Məhkəmə qərarları › İş №1(036)-25/2025

İmişli Rayon Məhkəməsi Hökm — İş №1(036)-25/2025

26.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM İmişli rayonu İş № 1(036)-25/2025 26.02.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi İmişli rayon vəkil bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Müdafiəçi1 iştirakları ilə, xx.xx.1989-cu ildə İmişli rayonu Çaxırlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, X3 Sistemlərinin İstismarı İdarəsində nasos qurğularının maşinisti vəzifəsində işləyən, evli, əvvəllər məhkum olunmamış, İmişli rayonu Çaxırlı kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə, xx.xx.1994-cü ildə İmişli rayonu Çaxırlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, İmişli rayonu Çaxırlı kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirimələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək vahid niyyətlə əhatə olunan cinayətkar qəsdlə 13 noyabr 2024-cü il tarixdə, saat 19 radələrində İmişli rayonu Çaxırlı kəndi ərazisində yerləşən və Zərərçəkmiş şəxs müqavilə əsasında icarəsində olan fermer təsərrüfatının həyətindəki yardımçı tikiliyə qanunsuz daxil olub oradan iki ədəd, hər birinin hündürlüyü 2,1 metr, eni 88 sm olmaqla, hər birinin dəyəri 200 manat təşkil edən plastik materiallı qapıları, 14 noyabr 2024-cü il tarixdə, saat 20:30 radələrində həmin fermer təsərrüfatının həyətindəki yardımçı tikilidən iki ədəd, hər birinin hündürlüyü 2,1 metr, eni 88 sm olmaqla hər birinin dəyəri 200 manat təşkil edən plastik materiallı qapıları, həmin fermer təsərrüfatının həyətindəki tövlədən iki ədəd, hər birinin hündürlüyü 2,06 metr, eni 1,09 metr olmaqla hər birinin dəyəri 80 manat təşkil edən dəmir qapıları, həmin fermer təsərrüfatının həyətindəki on ədəd, hər birinin uzunluğu 6 metr olmaqla, ümumi dəyəri 80 manat təşkil edən taxtaları, həmin fermer təsərrüfatının həyətindəki işıq dirəyinə bağlanmış 50 metr uzunluqda olmaqla dəyəri 150 manat təşkil edən işıq naqilini, 15 noyabr 2024-cü il tarixdə, saat 19 radələrində həmin fermer təsərrüfatının həyətində olan yardımçı tikilidən üç ədəd, hər birinin hündürlüyü 2,1 metr, eni 88 sm olmaqla hər birinin dəyəri 200 manat təşkil edən plastik materiallı qapıları, həmin yardımçı tikilidən iki ədəd, hər biri 30x30 ölçüdə, hər birinin dəyəri 50 manat olmaqla ümumilikdə 100 manat təşkil edən nəfəslikləri, həmin fermanın həyətində olan modul tipli qurğunun hündürlüyü 2,1 metr, eni 90 sm olmaqla dəyəri 400 manat təşkil edən bir ədəd seyf qapısını, həmin fermanın həyətindəki tövlədən üç ədəd, hər birinin hündürlüyü 2,06 metr, eni 1,09 metr olmaqla hər birinin dəyəri 80 manat təşkil edən dəmir qapıları, həmin fermanın həyətində olan iyirmi ədəd, hər birinin uzunluğu 6 metr olmaqla ümumi dəyəri 160 manat təşkil edən taxtaları, həmin fermanın həyətindən səkkiz ədəd, hər birinin uzunluğu 8 metr olmaqla, 50 mm diametrli, ümumi dəyəri 200 manat təşkil edən dəmir boruları gizli yolla talamaqla Zərərçəkmiş şəxs 2890 (iki min səkkiz yüz doxsan) manat maddi ziyan vurmuşlar. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 ilə xx.xx.2024-cü il tarixdə gündüz vaxtı İmişli rayonu Çaxırlı kəndində yaşadığı evin qarşısında görüşüb oğurluq etməyi planlaşdırmışlar. Bundan sonra xx.xx.2024-cü il tarixdə 19:00 radələrində İmişli rayonu Çaxırlı kəndində yerləşən fermaya getmişlər. Fermanın mişar daşları ilə hörülmüş hasarından keçərək fermaya daxil olmuşlar. Təxminən bir kilometr getdikdən sonra fermanın daxilində yerləşən yardımçı tikilinin içərisindən iki ədəd plastik qapını əlində olan dəmir parçası ilə yerindən çıxarmışdır. Bu zaman İsmət də ona köməklik etmişdir. Sonra oğurladığı qapını əlində apararaq fermanı tərk etmişdir. Həmin iki ədəd qapıdan birini öz yaşadığı evin həyətinə gətirmiş, digər qapını isə Təqsirləndirilən şəxs2 özü ilə yaşadığı evə aparmışdır. Səhəri gün Təqsirləndirilən şəxs2 fermada olan digər əşyaları oğurlamaq üçün yük arabası düzəltmişdir. xx.xx.2024-cü il tarixdə saat 20:30 radələrində Təqsirləndirilən şəxs2lə birgə fermaya getmiş, İsmətin düzəltdiyi arabanı bir yerdə fermanın əhatəsində olan hasardan aşırdıb fermaya daxil olmuşlar. Fermanın daxilindəki yardımçı tiklinin iki ədəd plastik qapısını əlində olan dəmir parçası ilə söküb arabaya yükləmişlər. Daha sonra fermada olan tövlənin 02 ədəd dəmir barmaqlığını və 10 ədəd taxta parçasını arabaya yükləmişlər. Bundan əlavə fermadakı yardımçı tiklinin qarşısında olan işıq dirəyinin üzərində olan təxminən 40 metr uzunluqda elektrik naqilini əlindəki dəmir parçası ilə kəsib arabaya qoymuşdur. Bundan sonra fermanın kənarında su arxının yanındakı qapıdan çıxıb evə gəlmişlər. Evə gələrkən oğurladığı elektrik naqilini lazım olmadığını hesab edib su arxına tullamışdır. Bir qayda olaraq oğurluq yolu ilə əldə etdiyi plastik qapının birini, dəmir barmaqlığın birini və 10 ədəd taxta parçasını götürüb yaşadığı evin həyətinə aparmışdır. Təqsirləndirilən şəxs2 də öz payına düşəni özü ilə arabada evinə aparmışdır. xx.xx.2024-cü il tarixdə saat 19:00 radələrində Təqsirləndirilən şəxs2lə birgə yenidən fermaya getmişlər. Təqsirləndirilən şəxs2 düzəltdiyi arabanı hasardan aşırdıb fermaya daxil olmuşlar. Fermada yardımçı tiklinin içərisindən üç ədəd plastik qapını əlindəki dəmir parçası ilə yerindən çıxardıb arabaya yükləmişdir. Bu zaman İsmət də iki ədəd plastik nəfəsliyi əli ilə yerindən çıxardaraq arabaya yükləmişdir. Fermada axtarış etdikdə İsmət yardımçı tiklinin 01 ədəd seyf qapısını yerindən çıxarıb arabaya yükləmişdir. Sonra üç ədəd dəmir barmaqlığı və təxminən 10-15 ədəd taxta parçasını və 8 ədəd dəmir borunu götürüb arabaya yüklədikdən sonra yenə də arabanı fermanın kənarında olan su arxının yanındakı qapıdan çıxarıb evə getmişlər. Oğurladıqları əşyalardan üç ədəd plastik qapını, iki ədəd dəmir barmaqlığı və 10-15 ədəd taxta parçasını götürüb yaşadığı evin həyətinə qoymuşdur. Yerdə qalanları isə İsmət özü ilə arabada evinə aparmışdır. Törətmiş olduğu cinayət əməlindən peşmandır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 ilə xx.xx.2024-cü il tarixdə gündüz vaxtı İmişli rayonu Çaxırlı kəndində Hamidin yaşadığı evin qarşısında görüşüb oğurluq etməyi planlaşdırmışlar. Bundan sonra həmin gün, yəni xx.xx.2024-cü il tarixdə 19:00 radələrində İmişli rayonu Çaxırlı kəndində yerləşən fermaya getmişlər. Fermanın mişar daşları ilə hörülmüş hasarından keçərək fermaya daxil olmuşlar. Təxminən bir kilometr getdikdən sonra fermanın daxilində yerləşən tiklinin iki ədəd plastik qapısını Hamidin əlində olan dəmir parçası ilə yerindən çıxarmışlar. Bu zaman o da Hamidə köməklik etmişdir. Sonra həmin qapıları əlində apararaq fermanı tərk etmişlər. Oğurladıqları iki ədəd qapıdan birini yaşadığı evin həyətinə gətirmiş, digər qapını isə Hamid özü ilə yaşadığı evə aparmışdır. Daha sonra ertəsi gün fermada olan digər əşyaları oğurlamaq üçün araba düzəltmək qərarına gəlmişdir. Yaşadığı evin həyətində 2 təkərli yük arabası düzəltmişdir. xx.xx.2024 cü il tarixdə saat 20:30 radələrində Hamidlə birgə həmin fermaya getmişlər. Düzəltdiyi arabanı Hamidlə bir yerdə fermanın əhatəsində olan hasardan aşırdıb fermaya daxil olmuşlar. Fermanın daxilində yerləşən yardımçı tiklinin iki ədəd plastik qapısını Hamid əlində olan dəmir parçası ilə sökdükdən sonra birgə arabaya yükləmişlər. Daha sonra ferma ərazisində olan tövlənin iki ədəd dəmir barmaqlığını və 10 ədəd taxta parçasını arabaya yükləmişlər. Daha sonra Hamid ferma ərazisində yardımçı tiklinin qarşısında olan işıq dirəyinin üzərində təxminən 40 metr uzunluqda elektrik naqilini əlindəki dəmir parçası ilə kəsib arabaya qoymuşdur. Bundan sonra fermanın kənarında su arxının yanından araba ilə qapıdan çıxıb evə gedərkən Hamid oğurladıqları elektrik naqilini lazımsız hesab edib su arxına tullamışdır. Bir qayda olaraq oğurladıqları plastik qapının birini, dəmir barmaqlığın birini götürüb yaşadığı evin həyətinə qoymuşdur. Hamid də öz payına düşəni özü ilə evinə aparmışdır. xx.xx.2024-cü il tarixdə saat 19:00 radələrində Hamidlə birgə yenidən fermaya getmişdir. Düzəltdiyi arabanı hasardan aşırdıb fermaya daxil olmuşlar. Hamid ferma ərazisində yardımçı tikilinin içərisində olan 03 ədəd plastik qapını əlindəki dəmir parçası ilə yerindən çıxardıb arabaya yükləmişdir. Bu zaman o da yardımçı tikilinin iki ədəd plastik nəfəsliyini əli ilə yerindən çıxardaraq arabaya yükləmişdir. Sonra o, yardımçı tikilinin 01 ədəd seyf qapısını yerindən çıxarıb arabaya yükləmişdir. Daha sonra 03 ədəd dəmir barmaqlığı, təxminən 10-15 ədəd taxta parçasını və səkkiz ədəd dəmir borunu götürüb arabaya yükləmişdir. Yenə də arabanı fermanın kənarında su arxının yanında olan qapıdan çıxarıb evə gəlmişdir. Oğurladıqları əşyalardan bir ədəd seyf qapını, bir ədəd dəmir barmaqlığı və səkkiz ədəd dəmir borunu yük arabası ilə yaşadığı evin həyətinə gətirmiş, yerdə qalanları isə Hamid evinə aparmışdır. Törətmiş olduğu cinayət əməlindən peşmandır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli olması özlərinin etirafedici ifadələri, zərərçəkmiş şəxsin ifadəsi və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, İmişli rayonu Çaxırlı kəndində yerləşən fermada təsərrüfatla məşğul olur. Həmin fermanı müqavilə əsasında istifadə edir. Həmin fermanın 370 hektar ərazisi vardır. Ferma mişar daşları ilə hörülmüş hasarla əhatələnmişdir. Fermanın ərazisində balıq saxlamaq üçün göl vardır. Bundan başqa fermer təsərrüfatının daxilində çobanların yaşaması üçün nəzərdə tutulmuş yardımçı tikililər və heyvanların saxlanılması üçün tövlə vardır. Hazırda fermada mal-qara olmadığı üçün göstərdiyi tikililərdə heç kəs yaşamır. Yalnız fermer təsərrüfatında balıq gölləri fəaliyyətdədir. Həmin fermada gündüz vaxtı Şahid nəzarətçi işləyir. xx.xx.2024-cü il tarixdə fermaya getmiş, fermer təsərrüfatında olan yardımçı tikilinin 01 ədəd seyf qapısının, plastik materialdan hazırlanmış 07 ədəd qapısını və 02 ədəd nəfəsliyini, həmin yardımçı tiklinin qarşısında olan işıq dirəyinin üzərində, 50 metr uzunluqda mis materialdan elektrik naqilini, fermer təsərrüfatında olan tövlədən, 8 ədəd 8 metr uzunluğunda 50 mm diametrli dəmir borunu, 05 ədəd dəmir barmaqlığı və 6 metr uzunluqda, 5x10 sm ölçüdə, 30 ədəd taxtanın olmadığını görmüş və fermada oğurluq olduğunu bilmişdir. Bundan sonra təsərrüfatın ərazisini axtarmış, gözləmiş ki, oğurluq edən şəxs əmlakı geri gətirər. Lakin nəticə olmadığını görüb xx.xx.2024-cü il tarixdə polis şöbəsinə müraciət etmişdir. Fermer təsərrüfatında olan yeddi ədəd, hər birinin hündürlüyü 2,1 metr, eni 88 sm olmaqla, hər biri 200 manat dəyərindəki plastik materiallı qapıları, beş ədəd, hər birinin hündürlüyü 2,06 metr, eni 1,09 metr olmaqla hər biri 80 manat dəyərində olan dəmir qapıları, 30 ədəd, hər birinin uzunluğu 6 metr olmaqla ümumi dəyəri 240 manat olan taxtaları, 50 metr uzunluqda olmaqla 150 manat dəyərində işıq naqilini, iki ədəd, hər biri 30x30 ölçüdə, hər birinin dəyəri 50 manat olmaqla plastik materiallı nəfəslikləri, hündürlüyü 2,1 metr, eni 90 sm olmaqla 400 manat dəyərində bir ədəd seyf qapısını, səkkiz ədəd, hər birinin uzunluğu 8 metr olmaqla, 50 mm diametrli, ümumi dəyəri 200 manat olan dəmir boruları oğurlanmışdır. Bununla da ona 2890 (iki min səkkiz yüz doxsan) manat maddi ziyan vurulmuşdur. Hazırda həmin əmlaklar onun özünə qaytarılmışdır. Ona görə də onun təqsirləndirilən şəxslərə qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, o, İmişli rayonu Çaxırlı kəndində yerləşən Zərərçəkmiş şəxs istifadəsində olan fermer təsərrüfatında nəzarətçi işləyir. Onun iş vaxtı hər gün saat 07:00 dan saat 17:00 qədərdir. Bu zaman ərzində hər gün fermer təsərrüfatının içərisində olan balıq göllərinə nəzarət etdiyini bildirmişdir. Təsərrüfatın içərisində olan çobanlar üçün tikilmiş yardımçı tiklilər balıq göllərindən aralıda yerləşir. Təsərrüfatda hal hazırda mal-qara olmadığı üçün həmin tikililər boşdur və heç kəs yaşamır. xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs təsərrüfata gəlmiş və onlar ərazini birgə gəzərkən yardımçı tikilinin plastik qapılarının və nəfəsliklərin, malqara tövləsinin qapılarının, vaqonun seyf qapısının, tövlənin içərisindəki taxta və dəmir boruların və işıq dirəyindəki elektrik naqilinin yerində olmadığını aşkar etmişlər. Oğurluq olduğunu bildikdən sonra Teymur, oğurlayan şəxslərin həmin əmlakı gətirib qaytarması üçün bir iki gün gözləmiş, lakin nəticə olmadığından polis şöbəsinə müraciət etmişdir. Cinayət işi materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş; Hadisə yerinə baxış keçirilməsi haqqında 19 noyabr 2024-cü il tarixli protokoldan görünür ki, baxış keçirilən yer İmişli rayonu Çaxırlı kəndində yerləşən Zərərçəkmiş şəxs istifadəsində olan fermer təsərrüfatıdır. Təsərrüfatın içərisində çobanlar üçün nəzərdə tutulmuş, mişar daşları ilə hörülmüş yardımçı tikili və dəmir materialdan vaqon olmuşdur. Bundan başqa mal-qaranın saxlanılması üçün tövlə olmuşdur. Təsərrüfatın ətrafı mişar daşları ilə hörülmüş hasarla əhatələnmişdir. Zərərçəkmiş şəxs naməlum şəxs (şəxslərin) yaşayış üçün nəzərdə tutulmuş vaqonun bir ədəd seyf qapısını, sonra yardımçı tiklinin içərisində olan yeddi ədəd plastik materiallı qapılarını həmin tikilinin iki ədəd plastik materiallı nəfəsliyini, tövlənin beş ədəd dəmir barmaqlığını, yardımçı tiklinin qarşısında olan işıq dirəyinin üzərində olan 50 metr elektrik naqilinin, tövlənin içərisində heyvanların yemlənməsi üçün nəzərdə tutulmuş yerdə 30 ədəd taxtanın, həmin tövlənin içərisindən səkkiz ədəd dəmir borunun oğurladıqlarını bildirmişdir (cild 1, vərəq 11-19); Baxış keçirilməsi və götürülmə aparılması haqqında 20 noyabr 2024-cü il tarixli protokoldan görünür ki, baxış keçirilən yer İmişli rayonu Çaxırlı kəndi ərazisində yerləşən Təqsirləndirilən şəxs1 məxsus fərdi yaşayış evinin həyətidir. Həyətə daxil olduqda sağ tərəfdə mişar daşından hörülmüş hasara söykənmiş halda bir ədəd 2.1 metr uzunluda 88 sm enində plastik materiallı qapının, bir ədəd 2.06 metr hündürlükdə 1.09 enində dəmir qapının 20 ədəd 6 metr uzunluqda taxta aşkar olunmuşdur. Sonra yaşayış evinin alt hissəsindən bir ədəd 2.1 metr uzunluda 88 sm enində plastik materiallı qapı aşkar olunmuşdur. Sonra həyətin hasarlanmış ikinci hissəsində yarımtikili yaşayış evinin çöl divarına söykənmiş vəziyyətdə iki ədəd 2.06 metr hündürlükdə 1.09 enində dəmir qapı, yarımtikili evin içərisindən isə üç ədəd 2.1 metr uzunluda 88 sm enində plastik materiallı qapılar aşkar olunmuş və götürülmüşdür. Bundan sonra İmişli rayon Çaxırlı kəndi ərazisində yerləşən Təqsirləndirilən şəxs2 yaşadığı evin həyətinə gedilmişdir. Həyətdəki yardımçı tikilidən iki ədəd 2.1 metr uzunluda 88 sm enində plastik materiallı qapı, iki ədəd 2.06 metr hündürlükdə 1.09 enində dəmir qapı iki ədəd 30x30 sm ölçüdə nəfəslik səkkiz ədəd 8 metr uzunluqda dəmir borular və bir ədəd hündürlüyü 2.10 metr eni 90 sm olan seyf qapı aşkar olunaraq götürülmüşdür. Baxış keçirilən zaman iştirak edən Zərərçəkmiş şəxs aşkar olunaraq götürülmüş əmlakların istifadəsində olan fermaya məxsus olmasını tanıyaraq təsdiq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs2 yaşadığı evin həyətinə baxış keçirilən zaman bir ədəd oğurluq zamanı istifadə etdiyi iki təkərli araba aşkar olunmuşdur. Araba dəmir konstruksiyalı olub, iki ədəd minik təyinatlı nəqliyyat vasitəsinə məxsus təkərlərlə təchiz olunmuş, insanın fiziki gücü əsasında hərəkət etmişdir. Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1la birlikdə oğurladıqları əmlakı həmin araba ilə daşıdıqlarını etiraf etmişdir (cild 1, vərəq 52-60); Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 19 noyabr 2024-cü il tarixli qərardan görünür ki, faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır (cild 1, vərəq 1); Zərərçəkmiş şəxs qismində tanınma haqqında 19 noyabr 2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 1, vərəq 20); Şübhəli şəxsin tutulması haqqında 20 noyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə, saat 18:20-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (cild 1, vərəq 74-75); Şübhəli şəxsin tutulması haqqında 20 noyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə, saat 20:01-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (cild 1, vərəq 91-92); Cinayət əməlinin tövsif edilməsi haqqında 22 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi həmin Məcəllənin 177.2.1 və 177.2.3-cü maddələrinə tövsif edilmişdir (cild 1, vərəq 99-100); Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 22 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddə ilə ittiham elan edilmişdir (cild 1, vərəq 102-104); Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 22 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddə ilə ittiham elan edilmişdir (cild 1, vərəq 114-116); Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında 22 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə Təqsirləndirilən şəxs1 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək Saatlı RPŞ-nin MSY-dən azad edilmişdir (cild 1, vərəq 126-128); Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında İmişli Rayon Məhkəməsinin 22 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə Təqsirləndirilən şəxs2 barəsində 3 (üç) ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. (cild 1, vərəq 137-143); Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin dəyişdirilməsi haqqında İmişli Rayon Məhkəməsinin 29 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. (cild 1, vərəq 161-166); Sübutların qiymətləndirilməsi haqqında 06 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə istintaq olunan ********* nömrəli cinayət işi həmin Məcəllənin 177.2.1, 177.2.2 və 177.2.3cü maddələrinə tövsif edilmişdir (cild 1, vərəq 181-192); Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında 10 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə yenidən ittiham elan edilmişdir (cild 1, vərəq 194-195); Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında 10 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə yenidən ittiham elan edilmişdir (cild 1, vərəq 205-206); Beləliklə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törədikləri cinayət əməlləri, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, onların özünün, zərərçəkmiş şəxsin və şahidin ifadələri, habelə digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinə düzgün tövsif edilmiş və onlar həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdırlar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Cinayət işi materiallarında olan Təqsirləndirilən şəxs1 səciyyələndirən halları təsdiq edən sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs1 ilk dəfədir az ağır cinayət törədir, əvvəllər məhkum olunmamışdır, evlidir, himayəsində iki azyaşlı uşağı vardır, X3 Sistemlərinin İstismarı İdarəsində nasos qurğularının maşinisti vəzifəsində işləyir və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4, 59.1.12 və 59.2ci maddələrinə əsaslanaraq Təqsirləndirilən şəxs1 əməlini etiraf edib səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və himayəsində iki azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən onun şəxsiyyətini, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları, o cümlədən cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyası çərçivəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini qanuni və ədalətli hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməli, təyin olunmuş cəza müddəti ərzində üzərinə CM-nin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələr qoyulmalı və barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət işi materiallarında olan Təqsirləndirilən şəxs2 səciyyələndirən halları təsdiq edən sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində bir azyaşlı uşağı vardır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur, İmişli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(036)-7/2024 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona qəti olaraq 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, xx.xx.2024-cü il tarixdə İmişli rayon İcra və Probasiya şöbəsinin qeydiyyatına götürülmüş, həmin hökmlə təyin edilmiş cəzasından azadlığının faktiki məhdudlaşdırıldığı tarixədək, yəni xx.xx.2024-cü il tarixədək 3 (üç) ay 21 (iyirmi bir) gün hissəsini çəkmiş və hazırkı tarixədək 2 (iki) il 8 (səkkiz) ay 5 (beş) gün çəkilməmiş cəzası qalmışdır. Göründüyü kimi təqsirləndirilən şəxs Abayev X2 Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(036)-7/2024 saylı hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası çəkib qurtarmadan yenidən qəsdən az ağır cinayət törətmişdir. Lakin onun əvvəlki hökmlə təyin edilmiş cəzası azadlıqdan məhrum etmə ilə bağlı olmadığından hazırkı əməlində cinayətlərin residivi müəyyən edilmir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 cəza təyin edilərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsində göstərilən hallar nəzərə alınaraq Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən ona hökmlərin məcmusu üzrə cəza təyin edilməlidir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4, 59.1.12 və 59.2ci maddələrinə əsaslanaraq Təqsirləndirilən şəxs2 himayəsində bir azyaşlı uşağının olmasını, əməlini etiraf edib səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası zamanı məhkuma inzibati tənbeh kimi verilmiş, yaxud başqa cinayət işi ilə əlaqədar qətimkan tədbiri kimi seçilmiş həbsin müddəti həmin cəzanın icrası müddətinə hesablanmır. Qanunvericiliyin qeyd olunan normasına əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 hazırkı cinayət işi üzrə şübhəli şəxs qismində tutulduğu, həbsdə və ona alternativ qətimkan tədbiri olan ev dustaqlığında olduğu müddətlər, yəni 20 noyabr 2024-cü il tarixdən hazırkı tarixədək olan müddət İmişli Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli hökmü ilə ona təyin edilmiş cəzanın icrası müddətinə hesablanmamalıdır. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, İmişli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə təyin edilmiş 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalmış 2 (iki) il 8 (səkkiz) ay 5 (beş) günün iki günü Azərbaycan Respublikası CM-nin 67.1 və 68.1.1-1-ci maddələrinə əsasən azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər hesablanmaqla 1 (bir) il 4 (dörd) ay 2 (iki) günü təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə ona qəti cəza təyin edilməli, Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən cəzaçəkmə müddətinin başlanğıcı 20 noyabr 2024-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməklə dərhal məhkəmə iclas zalından həbsə alınmalıdır. Maddi sübutların və məhkəmə məsrəflərinin həll edilməsi məsələsi ilə bağlı məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan 7 ədəd plastik materiallı qapı, 5 ədəd dəmir qapı, 30 ədəd taxta, 2 ədəd nəfəslik, 1 ədəd seyf qapı və 8 ədəd dəmir borunun Zərərçəkmiş şəxs və 1 ədəd yük arabasının Təqsirləndirilən şəxs2 qaytarılması nəzərə alınmalı, Təqsirləndirilən şəxs1 14 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi İmişli rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 84 (səksən dörd) manat və Təqsirləndirilən şəxs2 14 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi İmişli rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 84 (səksən dörd) manat məbləğində pul Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ:

1. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 20 noyabr 2024-cü il tarixdən 22 noyabr 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddətin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla təyin edilmiş cəzadan 4 (dörd) gün çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs1 üzərinə hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, İmişli rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə İmişli rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin.

2. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. İmişli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs2 təyin edilmiş 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalmış 2 (iki) il 8 (səkkiz) ay 5 (beş) günün iki günü Azərbaycan Respublikası CM-nin 67.1 və 68.1.1-1-ci maddələrinə əsasən azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər hesablanmaqla 1 (bir) il 4 (dörd) ay 2 (iki) günü hazırkı təyin olunmuş cəza ilə qismən birləşdirilsin və üzərində qəti olaraq 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli 20 noyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalından həbsə alınsın. İş üzrə maddi sübut olan 7 ədəd plastik materiallı qapı, 5 ədəd dəmir qapı, 30 ədəd taxta, 2 ədəd nəfəslik, 1 ədəd seyf qapı və 8 ədəd dəmir borunun Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut olan 1 ədəd yük arabasının Təqsirləndirilən şəxs2 qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs1 14 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi İmişli rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 84 (səksən dörd) manat məbləğində pul Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Təqsirləndirilən şəxs2 14 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi İmişli rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 84 (səksən dörd) manat məbləğində pul Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum şəxsə münasibətdə isə rəsmi verildiyi andan 20 gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Hakim: Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar