Azərbaycan Respublikası adından HÖKM İmişli rayonu İş № 1(036)-38/2024 29.04.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məkhəməsinin hakimi Quliyev Telman Osman oğlunun sədrliyi, Şiralıyeva Günel Mirzə qızının katibliyi, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (Şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi İmişli rayon vəkil bürosunun vəkili X2 iştirakı ilə, xx xxxx 1967-ci il tarixdə Neftçala rayonunun Mirzəqurbanlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu götürülmüş, Neftçala rayonunun Mirzəqurbanlı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə İmişli Rayon Məkhəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs İran İslam Respublikasında olduğu müddətdə həmin ölkənin müvəqqəti yaşayış qaydalarını pozduğuna görə ona tətbiq edilən cərimələri maddi imkanı olmadığından ödəyə bilmədiyindən, bununla da qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikasına qayıda bilmədiyindən 15 yanvar 2024-cü il tarixdə, saat 21:56 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin İmişli rayonunun Çaxırlı kəndində yerləşən 1-ci sərhəd zastavasının 8-ci sahəsinin xidməti ərazisindən qəsdən qanunsuz olaraq İran İslam Respublikasından Azərbaycan Respublikasına keçmiş, 8-ci sahədə təşkil edilmiş "Pusqu" sərhəd naryadı tərəfindən "65" nömrəli sərhəd nişanından 150 metr sağda, dövlət sərhəd xəttindən 550 metr içəridə sərhəd naryadı tərəfindən saxlanılmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, Azərbaycan Respublikasında dolanışığı zəif olduğundan, həmçinin ailə münasibətləri normal olmadığından düşünmüşdür ki, İran İslam Respublikasına, Türkiyəyə və ya digər qonşu dövlətlərə gedib orada işləsin. Bu məqsədlə 5 avqust 2022-ci il tarixdə Bakı şəhərindən - "Heydər Əliyev" adına X4 İran İslam Respublikasının Tehran şəhərinə getmiş, Tehran şəhərinə çatan kimi oradan taksi ilə Təbriz şəhərinə getmişdir. Təbriz şəhərində 4-5 gün oteldə qaldıqdan sonra quru yolla Türkiyənin Van şəhərinə getmiş, Türkiyədə 6 ay müddətində müxtəlif işlərdə çalışmışdır. Türkiyə qanunlarına əsasən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər cəmi 6 ay müddətində ölkə ərazisində yaşaya bilər, həmin müddət bitəndən sonra ya ölkəni tərk etməli və yaxud ölkənin ərazisində müvəqqəti yaşamaq üçün icazə alınmalıdır. Həmin müddət ərzində o, icazə ala bilməmiş, bu səbəbdən Təbriz şəhərinə qayıtmış, təxminən 6 ay müddətində müxtəlif işlərdə çalışmış, lakin pulu tükənməyə başlamış və bu səbəbdən o, Azərbaycan Respublikasına qayıtmaq qərarına gəlmişdir. İran İslam Respublikasında gömrük işçiləri ona bildirmişlər ki, həmin ölkənin qanunlarına əsasən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər cəmi 15 gün müddətində ölkə ərazisində yaşaya bilər, həmin müddət bitdikdən sonra növbəti hər günə görə 200.000 tümən məbləğində cərimə ödənilməlidir. İran İslam Respublikasında olduğu 6 ay müddətində 40.000.000 tümən məbləğində cəriməsi yığıldığından ona İrandan çıxmağa icazə verilməmişdir. Bu səbəbdən o, qanunsuz yolla Azərbaycana qayıtmaq qərarına gəlmişdir. Həmin məqsədlə Təbriz şəhərindən təkbaşına İran İslam Respublikasının Azərbaycan Respublikası ilə sərhəd rayonu olan Parsabad rayonuna getmiş, orada bir neçə gün qaldıqdan sonra Tarzan adlı şəxslə tanış olmuş, sonuncu təxminən 40-45 yaşlarında, təxminən 180-185 sm boyu olan, uzun saçlı, bığlı-saqqallı, ağbəniz, orta bədən quruluşlu bir şəxs olmuşdur. O, Tarzan adlı şəxslə Azərbaycan Respublikasına necə qanunsuz yolla gedə biləcəyini, bu işdə ona köməklik göstərə biləcək hər hansı şəxsin olub-olmamasını soruşduqda, sonuncu bu işdə özü ona köməklik göstərəcəyini bildirmişdir. Tarzan adlı şəxs demişdir ki, İran-Azərbaycan sərhədini yaxşı tanıyır və nə vaxt getmək istəsə sonuncuya desin. 15 yanvar 2024-cü il tarixdə, saat 18 radələrində o, Tarzan adlı şəxslə görüşmüş və sonuncu ona Azərbaycan Respublikasına necə keçməyin yolunu izah etmişdir. Tarzan adlı şəxs onu əvvəllər getmədiyi bir əraziyə aparmış və təxmini istiqamət verərək əli ilə göstərib demişdir ki, həmin yolu düz getsə qanunsuz yolla Azərbaycan Respublikasına keçə bilər. Həmin yer Parsabad rayonunun adını bilmədiyi kəndinin ərazisi olmuşdur. O, Tarzan adlı şəxsin dediyi yolla hərəkət edərək İran İslam Respublikası - Azərbaycan Respublikası sərhədinə yaxınlaşmış, sərhəd xəttini keçəndən sonra Azərbaycan Respublikasının ərazisində hərəkət etməyə başlamış, müəyyən müddət piyada hərəkət edəndən sonra Azərbaycan sərhədçiləri ona "Dayan!" komandası vermiş və o, dərhal yerində dayanmışdır. Bundan sonra sərhədçilər onu saxlamışlar. İran İslam Respublikasında olarkən cərimələri yığılmış, onları ödəməyə maddi imkanı olmamış, quru sərhədləri də bağlı olduğundan yalnız hava yolu ilə ölkəyə qayıtmaq mümkün olmuş, maddi vəziyyəti isə aviabilet almağa imkan vermədiyindən məcbur qalıb Azərbaycan Respublikasına qanunsuz yolla gəlmişdir. Mövcud vəziyyəti barədə Azərbaycan Respublikasının İran İslam Respublikasındakı hər hansı diplomatik nümayəndəliyinə müraciət etməmiş, aviabilet almaqda köməklik göstərilməsi üçün hər hansı qohum və ya tanışlarına müraciət etməmişdir. O, Tarzan adlı şəxslə İran İslam Respublikasının Parsabad şəhərində təsadüfən tanış olmuş, onları heç kəs tanış etməmiş, bir-iki dəfə Parsabad rayonunda qaldığı ərazidə görüşmüş, sonuncunun istifadəsində olan mobil nömrəni əzbər bilməmiş, eyni zamanda onun mobil telefonunda da Tarzan adlı şəxsin mobil nömrəsi olmamışdır. Tarzan adlı şəxs ondan bu işin müqabilində hər hansı məbləğdə pul istəməmiş, o da sonuncuya heç bir məbləğdə pul vəsaiti verməmiş, sadəcə olaraq onun xahişi əsasında bu köməkliyi göstərmişdir. O, əvvəllər Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçməmiş, ilk dəfədir ki, qanunsuz yolla Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmiş, saxlanılan zaman sərhədçilər tərəfindən ona qarşı hər hansı qanunsuz hərəkətə yol verilməmiş, o sərhədçilərin komandasına tabe olmuş, bundan sonra onu saxlayıb sərhəd zastavasına aparmışlar. Təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməli özünün etirafedici ifadəsilə yanaşı, iş üzrə şahidlərin ifadələri, iş materialları və işin digər obyektiv halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin 1-ci sərhəd komendantlığının əməliyyat müvəkkili vəzifəsində xidmət edən, leytenant Şahid1 ifadə verərək göstərdi ki, xidmət etdiyi N nömrəli hərbi hissənin 1-ci sərhəd zastavasının xidməti ərazisində dövlət sərhədinin pozulmasına dair daxil olmuş əməliyyat məlumatı əsasında 15 yanvar 2024-cü il tarixdə, saat 18:00-dan saat 00:00-dək 1-ci sərhəd zastavasının 8-ci sahəsində baş çavuş Şahid2 ilə birlikdə “Pusqu dəstəsi” sərhəd naryadı xidməti təşkil edilmişdir. Həmin tarixdə, saat 21:56 radələrində sərhəd zastavasının 8-ci sahəsində 65 nömrəli sərhəd nişanından təqribən 150 metr sağda, dövlət sərhəd xəttindən təqribən 550 metr içəridə, İran İslam Respublikası - Azərbaycan Respublikası istiqamətində 1 nəfərə məxsus qaraltı müşahidə olunmuşdur. Onlar dərhal əlverişli mövqə seçərək həmin şəxsin yaxın məsafəyə buraxaraq həmin şəxsə “Dayan!” komandası vermiş və nəticədə həmin şəxs saxlanılmışdır. Saxlanılan şəxs dərhal zastavaya aparılmış və sorğu-sual zamanı onun Neftçala rayon sakini, xx xxxx 1967-ci il təvəllüdlü Təqsirləndirilən şəxs olması məlum olmuşdur. Təqsirləndirilən şəxs İran İslam Respublikasından qanunsuz yolla Azərbaycan Respublikasına keçməsini etiraf etmiş və bundan sonra onunla əlaqədar sənədləşmə işləri aparılmışdır. Onlar həmin vaxt ərazidə Təqsirləndirilən şəxs başqa heç kəsi müşahidə etməmiş, sərhəd zastavası "Silaha!" komandasından sonra əraziyə axtarış tədbirləri həyata keçirmiş, lakin şübhəli hər hansı şəxs və ya məqam aşkar olunmamışdır. Saxlanılan Təqsirləndirilən şəxs İran İslam Respublikasından qanunsuz olaraq Azərbaycan Respublikasına keçməsində İran İslam Respublikasının Parsabad şəhərində yaşayan Tarzan adlı şəxs tərəfindən köməklik göstərildiyini bildirmişdir. Onlar Təqsirləndirilən şəxs saxlayan zaman sonuncuya qarşı hər hansı fiziki və ya mənəvi zor tətbiq etməmiş, sonuncu da saxlanılan zaman sərhəd naryadına qarşı heç bir müqavimət göstərməmişdir. Məhkəmə iclasında İş üzrə şahid qismində dindirilmiş Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunları N nömrəli hərbi hissənin 1-ci sərhəd komendantlığının rabitə qovşağının rəisi, baş çavuş Şahid2 ifadə verərək, Şahid1 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarına əlavə edilmiş 15 yanvar 2024-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, baxış yeri İmişli rayonu, Çaxırlı kəndi ərazisində yerləşən 1-ci sərhəd zastavasının 8-ci sahəsidir, 1-ci sərhəd zastavasından 8-ci sahəyə qədər olan məsafə 1500 metr, 1-ci sərhəd zastavasından İmişli rayonu, Çaxırlı kəndinə qədər olan məsafə 3000 metr, 8-ci sahədən İmişli rayonu, Çaxırlı kəndinə qədər olan məsafə 3700 metrdir. 15 yanvar 2024-cü il tarixdə, saat 21:56 radələrində sərhəd zastavasının 8-ci sahəsində "65" nömrəli sərhəd nişanından təqribən 150 metr sağda, dövlət sərhəd xəttindən təqribən 550 metr içəridə, İran İslam Respublikası - Azərbaycan Respublikası istiqamətində 1 nəfərə məxsus qaraltı müşahidə olunmuş, sərhəd naryadı dərhal əlverişli mövqə seçib həmin şəxsi yaxın məsafəyə buraxaraq ona “Dayan!” komandası vermiş və nəticədə həmin şəxs saxlanılaraq zastavaya aparılmışdır. Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunları N nömrəli hərbi hissənin komandiri, polkovnik Rauf Abdullayevin 16 yanvar 2024-cü il tarixli, 135/2024 nömrəli məktubundan görünür ki, 15 yanvar 2024-cü il tarixdə 1-ci sərhəd zastavasının xidməti ərazisində dövlət sərhədinin pozulmasının ehtimal olunması barədə qabaqlayıcı əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat əsasında 15 yanvar 2024-cü il tarixdə, saat 18:00-dan saat 00:00-dək 1-ci sərhəd zastavasının 8-ci sahəsində “Pusqu dəstəsi” sərhəd naryadı xidməti təşkil edilmişdir. Xidmət zamanı həmin tarixdə, saat 21:56 radələrində sərhəd zastavasının 8-ci sahəsində "65" nömrəli sərhəd nişanından təqribən 150 metr sağda, dövlət sərhəd xəttindən təqribən 550 metr içəridə, İran İslam Respublikası - Azərbaycan Respublikası istiqamətində 1 nəfərə məxsus qaraltı müşahidə olunmuş, sərhəd naryadı dərhal əlverişli mövqə seçib həmin şəxsin yaxın məsafəyə buraxaraq ona “Dayan!” komandası vermiş və nəticədə həmin şəxs saxlanılaraq sərhəd zastavasına aparılmışdır. Saxlanılan şəxs özünü 1967-ci il təvəllüdlü, Neftçala rayonunun Mirzəqurbanlı kənd sakini Təqsirləndirilən şəxs kimi təqdim etmişdi. Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunları N nömrəli hərbi hissənin 1-ci sərhəd komendantlığının komendantı, kapitan İlkin Qocalının raportundan görünür ki, 15 yanvar 2024-cü il tarixdə 1-ci sərhəd zastavasının xidməti ərazisində dövlət sərhədinin pozulmasının ehtimal olunması barədə qabaqlayıcı əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat əsasında 15 yanvar 2024-cü il tarixdə, saat 18:00-dan saat 00:00-dək 1-ci sərhəd zastavasının 8-ci sahəsində “Pusqu dəstəsi” sərhəd naryadı xidməti təşkil edilmiş, xidmət zamanı həmin tarixdə, saat 21:56 radələrində sərhəd zastavasının 8-ci sahəsində "65" nömrəli sərhəd nişanından təqribən 150 metr sağda, dövlət sərhəd xəttindən təqribən 550 metr içəridə İran İslam Respublikası - Azərbaycan Respublikası istiqamətində 1 nəfərə məxsus qaraltı müşahidə olunmuş, sərhəd naryadı dərhal əlverişli mövqə seçib həmin şəxsi yaxın məsafəyə buraxaraq ona “Dayan!” komandası vermiş və nəticədə həmin şəxs saxlanılaraq zastavaya aparılmışdır. İş materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs barəsində "Giriş-çıxış və qeydiyyat" İAMAS üzrə qeydiyyatlardan görünür ki, o, sonuncu dəfə 5 avqust 2022-ci il tarixdə, saat 14:01 radələrində "Heydər Əliyev" X4 müəyyən edilmiş qaydada Azərbaycan Respublikasından İran İslam Respublikasının Tehran şəhərinə getmiş və həmin tarixdən etibarən Azərbaycan Respublikasına qayıtmamışdır. İş materiallarına əlavə edilmiş Dövlət Sərhəd Xidmətinin Əməliyyat-axtarış baş idarəsindən daxil olmuş məktublardan görünür ki, Azərbaycan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs İran İslam Respublikasından Azərbaycan Respublikasına qanunsuz yolla keçməkdə kömək edən şəxslərin İran İslam Respublikasının Parsabad şəhər sakinləri Kamuran və "Tarzan” ləqəbli Əlizadə Darus olmaları məlum olmuşdur. İş materiallarında olan Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsindən daxil olmuş məktublardan görünür ki, Azərbaycan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs İran İslam Respublikasından Azərbaycan Respublikasına qanunsuz yolla keçməkdə kömək edən şəxslərin İran İslam Respublikasının Parsabad şəhər sakinləri Kamuran və "Tarzan” ləqəbli Əlizadə Darus olmaları məlum olmuşdur. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı öz müdafiəsi üçün heç bir dəlil gətirməmişdir. Beləliklə, məhkəmə işdəki sübutları müqayisəli şəkildə qiymətləndirərək hesab edir ki, hadisə ittihamda göstərilən qaydada və şəraitdə baş vermişdir. Məhkəmə iclasında bilavasitə araşdırılmış sübutlarla Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini törətməsi tam təsdiq edilir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 318.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə qeyd edir ki, cinayət cəzası dövlətin cinayət törədən şəxsə qarşı reaksiyası olmaqla, şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinin əsas hüquqi nəticəsidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsi Maddə 2.1. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Maddə 8.1. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Maddə 41.1. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Maddə 41.2. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Maddə 58.1. Cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Maddə 58.3. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin göstərilən normalarının müəyyən etdiyi ədalət prinsipi və cəzanın təyin edilməsinin ümumi əsasları cəza təyin edilərkən törədilmiş cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin nəzərə alınmasını nəzərdə tutmuşdur. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CM-nin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə cinayət qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən məsuliyyəti ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-nin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidir. Məhkəmə işin faktiki hallarına qiymət verərək Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində cərimə cəzasının təyin edilməsini əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası CM-nin 69.4-cü maddəsinə əsasən həbsdə saxlanılan şəxsə cərimə və ya müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əsas cəza təyin edilərkən məhkəmə həbsdə saxlama müddətini nəzərə alaraq, təyin edilmiş cəzanı yüngülləşdirir və ya şəxsi bu cəzadan tamamilə azad edir. Azərbaycan Respublikası CM-nin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 15 yanvar 2024-cü il tarixdən 17 yanvar 2024-cü il tarixədək həbsdə saxlandığı müddət nəzərə alınaraq ona təyin edilmiş cəza yüngülləşdirilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə mülki iddia, məhkəmə xərcləri və maddi subut yoxdur. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilməli və vəkili X3 tərəfindən göstərilmiş hüquqi yardıma görə 42 (qırx iki) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hüsabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 318.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 2500 (iki min beş yüz) manat məbləğində cərimə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 15 yanvar 2024-cü il tarixdən 17 yanvar 2024-cü il tarixədək həbsdə saxlandığı müddət nəzərə alınaraq ona təyin edilmiş cəza yüngülləşdirilsin və üzərində qəti olaraq 2000 (iki min) manat məbləğində cərimə cəzası saxlansın. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs qeydiyyatda olduğu yer üzrə icra və probasiya şöbəsinə həvalə edilsin. İş üzrə mülki iddia, məhkəmə xərcləri və maddi subut yoxdur. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin. Vəkili X3 tərəfindən göstərilmiş hüquqi yardıma görə 42 (qırx iki) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hüsabına köçürülsün. Hökmdən 20 gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu andan 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Telman Quliyev
Məhkəmə qərarları › İş №1(036)-38/2024
İmişli Rayon Məhkəməsi Hökm — İş №1(036)-38/2024
29.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver