Azərbaycan Respublikası adından HÖKM İmişli rayonu İş № 1(036)-37/2025 20.05.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (Şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – İmişli rayon vəkil bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1987-ci il tarixdə İmişli şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməyən, İmişli şəhəri, Tofiq İsmayılov küçəsi, ev 45-də qeydiyyatda olmaqla həmin ünvanda yaşayan və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilir ona görə ki, o, özgənin əmlakını gizli yolla talama məqsədilə 13 dekabr 2024-cü il tarixdə saat təxminən 07 radələrində Zərərçəkmiş şəxs məxsus İmişli rayonu, Muradallı kəndində yerləşən fərdi yaşayış evinin həyətinə evin həyət darvazasının açıq qapısını əlləri ilə itələyib qanunsuz daxil olduqdan sonra həyətdəki saxlanc yeri hesab edilən yarım tikilinin açıq qapısını da əlləri ilə itələyib daxil olaraq oradan 1 ədədi 169 manat dəyərində olan Petlas markalı, 23560R18 ölçülü 4 ədəd təzə təkəri, 1 metri 1 manat olan 01 faza bir nol 2X16 AWQ markalı alüminium materialından hazırlanmış 80 metr uzunluğunda elektrik kabeli, 1 metri 1,8 manat dəyərində olan 2X2,5 ölçüdə 2 faza bir nol İntersan kablo markalı, mis materialından hazırlanmış 50 metr uzunluğunda elektrik kabeli, 1 ədədi 2,08 manat olan F 20 markalı 60 ədəd ştuseri, 80 manat dəyərində 1 ədəd lavaş bişirmək üçün nəzərdə tutulmuş dəmir sacı və 1 ədəd MKP 62 “Marquis” markalı 220- 240V gücündə su motorunu gizli yolla talamaqla zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs cəmi 1114,8 (min yüz on dörd manat səkkiz qəpik) manat məbləğində maddi ziyan vurub saxlanc yerinə qanunsuz daxil olaraq oğurluq etmişdir. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli özünün məhkəmə iclasında verdiyi etirafedici ifadəsi ilə yanaşı iş məhkəmə iclasında dindirilmiş zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, habelə iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib ifadəsində göstərmişdir ki, maddi sıxıntıları olduğundan oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə o, xx.xx.2024-cü il tarixdə təxminən saat 07 radələrində idarə etdiyi avtomobillə İmişli rayonunun Muradalılar kəndinə gəlmişdir. Həmin kənddə olan zaman idarə etdiyi avtomobili təxminən iki il bundan əvvəl metal aldığı evin qarşısına sürmüşdür. Avtomobili evdən təxminən 20 metr məsafədə, yolun kənarında saxlamışdır. Avtomobildən düşüb piyada həmin evin darvazasının qarşısına gəlmiş, həmin vaxt evin darvazasının kiçik qapısı açıq olmuşdur. O, həmin qapıdan içəri girib, evdə və həyətdə heç kimin olmadığını görüb evin darvazasından təxminən 10-15 metr məsafə aralıda qapısı açıq olan yarım tikiliyə daxil olmuşdur. Yarım tikiliyə daxil olan kimi sol tərəfdə birinci otaqda avtomobil üçün 4 ədəd təzə təkərin üst-üstə yığıldığını, bundan əlavə yarım tikilinin içərisində alüminium materialından hazırlanmış təxminən 80 metr uzunluğunda elektrik kabel, mis materialından hazırlanmış təxminən 50 metr uzunluğunda elektrik kabel, 60 ədəd ştuser, 1 ədəd lavaş bişirmək üçün nəzərdə tutulmuş dəmir sac və 1 ədəd “Marquis” markalı su motoru olduğunu görüb, əvvəlcə 4 ədəd təkəri qollarına alıb bir-bir hasarın digər tərəfinə tullamış, sonra orada bir ədəd sellofan torbanın içərisində olan 60 ədəd ştuserləri və elektrik kabellərini götürüb avtomobilin yanına gələrək ehtiyat yük yerinə qoymuşdur. Bundan sonra hasardan tulladığı 4 ədəd təkəri də gətirib avtomobilin yük yerinə yığmışdır. Daha sonra yenidən yarım tikiliyə tərəf qayıdıb oradan bir ədəd lavaş bişirmək üçün nəzərdə tutulmuş dəmir sacı və bir ədəd “Marquis” markalı su motorunu da götürüb yenidən avtomobilə qayıdıb avtomobilin arxa oturacaqlarına qoymuş və avtomobilə əyləşib oradan birbaşa yaşadığı evə gəlmişdir. Oğurladığı 4 ədəd təkəri, alüminium materialından hazırlanmış təxminən 80 metr uzunluğunda elektrik kabeli, mis materialından hazırlanmış təxminən 50 metr uzunluğunda elektrik kabeli, 1 ədəd lavaş bişirmək üçün nəzərdə tutulmuş dəmir sacı və 1 ədəd “Marquis” markalı su motorunu yaşadığı evin həyətinə gətirib yardımçı tikilinin içərisinə qoymuşdur. Elə həmin gün saat təxminən 12 radələrində 60 ədəd ştuseri Cəmil adlı şəxsin metal qəbulu məntəqəsində Cəmilin özünə 45,80 (qırx beş manat səksən qəpik) manata satmışdır. Səhəri gün, yəni xx.xx.2024-cü il tarixdə saat təxminən 11 radələrində alüminium materialından hazırlanmış təxminən 80 metr uzunluğunda elektrik kabeli, mis materialından hazırlanmış təxminən 50 metr uzunluğunda elektrik kabeli, 1 ədəd lavaş bişirmək üçün nəzərdə tutulmuş dəmir sacı və 1 ədəd “Marquis” markalı su motorunu yaşadığı küçədə idarə etdiyi motosikletlə metal qəbul edən tanımadığı bir nəfər şəxsə satmışdır. Oğurladığı alüminium materialından hazırlanmış təxminən 80 metr uzunluğunda elektrik kabeli 40 (qırx) manata, mis materialından hazırlanmış təxminən 50 metr uzunluğunda elektrik kabeli 40 (qırx) manata, 1 ədəd lavaş bişirmək üçün nəzərdə tutulmuş dəmir sacı 50 (əlli) manata və bir ədəd “Marquis” markalı su motorunu 30 (otuz) manata satmış, 4 ədəd təkəri isə heç kimə satmamış və sonradan həmin təkərləri zərərçəkmiş şəxsə qaytarılması üçün istintaqa təqdim etmişdir. Hazırda zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs vurmuş olduğu maddi ziyanı tam şəkildə ödəməklə onunla barışmışdır və sonuncunun ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Əvvəl keçirilmiş məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə qızı Dilşad və nəvələri ilə birlikdə Bakı şəhərinə getmişlər. Arvadı Aidə isə evdə tək qalmışdır. xx.xx.2024-cü il tarixdə evə qayıtmış və həmin gün təxminən saat 15 radələrində evin həyətində yerləşən yardımçı tikiliyə baxan zaman oraya qoyduqları əşyaların yerində olmadığını görmüşdür. Bir neçə gün gözlədikdən sonra, yəni xx.xx.2024-cü il tarixdə hüquq-mühafizə orqanlarına oğurluq barədə məlumat vermişdir. Daha sonra o, bu barədə şikayət etmək qərarına gəlmiş və İmişli rayon polis şöbəsinə gələrək şikayət ərizəsi yazmışdır. xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək ona məxsus fərdi yaşayış evinin həyətində yerləşən yardımçı tikilidən 1 ədədi 150 manat olan 4 ədəd 235 60 R18 ölçülü təzə təkər, 1 metri təxminən 2.20 manat olan 80 metr uzunluğunda alüminium materialından hazırlanmış elektrik kabel, 1 metri təxminən 3 manat olan mis materialından hazırlanmış 50 metr uzunluğunda elektrik kabel, 1 ədədi 2 manat olan 60 ədəd ştuser, 50 manat dəyərində 1 ədəd lavaş bişirmək üçün nəzərdə tutulmuş dəmir sac və 50 manat dəyərində üzərində gidraforu olmayan 1 ədəd “Marquis” markalı təzə su motoru oğurlanmışdır. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona təxminən 1146 (bir min yüz qırx altı) manat maddi ziyan dəymişdir. Sonradan ona məxsus fərdi yaşayış evindən oğurluq etmiş şəxsin İmişli şəhər sakini Təqsirləndirilən şəxs olduğunu bilmişdir. Təqsirləndirilən şəxs ona dəymiş maddi ziyanı tam şəkildə ödəmişdir. Hazırda o, Təqsirləndirilən şəxslə barışmışdır və sonuncuya qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə əri Eyvaz qızı Dilşad və nəvələri ilə birlikdə Bakı şəhərinə getmişlər, o isə evdə tək qalmışdır. Əri Eyvaz xx.xx.2024-cü il tarixdə evə qayıtmış və həmin gün təxminən saat 15 radələrində evin həyətində yerləşən yardımçı tikiliyə baxan zaman oraya qoyduğu əşyaların yerində olmadığını görmüşdür. Bundan bir neçə gün sonra bu barədə hüquq-mühafizə orqanlarına məlumat vermişdir. Onlara məxsus fərdi yaşayış evinin həyətində yerləşən yardımçı tikilidən 1 ədədi 150 manat olan 4 ədəd 23560R18 ölçülü təzə təkər, 1 metri təxminən 2.20 manat olan 80 metr uzunluğunda alüminium materialından hazırlanmış elektrik kabel, 1 metri təxminən 3 manat olan mis materialından hazırlanmış 50 metr uzunluğunda elektrik kabel, 1 ədədi 2 manat olan 60 ədəd ştuser, 50 manat dəyərində 1 ədəd lavaş bişirmək üçün nəzərdə tutulmuş dəmir sac və 50 manat dəyərində üzərində gidraforu olmayan 1 ədəd “Marquis” markalı təzə su motoru oğurlanmışdır. Hadisə baş verdiyi gün, yəni xx.xx.2024-cü il tarixdə saat təxminən 07 radələrində o, yaşadıqları evdə yatmış vəziyyətdə olduğundan hər hansı səs-küy eşitməmişdir. Məhkəmə iclasında Şahid2 elan olunmuş ifadəsindən görünür ki, o, ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, İmişli şəhəri, Heydər Əliyev prospektində metal qəbulu məntəqəsi vardır. O, gələn və çıxan mallara nəzarət edir. İmişli şəhər sakini Təqsirləndirilən şəxs uzun müddətdir ki, tanıyır. Təqsirləndirilən şəxs dəfələrlə onun məntəqəsinə metal gətirib satmışdır. xx.xx.2024-cü il tarixdə saat təxminən 11 radələrində o, metal qəbulu məntəqəsində olarkən Təqsirləndirilən şəxs idarə etdiyi VAZ-2106 markalı, **-FX-*** dövlət qeydiyyat nişanlı avtomobillə məntəqəyə gəlib onunla görüşmüş və onda 60 ədəd ştuser və 2.5 kq nazik dəmir olduğunu metal kimi satmaq istədiyini demişdir. O, həmin vaxt Cəsarətə gətirdiyi ştuserlər və 2.5 kq nazik dəmirə görə ümumilikdə 45,80 manat pul vermiş və qeydiyyat dəftərində bunun qeydiyyatını aparmışdır. Bundan sonra Cəsarət çıxıb getmişdir. Daha sonra xx.xx.2024-cü il tarixdə İmişli rayon polis şöbəsinin əməkdaşları onun işlətdiyi məntəqəyə gəlib ondan təxminən 10 gün bundan əvvəl kimdənsə ştuser alıb-almadığını soruşmuşlar. O da həmin vaxt polis əməkdaşlarına təxminən 10 gün əvvəl İmişli şəhər sakini Təqsirləndirilən şəxs 60 ədəd ştuser aldığını bildirmişdir. O, Təqsirləndirilən şəxs həmin ştuserləri alan zaman onların oğurluq yolu ilə əldə edildiyini bilməmişdir. Belə ki, Cəsarət əvvəllər dəfələrlə məntəqəyə metal məmulatları gətirib satdığından onda sonuncuya qarşı inam və etibar yaranmışdı. Buna görə də həmin vaxt ondan ştuserləri alan zaman haradan əldə etdiyini soruşmamışdır. Cəsarət də ona həmin ştuserləri haradan əldə etməsi barədə heç bir söz deməmişdir. O, Təqsirləndirilən şəxs almış olduğu 60 ədəd ştuseri elə həmin gün əritməyə göndərmişdir. Buna görə də həmin ştuserləri istintaqa təqdim edə bilməmişdir. Cinayət işi materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş; Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 04 fevral 2025-ci il tarixli, 9/246 nömrəli rəyindən görünür ki, 2024-cü ilin dekabr ayına olan orta bazar qiyməti ilə 1 ədəd Petlas 235/60/R18 markalı təzə təkərin qiyməti 169 manat olmaqla 4 ədədinin qiyməti 676 manat və lavaş bişirmək üçün nəzərdə tutulmuş bir ədəd dəmir sacın qiyməti 80 manat təşkil edir (cild 1, səhifə 87); Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 19 fevral 2025-ci il tarixli, 9/1386 nömrəli rəyindən görünür ki, 01 faza bir nol olan 2X16 AWQ markalı alüminium materialından hazırlanmış elektrik kabelin bir metrinin qiyməti 1 manat olmaqla 80 metrinin qiyməti 80 manat, İntersan kablo markalı, 2X2,5 ölçüdə 2 faza bir nol olan mis materialından hazırlanmış elektrik kabelinin bir metrinin qiyməti 1,8 manat olmaqla 50 metrinin qiyməti 90 manat, F 20 markalı ştuser (mufta, çöl yivli rekor) (yeni) bir ədədinin qiyməti 2,08 manat olmaqla 60 ədədinin qiyməti 124,8 manat, MKP 62 “Marquis” markalı 220-240V gücündə su motorunun (yeni) qiyməti isə 64 manat təşkil edir (cild 1, səhifə 107-110); Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, faktla bağlı həmin tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə cinayət işi başlanmışdır (cild 1, səhifə 1); Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddə ilə ittiham elan edilmişdir (cild 1, səhifə 39-40); Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddə ilə ittiham elan edilmişdir (cild 1, səhifə 233-234); Qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir (cild 1, səhifə 51-52); Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə yenidən ittiham elan edilmişdir (cild 1, səhifə 119-120); Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün məhkəmə iclasında verdiyi etirafedici ifadəsi ilə yanaşı iş üzrə dindirilmiş zərər çəkmiş şəxsin və şahidlərin ifadələri və məhkəmə iclasında tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyil. Ona görə də ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4 və 59.1.13-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını və zərər çəkmiş şəxsə dəymiş ziyanı tam şəkildə ödəməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs İmişli Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il 5 (beş) ay 10 (on) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına və İmişli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç) il 1 (bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İmişli rayon İcra və Probasiya şöbəsini 172209 nömrəli məktubundan müəyyən olunur ki, İmişli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(036)-34/2024 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç) il 1 (bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs 27 may 2024-cü il tarixdən şöbənin qeydiyyatına alınmış və 20 may 2025-ci il tarixə 2 (iki) il 2 (iki) ay 5 (beş) gün çəkilməmiş cəzası qalmışdır. Göründüyü kimi Təqsirləndirilən şəxs əvvəllər də iki dəfə oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama cinayəti törətmiş, hər iki cinayət faktı üzrə məhkəmə hökmü ilə ona azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, lakin təyin edilmiş cəzalar onun islah olunmasına təsir etməmiş və yenidən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama cinayətini törətmişdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 nömrəli qərarının 2-ci hissəsinin 5-ci abzasında qeyd olunur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə hökmləri ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzalarına məhəl qoymamaqla üçüncü dəfə eyni xarakterli cinayət əməllərini törətməsi onun islah olunmamasına dəlalət edir. Eyni zamanda məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əməllərinə davam etməsi cəmiyyətin maraqları ilə yanaşı onun himayəsində olan bir yetkinlik yaşına çatmayan və iki azyaşlı uşaqlarının da tərbiyəsinə mənfi təsir göstərə bilər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunduğu təqdirdə təmin edilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli, həmin maddənin sanksiyası çərçivəsində ona azadlıqdan məhrum etmə cəzası təyin edilməli və təyin ediləcək cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1 və 68.1.1-1-ci maddələrinə əsasən İmişli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(036)-34/2024 saylı hökmü üzrə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi ilə qismən birləşdirilməlidir Məhkəmə məsrəfləri ilə bağlı məsələni tədqiq edərək məhkəmə hesab edir ki, cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməli və Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixədək 8 saat və xx.xx.2025-ci il tarixindən sonrakı dövr üzrə 4 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi İmişli rayon vəkil bürosunun vəkili Müdafiəçi 92 (doxsan iki) manat məbləğində pul Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi sübut, mülki iddia və ya xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. İmişli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(036)-34/2024 saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təyin edilmiş 3 (iki) il 1 (bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalmış 2 (iki) il 2 (iki) ay 5 (beş) gün hissəsinin iki günü Azərbaycan Respublikası CM-nin 67.1 və 68.1.1-1-ci maddələrinə əsasən azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər hesablanmaqla 1 (bir) il 1 (bir) ay 2 (iki) günü hazırkı təyin olunmuş cəza ilə qismən birləşdirilsin və üzərində qəti olaraq 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli həbsə alındığı gündən, yəni 20 may 2025-ci il tarixdən hesablansın. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixədək 8 saat və xx.xx.2025-ci il tarixindən sonrakı dövr üzrə 4 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi İmişli rayon vəkil bürosunun vəkili Müdafiəçi 92 (doxsan iki) manat məbləğində pul Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum şəxsə münasibətdə isə rəsmi verildiyi andan 20 gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Zaur Pirverdiyev
Məhkəmə qərarları › İş №1(036)-37/2025
İmişli Rayon Məhkəməsi Hökm — İş №1(036)-37/2025
20.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver