Məhkəmə qərarları › İş №1(036)-35/2025

İmişli Rayon Məhkəməsi Qərar — İş №1(036)-35/2025

10.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 1(036)-35/2025 10.04.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Şiralıyeva Günel Mirzə qızının katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X4, Müdafiəçi - İmişli Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X5 iştirakı ilə, X5 Azərbaycan Respublikası CM-in 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə X4 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X6 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək X5 Azərbaycan Respublikası CM-in 147.1-ci maddəsi ilə cinayət məsuliyyətə cəlb edilməsini və ona dəymiş mənəvi ziyana görə 10 000 (on min) manat məbləğində kompensasiyanın ödənilməsini xahiş etmişdir. Şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixdə gecə saat 02:00 radələrində İmişli rayonu, Xəlfəli kəndində yerləşən ona məxsus fərdi yaşayış evinə X1 oğurluq məqsədi ilə pəncərədən daxil olaraq ona məxsus qızıl və ziynət əşyalarını oğurlamışdır. X1 həmin qızıl və ziynət əşyalarını onun evinin yataq otağına daxil olaraq orada saxlanc yeri hesab edilən şkafdan götürmüşdür. Hazırda həmin cinayət işi ilə bağlı istintaq yekunlaşaraq baxılması üçün İmişli Rayon Məhkəməsinə göndərilmişdir. X7 “Whatsapp” sosial şəbəkəsi vasitəsilə müxtəlif insanlara səs göndərərək həmin oğurluq əməlində onun iştirakı olmağına dair barəsində böhtan və yalan xarakterli fikirlər söyləmiş, onu cinayət törətməkdə ittiham edərək böhtan atmış, şərəf və ləyaqətini ləkələmişdir. Bu azmış kimi “Whatsapp” çıxışlarında onun barəsində ifadələrində təhqiramiz sözlər işlətmişdir. Artıq həmin səs yazıları 10 nəfərdən çox kənd sakininin telefonunda vardır. O, ailəsi, övladları və qohumları yanında çətin vəziyyətə düşmüş, hər kəsə özünü sübut etməyə çalışır ki, bu işdə onun əli yoxdur. Günahsız olmağına baxmayaraq ona inanmayanlarda kifayət qədərdir. X7 bu oğurluqda “gəlinində əli var” kimi ifadələr işlətməklə, onun əsassız olaraq cəmiyyətdə və qohumlar arasında ona qarşı yalnış fikirlərin yarandığı başa düşülür. Buda onun şərəf və ləyaqətinə xələl gətirməklə ailədə və qohumlar arasında nüfuzdan və hörmətdən düşməyinə səbəb olmuşdur. Böhtan, yəni yalan olduğunu bilə bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, mediada və ya internet informasiya ehtiyyatlarmda yayılmasına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə əsasən məsuliyyət müəyyən edilmişdir. Cinayət Məcəlləsinin 147.1-ci maddəsinin tələbləri baxımından onu qeyd edə bilər ki, X5 onun barəsində yuxarıda qeyd edilən məlumatlar nüfuzuna xələl gətirmiş, onun barəsində cəmiyyətdə mənfi fikir və rəy yaratmış, şərəf və ləyaqətini ləkələyərək ona böhtan atmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumununun şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən təsdiq edilməsi təcrübəsi haqqında 14 may 1999-cu il tarixli, 7 saylı qərarına görə, yayma dedikdə, başqa şəxsi ləkələyə və ya nüfuzdan salan məlumatları bir şəxsə, bir neçə şəxsə və yaxud qeyri - müəyyən şəxslər dairəsinə bildirmə başa düşülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsinin dispozisiyasına görə şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumat yaymağa, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmağa görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, internet informasiya ehtiyyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və onu nüfuzdan salan məlumatları ən azı 2 nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadəetmə başa düşülür. Kütləvi informasiya dedikdə internet saytları və digər yayım formaları başa düşülür. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinin 1 hissəsinə görə hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinin 11 hissəsinə görə hərkəsin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir halda şəxsiyyətinin ləyaqətinin alçaldılmasına yol verilə bilməz. Azərbaycan Respublikası Cinayət Prosesual Məcəllənin 74.1-ci maddəsinə əsasən cinayət işinə və digər materiallara cinayətin törədildiyi yerin yuridiksiyasma aid olan birinci instansiya məhkəməsində baxılır. Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumununun 21 fevral 2014-cü il tarixli 3 nömrəli qərarında göstərilmişdir ki, xüsusi ittiham qaydasında şikayətlərə məhkəmələrdə baxılması aidiyyatı Cinayət Prosesual Məcəllənin 74.1, 74.4 və 74.8-ci maddələrinə əsasən müəyyən edilir. X7 tərəfində barəsində edilən böhtan xarakterli çıxışları sosial şəbəkə platformasının istifadəçi qruplarında yayımlanaraq 100 nəfərdən çox şəxs tərəfindən izlənilmişdir. X5 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsinin nəzərində tutulmuş cinayət əməlinin tərkibi mövcuddur və buna görədə o, həmin maddə ilə cinayət məsuliyyətinə cəlb edilməlidir. X7 onun şərəf və ləyaqətini zədələyərək nüfuzdan saldığına görə ona mənəvi zərər vurmuşdur. Bununla əlaqədar ona dəymiş ziyana görə 10000 (on min) manat pul kompensasiyası ödənilməlidir. Məhkəmə hazırlıq iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X6 şikayətində göstərdiyi xüsusatları təsdiq edərək şikayətin icraata qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə hazırlıq iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X7 ifadəsində bildirdi ki, X4 barəsində heç bir təhqiramiz sözlər işlətməmişdir. X4 barəsində yalan sözlər və barəsində təhqiramiz ifadələr deməyə onun qohumu məcbur etməsə də, onun barəsində heç bir təhqiramiz sözlər işlətməmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən Müdafiəçi ifadəsində bildirdi ki, hüquqlarını müdafiə etdiyi barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X5 barəsində xüsusi ittiham qaydasında şikayət əsassızdır. Hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci maddəsinin tərkibi və mötəbər sübutları olmadığından şikayət icraata qəbul edilə bilməz. Odur ki, X5 barəsində xüsusi ittiham qaydasında verilmiş şikayətin icraata qəbul edilməsindən imtina edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahir etdi. Məhkəmə şikayətlə tanış olaraq, habelə xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin ittihamı səciyyələndirdiyi dəlilləri nəzərdən keçirərək hesab edir ki, şikayət üzrə məhkəmə baxışının keçirilməsi qeyri-mümkündür və icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. Həmin Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; şikayətin verildiyi tarix (il, ay və gün) və yer; şikayəti vermiş şəxsin imzası. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 302.1-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir: 302.1.1. şikayət həmin məhkəməyə aid olmadıqda; 302.1.2. şikayət xüsusi ittiham qaydasında cinayət təqibinə hüququ olmayan şəxs tərəfindən verildikdə; 302.1.3. şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda; 302.1.4. cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə; 302.1.5. barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməl ictimai və ya ictimaixüsusi qaydada təqib edilməli olduqda; 302.1.6. cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda; 302.1.7. şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə. Məhkəmə şikayət ərizəsini nəzərdən keçirərək qeyd edir ki, əvvəla xüsusi ittiham qaydasında şikayət şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmir. Belə ki, şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə gecə saat 02:00 radələrində İmişli rayonu, Xəlfəli kəndində yerləşən ona məxsus fərdi yaşayış evinə X1 oğurluq məqsədi ilə pəncərədən daxil olaraq ona məxsus qızıl və ziynət əşyalarını oğurlamışdır. X7 “Whatsapp” sosial şəbəkəsi vasitəsilə müxtəlif insanlara səs göndərərək həmin oğurluq əməlində onun iştirakı olmağına dair barəsində böhtan və yalan xarakterli fikirlər söyləmiş, onu cinayət törətməkdə ittiham edərək böhtan atmış, şərəf və ləyaqətini ləkələmişdir. Bu azmış kimi “Whatsapp” çıxışlarında onun barəsində ifadələrində təhqiramiz sözlər işlətmişdir. Artıq həmin səs yazıları 10 nəfərdən çox kənd sakininin telefonunda vardır. X7 bu oğurluqda “gəlinində əli var” kimi ifadələr işlətməklə, onun əsassız olaraq cəmiyyətdə və qohumlar arasında ona qarşı yalnış fikirlərin yarandığı başa düşülür. X7 tərəfində barəsində edilən böhtan xarakterli çıxışları sosial şəbəkə platformasının istifadəçi qruplarında yayımlanaraq 100 nəfərdən çox şəxs tərəfindən izlənilmişdir. Lakin, bununla bağlı məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Məhkəməyə təqdim edilmiş diskdə olan səs yazısında şikayətçinin şikayətində göstərdiyi hallar öz təsdqini tapmamışdır. Diskdə olan səs yazısına baxış zamanı müəyyən edilmişdir ki, X7 ilə digər şəxs arasında olan telefon danışığı zamanı sonuncu təkidlərinə baxmayaraq X2 olduğu üçün oğurluq etdiyini və bağışlanmasını xahiş etmişdir. Şikayətçinin şərəf və ləyaqətin alçaldılması ilə əlaqədar hər hansı ifadə işlətməsi müəyyən edilməmişdir. Eyni zamanda şikayətçi “Whatsapp” sosial şəbəkəsində X5 çıxışlarında onun barəsində ifadələrində təhqiramiz ifadələr işlətməsi və həmin səs yazıları 10 nəfərdən çox kənd sakininin telefonunda olmasını qeyd etsə də, bu barədə məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Nəzərə almaq lazımdır ki, xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasında sübutlar mahiyyəti üzrə araşdırılıb qiymətləndirilməsə də, onların ilkin olaraq mövcudluğu, həmin sübutların şəxsə aidiyyəti məhz hazırlıq iclasında yoxlanılır. Belə ki, məhz onların nəticələrindən asılı olaraq işin məhkəmə baxışının mümkünlüyü yoxlanılır. İş icraata götürülərək məhkəmə baxışında təyin edildiyi halda isə artıq barəsində şikayət verilmiş şəxs təqsirləndirilən şəxs statusu almış olur və bu qərar öz prosessual əhəmiyyətinə görə ictimai ittiham qaydasında icraatı aparılan cinayət işləri üzrə cinayət işinin başlanması və təqsirləndirilən şəxs qismində cəlb etmə qərarlarını bir növ əvəz edir. Bu baxımdan xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə hazırlıq iclasında sübutların ilkin olaraq mövcudluğunun yoxlanılması və şəxsə bilavasitə aidiyyətinin yoxlanılması əhəmiyyətlidir. İş üzrə ilkin olaraq kifayət qədər sübutlar mövcud olduğu halda şikayətin icraata qəbul məsələsinə baxıla bilər. Qeyd edildiyi kimi şikayət icraata götürüldüyü halda bu barəsində şikayət verilmiş şəxs üçün ciddi məhrumiyyətlər yaradır və bu baxımdan hazırlıq iclası mərhələsindən şəxsin hüquq və mənafelərinin təmini baxımından qeyd edilən məsələlər ciddi yoxlama və qiymətləndirmə tələb edir. Həmçinin şikayət ərizəsində iddia etdiyi cinayət əməllərinin nə vaxt törədilməsini göstərməmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, qanunvericilikdə bu tələbin nəzərdə tutulması iş üzrə cəlb etmə müddəti, həmçinin digər əhəmiyyətli halların müəyyən edilməsi baxımından əhəmiyyətli və zəruridir. Şikayət ərizəsində iddia edilən təhqir xarakterli söz və ifadələrin məhz hansı söz və ifadələrdən ibarət olması, həmin söz və ifadələrin hansının hansı tarixdə (dəqiq göstərilməklə) hansı şəkildə harada yazılması və s. əhəmiyyətli hallar göstərilməlidir. Əks halda isə hazırlıq iclası mərhələsində bu hallar qeyd edilməklə şikayətin icraata götürülməsindən imtina edilməsi barədə qərar qəbul edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş forma və məzmuna uyğun olmadığından, həmçinin şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədiyindən xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 302.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 302.1.3, 302.1.7 və 302.2.3-cü maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: X5 Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə X4 xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan elan olunandan 20 gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Mahmud

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar