Məhkəmə qərarları › İş №1(036)-27/2023

İmişli Rayon Məhkəməsi Hökm — İş №1(036)-27/2023

30.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM İmişli rayonu İş № 1(036)-27/2023 30.03.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Quliyev Telman Osman oğlunun sədrliyi, Şiralıyeva Günel Mirzə qızının katibliyi, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X5 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs X11 və müdafiəçisi İmişli raon vəkil bürosunun vəkili X10 iştirakı ilə, xx xxxxx 1988-ci il tarixdə İmişli rayonu, Muradallı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, məhkumluğu olmayan, İİİ-qrup müharibə əlili, İmişli rayonu, Muradallı kəndində daimi qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş X7 Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə İmişli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: X11 6 iyun 2022-ci tarixdə saat 09 radələrində nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan idarə etdiyi “Mercedes-Benz E 230 minik” markalı, **-LA-*** dövlət qeydiyyat nişanlı avtomobillə İmişli-Qaraqaşlı avtomobil yolunun İmişli rayonu, Otuziki kəndi ərazisindən keçən hissəsində İmişli şəhəri istiqamətində 60 km/saat sürətlə hərəkətdə olarkən qarşıda yolu soldan sağa keçən iribuynuzlu heyvanların hərəkət etməsi ilə əlaqədar təhlükənin yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün bütün tədbirləri görməli, yəni tormozlama əməliyyatı aparmaqla avtomobili dayandırmalı olduğu halda, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 33-cü maddəsinin 4-cü hissəsi və 50-ci maddəsinin 1-ci hissəsinin tələbləri ilə nəzərdə tutulan yol hərəkəti qaydalarını pozaraq, öz əməlinin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını qabaqcadan görüb, lakin kifayət qədər əsas olmadan onların qarşısını alacağını güman etməklə cinayətkarcasına özünəgüvənərək, avtomobili heyvanlardan yayındırmaq üçün təhlükəsizliyi təmin etməyən manevr aparmaqla avtomobili sağa doğru, yolun ehtiyat hissəsinə hərəkət etdirib iribuynuzlu heyvanlardan birini avtomobilin qabaq sol tərəfi ilə vurub idarəetməni itirməklə avtomobili aşırması nəticəsində ön sərnişin oturacağında əyləşən Zərərçəkmiş şəxs ehiyatsızlıqdan sağ bazu sümüyünün aşağı 1/3-nin qapalı, qəlpəli, yerdəyişmiş sınığından ibarət sağlamlığına az ağır zərər vurulmasına səbəb olmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs X11 Azərbaycan Respublikası CM-nin 263- 1.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, o, İİ Qarabağ müharibəsi iştirakçısı olmaqla İİİ qrup əlildir. Ehtiyyatda olan müddətdən artıq hərbi qulluqçu, kiçik çavuş olduğu üçün 20 sentyabr 2020-ci ildə orduya çağırılmış və X13 şəhərinin alınması istiqamətində gedən Daşaltı döyüşlərində 2020-ci ilin Noyabr ayının 6da sağ ayağından və sol əlindən snayper güllə yaraları almışdır. Müxtəlif xəstəxanalarda və Hərbi Hospitalda müayinə və müalicə almışdır. Ona əllilik dərəcəsi təyin edilmişdir. Yaralanmağı ilə bağlı olaraq hərəkət məhdudiyyəti zəif olduğundan və özü sərbəst hərəkət edib gəzə bilmədiyinə görə, ona 2750 manat sığorta ödənişi edilmiş və aldığı təqaüd pullarını bir yerə toplayıb, özünə 12800 manata qaynı Şahid2 adına “Mercedes-Benz E 230” markalı, ** LA *** dövlət qeydiyyat nişanlı avtomobil almışdır. Lakin vaxt məhdudiyyəti və səhhətində olan ağrıları ilə bağlı etibarnamə və sürücülük vəsiqəsi ala bilməmişdir. 06 iyun 2022-ci il tarixdə saat 09 radələrində özünə məxsus avtomobili idarə edib, İmişli rayonunun Muradallı kəndindən İmişli rayon mərəkəzi xəstəxanasına gələrkən, həmkəndlisi Zərərçəkmiş şəxs yolda dayanmış görüb onu da avtomobilin qabaq oturacağına götürmüşdür. Avtomobili 60 km/saat sürətlə idarə edib İmişli rayonunun Otuziki kəndində sərt döngəni keçdiyi vaxt, avtomobil yolunda iki nəfər tanımadığı şəxsin təxminən 10-12 baş iri buyunuzlu heyvanları hərəkət istiqamətinə nəzərən yolun solundan sağına doğru ötürdüyünü 10-12 metr məsafədən görmüş və bu zaman onun hərəkəti üçün təhlükə yaranmışdır. O, həmin heyvanları vurmamaq və ya hər hansı zərər yetirməmək məqsədilə avtomobilin sürətini qismən azaldıb, heyvanlardan yayındırmaq üçün avtomobili sağa doğru hərəkət etdirərkən istəyinə tam nail ola bilməyərək avtomobilin ön sol tərəfi ilə heyvanlardan birini vurmuş və idarə etməni itirib yolun sağ ehtiyyat hissəsinə çıxmış, daha sonra avtomobili dayandırmaq istəsə də avtomobil idarəetmədən çıxdığına görə yolun sağ tərəfindəki işıq dirəklərinə dəyərək aşmışdır. Baş vermiş yol nəqliyyat hadisəsində özü və yanında olan sərnişin Zərərçəkmiş şəxs xəsarət almışdır. Hazırda almış olduğu xəsarətlərlə əlaqədar olaraq müayinə edilmiş və müalicələr almışdır. Təqsirləndirilən şəxs X7 ittiham olunduğu cinayət əməli özünün etiraf ifadəsi ilə yanaşı, məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxsin ifadəsi, ibtidai istitaq zamanı dindirilmiş şahidlərin ifadələri və məhkəmə iclasında tədqiq edilmiş iş materialları ilə tam sübuta yetirilir. Belə ki, zərərçəkmiş şəxs X12 məhkəmə iclasında ifadə verərək göstərdi ki, o, İmişli rayonunun Muradallı kəndində qeydiyyatda olmaqla həmin kənddə öz ailə üzvləri ilə birlikdə yaşayır və İmişli şəhərindəki “Bazarstore” marketdə mühafizəçi işləyir. 06 iyun 2022-ci il tarixdə saat 09 radələrində yaşadığı evdən işə gəlmək üçün yola çıxmışdır. Həmin vaxtı onu yoldan həmkəndlisi Nahid Şıxaliyev idarə etdiyi “Mercedes-Benz” markalı, **-LA-*** dövlət qeydiyyat nişanlı avtomobilinə götürmüşdür. Nahid avtomobili 40-50 km/saat sürətlə idarə edib İmişli şəhəri istiqamətində hərəkətdə olarkən, yolun Otuziki kəndi istiqamətində döngəli yolda iki nəfər tanımadığı şəxsin 10-12 baş iribuyunuzlu heyvanları yolun solundan sağına doğru ötürmələrini təxminən 7-8 metr məsafədən görmüşdür. Nahid həmin heyvanları vurmamaq üçün avtomobili sağa doğru istiqamətləndirmiş, lakin buna baxmayaraq heyvanlardan birini vurmuş və avtomobil getdiyi istiqamətdə yol çiyninə çıxmışdır. Həmin vaxt Nahid idarəetməni itirərək avtomobili saxlaya bilməmiş və avtomobil yolun sağında quraşdırılmış işıq dirəyinə çırpıldıqdan sonra aşmış və yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət almışdır. Zərərçəkmiş şəxs X12 xx.xx.2023-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxs X6 heç bir şikayəti və tələbi olmadığını göstərmişdir. İstintaq zamanı şahid qismində dindirilmiş Şahid1, Şahid2 və Şahid3 ifadələri ilə təqsirləndirilən şəxs X7 idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozaraq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulması faktı bir daha öz təsdiqini tapır. İş materiallarında olan “Yol nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” 06 iyun 2022-ci il tarixli protokol, ona əlavə edilmiş hadisə yerinin sxemi və fotoşəkillər ilə müəyyən olur ki, hadisə yeri İmişli-Qaraqaşlı avtomobil yolunun Otuziki kəndindən keçən hissəsidir, hadisə yerində yolun eni 6 metr, yolu ayıran ağ xətt var, piyada keçidi və yol nişanları yoxdur, yol sərt döngəlidir, sağ çiyin hissəsinin eni 1,2 metr, sol çiyin hissəsinin eni 1,5 metr, hadisə yerindən sonra avtomobilə məxsus qoşa paralel qövsvari 14 metr tormoz izi var, həmin izlərin biri asfalt yolda digəri ehtiyyat hissədədir. Məhkəmə-tibbi ekspertizasının 20 sentyabr 2022-ci il tarixli 501 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər sağ bazu sümüyünün aşağı 1/3-nin qəlpəli, yerdəyişmiş sınığı bərk küt əşyanın təsirindən törənməklə, xx.xx.2022-ci il tarixdə avtoqəza nəticəsində əmələ gələ bilər. Ağırlıq dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa Az ağır zərər vurmaya aid edilir. Məhkəmə yol-nəqliyat hadisəsi ekspertizasının 26 dekabr 2022-ci il tarixli 8/3189 nömrəli rəyindən görünür ki, “Mercedes-Benz” markalı **-LA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X7 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” barədə 296 nömrəli, xx.xx.2022-ci il tarixli aktdan görünür ki, X2 vəziyyətində olmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X19 İdarəsinin 308-281-1222 saylı, xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, kompyuter bazasına əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci ildən xx.xx.2024-cü ilədək İmişli RQİTBŞ-də “B” kateqoriyalı BD-803497 nömrəli sürücülük vəsiqəsi verilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli AE 048910 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi ilə müəyyən olur ki, 99LA890 dövlət qeydiyyat nişanlı, “Mercedes-Benz E 230 minik” markalı avtomaşın X8 məxsusdur. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, X11 məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan “Qətimkan tədbiri seçilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, X11 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-nin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 saylı Qərarının 2-ci bəndində göstərilmişdir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının hüquqi və təşkilati əsasları “Yol hərəkəti haqqında” 08 noyabr 1968-ci il tarixli Vyana Konvensiyası, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının 03 iyul 1998-ci il tarixli Qanunu ilə və digər normativ hüquqi aktlarla tənzimlənir və bu qaydaların pozulması nəticəsindən asılı olaraq mülki, inzibati və cinayət məsuliyyətinə səbəb olur. Həmin Qərarın 11-ci bəndində göstərilmişdir ki, nəzərə alınmalıdır ki, CM-nin 263, 263-1 və 351-ci maddələri blanket normalardır və həmin maddələrdə nəzərdə tutulmuş cinayətlərin obyektini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Nizamnamələrində, digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş yol hərəkətini və ya nəqliyyat vasitələrinin istismarını, habelə döyüş, xüsusi və ya hərbi nəqliyyat maşınlarının idarə edilməsini və istismarını tənzimləyən qaydalar təşkil edir. Buna görə həmin cinayətləri törətmiş şəxslərin haqqında çıxarılan ittiham hökmlərində mütləq qaydada “Yol hərəkəti haqqında” Qanunun və digər normativ hüquqi aktların tələblərinə istinad edilməklə belə şəxslərin qanunvericiliyin məhz hansı tələblərini pozması göstərilməlidir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4cü hissəsinə əsasən velosiped, araba, asma mühərrikli velosiped və moped istisna olmaqla, Azərbaycan Respublikasının ərazisindəki yollarda nəqliyyat vasitələrini idarəetmə hüququ sürücülük vəsiqəsi əsasında həyata keçirilir. Həmin Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Həmin Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinə əsasən nəqliyyat vasitələri yaşayış məntəqələri daxilində- saatda 60 kilometrdən çox olmayan sürətlə (səlahiyyətli orqanlar yolun müəyyən sahələrində daha yuxarı hədd müəyyən edə bilərlər, lakin bu hədd saatda 90 kilometrdən çox ola bilməz), yaşayış zonalarında və həyət ərazilərində isə saatda 20 kilometrdən çox olmayan sürətlə hərəkət etməlidirlər. Beləliklə, məhkəmə işdəki sübutları müqayisəli şəkildə qiymətləndirərək hesab edir ki, hadisə ittihamda göstərilən qaydada və şəraitdə baş vermişdir. Məhkəmə iclasında bilavasitə araşdırılmış sübutlarla təqsirləndirilən şəxs X7 ona isnad edilən cinayət əməlini törətməsi tam təsdiq edilir. İbtidai istintaq orqanı tərəfindən X7 əməli Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidir. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayətlərin geniş yayılması hərəkət təhlükəsizliyinin təmin edilməsini və yolnəqliyyat hadisələrinin qarşısının alınması üçün təşkilati və təsiredici hüquqi tədbirlərin həyata keçirilməsini zəruri edir. Cəza təyini zamanı hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan bu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi təhlil edilib nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, cinayət cəzası dövlətin cinayət törədən şəxsə qarşı reaksiyası olmaqla, şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinin əsas hüquqi nəticəsidir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin göstərilən normalarının müəyyən etdiyi ədalət prinsipi və cəzanın təyin edilməsinin ümumi əsasları cəza təyin edilərkən törədilmiş cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin nəzərə alınmasını nəzərdə tutmuşdur. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CM-nin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə cinayət qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.1.1, 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən təqsirləndirilən şəxs X7 hadisələrin təsadüfi axarı zəminində ilk dəfə az ağır cinayət törətməsini, törətdiyi əməli etiraf edib səmimi peşmançılıq hissləri keçirdiyini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, himayəsində xx.xx.2020-ci il təvəllüdlü Əsma və xx.xx.2021-ci il təvəllüdlü Əfrahim adlı 2-nəfər azyaşlı uşaqlarının olmasını, Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilməsini və yaşayış yerindən müsbət xarekteriza olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs X7 əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Məhkəmə cəza təyin edərkən X7 törətdiyi cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, ailəsinin mövcud maddi və sosial vəziyyətini nəzərə alır. Ona görə də məhkəmə qeyd olunanları nəzərə alaraq, X9 təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini, ancaq ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının real olaraq çəkilməsinin məqsədə müvafiq olmamasını və cəza çəkmədən də islah oluna biləcəyini mümkün sayaraq, onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq edilib, təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının şərti hesab olunmaqla sınaq müddətinin tətbiq edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Cinayət işi üzrə məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsi ilə əlaqədar 85 manat məbləğində ekspertiza xərci vardır. Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən 85 manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökm etdi: X11 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirli bilinib, 1 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə,1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilsin və təyin edilmiş azadlıqdan məhrum etmə cəzası həmin müddətə şərti hesab edilərək, üzərində 1 (bir) il sınaq müddəti müəyyən edilsin. Məhkumun üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. X3 sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Sınaq müddəti ərzində yeni cinayət törətməzsə hökm həmin hissədə icra edilməsin. Hökmün icrası X3 qeydiyyatda olduğu İmişli rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Məhkumun barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. X1 məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsi ilə əlaqədar 85 (səksən beş) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmdən 20 gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar