Məhkəmə qərarları › İş №1(036)-3/2022

İmişli Rayon Məhkəməsi Hökm — İş №1(036)-3/2022

11.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM İmişli rayonu İş № 1(036)-3/2022 11.02.2022 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxslər: Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4, Təqsirləndirlən şəxslər: Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və onların müdafiəçiləri Müdafiəçi2 və Müdafiəçi1 iştirakları ilə, 08 iyul 1981-ci il tarixdə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər Lənkəran rayon Məhkəməsinin 17 mart 2015-ci il tarixli hökmü ilə AR CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 05 mart 2018-ci il tarixli Qərarı ilə cəzası 3 (üç) il 5 (beş) aya azaldılmış və cəza müddəti başa çatdığından cəzadan azad edilmiş, hazırda məhkumluğu olmayan, İmişli şəhəri, H.Əliyev prospekti, bina 1, mənzil 22-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, və 234.1-ci maddələri ilə xx xxxxxx 1979-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, əvvəllər Bakı şəhəri Səbail rayon Məhkəməsinin 05 aprel 2018-ci il tarixli hökmü ilə AR CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Biləsuvar rayon Məhkəməsinin 17 iyun 2021-ci il tarixli hökmü ilə AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 2 (iki) il 2 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş, Bakı şəhəri, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs2, özgənin əmlakını gizli olaraq talama niyyəti ilə tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 17 noyabr 2020-ci il tarixdə saat 18:30 radələrində Zərərçəkmiş şəxs5 İmişli rayonunun Rəsullu kəndində yerləşən saxlanc yeri hesab edilən, fərdi yaşayış evinin həyətindəki ağıla gizli yolla daxil olaraq, oradan sonuncuya məxsus cəmi 500 manat dəyərində 3 baş xırdabuynuzlu ev heyvanlarını gizli olaraq talayaraq ümumilikdə zərər çəkmiş şəxsə həmin məbləğdə ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, özgənin əmlakını gizli olaraq talama niyyəti ilə 01 fevral 2021-ci il tarixdə saat 21 radələrində Biləsuvar rayonunun Aşağı Cürəli kənd sakini Zərərçəkmiş şəxs1 məxsus Biləsuvar rayonunun Muğan kəndində yerləşən fermasındakı tövləyə qapını açmaq yolu ilə qanunsuz olaraq daxil olub həmin tövlədən sonuncuya məxsus cəmi 390 manat dəyərində 3 baş xırdabuynuzlu qoyun heyvanlarını gizli talayaraq ümumilikdə zərər çəkmiş şəxsə həmin məbləğdə maddi ziyan vurmaqla, təkrarən, oğurluq etmişdir. Həmçinin o, istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq, satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda 0,980 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin əldə edib özündə saxlayaraq daşımış, Biləsuvar rayon polis şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 02 fevral 2021-ci il tarixdə saat 23:15 radələrində Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən Azərbaycan Beynəlxalq Bankının Biləsuvar filialının qarşısında şübhəli şəxs kimi saxlanılaraq Biləsuvar RPŞ-yə gətirilmiş və şöbənin inzibati binasında üzərində şəxsi axtarış keçirilərkən həmin narkotik vasitə heroin bir ədəd siqaret kağızına bükülmüş bükümdə əynindəki göy rəngli şalvarın sol yan cibindən aşkar edilərək götürülmüşdür. Eləcə də o, özgənin əmlakını gizli olaraq talama niyyəti ilə tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 02 mart 2021-ci il tarixdə saat 23 radələrində İmişli şəhər sakini Zərərçəkmiş şəxs2 məxsus İmişli şəhəri, M. Müşfiq küçəsi ev 208 ünvanında yerləşən saxlanc yeri hesab olunan tövləyə qapısını sökmə yolu ilə qanunsuz daxil olaraq oradan 180 manat dəyərində 1 baş erkək qoyun və 140 manat dəyərində 1 baş dişi qoyun olmaqla 320 manat dəyərində 2 baş xırdabuynuzlu qoyun heyvanlarını gizli talayaraq ümumilikdə zərər çəkmiş şəxsə həmin məbləğdə maddi ziyan vurmaqla, təkrarən, oğurluq etmişdir. Bundan başqa o, özgənin əmlakını gizli olaraq talama niyyəti ilə tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 17 mart 2021-cu il tarixdə saat 02 radələrində İmişli şəhər sakini Zərərçəkmiş şəxs3 məxsus İmişli şəhəri, N.Savalanov küçəsi 81 ünvanında yerləşən saxlanc yeri hesab olunan ərzaq mağazasına qapının şüşəsini sındırma yolu ilə qanunsuz daxil olaraq həmin mağazadan 1 qutusunun qiyməti 2 manat 30 qəpik olmaqla 55 manat 20 qəpik dəyərində 24 qutu “X1” markalı siqaret və 59 manat dəmir pulları gizli olaraq talayaraq ümumilikdə zərər çəkmiş şəxsə 114 manat 20 qəpik maddi ziyan vurmaqla, təkrarən, oğurluq etmişdir. Nəhayət o, özgənin əmlakını gizli olaraq talama niyyəti ilə tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 30 mart 2021-cu il tarixdə saat 03 radələrində İmişli rayonunun Aranlı kənd sakini Zərərçəkmiş şəxs4 məxsus İmişli rayonunun Xubyarlı kəndində yerləşən saxlanc yeri hesab olunan ərzaq mağazasına qanunsuz daxil olaraq həmin mağazadan hər birinin qiyməti 10 manat olmaqla 35 ədəd 350 manat dəyərində danışıq kartlarını və 750 manat pulları gizli olaraq talayaraq ümumilikdə zərər çəkmiş şəxsə 1100 manat maddi ziyan vurmaqla, təkrarən, oğurluq etmişdir. Təqsirləndirilən şəxs1 özgənin əmlakını gizli olaraq talama niyyəti ilə tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 17 noyabr 2020-ci il tarixdə saat 18:30 radələrində Zərərçəkmiş şəxs5 İmişli rayonunun Rəsullu kəndində yerləşən saxlanc yeri hesab edilən, fərdi yaşayış evinin həyətindəki ağıla gizli yolla daxil olaraq, oradan sonuncuya məxsus cəmi 500 manat dəyərində 3 baş xırdabuynuzlu ev heyvanlarını gizli olaraq talayaraq ümumilikdə zərər çəkmiş şəxsə həmin məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, özgənin əmlakını gizli olaraq talama niyyəti ilə tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 02 mart 2021-cu il tarixdə saat 23 radələrində İmişli şəhər sakini Zərərçəkmiş şəxs2 məxsus İmişli şəhəri, M. Müşfiq küçəsi ev 208 ünvanında yerləşən saxlanc yeri hesab olunan tövləyə qapısını sökmə yolu ilə qanunsuz daxil olaraq oradan 180 manat dəyərində 1 baş erkək qoyun və 140 manat dəyərində 1 baş dişi qoyun olmaqla 320 manat dəyərində 2 baş xırdabuynuzlu qoyun heyvanlarını gizli talayaraq ümumilikdə zərər çəkmiş şəxsə həmin məbləğdə maddi ziyan vurmaqla, təkrarən, oğurluq etmişdir. Həmçinin o, özgənin əmlakını gizli olaraq talama niyyəti ilə tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 17 mart 2021-cu il tarixdə saat 02 radələrində İmişli şəhər sakini Zərərçəkmiş şəxs3 məxsus İmişli şəhəri, N.Savalanov küçəsi 81 ünvanında yerləşən saxlanc yeri hesab olunan ərzaq mağazasına qapının şüşəsini sındırma yolu ilə qanunsuz daxil olaraq həmin mağazadan 1 qutusunun qiyməti 2 manat 30 qəpik olmaqla 55 manat 20 qəpik dəyərində 24 qutu “X1” markalı siqaret və 59 manat dəmir pulları gizli olaraq talayaraq ümumilikdə zərər çəkmiş şəxsə 114 manat 20 qəpik maddi ziyan vurmaqla, təkrarən, oğurluq etmişdir. Nəhayət o, özgənin əmlakını gizli olaraq talama niyyəti ilə tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 30 mart 2021-ci il tarixdə saat 03 radələrində İmişli rayonunun Aranlı kənd sakini Zərərçəkmiş şəxs4 məxsus İmişli rayonunun Xubyarlı kəndində yerləşən saxlanc yeri hesab olunan ərzaq mağazasına qanunsuz daxil olaraq həmin mağazadan hər birinin qiyməti 10 manat olmaqla 35 ədəd 350 manat dəyərində danışıq kartlarını və 750 manat pulları gizli olaraq talayaraq ümumilikdə zərər çəkmiş şəxsə 1100 manat maddi ziyan vurmaqla, təkrarən, oğurluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3-cü və 234.1-ci maddələri ilə elan edilmiş ittihamda özünü qismən, yəni AR CM-nin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirli bilib ifadəsində göstərdi ki, konkret olaraq qeydiyyat və yaşayış yeri olmadığından o, küçələrdə gecələyirmiş. Təqsirləndirilən şəxs1la 2020-ci ilin oktyabr ayında Bakı şəhərində metronun “20 Yanvar” stansiyası tərəfdə olan zaman tanış olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs1 da onun kimi alüminium enerji içkiləri qabları yığıb satmaqla məşğul olurmuş. Talehlə tanış olduqdan sonra o, bir müddət sonuncunun yaşadığı yerdə qalmışdır. Sonra o, Talehlə İmişli rayonuna gəlib burada metal yığıb satmaq işi ilə məşğul olmaq barədə razılığa gəldikdən sonra İmişli rayonuna gəlmişlər. İmişli rayonuna gəldikdən sonra burada da əlvan metal tapıb təhvil verməklə məşğul olmuşlar. Onlar İmişli şəhərində “Daş körpü” adlanan yerdə yerləşən avtoyuma sexində gecələyirlərmiş. 2020-ci ilin noyabr ayının ortalarında Talehlə İmişli şəhərində birlikdə qaldıqları zaman pulları qurtardığı üçün oğurluq etmək qərarına gəlmişlər. O, dəmir qırıqları yığmaq üçün gəzərkən İmişli rayonunun Rəsullu kəndindən keçib Məhəmmədli kəndinə tərəf gedən zaman yolun sağ tərəfində, yoldan bir az aralıda qarğı ilə hasara alınmış həyətdə ağıla qoyun salınmasını görmüşdür. Ona görə də həmin ağıldan 2-3 baş qoyun oğurlayıb sataraq pul əldə etməyin mümkün olmasını Talehə dedikdə sonuncu razılaşmışdır. Elə həmin gün saat 18 radələrində Talehlə birlikdə piyada İmişli rayonunun Rəsullu kəndinə qoyun saxlanılan həyətə tərəf getmişlər. O, həmin həyətin qarğıdan olan hasarının dəmir çərçivəli setka qapısından həyətə girmiş, Talehə isə kənarda dayanıb gözləməsini, gələn olarsa ona xəbər verməsini tapşırmışdır. Ona görə də Taleh həyətin giriş qapısından təxminən 10 metr aralıda gözləmişdir. O, həyətə girərək həyətdəki tövlənin qabağında olan setka ağıla yaxınlaşıb ağılın setkadan olan və kəndirlə bağlanmış qapısını açıb orada olan təxminən 20 baş qoyundan üçünü ağıldan, sonra isə həyətin qapısından çölə çıxarmışdır. Qoyunlar saxlanan ağılın və həyətin qapısı açıq qalmışdır. Həyətdən çıxandan sonra həyətin yan tərəfində olan it hürməyə başlamış və o, ev sahibinin itin səsini eşidib həyətə çıxacağından qorxaraq Talehlə birlikdə oğurladıqları üç baş qoyunu qabaqları ilə qovaraq həmin həyətdən aralayıb piyada qoyunları “köhnə mal bazarı” deyilən əraziyə apararaq orada olan köhnə yeməkxana tikilisinin yanına gəlmişlər. Həmin tikilinin sahibi olmadığından yatmağa yeri olmayanda çox vaxt o, həmin tikilidə gecələyirmiş. O, Talehlə birlikdə oğurladıqları üç baş qoyunu həmin tikiliyə salıb qapısını bağlayıb qoyunları satana qədər 5-6 gün orada saxlamışlar. Həmin müddət ərzində o, Talehlə birlikdə gedib “Araz çayı”nın kənarından ot yığaraq qoyunlara vermişlər. İmişli rayonunda təşkil olunan mal bazarı günü oğurladıqları üç baş qoyunu piyada mal bazarına aparmışlar. Taleh bazarın girişində gözləmiş, o isə oğurladıqları üç baş qoyunu tək bazarın içərisinə aparmış və təxminən yarım saat sonra bazardan çıxaraq Talehin yanına gəlib ona qoyunları cəmi 210 manata satdığını demişdir. Bundan sonra Talehlə birlikdə İmişli şəhərinə qayıtmış və pulu xərcləyib qurtarmışlar. Bundan başqa o, 01 fevral 2021-ci il tarixdə Biləsuvar rayonuna gəlmiş və orada da gəzərək metal yığmaqla məşğul olmuşdur. Həmin gün rayon ərazisində olan zaman tanımadığı şəxslər ondan nə iş gördüyünü soruşarkən o, metal yığdığını bildirmişdir. Həmin şəxslər ona Biləsuvar rayonundan gömrük istiqamətinə gedən yolu göstərərək həmin yerdə böyük zibil tullantılarının yığıldığını və oradan metal yığa biləcəyini bildirmişlər. O, həmin istiqamətdə gedərkən qarşısına bir ferma çıxmış və artıq havanın qaralmasına az qaldığından həmin fermadan oğurluq etmək qərarına gəlmişdir. Axşam saat 09 radələrində o, fermanın ətrafında hər hansı bir şəxsin olmadığını görüb fermanın arxa tərəfindən tövlənin üzərindən çıxaraq fermanın həyətinə daxil olmuşdur. Bundan sonra isə fermanın həyətində olan tövlələrdən birinin qapısını açaraq tövləyə girmiş və içəridə xırdabuynuzlu heyvanların saxlanıldığını görüb üç baş quzunu tutub çölə çıxarmışdır. Sonra həmin quzuların ayaqlarını kəndirlə bağlayıb sürüyərək asfalt yolun kənarına gətirmişdir. Asfalt yolda ağ rəngli “VAZ-2106” markalı avtomobilin rayonun mərkəzi istiqamətində hərəkət etdiyini görüb avtomobilə əl edərək saxlatmış və avtomobilin sürücüsünə fermalardan birində çoban işlədiyini deyib quzuları satmağa apardığını bildirmişdir. O, quzuları avtomobilin yük yerinə qoymuş və sürücüyə quzuları Cəlilabad rayonunda olan bir tanışına satacağını deyib avtomobillə həmin rayona getmişlər. O, Cəlilabad rayonunda yolun kənarında qəssab olduğunu görüb avtomobili saxlatdırmış və qəssabın yanına gedərək satılıq üç baş quzu olduğunu demişdir. Qəssab quzulara baxaraq həmin quzuları ondan 300 manata almışdır. Bundan sonra o, 02 fevral 2021-ci il tarixdə gecə saat 23 radələrində Biləsuvar rayonunda “Beynəlxalq bank”ın qarşısından keçərkən bir neçə şəxs ona yaxınlaşaraq polis əməkdaşları olduqlarını bildirib onu Biləsuvar RPŞ-yə dəvət etmişlər. O, etiraz etməyərək onlarla birlikdə polis şöbəsinə gəlmişdir. Polis şöbəsində xidməti otaqların birində ona üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı əşya varsa çıxarıb təqdim edilməsi bildirildikdə o, üzərində heç bir narkotik vasitə və ya qadağan qanunla qadağan edilmiş vasitə olmadığını bildirmişdir. Lakin buna baxmayaraq polis əməkdaşları dəvət olunmuş müdafiəçinin iştirakı ilə video çəkiliş aparmaqla onun üzərində axtarış aparıb narkotik vasitə olan heroinə oxşar maddənin aşkar olunduğu barədə protokol tərtib etmişlər. O da məcbur olub həmin protokola imza etmişdir. Həmçinin, 02 mart 2021-ci il tarixdə Talehlə birlikdə alüminium enerji içkisi qabları yığmaq üçün İmişli rayonunun Depo deyilən ərazisinə gəlmişlər. Depo məhəlləsində gəzən zaman gözlərinə bir tövlə sataşmış və gecə gəlib həmin tövlədən heyvan oğurlamaq barədə razılaşmışlar. Həmin gün gecə saat 23 radələrində onlar həmin tövlə olan evə gəlmiş, Taleh xəbər vermək üçün küçədə gözləmiş o, isə tövləyə yaxın yerdəki çəpərdən həyətə daxil olmuşdur. Tövlənin giriş qapısı bağlı olmuş və qapıdan başqa tövlənin ətrafı qamışlarla örtülmüşdür. O, qamışları söküb tövləyə daxil olmuş və tövlədə olan təxminən 20 baş qoyunların içindən iki baş qoyunları çölə çıxardıb Talehlə birlikdə heyvanları qabaqlarına qatıb ara yollarla köhnə mal bazarı adlanan yerə aparmışlar. Köhnə mal bazarı ərazisində sahibsiz bir tikili tapıb həmin iki baş qoyunları orada saxlamışlar. İmişli rayonunda təşkil olunan mal bazarı günü qoyunları mal bazarına aparıb öz heyvanları kimi tanımadıqları şəxsə ümumilikdə 150 manata satmışlar. Bundan başqa, 16 mart 2021-ci il tarixdə Talehlə birlikdə İmişli şəhəri, N.Savalanov küçəsi ilə piyada gedən zaman bir market görüb oradan oğurluq etmək qərarına gəlmişlər. 17 mart 2021-ci il tarixdə gecə saat 02 radələrində onlar həmin marketin qabağına gəlmiş və o, yerdən daş götürüb marketin şüşədən olan qapısını sındırmışdır. Taleh xəbər vermək üçün çöldə durub gözləmiş, o isə mağazaya girmişdir. O, mağazada kassa olan yerə keçmiş və kassanı açarkən orada yalnız dəmir pullar olduğunu görüb həmin pulları və eləcə də kassanın yanından siqaret vitrinlərindən 2-3 blok markasını bilmədiyi siqaretləri götürüb mağazadan çıxmışdır. Həmin pulları yenə də özlərinə xərcləmiş, siqaretləri isə çəkmək üçün aralarında bölmüşlər. Həmçinin, 30 mart 2021-ci il tarixdə gecə saat 03 radələrində Talehlə piyada İmişli rayonunun Xubyarlı kəndi ərazisində gəzən zaman yolun kənarında bir bağlı mağaza görüb həmin mağazadan oğurluq etmək barədə razılaşmışlar. Talehin köməkliyi ilə o, mağazanın damına qalxaraq həmin yerdən şiferi əli ilə yuxarı qaldırıb mağazaya girmiş, Taleh isə çöldə gözləmişdir. O, əlində olan alışqanın fənəri ilə mağazaya baxış keçirmiş və mağazanın kassasında olan pulları və danışıq kartlarını götürüb mağaza girdiyi yerdən çıxmışdır. Pulu saydıqda 750 manat pul olduğunu müəyyən etmişlər. Oğurladıqları pulu yeyib-içməyə xərcləmiş, danışıq kartlarını isə İmişli rayonunun “Kolxoz bazarı”nda satmışlar. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilib ifadəsində göstərdi ki, əvvəllər oğurluq cinayəti törətdiyinə görə iki dəfə məhkum olunmuş və sonuncu dəfə törətmiş olduğu cinayət əməlinə görə təyin edilmiş cəzanı 2020-ci ilin sentyabr ayında çəkib qurtarmışdır. O, azadlığa çıxandan sonra əlvan metal yığıb sataraq pul əldə edərək dolanmışdır. O, əsasən Bakı şəhərində metronun “20 yanvar” stansiyası ətrafında alüminium enerji içkiləri qabları yığmaqla məşğul olmuşdur. Təxminən 2020-ci ilin oktyabr ayında o, metronun “20 yanvar” stansiyası tərəfdə olan zaman Təqsirləndirilən şəxs2lə rastlaşmış və sonuncu da onun kimi alüminium enerji içkiləri qabları yığırmış. O, İlkinlə danışıb söhbət edən zaman sonuncunun heç kimi olmadığını bilmişdir. Onun İlkinə yazığı gəldiyi üçün sonuncunu özü ilə metal axtarmağa aparmış və ona yaşadığı yerdə qalmağa icazə vermişdir. Bundan bir neçə gün sonra o, İlkinlə İmişli şəhərinə gəlmiş və burada da əlvan metal tapıb təhvil verməklə məşğul olmuşlar. 2020-ci ilin noyabr ayının ortalarında İlkinlə İmişli şəhərində birlikdə qaldıqları zaman pulları qurtardığı üçün oğurluq etmək qərarına gəlmişlər. İlkin ona İmişli rayonunun Rəsullu kəndində yolun yaxınlığında olan qarğı hasarlı həyətdə qoyun saxlanıldığını, oradan 2-3 baş qoyun oğurlayıb sataraq pul əldə edə biləcəklərini bildirdikdə o, razılaşmışdır. Elə həmin gün saat 18 radələrində İlkinlə birlikdə piyada İmişli rayonunun Rəsullu kəndinə getmişlər. Kəndə çatarkən yolun sağ tərəfindən bir az aralıda yerləşən, qarğı ilə hasara alınmış həyətə yaxınlaşmışlar. Aralarındakı razılaşmaya əsasən o, həyətin qarğıdan olan hasarının kənarında gələn olarsa xəbər vermək üçün dayanmış, İlkin isə tək özü həmin həyətin qarğıdan olan hasarının dəmir çərçivəli setka qapısından həyətə girmişdir. Təxminən iki dəqiqə sonra İlkin qabağında üç baş qoyun olmaqla həmin həyətə girdiyi qapıdan çıxmışdır. İlkin həyətdən çıxandan sonra həyətdən it hürməsi səsi gəlmişdir. Onlar ev sahibinin itin səsini eşidib həyətə çıxacağından qorxaraq birlikdə həmin üç baş qoyunu qabaqları ilə qovaraq həyətdən aralaşmış və piyada qoyunları İmişli şəhərinin “köhnə mal bazarı” deyilən ərazisinə aparaq orada olan köhnə yeməkxana tikilisinin yanına gətirmişlər. İlkin həmin tikilinin sahibinin olmadığını, yatmağa yeri olmayanda bəzən həmin tikilidə gecələdiyini demişdir. Oğurladıqları üç baş qoyunu həmin tikiliyə salıb qapısını bağlamış və qoyunları satana qədər təxminən 5-6 gün həmin tikilidə saxlamışlar. İmişli rayonunda təşkil olunan mal bazarı günü oğurladıqları üç baş qoyunu piyada mal bazarına aparmışlar. O, bazarın girişində gözləmiş, İlkin isə qoyunları tək bazarın içərisinə aparmış və təxminən yarım saat sonra bazardan çıxaraq qoyunları 210 manata satdığını demişdir. Bundan sonra İlkinlə birlikdə İmişli şəhərinə qayıtmış və pulu xərcləyib qurtarmışlar. Bundan başqa 02 mart 2021-ci il tarixdə İlkinlə birlikdə alüminium enerji içkisi qabları yığmaq üçün İmişli rayonunun Depo deyilən ərazisinə gəlmişlər. Depo məhəlləsində gəzən zaman gözlərinə bir tövlə sataşmış və gecə gəlib həmin tövlədən heyvan oğurlamağa razılaşmışlar. Həmin gün gecə saat 23 radələrində onlar həmin tövlə olan evə gəlmiş, o, xəbər vermək üçün küçədə gözləmiş, İlkin isə tövləyə yaxın yerdəki çəpərdən həyətə daxil olmuşdur. Bir neçə dəqiqədən sonra İlkin iki baş qoyunla çölə çıxmış və onlar heyvanları qabaqlarına qatıb ara yollarla köhnə mal bazarı adlanan yerə aparmışlar. Köhnə mal bazarı ərazisində sahibsiz bir tikili tapıb həmin iki baş qoyunları orada saxlamışlar. İmişli rayonunda təşkil olunan mal bazarı günü qoyunları bazara aparıb öz heyvanları kimi tanımadıqları şəxsə ümumilikdə 150 manata satmışlar. Həmçinin, 16 mart 2021-ci il tarixdə İlkinlə birlikdə İmişli şəhəri, N.Savalanov küçəsi ilə piyada gedən zaman bir market görüb oradan oğurluq etmək qərarına gəlmişlər. 17 mart 2021-ci il tarixdə gecə saat 02 radələrində onlar həmin marketin qabağına gəlmiş və İlkin yerdən daş götürüb marketin şüşədən olan qapısını sındırmışdır. O, xəbər vermək üçün çöldə durub gözləmiş, İlkin isə mağazaya girmişdir. Bir neçə dəqiqədən sonra İlkin 2-3 blok siqaret və dəmir pullarla mağazadan çölə çıxmış və onlar oradan uzaqlaşmışlar. Həmin pulları yenə də özlərinə xərcləmiş, siqaretləri isə çəkmək üçün aralarında bölmüşlər. Eləcə də, 30 mart 2021-ci il tarixdə gecə saat 03 radələrində İlkinlə piyada İmişli rayonunun Xubyarlı kəndi ərazisində gəzən zaman yolun kənarında bir bağlı mağaza görmüşlər. İlkin həmin mağazadan oğurluq etmək istədiyini bildirdikdə o, razılaşmış və sonuncu onun köməkliyi ilə mağazanın damına qalxaraq həmin yerdən mağazaya girmiş, o isə çöldə gözləmişdir. Bir neçə dəqiqədən sonra İlkin mağazadan çıxmış və ona pul və danışıq kartları oğurladığını demişdir. Həmin pulları yeyib-içməyə xərcləmiş, danışıq kartlarını isə İmişli rayonunun “Kolxoz bazarı”nda satmışlar. Məhkəmə Təqsirləndirilən şəxs2 ifadəsində Biləsuvar rayon polis şöbəsində üzərində baxış keçirilərkən üzərində heç bir narkotik vasitə olmadığını deməsini inandırıcı hesab etmir, özünü həmin cinayət əməlinə görə müdafiə məqsədi daşıyan və törətmiş olduğu cinayət əməlindən yaxa qurtarmağa yönəlmiş ifadə hesab edir. Onun AR CM-nin 177.2.1, 177.2.2, 177.2.3, və 234.1-ci maddələri ilə, Təqsirləndirilən şəxs1 isə AR CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə törətmiş olduqları cinayət əməlləri Təqsirləndirilən şəxs2 qismən, Təqsirləndirilən şəxs1 isə tam etirafı ilə yanaşı iş üzrə dindirilmiş zərər çəkmiş şəxslərin və şahidlərin ifadələri, ekspertiza rəyləri, iş materialları və işin digər obyektiv halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərdi ki, 2020-ci ilin oktyabr ayında İmişli rayon Məşğulluq Mərkəzi tərəfindən yardım və təsərrüfatın inkişafı üçün ona 21 baş qoyun heyvanı verilmişdir. O da həmin heyvanları İmişli rayonunun Rəsullu kəndində yerləşən fərdi yaşayış evinin həyətində saxlayırmış. 17 noyabr 2020-ci il tarixdə saat 17:30 radələrində o, qoyunların hamısını evinin həyətindəki tövlənin qarşı tərəfində olmaqla dəmir setka ilə hasarlanmış və qapısı da dəmir künclüklə çərçivəyə alınmaqla dəmir setkadan düzəldilmiş ağıla salaraq qapısını iki yerdən iplə bağlamışdır. Həmin gün saat 18:30 radələrində o, evində olarkən həyətində saxladığı itin hürməsini eşidib həyətə çıxmış və qoyunları saldığı ağılın qapısının açıq olduğunu, qoyunların ağılda olmadığını və qapını bağladığı iplərin bıçaqla kəsildiyini görmüşdür. O, dərhal evinin həyətindən çıxıb qoyunları axtarmağa başlamış və qoyunların evindən təxminən 20 metr aralıda dayandıqlarını, qoyunların yanına gedib saydıqda 3 baş qoyunun olmadığını görmüşdür. O, qoyunlarının oğurlandığını bilib İmişli RPŞ-yə ərizə ilə müraciət etmişdir. İstintaq zamanı ona oğurluğun Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən törədildiyi məlum olmuşdur. Ona vurulmuş maddi ziyan ödənilməmişdir. Hazırda təqsirləndirilən şəxslərdən şikayətçidir və məhkəmədən onların cəzalandırılmasını xahiş edir. Məhkəmədə zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, şəxsi təsərrüfatında 100 baş xırdabuynuzlu heyvanı olmuş və həmin heyvanları o, Biləsuvar rayonunun Muğan kəndində yerləşən fermasında saxlayırmış. Heyvanlarına Məmməd adlı çoban nəzarət edirmiş. 02 fevral 2021-ci il tarixdə səhər saat 07 radələrində Məmməd ona zəng edərək 3 baş quzunun əskik olduğunu bildirmişdir. O, bunu eşidib dərhal fermaya getmiş və Məmmədlə birlikdə quzuları sayan zaman həqiqətən də 3 baş quzunun yerində olmadığını görmüşdür. O, Məmməddən maraqlanan zaman sonuncu ona 01 fevral 2021-ci il tarixdə axşam quzuları sayıb tövləyə saldığını, səhər quzuları tövlədən buraxan zaman quzulardan 3 başının yerində olmadığını aşkar etdiyini bildirmişdir. O, quzuları fermanın ərazisində axtarsa da tapa bilməmişdir. Bundan sonra quzularının oğurlanmasını bilib Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edərək oğurluq hadisəsi barədə şikayət vermişdir. Bir qədər sonra isə rayon polis şöbəsinin əməkdaşları ona məxsus fermaya gəlmişlər. Bundan sonra o, hadisə barədə Biləsuvar RPŞ-yə ərizə ilə müraciət etmişdir. Oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 390 manat maddi ziyan dəymişdir. İstintaq zamanı ona oğurluğun Təqsirləndirilən şəxs2 tərəfindən törədildiyi məlum olmuşdur. Ona vurulmuş maddi ziyan ödənilməmişdir. Hazırda təqsirləndirilən şəxsdən şikayətçidir və məhkəmədən onun cəzalandırılmasını xahiş edir. Məhkəmədə zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, 03 mart 2021-ci il tarixdə saat 09 radələrində həyətində yerləşən heyvan saxlanılması üçün nəzərdə tutulmuş tövləyə heyvanlara yem hazırlamaq məqsədi ilə gedən zaman xırdabuynuzlu heyvanlarının yerində olmadığını, heyvanlar saxlanılan tövləyə baxan zaman isə tövlənin sağ tərəf hissəsində qamış hissəsi ilə hörülmüş tərəfin deşildiyini və tövlənin həmin tərəfdən açıq və yararsız vəziyyətə düşdüyünü görmüşdür. Ailə üzvləri ona qoyunların səhər tezdən az yaşlı oğlu İsrail tərəfindən örüş sahəsinə otarmaq məqsədi ilə aparıldığını lakin tövlənin qamış hissəsinin deşilməsi barədə məlumatlarının olmadığını bildirmişlər. Sonra o, işi ilə əlaqədar evdən çıxıb getmiş və həmin gün saat 14 radələrində evə qayıdıb dincəlmişdir. Bir müddət sonra oğlu örüş sahəsindən xırdabuynuzlu heyvanları otarıb evə gətirdiyi üçün o, təkrar tövləyə daxil olmuş və heyvanları sayarkən heyvanlardan ikisinin olmadığını aşkar etmişdir. Heyvanların 03 mart 2021-ci il tarixə keçən gecə və səhər tövlənin bir hissəsinin yararsız vəziyyətə düşməsi ilə əlaqələndirərək naməlum şəxslər tərəfindən oğurlandığını başa düşmüşdür. O, oğlu İsraildən heyvanları örüş sahəsinə otarmaq məqsədi ilə apararkən sayıb-saymadığını soruşduqda oğlu heyvanları saymadığını, heyvanları tövlədən bir başa çıxarıb çöl örüş sahəsinə apardığını bildirmişdir. Bu səbəbdən də o, Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Bundan sonra o, hadisə barədə İmişli RPŞ-yə ərizə ilə müraciət etmişdir. Oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 320 manat maddi ziyan dəymişdir. İstintaq zamanı ona oğurluğun Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən törədildiyi məlum olmuşdur. Ona vurulmuş maddi ziyan ödənilməmişdir. Hazırda təqsirləndirilən şəxslərdən şikayətçidir və məhkəmədən onların cəzalandırılmasını xahiş edir. Məhkəmədə zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, İmişli şəhəri, Nəcməddin Savalanov küçəsi 81 ünvanında özünə məxsus mağazası vardır. Oğlu Ülvi həmin mağazada satıcı işləyir. 17 mart 2021-ci il tarixdə gecə saat 01 radələrində oğlu Ülvi həmişə olduğu kimi gecə mağazaya baxış keçirəndən sonra mağazanın qapısını bağlayıb evə gəlmişdir. Səhər saat 06 radələrində o, mağazanı açmaq üçün mağazaya getmiş və giriş şüşəsinin qapısının bir hissəsinin sınıq olduğunu görmüşdür. O, mağazaya daxil olmadan Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Sonra isə İmişli RPŞ-nin əməkdaşları gəlmiş və o, onlarla birlikdə mağazaya baxış keçirdərək mağazanın girişində, sol tərəfdə vitrindən təxminən 60 manat dəyərində 24 ədəd “X1” markalı siqaretin və kassadan 59 manat dəmir pulların əksik olduğunu aşkar etmişdir. Bundan sonra o, hadisə barədə İmişli RPŞ-yə ərizə ilə müraciət etmişdir. Oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 114,20 manat maddi ziyan dəymişdir. İstintaq zamanı ona oğurluğun Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən törədildiyi məlum olmuşdur. Ona vurulmuş maddi ziyan ödənilməmişdir. Hazırda təqsirləndirilən şəxslərdən şikayətçidir və məhkəmədən onların cəzalandırılmasını xahiş edir. Məhkəmədə zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərdi ki, İmişli rayonunun Xubyarlı kəndi ərazisində yol kənarında yerləşən “Qardaşlar” ərzaq mağazası ona məxsusdur. Həmin mağazada ərzaq və məişət əşyaları satılırmış. 29 mart 2021-ci il tarixdə saat 22 radələrində o, mağazanı bağlamış və işıqlarını da söndürmüşdür. O, mağazanın işıqlarını ümumi mərkəzdən söndürdüyü üçün də mağazada olan kameralar da sönmüş və işləməmişdir. 30 mart 2021-ci il tarixdə səhər saat 08 radələrində o, mağazanın qapılarını açıb içəri daxil olarkən mağazanın içərisində girişdə sol tərəfdə mağazanın dam örtüyünün söküldüyünü görmüşdür. O, gecə mağazaya oğru girdiyini başa düşüb bu barədə İmişli RPŞ-yə müraciət etmişdir. Bundan sonra bir qrup polis əməkdaşları mağazaya gəlib hadisə yerinə baxış keçirmişlər. Baxış keçirilərkən o, mağazadan 750 manat nağd pul və 350 manat dəyərində müxtəlif növ sim konturlar oğurlandığını müəyyən etmişdir. İstintaq zamanı ona oğurluğun Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən törədildiyi məlum olmuşdur. Ona vurulmuş 1100 manat məbləğində maddi ziyan ödənilməmişdir. Hazırda təqsirləndirilən şəxslərdən şikayətçidir və məhkəmədən onların cəzalandırılmasını xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, atası Vilayətə məxsus İmişli şəhəri, Nəcməddin Savalanov küçəsi 81 ünvanında mağazası vardır. O, həmin mağazada satıcı kimi işləyir. 17 mart 2021-ci il tarixdə gecə saat 01 radələrində o, həmişə olduğu kimi gecə mağazaya baxış keçirəndən sonra mağazanın qapısını bağlayıb evə gəlmişdir. Səhər saat 06 radələrində atası Vilayət mağazanı açmaq üçün mağazaya getmiş və giriş şüşəsinin qapısının bir hissəsinin sınıq olduğunu görmüşdür. Atası mağazaya daxil olmadan Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Sonra isə İmişli RPŞ-nin polis əməkdaşları gələrək onlarla birlikdə mağazaya baxış keçirmişlər. Mağazaya baxış zamanı mağazanın girişində sol tərəfdəki vitrindən təxminən 60 manat dəyərində 24 ədəd “X1” markalı siqaretin və kassadan 59 manat dəmir pulların əksik olduğunu aşkar etmişlər. Daha sonra polis əməkdaşları hadisə yerinin fotoşəkillərini çəkib qeydlər aparmışlar. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, 02 fevral 2021ci il tarixdə Təqsirləndirilən şəxs2 narkotik vasitələrin qanunsuz qəbulu və daşıması ilə məşğul olması barədə ona daxil olmuş əməliyyat məlumatı əsasında sonuncunun cinayət əməllərinin ifşa edilməsi məqsədi ilə həmin tarixdə əməliyyat-axtarış tədbirləri keçirilməsi haqqında qərar qəbul edilmişdir. Həmin qərara əsasən onun, Şahid4 və Şahid5 ibarət əməliyyat qrupu yaradılaraq bu barədə protokol tərtib edilmişdir. Qərara uyğun olaraq 02 aprel 2021-ci il tarixdə saat 23:10 radələrində tərəflərindən əməliyyat tədbiri keçirilməyə başlanılmış və əməliyyat tədbirinə uyğun olaraq narkotik vasitələrin qanunsuz qəbulu və daşıması ilə məşğul olmasına şübhə doğuran Təqsirləndirilən şəxs2 həmin vaxtda Biləsuvar rayonunun “Mərkəzi Avtovağzal”ından Biləsuvar rayonunun mərkəzi istiqamətində hərəkətdə olan zaman əməliyyat müşahidəsinə götürülmüşdür. Təxminən 5 dəqiqə sonra Təqsirləndirilən şəxs2 “Beynəlxalq Bank”ın Biləsuvar filialının qarşısında saxlanılmış və onlar özlərini təqdim edərək onu Biləsuvar Polis şöbəsinə getməyi təklif etdikdə sonuncu etiraz etməyərək onlarla birlikdə könüllü olaraq rayon polis şöbəsinə getmişdir. Polis şöbəsində dəvət olunmuş vəkilin iştirakı və video çəkiliş aparılmaqla Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış keçirilməyə başlamazdan əvvəl Təqsirləndirilən şəxs2 üzərində narkotik maddə və yaxud qanunla qadağan edilmiş digər əşya olduğu təqdirdə təqdim etməsi təklif olunduqda sonuncu könüllü olaraq əynindəki mavi rəngli cins şalvarın sol yan cibindən bir ədəd siqaret kağızına bükülmüş bükümü çıxarıb həmin bükülünün içində özünün istifadə etməyi üçün özünə məxsus narkotik vasitə heroin olduğunu və İmişli rayonunda “Mal Bazarı”ndan tanımadığı şəxsdən 30 manata aldığını bildirmişdir. Bundan başqa şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 üzərindən qanunla qadağan olunmuş heç bir əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxs2 təqdim etdiyi bir ədəd gümüşü rəngli kağıza bükülmüş bükülü elektron tərəzidə çəkildikdən sonra açılaraq şəxsi axtarış iştirakçılarının iştirakı ilə baxılmış və içərisində həqiqətən də narkotik vasitə heroinə oxşar maddə olması aşkar edilmişdir. Sonra həmin bükülü zərfə qoyularaq qablaşdırılaraq möhürlənmiş və zərfin üzərinə bütün iştirakçılar, o cümlədən Təqsirləndirilən şəxs2 də imza etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 və Şahid5 işin hallarına dair Şahid3 ifadəsinə uğun ifadə verdilər. İşdə olan məhkəmə-kimyəvi ekspertizanın 03 fevral 2021-ci il tarixli, 19/109 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “İmişli rayonu Sadıqcan küçəsində yaşayan Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş narkotik vasitə olan heroinə bənzər maddə...” sözlər və imzalar olan bir ədəd zərfdəki, bir ədəd bükümdə təmiz çəkisi – 0,980 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Tədqiqata təqdim olunmuş narkotik vasitə olan heroinin təmiz çəkisi – 0,980 qram, tədqiqata sərf olundu - 0,05 qram, qalıq çəkisi – 0,930 qramdır. İşdə olan məhkəmə-narkoloji ekspertizanın 08 fevral 2021-ci il tarixli, 130 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 tiryək alkaloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyac vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İşdə olan məhkəmə-əmtəəşünaslıq ekspertizanın 31 may 2021-ci il tarixli 9/2847 nömrəli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən xırda buynuzlu heyvanların 2021-ci ilin aprel ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 320 manat müəyyən edilir. O cümlədən: - yerli cinsdən olan, 8 aylıq, diri çəkisi 30 kiloqram çəkidə sağlam vəziyyətdə erkək qoyun – 180 manat; - yerli cinsdən olan, 8 aylıq, diri çəkisi 25 kiloqram çəkidə sağlam vəziyyətdə doğmamış dişi qoyun – 140 manat. İşdə olan "xxxx" MMC-nin 08 iyun 2021-ci il tarixli mütəxəssis rəyindən görünür ki, 2020-ci ilin oktyabr ayına 3 baş və hər birinin çəkisi 27 kq olan 3 yaşlı boğaz qoyunların ümumi orta bazar qiyməti - 500 manat olmuşdur. İşdə olan Biləsuvar rayon mal-qara bazarının müdiri Azər Rəhimli tərəfində Biləsuvar RPŞ-nə daxil olmuş məktubda göstərilmişdir ki, 1 baş təmiz əti 12 kiloqram yerli cins quzunun 2021-ci ilin fevral ayına olan orta bazar qiyməti 130 manat olmuşdur. Beləliklə də şərh edilən sübutları məcmu üzrə qiymətləndirərək məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan ictimai təhlükəli əməli törətməkdə təqsirliliyi təsdiq edildi və onlar istinad edilən cinayət qanununun həmin maddələrinin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs2 əməlində AR CM-nin 59 və 61-ci maddələrinə əsasən cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli və AR CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Təqsirləndirilən şəxs1 əməlində AR CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar məhkəmə tərəfindən müəyyən edilmədi. İşdə olan Biləsuvar rayon Məhkəməsinin 17 iyun 2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 2 (iki) il 2 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs1 qanunvericiliklə məhkumluğu ödənilmədən yenidən qəsdən az ağır cinayət törətmiş və bununla da cinayətlərin residivini yaratmışdır. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs1 məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilmədən yenidən qəsdən az ağır cinayət törətməsini AR CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 AR CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə barəsində Biləsuvar Rayon Məhkəməsində hökm çıxarılmazdan əvvəl hazırkı ittiham üzrə cinayət əməlini törətməsi müəyyən olunur ki, bu hal da cinayətlərin məcmusunu yaradır. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli və AR CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. İş üzrə maddi sübut məhv edilməlidir. Ekspertiza tədqiqatına sərf edilmiş 115 (bir yüz on beş) manat ekspertiza xərci təqsirləndirilən şəxslərdən müştərək qaydada tutulub dövlət nəfinə ödənilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353 və 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinib, CM-nin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 234.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. AR CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 üzərində 3 (üç) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. AR CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 02 fevral 2021-ci il tarixdən 04 fevral 2021-ci il tarixədək həbsdə saxlandığı 2 (iki) gün müddət təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 3 (üç) il 2 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Cəza çəkməsinin əvvəli həbsə alındığı gündən, yəni 15 aprel 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə edilsin. Təqsirləndirilən şəxs2 ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Biləsuvar rayon Məhkəməsinin 17 iyun 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 AR CM-nin 234.1-ci maddəsi ilə təyin edilmiş 2 (iki) il 2 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası AR CM-nin 66.5-ci maddəsinə əsasən hazırkı təyin olunmuş cəza ilə qismən birləşdirilsin və üzərində qəti olaraq 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Cəza çəkməsinin əvvəli həbsə alındığı gündən, yəni 16 aprel 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi Biləsuvar rayon polis şöbəsinin saxlanc anbarında saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi – 0,930 qram olan narkotik vasitə heroin məhv edilsin. İş üzrə ekspertiza tədqiqatına sərf edilmiş 115 (bir yüz on beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutulub dövlət nəfinə ödənilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən 20 gün müddətinə İmişli rayon məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Qurban Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar