Məhkəmə qərarları › İş №1(036)-3/2024

İmişli Rayon Məhkəməsi Hökm — İş №1(036)-3/2024

29.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM İmişli rayonu İş № 1(036)-3/2024 29.12.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - İmişli rayon vəkil bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1977-ci ildə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 318.1ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X1 baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2 və 318.1-ci maddələri ilə təqsirləndirilərək, məhkəməyə verilmişdir ondan ötrü ki, o, İran İslam Respublikasına qanunsuz getmək məqsədi ilə 06 noyabr 2022-ci il tarixdə saat 21 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini qəsdən dövlət sərhədinin nəzarətburaxılış məntəqələrindən kənarda, yəni Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin İmişli rayonunda yerləşən 2-ci sərhəd zastavasının xidməti sahəsindən Azərbaycan Respublikasından İran İslam Respublikasına keçmiş, bundan başqa o, İran İslam Respublikasında olarkən istintaqa məlum vaxtda və mənbədən əldə edərək üzərində saxladığı külli miqdarda olmayan təsiredici maddəsinin 02 həbdə ümumi miqdarı 0,450 qram olan güclü təsirə malik dərman preparatı tramadol hidroxloridi əldə edərək saxlamış, 09 noyabr 2022-ci il tarixdə saat 18 radələrində Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli daşıyaraq qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək göstərdi ki, bir müddət əvvəl 10 illik dostluq münasibətində olduğu İran İslam Respublikası vətəndaşı Mehdi adlı şəxslə mobil telefon ilə əlaqə saxlayaraq narkotik vasitə istifadə etdiyini və ona İran islam Respublikasından narkotik vasitə təşkil etməsini xahiş etmişdir. Mehdi onun yaşadığı Salyan rayonunda yerləşən evində 5-6 il əvvəl 2 günlük qonaq olaraq qalmışdır. xx.xx.2022-ci il tarixdə Mehdi ona “Whatsapp” vasitəsi ilə zəng edərək Azərbaycandan İranın Biləsuvar şəhərinə dövlət sərhədini qanunsuz olaraq keçərək gedəcəyi halda ona narkotik vasitə verəcəyini bildirmişdir. Onun da narkotik vasitəyə ehtiyacı olduğundan onunla razılaşmışdır. O, xx.xx.2022-ci il tarixdə saat 18:00 radələrində yaşadığı evdən çıxaraq Biləsuvar rayonu ərazisində yerləşən Cəbrayıl qəsəbəsinə doğru taksi ilə getmişdir. Gedəcəyi yolu Mehdi ona “Whatsapp” vasitəsi ilə başa salmışdır. O, 4-5 nömrəli Cəbrayıl qəsəbələrinin arasında keçən yolla sərhədə doğru hərəkət etmişdir. Saat 21 radələrində o, tikanlı tellərə yaxınlaşmış və tikanlı telləri əli ilə olan haçalı ağacla aralamış və telləri keçərək İİR istiqamətinə doğru gizlənə-gizlənə hərəkət etmişdir. İran ərazisinə keçdikdən sonra Mehdi ona dediyi istiqamətə doğru hərəkət etmişdir. O, dövlət sərhədini keçərkən İİR tərəfdə smartfon tipli mobil telefonunu su kanalına düşmüşdür. Bir neçə metr hərəkət etdikdən sonra kənd təsərrüfatı ilə məşğul olan şəxslərlə qarşılaşmış və onlardan magistral yolun istiqamətini soruşmuşdur. Həmin şəxslər onun azərbaycanlı olduğunu bilmiş və ona magistral yolun istiqamətini göstərmişlər. O, magistral yola çıxmış və oradan keçən avtomobili saxladaraq avtomobilə minmiş, həmin avtomobillə bir neçə kilometr getdikdən sonra avtomobildən düşərək yolun kənarında olan yarım tikilidə gecələmişdir. Səhər açıldıqdan sonra o, həmin əraziyə yaxın yerdə olan taksi sürücülərindən Mehdinin nömrəsinə zəng etməsini xahiş etmişdir. Sürücülər ona mobil telefonlarını vermiş və o, Mehdiyə zəng etsə də, sonuncu telefonu açmamışdır. O, taksi sürücülərinin yanından aralanaraq Təzəkənd kəndi istiqamətində hərəkət etmiş və kəndə çatdıqdan sonra mağazalardan birinə daxil olmuşdur. Mağazada olan şəxslər onun kim olduğu ilə maraqlanmışdır. O, həmin şəxslərə azərbaycanlı olduğunu və qanunsuz olaraq dövlət sərhədini keçdiyini bildirmişdir. Bir neçə dəqiqə sonra İranın polisləri ona yaxınlaşmış və onu saxlayaraq idarəyə aparmışlar. 09 noyabr 2022-ci il tarixdə isə onu rəsmi qaydada Azərbaycan sərhədçilərinə təhvil vermişlər. O, özünü Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsi ilə təqsirli bilmir, Azərbaycan Respublikası CM-nin 318.1-ci maddəsi ilə törətdiyi cinayət əməlindən isə səmimi peşmandır. Odur ki, bütün bunların nəzərə alınmasını və barəsində Azərbaycan Respublikası CM-nin 318.1-ci maddəsi ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə şahid qismində dindirilmiş N nömrəli hərbi hissənin hərbi qulluqçusu Şahid4 ifadəsində bildirdi ki, xx.xx.2022-ci il saat 20:00-dan xx.xx.2022-ci il saat 02:30-dək kiçik gizir Şahid1 ilə birlikdə 2-ci sərhəd zastavasının 29-cu sahəsinə «Texniki Müşahidə Məntəqəsi» sərhəd naryad xidmətini təşkil etmək üçün Dövlət sərhədinin mühafizəsinə dair əmr aldıqdan sonra növbətçinin nəzarəti altında silahlara baxış keçirdikdən sonra təyin olunduqları sahəyə doğru hərəkət etmişlər. Xidmətdə olduqları zaman heç bir şübhəli şəxs və ya şübhəli əşya müəyyən edilməmişdir. Həmin gün saat 20 radələrində əraziyə yağış yağmağa başlamış və bu səbəbdən ətrafı müşahidə etmək mümkün olmamışdır. Yalnız saat 23 radələrində yağış dayandıqdan sonra yenidən ərazini müşahidə altında saxlaya bilmişlər. Bu barədə sərhəd zastavasına da məlumat vermişlər. Daha sonra onlara məlum olmuşdur ki, həmin gün saat 21 radələrində bir nəfər Azərbaycan Respublikasından İran İslam Respublikasına 23-cü sahədən qanunsuz olaraq keçmiş və İran İslam Respublikası polisi tərəfindən saxlanılaraq Azərbaycan Respublikasına təhvil verilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasına özü gəlməmiş İran İslam Respublikası sərhədçiləri tərəfindən yerli sərhəd xidmətinə təhvil verilmişdir. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsində iştirak etməmişdir və sonuncunun üzərindən narkotik vasitə və ya psixotrop maddə aşkar edilib-edilməməsindən məlumatı yoxdur. Məhkəmə iclasında şahid, N nömrəli hərbi hissənin hərbi qulluqçusu Şahid1 elan olunmuş ifadəsindən görünür ki, o, ibtidai istintaq zamanı Şahid4 ifadəsində göstərilən xüsusatları təsdiq edərək onunla eni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında Şahid2 elan olunmuş ifadəsindən görünür ki, 09 noyabr 2022-ci il tarixdə N nömrəli hərbi hissənin zabiti Racib Musayev ona İran İslam Respublikasının sərhəd nümayəndəliyi tərəfindən rəsmi qaydada vətəndaş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasına təhvil verildiyini bildirmiş və təklif etmişdir ki, sonuncunun üzərinə keçiriləcək baxışda hal şahidi qismində iştirak etsin. O, razılıq verdikdən sonra birlikdə 2-ci sərhəd zastavasının inzibati binasına getmişlər. Onunla birlikdə digər hal şahidi Ramal Azayev, saxlanılan şəxs Təqsirləndirilən şəxs və hərbi qulluqçular da olmuşdur. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməyə başlanmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs gödəkcəsinin cibindən üzərində metadon yazılan iki ədəd həb aşkar olunaraq götürülmüşdür. Aşkar olunaraq götürülmüş dərman preparatları qablaşdırılaraq möhürlənmiş və imzalanmışdır. Məhkəmə iclasında Şahid3 elan olunmuş ifadəsindən görünür ki, o, ibtidai istintaq zamanı Şahid2 ifadəsində göstərilən xüsusatları təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan məhkəmə iclasında tədqiq olunmuş; DSX-nin N nömrəli hərbi hissənin komandirinin N noyabr 2022-ci il tarixli 16/3861 №li məktubunda göstərilir ki, 09 noyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq Azərbaycan Respublikasından İran İslam Respublikasına keçməsinə görə İran İslam Respublikası nümayəndəliyi tərəfindən Azərbaycan Respublikasına təhvil verilmişdir. 09 noyabr 2022-ci il tarixli baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs dövlət sərhədini Azərbaycan Respublikasından İran İslam Respublikası istiqamətində qanunsuz olaraq keçdiyi ərazi N nömrəli hərbi hissənin 2-ci sərhəd zastavasının 23-cü sahəsidir. Məhkəmə fiziki-kimyəvi ekspertizasının 11 noyabr 2022-ci il tarixli 6/6499 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində tramadol markalanma göstəricisi olan konvalyutdakı üzərilərində "225" yazısı həkk olunmuş 02 ədəd qırmızı rəngli dairəvi formalı həb tramadol hidroxlorid tərkibli dərman preparatıdır və onun təsiredici maddəsinin ümumi miqdarı 0,450 qramdır. Tramadol hidroxlorid 18 mart 2016-cı il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş "Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısı"na daxildir. Ekspertizaların keçirilməsində sərf edilmiş güclü təsirə malik dərman preparatının qalığı nəzərə alınmaqla, tramadol hidroxloridin qalığı 01 həb təşkil edir. 10 yanvar 2023-cü il tarixli qərardan görünür ki, 01 ədəd həb tramadol hidroxloridin qalığı maddi sübut kimi tanınmış və saxlanılması üçün Azərbaycan Respublikası DSX-nin İstintaq və Təhqiqat İdarəsinin saxlanc yerinə təhvil verilmişdir. Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə əsassız olmaqla, Təqsirləndirilən şəxs törətmiş olduğu əmələ düzgün hüquqi qiymət verilməmiş, onun əməli qeyd edilən maddə ilə düzgün tövsif edilməmiş, onun əməlində Cinayət Məcəlləsinin 206.2-ci maddəsinin tərkibinin mövcudluğu öz təsdiqini tapmamışdır. Məhkəmə ilk növbədə qeyd edir ki, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə təqsirli bilmək üçün Cinayət Məcəlləsinin 3-cü maddəsinə, Cinayət-Prosessual Məcəllənin 21-ci maddəsində nəzərdə tutulmuş təqsirsizlik prezumpsiyası prinsipinə, sübutetməyə və məhkəmə hökmünün əsaslılığına dair 139, 143-146, 349.5-ci maddələrinin müddəalarına əsasən tələb olunurdu ki, yuxarıda qeyd olunan (cinayət tərkibinin subyektiv cəhətinə aid olub baxılan ittiham üzrə sübutetmə predmetini təşkil edən) halların mövcudluğu barədə nəticələr belə qənaətə gəlmək üçün kifayət edən, cinayət-prosessual qanunun 125-ci maddəsinin, digər prosessual normaların müddəalarına uyğun şəkildə əldə olunmuş mümkün və mötəbər sübutların məcmusu ilə təsdiq olunsun. Belə ki, Cinayət məsuliyyətinin əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Bu normanın mənasına görə şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə isnad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının təqsirsizlik prezumpsiyası prinsipi cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirildiyi halda onun təqsirli bilinməsinə yol verir. CPM-in 21.2-ci maddəsinə görə cinayət-prosessual qanunun nəzərdə tutduğu prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və bu əməlin törədilməsində şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Cinayət-Prosessual Məcəllənin 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir (maddə 145.3). Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.1 və 206.2-ci maddələrinin dispozisiyalarına görə malların və yaxud CM-in 206.2-ci maddəsində göstərilən narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının, zəhərli maddələrin qaçaqmalçılığı cinayətinin obyektiv cəhətini həmin predmetlərin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsi təşkil edir. Bu cinayət-hüquqi normaları hazırki iş üzrə müəyyən edilmiş hallarla əlaqələndirdikdə görünür ki, baxılan işdə güclü təsirə malik dərman preparatının (CM-in 206.2-ci maddəsində göstərilmiş predmetin) qaçaqmalçılığı cinayətinin obyektiv cəhətini yaradan hərəkətlər qeyd olunan əşyanın Azərbaycan Respublikasına gömrük sərhədindən (İran islam Respublikası ilə Azərbaycan Respublikası arasında olan dövlət sərhədindən) gömrük nəzarətindən kənar və ondan gizli keçirilməsindən ibarətdir. Digər tərəfdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsinin dispozisiyasında əks olunmuş cinayət əməlləri yalnız birbaşa qəsdlə törədilə bilər. Yəni həmin maddə ilə şəxs o vaxt cinayət məsuliyyətinə cəlb edilə bilər ki, yuxarıda sadalanmış cinayətinin obyektiv cəhətinə aid olan hərəkətlərə yol verərkən əməlinin ictimai təhlükəli olduğunu dərk edir və bunu arzu edir. Bu baxımdan məhkəmə, 09 noyabr 2022-ci il tarixdə baş vermiş hadisənin təhlilini aparmaqla, ona hüquqi qiymətin verilməsini, baş vermiş hadisənin səbəbi, baş vermə yeri, şəraiti və mexanizminin nəzərə alınmasını, eyni ilə cinayət prosesi iştirakçılarının həm ibtidai istintaq, həm də məhkəmə istintaqında vermiş olduğu ifadələri müqayisəli şəkildə tədqiq edilməsini, ifadələrdə bir-biri ilə uzlaşan məqamları mübahisəsiz qaydada sübuta yetirilmiş hesab edilməsini, ifadələrdəki mübahisəli hissələrə isə həmin ifadələrin digər sübutlarla müqayisəli qiymət verilməli olduğunu qənaətinə gəlir. Belə ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadələrində göstərmişdir ki, o, narkotik vasitə istifadəçisi olduğu üçün təxminən 3 ay əvvəl bədənində güclü ağrılar olmuş və ağrıları azaltmaq üçün Natiq adlı tanışı vasitəsilə Salyan rayonunda yerləşən “Emin Aptek”dən 5 manat müqabilində 4 ədəd metadon həbi əldə etmiş, lakin həmin dərman onun ağrılarını azaltmadığı üçün qalan 2 həbi istifadə etməmiş və həmin vaxtdan üzərində qalmışdır. İstintaq orqanı tərəfindən X3 işlətdiyi Salyan rayonunda yerləşən “Emin Aptek”də əməliyyat-axtarış tədbirləri həyata keçirilmiş, lakin 12 noyabr 2022-ci il tarixli protokola əsasən Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatlar öz təsdiqini tapmamış və qeyd olunan aptekdə hər hansı narkotik vasitə, psixotrop maddə və ya güclü təsirə malik dərman preparatları aşkar edilməmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi “Emin Aptek”i işlədən X4 iş üzrə şahid qismində dindirilmiş, lakin sonuncu ifadəsində Təqsirləndirilən şəxs və Natiq adlı şəxsi tanımadığını bildirmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs 10 yanvar 2023-cü il tarixdə yenidən dindirilmiş və sonuncu ifadəsində əvvəlki ifadəsinin yalan olduğunu və üzərində aşkar edilmiş metadon həblərini “Emin Aptek”dən almadığını qeyd etmişdir. Digər tərəfdən hazırkı cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs qarşı ibtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittihamın özündə belə birbaşa göstərilmişdir ki, o, İran İslam Respublikasında olarkən külli miqdarda olmayan təsiredici maddəsinin 02 həbdə ümumi miqdarı 0,450 qram olan güclü təsirə malik dərman preparatı tramadol hidroxloridi əldə edərək saxlamış, 09 noyabr 2022-ci il tarixdə saat 18 radələrində Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli daşıyaraq qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirmişdir. Yuxarıda sadalanmış hallar Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş 02 ədəd tramadol həbini Azərbaycan Respublikasından əldə etməsini, Azərbaycan Respublikasına gömrük sərhədindən, gömrük nəzarətindən kənar və ondan gizli olaraq İran İslam Respublikasına keçirilməsini təkzib etməklə, ittihamda əksini tapmış güclü təsirə malik dərman preparatını məhz İran İslam Respublikasında əldə etməsini təsdiq edir. Bununla yanaşı DSX-nin N nömrəli hərbi hissənin komandirinin N noyabr 2022-ci il tarixli 16/3861 №-li məktubunda göstərilir ki, 09 noyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq Azərbaycan Respublikasından İran İslam Respublikasına keçməsinə görə İran İslam Respublikası nümayəndəliyi tərəfindən Azərbaycan Respublikasına təhvil verilmişdir. Həmçinin məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasına özü gəlməmiş İran İslam Respublikası sərhədçiləri tərəfindən yerli sərhəd xidmətinə təhvil verilmişdir. Məhkəmədə ifadəsi elan edilmiş Şahid2 (Şahid3 eyni ifadə vermiş) ibtidai istintaq zamanı göstərmişdir ki, 09 noyabr 2022-ci il tarixdə N nömrəli hərbi hissənin zabiti Racib Musayev ona İran İslam Respublikasının sərhəd nümayəndəliyi tərəfindən rəsmi qaydada vətəndaş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasına təhvil verildiyini bildirmiş və təklif etmişdir ki, sonuncunun üzərinə keçiriləcək baxışda hal şahidi qismində iştirak etsin. Məhkəmə iclasında tədqiq edilmiş sübutlardan görünür ki, Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda israr olunduğu kimi öz istəyi ilə Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini keçməmiş, tam əksi olaraq İran İslam Respublikasında olarkən həmin dövlətin polis əməkdaşları tərəfindən saxlanılaraq Azərbaycan Respublikasının dövlət sərhəd xidmətinə təhvil verilmişdir. Yəni başqa sözlə desək Təqsirləndirilən şəxs İran İslam Respublikasından öz iradəsinə uyğun olaraq Azərbaycan Respublikasına keçməmiş, İran İslam Respublikasında olarkən əldə edib üzərində saxlamaqla daşıdığı güclü təsirə malik dərman preparatını öz iradəsinə uyğun olaraq Azərbaycan Respublikasına gömrük sərhədindən, gömrük nəzarətindən kənar və ondan gizli olaraq keçirməmişdir. Qaçaqmalçılıq işlərinə məhkəmələrə tərəfindən baxılmasında vahid məhkəmə təcrübəsinin formalaşdırılması məqsədilə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixdə qəbul etdiyi “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 10 saylı Qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə və ölkə qanunvericiliyində nəzərdə tutulan hallar istisna olmaqla malların və ya digər əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar, yəni Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq müəyyən edilmiş gömrük orqanlarının yerləşdiyi yerlərdən (gömrük məntəqələrindən) kənar və ya iş vaxtından sonra, yaxud da gömrük orqanlarının icazəsi olmadan gətirilməsi və ya aparılması ilə bağlı istənilən qəsdən törədilmiş hərəkətlər qaçaqmalçılıq cinayətinin tərkibini yaradır. Belə əməlləri törətmiş şəxsin eyni zamanda Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqəsindən kənarda keçməsi də müəyyən edildikdə təqsirkarın əməlləri CM-nin 206-cı maddəsi ilə yanaşı, həm də CM-nin 318-ci maddəsi ilə tövsif edilir. Məhkəmə qanunu rəhbər tutub işin obyektiv hallarına və iş üzrə tədqiq edilmiş sübutlara qanuna və öz daxili inamına əsaslanıb qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs iradəsindən kənar digər ölkənin güc strukturları tərəfindən saxlanılaraq Azərbaycan Respublikasının dövlət sərhəd xidmətinə təhvil verilməsi səbəbindən, onun güclü təsirə malik dərman preparatını Azərbaycan Respublikasına gömrük sərhədindən, gömrük nəzarətindən kənar və ondan gizli olaraq keçirmək niyyətində olması, həmin predmetin üzərində olduğu halda ictimai təhlükəli nəticələrini qabaqcadan görməsi və bunları arzu etməsi, yəni onun əməlində Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsi ilə nəzərdə tutulan cinayətin tərkibinin olması barədə ibtidai istintaq tərəfindən irəli sürülmüş iddialar (onun adı çəkilən maddədə nəzərdə tutulmuş əməli törətməsinin israr edilməsi) subyektiv mülahizə və ehtimallara əsaslanmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ-ci bəndi ilə müəyyən edilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir; 39.1.2-ci maddəsinə əsasən əməldə cinayət tərkibi olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir); 39.3-cü maddəsinə əsasən bu Məcəllənin 39.1.1, 39.1.2 və 39.2-ci maddələrində nəzərdə tutulmuş hallarda cinayət təqibi bəraətverici əsaslarla xitam verilmiş hesab olunur. 42.1.2-ci maddəsinə əsasən əməldə cinayət tərkibi olmadıqda məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır; 42.2.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud olduqda bəraət hökmü çıxarılır; 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir; 146.1-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. 350.2-ci maddəsinə əsasən Bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsinin tərkibinin olması ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə məhkəmə istintaqı zamanı öz təsdiqini tapmadığından əməlində cinayət tərkibi olmadığı əsası ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə Təqsirləndirilən şəxs istinad edilən ittiham üzrə bəraət verilməlidir. Bununla yanaşı, məhkəmə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1-ci maddəsi ilə tam əhatə olunmaqla düzgün tövsif edilmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1-ci maddəsi üzrə verilmiş ittihamda qeyd olunan əməlin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi onun etirafedici ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə — min beş yüz manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Şərh olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1-ci maddəsinin tərkibinin olması ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə məhkəmə istintaqı zamanı bir daha öz təsdiqini tapmış və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1-ci maddəsi ilə təqsirli bilinməlidir. Təqsirləndirilən şəxsin törətdiyi Azərbaycan Respublikasının dövlət sərhədini pozmadan ibarət əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə bəraət verilməklə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1-ci maddəsi ilə təqsirli hesab edilməli və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.4-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən etməməklə yanaşı, sonuncunun himayəsində azyaşlı uşağının olmasını yüngülləşdirən hal hesab edir. Bununla yanaşı məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini, həm ibtidai istintaq, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna almasını (CM-nin 318.1-ci maddəsinə münasibətdə), təqsirləndirilən şəxsin şəxsiyyətini müsbət səciyyələndirən hal kimi qiymətləndirir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 318.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 318.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə əməlində cinayət tərkibi olmadığından bəraət verilməli, sonuncu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyətləri, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3 və 86.) nəzərə alınmaqla, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəza təyin edilərkən onun məhkəməyədək icraat zamanı faktiki tutulduğu 3 gün müddət təyin edilən azadlıqdan məhrum etmənin müddətinə 1 günə 1 gün hesabı ilə hesablanmaqla qəti cəza təyin edilməli (CM-69.3), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2.), barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübut kimi tanınan 01 ədəd tramadol hidroxloridi həbi məhv edilməli, (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.) Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs 25 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi İmişli rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 150 (bir yüz əlli) manat məbləğində pul Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirsiz hesab edilsin və əməlində həmin maddə ilə nəzərdə tutulmuş cinayət tərkibi olmadığına görə ona Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsi ilə bəraət verilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə saxlandığı 3 (üç) gün müddət təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 8 (səkkiz) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 06 sentyabr 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatına sərf edilmiş 114 (bir yüz on dörd) manat ekspertiza xərci tutulub dövlət nəfinə ödənilsin. Təqsirləndirilən şəxs 25 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi İmişli rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 150 (bir yüz əlli) manat məbləğində pul Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə verildiyi andan 20 gün müddətində İmişli Rayon Məhkəməsinin vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar