Məhkəmə qərarları › İş №1(036)-31/2024

İmişli Rayon Məhkəməsi Hökm — İş №1(036)-31/2024

06.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM İmişli rayonu İş № 1(036)-31/2024 06.08.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məkhəməsinin hakimi Quliyev Telman Osman oğlunun sədrliyi, Şiralıyeva Günel Mirzə qızının katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (Şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi İmişli rayon vəkil bürosunun vəkili X3 iştirakı ilə, xx.xx.1994-cü ildə İmişli şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, məhkumluğu olmayan, İmişli şəhəri, S.Ağamalıoğlu küçəsi ev 35 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə İmişli Rayon Məkhəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 əmlakını ələ keçirmək niyyəti ilə və vahid niyyətlə əhatə olunmuş qəsdlə sonuncunun qardaşının arvadı X2 “asma-bronxid” diaqnozu ilə bağlı əvvəllər təyin edilmiş, lakin hazırda dayandırılmış pensiyasının təzələnməsinə köməklik göstərəcəyi vədini verib aldadaraq, 3 dekabr 2022-ci il tarixdə saat 18 radələrində İmişli şəhəri X.Bəylərov küçəsi 92 ünvanında yerləşən İmişli Rayon Mərkəzi Xəstəxanasının qarşısında Zərərçəkmiş şəxs2 700 (yeddi yüz) manat, 10 dekabr 2022-ci il tarixdə saat 18 radələrində həmin ünvanda 300 (üç yüz) manat nağd pul almaqla zərərçəkmiş şəxs E.Quliyevə 1000 (bir min) manat məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, Zərərçəkmiş şəxs3 etibarından sui-istifadə edərək, aldatma yolu ilə sonuncuya “əyripəncəlik” diaqnozu ilə bağlı əvvəllər təyin edilmiş, lakin hazırda dayandırılmış pensiya ödənişinin təzələnməsinə köməklik göstərəcəyi vədini verib aldadaraq, 18 iyul 2023-cü il tarixdə saat 18 radələrində İmişli şəhəri H.Aslanov küçəsi 20 ünvanında yerləşən “Elçin” şadlıq sarayının qarşısında Zərərçəkmiş şəxs3 600 (altı yüz) manat nağd pul almaqla Zərərçəkmiş şəxs3 600 (altı yüz) manat məbləğdə maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa o, Zərərçəkmiş şəxs4 etibarından sui-istifadə edərək, aldatma yolu ilə sonuncunu İmişli Rayon Mərkəzi Xəstəxanasında xadimə qismində işə düzəlməsinə köməklik göstərəcəyi vədini verib aldadaraq, 21 iyul 2023-cü il tarixdə saat 19 radələrində İmişli şəhəri Xanhüseyin Bəylərov küçəsi 92 ünvanında yerləşən İmişli Rayon Mərkəzi Xəstəxanasının qarşısında Zərərçəkmiş şəxs4 bacısı Şahid3nın və onun əri Şahid2 yanında, sonuncuya məxsus “VAZ 2107 minik” markalı, **-HX-*** dövlət qeydiyyat nişanlı avtomobilin içərisində Zərərçəkmiş şəxs4 2500 (iki min beş yüz) manat nağd pul almaqla Zərərçəkmiş şəxs4 2500 (iki min beş yüz) manat məbləğdə maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa o, Zərərçəkmiş şəxs1 əmlakını ələ keçirmək niyyəti ilə və vahid niyyətlə əhatə olunmuş qəsdlə sonuncunun xx.xx.2017-ci il təvəllüdlü nəvəsi X6 “ürək çatışmazlığı” diaqnozu ilə bağlı əlillik təyin edilməsinə köməklik göstərəcəyi vədini verib aldadaraq, 2023-cü ilin avqust ayının sonlarında saat 18 radələrində İmişli şəhəri X.Bəylərov küçəsi 92 ünvanında yerləşən İmişli Rayon Mərkəzi Xəstəxanasının qarşısında Zərərçəkmiş şəxs1 1000 (bir min) manat, 2023-cü ilin sentyabr ayının sonlarında saat 18 radələrində həmin ünvanda 500 (beş yüz) manat nağd pul almaqla Zərərçəkmiş şəxs1 1500 (bir min beş yüz) manat məbləğdə maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, törətmiş olduğu cinayət əməllərini ittihamda göstərilən qaydada və şəraitdə baş verdiyini etiraf edib, hazırda peşmançılıq çəkdiyini göstərdi. Təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməli özünün etiraf ifadəsilə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, iş materialları və işin digər obyektiv halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadə verərək göstərdi ki, İmişli şəhər sakini Təqsirləndirilən şəxs tanışı Şahid5 vasitəsi ilə tanımışdır. Qardaşı Şahid1 həyat yoldaşı X2 əvvəllər dayandırılmış pensiyası olmuşdur. Söhbət zamanı Aftandil adlı şəxsin dayandırılmış pensiyanın bərpa etdirilməsinə köməklik göstərə biləcəyini öyrənmişdir. Amiddən bu iş üçün nə qədər pul lazım olacağını soruşduqda sonuncu 1000 manat pul lazım olduğunu demişdir. 03 dekabr 2022-ci il tarixdə saat 18 radələrində o, qardaşı Müşviq, Amid və Aftandil İmişli RMX-nın qarşısındakı çayxanada birlikdə əyləşmiş və orada o, 300 manat pulu Amidə vermiş, Amid isə həmin pulu Aftandilə vermişdir. Aftandil hazırda ilin sonu olduğunu və 2023-cü ilin yanvar ayının sonuna kimi sənədlərin hazır olacağını demişdir. Sonra durub getməzdən əvvəl birinci dəfə 300 manat, qalan 700 manatı da 2022-ci ilin dekabr ayının 10-da verəcəkləri ilə bağlı razılaşmışlar. 10 dekabr 2022-cin il tarixdə saat 18 radələrində o və qardaşı Müşviq birlikdə İmişli RMX-nın qarşısına getmiş və orada Amid ilə görüşərək 700 manat pulu ona vermişdir. X13 çağırmış və 700 manat pulu ona vermişdir. Bundan sonra qardaşı Müşviq mütəmadi olaraq Aftandil və Amid ilə əlaqə saxlasa da heç bir nəticə olmamışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs3 ifadə verərək göstərdi ki, 2003-cü ildən 2018-ci ilə qədər “əyripəncəlik” diaqnozu ilə əlaqadar olaraq ana öhdəliyində, əlillik dərəcəsi olmadan 74 manat pensiya almışdır. 18 yaşı tamam olandan sonra isə həmin pensiyası kəsilmişdir. İmişli şəhər sakini Təqsirləndirilən şəxs şəhər sakini kimi tanımış və tez-tez İmişli Rayon Mərkəzi Xəstəxanasının qarşısında görmüşdür. Söhbət əsnasında Aftandil pensiya işlərini həll etməkdən və ayrı-ayrı adamlara pensiya düzəltməyə köməklik etməsindən danışmışdır. Onun da pensiyası kəsildiyi üçün o, Aftandilə pensiyasını düzəldə bilməsini demiş, sonuncu da sənədlərini gətirməsini bildirmişdir. O, 2023-cü ilin iyul ayının əvvəllərində xəstəlik sənədlərini və şəxsiyyət vəsiqəsini gətirib İmişli şəhəri N.Nərimanov küçəsində Aftandilə vermiş, sonuncu sənədləri guya Bakıya göndərəcəyini və ona xəbər edəcəyini demişdir. Həmin vaxt Aftandil bu iş üçün min manatdan çox pul lazım olduğunu desə də, o bu qədər pulunun olmadığını demişdir. Aftandilə işini düzəltməsini, sonra isə həmin məbləği borc da olsa tapıb verəcəyini demiş, sonuncu da razılaşmışdır. 17 iyul 2023-cü il tarixdə saat 13 radələrində Aftandil ona zəng edib işin danışıldığını və bu iş üçün kiməsə pul vəd etdiyini, pul olmasa bu işin düzəlməyəcəyini bildirmişdir. Aftandil bu işin qiymətinin son olaraq 600 manat olacağını demişdir. O da çarəsiz qalıb borca 600 manat pul tapmış və 18 iyul 2023-cü il tarixdə saat 18 radələrində həmin pulu Aftandilə vermişdir. Pulu verdikdən təxmini bir ay ərzində o, Aftandil ilə mütəmadi olaraq əlaqə saxlamışdır. Lakin Aftandil mütəmadi olaraq ona müxtəlif bəhanələr gətirib guya kimdənsə cavab gözlədiyini demişdir. O, bir neçə ay gözləsə də Aftandil vəd etdiyi köməkliyi etməmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs4 ifadə verərək göstərdi ki, İmişli şəhər sakini Təqsirləndirilən şəxs bacısı Şahid3 vasitəsilə tanımışdır. X14 Rayon Mərkəzi Xəstəxanasında işləyir. O, 14 iyul 2023-cü il tarixdə İmişli Rayon Mərkəzi Xəstəxanasına qan analizi verməyə getmişdir. Orada olarkən bacısı onu çağırmış və iş barəsində söhbət edərək, tanışı Aftandilin onu xəstəxanaya işə düzəldə biləcəyini demişdir. Aftandil də orada olmuş və söhbət zamanı ona narahat olmamağı və onu xəsətəxanasında xadimə kimi işə düzəldəcəyini demişdir. O, iş axtardığı üçün razı olmuşdur. Bacısı Cəmilə 21 iyul 2023-cü il tarixdə telefonla ona zəng edib Afdantilin bu iş üçün 2500 manat pul lazım olduğunu demişdir. Həmin gün saat 19 radələrində o, bacısı Cəmilə və bacısının yoldaşı Şahid2 birlikdə sonuncunun idarə etdiyi “VAZ 2107” markalı maşınla İmişli Rayon Mərkəzi Xəstəxanasının qarşısına getmişlər. Həmin vaxt Aftandil maşına əyləşmiş və birlikdə maşınla gedən zaman o, Aftandilə 2500 manat nağd pulu vermişdir. Aftandil ona avqust ayının 10-da işə çıxacağını demişdir. O da bu vədə inanmışdır. Lakin Aftandil onun etibarından sui istifadə edərək aldatmışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadə verərək göstərdi ki, nəvəsi X10 anadan gəlmə ürək qüsurludur və ürək çatışmazlığı xəstəliyi vardır. Nəvəsi xx.xx.2019-cu il tarixdə Bakı şəhərində yerləşən Respublika Müalicəvi Diaqnostika Mərkəzi Bakı Ürək Mərkəzində açıq ürək əməliyyatı keçirmişdir. O, nəvəsinə əlilliyə görə pensiya düzəltdirmək istəmiş, buna görə də rəsmi olaraq X9 və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etmişdir. Lakin uşağın xəstəxanada stasionar qaydada müalicə alması şərtdir. Buna görə də nəvəsi bir neçə dəfə Mirqasımov adına Respublikas Klinik Xəstəxanasında stasionar müalicə almış, sonuncu dəfə də 08 may 2023-cü il tarixdən 13 may 2023-cü il tarixədək İmişli Rayon Mərkəzi Xəstəxanasında stasionar müailcə almışdır. Həmin ərəfədə tez-tez İmişli RMX-ya gedib gələrkən orada İmişli şəhər sakini Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Aftandil bütün günü xəstəxananın qarşısında, ya da orada olan çayxanada olurdu. Söhbət zamanı o, nəvəsinin ürək qüsurlu olmasını və əlillik dərəcəsi almaq üçün xəstəxanada stasionar qaydada yatmasının vacib olmasını və bundan sonra tibbi müayinədən keçə biləcəyini demişdir. Aftandil isə bu işi özü həll də biləcəyini və nəvəsini aparıb X5 keçirə biləcəyini, bununla da pensiya təyin etdirməyə köməklik göstərə biləcəyini demişdir. O da razı olmuşdur. 2023-cü ilin avqust ayının sonlarında Aftandil ilə İmişli RMX-nın qarşısında görüşmüşdür. Bu işlə bağlı bundan əvvəlki söhbətlərində Aftandil ondan 2000 mnat pul istəmişdir. Amma o, bu qədər pulunun olmadığını demiş və sonda əvvəl 1000 manat, sonra da 500 manat verməsi barədə razılaşmışlar. 2023-cü ilin avqust ayının sonlarında Aftandil ilə xəstəxananın qarşısında görüşmüş və orada ona tanışı Şahid4 yanında 1000 manat nağd pul vermişdir. Aftandil ona 1500 manat istədiyini, amma o isə gücü çatmadığını demişdir. Aftandil ona qalan pulu nə vaxt verəcəyini deyəndə o, bir aydan sonra pul qazanıb 500 manatı verəcəyini demişdir. 2023-cü ilin sentyabr ayının sonlarında Aftandil ona zəng edib qalan 500 manatı da verməsini demiş və xəstəxanaya gələn zaman nəvəsini də müayinədən keçirmək üçün gətirməyi demişdir. Xəstəxananın qarşısına çatanda Aftandil onunla görüşmüş və uşağı müayinə etdirəcəyini deyib, bunun üçün “Leyla” tibb mərkəzinə getməli olduğumuzu bildirmişdir. Aftandil özünün pulu olmadığını, bu müayinənin pulunu həmin 500 manatdan çıxmağı demişdir. Sonra oradan tanımadığı taksi ilə birlikdə xəstəxanadan bir qədər aralıda yerləşən “Leyla” tibb mərkəzinə getmişlər. Orada 30 manat ödəniş edib uşağın ürək müayinəsini etdirib, sonra birlikdə İmişli RMX-nın qarşısına gələrək orada 470 manat pulu Aftandilə vermişdir. Bundan sonra təxminən bir ay gözləmiş, lakin bir xəbər çıxmamışdır. Uşağın xəstəlik sənədlərinin surətini çıxarıb Aftandilə vermiş və bir həftə özündə saxladıqdan sonra ona geri qaytarmışdır. O, mütəmadi olaraq Aftandil ilə rayon ərazisində görüşmüş, lakin sonuncu hər dəfə bir bəhanə ilə onu aldatmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verərək Zərərçəkmiş şəxs2 ifadəsində göstərdiyi xüsusatları təsdiq etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadə verərək Zərərçəkmiş şəxs4 ifadəsində göstərdiyi xüsusatları təsdiq etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadə verərək göstərdi ki, 2023-cü ilin avqust ayının sonlarında Cavanşir ona nəvəsini müayinədən keçirilməsi və əlillik dərəcəsi alınmasına bir nəfər şəxsin köməklik edəcəyini demişdir. Həmin şəxslə 2023-cü ilin avqust ayının sonlarında saat 18 radələrində İmişli Rayon Mərkəzi Xəstəxanasının qarşısında görüşmüşlər və onun yanında Cavanşir min manat pulu çıxarıb həmin şəxsə vermişdir. Qalan pulu da istəyəndə Cavanşir bir qədər səbirli olmasını və ot biçini başlayanda verəcəyini demişdir. Sonradan Cavanşirin əlavə 500 manat pul verməsini də eşitmişdir. Bu məslədən təxmini iki ay keçəndən sonra Cavanşir ona demişdir ki, həmin şəxs nə söz verdiyi köməkliyi etmiş, nə də ki, aldığı pulu geri qaytarmamışdır. İş materiallarına əlavə edilmiş “Baxış keçirilməsi haqqında” 22 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs4 ifadəsi zamanı istintaqa təqdim etdiyi və Təqsirləndirilən şəxs onu işə düzəltməsi üçün verdiyi 2500 manat nağd pulun təqdim edilməsi zamanı özü tərəfindən aparılımış 2 dəqiqə 51 saniyə uzunluğunda videogörüntünün əks olunduğu CD disk ağ rənglidir. Həmin video Zərərçəkmiş şəxs4 məxsus “Samsung” markalı mobil telefonun arxa kamerası vasitəsilə videogörüntüyə alınmış kadrlardır. Baxış zamanı videogörüntü nümayiş etdirilmiş və zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs4 videogörüntüyə baxaraq içərisində olduğu “VAZ 2107” markalı minik avtomobilinin sükanı arxasında Şahid2, arxa sərnişin oturacağında, sürücünün arxasında özünün və arxada yanında bacısı Şahid3nın əyləşdiyini, Təqsirləndirilən şəxs isə maşına daxil olandan sonra salamlaşıb ön sərnişin oturacağına əyləşdiyini bildirmişdir. Avtomobilə əyləşən zaman Təqsirləndirilən şəxs hər üç şəxslə salamlaşdıqdan sonra arxaya çevrilib “bacı ağzın bütöv olsun, bircə onu deyəcəm” sözlərini demişdir. Bu zaman Şahid3 “sən arxayın ol, biz sən arxayınıq” sözlərini demişdir. Sonra Təqsirləndirilən şəxs 3 manat pulu maşının sürətlər qutusunun yanına qoyaraq “üç verdim ha” sözlərini, Şahid3 isə “yüngül gülüşlə nə üç, o boyda yolu beş manata gətirirlər” deyib zarafatlaşır. Sonra Şahid3 bacısı Şəlalə Mmmədovanın borca girdiyini və elə etsin ki, işin ayın biri tarixindən alınmasını istədiyini bildirmişdir. Təqsirləndirilən şəxs isə “özün bilirsən ki, mən necə adamam, ayın onu deyilib olub qurtardı getdi” sözlərini demişdir. Bununla vəd etdiyi işin ayın biri tarixinə deyil ancaq 10 tarixinə alınacağını bildirmişdir. Təqsirləndirilən şəxs “hələ bilirsən nə qədər yalvarır” sözlərini demişdir. Sonra Şahid3 “adamımız var, nə qədər istəsən gətirə bilərik” demişdir. Təqsirləndirilən şəxs isə etiraz edərək bunu, yəni Zərərçəkmiş şəxs4 işə düzəltməsini qalanın lazım olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs sonra Zərərçəkmiş şəxs4 tərəfindən ona uzadılan pulları geri çevrilib almş və həmin an şəxsiyyət vəsiqəsini səhər tezdən Cəmilə Uusbovaya verəcəyini, şəxsiyyət vəsiqəsinin mütləq vacib olduğunu bildirmişdir. Şahid3 həmin an Təqsirləndirilən şəxs “Topuş, say, pulları say” demişdir. Təqsirləndirilən şəxs isə pulları Şahid2 verərək onun saymasını bildirmişdir. Sonuncu pulları sayıb 2500 manat olduğunu demiş və yenidən pulları Təqsirləndirilən şəxs vermişdir. Sonuncu isə pulları sayaraq “yeddi yüz, doqquz yüz, min yüz, min üç yüz, min beş yüz, min altı yüz, min yeddi yüz, min səkkiz yüz, min doqquz yüz, iki min, iki min yüz, iki min iki yüz, iki min üç yüz, iki min dörd yüz, iki min beş yüz” sayıb “Allah xeyir versin” demiş və pulu qəbul emişdir, sonra isə iş üçün əhəmiyyət kəsb etməyən mövzuda söhbət getmişdir. Baxış keçirilən zaman Zərərçəkmiş şəxs4 videogörüntüdə olan şəxsləri tanıyaraq onların Şahid2, Şahid3, Təqsirləndirilən şəxs və özü olduğunu bildirmişdir. “Baxış keçirilməsi haqqında” 02 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, zərərçəkmiş şəxs F.Dünyamlıyevin təqdim etdiyi və özünə məxsus olan “Redmi” markalı mobil telefonun “Vatsap” ani mesajlaşma şəbəkəsində Təqsirləndirilən şəxs məxsus ***- ***-**-** saylı nömrə ilə aralarında mesajlaşma olmuş, Zərərçəkmiş şəxs3 nömrəsindən 18 iyul 2023-cü il tarixdə, saat 00:06-da 1 dəqqiə 26 saniyə ölçüdə səs ismarıcı göndərilmişdir. Həmin səs ismarıcında sonuncu Təqsirləndirilən şəxs --“qardaş axşamın xeyir, mən o pulu düzəldə bilmirəm, evdə pensiya alana təkcə valideynimdir, mən sənə etibar edib sənədlərimi vermişəm, həmin sənədlərin özü də bir puldur, buna görə də mənim sənə olan etibarım sonsuzdur, sən mənə çox köməklik etmisən, başqalarının mənə etmədiyini sən etdin, pensiyam düzəlsə kartımı götürüb özündə saxlaya bilərsən, amma o pulu düzəldə bilmirəm” məzmununda fikir bildirmişdir. Həmin gün saat 00:26-da Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs “qaqa əgər sabah sələm götürüb versəm alınmamaq ehtimalı olacaq?, çünki mənim işimə dəfələrlə imtina gəlib ilk imtina deyil” məzmununda sms göndərilmiş, Təqsirləndirilən şəxs isə cavab olaraq “qaqa inşallah düzələcək 5 il alasan 100 faiznarahat olma, amma o qiymətə demə kim soruşsa denən 3000 verdim düzəldi, Allahki sənin xətrin əzizdi yəni 3000 minə başa gəlib yaxşı qaqam kim desə” məzmununda sms mətni göndərilmiş, saat 00:36-da Zərərçəkmiş şəxs3 “yaxşı, Allah köməyin olsun” cavab sms göndərilmişdir. 18 iyul 2023-cü il tarixdə saat 14:52-də Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs “ qaqa pulu atmağım bir az vaxt çəkir özümdə deyil çünki hardasa 5.6 kimi çəkər özü gələ bilmirsənsə öz şəxsi kartını at mənə” məzmununda sms göndərilmişdir. 27 iyul 2023-cü il tarixdə, saat 08:21-də Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs “salam qaqa necəsən, ondan nəsə bir xəbər yoxdu” məzmununda sms göndərilmiş, sonuncu isə həmin gün saat 12:49-da 03 saniyə ölçüdə səs formada ismarıc göndərmişdir. Səs ismarıcında “qaqa inşallah iki gün səbirli ol nəticə deyiləcək” bildirilmişdir. 7 avqust 2023-cü il tarixdə saat 13:31-də Zərərçəkmiş şəxs3 09 saniyə ölçüdə səs ismarıcı göndərmiş, ismarıcda “salam qaqa nətərsən, nə var nə yox, qaqa mənim işimdən bir xəbər çıxmadı, nə yerdədir, nə vəziyyətdədir” bildirilir. Təqsirləndirilən şəxs isə həmin gün saat 13:32-də 15 saniyə uzunuluqda səs ismarıcı göndərmiş, ismarıcda “salam qaqa nətərsən nə var nə yox, qaqa gözdüyürəm mən də, onlardan ələ bir xəbər yoxdur, iki gün demişdilər amma hələ bir xəbər yoxdur, özüm də Bakıya gedəcəm, sonra sənə deyəcəm ki, hara gedəcəksən ya getməyəcəksən nəticəni sənə deyəcəm” bildirilmişdir. 17 avqust 2023-cü il tarixdə saat 08:59-da Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs 22 saniyə uzunluqda səs ismarıcı göndərmiş, səs ismarıcında “qaqa onlardan bir xəbər çıxmadı, bir ay oldu axı, pulun da vaxtıdır, qaytarmalıyam hökmən, düzəlməyəcəksə bəri başdan işimi bilim”, həmin gün saat 09:00-da isə göndərilən 16 saniyə ölçüdə səs ismarıcında “uzandıqca mənə zərər olur, mən onu verib bağlamalıyam ki, rahat olum” bildirilir. Zərərçəkmiş şəxs3 18 avqust 2023-cü il tarixdə saat 21:33-də “. “ formasında, 19 avqust 2023-cü il tarixdə saat 09:08-də isə “Salam” məzmununda ismarıclar göndərmişdir, lakin Təqsirləndirilən şəxs cavab verməmişdir. F.Dünyamlıyevin istifadəsində olan ***-***-**-** saylı mobil nömrədə Təqsirləndirilən şəxs istifadəsində olan digər ikinci ***-***-**-** saylı nömrə “DAYİ” adı ilə qeydə alınmışdır. Təqsirləndirilən şəxs 30 oktyabr 2023-cü il tarixdə saat 23:12-də F.Dünyamlıyevə 04 saniyə ölçüdə səs ismarıcı göndərmiş, ismarıcda “axşamın xeyir qaqa canın başın nətərdi” bildirilir, həmin gün saat 23:13-də göndərilmiş 28 saniyə ölçüdə səs ismarıcında “inşallah noyabırın 10-da tay bu ay oktyabr qurtardı, noyabrın 10-da 15-nə kimi pulunu götürəcəksən, bu nömrənin vatsapı işləyir, məhkəmədə də izahatımda artıqlamsı ilə demişəm, qabaqcadan dedim ki, xəbərin olsun, noyabrın 20-si, 25-i nə bilim gələn ayın içərisində pulun veriləcək inşallah” bildirilmişdir. 31 oktyabr 2023-cü il tarixdə saat 13:04-də Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs göndərdiyi 20 saniyə ölçüdə səs ismarıcında “salam qaqa çox sağol sən yaxşı olasan, qaqa vallah mən pis vəziyyətdəyəm, mən başa düşə bilmirəm mən kimdən nə alacağam, kim mənə nə verəcək” bildirilir. Həmin gün saat 13:31-də Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 göndərilən 27 saniyə ölçüdə səs ismarıcında “mən özüm verəcəm qaqa, kimdən götürəcəksən məndən götürəcəksən mənə vermisən, işlərim qaydasına düşür inşallah, bu ay sona yetir, gələn ayın içində mən səninlə özüm görüşüb verəcəyəm” bildirilmişdir. 10 noyabr 2023-cü il tarixdə saat 10:01-də Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs “Salam qaqa nətərsən bir xəbər yoxdu hələ?” məzmununda sms göndərilmiş, həmin gün saat 10:31-də Təqsirləndirilən şəxs isə göndərilən 14 saniyə ölçüdə səs ismarıcında “salam qaqa sabahın xeyir, demişəm də bu ayın içində pulunu götürəcəksən inşallah, Allahın böyüklüyü ilə, bu nömrədə işləyir, vatsapı da işləyir” bildirilmişdir. 14 noyabr 2023-cü il tarixdə saat 21:08-də Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs göndərilən 1 dəqiqə 7 saniyə ölçüdə səs ismarıcında “qaqa axşamın xeyir, bu pulu verəcəksənsə birdəfəlik ver, verməyəcəksənsə məni boş-boşuna gözlətmə, məni oturduğum yerdə bəlaya salmısan, qurana and olsun mənə lazım deyildi belə şeylər, and olsun Allaha lazım deyildi, mən neçə aydır ki, özümə heç nə edə bilmirəm, bilmirəm bunu fikirləşim, bilmirəm borcumu fikirləşim, mənim müalicəm qalıb orda mən müalicəmi elətdirə bilmədim, əynimə düz əməlli paltar ala bilmirəm, verəcəksənsə kimdənsə tap ver, heç olmasa dörd yüz ver, beş yüz ver, gedib üstünü düzəldim aparıb verim” bildirilir. Həmin gün saat 22:58-də Təqsirləndirilən şəxs göndərilən 28 saniyə ölçüdə cavab səs ismarıcında “axşamın xeyir qaqa, gör nə deyirəm, sən elə danışırsan ki, guya mən deyirəm ki,vermirəm, yoxdu, mən deyirəm ki, verəcəm, mənə də gözləməyi deyiblər səbr edib gözləyirəm, allaha and olsun bir dünya pul vermişəm, səbirli ol kiminsə pulunu verməsəm də sənin pulunu alıb verəcəm” bildirilmişdir. 15 noyabr 2023-cü il tarixdə saat 08:54-də Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs göndərilmiş17 saniyə uzunluqda səs ismarıcında “qaqa sabahın xeyir, bildim amma gözləyə bilmirəm, alınmır”, həmin gün saat 13:58-də göndərilən 30 saniyə ölçüdə səs ismarıcında isə “qaqa bunu and olsun Allaha gözləmək olmur, mən bir ay, bir aydan az müddətə bilirdim, bilsəydim ki, neçə ay gözləyəcəyəm heç bu işə girməzdim” bildirilir. Həmin gün saat 14:16-da Təqsirləndirilən şəxs gələn 55 saniyə ölçüdə səs ismarıcında “bilirəm qardaşım sini başa düşürəm, alınan şey qaytarılmalıdır, nə olsa da qaytarılmalıdır, allah sənin köməyin olsun neçə aydır gözləyirsən, bilirəm, beş min on min verənlər sənin kimi etmir, Allah onların balasını saxlasın, ölüsünə rəhmət etsin, səninkilərlə birgə, başa düşürəm kasıb oğlansan, mən özüm də yetim uşağam, uzağı on beş günə nə ola verəcəyəm, oğurluq etsəm də, adam döymək lazım olsa da, nəyimisə sə satsam da sənə çatdıracağam” bildirilmişdir. 22 noyabr 2023-cü il tarixdə saat 08:41-də Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs göndərilən 24 saniyə ölçüdə səs ismarıcında “salam qaqa bu gün ayın 22-dir, demək olar ki, ayın sonudur,sən ayın sonuna söz vermişdin, mən pul verməliyəm axı, mən nə edim” bildirilmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 yönləndirilmiş 20 saniyə səs ismarıcında “salam qaqa salam nətərsən üzürlü hesab elə bu günlərdə başım qarşıqdı heç nə nəyə baxa bilmirəm, o müstəntiqin adını mənə atarsan bu gün yox sabah danışacam onunla,bu gün başım qarşıqdı” bildirilir, daha sonra göndərilən səs ismarıcında “salam qaqa salam nətərsən, işim alınmır, adam var işimi ona vermişəm, pul verən konkret fırladırdı,müstəntiqin nömrəsin adam var nazirlikdə qohumdur ona vermişəm, həmin adamın səsin atıram sənə,sənə onun səsini atdım ki, baxasan, oğlan var ki, on min verib gözləyir, 600 manat puldu ən birinci sənin pulunu verəcəm qaqa, demişəm ki, kasıb uşaqdır, xəstə uşaqdır, yəni onları deməyə ehtiyac yoxdur mən hamısın bilirəm, mən də işi böyütmüşəm, söhbəti böyütmüşəm nazirliyə kimi, demişəm ki, bu qədər pul vermişəm, gözləyirəm, səbrimi basmışam, nə olsa da sənin pulunu verəcəm, ya dörd yüz ya beş yüz nə olsa, ya xəstəxananın qarşısına çağıracam, ya “Elçinin” altına gələcəm çağırıb verəcəm” bildirilmişdir. 27 noyabr 2023-cü il tarixdə saat 08:48-də Zərərçəkmiş şəxs3 tərəfindən Təqsirləndirilən şəxs göndərilmiş 47 saniyə ölçüdə səs ismarıcında ”qaqa salam sabahın xeyir, bu gün ayın 27-dir, ayın axrıdır, mən bu pulu qaytarmalıyam, böyük puldur kredit götürə, borc alıb qaytara bilmirəm, mən neyniyim?” bildirilir. Həmin gün saat 21:45-də isə “ səsə niyə qulaq asmadın” məzmununda sms göndərilmişdir. 28 noyabr 2023-cü il tarixdə saat 08:41-də Zərərçəkmiş şəxs3 tərəfindən göndərilən 14 saniyə ölçüdəki səs ismarıcında “mən dünəndən sənə nə qədər səs atdım sən cavab vermədin, ayın sonu dedin, ayın sonudur, mən nə qədər gözləməliyəm” bildirilir. Həmin gün saat 21:08-də “mən bu qədər səs atıram zəng edirəm sən bir kəlmə cavab vermirsən mənə” sms mətni, 29 noyabr 2023-cü il tarixdə saat 00:08-də “adam adamı bu qədər fırlatmaz”, saat 00:09-da isə “gözlədim bu qədər bəsdir” sms mətni yazılmışdır. Həmin gün saat 00:12-də Təqsirləndirilən şəxs “Azərbaycanda deyiləm, mən almamışam, alan kimi deyəcəyəm”, saat 00:13-də Zərərçəkmiş şəxs3 “lazım deyil”, saat 00:13-də Təqsirləndirilən şəxs “sağol” sms mətnləri göndərilmişdir. Həmin gün saat 00:13-də Zərərçəkmiş şəxs3 “sabah verəcəm polisə”, saat 00:13-d isə Təqsirləndirilən şəxs “hə ver polisə, sən öl, əla”, saat 00:14-də Zərərçəkmiş şəxs3 “oldu, o qədər adam onu düzəltmək istəyirdi, heç kimə inanıb üstünə düşmürdüm, səhvim o oldu ki, tanımadan sənə inanıb verdim allah görür narahat olma” məzmununda sms göndərilmişdir. “Baxış keçirilməsi haqqında” 30 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, baxış keçirilən CD disk ağ rənglidir, üzərində 438 rəqəmi yazılmışdır. CD disk bir ədəd ağ rəngli zərfə qoyulmuşdur. Zərərçəkmiş şəxs4 adına qeydiyyata alınmış 051—568-55-81, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-** və ***-***-**-** saylı nömrələr, Şahid3nın adına qeydiyyata alınmış ***-***-**-**, ***-***-**-** saylı nömrələrin, Şahid2 adına qeydiyyata alınmış ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-** saylı nömrələrin, Təqsirləndirilən şəxs adına qeydiyyata alınmış ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***- **-** saylı nömrələrin olması müəyyən edilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs adına qeydiyyata alınmış ***-***-**-** saylı nömrəyə 16 sentyabr 2023-cü il tarixdə saat 08:24:14-də iş üzrə Zərərçəkmiş şəxs3 istifadəsində olan ***-***-**-** saylı nömrədən “Salam qaqa necesen bele olmur axi qaqa sen meni o qədər borcun icinde pis veziyete qoymusan isdemirem e vallah pulumi ver özüme aparm selimimi verm biz 1 aylq danışdq bele olacağını bilsem neynirdm tay” məzmununda mesaj mətni, 01 oktyabr 2023-cü il tarixdə saat 08:10:46-da isə “Salam qaqa heç olmazsa mesaj yaz is ne yerdədi men pul verməliyəm axi” məzmununda mesaj mətni, 09 oktyabr 2023-cü il tarixdə, saat 14:01:08-də “Vermek fikrin yoxdu deyesen sen men isim qalb o terefde allaha and olsun esir etmisen məni belə şey olar” məzmununda mesaj mətni göndərilmişdir. Bundan başqa, 31 avqust 2023-cü il tarixdə saat 10:55:08-də Şahid2 adına qeydiyyata alınmış ***-***-**-** saylı nömrədən Təqsirləndirilən şəxs adına qeydiyyata alınmış ***-***-**-** saylı nömrəyə “Açma günü görersən” məzmununda mesaj mətni göndərilmişdir. Bundan başqa, iş üzrə Şahid1 adına qeydiyyata alınmış ***-***-**-** saylı nömrə ilə Təqsirləndirilən şəxs adına qeydiyyata alınmış ***-***-**-** saylı nömrə arasında 2023-cü ilin müxtəlif aylarında İmişli şəhəri ərazisində mütəmadi zəng əlaqələri olmuşdur. Bundan başqa, baxış zamanı müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs4, iş üzrə şahidlər Şahid2 və Şahid3 ifadələrinə uyğun olaraq 2023-cü ilin 21 iyul tarixində saat 18 radələrində Zərərçəkmiş şəxs4 məxsus ***-***-**-** saylı nömrə, Şahid2 məxsus ***-***-**- ** saylı nömrə, Şahid3 məxsus ***-***-**-** saylı nömrə, Təqsirləndirilən şəxs məxsus ***- ***-**-** saylı nömrə arasında mütəmadi olaraq İmişli şəhəri ərazisində zəng əlaqələri olmuşdur. Bundan başqa, Zərərçəkmiş şəxs3 ifadəsinə uyğun olaraq sonuncunun istifadəsində olan ***-***-**-** saylı nömrə ilə Təqsirləndirilən şəxs istifadəsində olan ***- ***-**-** saylı nömrə arasında pulun verildiyi 2023-cü ilin 18 iyul tarixi, saat 18 radələrində və ondan sonrakı tarixlərdə də mütəmadi olaraq İmişli şəhəri ərazisindən zəng əlaqələri olmuşdur. Bundan başqa, iş üzrə Zərərçəkmiş şəxs1 məxsus ***-***-**-** saylı nömrə ilə Təqsirləndirilən şəxs məxsus ***-***-**-** və ***-***-**-** saylı nömrələr arasında 2023-cü ilin iyul və noyabr aylarında mütəmadi olaraq İmişli rayonu Hacalmuradlı kəndi ərazisində zəng əlaqələri olmuşdur. Azərbaycan Respublikası DİN BƏSİİ-nin xx.xx.2023-cü il tarixli tələbnaməsi ilə müəyyən olur ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İmişli RİH başçısının İmişli şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli xasiyyətnamə ilə Təqsirləndirilən şəxs müsbət xarakteriza olunur. 25 yanvar 2024-cü il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs1 ərizə verərək göstərmişlər ki, Təqsirləndirilən şəxs tərəfindən onlara dəymiş maddi ziyan tam şəkildə ödənilmiş və hazırda təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbləri yoxdur. Beləliklə, məhkəmə işdəki sübutları müqayisəli şəkildə qiymətləndirərək hesab edir ki, hadisə ittihamda göstərilən qaydada və şəraitdə baş vermişdir. Məhkəmə iclasında bilavasitə araşdırılmış sübutlarla Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini törətməsi tam təsdiq edilir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-nin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsi Maddə 2.1. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Maddə 8.1. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Maddə 41.1. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Maddə 41.2. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Maddə 58.1. Cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Maddə 58.3. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin göstərilən normalarının müəyyən etdiyi ədalət prinsipi və cəzanın təyin edilməsinin ümumi əsasları cəza təyin edilərkən törədilmiş cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin nəzərə alınmasını nəzərdə tutmuşdur. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CM-nin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə cinayət qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, əməlini etiraf edib səmimi peşmançılıq çəkməsini, təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxslərə dəymiş maddi ziyanın məhkəmə iclasında tam şəkildə ödənilməsini və zərərçəkmiş şəxslərin hazırda ondan heç bir şikayət və tələblərinin olmamasını cəzanı yüngülləşdirən hallar olaraq qiymətləndirir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, cinayət cəzası dövlətin cinayət törədən şəxsə qarşı reaksiyası olmaqla, şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinin əsas hüquqi nəticəsidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini və cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Cinayət cəzası dövlətin cinayət törədən şəxsə qarşı reaksiyası olmaqla, şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinin əsas hüquqi nəticəsidir. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs törətdiyi cinayətin ictimaitəhlükəlilik dərəcəsini və xarakterini, cəzasını ağırlaşdıran halların olmamasını, ailəsinin mövcud maddi və sosial vəziyyətini nəzərə alır və onun təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsini qanuni olmaqla əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1 və 69.3-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs 23 yanvar 2024-cü il tarixdən 25 yanvar 2024-cü il tarixədək şübhəli şəxs qismində tutularaq həbsdə saxlanıldığı 2 (iki) gün müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın bir gününə iki gün hesablanıb çıxılmaqla üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə hər gün müəyyən vaxtlarda yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, İmişli rayonu inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzasının icrasına nəzarət edən orqanı yaşayış və ya iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanı yaşadığı yer üzrə İmişli rayonu ərazisində çəkməli, hökmün icrası İmişli rayon icra və probasiya şöbəsinə həvalə edilməli, cəza çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzasını icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilməli və vəkil X7 tərəfindən göstərilmiş hüquqi yardıma görə 90 (doxsan) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına İmişli rayon vəkil bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1 və 69.3-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs 23 yanvar 2024-cü il tarixdən 25 yanvar 2024-cü il tarixədək şübhəli şəxs qismində tutularaq həbsdə saxlanıldığı 2 (iki) gün müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın bir gününə iki gün hesablanıb çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il, 11 (on bir) ay, 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, İmişli rayonu inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzasının icrasına nəzarət edən orqanı yaşayış və ya iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanı yaşadığı yer üzrə İmişli rayonu ərazisində çəksin. Hökmün icrası İmişli rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Cəza çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzasını icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin. Vəkil X7 tərəfindən göstərilmiş hüquqi yardıma görə 90 (doxsan) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına İmişli rayon vəkil bürosunun hesabına köçürülsün. Hökmdən 20 gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu andan 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar