Məhkəmə qərarları › İş №1(036)-3/2020

İmişli Rayon Məhkəməsi Hökm — İş №1(036)-3/2020

05.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM İmişli rayonu İş № 1(036)-3/2020 05.08.2020 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Əhmədova Günel Mirzə qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X2, Təqsirləndirilən şəxs müdafiəçisi: İmişli rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxx 1988-ci ildə Sabirabad rayonu, Poladtoğay kəndində anadan olmuş, ailəli, Azərbaycan Respublikasının vətəndaşı, fərdi əməklə məşğul olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, Sabirabad rayonu, Poladtoğay kəndində qeydiyyatda olan və yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilməklə, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs... Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 180.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx xxxxxx 2018-ci il tarixdə, saat 08:00 radələrində tamah niyyətilə İmişli rayonu, Otuziki kəndində yerləşən “Sübhan” kəndli fermer təsərrüfatı adlanan mal-qara bazarında Zərərçəkmiş şəxs əlində saydığı 945 (doqquz yüz qırx beş) AZN məbləğində pulu qəfldən sonuncunun əlindən dartıb alaraq, hadisə yerindən uzaqlaşmaq məqsədi ilə qaçmağa başlamışdır. Lakin bazarın daxilində təxminən 500-600 metr məsafədə qaçdıqdan sonra ayağı sürüşərək palçığa yıxıldığına görə bu zaman arxasınca qaçmaqla onu təqib edən Zərərçəkmiş şəxs oğu yaxalayaraq, taladığı pulları geri aldığı üçün Təqsirləndirilən şəxs öz iradəsindən asılı olmayan səbəblərdən törətdiyi cinayəti başa çatdıra bilməmiş və Zərərçəkmiş şəxs 945 (doqquz yüz qırx beş) AZN məbləğində pulunu açıq talamaqla, soyğunçuluq etməyə cəhd etmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilərək, ifadəsində bildirmişdir ki, o, ailəsi ilə birlikdə Sabirabad rayonu, Poladtoğay kəndində yaşayır. Özü fərdi əmək ilə məşğul olur. 4-5 il əvvəl İmişli rayonunda yerləşən mal-qara bazarında olan zaman heyvan alveri ilə məşğul olan şəxslərin əlində pul tutub, alver etdiklərinin şahidi olmuşdur. xx xxxxxx 2018-ci il tarixdə qərara gəlmişdir ki, İmişli rayonunda yerləşən mal-qara bazarına gedib, heyvan alveri ilə məşğul olan şəxslərin əlində olan pulları alıb qaçaraq, gizlənsin. Bu məqsəd ilə xx xxxxxx 2018-ci il tarixdə, təxminən saat 04:00 radələrində yaşadığı Sabirabad rayonundan İmişli rayonunda yerləşən mal-qara bazarına gəlmişdir. Əvvəllər tanımadığı Zərərçəkmiş şəxs 5-6 baş inəyi dəmir dirəyə bağlayıb, satmaq istədiyini görmüşdür. O, Polada yaxınlaşıb, heyvanların qiyməti ilə maraqlanmış, ona heyvanları satmaqda köməklik edəcəyini və alıcı tapacağını bildirmişdir. Bir neçə dəqiqə keçdikdən sonra 1 (bir) nəfər şəxsin Poladdan 1 (bir) baş dananı 945 (doqquz yüz qırx beş) AZN məbləğinə aldığını görmüşdür. O, bu fürsətdən istifadə edib, Poladın əlində olan 8 (səkkiz) ədəd 100 (yüz) manatlıq, 2 (iki) ədəd 50 (əlli) manatlıq, 2 (iki) ədəd 20 (iyirmi) manatlıq və 1 (bir) ədəd 5 (beş) manatlıq kağız pulları alıb, qaçmışdır. Zərərçəkmiş şəxs qışqıraraq, onun arxasınca qaçıb, pullarını geri qaytarmasını tələb etmişdir. O, isə Poladın tələbinə əhəmiyyət vermədən qaçmağa davam etmişdir. Bu zaman yer palçıqlı olduğu üçün ayağı sürüşüb, yerə yıxılmış və Zərərçəkmiş şəxs ona yaxınlaşaraq, əlində olan kağız pulları almışdır. Həmin vaxt ərazidə xidmət aparan İmişli Rayon Polis Şöbəsinin polis əməkdaşları onu şübhəli şəxs qismində saxlayaraq, İmişli Rayon Polis Şöbəsinə getməyi təklif etmişlər. O da, polis əməkdaşlarının təkilfini qəbul edərək, onlar ilə birlikdə İmişli Rayon Polis Şöbəsinə getmişdir. Hal-hazırda törətdiyi cinayət əməlini etiraf edir və səmimi peşmanlıq hissi keçirir. Baş vermiş cinayət hadisəsi nəticəsində Zərərçəkmiş şəxs dəymiş maddi zərərin tam şəkildə ödənildiyini və gələcəkdə bir daha belə hallara yol verməyəcəyini bildirmişdir. Eyni zamanda qeyd edir ki, heç vaxt belə bir hadisənin baş verməsini arzu etməz idi və məhz özünün düşüncəsizliyi ucbatından cinayət əməlini törətmişdir. Hesab edir ki, “həbs”də saxlanıldığı müddət ərzində bütün səhvlərini dərk etmiş və nəticə çıxarmışdır. Özü cavandır, ailəlidir və himayəsində 2 (iki) azyaşlı uşağı vardır. Bundan başqa, onun gələcəyə nikbin planları vardır. Demək olar ki, ailəyə yeganə qazanc gətirən şəxsdir. Azadlıqdan məhrum etmə bağlı olmayan cəza təyin edilərsə və azadlıqda qalarsa, öz zəhməti hesabına işləməklə ailəsinin maddi ehtiyaclarını qarşılacaqdır. Məhkəmə qarşısında söz verir ki, gələcəkdə bir daha cinayət əməli törətməyəcək, nizam-intizama və qanunlara əməl edəcəkdir. Bütün bunları nəzərə alaraq, barəsində məhkəmə tərəfindən azadlıqdan məhrum etmə ilə bağlı olmayan yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, o, ailəsi ilə birlikdə Biləsuvar rayonu, Günəşli kəndində yaşayır və fərdi kənd təsərrüfatı ilə məşğul olur. xx xxxxxx 2018-ci il tarixdə əmisi X4 məxsus yük avtomobili ilə 4 (dörd) baş iri buynuzlu heyvanı satmaq üçün İmişli rayonunda yerləşən mal-qara bazarına gətirmişdir. Həmin gün, təxminən saat 05:00 radələrində Təqsirləndirilən şəxs ona yaxınlaşaraq, heyvanları satmaqda köməklik edəcəyini bildirmişdir. Bir neçə dəqiqə keçdikdən sonra o, 1 (bir) nəfər şəxsə 1 (bir) baş dananı 945 (doqquz yüz qırx beş) AZN məbləğinə satmışdır. O, həmin pul məbləğini sayan zaman Təqsirləndirilən şəxs ona yaxınlaşıb, əlində olan 8 (səkkiz) ədəd 100 (yüz) manatlıq, 2 (iki) ədəd 50 (əlli) manatlıq, 2 (iki) ədəd 20 (iyirmi) manatlıq və 1 (bir) ədəd 5 (beş) manatlıq kağız pulları alıb, qaçmağa başlamışdır. O, tez Əfqanın arxasınca qaçaraq, pullarını geri qaytarmasını tələb etmişdir. Əfqan isə onun tələbinə əhəmiyyət vermədən qaçmağa davam etmişdir. Bu zaman yer palçıqlı olduğu üçün Əfqanın ayağı sürüşüb, yerə yıxılmışdır. O, tez Təqsirləndirilən şəxs yaxınlaşaraq, əlində olan 945 (doqquz yüz qırx beş) AZN məbləğində kağız pulları almışdır. Həmin vaxt ərazidə xidmət aparan İmişli Rayon Polis Şöbəsinin polis əməkdaşları Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlayaraq, İmişli Rayon Polis Şöbəsinə gətirmişlər. Onun halhazırda Təqsirləndirilən şəxs qarşı heç bir tələbi və şikayəti yoxdur. Belə ki, baş vermiş cinayət hadisəsi nəticəsində ona dəymiş maddi zərər Təqsirləndirilən şəxs tərəfindən tam şəkildə ödənilmişdir. Onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cavan, ailəli və himayəsində azyaşlı uşağı olduğu üçün onu bağışlayır. Bütün bunları nəzərə alaraq, Təqsirləndirilən şəxs məhkəmə tərəfindən azadlıqdan məhrum etmə bağlı olmayan, yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, o, İmişli Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsi polis sahə rəisivəzifəsində işləyir və polismayorudur. Baş vermiş hadisə barədə qeyd edir ki, hər həftənin çərşənbə axşamı günü saat 01:00 radələrindən 15:00 radələrinədək İmişli rayonunda yerləşən “Sübhan” kəndli fermer təsərrüfatı adlanan mal-qara bazarında ictimai asayişin mühafizəsi həyata keçirilir. xx xxxxxx 2018-ci il tarixdə həmin bazarda onun ilə birgə İmişli Rayon Polis Şöbəsinin polis əməkdaşları Şahid2, Şahid4 və Şahid5 da ictimai asayişin mühafizəsi üçün xidmət aparmışlar. Həmin gün, təxminən saat 15:00 radələrində 1 (bir) nəfər şəxsin Polad adlı şəxsin əlindən kağız pulları alıb, bazarın giriş qapısı istiqamətində qaçdığını görmüşdür. O, tez həmin şəxsin yaxalanması üçün onun arxasınca qaçmışdır. Həmin vaxt yer palçıqlı olduğu üçün həmin şəxsin ayağı sürüşərək, yerə yıxılmışdır. Bu zaman Polad həmin şəxsə yaxınlaşıb, onun əlində olan kağız pulları almışdır. O, həmin şəxsə yaxınlaşaraq, özünü polis əməkdaşı kimi təqdim edərək, onu İmişli Rayon Polis Şöbəsinə getməyi təklif etmişdir. Həmin şəxs heç bir etiraz etmədən onlar ilə birlikdə İmişli Rayon Polis Şöbəsinə gəlmişdir. Məlum olmuşdur ki, Biləsuvar rayonu, Günəşli kənd sakini Zərərçəkmiş şəxs əlində olan kağız pulları alıb, qaçan şəxs Sabirabad rayonu, Poladtoğay kənd sakini Təqsirləndirilən şəxsdur. Bu barədə İmişli Rayon Polis Şöbəsinin rəhbərliyinə məlumat verilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 və Şahid5 Şahid3 ifadəsi ilə eyni məzmunlu ifadə vermişlər. Cinayət işində olan xx xxxxxx 2018-ci il tarixli “şübhəli şəxsi tutma haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2018-ci il tarixdə, saat 15:42 radələrində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan xx xxxxxx 2018-ci il tarixli “qətimkan tədbirinin seçilməsi və X5 azad edilmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2018-ci il tarixdə, saat 14:50 radələrində İmişli Rayon Polis Şöbəsinin X5 azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan İmişli Rayon Məhkəməsinin 1(036)-028/2019 saylı, xx xxxxx 2019-cu il tarixli “cinayət işi üzrə icraatın dayandırılması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “axtarış” elan edilməklə, barəsində “həbs” qətimkan tədbirinin seçilmişdir. Cinayət işində olan Zərərçəkmiş şəxs tərəfindən imzalanmış xx xxxxxx 2018-ci il tarixli qəbzdən görünür ki baş vermiş cinayət hadisəsi nəticəsində Təqsirləndirilən şəxs tərəfindən əldə edilmiş 945 (doqquz yüz qırx beş) AZN məbləğində pulu Zərərçəkmiş şəxs təhvil almışdır. Cinayət işində olan Zərərçəkmiş şəxs xx xxxxxx 2020-ci il tarixli ərizəsindən görünür ki, baş vermiş cinayət hadisəsi nəticəsində Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi zərər tam şəkildə ödənilmiş, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur, məhkəmə tərəfindən azadlıqdan məhrum etmə cəzası ilə bağlı olmayan, yüngül cəza verilməsini xahiş etmişdir. Cinayət işində olan Sabirabad rayon İcra Hakimiyyəti Başçısının Azadkənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə edilir. Cinayət işində olan Sabirabad rayon İcra Hakimiyyəti Başçısının Azadkənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 150 saylı, xx xxxxxx 2020-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs həyat yoldaşı X3, övladları X7 və X8 ilə birlikdə Sabirabad rayonu, Poladtoğay kəndində yaşayır. Cinayət işində olan müvafiq qaydada təsdiq edilmiş AZ-İİ 968441 №-li, xx xxxxxxx 2012-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə X1 birgə nikahdan xx xxxxxxxx 2012-ci ildə “X7” adında uşaqları anadan olmuşdur. Cinayət işində olan müvafiq qaydada təsdiq edilmiş AZ-İİİ 853645 №-li, xx xxxxxxx 2016-cı il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə X1 birgə nikahdan xx xxxx 2016-cı ildə “X8” adında uşaqları anadan olmuşdur. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları tam, obyektiv və hərtərəfli araşdırıb, mövcud sübutları düzgün təhlil edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 180.1-ci maddələrinə tövsif edilmişdir. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 180.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Bununla yanaşı, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 180.1-ci maddələrinə əsasən cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar yoxdur. Bu səbəbdən də, məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzalanmalı və ona cəza təyin etməklə, barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə tərəfindən təqsirləndirilən şəxsə cəza təyin edilərkən, onun şəxsiyyəti, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyi, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Belə ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən az ağır cinayətlər kateqoriyasına aiddir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs əməli etiraf etməsini, səmimi peşmanlığını, ailəli və himayəsində 2 (iki) azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxsə dəymiş maddi zərərin ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı tələb və şikayətinin olmamasını, eləcə də, “həbs”də saxlanıldığı müddəti ərzində öz səhvlərini dərk edərək, nəticə çıxarmasını, davranışında islah olunması əlamətlərinin aşkarlığını, məhkəmə qarşısında gələcəkdə bir daha cinayət əməli törətməyəcəyi, qanunlara əməl edəcəyi barədə söz verməsini və eləcə də, gələcəyə nikbin baxışlarını və planlarını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu nəzərə alaraq, barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması ilə bağlı olan cəzanın təyin edilməsini, cəzaçəkmə müddətinin başlanğıcının məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmasını, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin ləğv edilməsini və dərhal məhkəmə iclası zalından azad edilməsini məqsədə müvafiq hesab edir. Bundan başqa, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən cəzaçəkmə müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə hər gün saat 21:00-dan növbəti gün saat 08:00-a dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Sabirabad rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Bundan başqa, məhkəmə cinayət işində olan maddi sübutlarla bağlı məsələyə hüquqi qiymət verərək hesab edir ki, cinayət işinin ibtidai istintaqı zamanı baş vermiş cinayət hadisəsi nəticəsində Təqsirləndirilən şəxs tərəfindən əldə edilmiş 945 (doqquz yüz qırx beş) AZN məbləğində pulun Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmalıdır. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” xx xxxx 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. İş üzrə məhkəmə məsrəfləri, maddi sübut, mülki iddia və müsadirə edilməli əmlak yoxdur. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 180.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinsin və 1 (bir) il, 9 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün və xx xxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək “həbs”də saxlanıldığı 36 (otuz altı) gün, ümumilikdə 38 (otuz səkkiz) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəza müddətinə bir günə iki gün hesabı ilə 76 (yetmiş altı) gününə bərabər hesablanmaqla, Təqsirləndirilən şəxs qəti olaraq 1 (bir) il, 6 (altı) ay, 14 (on dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzaçəkmə müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə hər gün saat 21:00-dan növbəti gün saat 08:00-a dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Sabirabad rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalından azad edilsin. Cinayət işi üzrə ibtidai istintaqı zamanı Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs dəymiş maddi zərərin ödənilməsi nəzərə alınsın. Hökmün icrası Sabirabad Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Tərlan Nüsrətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar