Azərbaycan Respublikası adından HÖKM İmişli rayonu İş № 1(036)-26/2024 06.03.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Quliyev Telman Osman oğlunun sədrliyi, Şiralıyeva Günel Mirzə qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, təqsirləndirlən şəxslər Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi İmişli rayon vəkil bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi İmişli rayon vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx.xx.1992-ci ildə İmişli şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmayan, İmişli şəhəri, Cabir Quliyev küç, ev 25 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri” seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə, xx.xx.1987-ci ildə İmişli şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmayan, İmişli şəhəri, Cabir Quliyev küç, ev 25 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri” seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs1 11 iyul 2023-cü il tarixdə saat 16 radələrində İmişli şəhəri, Muğan küçəsində yerləşən "50 qəpik" adlanan avtoyuma məntəqəsinin qarşısında, yəni ictimai yerdə ucadan nalayiq söyüş ifadələri işlədərək ictimai qaydanı pozduğuna görə ona iradını bildirən Zərərçəkmiş şəxs ilə heç bir əsaslı səbəb olmadan mübahisə edərək, həmin yerə gəlmiş qardaşı Təqsirləndirilən şəxs2 ilə birlikdə ətrafda toplaşan insanların yanında özlərini cəmiyyətin fövqündə qoyaraq digərlərindən fərqləndiklərini nümayiş etdirmək məqsədilə bir qrup şəxs halında nalayiq ifadələr işlədərək, ictimai yerdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərib, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıqda, bir çox insanın mənafeyinə toxunmada ifadə olunan cəmiyyətə açıqca hörmətsizlik etməklə, Zərərçəkmiş şəxs sağ çənə nahiyəsindən bir dəfə qəsdən yumruqla vuraraq, ona sağ çənə bucağı proyeksiyasında qançırlar, daha sonra Zərərçəkmiş şəxs ayaqlarından tutaraq yerə yıxıb ona sol kürək sümüyü proyeksiyasında sıyrıqlarla nəticələnən sağlamlığına dərəcəsi təyin edilməyən xəsarətlər yetirməsindən və Zərərçəkmiş şəxs sol qolunu və ayaqlarını tutaraq onu sonuncuya məxsus olan “NİSSAN TİİDA MİNİK” markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücü oturacağının ön hissəsində yerdə hərəkətsiz vəziyyətdə saxlamasından sonra, qardaşı Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs 2 dəfə yumruq vurmuş və nəticədə Zərərçəkmiş şəxs burun sümüyünün qapalı xətti sınığı ilə müşayiət olunan, sağ gözaltı nahiyədə, burunun belində qançırlarla nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirməklə, hadisə yerində olan və yaxınlıqda yaşayan şəxslərdə qorxu və həyəcan hissləri yaratmaqla, həmçinin onların istirahətini pozmaqla, bir qrup şəxs halında xuliqanlıq etmişdir. Təqsirləndirilən şəxs2 11 iyul 2023-cü il tarixdə saat 16 radələrində İmişli şəhəri, Muğan küçəsində yerləşən "50 qəpik" adlanan avtoyuma məntəqəsinin qarşısında, yəni ictimai yerdə heç bir əsaslı səbəb olmadan qardaşı Təqsirləndirilən şəxs1 ilə birlikdə ətrafda toplaşan insanların yanında özlərini cəmiyyətin fövqündə qoyaraq digərlərindən fərqləndiklərini nümayiş etdirmək məqsədilə bir qrup şəxs halında nalayiq ifadələr işlədərək, ictimai yerdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərib, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıqda, bir çox insanın mənafeyinə toxunmada ifadə olunan cəmiyyətə açıqca hörmətsizlik etməklə, qardaşı Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs sağ çənə nahiyəsindən bir dəfə qəsdən yumruqla vuraraq, ona sağ çənə bucağı proyeksiyasında qançırlar, daha sonra Zərərçəkmiş şəxs ayaqlarından tutaraq yerə yıxıb ona sol kürək sümüyü proyeksiyasında sıyrıqlarla nəticələnən sağlamlığına dərəcəsi təyin edilməyən xəsarətlər yetirməsindən və Zərərçəkmiş şəxs sol qolunu və ayaqlarını tutaraq onu sonuncuya məxsus olan “NİSSAN TİİDA MİNİK” markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücü oturacağının ön hissəsində yerdə hərəkətsiz vəziyyətdə saxlamasından sonra Zərərçəkmiş şəxs 2 dəfə yumruq vurmuş və nəticədə Zərərçəkmiş şəxs burun sümüyünün qapalı xətti sınığı ilə müşayiət olunan, sağ gözaltı nahiyədə, burunun belində qançırlarla nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirməklə, hadisə yerində olan və yaxınlıqda yaşayan şəxslərdə qorxu və həyəcan hissləri yaratmaqla, həmçinin onların istirahətini pozmaqla, bir qrup şəxs halında xuliqanlıq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, özünə məxsus olan "VAZ-21015" markalı, **-OH-*** dövlət qeydiyyat nişanlı avtomobilini yeni rəngləmədən çıxartmışdır. 11 iyul 2023-cü il tarixdə həmin avtomobili təmizlənməsi üçün avtoyumaya vermiş və saat 16 radələrində İmişli şəhəri, Muğan küçəsində yerləşən "50 qəpiklik" avtoyuma sexinin qarşsında həmin avtomobilin tanımadığı işçi tərəfindən pis yuyulub, rənginin zay olduğunu görmüşdür. Bu zaman əsəbiləşib həmin şəxsin ünvanına söyüş söymüşdür. Həmin vaxt yaxınlıqda olan “NİSSAN TİİDA MİNİK” markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs ona irad bildirərək ucadan söyüş söyməməyini və yanında uşaq olduğunu bildirmişdir. O da Zəfərə oranın uşaq yeri olmadığını, "söyüş söyəndə səndən icaze alacam?" demişdir. Zəfər isə ona "hə, məndən icazə alassan" demişdir. Bundan sonra aralarında sözlü mübahisə olmuş, daha sonra isə o, Zəfərə yaxınlaşmışdır. Həmin vaxt Zəfər onu yumruqla vurmaq istəyərkən, özünü müdafiə edərək geri çəkilmiş, sonra isə o, Zəfərə bir neçə dəfə yumruq vurmuş, Zəfər də öz növbəsində ona bir neçə dəfə yumruq vurmuşdur. Dava-dalaş edərkən Zəfərin ayaqlarından tutub yerə yıxmış və bu zaman orada olan tanımadığı şəxslər onları aralamışlar. Daha sonra tanımadığı taksi sürücüsünün idarə etdiyi "Opel Astra" markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobillə qardaşı Təqsirləndirilən şəxs2 gəlmişdir. Qardaşı gəlib ondan nə məsələ olduğunu soruşanda, o, da Ülfətə hadisəni danışmışdır. Sonra isə o, oradan aralaşıb təxminən 15-20 metr kənarda dayanmışdır. Ülfətlə Zəfər isə öz aralarında söhbət etmişlər. O da onların söhbətini eşitmişdir. Həmin vaxt Zəfər qardaşı Ülfətə "ailəsinin gəldiyi avtomobildə olduğunu, gedib onların yanında söyüş söysə xoşuna gələr?" demişdir. Bu zaman qardaşı Ülfət əsəbləşərək Zəfərin göz nahiyəsinə bir dəfə yumruq vurmuşdur. Daha sonra isə onları aralamışlar. Sonra isə Zəfər "sizi deşik-deşik edəcəm" demişdir. O da özünü müdafiə etmək məqsədilə öz avtomobilindən kəsici alət (rezakı) götürmüşdür. Hadisə zamanı heç bir xəsarət almamışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 11 iyul 2023-cü il tarixdə saat 16 radələrində "Opel" markalı, dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobilə atası Şamxal, yoldaşı Gülbirə, uşaqları ilə birlikdə əyləşib, İmişli rayonunun Pambıq zavodunun yaxınlığında qardaşı Təqsirləndirilən şəxs1 yanına getmişlər ki, orada Rəcəbin idarə etdiyi "VAZ-2115" markalı avtomobillə ailəvi istirahət etmək üçün Masallı rayonuna getsinlər. Bu vaxt oraya çatdıqda avtomobil yuma sexinin qarşısında qardaşı Rəcəblə Zərərçəkmiş şəxs mübahisə etdiyini görmüşdür. O, Zəfərin söyüş söydüyünü eşidib avtomobildən düşmüş və qardaşı Rəcəbdən nə məsələ olduğunu soruşanda Rəcəb ona avtomobilin rənginin avtoyuma işçilərinin xarab etdiyini, ona görə də əsbiləşib söyüş söyəndə Zəfərin mübahisə etdiyini bildirmişdir. Bu zaman Zəfər ona "mən sənin ailənin yanında söyüş söysəm xoşuna gələr" demişdir. O, həmin sözdən əsəbiləşib Zəfərin üz nahiyəsinə 2 dəfə yumruq vurmuşdur. Bundan sonra hadisə yerində olan şəxslər onları aralaşdırmışlar və o, çıxıb getmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətmiş olduqları cinayət əməli özlərinin etirafı ilə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin və şahidin ifadələri, ekspert və mütəxəssis rəyləri, iş materialları və işin digər obyektiv halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadə verərək göstərdi ki, onun özünə məxsus “NİSSAN TİİDA MİNİK” markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. Həmin avtomobili 11 iyul 2023-cü il tarixdə saat 16 radələrində İmişli rayonu Pambıq zavodunun yaxınlığında yerləşən 50 qəpiklik avtoyuma sexində yumuşdur. Həmin vaxt 2007-ci il təvəllüdlü oğlu Şahid da yanında olmuş və yaxınlıqda olan digər avtoyuma sexində qara rəngli, "VAZ-21015" markalı, dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobilin sahibi uca səslə nalayiq söyüşlər söyərək maşınını yuyan şəxsləri təhqir etmişdir. Təqsirləndirilən şəxs1 onun yanından keçərkən "yanımda uşaq var, söyüşlə danışma" demişdir. Təqsirləndirilən şəxs1 ona "yaxşı edirəm, uşağı sal avtomobilin içərisinə, eşitməsin" demişdir. O da Təqsirləndirilən şəxs1 "olmazki sən söyüş söyməsən?" demişdir. Bu vaxt Təqsirləndirilən şəxs1 cibində olan telefonu və siqareti çıxarıb yaxınlığında olan avtomobilin üzərinə qoyub, onun üstünə yerimişdir. Onunla üzbəüz durub mübahisə etməyə başlamış və o, Təqsirləndirilən şəxs1 "sənin uşağının yanında söyüş söysələr xoşuna gələr?" demişdir. Təqsirləndirilən şəxs1 isə ona "sənin də avtomobilini pis günə qoysalar, sən də söyərsən" demişdir. Həmin vaxt ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs1 avtomobili təzə rəngləmədən çıxmış, lakin avtoyumanın işçilərinin səhvindən avtomobilin rengi pis hala düşmüşdür. Bu vaxt "Opel Astra" markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobil onların yaxınlığında olan yanacaq doldurma məntəqəsinə gəlib daxil olmuşdur. Həmin vaxt avtomobilin ön sərnişin oturacağından Təqsirləndirilən şəxs2 maşından düşüb, onun ünvanına nalayiq ifadələr işlədərək üstünə gəlməyə başlamışdır. Həmin vaxt orada olan tanımadığı işçilər Ülfətin qarşısını kəsmişdir. Bundan sonra Ülfət oradan aralanıb onun qarşısına gəlmiş və ona söyüş söyməyə davam etmişdir. Ülfət ona "sən kimsən ki, mənim qardaşımla mübahisə edirsən" demişdir. O da Ülfətə "o bilər, mən bilərəm" demişdir. Daha sonra Ülfət ona təkrar söyüş söydükdə o, Ülfətə cavabını vermişdir. Bu vaxt ilk öncə onunla mübahisə edən Rəcəb qəfildən çənəsinə sol əli ilə bir dəfə yumruq vurmuşdur və o, arxa-arxaya addımlayanda Rəcəb onun ayaqlarına girib yerə yıxmışdır. Bu zaman o, Rəcəbi üzərindən kənara atmışdır. Həmin vaxt Rəcəbin qardaşı Ülfət təpiklə onun baş nahiyəsinə vuranda o, əli ilə özünü qorumuşdur və ayağa qalxmışdır. Bu zaman Ülfəti orada olan şəxslər tutub saxlamışdır. O da oradan uzaqlaşmaq üçün avtomobilin yanına getmişdir. Orada oğlu Şamildən avtomobilin ayaqaltılarını avtomobil yuma yerindən götürüb gətirməsini istəmişdir. Həmin vaxt Ülfət onun üzərinə hücum çəkmişdir. Ülfəti saxlayan şəxslərə isə "söz deyirəm, dalaşamayacam deyib" yanına gəlmişdir. Ülfət ona "nə istəyirsən mənim qardaşımdan" demişdir. O da Ülfətə qardaşının uşağın yanında söyüş söydüyünü bildirmişdir. Ülfət də ona nalayiq ifadələrlə qardaşının yaxşı elədiyini bildirmişdir. O da Ülfətə söyüş söyməməsini, öz ailəsinin yaxınlıqda olduğunu bildirmişdir. Həmin vaxt Ülfət ona yenidən əl-qol atsa da o, özünü qorumuş və avtomobil yuma otağında olan öz avtomobilinin yanına keçmişdir. Həmin vaxt Ülfət avtomobil yuma aparatının dəmirini çıxarıb ona tərəf atmış və həmin dəmir onun avtomobilinin arxa sağ tərəfinə dəyərək cızmışdır. Bu vaxt Rəcəb onun ayaqlarına girərək, sol qolunu tutmuş və o, arxa-arxaya gedərək öz avtomobilinin sürücü oturacağında, ayaq altı hissəsində üzü çölə tərəf oturmuşdur. Rəcəb isə onu tərpənməyə qoymamışdır. Bu zaman Ülfət oğlu Şamili itələyib yerə yıxaraq onun yanına gəlmiş və onun sifət nahiyəsinə 2 dəfə yumruq vurmuşdur. Ülfətin bir yumruğu onun baş nahiyəsinə yüngül dəymiş, 2-ci yumruğu isə sağ göz altını sürtərək burnuna dəymişdir və burnu çartlamışdır. Sonra onları orada olan şəxslər aralamışlar. Bundan sonra o, DİN-in 102 xidməti zəng mərkəzinə hadisə haqqında məlumat vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid Zərərçəkmiş şəxs ilə eyni məzmunlu ifadə verərək, onun göstərmiş olduğu xüsusatları təsdiq etmişdir. İş materiallarına əlavə edilmiş “Avtomobilə baxış keçirilməsi haqqında” 9 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, baxış keçirilən avtomobil “NİSSAN TİİDA MİNİK” markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobilidir. Avtomobil 2011-ci ilin buraxılışı olmaqla, açıq qızılı metallik rəngdədir. Avtomobilin ban nömrəsi SC11308918-dir. BB347106 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən, avtomobil X1 mülkiyyətindədir. Avtomobilin baş etibarnaməsinə əsasən avtomobil xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək Zərərçəkmiş şəxs etibar edilmişdir. Avtomobilin dövlət nömrə nişanları avtomobilin üzərindədir. Avtomobilin kuzov hissəsi və kabinəsi açıq qızılı metallik rəngli boya ilə rənglənmişdir. Avtomobilin salonu və bayır kuzov hissəsi təmiz vəziyyətdədir. Avtomobildə hər hansı zədə aşkar edilməmişdir. Məhkəmə tibbi ekpsertizasının 12 iyul 2023-cü il tarixli 205 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər - burun sümüyünün qapalı xətti sınığı ilə müşayət olunan, sağ gözaltı nahiyədə, burnun belində, sağ çənə bucağı proyeksiyasında qançırlar, sol kürək sümüyü proyeksiyasında sıyrıqlar küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddətləri xx.xx.2023-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Xəsarətlər ilk məlumatda göstərilən şəraitdə əmələ gələ bilərdi. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin xx.xx.2023-cü il tarixli tələbnamələrindən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. İmişli RİHB-nin İmişli şəhəri üzrə ərazi nümayəndiliyi tərəfindən verilmiş xx.xx.2023cü il tarixli xasiyyətnamələrdən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunur və barəsində heç bir şikayət daxil olmamışdır. İş materialları ilə müəyyən olur ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində “başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri” seçilmişdir. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-nin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Beləliklə, məhkəmə işdəki sübutları müqayisəli şəkildə qiymətləndirərək hesab edir ki, hadisə ittihamda göstərilən qaydada və şəraitdə baş vermişdir. Məhkəmə iclasında bilavasitə araşdırılmış sübutlarla təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara istinad edilən cinayət əməlini törətməsi tam təsdiq edilir. İbtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslərin əməli Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və onlar həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidir. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin göstərilən normalarının müəyyən etdiyi ədalət prinsipi və cəzanın təyin edilməsinin ümumi əsasları cəza təyin edilərkən törədilmiş cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin nəzərə alınmasını nəzərdə tutmuşdur. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CMnin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə cinayət qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 əməlini etiraf edib səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, sonuncunun ondan heç bir şikayət və tələbinin olmamasını, əvvəllər məhkum olunmamasını , yaşayış yeri üzrə müsbət xasiyyətləndirilməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 əməlini etiraf edib səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, sonuncunun ondan heç bir şikayət və tələbinin olmamasını, əvvəllər məhkum olunmamasını, himayəsində azyaşlı uşaqlarının olmasını, X3 iştirakçısı olmasını və Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2021-ci il tarixli, 2711 nömrəli sərəncamı ilə “Fizulinin azad olunmasına görə”, 24 iyun 2021-ci il tarixli, 2716 nömrəli sərəncamı ilə “Şuşanın azad olunmasına görə”, 21 aprel 2022-ci il tarixli, 250S nömrəli sərəncamı ilə “X2” medalları ilə təltif olunmasını, yaşayış yeri üzrə müsbət xasiyyətləndirilməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Cinayət cəzası dövlətin cinayət törədən şəxsə qarşı reaksiyası olmaqla, şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinin əsas hüquqi nəticəsidir. Məhkəmə cəza təyin edərkən təqsirləndirilən şəxslərin törətdiyi cinayətin ictimaitəhlükəlilik dərəcəsini və xarakterini, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, ailənin mövcud maddi və sosial vəziyyətini nəzərə alır və onların Azərbaycan Respublikası CM-nin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri cəzasına məhkum edilməsi məqsədəmüvafiq hesab edilməlidir. Qeyd olunanlara əsaslanaraq məhkəmə təqsirləndirilən şəxslərə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, habelə təyin ediləcək cəzanın ağırlaşdıran hallarının olmamasını və cəzanı yüngülləşdirən halları nəzərə alıb hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli bilindikləri Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə islah işləri cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza çəkmə müddətinin əvvəli hökm icraya başlanıldığı və məhkumun qazancından dövlət nəfinə tutmaların aparıldığı vaxtdan hesablanmalı, barələrində seçilmiş “başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri” hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı və hökmün icrası İmişli rayon icra və probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Təqsirləndirilən şəxs2 müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilməli və vəkil Müdafiəçi2 tərəfindən göstərilmiş hüquqi yardıma görə 36 (otuz altı) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına İmişli rayon vəkil bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinib aylıq qazancının on beş faizi dövlət nəfinə tutulmaqla 1 (bir) il 6 ay müddətə islah işləri cəzasına məhkum edilsin. Cəza çəkmə müddətinin əvvəli hökm icraya başlanıldığı və məhkumun qazancından dövlət nəfinə tutmaların aparıldığı vaxtdan hesablansın. Barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs1 qeydiyyatda olduğu İmişli rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinib aylıq qazancının on beş dövlət nəfinə tutulmaqla 1 (bir) il 6 ay müddətə islah işləri cəzasına məhkum edilsin. Cəza çəkmə müddətinin əvvəli hökm icraya başlanıldığı və məhkumun qazancından dövlət nəfinə tutmaların aparıldığı vaxtdan hesablansın. Barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs2 qeydiyyatda olduğu İmişli rayon icra və probasiya şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Təqsirləndirilən şəxs2 müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin. Vəkil Müdafiəçi2 tərəfindən göstərilmiş hüquqi yardıma görə 36 (otuz altı) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına İmişli rayon vəkil bürosunun hesabına köçürülsün. Hökmdən 20 gün müddətinə İmişli rayon məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim: Telman Quliyev
Məhkəmə qərarları › İş №1(036)-26/2024
İmişli Rayon Məhkəməsi Hökm — İş №1(036)-26/2024
06.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver