Məhkəmə qərarları › İş №1(036)-39/2024

İmişli Rayon Məhkəməsi Hökm — İş №1(036)-39/2024

15.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM İmişli rayonu İş № 1(036)-39/2024 15.05.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məkhəməsinin hakimi Quliyev Telman Osman oğlunun sədrliyi, Şiralıyeva Günel Mirzə qızının katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (Şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi İmişli rayon vəkil bürosunun vəkili X2 iştirakı ilə, xx.xx.1960-cı il tarixdə İmişli rayonu, Murğuzallı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, əvvəllər məhkum edilməmiş, İmişli şəhəri, Mil küçəsi, ev 36 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə İmişli Rayon Məkhəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 iyun 2017-ci il tarixli 243 nömrəli qərarı ilə təsdiq edilmiş «Balıq və digər su bioresurslarının sənaye ovu qaydaları»nın 2-ci bəndinin 2.5.1-ci hissəsinin tələblərini pozaraq, yəni balıqovlama bileti olmadan qanunsuz balıq tutmaq məqsədi ilə 20 dekabr 2023-cü il tarixdə saat 08 radələrində İmişli rayonu, Şəmmədli kəndi istiqamətində Araz çayının sahilinə gələrək orada özü ilə gətirdiyi 01 ədəd «Venter» adlandırılan balıqovlama vasitəsindən istifadə edərək, saat 12 radələrinədək olan müddət ərzində 3 ədəd hər biri 275 manat olmaqla 825 manat dəyərində poru, 1 ədəd 11 manat dəyərində durna balığı, 17 ədəd hər biri 11 manat olmaqla 187 manat dəyərində dabanbalığı, 2 ədəd hər biri 11 manat olmaqla 22 manat dəyərində külmə və 5 ədəd hər biri 11 manat olmaqla 55 manat dəyərində çapaq balıqlarını qanunsuz tutmaqla balıq ehtiyatlarına xeyli miqdarda, yəni ümumilikdə 1100 (min yüz) manat məbləğində maddi ziyan vurmuş və həmin tarixdə saat 12 radələrində X5 İdarəsinin İmişli Xətt Polis Məntəqəsinin əməkdaşları tərəfindən ekoloji cinayətləri törədənlərə qarşı keçirilmiş mübarizə xarakterli tədbirlər nəticəsində Təqsirləndirilən şəxs saxlanılmış və yoxlama zamanı ondan 01 ədəd «Venter» adlandırılan balıqovlama vasitəsi, 3 ədəd poru, 1 ədəd durna balığı, 17 ədəd dabanbalığı, 2 ədəd külmə və 5 ədəd çapaq balıqları aşkar edilərək müvafiq qaydada götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 256.1-ci maddəsi ilə оnа elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, 20 dekabr 2023-cü il tarixdə balıq tutmaq məqsədilə saat 08 radələrində İmişli rayonu, Şəmmədli kəndi istiqamətində Araz çayının sahilinə gəlmiş, orada özünə məxsus «Venter» adlandırılan balıqovlama vasitəsindən istifadə etməklə Araz çayında balıq tutmağa başlamışdır. Həmin günü saat 12 radələrində 3 ədəd poru, 1 ədəd durna balığı, 17 ədəd dabanbalığı, 2 ədəd külmə və 5 ədəd çapaq balıqlarını tutmuşdur. Saat 12 radələrində balıqları götürüb aparmaq istəyərkən X5 İdarəsinin əməkdaşları onu saxlamışlar. Polis əməkdaşları balıqları hardan əldə etdiyini soruşduqda, onlara balıqları İmişli rayonu, Şəmmədli kəndi istiqamətində Araz çayından tutduğunu bildirmişdir. Onun Araz çayında balıq tutmağa icazəsi olmamışdır. Polis əməkdaşları video çəklişlə tutduğu balıqlara və balıqovlama vasitəsinə baxış keçirmişlər. Baxışdan sonra ona məxsus olan balıqovlama vasitəsi və tutduğu balıqlar polis əməkdaşları tərəfindən götürülmüşdür. Təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməli özünün etirafedici ifadəsilə yanaşı, iş üzrə şahidlərin ifadələri, iş materialları və işin digər obyektiv halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Su NPİ-nin İmişli XPM-nin polis nəfəri Şahid4 ifadə verərək göstərdi ki, 20 dekabr 2023-ci il tarixdə X6 İdarəsinin İmişli Xətt Polis Məntəqəsinin əməkdaşları ilə birlikdə xidməti ərazidə qanunsuz balıq tutanlara qarşı mübarizə xarakterli tədbir keçirilərkən, həmin tarixdə saat 12 radələrində İmişli rayonu, Şəmmədli kəndi istiqamətində Araz çayında balıq tutmaqla məşğul olan Təqsirləndirilən şəxs sахlаnılmışdır. Bununla bağlı video çəklişlə baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs 01 ədəd “venter” adlandırılan balıqovlama vasitəsi, 03 ədəd poru, 01 ədəd durna, 17 ədəd dabanbalığı, 02 ədəd külmə və 05 ədəd çapaq balıqları aşkar edilərək götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, 03 ədəd poru, 01 ədəd durna, 17 ədəd dabanbalığı, 02 ədəd külmə və 05 ədəd çapaq balıqlarını 01 ədəd “venter” adlandırılan balıqovlama vasitəsi ilə qanuni icazəsi olmadan İmişli rayonu, Şəmmədli kəndi istiqamətində Araz çayından tutulmuşdur. Həmin vaxt məlum olmuşdur ki, Təqsirləndirilən şəxs İmişli rayonu, Şəmmədli kəndi istiqamətində Araz çayından balıq tutması üçün qanuni icazəsi yoxdur. Ona görə də qeyd olunanlarla əlaqədar protokol tərtib edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Su NPİ-nin İmişli XPM-nin polis nəfərləri Şahid2 və Şahid3 Şahid4 verdiyi ifadəyə uyğun oxşar məzmunlu ifadələr vermişlər. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2023-cü il tarixli balıq ehtiyatlarına vurulmuş ziyan barədə mütəxəssis arayışından görünür ki, xx.xx.2023cü il tarixdə Təqsirləndirilən şəxs 3 ədəd poru, 1 ədəd durna balığı, 17 ədəd dabanbalığı, 2 ədəd külmə və 5 ədəd çapaq balıqlarının qanunsuz tutması nəticəsində balıq ehtiyatlarına 1100 manat məbləğində ziyan dəymişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X3 Xidmətinin xx.xx.2023-cü il tarixli, 3-14-21/2-943/2023 nömrəli məktubundan görünür ki, İmişli şəhəri, Mil küçəsi, ev 36 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə kimi balıq və digər su bioresurslarının sənaye ovuna balıqovlama bileti verilməmişdir. Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd «Venter» adlandırılan balıqovlama vasitəsi, 3 ədəd poru, 1 ədəd durna balığı, 17 ədəd dabanbalığı, 2 ədəd külmə və 5 ədəd çapaq balıqları xx.xx.2024-cü il tarixdə maddi sübut kimi tanınmış, balıqların tez xarab olan ərzaq malı hesab edildiyi üçün xx.xx.2023-cü il tarixdə müvafiq qaiməyə əsasən “Elmin” kiçik müəssisəsinə və həmçinin götürülmüş balıqovlama vasitələrinin saxlanılması üçün Su NPİnin İmişli XPM-nin rəisi vəzifəsini müvəqqəti icra edən Şahid1 təhvil verilməsi nəzərə alınmışdır. İş materialına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, 27037 saylı qəbzin surətindən görünür ki, Təqsirləndirilən şəxs balıq ehtiyyatlarına vurulan 1100 manat məbləğində zərəri tamamilə ödəmişdir. “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli, 8960 saylı məktubundan görünür ki, xx.xx.1960-cı il təvəllüdlü, İmişli şəhəri, Mil küçəsi, ev 36 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs arxiv məlumatına görə adı qeyd olunan xəstəxanada müalicə olunmayıb. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. xx.xx.2024-cü il tarixli “Qətimkan tədbirinin seçilməsi haqqında” qərarla Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İmişli RİHB-nin İmişli şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli xasiyyətnamə ilə Təqsirləndirilən şəxs müsbət xarakteriza olunur. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı öz müdafiəsi üçün heç bir dəlil gətirməmişdir. Beləliklə, məhkəmə işdəki sübutları müqayisəli şəkildə qiymətləndirərək hesab edir ki, hadisə ittihamda göstərilən qaydada və şəraitdə baş vermişdir. Məhkəmə iclasında bilavasitə araşdırılmış sübutlarla Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini törətməsi tam təsdiq edilir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 256.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə qeyd edir ki, cinayət cəzası dövlətin cinayət törədən şəxsə qarşı reaksiyası olmaqla, şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinin əsas hüquqi nəticəsidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsi Maddə 2.1. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Maddə 8.1. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Maddə 41.1. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Maddə 41.2. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Maddə 58.1. Cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Maddə 58.3. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin göstərilən normalarının müəyyən etdiyi ədalət prinsipi və cəzanın təyin edilməsinin ümumi əsasları cəza təyin edilərkən törədilmiş cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin nəzərə alınmasını nəzərdə tutmuşdur. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CMnin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə cinayət qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə məhkum olunmasını, dəymiş zərərin əvəzini tam şəkildə ödəməsini, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini CM-nin 59-cu maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hallar olaraq nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən məsuliyyəti ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-nin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərin pozulmasına gətirib çıxara bilər. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidir. Məhkəmə işin faktiki hallarına qiymət verərək Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində cərimə cəzasını təyin etməyi qanuni olmaqla əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs qeydiyyatda olduğu yer üzrə İmişli rayon icra və probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə maddi sübut olaraq tanınmış Su NPİ-nin İmişli XPM-nin rəisi vəzifəsini müvəqqəti icra edən Şahid1 təhvil verilmiş 01 ədəd “Venter” adlandırılan balıqovlama vasitəsi məhv edilməlidir. Tez xarab olan ərzaq malı hesab edildiyi üçün 3 ədəd poru, 1 ədəd durna balılğı, 17 ədəd dabanbalığı, 2 ədəd külmə və 5 ədəd çapaq balıqlarının xx.xx.2023-cü il tarixdə müvafiq qaimə əsasında “Elmin” kiçik müəssisəsinə təhvil verilməsi nəzərə alınmalıdır xx.xx.2023-cü il tarixli baxış protokoluna əlavə edilmiş, maddi sübut olaraq tanınmış 01 ədəd CD disk iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi iş materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 256.1-ci maddəsi ilə təqsirli bilinib 2000 (iki min ) manat miqdarında cərimə cəzasına məhkum edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs qeydiyyatda olduğu yer üzrə İmişli rayon icra və probasiya şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut olaraq tanınmış Su NPİ-nin İmişli XPM-nin rəisi vəzifəsini müvəqqəti icra edən Şahid1 təhvil verilmiş 01 ədəd “Venter” adlandırılan balıqovlama vasitəsi məhv edilsin. Tez xarab olan ərzaq malı hesab edildiyi üçün 3 ədəd poru, 1 ədəd durna balılğı, 17 ədəd dabanbalığı, 2 ədəd külmə və 5 ədəd çapaq balıqlarının xx.xx.2023-cü il tarixdə müvafiq qaimə əsasında “Elmin” kiçik müəssisəsinə təhvil verilməsi nəzərə alınsın. xx.xx.2023-cü il tarixli baxış protokoluna əlavə edilmiş, maddi sübut olaraq tanınmış 01 ədəd CD disk iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi iş materiallarında saxlanılsın. Balıq ehtiyyatlarına dəymiş 1100 manat zərər ödənilmişdir. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Hökmdən 20 gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu andan 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar