Azərbaycan Respublikası adından HÖKM İmişli rayonu İş № 1(036)-24/2024 20.02.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Balacayev Elməddin Xudan oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və müdafiəçi X1 iştirakı ilə, xx.xx.1987-ci ildə İmişli şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, subay, məhkum olunmamış, İmişli şəhəri, Şəhriyar küçəsi, ev 26 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətiman tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs ondan ötrü məhkəməyə verilmişdir ki, o, özgənin əmlakını talama məqsədi ilə 12 oktyabr 2023-cü il tarixdə saat 03:30-da İmişli şəhəri H.Əliyev prospektində yerləşən Zərərçəkmiş şəxs məxsus “Nuşirəvan” çay evinə pəncərədən qanunsuz daxil olmuş, həmin çay evinin mətbəx otağında olan bir ədəd “Samsung” markalı, 24 düyümlük, dəyəri 130 (bir yüz otuz) manat olan təhlükəsizlik kamerası üçün nəzərdə tutulan monitoru və bir ədəd “LG” markalı, 24 düyümlük, dəyəri 95 (doxsan beş) manat olan təhlükəsizlik kamerası üçün nəzərdə tutulan monitoru və çayxananın çöl arxa tərəfindəki divara bərkidilmiş bir ədəd “Hikvision” markalı, dəyəri 75 (yetmiş beş) manat olan təhlükəsizlik kamerasını gizli yolla talamaqla, zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 300 (üç yüz) manat dəyərində maddi ziyan vurub oğurluq etmişdir. İş üzrə Təqsirləndirilən şəxs özünü ona qarşı Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs məxsus olan İmişli şəhəri, H.Əliyev prospektində yerləşən, “X5” adına parkın yaxınlığında yerləşən “Nuşirəvan” çay evində mütəmadi olaraq getmiş və qumar oynamışdır. 11 oktyabr 2023-cü il tarixdə o, həmin “Nuşirəvan” çay evinə gedib domino oynamış və saat 23 radələrində çayxanadan çıxıb evə gəlmişdir. Təxminən 5 il əvvəl Qəhrəman Rusiyaya Federasiyasına gedərkən çayxananı ona tapşırdığı üçün o, çayxananı yaxşı tanımış, mətbəx otağında ara-sıra 300-500 manat pul saxlandığını bilmişdir. 11 oktyabr 2023-cü il tarixdə saat 03 radələrində o, evdən mətbəx bıçağıı götürüb çayxanaya gəlmiş və çayxananın arxa tərəfindəki pəncərədən içəri daxil olaraq mətbəx otağında olan şkafları bir-bir axtarmağa başlamış, lakin orada pul olmadığından əlinə keç nə keçməmişdir. Çayxananın kamerasına düşdüyündən ehtiyat etdiyi üçün monitorun kabelinievdən gətirdiyi bıçaqla kəsmiş, sonra monitoru götürüb çayxananın giriş qapısını içəridən açıb çölə çıxmış, çayxananın arxa tərəfindəki divarda olan təhlükəsizlik kamerasının kabelini də həmin bıçaqla kəsib kameranı yerindən çıxarmışdır. Oradan çayxananın arxa tərəfində olan su arxının yanına gəlib monitoru və kameranı yerə çırpıb sındırdıqdan sonra çıxıb getmişdir. Təqsirləndirilən şəxs daha sonra ifadəsində göstərmişdir ki, o, əməlindən peşman olmuş, cinayəti nəticəsində Zərərçəkmiş şəxs dəymiş maddi zərəri tam şəkildə ödəyərək onunla barışmışdır. İş üzrə Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, qardaşı X2 “İİ Qarabağ müharibəsi” iştirakçısı olmuş və həmin döyüşlərdə yaralanıb əlil statusu almışdır. İmişli rayon İH tərəfindən qardaşına İmişli şəhəri, H.Əliyev prospektində yerləşən “Sabir parkının” yaxınlığında çayxana tikilməsi üçün yer verilmiş və orada “Nuşirəvan” çay evi tikilmişdir. Qardaşının vəfatından sonra çayxananı miras kimi qəbul edərək işlətmişdir. İmişli şəhər sakini Təqsirləndirilən şəxs bütün günü çayxanada olur və domino oynayır. O, 5 il bundan əvvəl Rusiya Federasiyasına gedəndə çayxananı Zaura etibar etmiş və qayıdanda çayxananı natəmiz saxladığına görə Zaurdan narazı qalmışdır. 11 oktyabr 2023-cü il tarixdə Zaur sərxoş halda çayxanada olmuş və saat 23-00 radələrində çıxıb getmişdir. Həmin gün sat 24-00 radələrində o, çayxananı bağlayıb evinə, 12 oktyabr 2023-cü il tarixdə saat 07 radələrində çayxanaya gələndə çayxananın giriş qapısının açıq olmasını görmüşdür. O, çayxanaya girəndə çayxananın təhlükəsizlik kamerasına məxsus monitorların yerində olmadığını və kabellərin kəsildiyini görmüşdür. Baxış zamanı müəyyən etmişdir ki, içəri daxil olan şəxs hər yeri axtarış, çay dəmlənən otaqda, qutuda şəhid ehsanları üçün yığılan pullar olsa da tapa bilmədiyi üçün oğurlaya bilməmişdir. İçəriyə çayxananın arxa tərəfindən, nəfəslikdən girilmişdir. Nəfəslik odun peçinin turbasını çölə çıxarmaq məqsədilə qurulmuş nazik list dəmirlə bağlı olmuş, oğru həmin list dəmiri əli ilə itələyib içəri atmış və pəncərədən içəri daxil olmuşdur. İçəridə pul tapa bilmədikdə orada olan iki ədəd monitoru götürüb çayxananın giriş qapısını içəridən açaraq çıxmış, sonra ayaqyolu tərəfdə olan bir ədəd təhlükəsizlik kamerasının kabelini də kəsib həmin kameranı yerindən çıxarmış və özü ilə aparmışdır. Digər kameralara baxış zamanı çayxanaya daxil olan şəxsin Təqsirləndirilən şəxs olmasını müəyyən etmişdir. Zaur çayxanaya gecə saat 03 radələrində daxil olmuş və orada axtarış aparıb pul tapa bilməyərək monitorları və kameranın birini götürüb getmişdir. Həmin monotorlardan biri “Samsung” digəri isə “LG” markalı olmuş, ”Samsung” markalı monitorun qiyməti 130 manat, “LG” markalı monitorun qiyməti isə 95 manatdır. Hər iki monitor 24 düyüm ölçüdədir. Digər təhlükəsizlik kamerası “Hikvision” markalıdır, qiyməti 75 manatdır. Ona ümumilikdə 300 manat məbləğində maddi ziyan vurulmuş və Təqsirləndirilən şəxs tərəfindən tam şəkildə ödənilmişdir. Ona görə də, ona qarşı heç bir tələbi və şikayəti yoxdur. İşdə olan “Hadisə yerinə baxış keçirilməsi haqqında” 12 oktyabr 2023-cü il tarixli protokola əsasən İmişli şəhəri H.Əliyev prospektində yerləşən “Nuşirəvan” çay evi bir mərtəbəlidir. Çay evinin divarındakı yerləşən kameralardan biri, çay evinin mətbəxində olan monitorlar da yerində olmamışdır. Monitor olan yerdə kabellər olmuşdur. Mətbəxdə qırılımış, dağıdılmış şeylər olmamışdır. Pənəcərənin birinin şüşəsi olmamış, çay evindən müxtəlif yerlərdən əl-barmaq izləri götürülmüşdür. (c.i. səh: 03-05) Cinayət işində olan “Baxış keçirilməsi haqqında” 10 dekabr 2023-cü il tarixli protokola əsasən CD diskdə olan birinci video görüntü 2 dəqiqə 16 saniyə uzunluğundadır. Həmin videodan görünür ki, 12 oktyabr 2023-cü il tarixdə, saat 03:30:47-də Təqsirləndirilən şəxs çay evinin şüşə pəncərəsinin yuxarı tərəfində olan hissədəki dəmir listi yerindən çıxarmış və yaxınlıqdakı stolun üzərində olan örtüyü qaldırıb həmin örtüyün altına qoymuş, həmin nəfəslikdən ayaqlarını keçirməklə çayxananın içərisinə qanunsuz olaraq daxil olmuşdur; CD diskdə olan ikinci video görüntü 4 dəqiqə 46 saniyə uzunluqdadır. Həmin videodan görünür ki, 12 oktyabr 2023-cü il tarixdə, saat 03:33:14-də Təqsirləndirilən şəxs sağ əlində bir ədəd siqaret alışqanı, sol əlində isə bıçaq olmuşdur. Alışqanın arxasında olan işıqdan fənər kimi istifadə etmişdir. Çayxananın mətbəx otağına daxil olduqdan sonra orada rəflərin üzərində olan əşyalar arasında axtarış aparmışdır. Sonra əlindəki bıçaqla mətbəx otağında olan iki ədəd monitorun naqillərini kəsmiş, alışqan işığından istifadə etməklə rəflərin üzərindəki əşyaları yenidən axtarmışdır. Kiçik əşya şkafının relsli qapısını açaraq orada olan əşyaları axtarmış, oradan da heç bir əşya götürmədən naqillərini kəsdiyi monitorları götürüb çıxıb getmişdir. Baxış keçirilən zaman Təqsirləndirilən şəxs video görüntüdə olan şəxsi tanıyaraq özü olduğunu və oradan çıxdıqdan sonra çayxananın divarında olan bir ədəd təhlükəsizlik kamerasını da yerindən çıxarıb apardığını bildirmişdir. (c.i. səh: 111-112) İşdə olan Daktiloskopik ekspertizanın 02 dekabr 2023-cü il tarixli, 23/937R saylı rəyində göstərilmişdir ki,xx.xx.2023-cü il tarixdə, İmişli şəhəri H.Əliyev prospektində yerləşən vətəndaş Zərərçəkmiş şəxs məxsus “Nuşirəvan” çay evində baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülərək tədqiqata təqdim edilmiş 06 ədəd kağız parçasının üzərinə yapşdırılmış 06 ədəd şəffaf yapışqanlı lent kəsikləri üzərində olan 02 ədəd ovuc izi şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır.Tədqiqata təqdim edilmiş vətəndaş Təqsirləndirilən şəxs əl barmaq və ovuc əksləri (daktiloskopik xəritə) müqayisəli tədqiqat üçün yararlıdır. Şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan əl izlərindən 01 ədədi xx.xx.1987-ci il tarixdə İmişli rayonunda anadan olmuş Təqsirləndirilən şəxs sağ əlinin ovucu ilə eynilik müəyyən edilmişdir.Qalan digər şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan 01 ədəd ovuc izi DİN-in KTİ-nin ADİS-in məlumat bankında olan şəxslərin ovuc əksləri ilə eynilik müəyyən edilməmişdir. (c.i. səh: 96-105) İşdə olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 18 dekabr 2023-cü il tarixli, 9/8740 nömrəli rəyindən görünür ki, 18 dekabr 2023-cü il tarixli 9/8740 saylı rəyindən görünür ki, 01 ədəd 24 düyüm ölçüdə olan “Samsung” markalı təhlükəsizlik kamerası üçün nəzərdə tutulmuş monitorun dəyəri 120 manat, 01 ədəd 24 düyüm ölçüdə olan “LG” markalı təhlükəsizlik kamerası üçün nəzərdə tutulmuş monitorun dəyəri 120 manat, “Hikvision” markalı təhlükəsizlik kamerasının dəyəri 30 manat olmaqla qərarda göstərilən malların orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2023-cü ilin ktyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada 270,00 manat müəyyən edilmişdir. (c.i. səh: 113-115) AR CPM-nin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübütların məcmuyuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmuyunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. Məhkəmə tədqiq olunmuş subutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətmişdir.Ona görə də o, həmin maddə ilə təqsirli bilinib CM-nın Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla cəzalanmalıdır. AR CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza ədalətin bərpası, məhkumun islah edilməsi və məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İşdə olan AR DİN BƏSİİ tərəfindən verilmiş sorğu məlumatına əsasən Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. (c.i. səh: 86-87) Süleymanov Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Zərərçəkmiş şəxsə dəymiş maddi zərəri ödəyərək onunla barışıq əldə etməsi və əməlindən peşmançılıq çəkməsi Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallardır. İşdə olan 06 noyabr 2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 6 noyabr 2023-cü il tarixdə saat 19:00-da Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs tutulmuşdur. (c.i. səh: 42-44) İşdə olan İmişli RPŞ İB-nin 08 noyabr 2023-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərara əsasən Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilərək həbsdən azad edilmişdir. (c.i. səh: 60-84) «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı Qərarının 3-cü bəndinin 2-ci abzastında göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə hesab edir ki, törətdiyi cinayətin ictimai təhlükəlilik dərəcəsi və cəzasını yüngülləşdirən hallar və şəxsiyyəti nəzərə alınaraq Təqsirləndirilən şəxs AR CM-nın müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməli, CM-nın 69.3-cü maddəsinə əsasən onun xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə saxlandığı müddət onun cəza müddətinə hesablanmalıdır; İş üzrə ekspertiza xərcini təşkil edən 50,0 manat pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351-353 və 383- 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinib 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. AR CM-nın 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023cü il tarixədək həbsdə saxlandığı müddət nəzərə alınaraq üzərində 1 (bir) il 11( on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23-00-dan növbəti gün saat 07- 00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanması üçün ona xidmət etmək, barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edildiyi müddətlər istisna olmaqla İmişli rayonunun inzibati ərazisinin hüdudlarından çıxmamaq, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə ekspertiza xərcini təşkil edən 50,0 manat pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. Hökmün icrasına nəzarət İmişli rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim: Ülvi Qənbərov.
Məhkəmə qərarları › İş №1(036)-24/2024
İmişli Rayon Məhkəməsi Hökm — İş №1(036)-24/2024
20.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver