Məhkəmə qərarları › İş №1(036)-39/2023

İmişli Rayon Məhkəməsi Qərar — İş №1(036)-39/2023

27.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 1(036)-39/2023 27.04.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Quliyev Telman Osman oğlunun sədrliyi, Şiralıyeva Günel Mirzə qızının katibliyi, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X2 üzrə İdarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi X1 iştirakı ilə, xx.xx.1983-cü ildə Saatlı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Saatlı rayonu, Qıraqlı kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə İmişli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: Təqsirləndirilən şəxs özgənin əmlakını talama məqsədi ilə, 26 may 2020-ci il tarixdə saat 01 radələrində İmişli rayonu, Otuziki kəndində yerləşən “Mal bazarı”nın ərazisindəki “Kamaz” markalı avtomobilin yük yerindən Zərərçəkmiş şəxs1 məxsus 380 manat dəyərində 2 baş quzunu və Zərərçəkmiş şəxs2 məxsus 585 manat dəyərində 3 baş quzunu gizli yolla talayaraq, zərərçəkmiş şəxslərə müvafiq olaraq maddi ziyan vurmaqla, ümumilikdə özgənin 965 manat məbləğində əmlakını gizli yolla talayaraq oğurlamışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, 26 may 2020-ci il tarixdə saat 01 radələrində İmişli rayonu, Otuziki kəndində yerləşən “Mal bazarı”nın ərazisindəki “Kamaz” markalı avtomobilin yük yerindən Zərərçəkmiş şəxs1 məxsus 380 manat dəyərində 2 baş quzunu və Zərərçəkmiş şəxs2 məxsus 585 manat dəyərində 3 baş quzunu gizli yolla talayaraq, həmin şəxslərə maddi ziyan vurmuşdur. Sonradan zərərçəkmiş şəxslərə vurduğu ziyanı tam şəkildə ödəmiş və hazırda törətdiyi cinayət əməlindən səmimi peşmançılıq hissləri keçirir. Hazırda cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə barəsində başlanmış cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadə verərək göstərdi ki, 26 may 2020-ci il tarixdə saat 01-02 radələrində İmişli rayonunda yerləşən Mal bazarından müxtəlif şəxslərdən bir-bir, iki-iki olmaqla təxminən 10-12 baş qoyun alıb tanışı Şahin adlı şəxsin “Kamaz” markalı avtomobilinin yük yerinə yükləmişdir. Həmin gecə ondan başqa həmkəndlisi və qohumu Zərərçəkmiş şəxs2 da eyni qaydada təxminən 10-12 baş qoyun heyvan alıb həmin avtomobilin yük yerinə yığmışdır. Yenidən qoyun almaq üçün bazarda gəzərkən, mer-meyvə satılan yerin yaxınlığında bir şəxsin qarşısında Nicata məxsus üç baş, ona məxsus iki baş qoyunun olduğunu görüb, bu barədə mobil telefonla zəng edib Nicata məlumat vermiş və ora gəlməyini xahiş etmişdir. Nicat ora gələnədək həmin şəxsdən alıcı kimi heyvan barəsində maraqlanmış və gizli olaraq mobil telefonun video kamerası ilə çəkmişdir. Nicat ora çatanda heyvanların onlara məxsus olduğunu görüb, həmin şəxsə “Bu heyvanlar bizimdir, bunları haradan almısan?” - demiş, həmin şəxs isə bir söz demədən qaçmağa başlamışdır. O, Nicatla birlikdə həmin şəxsi yaxalamaq üçün arxasınca qaçsa da, tuta bilməmişlər. Daha sonra heyvanların olduğu yerə qayıtmışlar, lakin 5 baş qoyunu tapa bilməmişlər. Ona məxsus iki baş və Nicata məxsus üç baş olmaqla, ümumilikdə beş baş qoyun heyvanı Şahinin “Kamaz” markalı avtomobilinin yük yerindən eyni vaxtda və eyni şəxs tərəfindən oğurlanmışdır. Hazırda Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyan tam şəkildə ödənilmişdir və onun sonuncuya qarşı heç bir şikayəti və tələbi yoxdur. İş üzrə Zərərçəkmiş şəxs2 məhkəməyə teleqram ünvanlayaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyan tam şəkildə ödənilmişdir və onun sonuncuya qarşı heç bir şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxs özgənin əmlakını talama məqsədi ilə 26 may 2020-ci il tarixdə saat 01 radələrində İmişli rayonunun Otuziki kəndində yerləşən “Mal bazarı”nın ərazisindəki “Kamaz” markalı avtomobilin yük yerindən oğurluq edib, Zərərçəkmiş şəxs1 məxsus 380 manat dəyərində 2 baş quzunu və Zərərçəkmiş şəxs2 məxsus 585 manat dəyərində 3 baş quzunu gizli yolla talayaraq Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin ifadəsi, iş materialları və işin digər obyektiv halları ilə tam sübuta yetirilmişdir. İş materiallarında olan “təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs 26 may 2020-ci il tarixdə yuxarıda təsvir olunan cinayət əməlini törətdiyinə görə ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdikdən sonra, yəni 15 fevral 2023-cü il tarixdə Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsi Maddə 15.2. Qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Maddə 75.1.1. Böyük ictimai təhlükə törətməyən cinayət törətdiyi gündən iki il keçdikdə, şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Maddə 75.2. Müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi Maddə 39.1.3. Cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Maddə 43.1.2. Bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Maddə 43.3. Məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilən qanunvericilik aktı normalarına əsasən hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair olan cinayət işi üzrə icraata, həmin Məcəllənin 75.1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə xitam verilməklə o, cinayət məsuliyyətindən azad edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə mülki iddia, məhkəmə məsrəfləri və maddi sübut yoxdur. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 39, 43, 75, 321, 344-347, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə Azərbaycan Respublikası CM-nin 75.1.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. İş üzrə mülki iddia, məhkəmə məsrəfləri və maddi sübut yoxdur. Qərardan 20 gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar