Azərbaycan Respublikası adından HÖKM İmişli rayonu İş № 1(036)-21/2022 24.05.2022 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Qəniyev Nurlan Mehman oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçilər, Müdafiəçi1 və Müdafiəçi2 iştirakı ilə, 20 iyun 1984-cü il tarixdə İmişli rayonu Qaralar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, İmişli rayonu Qaralar kəndində yaşayan və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 oğlunun Azərbaycan Respublikası CM-nın CM-in 221.3-cü maddəsi ilə, 20 dekabr 1981-ci il tarixdə İmişli rayonu Qaralar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, İmişli rayonu Qaralar kəndində yaşayan və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Pəhlivan oğlunun Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs2 ondan ötrü məhkəməyə verilmişdir ki, o, 04 avqust 2021-ci il tarixdə saat 01 radələrində qardaşı Təqsirləndirilən şəxs1 ilə bir qrup şəxs halında ətrafda olan şəxslərin yanında digərlərindən fərqləndiklərini nümayiş etdirmək məqsədilə özlərini cəmiyyətin fövqündə qoyaraq, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs1 döyməsini bəhanə edib, əsaslı səbəb olmadan, ictimai və şəxsi mənafelərə əhəmiyyətli zərər vuran, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarında ifadə olunan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərə yol verərək, İmişli-Kürdəmir avtomobil yolunun İmişli rayonunun Qaralar kəndindən keçən hissəsində, kəndin girişindəki dairənin yaxınlığında, ictimai yerdə, Təqsirləndirilən şəxs1la birlikdə nalayiq ifadələr işlədərək Zərərçəkmiş şəxs hücum etmiş, o, hadisə yerindən götürdüyü stulu və vedrəni silah qismində isifadə edərək zor tətbiq etməklə, qəsdən Zərərçəkmiş şəxs kürək və ayaq nahiyəsindən vurub sonuncuya sağ çiyin qurşağı nahiyəsində sıyrıqdan ibarət dərəcəsi təyin olunmayan bədən xəsarəti yetirdikdən sonra qərəzli hərəkətlərini davam etdirərək əlbəyaxa dava edib yerə yıxmaqla Zərərçəkmiş şəxs qarının sol yan səthində və alın nahiyəsində ortada sıyrıqlardan ibarət dərəcəsi təyin olunmayan bədən xəsarətləri yetirmiş, bu zaman Təqsirləndirilən şəxs1 oradan götürdüyü digər stulu silah qismində istifadə edərək zor tətbiq etməklə qəsdən Zərərçəkmiş şəxs baş nahiyəsinə vuraraq, ona ənsə nahiyəsində yaradan ibarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarəti yetirməsi nəticəsində Zərərçəkmiş şəxs huşsuz və yerdə hərəkətsiz uzanmış vəziyyətə salaraq, səs-küyə ətrafda toplanmış şəxslərdə qorxu və həyəcan hissləri yaratmaqla, bir qrup şəxs halında silah qismində istifadə olunan əşyadan istifadə etməklə xuliqanlıq etmişdir Təqsirləndirilən şəxs1 ondan ötrü məhkəməyə verilmişdir ki, o, 04 avqust 2021-ci il tarixdə saat 01-00 radələrində qardaşı Təqsirləndirilən şəxs2 ilə bir qrup şəxs halında ətrafda olan şəxslərin yanında digərlərindən fərqləndiklərini nümayiş etdirmək məqsədilə özlərini cəmiyyətin fövqündə qoyaraq, Zərərçəkmiş şəxs onu döyməsini bəhanə edib, əsaslı səbəb olmadan, ictimai və şəxsi mənafelərə əhəmiyyətli zərər vuran, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarında ifadə olunan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərə yol verərək, İmişli-Kürdəmir avtomobil yolunun İmişli rayonunun Qaralar kəndindən keçən hissəsində, kəndin girişindəki dairənin yaxınlığında, ictimai yerdə, Təqsirləndirilən şəxs2la birlikdə nalayiq ifadələr işlədərək Zərərçəkmiş şəxs hücum etmiş, Təqsirləndirilən şəxs2 hadisə yerindən götürdüyü stulu və vedrəni silah qismində isifadə edərək zor tətbiq etməklə, qəsdən Zərərçəkmiş şəxs kürək və ayaq nahiyəsindən vurub sonuncuya sağ çiyin qurşağı nahiyəsində sıyrıqdan ibarət dərəcəsi təyin olunmayan bədən xəsarətivə fiziki ağrı yetirdikdən sonra qərəzli hərəkətlərini davam etdirərək əlbəyaxa dava edib yerə yıxmaqla Zərərçəkmiş şəxs qarının sol yan səthində və alın nahiyəsində ortada sıyrıqlardan ibarət dərəcəsi təyin olunmayan bədən xəsarətləri yetirmiş, bu zaman o, oradan götürdüyü digər stulu silah qismində istifadə edərək zor tətbiq etməklə qəsdən Zərərçəkmiş şəxs baş nahiyəsinə vuraraq, ona ənsə nahiyəsində yaradan ibarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarəti yetirməsi nəticəsində Zərərçəkmiş şəxs huşsuz və yerdə hərəkətsiz uzanmış vəziyyətə salaraq, səs-küyə ətrafda toplanmış şəxslərdə qorxu və həyəcan hissləri yaratmaqla, bir qrup şəxs halında silah qismində istifadə olunan əşyadan istifadə etməklə xuliqanlıq etmişdir. İş üzrə Təqsirləndirilən şəxs2 özünü ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirli bilərək ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs onun həmkəndlisidir. Onun əvvəllər Farizlə heç bir ədavət və düşmənçiliyi olmamışdır. 03 avqust 2021-ci il tarixdə saat 23-00 radələrində tanımadığı taksi ilə İmişli rayonu Bəcrəvan kəndindən yaşadığı İmişli rayonu Qaralar kəndindəki evinə gedərkən yolda Farizin qardaşı Qafur Nağıyev onun mobil telefonuna zəng vuraraq Farizin Qaralar kəndi dairəsində kiminlə mübahisə etdiyini soruşmuş, o isə Qafura əkin sahəsindən gəldiyini və bu barədə məlumatının olmadığını bildirmişdir. 04 avqust 2021-ci il tarixdə saat 01 radələrində Qaralar kəndi dairəsi yaxınlığında taksidən düşmüş, bu zaman Farizin onun qardaşı Aqil və həmkəndlisi Seymur ilə dava etdiyini görmüş, həmin vaxt yaxınlaşıb onları ayırmaq istəmiş, lakin Fariz ona “bəri dur, sənidə onların gününə salacam” deyərək, əlindəki lapatka sapı ilə qarpız və yemiş satdığı piştaxtanın qarşısında onun ayağının bud hissəsindən bir dəfə vurmuşdur. Onu vurandan sonra Farizin ayağı piştaxtanın ön hissəsində yerə basdırılmış, təxminən 30 santimetr hündürlüyündə olan dəmir dirəyə ilişərək yerə yıxılmışdır. Fariz yerə yıxılandan sonra qardaşı Aqil Farizə tərəf oturacağ atarkən sonuncunun başının arxa hissəsinə dəymiş və qan axmışdır. Həmin vaxt həmkəndliləri Alim və Qədir avtomobil ilə oradan keçərkən Farizin yerə yıxıldığını görüb avtomobili saxlamış və onların köməkiliyi ilə Farizi Qədirin idarə etdiyi avtomobilə mindirərək İmişli rayon mərkəzi xəstəxanasına aparmışlar. Bundan sonra Seymur öz evlərinə, o isə qardaşı Aqil ilə birlikdə öz evlərinə getmişlər. Təqsirləndirilən şəxs2 daha sonra ifadəsində göstərmişdir ki, o, əməlindən peşman olmuş və Zərərçəkmiş şəxs ilə barışmışdır. Himayəsində üç nəfər azyaşlı uşağı vardır və alinin yeganə qazanc gətirən şəxsidir. Qeyd olunanların nəzərə alınaraq barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə Təqsirləndirilən şəxs1 özünü ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirli bilərək ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs onun həmkəndlisidir. Onun əvvəllər Farizlə heç bir ədavət və düşmənçiliyi olmamışdır. 04 avqust 2021-ci il tarixdə saat 01-00 radələrində İmişli rayonu Qaralar kəndinin girəcəyində, “Qaralar” dairəsinin yaxınlığında yerləşən bulağın üstündə oturub həmkəndlisi və kirvəsi Şahid4 ilə birlikdə pivə içirmişlər. Həmin vaxt həmkəndliləri Zərərçəkmiş şəxs isə onlardan 3-4 metr kənarda piştaxtada yemiş və qarpız satırmış. Onlar hər zaman olduğu kimi Farizlə zarafatlaşmışlar. O, Farizə yaxınlaşıb ondan piştaxtadan xarab olmuş qarpızları heyvanlara vermək üçün istəmiş, sonuncu isə onları Yəhyaya qaytaracağını, ona 160 manat borcu olduğunu deyerək xarab olmuş qarpızları verməkdən imtina etmişdir. O isə Farizə Yəhyanın ona 100 manat borcu olduğunu demiş və borcunun qarşılığında həmin xarab qarpızları verməsi üçün israr emişdir. Lakin, Farizin həmin qarpızları ona vermədiyini görüb Yəhyanın mobil telefonuna zəng vurmuşdur. O, Farizdən bir dilim yemiş istəmiş, lakin, sonuncu ona “itə ataram, sizə vermərəm” cavabını vermişdir. Bu zaman Yəhya zəngə cavab vermiş və ona Farizin xarab qarpızları ona vermədiyini demişdir. Yəhya isə danışmaq üçün telefonu Farizə verməsini istəmiş o, telefonu Farizə uzadaraq Yəhyanın onunla danışmaq istədyini bildirmiş, lakin Fariz isə telefonu almayaraq onun ünvanına nalayiq sözlər işlədərək sifətinə 3-4 dəfə sillə vurmuşdur. Bu zaman Seymur Farizə yaxınlaşıb niyə belə etdiyini soruşanda sonuncu Seymuru söyərək piştaxtanın arxasından axan su kanalına atmışdır. Daha sonra Fariz piştaxtaya söykədiyi lapatkanı götürüb birinci onun qolundan vurmuş və lapatkanın sapı sınmışdır. Fariz lapatkanın sapı ilə onu vurmağa davam edərək onun kürək nahiyəsindən və ayağından bir dəfə vurmuşdur. Bu vaxt Seymur sudan çıxıb Farizə “məni niyə suya atırsan” deyib üstünə hücüm etmiş, Fariz isə lapatkanın sapı ilə Seymuru vurmağa başlamışdır. Bundan sonra o, DİN-nin 102 xidməti mərkəzinə zəng vuraraq polisə döyülməsi barədə məlumat vermişdir. Bundan sonra Seymur öz evlərinə tərəf getmiş, o isə hadisə yerində qalmışdır. Birqədər sonra Seymurun əlində kərtmən ilə Fariz döymək üçün gəldiyini görmüş, o, Seymura yaxınlaşıb əlindəki kərtməni alıb yolun kənarındakı kolluğa atmışdır. Bundan sonra qardaşı Amil hadisə yerinə gəlmiş, Amil lapatka sapına söykənib durmuş Farizdən nə məsələ olduğunu soruşmuş, Fariz isə Amili söyüb təhqir edərək əlindəki lapatka sapı ilə vurmuşdur. Amil isə piştaxtanın önündə içində su olan vedrəni Farizə tərəf atmış, lakin vedrə Farizə dəyməsə də içindəki su onun üzərinə tökülmüşdür. Farizin üzərinə su töküləndən sonra özünü itirmiş və sonuncunun özünü itirdiyini görən Amil onu tutmaq istəyərkən Farizin ayağı piştaxtanın önündə yerə basdırılmış, təxminən 30 santimetr hündürlüyündə dirəyə ilişərək yıxılmışdır. Fariz yerə yıxılan vaxt o, piştaxtanın önündəki stulu götürüb ona tərəf tullamışdır. Bundan sonra Farizin ayağa qalxmadığını görən ətrafdakı adamlar sonuncunu avtomobilə mindirərək İmişli rayon mərkəzi xəstaxanasına aparmışlar. Təqsirləndirilən şəxs1 daha sonra ifadəsində göstərmişdir ki, o, əməlindən peşman olmuş və Zərərçəkmiş şəxs ilə barışmışdır. Himayəsində beş nəfər azyaşlı uşağı vardır və alinin yeganə qazanc gətirən şəxsidir. Qeyd olunanların nəzərə alınaraq barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onun həmkəndliləri dir və əvvəllər onlarla heç bir ədavəti və düşmənçiliyi olmamışdır. 04 avqust 2021-ci il tarixdə saat 01-00 radələrində İmişli rayonu Qaralar kəndinin giriş hissəsində, “Qaralar” dairəsinin yaxınlğında, yolun kənarında piştaxtada yemiş və qarpız satarkən ondan təxminən 6-7 metr kənarda olan bulağın yanında həmkəndliləri Şahid4 ilə birlikdə oturub pivə içən Təqsirləndirilən şəxs1 yaxınlaşaraq xarab olmuş qarpızalrı ondan heyvanlarına vermək üçün istəmiş, o isə Aqilə “qarpızı Yəhyadan almışam, xarab qarpızları Yəhyaya qaytarcağam, ona 120 manat borcum var, gedib ondan alarsan” cavabını vermişdir. Bundan sonra Aqil Yəhyaya mobil telefonla zəng vuraraq Yəhya ilə nəsə danışmış, sonra isə Aqil telefonu ona tərəf uzadaraq Yəhya ilə danışması üçün israr etmişdir. O isə gec olduğundan Yəhya ilə danışmaq istəməmişdir. Daha sonra o, oturub yemiş yeyəndə Aqil ona yaxınlaşmıış, ondan yemiş istəmiş, o isə Aqilə “itə ataram, sənə vermərəm” deyərək cavab vermişdir. Aqil onun sözlərindən acıqlanaraq nalayiq ifadələr işlətmiş və o, əsəbləşərək sonuncuya bir sillə vurmuşdur. Həmin vaxt Şahid4 pivə butulkasını ona tərəf atmış, lakin butulka ona dəyməyərək başının üzərindən keçmişdir. O, Seymurun bu hərəkətindən sonra əvvəlcədən zibil təmizləmək üçün orda olan kürə lapatkanın sapı ilə onun ayağından bir dəfə vurmuş, sonra Seymuru piştaxtanın arxasından axan su kanalına atmışdır. Bundan sonra Seymur evlərinə getmiş, Aqil isə onun yanında qalmışdır. Həmin vaxt Aqil mobil telefonu ilə kiməsə zəng vurmuş, təxminən 10-15 dəqiqə sonra Aqilin qardaşı Amil və Seymur həmin yerə gəlmişlər. Seymurun əlində kərtmən olmuşdur. Amil ona çatar-çatmaz piştaxtanın yanındakı oturacağı götürərək ona tərəf atmış, lakin oturacağ ona dəyməmişdir. Bu vaxt Aqil, ı Amil və Seymur birlikdə onun üzərinə hücum etmiş, Amil onu arxadan tutmuş, Aqil isə piştaxtanın yanındakı digər oturacağı götürərək onun başının arxasından vurmuşdur. Oturacağ onun başına dəyəndən sonra o, huşumu itirmiş və yerə yıxılmışdır. Bundan sonra hadisə yerinə toplaşan həmkəndliləri onu avtomibilə mindirərək İmişli rayon mərkəzi xəstəxanasına aparmışlar. İş üzrə Zərərçəkmiş şəxs daha sonra ifadəsində göstərmişdir ki, hadisədən sonra həmkəndliləri, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2la münasibətləri yaxşılaşmış və onlarla barışmışdır. Hal-hazırda onlara qarşı heç bir tələbi və şikayəti yoxdur. İş üzrə şahid Şahid4 ifadəsində Təqsirləndirilən şəxs1 göstərdiyi xüsusatları eyni ilə təsdiq etmişdir. İş üzrə Şahid1 ifadəsində bildirmişdir ki, 04 avqust 2021-ci il tarixdə saat 01-00 radələrində həmkəndlisi Şahid2 idarə etdiyi avtomobillə İmişli şəhərindən yaşadığı rayonunun Qaralar kəndinə gedərkən kəndin girişində marketdən siqaret almaq üçün avtomobildən düşmüş və ətrafda toplanmış adamlardan bir az əvvəl Farizin Aqil və Seymur ilə dava etdiyini öyrənmişlər. Həmin vaxt həmkəndlisi Amil onların qarşısına çıxmış və həmkəndlisi Qafur Nağıyevin ona zəng edərək qardaşı Farizin Qaralar kəndinin girişində kiminləsə dava etdiyini bildirmişdir. Onlar Farizə yaxınlaşaraq nə baş verdiyini soruşduqda heç nəyin baş vermədiyini demişdir. Təxminən 15-20 dəqiqə keçəndən sonra Seymur əlində kərtmən tutaraq hadisə yerinə gəlmiş, onun Farizlə yenidən dava etmək üçün gəldiyini hiss edərək əlindəki kərtməni yaxınlaşıb almaq istəmiş, lakin Seymur “heç kim yaxın gəlməsin, birinci mənə yaxın gələni vuracam” deyərək Farizin üzərinə hücüm etmişdir. O, ətrafdakı insanlarla köməkləşərək Seymurun əlindəki kərtməni aldıqdan sonra Amil və Aqil Farizin üzərinə hücüm etmiş, Amil piştaxtanın önündəki oturacağı götürərək Farizə tərəf atmış və oturacaq Farizin kürək nahiyəsinə dəymişdir. Daha sonra Amil piştaxtanın önündə içində su olan plastik vedrəni yerdən götürüb Farizə tərəf atmış, vedrə Farizin ayağından dəymişdir. Amilin bu hərəkətlərindən sonra Fariz əlindəki bel sapı ilə Amilin kürək və ayağ nahiyəsindən 2-3 dəfə vurmuşdur. Bundan sonra Fariz ilə Amil əlbəyaxa dava etməyə başlamış və hər ikisi yerə yıxılmışdır. Həmin vaxt kimsə oturacağı Farizə tərəf atmış, oturacaq Farizin baş nahiyəsinə dəyib xəsarət yetirmişdir. Farizin başından qan axdığını görüb onu Qədirin idarə etdiyi avtomobilə mindirib İmişli rayon mərkəzi xəstəxanasına aparmışlar. İş üzrə şahidlər, Şahid2 və Şahid3 ifadələrində Şahid1 göstərdiyi xüsusatları eyni ilə təsdiq etmişlər. İşdə olan 15.10.2021-ci il tarixli «ifadənin yerində yoxlanılması haqqında» protokola əsasən Təqsirləndirilən şəxs1 oğlu ifadəsi yerində yoxlanılarkən 04 avqust 2021-ci il tarixdə saat 01-00 radələrində, İmişli rayonu Qaralar kəndinin İmişli şəhəri tərəfdən girişində qardaşı Təqsirləndirilən şəxs2 ilə birlikdə həmkəndlisi Zərərçəkmiş şəxs mübahisə edib onu hadisə yerindən götürdüyü stul və vedrə ilə vuraraq kürək və ayaq nahiyəsindən xəsarətlər yetirməsi barədə ifadəsində qeyd etdikləri ilə eyni şəkildə bəhs etmişdir. ( c.i. səh: 118-119) İşdə olan 15.10.2021-ci il tarixli «ifadənin yerində yoxlanılması haqqında» protokola əsasən Təqsirləndirilən şəxs2 oğlu ifadəsi yerində yoxlanılarkən 04 avqust 2021-ci il tarixdə saat 01-00 radələrində, İmişli rayonu Qaralar kəndinin İmişli şəhəri tərəfdən girişində qardaşı Təqsirləndirilən şəxs1 ilə birlikdə həmkəndlisi Zərərçəkmiş şəxs mübahisə edib onu hadisə yerindən götürdüyü stulla vuraraq baş nahiyəsindən xəsarətlər yetirməsi barədə ifadəsində qeyd etdikləri ilə eyni şəkildə bəhs etmişdir. ( c.i. səh: 122-123) İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X1” X2 tərəfindən verilmiş 571 nömrəli, 5 avqust 2021-ci il tarixli ekspert rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs aşkar edilmiş xəsarət ənsə nahiyəsində, sağ çiyin qurşağı nahiyəsində, qarının sol yan səthində, alın nahiyəsində ortada sıyrıqlar bərk küt əşyanının (əşyaların) təsirindən törənmişdir, ənsə nahiyəsində yara dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir.( c.i.səh:18-19) AR CM-nin 221.1-ci maddəsinə görə xuliqanlıq ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərdir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” AR Konstitusiya Məhkəməsinin 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, cinayət hüququnda ictimai qayda dedikdə, ictimai asayişi, şəxsiyyətin toxunulmazlığını və mülkiyyətin bütövlüyünü, dövlət və ictimai institutların normal fəaliyyətini təmin edən, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış münasibətlər kompleksi başa düşülür; İctimai qaydanı kobud surətdə pozan hərəkətlər, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir; Cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması, təqsirkarın elə hərəkətləridir ki, bu hərəkətlər vətəndaşların, idarə, müəssisə və digər təşkilatların normal həyat və fəaliyyəti üçün təhlükə yaradır, qorxu və narahatçılıq hissinə səbəb olur. Qərara əsasən CM-in 221.3-cü maddəsində qeyd olunan “silah qismində istifadə olunan əşyalara” istənilən əşyalar, o cümlədən təsərrüfat-məişət təyinatlı (balta, yaba, mətbəx bıçağı və s.), eləcə də kərpic, daş, dəmir, çubuq, bir sözlə, tətbiqi həyat və ya sağlamlıq üçün təhlükə yaradan bütün əşyalar aid edilir. Bu əşyalar silah deyil, bununla belə hər hansı məhvetmə xüsusiyyətinə, yəni soyuq və ya başqa silah növünə xas olan bəzi xüsusiyyətlərə malikdir və onların siyahısı hədsizdir. Silah qismində istifadə edilən əşyanın məhvetmə xüsusiyyətinə malik olması, onu bu xüsusiyyətə malik olmayan digər əşyalardan fərqləndirən əsas və mütləq şərtdir; Xuliqanlıq zamanı silah və ya silah qismində istifadə edilən əşyaların tətbiqi – ondan birbaşa sağlamlığa zərər vurulması, habelə zərərçəkmiş şəxsin həyat və ya sağlamlığı üçün real təhlükə yaradan üsulla istifadə olunmasıdır. Silah və ya silah qismində istifadə edilən əşyaların tətbiqi ilə insanların həyat və ya sağlamlığı üçün real təhlükə yarandığı sübuta yetirilərsə, bu əməl CM-in 221.3-cü maddəsi ilə tövsif olunmalıdır. АR CPM-nin 124.2-ci maddəsinə əsasən şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi, maddi sübutlar, istintaq və məhkəmə hərəkətlərinin protokolları və digər sənədlər cinayət prosesində sübut kimi qəbul edilir. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 AR CM-nın 221.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətmişlər. Onların əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif olunmuşdur və hər biri CM–nın Xüsusi hissəsinin müvafq maddəsi ilə təqsirli bilinib Umumi hissəsinin normaları nəzərə alınmaqla cəzalandırılmalıdır. АR CМ-нин 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza ədalətin bərpası, məhkumun islah edilməsi və məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin sorğu məlumatına əsasən, Təqsirləndirilən şəxs2 məhkum edilməmişdir. ( c.i. səh: 74) İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin sorğu məlumatına əsasən, Təqsirləndirilən şəxs1 məhkum edilməmişdir. ( c.i. səh: 144) İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. İşdə olan İmişli RİHB Qaralar kənd İƏD üzrə İN tərəfindən verilmiş 02.12..2021-ci il tarixli 740saylı arayışa əsasən Təqsirləndirilən şəxs1 evlidir və himayəsində beş nəfər azyaşlı uşağı vardır. ( c.i. səh:217) İşdə olan İmişli RİHB Qaralar kənd İƏD üzrə İN tərəfindən verilmiş 17.08.2021-ci il tarixli 618 saylı arayışa əsasən Təqsirləndirilən şəxs2 evlidir və himayəsində üç nəfər azyaşlı uşağı vardır. ( c.i. səh: 33) Himayəsində beş nəfər azyaşlı uşağı olması, əməlindən səmimi peşmançılıq çəkməsi və zərərçəkmiş şəxslə barışıq əldə etməsi Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hallardır. Himayəsində üç nəfər azyaşlı uşağı olması, əməlindən səmimi peşmançılıq çəkməsi və zərərçəkmiş şəxslə barışıq əldə etməsi Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hallardır. İşdə olan İmişli RİHB Qaralar kənd İƏD üzrə İN tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs2 müsbət xarakterizə olunmuşdur. ( c.i. səh: 34) İşdə olan İmişli RİHB Qaralar kənd İƏD üzrə İN tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs1 müsbət xarakterizə olunmuşdur. ( c.i. səh: 218) Məhkəmə hesab edir ki, törətdikləri cinayətin xarakteri nəzərə alınaraq Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs1 AR CM-nın müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasına məhkum edilməlidir. Cinayət nəticəsində cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulması baş versə də, ictimai mənafelərə əhəmiyyətli zərər vurulmaması həmin cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldan hal kimi qiymətləndirilməli, cəzalarını yüngülləşdirən hallar və şəxsiyyətləri nəzərə alınıb CM-nın 70-ci maddəsinə əsasən onların hər birinə təyin olunan azadlıqdan məhrumetmə cəzasının şərti olaraq tətbiq edilməsi məqsədəmüvafiq hesab edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344, 347, 349, 351-353, 383-385-ci maddələrini rəhbər tutaraq HÖKM ETDİ : Təqsirləndirilən şəxs2 oğlu Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətməkdə tədbiri bilinib 2 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. AR CM-nın 70-ci maddəsi tətbiq olunaraq Təqsirləndirilən şəxs2 oğluna təyin olunan 2( iki) il müddətə azadlıqdan məhrumetmə cəzası 1 (bir) il sınaq müddəti ilə şərti olaraq tətbiq edilsin. Təqsirləndirilən şəxs2 oğlunun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəsini aldığı gündən hesablansın. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs2 oğlunun üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs2 oğlu üzərinə qoyulan vəzifəni mütəmadi və ya qərəzli olaraq yerinə yetirməkdən boyun qaçırtmazsa, yaxud başqa cinayət törətməzsə təyin olunan cəza icra olunmasın. Təqsirləndirilən şəxs1 Pəhlivan oğlu Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətməkdə tədbiri bilinib 2 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. AR CM-nın 70-ci maddəsi tətbiq olunaraq Təqsirləndirilən şəxs1 Pəhlivan oğluna təyin olunan 2( iki) il müddətə azadlıqdan məhrumetmə cəzası 1 (bir) il sınaq müddəti ilə şərti olaraq tətbiq edilsin. Təqsirləndirilən şəxs1 oğlunun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəsini aldığı gündən hesablansın. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs1 oğlunun üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs1 oğlu üzərinə qoyulan vəzifəni mütəmadi və ya qərəzli olaraq yerinə yetirməkdən boyun qaçırtmazsa, yaxud başqa cinayət törətməzsə təyin olunan cəza icra olunmasın. Hökmün icrasına nəzarət İmişli rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim: Ülvi Qənbərov
Məhkəmə qərarları › İş №1(036)-21/2022
İmişli Rayon Məhkəməsi Hökm — İş №1(036)-21/2022
24.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver