Azərbaycan Respublikası adından HÖKM İmişli rayonu İş № 1(036)-36/2023 03.05.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Quliyev Telman Osman oğlunun sədrliyi, Şiralıyeva Günel Mirzə qızının katibliyi, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 üzrə İdarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron vəkil bürosunun vəkili X2 iştirakı ilə, xx xxx 1976-cı ildə İmişli rayonu, Xəlfəli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, İmişli rayonu, Xələfli kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 259.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə İmişli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: Təqsirləndirilən şəxs meşə fonduna daxil olmayan ağacları qanunsuz kəsərək təbiətə xeyli miqdarda ziyan vurmuşdur. Belə ki, o, 2020-ci ilin yanvar ayında İmişli rayonu, Xəlfəli kəndi ərazisində dövlət pay torpaqlarının kənarı ilə gedən su arxının mühafizə zolağındakı Xəlfəli bələdiyyəsinə məxsus torpaq sahəsində meşə fonduna daxil olmayan 42 və 50 santımetr diametrli iki ədəd söyüd ağacını əl mişarı ilə qanunsuz kəsərək ağacların məhv olmasına səbəb olmaqla, təbiətə 1400 (min dörd yüz) manat, yəni xeyli miqdarda ziyan vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 259.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, İmişli rayonunun Xəlfəli kəndində atasına məxsus 4 hektar torpaq sahəsi vardır və həmin torpaq sahəsini qardaşları ilə birlikdə əkib becərir. Torpaq sahəsində əvvəllər pambıq, arpa və buğda bitkiləri əkmişlər. Son 3 ildir ki, həmin torpaq sahəsində yoncə bitkisi əkirlər. O, 2002-ci ildə həmin torpaq sahəsinin baş tərəfində 43 ədəd söyüd ağacı əkmiş və özü qulluq edib böyütmüşdür. 12 iyun 2022-ci il tarixdə səhər saatlarında əmisi oğlu Allahşükürün 500 başa yaxın xırdabuynuzlu heyvanlarının əkdiyi ağacları yeyərək məhv etməsinə irad bildirməsi səbəbindən onunla arasında mübahisə baş vermiş, həmin vaxt Allahşükür onun ünvanına nəlayiq ifadələr işlədərək, təhqir etmiş və onun əkdiyi söyüd ağaclarını kökündən çıxardıb məhv edəcəyini bildirmişdir. Həmin söyüd ağaclarından 43 ədədini 2020-ci ilin yanvar ayında gövdəsindən yenidən pöhrələnməsi üçün ağacları hissə-hissə olmaqla əl mişarıyla kəsmiş və kəsdiyi həmin ağacları heyvana qoşulan qoşqu vasitəsi ilə evinə aparıb, özü üçün istifadə etmişdir. Həmin ağacların Ekologiya və Təbii Sərvətlər Nazirliyinin razılığı olmadan kəsməsinə icazənin olubolmamasını bilməmiş, həmçinin həmin ağacları özü əkdiyi üçün hər hansı bir quruma məlumat verməyə ehtiyac olmadığını fikirləşmişdir. Ona görə də özünü həmin ağacları kəsməkdə günahkar hesab etmir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs ifadə verərək göstərdi ki, 29 avqust 2022-ci il tarixdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə İmişli rayonu, Xəlfəli kənd ərazisində bələdiyyəyə məxsus torpaq sahəsində olan 43 ədəd söyüd ağaclarının kəsilməsi və həmin əraziyə baxış keçirilməsi barədə məktub daxil olmuşdur. Tərəfindən əraziyə baxış keçirilən zaman məlum olmuşdur ki, Təqsirləndirilən şəxs tərəfindən diametrləri 42 və 50 sm olan 2 ədəd söyüd ağacları kəsilərək məhv edilmiş, 41 ədəd ağac isə inkişafda olmuşdur. Qeyd edilən sayda ağacların kəsilərək məhv edilməsi nəticəsində “Yaşıllıqların götürülməsi qaydasının” tədbiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 321 nömrəli qərarın tələbləri pozulmuş və təbiətə ümumilikdə 1400 manat məbləğində ziyan dəymişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadə verərək göstərdi ki, onun özünə məxsus 100 baş xırdabuynuzlu heyvanları vardır və həmin heyvanları yaşadığı İmişli rayonu, Xəlfəli kəndinin ərazisindən dövlət tərəfindən pay verilmiş 6 hektar torpaq sahəsində otarır. Torpaq sahəsini əkin vaxtı əkir, yeri boş qaldıqda isə 5-10 gün heyvanlarını otarır. Onun torpaq sahəsinin yanında Təqsirləndirilən şəxs 4-5 hektar torpaq sahəsi vardır. Torpaq sahələrini ayırmaq üçün su kanalı çəkdirmişlər. 12 iyun 2022-ci il tarixdə torpaq sahələrinin baş tərəfindən, su kanalına yaxın 6 metr enində dövlət tərəfindən verilmiş yoldan Eldənizin onun heyvanlarını aparıb gətirməsinə maneəçilik törətməsi səbəbindən aralarında mübahisə baş vermişdir. Mübahisənin baş verməsinə səbəb, torpaq sahələrinin baş tərəfindən, su kanalına yaxın 6 metr enində dövlət tərəfindən verilmiş yoldan Eldənizin onun heyvanlarını aparıb gətirməsinə maneəçilik törətməsi olmuşdur. Eldəniz və Qalib onun xırdabuynuzlu heyvanlarımın sahəsinə girməsini və icazəsiz olaraq su kanalının kənarına əkdiyi söyüdləri yeməsini bəhanə edərək, hər dəfə onunla mübahisə etmişlər. Eldəniz həmin 43 ədəd söyüd ağacını gövdəsindən mişarla kəsərək özü məhv etmiş, kəsilən hissələrini isə özü üçün istifadə etmişdir. 16 iyun 2022-ci il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə yeri İmişli rayon, Xəlfəli kəndi ərazisində yerləşən bələdiyyəyə məxsus torpaq sahəsidir. Hadisə yerinə baxış keçirilərkən ətrafda sıra ilə əkilmiş söyüd ağacları, əkin sahələri, su arxı, kənarda fərdi yaşayış evləri və Təqsirləndirilən şəxs tərəfindən kəsilmiş 43 ədəd gövdəsindən kəsilmiş söyüd ağacları müşahidə edilir. 27 fevral 2023-cü il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə yeri İmişli rayonu, Xəlfəli kəndi ərazisində yerləşən bələdiyyəyə məxsus torpaq sahəsidir. Hadisə yerinə baxış keçirilərkən ətrafda sıra ilə əkilmiş söyüd ağacları, əkin sahələri, su arxı, kənarda fərdi yaşayış evləri müşahidə edilir. Baxış zamanı 43 ədəd söyüd ağaclarının 42 sm və 50 sm diametrli 2 ədədi quruması, yerdə qalan, 1 ədədinin diamteri 16 sm, 2 ədədinin diamteri 17 sm, 3 ədədinin diamteri 18 sm, 5 ədədinin diamteri 20 sm, 2 ədədinin diamteri 22 sm, 7 ədədinin diamteri 24 sm, 2 ədədinin diamteri 28 sm, 14 ədədinin diamteri 32 sm, 2 ədədinin diamteri 45 sm və 3 ədədinin diamteri 50 sm-lik, ümumilikdə 43 ədəd söyüd ağacının kəsilməsi müəyyən edilir. İmişli RİHB-nın Xəlfəli kənd inzibati ərazi nümayəndəsinin 17 iyun 2022-ci il tarixli 705 nömrəli arayışından görünür ki, İmişli rayonu, Xəlfəli kənd ərazisində pay torpaqlarının kənarından gedən su arxının mühafizə zolağında bələdiyyəyə məxsus olan torpaq sahəsində 43 (qırx üç) ədəd söyüd ağacları əkilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən tərtib olunmuş 2 noyabr 2022-ci il tarixli baxış aktından görünür ki, baxış keçirilən yer İmişli rayonu, Xəlfəli kəndinin ərazisidir. Araşdırma zamanı ərazidə bələdiyyəyə məxsus olan torpaq sahəsində 43 (qırx üç) ədəd söyüd cinsli ağacların kəsildiyi müşayət olunur. Həmin ağacların hal hazırda 41 (qırx bir) ədədinin inkişafda olduğu, 50 və 42 santimetr diamterli 2 ədəd söyüd ağacları kəsilməsi nəticəsində məhv edilmişdir. Bununla da yaşıllıqlara dəymiş ziyanın hesablanması və ödənilməsi haqqında “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 421 saylı qərarına əsasən təbiətə 1400 (bir min dörd yüz) manat məbləğində maddi ziyan dəymişdir. Akta ərazidən çəkilmiş fotoşəkillər əlavə edilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş 10 noyabr 2022-ci il tarixli 42/557 nömrəli məktuba əlavə edilmiş cədvəldən görünür ki, İmişli rayonu, Xəlfəli kənd ərazisində 42 santimetr diametrdə olan söyüd cinsli ağacın kəsilib məhv edilməsi nəticəsində 500 (beş yüz) manat və 50 santimetr diametrdə olan söyüd ağacının kəsilib məhv edilməsi nəticəsidə 900 (doqquz yüz) manat məbləğində, ümumilikdə isə təbiətə 1400 (bir min dörd yüz) manat məbləğində maddi ziyan dəymişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 3 mart 2023-cü il tarixli, 3-14-42/2-129/2023 nömrəli məktubunda göstərilmişdir ki, 41 ədəd söyüd ağacı bioloji inkişafda olduğu üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 oktyabr 2016-cı il tarixli 421 nömrəli qərarının tələblərinə uyğun olaraq ziyan hesabatı aparılmamış və digər 2 ədəd söyüd ağacı isə zədələnmə nəticəsində bioloji inkişafdan qaldığından təbiətə dəymiş 1400 (bir kin dörd yüz) manat ziyan hesablanmışdır. Azərbaycan Respublikası Dövlət X3 İmişli rayon şöbəsindən daxil olmuş rəydə gösətilmişdir ki, İmişli rayonu, Xəlfəli kənd ərazisində pay torpaqlarının kənarında gedən su arxının mühafizə zolağnda kəsilmiş 43 ədəd söyüd ağaclarına yerində baxış keçirilmişdir. Baxış nəticəsində məlum olmuşdur ki, həmin ağaclar bir neçə il bundan əvvəl mişarla kəsilmişdir. Kəsirlən ağacların 41 ədədi inkişaf edərək normal vəziyyətə gəlmiş, lakin 2 ədəd ağac isə kəsilmiş hissədən kök hissəsinə qədər quruyaraq məh olmuşdur. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 26 yanvar 2023-cü il tarixli 9/407 nömrəli rəyində göstərilmişdir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin tərəfindən tərtib edilmiş xx.xx.2022ci il tarixli 42/557 saylı arayış və ona əlavə edilmiş cədvəldən istifadə edilməklə, tikinti və abadlaşdırma məqsədi istisna olmaqla ümumilikdə 02 ədəd diametrləri 42 sm və 50 sm olan söyüd cinsli ağcaların qanunsuz götürülməsinə görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 421 nömrəli Qərarına əsasən təbiətə dəymiş ziyanın ümumi məbləği 1400,00 (min dörd yüz) manat müəyyən edilir. Ağcəbədi RMTM-nin rəyində göstərilmişdir ki, 43 ədəd söyüd ağaclarının 1 ədəd 42 sm və 1 ədəd 50 sm diametrində olan söyüd ağacları qurumuş, qalan 1 ədədinin diamteri 16 sm, 2 ədədinin diamteri 17 sm, 3 ədədinin diamteri 18 sm, 5 ədədinin diamteri 20 sm, 2 ədədinin diamteri 22 sm, 7 ədədinin diamteri 24 sm, 2 ədədinin diamteri 28 sm, 14 ədədinin diamteri 32 sm, 2 ədədinin diamteri 45 sm və 3 ədədinin diamteri 50 sm-lik olan söyüd ağacları 1 metr hündürlüyündə kəsilmiş, kəsildikdən sonra gövdə hissəsi böyüməmiş, lakin buna baxmayaraq, sonradan pöhrələnmiş və hal-hazırda inkişafdadır. Təqsirləndirilən şəxs məhkəmə iclasında ifadə verib, 2020-ci ilin yanvar ayında İmişli rayonu, Xəlfəli kəndinin torpaq sahəsində 43 ədəd söyüd ağacını kəsməsini etiraf etsədə, həmin ağacları vaxtı ilə özünün əkməsi səbəbindən bu əməlinə görə cinayət məsuliyyəti daşımadığını göstərdi. Mövcud qanunvericiliyin tələblərinə əsasən vətəndaş ağacı özü əkibsə belə, həmin ağac onun həyətyanı sahəsindən kənardadırsa, onda onu kəsmək üçün mütləq torpaq mülkiyyətçisinə (yerli bələdiyyə, icra hakimiyyəti və s) müraciət etməlidir. Həmin qurumların ETSN-yə müraciətindən sonra nazirliyin mütəxəssisləri ağacın mövcud vəziyyətini öyrənmək üçün ağaca yerində baxış keçirir. İnsan həyatına və vətəndaşın əmlakına təhlükə törədəcəyi baxımından ağacın kəsilməsi, yaxud köçürülməsi zərurəti yaranarsa, müvafiq rəy verilir. Rəyin icrası yerli yaşıllaşdırma idarəsi tərəfindən icra edilir. Ümumilikdə yaşıllıqların qorunub mühafizə edilməsinin "Yaşılllıqların mühafizəsi haqqında" qanunla tənzimləndiyi üçün vətəndaşların həyətyanı və bağ sahələrindəki ağacları kəsə bilməsi üçün həmin ərazinin vətəndaşın mülkiyyətinə aid olması barədə təsdiqedici sənədləri olmalıdır. Əgər həyətyanı torpaqların, bağ sahəsinin sənədi, xüsusi mülkiyyətə dair dövlət reyestrindən çıxarış sənədi varsa, ağac vətəndaş tərəfindən kəsilə bilər. Amma bu sənəd yoxdursa, onun ağac kəsməsi qanunvericiliyə ziddir. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenum qərarında kənd təsərrüfatı məqsədi ilə vətəndaşlara verilmiş pay torpaqlarında məhz kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqlar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259-cu maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinin təsiri altına düşür və həmin torpaqlarda yalnız kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqların (əkinlərin) kəsilməsi (götürülməsi) cinayət məsuliyyəti üçün əsas hesab edilə bilməz. Göründüyü kimi, söyüd ağacı kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitki olmadığından onların qanunsuz kəsilməsi Azərbaycan Respublikası CM-nin 259-cu maddəsi ilə cinayət məsuliyyəti yaradır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə iclasında verdyi həmin ifadəsinə tənqidi yanaşır və iş üzrə dindirilmiş zərərçəkmiş şəxs və şahidlərin ifadələri, iş materialları və işin digər faktiki halları ilə təkzib olunaraq, onun meşə fonduna daxil olmayan ağacları qanunsuz kəsərək təbiətə xeyli miqdarda ziyan vurması faktı tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin həmin ifadəsi özünü müdafiə xarakteri daşıyir. Beləliklə, məhkəmə işdəki sübutları müqayisəli surətdə qiymətləndirərək hesab edir ki, cinayət əməlləri ittihamda göstərilən qaydada və şəraitdə baş vermişdir. Məhkəmə iclasında bilavasitə araşdırılmış sübutlarla Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini törətməsi tam təsdiq edilir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 259.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. İş materiallarında olan “təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs 2020-ci ilin yanvar ayında yuxarıda təsvir olunan cinayət əməlini törətdiyinə görə ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdikdən sonra, yəni 25 noyabr 2022-ci il tarixdə Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Həmin Məcəllənin 75.1.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətdiyi gündən iki il keçdikdə, şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 44.2.1-ci maddəsinə əsasən Məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə bu Məcəllənin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş halda — təqsirləndirilən şəxsə cəza təyin etməməklə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyinə görə CPM-nin 44.2.1-ci maddəsinə əsasən ona cəza təyin edilmədən ittiham hökmü çıxarılmalıdır. Eyni zamanda, məhkəmə tərəfindən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi iş üzrə mülki iddiaçı qismində tanınmışdır. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi mülki iddia ilə məhkəməyə müraciət edərək, Təqsirləndirilən şəxs təbiətə dəymiş ziyana görə 1400 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs məhkəməyə ərizə verərək Azərbaycan Respublikası MM-nin 372-ci maddəsinə əsasən 3-illik iddia müddətinin tətbiq edilib, mülki iddianın təmin olunmamasını xahiş etmişdir. Azərbaycan Respublikası CPM-nin 179.4-cü maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddiaya mülki hüquq və hüququn digər sahələri üçün müəyyən edilmiş iddia müddəti tətbiq edilmir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs iddia müddətinin tətbiq edilməsi barədə ərizəsi əsassız olduğu üçün rədd edilməli, mülki iddia qanuni və əsaslı olduğundan təmin edilməli və Təqsirləndirilən şəxs təbiətə dəymiş ziyana görə 1400 manat məbləğində pul vəsaiti tutularaq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin hesabına ödənilməlidir. Ekspertiza tədqiqatına sərf edilmiş 50 manat ekspertiza xərci Təqsirləndirilən şəxs dövlət hesabına tutulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39, 44, 75, 344-347, 321.2.1, 356 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyinə görə Təqsirləndirilən şəxs cəza təyin edilməsin. Mülki iddia təmin edilsin. Təqsirləndirilən şəxs təbiətə dəymiş ziyana görə 1400 manat məbləğində pul vəsaiti tutularaq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin hesabına ödənilsin. Ekspertiza tədqiqatına sərf edilmiş 50 manat ekspertiza xərci Təqsirləndirilən şəxs dövlət hesabına tutulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlansın. Hökmdən 20 gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Telman Quliyev
Məhkəmə qərarları › İş №1(036)-36/2023
İmişli Rayon Məhkəməsi Hökm — İş №1(036)-36/2023
03.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver