Məhkəmə qərarları › İş №1(036)-34/2024

İmişli Rayon Məhkəməsi Hökm — İş №1(036)-34/2024

03.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM İmişli rayonu İş № 1(036)-34/2024 03.05.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Quliyev Telman Osman oğlunun sədrliyi, Şiralıyeva Günel Mirzə qızının katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (Şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi İmişli rayon vəkil bürosunun vəkili X2 iştirakı ilə, xx.xx.1987-ci ildə İmişli şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, evli, İmişli Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 2 il 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, İmişli şəhəri, T.İsmayılov küçəsi ev 45 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə İmişli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını talama məqsədi ilə 05 noyabr 2023-cü il tarixdə saat 20 radələrində İmişli şəhəri R.Bağırov küçəsi ev 15 ünvanında yerləşən Zərərçəkmiş şəxs məxsus iki mərtəbəli fərdi yaşayış evinin birinci mərtəbəsinə pəncərədən qanunsuz daxil olaraq, evin yataq otağında olan əşya şkafındakı bir ədəd “KENWOOD” markalı, dəyəri 120 (bir yüz iyirmi) manat olan tozsovuranı, bir ədəd “GEPPAS” markalı, dəyəri 140 (bir yüz qırx) manat olan ətçəkən maşını, bir ədəd Rusiya istehsalı, köhnə modelli, mis materialı, dəyəri 50 (əlli) manat olan samovarı, daha sonra isə evin ikinci mərtəbəsinə pəncərədən qanunsuz daxil olaraq qonaq otağında olan əşya şkafındakı iki ədəd 1985-ci il istehsalı olan, 0.7 ml ölçüdə, hər birinin dəyəri 20 (iyirmi) manat olan viski içkisini, iki ədəd 1985-ci il istehsalı olan, 0.7 ml ölçüdə, hər birinin dəyəri 30 (otuz) manat olan konyak içkisini, həmin əşya şkafının qarşısında olan hər biri 100 ml/qram ölçüdə, “Fasihion” markalı və hər birinin dəyəri 50 (əlli) manat olan ətiri, həmin otaqdakı digər əşya şkafında olan üç ədəd “Polo” markalı, hər birinin dəyəri 30 (otuz) manat olan üç ədəd kişi kostyum köynəyini, altı ədəd, hər birinin dəyəri 20 (iyirmi) manat olan yataq dəstlərini, evin həyətində olan bir ədəd elektriklə işləyən, “SHİMGE” markalı, D100-k ölçülü, dəyəri 100 (bir yüz) manat olan su motorunu gizli yolla talamaqla, zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 820 (səkkiz yüz iyirmi) manat dəyərində maddi ziyan vurub oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, 05 noyabr 2023-cü il tarixdə özü təkbaşına mağazadan aldığı üç ədəd “Baltika 9” markalı pivə içmiş və həmin gün saat 20 radələrində İmişli şəhəri R.Bağırov küçəsi ev 15 ünvanında yerləşən evin qarşısından piyada hərəkət etdiyi zaman, evin həyət qapısının açıq olduğunu görmüşdür. Həmin vaxt içkili olduğu üçün həyətə daxil olmuş və yaşayış evinin içərisinə girib, oradan qızıl, pul və ya qiymətli əşyalardan nəsə götürmək istəmişdir. Bu niyyətlə evin arxa tərəfinə keçmiş və iki mərtəbəli fərdi yaşayış evinin birinci mərtəbəsinə pəncərədən qanunsuz daxil olaraq, evin yataq otağında olan əşya şkafındakı bir ədəd tozsovuranı, bir ədəd ətçəkən maşını, bir ədəd samovarı, daha sonra isə evin ikinci mərtəbəsinə pəncərədən qanunsuz daxil olaraq qonaq otağında olan əşya şkafındakı iki ədəd 0.7 ml ölçüdə viski içkisini, iki ədəd, 0.7 ml ölçüdə konyak içkisini, həmin əşya şkafının qarşısında olan ətirləri, həmin otaqdakı digər əşya şkafında olan üç ədəd kişi kostyum köynəyini, altı ədəd yataq dəstlərini, evin həyətində olan bir ədəd elektriklə işləyən su motorunu gizli yolla oğurlamışdır. Hazırda zərərçəkmiş Zərərçəkmiş şəxs vurduğu 820 manat dəyərində maddi ziyan tam ödəmiş və etmiş olduğu cinayət əməlindən səmimi peşman olmuşdur. Təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməli özünün etirafedici ifadəsilə yanaşı, iş üzrə zərərçəkmiş şəxs və şahidlərin ifadələri, iş materialları və işin digər obyektiv halları ilə tam sübuta yetirilmişdir. Belə ki, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadə verərək göstərmişdir ki, İmişli şəhəri R.Bağırov küçəsi ev 15 ünvanında yerləşən iki mərtəbəli fərdi yaşayış evi ona məxsusdur. İki il müddətdir ki, Bakı şəhərində yaşayır, özü və həyat yoldaşı X7 xəstədir. Evə baxmağı bacısı oğlu Şahid1 və qonşuluqda yaşayan Şahid2 Müşviq oğluna həvalə etmişdir. 06 noyabr 2023-cü il tarixdə saat 18 radərində Həsrət ona zəng edib evdən oğurluq edilməsini bildirmişdir. O, həmin vaxt bacısı oğlu Ramizə zəng edib evə baxmasını demiş, Ramiz isə evə getdikdən sonra ona zəng edib həqiqətən də oğurluq edilməsi barədə məlumatın düzgün olduğunu və evə pəncərədən daxil olunduğunu bildirmişdir. Sonra hadisə barəsində polisə məlumat verilmiş və polis işçiləri gələndən sonra Ramiz onunla əlaqə saxlamışdır. O, özü Bakı şəhərində yaşadığı üçün hadisə yerinə gələ bilməmiş və telefonla Ramizə evə baxmasını, harada hansı əşyaları olduğunu deyəcəyini bildirmişdir. Onun göstərişinə uyğun Ramiz evə polis işçiləri ilə daxil olduqdan sonra o, birinci mərtəbədki şkafa baxmasını demiş, orada tozsovuran, samovar, ətçəkən maşın olmuşdur. Ramiz həmin əşyaların oğurlanmasını bildirmişdir. Sonra evin ikinci mərtəbəsinə çıxılmış, qapının açarı özündə olmuşdur. O, polis əməkdaşlarının pəncərədən daxil olub qapını içəridən açmasına icazə verdiyini demiş, polis əməkdaşları da evə bu cür daxil olmuşdur. O, gedib qonaq otağındakı şkafa baxılmasını demiş, çünki orada 1985-ci ildən qalma viski və konyaklar olmuşdur. Hərəsi iki ədəd olmuş, yerində olmamışdır. Şkafın qarşısında isə iki ədəd qadın ətri olmuş, amma yerində aşkar edilməmişdir. Sonra həmin otaqda olan digər şkafda olan üç ədəd kişi köynəyi və 6 ədəd yataq dəstlərini yoxlamasını demiş, lakin oğurlanmışdır. Qalan əşyaların yerini desə də hamısı yerində olmuşdur. Sonra Ramizə həyətdə su motorunun olmasını da demiş, baxdıqda isə su motoru da yerində olmamışdır. Evin birinci mərtəbəsindən bir ədəd, qiyməti 120 manat olan “KENWOOD” markalı tozsovuran, dəyəri 140 manat olan “GEPPAS” markalı ətçəkən maşın, bir ədəd dəyəri 50 manat olan, Rusiya istehsalı, köhnə modelli, mis materialı samovar oğurlanmışdır. Evin ikinci mərtəbəsindən isə oğurlanan 0.7 ml ölçüdə iki ədəd viski və 0.7 ml ölçüdə iki ədəd konyak içkilərinin markasını bilməsə də 1985-ci il, Rusiya istehaslı olmuş, hər iki viskinin təxmini qiyməti 20 manat olmaqla, ümumi 40 manat, hər iki konyakın təxmini qiyməti 30 manat olmaqla, ümumi qiyməti 60 manat təşkil etmişdir. “Polo markalı üç ədəd kişi kostyum köynəyinin hər birinin qiyməti 30 manat olmaqla 90 manatdır. Ətirlər isə hər biri 100 m/qram ölçüdə olmaqla, adları “Fasihion” olmuş və hər birinin qiyməti 50 manat olmaqla 100 manatdır. Yataq dəstlərinin markasını bilməsə də hər biri 20 manat olmaqla 120 manat təşkil etmişdir. Həyətdən oğurlanan su motoru isə elektriklə işləyən, “SHİMGE” markalı, D100-k su matorunun qiyməti isə 100 manat təşkil etmişdir. Bununla da onun evindən oğurlanan əşyaların ümumi dəyəri 820 manat təşkil etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verərək göstərdi ki, İmişli şəhəri R.Bağırov küçəsi ev 15 ünvanında yerləşən iki mərtəbəli fərdi yaşayış evi xalası Zərərçəkmiş şəxs məxsusdur. Xalası Maniyə uzun müddətdir ki, həyat yoldaşı X7 ilə birlikdə Bakı şəhərində yaşayır. Hər ikisi xəstədir və yataqda müalicə alır. İmişli şəhəri R.Bağırov küçəsində yerləşən evdə iki ildir ki, yaşayış yoxdur. Evə isə qonşuluqda yaşayan Şahid2 Müşviq oğlu nəzarət edir. 06 noyabr 2023-cü il tarixdə saat 18 radələrində xalası Maniyə ona zəng edib İmişli şəhərində yerləşən evindən oğurluq edilməsini demişdir. O, dərhal həmin evə getmiş və evin birinci mərtəbəsinin pəncərəsinin qırılmasını, şüşələrin yerə töküldüyünü gormuşdür. O, dərhal polisə bu barədə məlumat vermişdir. Birinci mərtəbəsinin girişi evin arxa tərəfindəndir. Evin arxa tərəfindən daxil olan naməlum şəxs pəncərənin şüşəsini yerindən çıxarmış və evə daxil olmuşdur. Polis əməkdaşları hadisə yerinə gələrkən Şahid2 Müşviq oğlu da orada olmuş və birlikdə evin qapısını açaraq birinci mərtəbəyə daxil olmuşlar. O, istifadəsində olan telefon nömrəsi ilə ev sahibi ilə əlaqə saxlamış və sonuncu ona istiqamət vermişdir. Evin birinci mərtəbəsində olan yataq otağındakı, giriş qapısından sağda yerləşən əşya şkafında olan tozsoran, ət maşını, samovarın oğurlanması aşkar edilmişdir. Bundan sonra evin ikinci mərtəbəsinə qalxdıqlarını və qapının bağlı olduğunu görmüşdür. Pəncərədən daxil olmaqla qapını açıb, polis əməkdaşları ilə birlikdə evin ikinci mərtəbəsinə daxil olmuşlar. Orada zaldan solda yerləşən ümumi otaqda olan bir ədəd əşya şkafında olan iki ədəd 0.7 ml ölçüdə konyak və 0.7 ölçüdə viski içkilərinin də yerində olmadığı müəyyən edilmişdir. Həmin şkafın qarşısında olan iki ədəd 100 ml\q ölçüdə ətirlər də yerinə olmamışdır. Bundan sonra həmin otaqda olan digər əşya şkafının içərisində olan 3 ədəd kişi kostyum köynəyi və 6 ədəd yataq dəsti yerində şkar edilməmişdir. İkinci mərtəbədə olan digər otağa baxış keçirilmiş və oradan heç bir əşya oğurlanmadığı müəyyən edilmişdir. Evin həyətində olan bir ədəd su motoru da yerində olmamışdır. O, bütün oğurlanmış əşyalar barədə ev sahibinə məlumat vermiş və ev sahibinin deməsi ilə evin bütün otaqlarını gəzmişdir. Qalan əşyalar yerində olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Müşviq oğlu Şahid1 ilə eyni məzmunlu ifadə verərək, onun göstərmiş olduğu xüsusatları təsdiq etmişdir. İş materiallarında olan “Baxış keçirilməsi haqqında” 06 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, baxış keçirilmiş ev İmişli şəhəri R.Bağırov küçəsində yerləşən, iki mərtəbəli fərdi yaşayış evidir. Evdə heç kim yaşamır. Şahid1 evin xalası X5 məxsus olduğunu, lakin özünün nəzarət etdiyini bildirmişdir. Evin birinci mərtəbəsinə giriş arxa tərəfdəndir. Evin birinci mərtəbəsinin şüşələri yerindən çıxarılmış, pəncərə şüşəsinin qırıntıları yerə tökülmüşdür. Baxış zamanı Şahid1 və Şahid2 evin birinci mərtəbəsindəki yataq otağında olan şkafdan bir ədəd tozsovuran, bir ədəd ətçəkən, bir ədəd samovar oğurlamışdır. Sonra pilləkənlə evin ikinci mərtəbəsinə qalxılmışdır. Qapı bağlı olmuşdur. Şahid2 pəncərədn daxil olub qapını açmış, zal hissə tozlu olmuşdur. Tozlu döşəmə üzərində ayaq izləri aşkar olunmuşdur. Zalda soldakı otaqda olan əşya şkafındaa iki ədəd viski və iki ədəd konyak içkilərinin, şkafın qarşısından iki ədəd 100ml\q ölçüdə ətirlərin, digər əşya şkafından isə üç ədəd kişi köynəyi, altı ədəd pastel dəstinin də oğurlanması müəyyən edilmişdir. Bundan başqa Şahid1 həyətdəki su motorunun da oğurlanmasını bildirmişdir. Baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı əşya götürülməmişdir. İmişli RPŞ-nin KTQ-nun baş inspektoru, polis kapitanı Səməd Möhbalızadə tərəfindən evin pəncərələri üzərindən əl-barmaq izləri aşkar edilmiş və şəxsiyyətin müəyyən edilməsi üçün götürülmüşdür. “Baxış keçirilməsi haqqında” 30 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan telefon nömrələrinə iş üçün əhəmiyyət kəsb edən hər hansı mesaj mətni daxil olmamış və ya xaric olunmamışdır. Zərərçəkmiş şəxs evindən oğurluq edilməsi tarixinə uyğun olaraq 5-7 noyabr 2023-cü il tarix aralığına olan anten dairəsi məlumatlarına baxış zamanı Təqsirləndirilən şəxs İmişli şəhəri ərazisində olması müəyyən edilmişdir. “İfadələrin yerində yoxlanması haqqında” 16 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istintaq zamanı verdiyi ifadəsinə uyğun olaraq Zərərçəkmiş şəxs məxsus İmişli şəhəri R.Bağırov küçəsi ev 15 ünvanlnda yerləşn fərdi yaşayış evini tanıdığını, 05 noyabr 2023-cü il tarixdə saat 20 radələrində həmin evin qarşısından keçən zaman evin həyət qapısının açıq olmasını, yerdə qıfıl olmasını, buna görə də həyətə oradan da evin arxa tərəfindən birinci mərtəbəsinə qapıdan daxil olmasını, oranın dağınıq olmasını, sonra isə heç bir əşya götürmədən evin ikinci mərtəbəsinə pəncərədən daxil olmasını, oranın da dağınıq olmasını görüb ondan əvvəl evə kiminsə daxil olmasını hesab edib heç bir əşya götürmədən çıxıb getdiyini, evə daxil olmaqda niyyətinin oradan qızıl, pul və digər maddi qiymətli əşya götürmək olduğunu bildirmiş və əyani olaraq göstərmişdir. İş materiallarında olan daktiloskopik ekspertizasının 16 yanvar 2024-cü il tarixli, 24/112 nömrəli rəyindən görünür ki, xx.xx.2023-cü il tarixdə, İmişli şəhəri R.Bağırov küçəsi ev 15 ünvanında yerləşən Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evində baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülərək tədqiqata təqdim edilmiş 02 ədəd kağız parçası üzərinə yapışdırılmış 02 ədəd şəffaf yapışqanlı lent kəsikləri üzərində olan əl izlərindən 01 ədəd əl-barmaq izi şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır və şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan əl izi xx.xx.1987-ci il tarixində İmişli rayonunda anadan olmuş Təqsirləndirilən şəxs sol əlinin çeçələ barmağının əksi ilə eynilik müəyyən edilmişdir . Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 12 fevral 2024-cü il tarixli rəyi ilə qeyd edilən malların orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2023-cü ilin noyabr ayına olan orta bazar qiyməti ilə nəzəri qaydada aşağıdakı kimi müəyyən edilmişdir. “Kenovood” markalı tozsovuran 50 manat, “Geppas” markalı ətçəkən maşın 60 manat, Rusiya istehsalı, köhnə modelli mis materiallı samovar 500 manat, “Polo” markalı, Türkiyə istehsalı kişi köynəyinin hər biri 40 manat olmaqla üç ədədi 120 manat, altı ədəd Türkiyə istehsalı yataq dəstinin hər biri 35 manat olmaqla, ümumi 210 manat, bir ədəd “Shunge” markalı, D100-k olan elektrikli su motoru 200 manat qiymətləndirilmiş, Türkiyə istehsalı, “Fasihion” markalı, iki ədəd ətirlərin, iki ədəd 0,7ml ölçüdə SSRİ istehsalı viski içksi, iki ədəd 0,7ml ölçüdə SSRİ istehsalı viski içksinin dəyəri isə müəyyən edilə bilinməmişdir. İmişl Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(036)-77/2022 saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 2 il 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İmişli RİHB-nin İmişli şəhər İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışla müəyyən olur ki, Təqsirləndirilən şəxs evlidir və himayəsində üç nəfər azyaşlı uşağı vardır: xx.xx.2009-cu il təvəllüdlü X6, xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2020-ci il təvəllüdlü X4. İmişli RPŞ-nin İstintaq bölməsinin müstəntiqinin 02 dekabr 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs həmin tarixdə sübhəli şəxs qismində tutulmuş və İmişli Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilərək, həbsdə saxlama müddətinin əvvəli xx.xx.2023cü il tarixdən hesablanması müəyyən edilmişdir. Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə İmişli RPŞ-nin İstintaq bölməsinə ərizə verərək göstərmişdir ki, onun evindən oğurlanan əşyaların ümumi dəyəri tam olaraq ödənilmiş və Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Beləliklə, məhkəmə işdəki sübutları müqayisəli surətdə qiymətləndirərək hesab edir ki, cinayət əməli ittihamda göstərilən qaydada və şəraitdə baş vermişdir. Məhkəmə iclasında bilavasitə araşdırılmış sübutlarla Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini törətməsi tam təsdiq edilir. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-nin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərin pozulmasına gətirib çıxara bilər. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikasınin Cinayət Məcəlləsi Maddə 2.1. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Maddə 8.1. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Maddə 41.1. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Maddə 41.2. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Maddə 58.1. Cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Maddə 58.3. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin göstərilən normalarının müəyyən etdiyi ədalət prinsipi və cəzanın təyin edilməsinin ümumi əsasları cəza təyin edilərkən törədilmiş cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin nəzərə alınmasını nəzərdə tutmuşdur. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CM-nin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə cinayət qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cinayət əməlini etiraf edib səmimi peşmançılıq çəkməsini, himayəsində azyaşlı uşaqların olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tam şəkildə ödənilməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Cinayət cəzası dövlətin cinayət törədən şəxsə qarşı reaksiyası olmaqla, şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinin əsas hüquqi nəticəsidir. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs törətdiyi cinayətin ictimaitəhlükəlilik dərəcəsini və xarakterini, cəzasını yüngülləşdirən halları, ailəsinin mövcud maddi və sosial vəziyyətini nəzərə alır və onun barəsində təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs İmişli Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(036)-77/2022 saylı hökmü ilə təyin edilmiş və çəkilməmiş qalmış 1 (bir) il 4 (dörd) ay 5 (beş) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası hazırkı təyin olunmuş cəza ilə qismən birləşdirilməlidir. Azərbaycan Respublikası CM-nin 68.1.1-1 və 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 02 dekabr 2023-cü il tarixdən 03 may 2024-cü il tarixədək həbsdə saxlandığı 5 (beş) ay 1 (bir) gün müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla, 10 (on) ay 2 (iki) gün təyin edilmiş cəzadan çıxılmalıdır. Cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı və hökmün icrası İmişli rayon icra və probasiya şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilib, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməli və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. İş üzrə ekspertiza tədqiqatına sərf edilmiş 50 (əlli) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 3 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs İmişli Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(036)-77/2022 saylı hökmü ilə təyin edilmiş və çəkilməmiş qalmış 1 (bir) il 4 (dörd) ay 5 (beş) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası hazırkı təyin olunmuş cəza ilə qismən birləşdirilsin və üzərində 4 il müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azərbaycan Respublikası CM-nin 68.1.1-1 və 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 02 dekabr 2023-cü il tarixdən 03 may 2024-cü il tarixədək həbsdə saxlandığı 5 (beş) ay 1 (bir) gün müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla, 10 (on) ay 2 (iki) gün təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 3 (üç) il 1 (bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:00dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, İmişli rayonu inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası İmişli rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilib, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. İş üzrə maddi sübut və mülki iddia yoxdur. İş üzrə ekspertiza tədqiqatına sərf edilmiş 50 (əlli) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Hökmdən 20 gün müddətinə İmişli rayon məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu andan 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar