Məhkəmə qərarları › İş №1(036)-27/2024

İmişli Rayon Məhkəməsi Hökm — İş №1(036)-27/2024

05.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM İmişli rayonu İş № 1(036)-27/2024 05.06.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – İmişli rayon vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1976-cı ildə İmişli rayonu, Əliyetməzli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı evli, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu olmayan, İmişli şəhəri, N.ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qismində qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2 və 240.1ci maddəsi ilə təqsirləndiriməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə və psixotrop maddəni, habelə narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddəni əldə etmiş, daşımış və satmışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq 1,276 qram çəkidə narkotik vasitə olan heroin, 0,18 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana, 0,015 qram çəkidə psixotrop maddə olan diazepam və 0,006 qram çəkidə güclü təsir edən maddə olan triheksifenidil əldə edib daşıyaraq yaşadığı İmişli şəhəri, N.ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində saxlamış, 24 oktyabr 2023-cü il tarixdə, saat 19 radələrində İmişli rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı həmin evin ona aid yataq otağına baxış keçirilərkən otağın giriş hissəsindəki masanın üstündəki üzərində “Berga” sözləri həkk olunmuş qutunun içərisindən 0,18 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana, 0,015 qram çəkidə psixotrop maddə olan diazepam, 0,006 qram çəkidə güclü təsir edən maddə olan triheksifenidil, otaqda olan digər dolabın daxılından isə 1,276 qram çəkidə narkotik vasitə olan heroin, paltar dolabından götürülmüş göy rəngli cins şalvara bükülmüş üzərində narkotik vasitə heroinin izləri olan 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetir. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilməyib tutulmamışdan 5-6 ay əvvəl narkotik vasitə olan qurudulmuş marixuanadan, heorindən və psixotrop maddə olan metamfetamindən istifadə etməyə başladığını, narkotik vasitəni Bakı şəhərində tanımadığı şəxslərdən, restoran və kafelərdə olan satıcılardan əldə etdiyini, qurudulmuş marixuananın siqaretdə hazırlanmış formasında 1 ədədini 10 manata, heroinin və ya psixotrop maddə olan metamfetaminin “çetini” 20 manata aldığını və son vaxtlarda isə narkotik vasitə olan heroini şpris ilə damarına vurduğunu qeyd edərək ifadəsində bildirmişdir ki, 24 oktyabr 2023-cü il tarixdə, saat 19 radələrində İmişli rayon polis şöbəsinin əməkdaşları tərəfindən yaşadığı evdə olan zaman polis əməkdaşları evinə gəlmişlər. Yaşadığı otağa daxil olub, ona oğurluqda və narkotik vasitələrdən istifadə etdiyinə görə şübhəli olduğunu, evində axtarış aparılacağını bildirmişlər. Bundan sonra yaşadığı evə baxış keçirilməsi üçün qardaşı Şahid6 ərizə vermişdir. Sonra video çəkilişlə evə baxış keçirilmişdir. Baxış keçirilən zaman evin ona aid yataq otağında stolun üzərindəki qutudan limon duzu, şprisə aid iynələr, şüşə ampula, siqaret qutusu aşkar edilmişdir. Həmin siqaret qutusunun içərisindən isə narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilmişdir. Aşkar edilmiş qurudulmuş marixuana ona məxsusdur. Baxışın davamında yataq otağında dolaba baxış keçirilmişdir. Paltarları olan dolaba baxış keçirilən zaman oradan elektron tərəzi aşkar edilmişdir. Bundan sonra isə otaqda olan digər dolaba baxış keçirilmişdir. Dolabın siyirməsində siqaret kəsiyi bükümündə narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Elektron tərəzi mərhum anasına məxsus olmuşdur. Anası şəkər və təzyiq xəstəliyindən əziyyət çəkdiyi üçün dərmanları həmin tərəzi ilə ölçərək qəbul etmişdir. Narkotik vasitə olan marixuana ona məxsus deyildir. Həmin çəkidə narkotik vasitə almamışdır. Onda yaddaş pozğunluğu vardır. Baxış qurtardıqdan sonra yaşadığı evdən aşkar edilərək götürülmüş narkotik vasitələrə qablaşdırılaraq götürülmüşdür. Sonra isə rayon polis şöbəsinə gəlmişlər. Şöbədə üzərində şəxsi axtarış keçirilmişdir. Üzərində keçirilən şəxsi axtarış zamanı qanunla qadağan edilmiş hər hansı bir əşya aşkar olunmamışdır. 24 oktyabr 2023-cü il tarixdə, saat 19 radələrində yaşadığı İmişli şəhəri, N.ünvan 1 ünvanında ona məxsus otağa baxış keçirilən zaman aşkar edilərək götürülmüş 01 (bir) ədəd “Analgin”, 01 (bir) ədəd “Dimedrol”, 06 (altı) ədəd “Atçetilin”, 03 (üç) ədəd “Diapezam”, 04 (dörd) ədəd “Triqeksifenkubon” dərmanlarının, 03 (üç) ədəd baş hissəsi sınmış ampulanın, 02 (iki) ədəd istifadə edilmiş şpris iynəsi ona məxsusdur. 01 ədəd elektron tərəzi isə mərhum anasına məxsus olmuşdur. Həmin dərmanları Narkoloji dispanserdə müalicədə olunduqdan sonra ona reseptlə qeydiyyatda olduğu Narkoloji dispanserdən götürmüşdür. Göstərilənləri nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs onun doğma qardaşıdır. Həsən 2023-cü ilin may ayından onlarla bir yerə yaşamağa başlamışdır. Həsən 2001-ci ildə Rusiya Federasiyasının Briyansk vilayətində narkotik vasitədən istifadə etdiyinə görə tutulmuş və 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Həsən həbsdən çıxdıqdan sonra ölkəyə qayıtmış, qayıtdıqdan sonra işi ilə bağlı müxtəlif vaxtlarda rayonda və Bakı şəhərində yaşamışdır. Həsən uzun müddət "xxxx" MMC-də işləmişdir. Sonra isə şirkətdə olan dəyişikliklərlə bağlı işdən çıxmışdır. Bundan sonra Həsən heç bir yerdə işləməmiş, fərdi qaydada hər hansı bir işlə məşğul olmamışdır. Həsən bir müddət Bakı şəhərində kirayədə yaşamışdır, sonra isə mütəmadi olaraq onlarla bir yerdə yaşamağa başlamışdır. Həsənə evin ortadakı otağını ayırmışlar. Həsən arada-bir Bakı şəhərinə gedib-gəlirmiş. Həsənin Bakı şəhərinə nə üçün getməsini bilməmişdir. 24 oktyabr 2023-cü il tarixdə, saat 19 radələrində İmişli rayon polis şöbəsinin əməkdaşları tərəfindən yaşadığı evə baxış keçirilmişdir. Baxış Həsənin narkotik vasitələrdən istifadə etməsi ilə bağlı olmuşdur. Həmin tarixdə və saatda polis əməkdaşları onun evinə gəlmişlər, onları səsləyib çağırmışlar. O da evdən bayıra çıxmışdır. Ona Həsənin narkotik vasitələrdən istifadə etməsinə görə evinə baxış keçiriləcəyini demişlər. O da polis əməkdaşlarına etiraz etməmiş, bu barədə ərizə yazmış və yazdığı ərizəni imzasıyla təsdiq etmişdir. Sonra evinə baxış keçirmişlər. Əvvəldən sona kimi baxışda iştirak etmişdir. Baxış video çəkilişlə keçirilmişdir. Baxış zamanı Həsənə aid otağdakı stolun üzərindən narkotik vasitə, ona aid paltarlar olan dolabdan 1 ədəd elektron tərəzi və dolabdan yenə narkotik vasitə aşkar edilərək götürülmüşdür. Həmin vaxt həmin otaqdan Həsənin narkotik vasitə üçün istifadə etdiyi şüşə ampula, şpris iynəsi və başqa əşyalar aşkar edilərək götürülməmişdir. Bundan sonra narkotik vasitələr qablaşdırılmışdır. Baxış protokolu tərtib edilmiş, o və iştirakçılar tərəfindən imzalanmışdır. Narkotik vasitələri və psixotrop maddələri tanımadığı üçün Həsənin otağından aşkar olunaraq götürülmüş narkotik vasitələrin hansı növə aid olmasını bilməmişdir. İkinci dolabdan narkotik vasitə aşkar olunduqdan sonra Həsən əvvəlcə “Mənim deyil”, sonra isə “Ola bilər qoymuşam yadımdan çıxıb” – demişdir. Evdən aşkar edilərək götürülmüş narkotik vasitə olan heroin Həsənə məxsus olmuşdur. Evə baxış keçirilən zaman polis əməkdaşları tərəfindən hər hansı bir qanuna zidd hərəkətlər edilməmişdir. Təqsirləndirilən şəxs narkotik vasitə qəbul etməsi barədə məlumat olmuş, lakin Məmmədovun narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumatı yoxdur. Evin Həsənə aid otağından aşkar edilərək götürülmüş elektron tərəzi Həsənin özünə məxsusdur. Onun ailə üzvlərindən heç biri elektron tərəzidən istifadə etməmişdir. Mərhum anası X2 şəkər diabeti xəstəliyindən əziyyət çəkmiş, 8 dekabr 2019-cu il tarixdə vəfat etmişdir. Mərhum anası Ceyran xəstəliyinə görə dərman preparatları atır və şəkər iynəsindən, yəni insulindən istifadə edirdi. Həmin dərmanlar hazır tabletka formasında, insulin isə xüsusi olaraq üzərində qramla ölçüləri olan hazır şpirisilərin içərisində olmuşdur. Mərhum anası Ceyran dərmanları qəbul etməsi üçün tərəzidən istifadə etməmiş, ümumiyyətlə ehtiyacı olmamış, dərmanlar hazır ölçüdə olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş İmişli rayon polis şöbəsinin Cinayətaxtarış bölməsinin əməliyyat müvəkkili Şahid1 ifadə verərək göstərmişdir ki, 24 oktyabr 2023-cü il tarixdə ona İmişli şəhər sakini Təqsirləndirilən şəxs üzərində və yaşadığı İmişli şəhəri, Nərimanov küçəsində yerləşən evində narkotik vasitə olan qurudulmuş marixuana və heroin olması barədə məlumat daxil olmuşdur. Məlumatda Təqsirləndirilən şəxs həmin tarixdə, saat 19:15 radələrində evinin qarşısında olması bildirilmişdir. Daxil olmuş məlumat barədə rəhbərliyinə məlumat verilmişdir. Məlumat əsasında rəhbərlik tərəfindən şöbənin əməkdaşları – ondan, Şahid2, Şahid3, Şahid5 və təhqiqatçı Bəhruz Zülfüqarovdan ibarət əməliyyat qrupu yaradılmışdır. Həmin polis əməkdaşları ilə birlikdə saat 19:00-da avtomobilə əyləşib, Təqsirləndirilən şəxs yaşadığı İmişli şəhəri, N.ünvan 1 ünvanına gedib evin qarşısını müşahidəyə götürmüşlər. Müşahidə zamanı, Təqsirləndirilən şəxs küçənin qarşısında olmadığını, evində olduğu müəyyən etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs çağırmışlar. Təqsirləndirilən şəxs qardaşı Şahid6 ilə birlikdə evin qarşısına çıxmış və onlara evlərinə baxış keçiriləcəyi, Təqsirləndirilən şəxs həmin evdə narkotik vasitələr saxlamasında şübhəli olduğunu bildirmişlər. Bundan sonra Şahid6 ərizə verərək baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirmişdir. Evə baxış keçirilən zaman evin Təqsirləndirilən şəxs aid yataq otağında olan stolun üzərindəki qutudan 01ədəd “Analgin”, 01 ədəd “Dimedrol”, 06 ədəd “Atçetilin”, 03 ədəd “Diazepam”, 04 ədəd “Triqeksifenkubon” dərmanları, 03 ədəd baş hissəsi sınmış ampula, 02 ədəd istifadə edilmiş şpris iynəsi iynələri, ampula, limon duzu və siqaret qutusu aşkar edilmişdir. Baxışın davamında Təqsirləndirilən şəxs aid paltarlar olan dolaba baxış keçirilmişdir. Həmin dolabdan 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Bundan sonra baxışın davamında digər dolabdan 01 ədəd siqaret kağızı bükümündə narkotik vasitə olan heroinə bənzər kütlə aşkar edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs aid plastik bank kartları və mobil telefonlar aşkar edilərək götürülmüşdür. Aşkar edilmiş narkotik vasitələr ekspertizaya təqdim edilməsi üçün qablaşdırılmışdır. Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş narkotik vasitənin kimə məxsus olmasını soruşduqda, qurudulmuş marixuananın özünə, heroini isə dolaba qoymasını xatırlamadığını bildirmişdir. Baxış bitdikdən sonra Təqsirləndirilən şəxs ilə birlikdə rayon polis şöbəsinə gəlmişlər. Şöbədə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs müdafiəçi təyin olunmuşdur. Müdafiəçinin, hal şahidlərinin və baxışda iştirak edən digər polis əməkdaşlarının iştirakları Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş İmişli rayon polis şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısı Şahid4 və İmişli rayon polis şöbəsinin Post-patrul xidməti bölüyünün polis nəfəri Şahid5 Şahid1 ifadəsinə oxşar ifadə vermişlər. Məhkəmə iclasında şahidlər İmişli rayon polis şöbəsinin Cinayət-axtarış bölməsinin baş əməliyyat müvəkkili Şahid2 və İmişli rayon polis şöbəsinin, Cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili Şahid3 elan olunmuş ifadələrindən görünür ki, onlar da ibtidai istintaq zamanı Şahid1 ifadəsinə oxşar ifadə vermişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət törətməkdə şübhəli bilinən şəxsin tutulması haqqında 24 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 24 oktyabr 2014-cü il tarixdə saat 20:20-də şübhəli şəxs qismində tutulmuşdur. (i.v. 28-29); Materialların məhkəmə ekspertizası və məhkəmə-bioloji ekspertizasının 25 oktyabr 2023-cü il tarixli, 18/10xx-xx/1010 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində: “...Təqsirləndirilən şəxs yaşadığı evin otağından...” sözləri yazılmış və imzalar olan kağız paketdəki: - 1 ədəd “gümüş” rəngli kağız kəsiyi bükümündə təmiz çəkisi – 1,276 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; - 1 ədəd göy rəngli kağız kəsiyi bükümündə təmiz çəkisi – 0,18 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Heroin və marixuana “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”- in siyahasına (Siyahı İ) daxildir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 99,48 manat təşkil edir. (i.v. 39-41); Məhkəmə fiziki-kimyəvi ekspertizasın 20 dekabr 2023-cü il tarixli 3-16-16/2-6/6084 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində "Azərbaycan Respublikası DİN Arayışlar üçün N179" dairəvi möhür əksləri, "25 oktyabr 2023-cü il tarixdə İmişli şəhər sakini Təqsirləndirilən şəxs evindən aşkar edilərək götürülmüş..." yazıları və imzalar olan bir ədəd zərfdə zərfin içərisində üzərində "диазепекс..диазenaм..5mq.." göstəricisi olan konvalyut kəsiklərində ümumilikdə 03 ədəd ağ rəngli dairəvi formalı həblərin tərkibində ümumilikdə 0,015 qram (üzərindəki göstəriciyə əsasən bir həbin tərkibində 0,005 qram) diazepam təsiredici maddəsi; üzərində "..Тpиrексиpенидил 2 mq.." göstəricisi olan konvalyut kəsiklərində ümumilikdə 03 ədəd ağ rəngli dairəvi formalı həblərin tərkibində ümumilikdə 0,006 qram (üzərindəki göstəriciyə əsasən bir həbin tərkibində 0,002 qram) triheksifenidil təsiredici maddəsi müəyyən edildi; - 01 ədəd gümüşü rəngli elektron tərəzinin, 02 ədəd şpris iynəsi və 03 ədəd baş hissəsi sınmış şüşə ampulların üzərində və daxilində narkotik vasitə heroinin izləri müəyyən edildi, heroin iz şəklində olduğundan təmiz çəkisinin müəyyən edilməsi mümkün olmadı; - üzərində "..Aчетилсаличиловая кислота..", "..MİDE..0,002 gr.." yazısı olan konvalyutdakı həblər və "..Анальгин..", "..Димедрол.." yazısı olan ampullardakı mayelər Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekusorların siyahılarına və 18 mart 2016-cı il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahıları" na, habelə zərərli maddələrin siyahıları"na daxil deyildir. - diazepam "Azərbaycan Respublikasının ərazisində dövriyyəsinə nəzarət edilən psixotrop maddələrin siyahısı"na, Triheksifenidil "Güclü təsir edən maddələrin və onların küllü miqdarının siyahısı"na daxildir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 80 manat təşkil edir. (i.v. 178-181); Məhkəmə-narkoloji ekspertizasının 8 dekabr 2023-cü il tarixli, 8064 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs huşu aydın, bələdliliyi bütün növlərdə saxlanılıb. Suallara düzgün cavab vermir. Yalan danışmağa meyllidir. Produktiv psixopatoloji simptomatika aşkar olunmur. Emosional iradi sferası dəyişkəndir. Əhval Ruhiyyəsi aşağıdır. Öz vəziyyətinə tənqidi münasibəti kifayət qədər deyildir. Təqsirləndirilən şəxs opoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 163-164); Məhkəmə-psixiatrik ekspertizasının 16 dekabr 2023-cü il tarixli 3498 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs 24 oktyabr 2023-cü il tarixdə, saat 19-20 radələrində olan müddət ərzində ona qədər, xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və s. psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs hazırda hər hansı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs hazırda öz hərəkətlərinə cavab vermək, yaxud onlara rəhbərlik etmək iqtidarındadır. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tətbiqlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. (i.v. 182-185); Məhkəmə kompüter-texniki ekspertizasının14 dekabr 2023-cü il tarixli 5/1608 rəyindən görünür ki,

1. Təqdim edilmiş sensor ekran və “Android 11” əməliyyat sistemi ilə təchiz olunmuş “Xiaomi Redmi 10 A” markalı “220233L2G” modelli “**********18583, 86795406+8318591” İMEİ kodlu mobil smartfon hal-hazırda işlək vəziyyətdədir. - Təqdim edilmiş sensor ekran və “Android 4.2.2” əməliyyat sistemi ilə təchiz olunmuş “Huawei” markalı “Y320-U10” modelli “**********0158” İMEİ kodlu mobil smartfon halhazırda işlək vəziyyətdədir. Tədqiq olunan “Huawei” markalı “Y320-U10” modelli mobil smartfonun proqram təminatında olan “İMEİ” kodla arxa məlumat lövhəsində olan “İMEİ” kod fərqlidir.

2. Təqdim edilmiş “Huawei” markalı “Y320-U10” modelli mobil smartfonun yaddaşından əldə edilmiş hal-hazırda mövcud olan və pozulmuş məlumatlar əsasında tərtib edilən (Report-Hesabat) hesabat “Ekspertiza 5-1608”adlı qovluqda bir ədədə “DVD- R” tipli optik diskə köçürülərək ekspert rəyinə əlavə olundu.

3. Tədqiq olunan “Huawei” markalı “Y320-U10” modelli mobil smartfonun yaddaşından “7.65.0.247 versiyalı UFED ;PC” adlı proqram təminatı vasitəsilə əldə edilmiş hesabatda mobil cihazın yaddaşında məlumat mübadiləsi aparmaq üçün nəzərdə tutulan “Whatsapp” proqram təminatı aşkar olunmadı.

4. Rəyin “Tədqiqi hissəsi”nin 4-cü bəndində göstərilən səbəblərə görə təqdim edilmiş “Xiaomi Redmi 10A” markalı “220233L2G” modelli mobil smartfonun yaddaşında hər hansı bir (telefon kitabçası, SMS mesajlar, daxil olan zənglər, yığılan zənglər, buraxılmış zənglər, foto, audio və video fayllar, “Whatsapp”, “Whatsapp Business” proqram təminatlarında aparılmış məlumat mübadiləsi və s.) məlumatların silinib-silinməməsi üzrə tədqiqat aparılması mümkün olmamışdır. Tədqiq olunan “Xiaomi Redmi 10 A” markalı “220233L2G” modelli mobil smartfon yaddaşında “H.M” istifadəçi adı və “+994-55-536-5-85” abonent nömrəsi qeydiyyatından keçmiş “2.23.2076” versiyalı “Whatsapp” proqram təminatı aşkar olundu. Mobil cihaz yaddaşında aşkar olunmuş “Whatsapp” proqram təminatının xüsusiyyətlər bölməsinə baxış keçirilən zaman həmin proqram təminatının 6 oktyabr 2022-ci il saat 21:28:17-də quraşdırılması müəyyən edildi. Aparılmış ekspertiza tədqiqatının dəyəri 80 manat təşkil edir. (i.v. 166-169); “İmişli rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin 20 noyabr 2023-cü il tarixli 18-1-46/2-1226/2023 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs 20 aprel 2023cü il tarixdə və 17 avqust 2023-cü il tarixdə PHŞ-nin TTTY bölməsində “Dəqiqləşdirilməmiş sidik daşları, Şəxsiyyətin isterik pozuntusu” diaqnozu ilə müraciət etmişdir. Təqsirləndirilən şəxs 1 avqust 2017-ci il tarixdən narkoloji kabinetdə qeydiyyatdır. Stasionar, ruhi-əsəb kabinetində qeydiyyatda yoxdur. (i.v. 120); Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” publik hüquqi şəxsi 15 yanvar 2024-cü il tarixli 19/51-453 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsində 8 oktyabr 2016-cı ildən 17 oktyabr 2016-cı ilədək, 1 avqust 2017-ci ildən 15 fevral 2018-ci ilədək, 6 iyul 2018-ci ildən 14 fevral 2018-ci ilədək, 22 iyul 2018-ci ildən 7 yanvar 2019-cu ilədək, 10 mart 2021-ci ildən 18 mart 2021-ci ilədək və 8 sentyabr 2021-ci ildən 4 oktyabr 2022-ci ilədək məcburi mülaicədə opioidlərin qəbulu nəticəsində asılılıq sindromu diaqnozu ilə stasionar şəraitdə müalicə krusu alıb. Lakin müalicələr bitdikdən sonra Təqsirləndirilən şəxs müalicə məqsədi ilə heç bir dərman preparatları verilməmişdir. (i.v. 220); “İmişli rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin 15 yanvar 2024-cü il tarixli 18-1-46/2-57/2024 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs hər-hansı dərman preparatı ilə dövlət tərəfindən təmin olunmur. (i.v. 221); İmişli Rayon Məhkəməsinin 27 oktyabr 2023-cü il tarixli 4(036)-61/223 nömrəli Qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə həbs qismində qətimkan tədbiri seçilməsi və həbs etmənin əvvəlinin 24 oktyabr 2023-cü il tarixdən hesablanması qərara alınmışdır. (i.v. 78-80); Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma - üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 240.1-ci maddəsinə əsasən narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan zəhərli maddələri satış məqsədi ilə qanunsuz hazırlama, emal etmə, əldə etmə, saxlama, daşıma və ya göndərmə, habelə bu maddələri və ya onları hazırlamaq, yaxud emal etmək üçün avadanlığı qanunsuz satma - beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2 və 240.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xasiyyətləndirilməsini və himayəsində iki yetkinlik yaşına çatmayan uşağının olmasını (CM-59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun şəxsiyyətini, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirli bilindiyi maddələrin sanksiyası çərçivəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tərəfindən tibbi xarakterli məcburi tədbirlər təyin edilər bilər. Bundan başqa, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 26-cı bəndinə görə məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli 39 №-li qərarının 3-cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun Qərarında qeyd olunan tövsiyyələr baxımından məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin Ambulator məcburi-narkoloji tibbi yoxlama haqqında cinayət işinin materiallarında olan rəylə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacının olduğunun müəyyən edilməsi ilə yanaşı, təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyi aşkar olunduğundan o, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.2 və 240.1-ci maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən hesablanmalı (CPM- 158.2.1; 158.6; CM-69.3.), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2.), narkomaniyadan məcburi müalicə təyin edilməli (CM-93.1.4.), barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitələr, psixotrop və güclü təsir edən maddələr məhv edilməli, “DVD” disklər cinayət işinin materiallarında saxlanılmalı və "Xiamo Redmi 10 A” markalı mobil telefon sahibinə qaytarılmalı (CPM-132), ekspertiza tədqiqatlarının ümumi dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə

H Ö K M E T D İ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2 və 240.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin: Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına və Cinayət Məcəlləsinin 240.1-ci maddəsi ilə 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli şübhəli şəxs qismində tutulduğu 24 oktyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs" qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut - 3 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut - 1.276 qram narkotik vasitə heroin və 0.18 qram narkotik vasitə qurudulmuş marixuana, 1 ədəd "Elektron tərəzi”, 1 ədəd "Analigin”, 1 ədəd “Dimedrol”, 6 ədəd “Atçetilin”, 3 ədəd “Diapezam”, 4 ədəd "Triqeksifenkubon" dərmanları, 3 ədəd baş hissəsi sınmış ampula, 2 ədəd istifadə edilmiş şpris hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut - "Xiaomi Redmi 10 A” markalı mobil telefon sahibinə qaytarılsın. İş üzrə məhkəmə məsrəfləri 259,48 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər.

Hakim: Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar