Azərbaycan Respublikası adından HÖKM İmişli rayonu İş № 1(036)-26/2023 17.04.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Quliyev Telman Osman oğlunun sədrliyi, Şiralıyeva Günel Mirzə qızının katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X5, Təqsirləndirilən şəxs və müdafiəçisi İmişli rayon vəkil bürosunun vəkili X9 iştirakı ilə, xx xxxxxx 1991-ci ildə İmişli şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, İmişli şəhəri, S.Vurğun küçəsi ev 16 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə İmişli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs 3 oktyabr 2022-ci il tarixdə saat 20:20 radələrində idarə etdiyi “VAZ- 21011” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobillə İmişli şəhəri, H.Aslanov küçəsi ilə "xxxx" MMC-nin X15 filialı istiqamətində 50-60 km/saat sürətlə hərəkətdə olarkən, qarşıda piyada X3 yolu sağdan sola keçməsi ilə əlaqədar hərəkət üçün təhlükə yarandığını görüb nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda, yəni hərəkət üçün təhlükənin yaranmasına baxmayaraq öz əməlinin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda cinayətkarcasına etinasızlıq edərək, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməməklə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsi ilə nəzərdə tutulan yol hərəkəti qaydalarını pozaraq, piyada X3 avtomobilin ön sağ tərəfi ilə vurmuş, nəticədə zərərçəkmiş Reyhan Abbasovaya ehtiyatsızlıqdan sol gicgah sümüyünün yerinidəyişən kəllə əsasına keçən sınığı, sınıq proyeksiyasında yumşaq toxumada, baş-beyinin sərt və yumşaq qişasında, qişaaltında qansızma, baş-beyin toxumasında qansızma, kəllə əsası sınığının yerini dəyişməyən sınığı, sol bud və sol baldır sümüklərinin qapalı, yerini dəyişmiş sınıqları, sol gicgah nahiyəsində, sağ qaşın qövsü istiqamətinə yaralar, sol budun orta 1/3-nin arxa səthində, sol baldırın yuxarı 1/3-nin bayır səthində qançırlar, sol baldırın yuxarı 1/3-nin iç səthində, çənə nahiyəsində solda, qarının ön divarında, döş qəfəsinin sol yan səthində, sağ budun orta 1/3-nin bayır səthində, sağ diz oynağının bayır səthində, sağ ayağın beşinci daraq sümüyü proyeksiyasında üst səthində sıyrıqlardan ibarət həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirməklə, başın açıq küt travması nəticəsində sol gicgah sümüyünün sınığı və baş-beyin toxumasına qansızmadan Reyhan Abbasovanın ehtiyatsızlıqdan ölümünə səbəb olmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, atası Hüseynağa Həsənova məxsus “Vaz-21011” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edir. 01 sentyabr 2022-ci il tarixdə qardaşı Həsən Həsənov futbol oynayan zaman ayağı sındığı üçün onun ayağı sarğıya qoyulmuş və yeriyə bilməmişdir. 03 sentyabr 2022-ci il tarixdə, saat 21 radələrində qardaşı üşün İmişli şəhəri, H.Aslanov küçəsində, İmişli Mərkəzi poçtunun yaxınlığında yaşayan dostundan əsa gətirməyə gedən vaxt avtomobili 50-60 km/saat sürətlə idarə etmişdir. İmişli şəhəri, H.Aslanov küçəsi ilə Q.İsmayılzadə küçəsinin kəsişməsini keçən zaman qarşısına yolun sağ cinahından sol cinahına keçmək istəyən bir nəfər qadın çıxmışdır. O, həmin qadını 2-3 metr məsafədən görüb, dərhal əyləcdən istifadə etmişdir. Lakin, avtomobili saxlaya bilməmiş və avtomobilin sağ ön yan hissəsi piyadaya dəymişdir. Zərbənin təsirindən piyada toqquşma yerindən 3-4 metr aralıya düşmüşdür. O, dərhal avtomobili saxlayıb, piyadanı tavtomobilinə qoyaraq İmişli rayon mərkəzi xəstəxanasına aparmış, lakin ilkin yardım göstərilməsinə baxmayaraq həmin qadın xəstəxanada vəfat etmişdir. Hazırda törətmiş olduğu cinayət əməlindən səmimi peşiman olmuşdur. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X5 ifadə verərək göstərdi ki, mərhum X6 onun bacısıdır. Bacısı əvvəllər ailə həyatı qurmuş, lakin sonradan boşanmışdır. Ailə həyatı qurmasına baxamayaraq övladı olmamış və boşandıqdan sonra onun yanında yaşamışdır. Reyhan dolanmaq üçün İmişli rayon mərkəzi bazarının ətrafında olan ticarət obyektlərinin qarşısında olan tullantıları təmizləyirdi. O, 03 oktyabr 2022-ci il tarixdə saat 20 radələrində ona təhkim olunmuş avtomobil ilə bazarın içərisində olan zibilləri daşıdığı vaxt, avtomobil toqquşması ilə müşayət olunan yol nəqliyyat hadisəsi baş verməsi barədə möhkəm səs eşitmişdir. Dərhal səs gələn tərəfə getmış və adisə yerində olanlar ona bacısı Reyhanı avtomobil vurduğunu demişlər. Hadisə yerinə ondan əvvəl çatmış həyat yoldaşı Aynurə hadisəni törətmiş şəxs ilə birlikdə Reyhanı avtomobilə qoyaraq İmişli mərkəzi rayon xəsətəxanasına aparmışlar. O da dərhal xəstəxanaya getmiş və xəstəxanaya çatdıqdan 2-3 dəqiqə sonra bacısının vəfat etdiyini eşitmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi X5 ərizə verib, Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbinin olmadığını göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verərək göstərdi ki, mərhum X6 onun baldızı olmuşdur. Reyhan boşandıqdan sonra onlarla bir yerdə yaşamışdır. Reyhan ailə həyatı qursada övladı olmamışdır. 03 oktyabr 2022-ci il tarixdə saat 20 radələrində İmişli rayon mərkəzi bazarında təmzilik işləri görən vaxt, güclü səs eşitmiş və səs gələn tərəf yaxın olduğu üçün dərhal oraya getmişdir. Hadisə yerində qırmızı rəngli avtomobilin piyadanı vurduğunu görmüşdür. Piyadanın sifətinə baxan kimi baldızı Reyhan olduğunu görmüşdür. Avtomobilin sürücüsü ilə köməkləşib, Reyhanı avtomobilin arxa oturacaq yerinə uzandırıb, İmişli mərkəzi rayon xəstəxanasında aparmışlar. Xəstəxanada Reyhana ilkin tibbi yardım göstərilmiş, lakin 10-15 dəqiqədən sonra Reyhan vəfat etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadə verərək göstərdi ki, onun adına “VAZ 21011” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobil vardır. Həmin avtomobili ona mərhum atası X8 qalmışdır. O da oğlu Cavidə avtomobili idarə etmək üçün 5 fevral 2014-cü il tarixdə etibarnamə vermişdir. Avtomobili 2018-ci il tarixədək özü idarə etmişdir. 2018-ci ildən sonra avtomobili mütəmadi olaraq Cavid idarə etməyə başlamışdır. Böyük oğlu Həsən Həsənovun ayağı sınıdığ üçün yeriyə bilməmiş və 3 oktyabr 2022-ci il tarixdə qardaşı Caviddən dostunda olan əsanı gətirməsini istəmişdir. Cavid həmin vaxt avtomobilə minərək əsanı gətirmək üçün getmiş və təxminən 15-20 dəqiqə sonra oğlunun piyadanı vuraraq xəsarət yetirməsi ilə bağlı baş verniş hadisə barədə ona məlumat verilmişdir. O, dərhal xəstəxanaya getmiş və xəstəxanada xəsarət alan şəxsin bir nəfər qadın olduğunu bilmişdir. İlkin tibbi yardım göstərilməsinə baxmayaraq həmin qadın xəstəxanada ölmüşdür. İş materiallarında olan “yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” 03 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, hadisə İmişli şəhəri H.Aslanov küçəsində baş vermiş, ərazi yaşayış məntəqəsi hesab olunur, hadisə yerində yol asfalt örtüklü olmaqla, quru və hamardır. Həmin yolda surət həddi 60 km/saatdır. Asfalt yolun hərəkət hissəsinin eni 13,50 metr olmaqla, 2 hərəkət hissəli və 2 zolaqlıdır. Yolun İmişli Rayon Mərkəzi Poçtu istiqamətində, hər iki tərəfdə 2,0 metr enində səki vardır. Səkilərdən sonra isə ticarət obyekləri vardır. Hadisə zamanı “VAZ-21011” markalı **-BB-*** dövlət qeydiyyat nişanlı minik avtomobilində sərnişin və yük olmamışdır. Avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuşdur. Avtomobil İmişli şəhəri, H.Aslanov küçəsi ilə İmişli Rayon Mərkəzi Poçtu istiqamətində hərəkətdə olarkən, həmin küçənin Q.İsmayılzadə küçəsi ilə kəsişməsini keçən kimi, “Al market”in qarşısında yolun sağ cinahından sol cinahına keçmək istəyən piyadanı səkidən 4,5 metr kənarda vurmuş, piyada zərbənin təsirindən 2,5 metr kənara düşmüşdür. “Al market”in müşahidə kamerasının yaddaş qurğusundan hadisə görüntülərini özündə əks etdirən görüntülər 01 ədəd diskə köçürülərək götürülmüşdür. xx.xx.2013-cü il tarixli “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi” ilə müəyyən olur ki, 1977-ci il buraxılışlı “VAZ-21011” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobil X4 mülkiyyətindədir. “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” barədə xx.xx.2022-ci il tarixli 584 nömrəli aktdan görünür ki, Təqsirləndirilən şəxs alkoqol sərxoşluq vəziyyəti aşkar olunmamışdır. Məhkəmə-tibbi ekspertizasının 28 oktyabr 2023-cü tarixli, 22 nömrəli rəyindən görünür ki, X2 meyitinin bədəni üzərində aşağıdakı xəsarətlər aşkar edilmişdir: Sol gicgah sümüyünün yerini dəyişən kəllə əsasına keçən sınığı, sınıq proeyeksiyasında yumşaq toxumada, baş beynin sərt və yumşaq qişasında, qişaaltında qansızma, baş beyin toxumasına qansızma, kəllə əsası sümüyünün yerini dəyişməyən sınığı, sol bud və sol baldır sümükərinin qapalı, yerini dəyişmiş sınıqları, sol gicgah nahiyəsində, sağ qaşın qövsü istiqamətlərində yaralar, sol budun orta 1/3-nin arxa səthində, sol baldırın yuxarı1/3nin bayır səthində qançırlar, sol baldırın 1/3-nin iç səthində, çənə nahiyəsində solda, qarnın ön divarında, döş qəfəsinin sol yan səthində, sağ budun orta 1/3-nin bayır səthində, sağ diz oynağının bayır səthində, sağ ayağın 5-ci daraq sümüyü proyeksiyasında üst səthində sıyrıqlar bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti onun tibbi yardıma müraciət etdiyi vaxtdan az əvvəl olmaqla qərarda göstərilən xx.xx.2022-ci il tarixdə və şəraitdə, yəni yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdi, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə aiddirlər və baş vermiş hadisə ilə birbaşa səbəbli əlaqəlidirlər. X2 ölümünə səbəb almış olduğu başın açıq küt travması nəticəsində sol gicgah sümüyünün yerini dəyişmiş sınığı və baş beyin toxumasına qansızma olmuşdur. X2 ölümü İmişli MRX TTY-da xx.xx.2022-ci il tarixdə saat 20:58-də baş vermişdir. Məhkəmə yol-nəqliyyat ekspertizasının xx.xx.2022-ci il tarixli, 8/3454 saylı rəyindən görünür ki, “VAZ-21011” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İmişli RİHB-nin İmişli şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur və barəsində heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan AZ-İV 125076 nömrəli doğum haqqında şəhdətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2017-ci il təvəllüdlü X11 adlı uşağı vardır. İş materiallarında olan “Qətimkan tədbiri seçilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərarla müəyyən olur ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsəədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 saylı Qərarının 2-ci bəndində göstərilmişdir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının hüquqi və təşkilati əsasları “Yol hərəkəti haqqında” 08 noyabr 1968-ci il tarixli Vyana Konvensiyası, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının 03 iyul 1998-ci il tarixli Qanunu ilə və digər normativ hüquqi aktlarla tənzimlənir və bu qaydaların pozulması nəticəsindən asılı olaraq mülki, inzibati və cinayət məsuliyyətinə səbəb olur. Həmin Qərarın 11-ci bəndində göstərilmişdir ki, nəzərə alınmalıdır ki, CM-nin 263, 263-1 və 351-ci maddələri blanket normalardır və həmin maddələrdə nəzərdə tutulmuş cinayətlərin obyektini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Nizamnamələrində, digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş yol hərəkətini və ya nəqliyyat vasitələrinin istismarını, habelə döyüş, xüsusi və ya hərbi nəqliyyat maşınlarının idarə edilməsini və istismarını tənzimləyən qaydalar təşkil edir. Buna görə həmin cinayətləri törətmiş şəxslərin haqqında çıxarılan ittiham hökmlərində mütləq qaydada “Yol hərəkəti haqqında” Qanunun və digər normativ hüquqi aktların tələblərinə istinad edilməklə belə şəxslərin qanunvericiliyin məhz hansı tələblərini pozması göstərilməlidir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1ci hissəsinin 3-cü bəndinə görə yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Həmin Qanunun 50-cı maddəsinin 1-ci hissəsinə əsasən sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. İşə baxılarkən hadisənin baş vermə şəraiti ilə müdafiə tərəfinin göstərdiyi xüsusatlar tam, obyektiv və hərtərəfli araşdırılmış, hətta məhkəmənin tapşırığı ilə məhkəmə eksperimenti keçirilmişdir. Hadisənin piyadanın əlindəki uçurtmanı uçurtması nəticəsində uçurtmanın arxasınca qaçaraq avtomobilə dəyərək yerə yıxılması şəraitində baş verməsi müəyyən edilməmişdir. Bu müdafiə tərəfinin fərziyyəsidir və bununla bağlı heç bir sübut əldə etmək mümkün olmamışdır. Aparılmış araşdırma ilə bir daha hadisənin istintaq orqanının müəyyən etdiyi qaydada baş verməsi təsdiq edilmişdir. Toplanmış sübutlar da qanuni yolla əldə edilmişdir, onların mötəbərliyi heç bir şübhə doğurmur. Beləliklə, məhkəmə işdəki sübutları müqayisəli şəkildə qiymətləndirərək hesab edir ki, hadisə ittihamda göstərilən qaydada və şəraitdə baş vermişdir. Məhkəmə iclasında bilavasitə araşdırılmış sübutlarla Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini törətməsi tam təsdiq edilir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidir. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayətlərin geniş yayılması hərəkət təhlükəsizliyinin təmin edilməsini və yolnəqliyyat hadisələrinin qarşısının alınması üçün təşkilati və təsiredici hüquqi tədbirlərin həyata keçirilməsini zəruri edir. Cəza təyini zamanı hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan bu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi təhlil edilib nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, cinayət cəzası dövlətin cinayət törədən şəxsə qarşı reaksiyası olmaqla, şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinin əsas hüquqi nəticəsidir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin göstərilən normalarının müəyyən etdiyi ədalət prinsipi və cəzanın təyin edilməsinin ümumi əsasları cəza təyin edilərkən törədilmiş cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin nəzərə alınmasını nəzərdə tutmuşdur. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CM-nin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə cinayət qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.1.1, 59.1.12, 59.1.13 və 59.2-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində ilk dəfə cinayət törətməsini, törətdiyi əməli etiraf edib səmimi peşmançılıq hissləri keçirdiyini, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini, ölən şəxsin dəfn xərclərini qarşılamasını, dəymiş ziyanın könüllü olaraq ödəməsini, ağciyərlərin vərəmi infeksion xəstəliyinə mübtəla olub, dispanser qeydiyyatında olmasını, himayəsində bir nəfər azyaşlı uşağın olmasını və yaşayış yerindən müsbət xarakterizə edilməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs törətdiyi cinayətin ictimaitəhlükəlilik dərəcəsini və xarakterini, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, ailəsinin mövcud maddi və sosial vəziyyətini nəzərə alır. Ona görə də məhkəmə qeyd olunanları nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini, ancaq ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının real olaraq çəkilməsinin məqsədə müvafiq olmamasını və cəza çəkmədən də islah oluna biləcəyini mümkün sayaraq təqsirləndirilən şəxsə davranışda ictimaiyyətin daha fəal iştirakını təmin etmək, cəmiyyət qarşısında məsuliyyət hissinin artmasına yardım göstərmək məqsədi ilə onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq edilib, təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının şərti hesab olunmaqla sınaq müddətinin tətbiq edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Cinayət işi üzrə məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsi ilə əlaqədar 85 manat məbləğində ekspertiza xərci vardır. Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən 85 manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə maddi sübut kimi tanınmış “VAZ-21011” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin saxlanması üçün sahibinə qaytarılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinib, 2 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilsin və təyin edilmiş azadlıqdan məhrum etmə cəzası həmin müddətə şərti hesab edilərək, üzərində 2 (iki) il sınaq müddəti tətbiq edilsin. Məhkumun üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və müəyyən yerlərə getməmək vəzifəsi qoyulsun. Məhkum Təqsirləndirilən şəxs sınaq müddətinin əvvəli onun davranışı üzərində nəzarəti həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Sınaq müddəti ərzində yeni cinayət törətməzsə hökm həmin hissədə icra edilməsin. Hökmün icrası məhkum Təqsirləndirilən şəxs qeydiyyatda olduğu İmişli rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Məhkumun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Məhkum Təqsirləndirilən şəxs məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsi ilə əlaqədar 85 (səksən beş) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış “VAZ-21011” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin saxlanması üçün sahibinə qaytarılması nəzərə alınsın. İş üzrə mülki iddia yoxdur. Hökmdən 20 gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Telman Quliyev.
Məhkəmə qərarları › İş №1(036)-26/2023
İmişli Rayon Məhkəməsi Hökm — İş №1(036)-26/2023
17.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver