Məhkəmə qərarları › İş №1(036)-37/2024

İmişli Rayon Məhkəməsi Hökm — İş №1(036)-37/2024

08.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM İmişli rayonu İş № 1(036)-37/2024 08.10.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Quliyev Telman Osman oğlunun sədrliyi, Şiralıyeva Günel Mirzə qızının katibliyi, xüsusi ittihamçı X11 nümayəndəsi X15, barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X12 və müdafiəçisi İmişli rayon vəkil bürosunun vəkili X2 iştirakı ilə, 01 sentyabr 1990-cı il tarixdə İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsində qeydiyyatda olmaqla yaşayan X7 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə olan xüsusi ittiham qaydasında şikayətə İmişli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: X14 ondan ötrü məhkəməyə verilmişdir ki, o, 12 mart 2024- cü il tarixdə “Tik-Tok” sosial şəbəkəsində paylaşılan «Biabırçılıq! Bir qolu olmayan vətəndaşa ürək xəstəliyi adı ilə əlillik təyin etdilər!» sərlövhəli video yayımda “İmişli Rayon Mərkəzi Xəstəxanasının baş həkimi X18 götürüb ona qolu olmadığı halda ürək xəstəliyindən əlillik veribdir, o, iş qəzası ilə əlaqədar pensiyaya çixmalıydı, əlillərin bərpa mərkəzi ona zəng edib İmişli rayon bas həkimini söyür ki, oğras, şərəfsiz rüşvət alıb, ürək xəstəliyi ilə pensiyaya çıxarıbdır” kimi ifadələr işlətməklə şərəf və ləyaqətini alçadan, işgüzar nüfuzunu ləkələyən həqiqətəuyğun olmayan böhtan xarakterli məlumatlar yaymışdır. Məhkəmə iclasında xüsusi ittihamçı X11 nümayəndəsi X15 ittihamı müdafiə edərək göstərdi ki, X5 Rayon Mərkəzi Xəstəxanasının baş həkimi vəzifəsində işləyir və işində qüsursuz olmuşdur. X14 pensiya təyini üçün müraciət etmiş və sol qolu olmadığına görə həkim-məsləhət komissiyasının qərarı ilə əlilliyin qiymətləndirilməsindən ötrü Azərbaycan Respublikası ƏƏSMN Tibbi-Sosial Ekspert Komissiyasına göndəriş verilmişdir. X1 diaqnozu onun sağlamlıq imkanlarının məhdudluğu vəziyyəti ilə uyğun olmadığından qiymətləndirmə aparılmamışdır. X8 şikayəti barədə TƏBİB-dən məlumat almış, lakin həkim-məsləhət komissiyasının iclasları həftədə bir dəfə keçirildiyindən qərarın dərhal dəyişdirilməsi mümkün olmamışdır. X14 narazı qaldığı üçün “Tik-Tok” sosial şəbəkəsində paylaşılan «Biabırçılıq! Bir qolu olmayan vətəndaşa ürək xəstəliyi adı ilə əlillik təyin etdilər!» sərlövhəli video yayımda onun barəsində “İmişli MRX-nin direktoru Anar həkim onu ürək xəstəliyi ilə pensiyaya çıxarmaq istəyib”, “Oğraşın rüşvət almaq məqsədi olub” kimi ifadələr işlədərək səsləndirdiyi fikirlərdə onun işgüzar nüfuzuna xələl gətirən, şərəf və ləyaqətini alçaldan həqiqətəuyğun olmayan böhtan xarakterli məlumatlar yaymışdır. Həmin məlumatların yayılması onu insanlar arasında hörmətdən salmaq və həkim adını ləkələmək məqsədi daşımış, onun mənəvi əzab və sarsıntılar keçirməsinə səbəb olmuşdur. Ona görə də, X14 böhtana və təhqirə görə cinayət məsuliyyətinə cəlb edilməlidir. Məhkəmə iclasında təqsirləndirilən şəxs X14 ona qarşı irəli sürülmüş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə olan ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, iş yerində aldığı xəsarət nəticəsində sol qolunu itirmiş və əlilliyin təyin olunmasından ötrü İmişli Rayon Mərkəzi Xəstəxanasına müraciət etmişdir. Lakin xəstəxananın göndərişində onun sağlamlıq imkanının məhdudluğu ürək xəstəliyi ilə əlaqələndirildiyinə görə ona pensiya təyin edilməsindən imtina edilmişdir. Bu səbəbdən o, yeddi dəfə Respublika Əlillərin Bərpası Mərkəzinə getmiş, lakin hər dəfə eyni səbəbdən işi düzəlməmişdir. Ona görə də, Respublika Əlillərin Bərpası mərkəzinin səlahiyyətli vəzifəli şəxsi tərəfindən ona deyilən “İmişli MRX-nin direktoru Anar həkim onu ürək xəstəliyi ilə pensiyaya çıxarmaq istəyib”, “Oğraşın rüşvət almaq məqsədi olub” kimi ifadələri “Tik-Tok” sosial şəbəkəsində paylaşdığı «Biabırçılıq! Bir qolu olmayan vətəndaşa ürək xəstəliyi adı ilə əlillik təyin etdilər!» sərlövhəli video yayımda məlumatlar yaymışdır. Həmin vaxt o, həddindən artıq əsəbləşib, gərginlik yaşadığına görə həmin ifadələri işlətmiş və hazırda əməlindən peşiman olmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhaliin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasının müayinəyə dair xx.xx.2024-cü il tarixli məlumata əsasən X4 bazunun 1/3 travmatik amputasiyasından sonrakı vəziyyəti, güdülü osteoporoz sol yuxarı ətrafın funksiyasının pozulması diqanozu ilə ikinci dərəcəli əlildir. “Tik-Tok” sosial şəbəkəsində “m.ferid.66” istifadəçi profili tərəfindən xx.xx.2024-cü il tarixdə «Biabırçılıq! Bir qolu olmayan vətəndaşa ürək xəstəliyi adı ilə əlillik təyin etdilər!» sərlövhəli video yayımda X12 “İmişli Rayon Mərkəzi Xəstəxanasının baş həkimi X18 götürüb ona qolu olmadığı halda ürək xəstəliyindən əlillik veribdir, o, iş qəzası ilə əlaqədar pensiyaya çixmalıydı, əlillərin bərpa mərkəzi ona zəng edib İmişli rayon bas həkimini söyür ki, oğras, şərəfsiz rüşvət alıb, ürək xəstəliyi ilə pensiyaya çıxarıbdır” kimi məlumatlar yaymışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi Məhkəməlinqvistik ekspertizasının xx.xx.2024-cü il tarixli 3-16-16/2-4/1190 saylı rəyi ilə müəyyən olur ki, X7 "Tik-Tok" sosial şəbəkəsində canlı yayımda dediyi sözlərin mətni aşağıdakı kimi tərtib edilmişdir: "Salaməleyküm. Mən sosial şəbəkədə paylaşdım ki, bir il idi əlilliyimi ala bilmirdim. 7 dəfə də əlillərin bərpa mərkəzində olmuşam, iki dəfə də İmişlidən göndəriş vurmuşam, imtina gəlir. İndi mən sosial şəbəkədə paylaşım eləmişəm ki, mən əlilliyimi ala bilmirəm. İki uşaq atasıyam, əlilliyimi ala bilmirəm. Tezbazar mənə götürüblər X13 bərpa mərkezi mənə əlillik təsdiq eliyiblər. Mesaj gəlib, 1 saat ərzində əlillik təsdiq eliyiblər. Əlilliyim gəlib təsdiq olunub. Zəng eləmişəm deyillər hə, əlilliyin təsdiq olunub. Biz az özüm də söyündüm ki, həə, belençinə bir şey var imiş, baxıllarmış şikayətə. Okazivayetsa İmişdinin baş həkimi Anar həkim götürüb məə o mənim qolum olmuya-olmuya məə ürək xəstəliyiynən əlillik veriblər. Məni ürək xəstəliyiynən pensiyaya çıxardıblar. Mən iş qəzasıynan pensiyaya çixmalıydım, mənim qolum olmuya-olmuya çox gülünc vəziyyətdi vallah. Götürüb mənə ürək xəstəliyiynən əlillik təyin eliyiblər. İndi də əlillərin bərpa mərkəzi mənə zəng eliyib İmişdi rayon bas həkimin söyür ki, çox gülməli vəziyyətdi e vallah, özünün də gülməyi gəlir. Söyür ki, o oğras, şərəfsiz rüşvət alıb, neyniyib bilmirəm, sənə götürüb ürək xəstəliyiynən yazib. Nə bilim vallah baxın da, bu da mənim qolum, yoxdu. Məni ürək xəstəliyiynən pensiyaya çıxarıblar, əlillik təsdiq eliyiblər." Göründüyü kimi, İlqar Qurbanov "Tik-Tok" sosial şəbəkəsində canlı yayım açaraq ona bir qolu olmadığına baxmayaraq əlillik dərəcəsinin verilmədiyini deyir. O, əlillik dərəcəsi almaq üçün aidiyyati qurumlara müraciət etdiyini, lakin bunun heç bir nəticə vermədiyini söyləyir. Bu məsələ ilə bağlı sosial şəbəkədə canlı yayım açdıqdan sonra İ.Qurbanov əlilliyini nahayət ki, ala bildiyini söyləyir. Lakin İmişli Rayon Xəstəxanasının baş həkimi Anar Nəcəfovun bir qolu olmadığına baxmayaraq ona ürək xəstəliyiynən əlillik dərəcəsi təyin etdiyini söyləyir. Çıxışında İ.Qurbanov ona Əlillərin bərpa mərkəzindən zəng olunduğunu deyir: "İndi də Əlillərin bərpa mərkəzi mənə zəng eliyib İmişli rayon baş həkimin söyür ki, çox gülməli vəziyyətdi e vallah, özümün də gülməyi gəlir. Söyür ki, o oğraş, şərəfsiz rüşvət alıb, neyniyib bilmirəm, sənə götürüb ürək xəstəliyiynən yazib". İ.Qurbanov kameraya qolunun olmadığını nümayiş etdirir ve ona ürək xəstəliyiynən əlillik təyin edildiyini söyləyir. Şərəf qanunvericiliklə qorunan şəxsi, qeyri-əmlak xarakterli mənəvi keyfiyyət olmaqla şəxsiyyətin sosial normalara uyğun davranışı, insanın sosial cəhətdən müsbət qiymətləndirilməsi, onun haqqında formalaşan ictimai fikirlə, ləyaqət isə şəxsiyyətin özünün şəxsi keyfiyyətlərini dəyərləndirmə sistemi ilə bağlı mənəvi keyfiyyətdir. Video faylda səsləndirilmiş məlumatlarda İlqar Qurbanov bir qolu olmadığı barədə məlumat verir. Lakin buna baxmayaraq o, İmişli rayon xəstəxanasının baş həkimi Anar Cəfərovun ona ürək xəstəliyi ilə əlillik dərəcəsi təyin etdiyini bildirir. Qeyd edilən məlumatlar xidməti fəaliyyətlə əlaqədar cəmiyyat, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında A.Cəfərov barəsində mənfi rəy yaratdiğından onun şərəf və ləyaqətini alçaldan məlumatlar hesab edilir. Аzərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsi Maddə. 124.1 Məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar,sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Maddə. 125.1 Məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Maddə. 144 Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutlar mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmədə tədqiq olunmuş sübutlara əsasən “Tik-Tok” sosial şəbəkəsində paylaşılan «Biabırçılıq! Bir qolu olmayan vətəndaşa ürək xəstəliyi adı ilə əlillik təyin etdilər!» sərlövhəli video yayımda X12 tərəfindən səslədirilən fikirlərdə ifadə olunan “İmişli Rayon Mərkəzi Xəstəxanasının baş həkimi X18 götürüb ona qolu olmadığı halda ürək xəstəliyindən əlillik veribdir, o, iş qəzası ilə əlaqədar pensiyaya çixmalıydı, əlillərin bərpa mərkəzi ona zəng edib İmişli rayon bas həkimini söyür ki, oğras, şərəfsiz rüşvət alıb, ürək xəstəliyi ilə pensiyaya çıxarıbdır” kimi ifadələr işlətməsi barədə məlumatların əldə olunduğu mötəbər mənbə müəyyən edilməmiş və həmin məlumatların həqiqiliyi təsdiq olunmamışdır. Аzərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinin 2-ci bəndinə əsasən şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. «Kütləvi İnformasiya vasitələri haqqında» Аzərbaycan Respublikası Qanunun 10-cu maddəsinin 1-ci abzastına əsasən....., mötəbər mənbə adı altında vətəndaşların şərəf və ləyaqətini alçaldan şayiələr, yalan və qərəzli yazılar, pornoqrafik materiallar çap etdirmək, böhtan atmaq, yaxud digər qanuazidd əməllər törətmək məqsədilə kütləvi informasiya vasitələrindən istifadə olunmasına yol verilmir. Həmin Qanunun 44-cü maddəsinin 1-ci abzastına əsasən kütləvi informasiya vasitəsində fiziki və hüquqi şəxslərin şərəf və ləyaqətini ləkələyən, böhtan və təhqir xarakterli məlumatlar verildikdə, fikirlər təhrif olunduqda fiziki şəxsin özünün və ya nümayəndəsinin..... həmin kütləvi informasiya vasitəsində bir ay müddətində cavab vermək, həqiqətə uyğun olmayan məlumatın təkzib olunmasını, düzəliş verilməsini, habelə üzr istənilməsini tələb etmək, yaxud birbaşa məhkəməyə müraciət etmək hüququ vardır. «Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Аzərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il tarixli, 7 nömrəli qərarının 3-cü bəndinin 2-ci abzastında göstərilmişdir ki, məlumat əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2006-cı il tarixli 5 nömrəli qərarının 21-ci bəndində izah edilmişdir ki, şəxsi həyat sirrinin qorunması hüququ ailədə, qohumlar, dostlar arasında əlaqələrdə, insanlar arasında azadlıqda ifadəsini tapır. Düşüncə tərzi, siyasi və sosial dünyagörüş, məşğuliyyət və yaradıcılıq da şəxsi həyatın təzahürlərinə aiddir. İnsanın şəxsi həyatı, ailə sirri, şərəf və ləyaqəti qanunun müdafiəsi altındadır.Qanunda nəzərdə tutulduğu hallardan başqa insanın öz hüquqlarından istifadəsinə müdaxilə edilməsinə yol verilmir. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-nin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Məhkəmə hesab edir ki, “Tik-Tok” sosial şəbəkəsində «Biabırçılıq! Bir qolu olmayan vətəndaşa ürək xəstəliyi adı ilə əlillik təyin etdilər!» sərlövhəli video yayımda X12 tərəfindən səsləndirilən ifadələrdə X11 şərəf və ləyaqətini ləkələyən, onu nüfuzdan salan məlumatlar yalan olmuş və kütləviliklə yayılmışdır. Məhkəmə qeyd edir ki, Avropa Məhkəməsinin formalaşmış presedent hüququna görə də, tənqid və təhqir aşkar fərqlənən əməllərdir və prinsip etibarı ilə sonuncuya münasibətdə cəzalandırmanın tətbiqi mümkündür. Təhqiramiz ifadədən istifadə etmənin məqsədi şəxsi təhir etmək olmuşdursa, bu növdən olan əməllərin törədilməsi fikir ifadə etmək azadlığı hüququnun qorunması təsiri altına düşmür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə əsasən böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitələrində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında yaymağa görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Ona görə də, X12 Azərbaycan Respublikası CM-nin 147-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməli və Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla cəzalanmalıdır. Eyni zamanda, xüsusi ittihamçı tərəfindən X9 qarşı Azərbaycan Respublikası CM-nin 148-ci maddəsi ılə ittiham irəli sürülmüşdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsinə əsasən təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmağa görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Məhkəmə iclasında toplanmış sübutlarla X7 Azərbaycan Respublikası CM-nin 148-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi faktı öz təsdiqini tapmamış, bu barədə xüsusi ittihamçı tərəfindən əlavə sübutlar təqdim edilməmiş, təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmağa görə nəzərdə tutulmuş cinayət əməlini törətməsi halları sübuta yetirilməmişdir. Ona görə də, Azərbaycan Respublikası CM-nin 148-ci maddəsi X9 qarşı irəli sürülmüş ittihamdan xaric edilməlidir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsi Maddə 8.1. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Maddə 41.1. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Maddə 41.2. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Maddə 58.1. Cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Maddə 58.3. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin göstərilən normalarının müəyyən etdiyi ədalət prinsipi və cəzanın təyin edilməsinin ümumi əsasları cəza təyin edilərkən törədilmiş cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin nəzərə alınmasını nəzərdə tutmuşdur. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CM-nin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə cinayət qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Məhkəmə təqsirləndirilən şəxs X7 ilk dəfə məhkum olmasını, əməlini qismən etiraf edib peşmançılıq çəkməsini, ikinci dərəcəli əlil olmasını və himayəsində iki nəfər azyaşlı uşaqların olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs X3 əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Məhkəmə cəza təyin edərkən X7 törətdiyi cinayətin ictimai-təhlükəlilik dərəcəsini və xarakterini, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, ailəsinin mövcud maddi və sosial vəziyyətini nəzərə alır. Ona görə də, məhkəmə qeyd olunanları nəzərə alaraq, X9 təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzasının tətbiq edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən X6 məhkəməlinqvistik ekspertizasının keçirilməsi ilə əlaqədar 150 (bir yüz əlli) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. X12 müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilməli və vəkil X10 tərəfindən göstərilmiş hüquqi yardıma görə 42 (qırx iki) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına İmişli rayon vəkil bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: X12 Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsi ilə təqsirli bilinib, 1500 (bir min beş yüz) manat cərimə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 148-ci maddəsi X9 qarşı irəli sürülmüş ittihamdan xaric edilsin. X6 məhkəmə-linqvistik ekspertizasının keçirilməsi ilə əlaqədar 150 (bir yüz əlli) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. İş üzrə maddi sübut və mülki iddia yoxdur. X12 müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin. Vəkil X10 tərəfindən göstərilmiş hüquqi yardıma görə 42 (qırx iki) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına İmişli rayon vəkil bürosunun hesabına köçürülsün. Hökmdən 20 gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu andan 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar