyyəti sübut edilmədiyindən ona bəraət verilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində İmişli Rayon Məhkəməsinin vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Zaur Pirverdiyev
Məhkəmə qərarları › İş №1(036)-19/2025
İmişli Rayon Məhkəməsi Hökm — İş №1(036)-19/2025
20.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver