Məhkəmə qərarları › İş №1(036)-38/2025

İmişli Rayon Məhkəməsi Hökm — İş №1(036)-38/2025

17.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM İmişli rayonu İş № 1(036)-38/2025 17.06.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (Şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – İmişli rayon vəkil bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1980-ci il tarixdə İmişli rayonu, Soltanmuradlı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, İmişli rayonu, Soltanmuradlı kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsi ilə təqsirləndirilir ona görə ki, o, 2020-ci ildə İmişli rayonu, Yuxarı Qaralar bələdiyyəsinin sədri vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə X2 etibarından sui-istifadə edib sonuncuya İmişli rayon Yuxarı Qaralar bələdiyyəsinin mülkiyyətində olan İmişli rayonu, Soltanmuradlı kəndi ərazisində yerləşən 56 hektar kənd təsərrüfat təyinatı torpaq sahəsini icarəsinə verəcəyi barədə yalan vəd verərək aldadıb vahid niyyətlə əhatə olunan qəsdlə 2020-ci ilin may ayının əvvəllərində, saat 17 radələrində İmişli rayon Yuxarı Qaralar bələdiyyəsinin inzibati binasında Zərərçəkmiş şəxs tanışı Şahid1 vasitəsilə göndərdiyi 1000 (min) manat pulu, bir neçə gün sonra 2020-ci ilin may ayının əvvəllərində, saat 12 radələrində İmişli şəhəri, Nəcməddin Savalanov küçəsində yerləşən “Dəniz İnşaat” adlı mağazada Zərərçəkmiş şəxs 1000 (min) manat pulu və bir neçə gün sonra 2020-ci ilin may ayının ortalarında, saat 14 radələrində İmişli şəhəri, Nəcməddin Savalanov küçəsində yerləşən “Həsənoğlu” adlı çayxanada 3000 (üç min) manat pulu alaraq vədinə əməl etməyib etibardan sui-istifadə etmə və aldatma yolu ilə öz qulluq mövqeyindən istifadə edərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ümumilikdə 5.000 (beş min) manat pulunu, yəni əmlakını ələ keçirib dələduzluq etmişdir. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli özünün etirafedici ifadəsi, məhkəmə iclasında dindirilmiş zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, habelə iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.3cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib ifadəsində bildirmişdir ki, 2015-ci və 2020-ci illər bələdiyyə seçkilərində qalib olaraq İmişli rayonu, Yuxarı Qaralar bələdiyyəsi sədri seçilmişdir. 2020-ci ilin aprel ayında İmişli şəhər sakini Zərərçəkmiş şəxs ona yaxınlaşaraq ondan Soltanmuradlı kənd ərazisindən 56 ha örüş torpaq sahəsini 15 illik icarə əsasında hərrac yolu ilə istifadəsinə vermək üçün kömək istəmişdir. O da İsmayıla həmin sahənin hərraca çıxarılaraq ona verilməsinə köməklik edə biləcəyini bildirib, bunun üçün rüsumlar ödəməli olduğunu demişdir. İsmayıl da onunla razılaşmışdır. Onun İsmayıl ilə söhbətindən təxminən bir həftə sonra İsmayıl tanışı olan İmişli rayonu, Qulubəyli kənd sakini Şahid1 vasitəsi ilə ona 1500 (min beş yüz) manat pul göndərmişdir. Alim həmin pulu ona İmişli-Qaradonlu yolunun İmişli rayonu, Soltanmuradlı kəndindən keçən hissəsində yolun kənarında vermişdir. Həmin vaxt yanlarında heç kim olmamışdır. Alim həmin pulu ona verən zaman pulun İsmayıla məxsus olmasını demişdir. Həmin gündən təxminən 2 həftə sonra İmişli şəhəri, N.Savalanov küçəsində yerləşən “Həsənoğlu” çay evində Alim ona 2000 manat pul vermişdir. Həmin vaxt İsmayıl da orada olmuşdur. Alimin ona verdiyi 2000 manat pul da İsmayıla məxsus olmuşdur. Daha sonra isə Alim onunla yenə də İmişli-Qaradonlu yolunun İmişli rayonu, Soltanmuradlı kəndindən keçən hissəsində yolun kənarında görüşüb ona 1500 manat pul vermişdir. Bundan sonra o, Fizuli şəhərində yerləşən Kadastr və Layihə Təhqiqat İnstitutuna bələdiyyə torpağının hərraca çıxarılması barədə məktub yazmış, həmin institutdan bir nəfər əməkdaş gəlib yerin koordinatlarını dəqiqləşdirib getmişdir. İnstitutdan gələn məktub əsasında kadastr xidməti ilə əlaqədar “Kapital” Bankın İmişli filialında 902 manat ödəniş etmişdir. Həmin ödənişə dair qəbzi istintaqa təqdim etmişdir. Bundan sonra sahənin biznes planını almaq üçün Ağcabədi şəhərində yerləşən adını xatırlamadığı bir ofisə getmiş və həmin biznes plan üçün Anar adlı əməkdaşa 600 manat pul vermişdir. Daha sonra bələdiyyə sədri kimi fəaliyyətinə 2021-ci il tarixdə xitam verildiyi üçün bələdiyyədən çıxmışdır. Bununla əlaqədar olaraq da həmin sənədləşmə işlərini başa çatdıra bilməmişdir. Bir müddət sonra İsmayıl ondan pulu tələb etmiş, o isə işdən çıxdığı üçün maddi çətinliklə əlaqədar pulu geri qaytara bilməmişdir. Törətmiş olduğu cinayət əməlindən səmimi peşmandır. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, o, heyvandarlıq təsərrüfatı ilə məşğul olmaq üçün İmişli rayonu, Yuxarı Qaralar bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsi götürmək istəmişdir. Bu məqsədlə o, 2020-ci ilin aprel ayında İmişli şəhəri, Nəcməddin Savalanov küçəsində yerləşən “Həsənoğlu” adlı çay evində İmişli rayonu, Yuxarı Qaralar bələdiyyəsinin sədri Təqsirləndirilən şəxslə görüşərək bələdiyyəyə məxsus 56 hektar torpaq sahəsini 15 illik icarəyə götürmək istədiyini bildirmişdir. Təqsirləndirilən şəxs ona torpağı verməsi üçün 8 min manat pul verməli olduğunu demişdir. O, Ziyadan həmin pulu nə üçün istədiyini soruşduqda Ziya ona torpağın sənədləşməsi üçün pullar köçürəcəyini, qalanını isə özünə və bələdiyyə üzvlərinə götürəcəyini demişdir. O isə Ziyaya ilk olaraq 5000 manat pul verəcəyini, sənədləşmə başa çatdıqdan sonra isə 3 min manatı verəcəyini bildirmişdir. Ziya da onunla razılaşmışdır. İlk olaraq 2020-ci ilin may ayının əvvəllərində tanışı İmişli rayonu, Qulubəyli kənd sakini Şahid1 1000 manat verərək həmin pulu Ziyaya verməsini demiş, Alim də 1000 manatı aparıb Ziyaya vermişdir. Bundan bir neçə gün sonra o, 2020ci ilin may ayının əvvəllərində özünə məxsus İmişli şəhəri, Nəcməddin Savalanov küçəsində yerləşən “Dəniz İnşaat” adlı tikinti materialları mağazasında Ziya ilə görüşüb 1000 manat pul vermiş və yerdə qalan 3000 manatı isə bir neçə günə verəcəyini bildirmişdir. Həmin 1000 (min) manatı verərkən onun yanında tanışı Alim və həmin vaxt satıcısı işləyən Şahid2 olmuşlar. Rövşən və Alim onun Ziyaya 1000 manat pul verməsini görmüşlər. Bundan 3 gün sonra 2020-ci ilin may ayının ortalarında Ziya ilə danışmış, Ziya İmişli rayon İcra Hakimiyyəti başçısının Qulubəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Əbülfətlə birlikdə İmişli rayonu, Nəcməddin Savalanov küçəsində yerləşən “Həsənoğlu” adlı çay evinə gəlmişlər. Çay evində o, Alim, Ziya və Əbülfət ilə birlikdə çay içmişlər. O, Alim və Əbülfətin yanında Ziyaya 3000 manat pul vermişdir. Ziya həmin pulu sayıb götürmüş və ona qısa zamanda işi həll edəcəyini, torpağı hərrac yolu ilə ona icarəyə verəcəyini bildirmişdir. O da Ziyaya arxayın olmuş, lakin bir müddət keçsə də, Ziya torpağı ona verməmişdir. O, Ziyadan bu barədə soruşduqda Ziya ona müxtəlif bəhanələr gətirərək işin həll olunması üçün zamana ehtiyacı olduğunu bildirmişdir. Daha sonra isə o, Ziyanın artıq bələdiyyə sədri vəzifəsindən azad olunduğunu öyrənmiş və Ziyadan pulunu qaytarmasını tələb etmişdir. Lakin Ziya onun pulunu qaytarmamış və o, məcbur olub bu barədə İmişli rayon prokurorluğuna müraciət etmişdir. Bundan sonra Ziya 2025-ci ilin fevral ayında ona 800 manat pul qaytarmışdır. O, Təqsirləndirilən şəxs İmişli rayon Yuxarı Qaralar bələdiyyəsinin mülkiyyətində olan 56 ha torpaq sahəsini 15 illik icarəyə götürəcəyini bildirmişdir. Sadəcə olaraq həmin 56 ha torpaq sahəsi İmişli rayonu, Qulubəyli kənd ərazisinə yaxın yerləşdiyi üçün o, ilk əvvəl həmin torpaq sahəsinin Qulubəyli kənd ərazisində yerləşdiyini bilmişdir. Daha sonra ona məlum olmuşdur ki, həmin 56 ha torpaq sahəsi İmişli rayonu, Soltanmuradlı kənd ərazisində yerləşir. Ziyanın bələdiyyə sədri vəzifəsindən azad olunmasından sonra həmin vəzifəyə gələn X3 həmin torpaq sahəsini Şahid1 adına sənədləşdirmişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs yalan danışdığını və vəzifəsindən və onun etibarəndan sui istifadə edərək onun ümumilikdə 5000 manat pulunu ələ keçirdiyini bilmişdir. Hazırda ona vurulmuş ziyandan 4200 manatı ödənilməmişdir. Ona görə də o, Ziya Mustafaevdən şikayətçidir və sonuncunun barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, 2020ci ilin aprel ayında İsmayıl heyvandarlıq təsərrüfatı ilə məşğul olmaq üçün İmişli rayonu, Yuxarı Qaralar bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsini icarəyə götürmək istəmişdir. Həmin torpaq sahəsi İmişli rayonu, Soltanmuradlı kəndi ərazisində yerləşir, lakin İmişli rayonu, Yuxarı Qaralar bələdiyyəsinin mülkiyyətindədir. Bu məqsədlə İsmayıl İmişli rayonu, Yuxarı Qaralar bələdiyyəsinin sədri Təqsirləndirilən şəxslə İmişli rayonu, Nəcməddin Savalanov küçəsində yerləşən “Həsənoğlu” adlı çay evində görüşərək bələdiyyəyə məxsus 56 hektar torpaq sahəsini 15 illik icarəyə götürmək istədiyini bildirmişdir. Təqsirləndirilən şəxs İsmayıla torpağı ona verməsi üçün 8000 manat pul verməli olduğunu demişdir. İsmayıl Ziyadan həmin pulun nə üçün istədiyini soruşduqda Ziya ona torpağın sənədləşməsi üçün pullar köçürəcəyini, qalanını isə özünə və bələdiyyə üzvlərinə götürəcəyini demişdir. İsmayıl isə Ziyaya ilk olaraq 5000 manat pul verəcəyini, sənədləşmə başa çatdıqdan sonra isə 3000 manatı verəcəyini bildirmişdir. Ziya da İsmayılla razılaşmışdır. İlk olaraq 2020-ci ilin may ayının əvvəllərində İsmayıl ona Ziyaya verməsi üçün 1000 manat pul vermişdir. O da həmin gün 1000 manat pulu aparıb İmişli rayonu, Yuxarı Qaralar bələdiyyəsinin inzibati binasında Ziyanın xidməti otağında özünə vermişdir. Ziyaya pul verən zaman orada başqa heç kim olmamışdır. Bundan bir neçə gün sonra 2020-ci ilin may ayının əvvəllərində Ziya İsmayılın inşaat mağazasına gəlmişdir. İmişli rayonu, Nəcməddin Savalanov küçəsində “Dəniz İnşaat” adlı mağazada İsmayıl Ziya ilə görüşüb 1000 manat pul vermiş və yerdə qalan 3000 manatı isə bir neçə günə verəcəyini bildirmişdir. İsmayıl Ziyaya 1000 manatı verərkən İsmayılın yanında o və həmin vaxt İsmayılın inşaat mağazasında satıcı işləyən Rövşən olmuşdur. X11 1000 manat verməsini görmüşlər. Bundan bir neçə gün sonra 2020-ci ilin may ayının ortalarında Ziya İmişli rayon İcra Hakimiyyəti başçısının Qulubəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi X8 ilə birlikdə İmişli rayonu, Nəcməddin Savalanov küçəsində yerləşən “Həsənoğlu” adlı çay evinə gəlmişlər. Çay evində o, İsmayıl, Ziya və Əbülfət ilə birlikdə çay içmişlər. İsmayıl onun və Əbülfətin yanında Ziyaya 3000 manat pul vermişdir. Ziya 3000 manat pulu sayıb götürmüş və İsmayıla qısa zamanda işi həll edəcəyini, torpağı hərrac yolu ilə İsmayıla icarəyə verəcəyini bildirmişdir. Bundan bir müddət keçmiş, lakin Ziya torpağı İsmayıla verməmişdir. İsmayıl hər dəfə soruşduqca Ziya müxtəlif bəhanələr gətirmişdir. Gah pandemiya dövrü olduğunu, gah da Beyləqan ərazi idarəsində problem olduğunu bildirmişdir. Sonra Ziyanı bələdiyyə sədri vəzifəsindən çıxarmışlar. Ziya bələdiyyə sədri vəzifəsindən kənarlaşdıqdan sonra həmin vəzifəyə gələn X3 həmin torpaq sahəsini onun adına sənədləşdirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, 2018ci il tarixdən 2023-cü il il tarixədək Zərərçəkmiş şəxs işlətdiyi “Dəniz” inşaat tikinti materialları mağazasında satıcı kimi işləmişdir. 2020-ci ilin may ayının əvvəllərində Təqsirləndirilən şəxs mağazaya gəlib orada İsmayılla görüşmüşdür. O, Ziyanı ilk dəfə orada görmüşdür. İsmayil onun yanında 1000 manat pulu Ziyaya vermiş və yerdə qalan 3000 manatı isə bir neçə günə verəcəyini bildirmişdir. Həmin 1000 manatı verərkən İsmayılın yanında o və İsmayılın tanışı Alim adlı şəxs orada olmuşdur. Bundan başqa İsmayilin Ziyaya torpaq almaq məqsədilə pul verməsini görməmişdir. Onun bundan başqa heç nədən məlumatı yoxdur. Sadəcə olaraq o, İsmayılın işlətdiyi mağazada işlədiyindən İsmayılın torpaq sahəsini icarəyə götürmək üçün Ziyaya ümumilikdə 5000 manat pul verdiyini, lakin nə torpaq sahəsi nə də pulunu geri ala bilmədiyini eşitmişdir. Cinayət işi materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş; Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, yuxarıda təsvir olunan faktla bağlı Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 308.1-ci maddəsi ilə cinayət işi başlanmışdır (cild 1, səhifə 1-2); Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddə ilə ittiham elan edilmişdir (cild 1, səhifə 118); Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsi ilə Təqsirləndirilən şəxs barəsində həmin tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir (cild 1, səhifə 174-175); Cinayət işinə hissəvi xitam verilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində olan cinayət işinə Cinayət Məcəlləsinin 308.1-ci maddəsi hissəsində xitam verilmişdir (cild 1, səhifə 253-259); Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsi ilə yenidən ittiham elan edilmişdir (cild 1, səhifə 289- 290); Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4, 59.1.14 və 59.2ci maddələrinə əsasən Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını, zərər çəkmiş şəxsə vurmuş olduğu maddi ziyanı qismən ödəməsini və yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 nömrəli qərarının 2-ci hissəsinin 5-ci abzasında qeyd olunur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) halları nəzərə alaraq belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunduğu təqdirdə təmin edilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X5 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli, həmin maddənin sanksiyası çərçivəsində ona azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilərək dərhal məhkəmə iclasından həbsə alınmalı və cəzaçəkmə müddətinin əvvəli həbsə alındığı tarixdən hesablanmalıdır. Məhkəmə məsrəfləri ilə bağlı məsələni tədqiq edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixədək 5 saat və xx.xx.2025-ci il tarixdən sonrakı dövr üzrə 8 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi İmişli rayon vəkil bürosunun vəkili Müdafiəçi 118 (bir yüz on səkkiz) manat məbləğində pul Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənil ödənilməlidir. İş üzrə maddi sübut, mülki iddia və ya xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib barəsində Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq edilməklə 2 (iki) il müddətə yerli və özünüidarə orqanlarında rəhbər və ya maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Cəzaçəkmə müddətinin əvvəli 17 iyun 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixədək 5 saat və xx.xx.2025-ci il tarixdən sonrakı dövr üzrə 8 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi İmişli rayon vəkil bürosunun vəkili Müdafiəçi 118 (bir yüz on səkkiz) manat məbləğində pul Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Zərər çəkmiş şəxs X4 vurulmuş maddi ziyanla əlaqədar olaraq məhkəmədə mülki mühakimə icraatı qaydasında iddia qaldırmaq hüququ izah edilsin. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum şəxsə münasibətdə isə rəsmi verildiyi andan 20 gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar