Məhkəmə qərarları › İş №1(036)-24/2022

İmişli Rayon Məhkəməsi Qərar — İş №1(036)-24/2022

28.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 1(036)-24/2022 28.01.2022 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxxx 1985-ci il tarixdə İmişli rayonunun Əliqulular kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, himayəsində iki azyaşlı uşağı olan, işləməyən, əvvəllər məhkum olunmamış, İmişli rayonunun Əliqulular kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 27 dekabr 2021-ci il tarixdə saat 20 radələrində İmişli şəhəri, 20 yanvar küçəsində yerləşən “Gənclər Mərkəzi” şadlıq sarayının arxa hissəsində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs ağız nahiyəsinə qəsdən bir dəfə kəllə, bir dəfə isə yumruqla vuraraq ona sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. Məhkəmədə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilib ifadəsində göstərdi ki, 27 dekabr 2021-ci il tarixdə saat 17 radələrində tanışı Zahid Tarverdiyevin övladı üçün İmişli şəhəri, 20 yanvar küçəsində yerləşən “Gənclər Mərkəzi” şadlıq sarayında təşkil etdiyi kiçik toy məclisində iştirak etmişdir. Saat 20 radələrində toyda yeyib-içdikdən sonra siqaret çəkmək üçün sarayın qarşısına çıxmış və həmin vaxt azyaşlı qızı Fatimə onun yanında olmuşdur. Sarayın qarşısında olarkən Zərərçəkmiş şəxs ünvansız nalayiq ifadələr işlətdiyini eşidib ona iradını bildirmişdir. Bu vaxt Əşrəf ona onunla işi olduğunu bildirib sarayın arxasına keçməyi təklif etmişdir. O, qızını saraya göndərdikdən sonra Əşrəflə birlikdə sarayın arxasına keçmiş və bu vaxt sonuncu nalayiq ifadələr işlətdiyi üçün aralarında yaranmış mübahisə zamanı bir dəfə kəllə, bir dəfə isə yumruqla vuraraq ona sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. Törətmiş olduğu cinayət əməlindən səmimi peşmandır. Hazırda zərər çəkmiş şəxslə barışmış və barəsində olan sadələşdirilmiş icraat materialının icraatına xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli özünün etirafı ilə yanaşı, iş üzrə dindirilmiş zərər çəkmiş şəxsin ifadəsi, ekspertiza rəyi, iş materialları və işin digər obyektiv halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 27 dekabr 2021-ci il tarixdə saat 17 radələrində tanışı Zahid Tarverdiyevin övladı üçün İmişli şəhəri, 20 yanvar küçəsində yerləşən “Gənclər Mərkəzi” şadlıq sarayında təşkil etdiyi kiçik toy məclisində iştirak etmişdir. Saat 20 radələrində toyda yeyib-içdikdən sonra toya pul yazdırıb sarayın qarşısına çıxmışdır. Sərxoş olduğu üçün ünvansız nalayiq ifadələr işlətmiş və bu vaxt Rəşadın yanında olan azyaşlı qızı həmin nalayiq ifadələri eşitmişdir. O, uşağı görməmiş və bu vaxt Rəşadla aralarında mübahisə yaranmış, onlar sarayın arxasına keçmiş və aralarında yaranmış mübahisə zamanı sonuncu bir dəfə kəllə, bir dəfə isə yumruqla vuraraq ona sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmış, ondan heç bir şikayəti və tələbi yoxdur və bu barədə yazılı ərizəsini məhkəməyə təqdim edərək işin icraatına xitam verilməsini xahiş etmişdir. İşdə olan Məhkəmə - Tibbi Ekspertiza və X2 Publik Huquqi şəxsin İmişli rayon şöbəsinin məhkəmə – tibbi ekspertizanın 28 dekabr 2021-ci il tarixli, 995 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər – üst dodağın selikli qişasında ortada qansızma və üst çənədə sağda birinci dişin çıxığı, ənsə nahiyəsində bir qədər solda yara, sağ diz oynağının ön səthində sıyrıq küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müxtəlif şəraitlərdə, o cümlədən 27 dekabr 2021-ci il tarixdə təsviri hissədə göstərilən şəraitdə əmələ gələ bilərdi. Qeyd olunmuş xəsarətlər - üst dodağın selikli qişasında ortada qansızma və üst çənədə sağda birinci dişin çıxığı dərəcəsinə görə ümumi əmək qabiliyyətinin cüzi dayanıqlı itirilməsinə səbəb olan sağlamlığa yüngül zərər vurmaya, ənsə nahiyəsində bir qədər solda yara dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir, sağ diz oynağının ön səthində sıyrıq sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları tam, obyektiv və hərtərəfli araşdırıb, mövcud sübutları düzgün təhlil edərək hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Eyni zamanda, məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Bununla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar vardır. Belə ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aiddir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır.http://www.eqanun.gov.az/alpidata/code/data/0/c_c_14.htm Beləliklə, məhkəmə cinayət təqibi üzrə toplanmış sübutların məcmusuna tam, obyektiv və hüquqi qiymət verərək, yuxarıda göstərilən qanunvericilik aktı normalarına əsasən hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini ilk dəfə törətdiyi, Zərərçəkmiş şəxs ilə barışdığı və ona dəymiş zərəri könüllü olaraq tamamilə ödədiyi üçün müdafiə tərəfinin razılığı ilə ona qarşı cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. İş üzrə mülki iddia, məhkəmə məsrəfləri, maddi sübut və müsadirə edilməli əmlak yoxdur. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 40.2.2, 43.3, 344-347, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair sadələşdirilmiş icraat materialının icraatına xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Qərardan 20 gün müddətində İmişli rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Qurban Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar