Məhkəmə qərarları › İş №1(036)-40/2024

İmişli Rayon Məhkəməsi Hökm — İş №1(036)-40/2024

14.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM İmişli rayonu İş № 1(036)-40/2024 14.05.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Quliyev Telman Osman oğlunun sədrliyi, Şiralıyeva Günel Mirzə qızının katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs və onun müdafiəçisi İmişli rayon vəkil bürosunun vəkili X2 iştirakı ilə, xx.xx.1977-ci il tarixdə Ağdam rayonu, Mahrızlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, 8-ci sinif təhsilli, işsiz, məhkumluğu olmayan, Ağdam rayonu, Mahrızlı kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə İmişli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 01 fevral 2024-cü il tarixdə saat 11 radələrində İmişli şəhəri, H.Əliyev prospekti 131 ünvanında yerləşən "xxxx" MMC-nin inzibati binasındakı direktor müavini Nümayəndə xidməti iş otağında olan işçi masasının saxlanc yeri hesab olunan siyirməsinə qanunsuz daxil olaraq, oradan 8750 (səkkiz min yeddi yüz əlli) manat pulu gizli yolla talamaqla, zərər çəkmiş "xxxx" MMC-yə 8750 (səkkiz min yeddi yüz əlli) manat, yəni xeyli miqdarda ziyan vuraraq saxlanc yerinə qanunsuz daxil olmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Ağdam rayonu Mahrızlı kəndində qeydiyyatda olmaqda yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. O, 1 fevral 2024-cü il tarixə İmişli rayonuna gəlmiş və İmişli rayonunda Medisan Tibb mərkəzinə getmişdir. Əvvəl də Medisan Tibb mərkəzinə gedib orada oğurluq etdiyi otağa keçib, orada əyləşən şəxsdən ona kömək etmək üçün iki dəfə pul istəmiş, həmin şəxs ona birinci dəfə 1 manat, ikinci dəfə isə 5 manat pul vermişdir. Həmin şəxs pulu ona siyirmədən götürüb vermişdir. Həmişə keçdiyi otağa keçib baxmış və görmüşdür ki, otaqda heç kəs yoxdur və qonşu otağa keçib orada müdiri soruşmuş və müdirin yerində olmadığı ona bildirilmişdir. O, otaqda bir kiməsnin olmadığını və siyirmədə pul olmasını artıq bildiyi üçün otağa keçib siyirməni açmış və siyirmədə pul olduğunu görüb götürmüş və pulu əynində olan gödəkçəsinin sol cibinə qoyub tibb mərkəzini tərk etmişdir. Tibb mərkəzinin yaxınlığında tanımadığı taksi maşınına əyləşib Bəhrəmtəpə qəsəbəsinə yollanmış və həmin qəsəbədən yol maşınlarına minib yaşadığı Ağdam rayonuna getmişdir. Oğurladığı pulu saymış, həmin pul 8 min manatdan yuxarı, 9 min manatdan aşağı olmuş, lakin hansı məbləğdə olmasını dəqiqliklə bilə bilməmişdir. Səhəri isə yaşadığı Ağdam rayonun Mahrızlı kəndindən Bakı şəhərinə yollanmışdır. Bakı şəhərinə isə cəza çəkmə müəssisəsində cəza çəkən oğlu X3 yanına getmiş, lakin sənədləri olmadığı üçün onunla görüşə bilməmişdir. Həmin günü Bakı şəhərində qalmış və oğurladığı puldan bir hissəsini həmin vaxt, bir hissəsini isə Ağdam rayonuna qayıtdıqdan sonra xərcləmişdir. 04 fevral 2024-cü il tarixdə isə saat təxminən 15 radələrində polis əməkdaşları onu saxlamış və polis şöbəsinə gətirmişlər. Polis şöbəsində onunla sorğu sual aparılmış, o, İmişli rayonunda Medisan Tibb mərkəzindən oğurluq etdiyini bildirmiş və pulun harada olması ondan soruşulmuş və hazırda üzərində oğurladığı puldan 6000 (altı min) manat pul qaldığını bildirərək istintaqa təqdim etmişdir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə ifadəsində göstərmişdir ki, o, İmişli şəhəri H.Əliyev prospektində yerləşən "xxxx" MMC-də müdir müavini vəzifəsində işləyir. 01 fevral 2024-cü il tarixdə "xxxx" MMC-nin klinikasında olmuş və həmin gün saat 11-40 radələrində bir nəfər şəxs qapını açıb buranın müdirinin adı nədir və haradadır deyib soruşmuşdur. O, isə müdirin adı Vüqar olduğunu və burada olmasını bildirmişdir. Həmin vaxtı o, öz otağında deyil qonşu otaqda olmuşdur. Bir qədər vaxtdan sonra xidməti otağına keçmişdir ki, siyirmədə olan 8750 pulu işçilərin əmək haqqısını alması üçün banka ödəsin və pulu götürmək istəyərkən pulun yerində olmadığını görmüşdür. Kamera görüntüsünə baxan zaman görmüşdür ki, kamera görüntüsündə saat 12-19 da bir nəfər tanımadığı şəxs onun otağına keçir və bir dəqiqədən sonra çölə çıxaraq tibb mərkəzini tərk edir. Həmin şəxs klinikaya məxsus siyirmədə olan pulu götürüb getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verərək göstərdi ki, o, hazırda İmişli rayon polis şöbəsinin cinayət axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. 01 fevral 2024-cü il tarixdə saat təxminən 11 radələrində naməlum şəxs İmişli şəhəri H.Əliyev prospekti 131 saylı ünvanda yerləşən "xxxx" MMC-nin direktor müavini Nümayəndə xidməti iş otağına qapıdan gizli yolla daxil olub, xidməti iş otağında siyirmədə saxladığı "xxxx" MMC-yə məxsus 8750 manat pulun oğurlaması barədə Nümayəndə 102 xidməti zəng mərəkəzi sistemindən məlumatı və ərizəsi İmişli Rayon Polis Şöbəsinə daxil olmuşdur. Həmin şəxsin Medisan Tibb mərkəzinə daxil olmasının müşahidə kamerasına düşməsi barədə əməliyyat tapşırığı və kamera görüntüsünə düşən şəxsin dayan kadrla çıxarılımış fotoşəkili çıxarılaraq götürülmüşdür. Keçirilmiş əməliyat axtarış tədbirləri ilə bağlı həmin fotoşəkil Respublikaının digər rayon polis orqanlarına göndərilmiş və müəyyən olunmuşdur ki, kamera görüntüsünə düşən şəxs Ağdam rayonu, Mahrızlı kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxsdur. Həmin məlumatla bağlı o, şöbənin cinayət axtarış bölməsinin əməkdaşı Şahid2la birlikdə Ağdam rayonun Mahrızlı kəndinə yollanmış və həmin kənddə saat təxminən 15 radələrində Təqsirləndirilən şəxs saxlayıb ona İmişli rayonunda yerləşən Medisan Ttibb mərəkzindən oğurluq etdiyini və bununla bağlı məlumatları olmasını və onun kamera görüntüsünə düşməsini izah etmişlər. Həmin vaxtı Təqsirləndirilən şəxs oğurluq etdiyini etiraf etmiş və oğurladığı puldan üzərində saxladığı 6000 manat pulu özü istintaqa təqdim etmişdir. İbtidai istitaq zamanı şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarına əlavə edilmiş 01 fevral 2024-cü il tarixli hadisə yerinə keçirilmiş baxış protokoluna əlavə olunmuş CD diskdən görünür ki, İmişli şəhəri H.Əliyev prospekti 131 saylı ünvanda yerləşən "xxxx" MMC-nin inzibati binasındakı Nümayəndə xidməti iş otağına naməlum şəxs saat 11 radələrində daxil olur və oradan təxminən 1 (bir) dəqiqədən sonra çıxaraq inzibati binanı tərk edir. 04 fevral 2024-cü il tarixli könüllü təqdim etmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs Ağaəli oğlu 01 fevral 2024-cü il tarixdə İmişli şəhəri H.Əliyev prospekti 131 saylı ünvanda yerləşən "xxxx" MMC-nin inzibati binasında yerləşən Ş.X.Şükürlünün xidməti iş otağındakı masanın siyirməsindən oğurlayıb xərclədyi puldan qalan 6000 (altı min) manatı istintaqa təqdim etmişdir. 05 fevral 2024-cü il tarixli Təqsirləndirilən şəxs Adil oğlunun ifadəsinin yerində yoxlanılması protokolundan görünür ki, o, İmişli şəhəri H.Əliyev prospekti 131 saylı ünvanda yerləşən "xxxx" MMC-nin inzibati binasındakı Nümayəndə xidməti iş otağında yerləşən masanın siyirməsində saxladığı 8750 manat məbləğində pulu, siyirməni açıb götürməklə oğurlamışdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ağdam rayon İcra və probasiya şöbəsinin 12 fevral 2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Bərdə Rayon Məhkəməsinin 1(021)-24/2017 saylı xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 3000 (üç min) manat cərimə cəzasına məhkum edilmişdir. Məhkum Təqsirləndirilən şəxs cəriməni ödəməkdən boyun qaçırdığı üçün Ağdam Rayon Məhkəməsinin 7(013)-17/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə 15 faiz dövlət nəfinə tutulmaqla 02 il müddətinə islah işləri cəzası təyin edilmiş və 8 noyabr “Zəfər günü” münasibəti ilə Azərbaycan Respublikası MM-nin xx.xx.2021-ci il tarixli Qərarının 2.8-ci bəndinin təsiri altına düşdüyündən cəzadan azad edildiyi üçün xx.xx.2021-ci il tarixdə qeydiyyatdan çıxarılmışdır. Ağdam RİHB-nin Zəngişalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndiliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə mənfi xarakterizə olunur və dəfələrlə məhkumluq həyatı yaşamışdır və narkotik aludəçisdir. İmişli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsdə saxlama müddəti 3 ay müəyyən edilərək, həbsdə saxlama müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs öz müdafiəsi üçün heç bir dəlil gətirməmişdir. Beləliklə, məhkəmə işdəki sübutları müqayisəli surətdə qiymətləndirərək hesab edir ki, cinayət əməlləri ittihamda göstərilən qaydada və şəraitdə baş vermişdir. Məhkəmə iclasında bilavasitə araşdırılmış sübutlarla Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini törətməsi tam təsdiq edilir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə düzgün tövsif edilmiş və o, həmin maddələrlə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə qeyd edir ki, cinayət cəzası dövlətin cinayət törədən şəxsə qarşı reaksiyası olmaqla, şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinin əsas hüquqi nəticəsidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsi Maddə 2.1. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Maddə 8.1. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Maddə 41.1. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Maddə 41.2. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Maddə 58.1. Cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Maddə 58.3. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin göstərilən normalarının müəyyən etdiyi ədalət prinsipi və cəzanın təyin edilməsinin ümumi əsasları cəza təyin edilərkən törədilmiş cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin nəzərə alınmasını nəzərdə tutmuşdur. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CM-nin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə cinayət qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs əməlini etiraf edib səmimi peşmançılıq çəkməsini, cinayət nəticəsində əldə olunan məbləğin 6000 manat hissəsini könüllü təhvil verməsini məsuliyyəti yüngülləşdirən hallar olaraq nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-nin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərin pozulmasına gətirib çıxara bilər. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidir. Məhkəmə işin faktiki hallarına qiymət verərək Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasını təyin etməyi qanuni olmaqla əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəza çəkməsinin əvvəli həbsə alındığı gündən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış 6000 (altı min) manat pulun zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinə qaytarılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4 maddələri ilə təqsirli bilinib, 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli həbsə alındığı gündən, yəni 04 fevral 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 6000 (altı min) manat pulun zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinə qaytarılması nəzərə alınsın. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Hökmdən 20 gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar