Azərbaycan Respublikası adından HÖKM İmişli rayonu İş № 1(036)-41/2023 28.04.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Quliyev Telman Osman oğlunun sədrliyi, Şiralıyeva Günel Mirzə qızının katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxx 1994-cü ildə İmişli şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkumluğu olmayan, İmişli şəhəri, P.Həsənov küçəsi, ev 9 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmiş, daşımış və saxlamış, habelə özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 485,63 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana əldə edib daşıyaraq, üzərində və yaşadığı İmişli şəhəri, P.Həsənov küçəsi 9 ünvanında yerləşən fərdi yaşayış evində saxlamış, 14 dekabr 2022-ci il tarixdə saat 16 radələrində İmişli Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı onun yaşadığı fərdi yaşayış evinə baxış keçirilərkən, yataq otağının sol küncündəki qəhvəyi rəngli şkafının içərisindən 01 ədəd ağ rəngli polietilen torbanın içərisində 485,0 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüş, əməliyyat-axtarış tədbirlərinin davamı olaraq İmişli Rayon Polis Şöbəsinin inzibati binasına gətirildikdən sonra, həmin gün saat 18:50 radələrində üzərində şəxsi axtarış aparılarkən əynində olan qara rəngli gödəkçənin sol yan cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümdə 0,63 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bundan başqa o, özgənin əmlakını gizli olaraq talama niyyəti ilə 26 yanvar 2023-cü il tarixdə saat 15 radələrindən 31 yanvar 2023-cü il tarixdə saat 10 radələrinədək olan müddət ərzində vahid niyyətlə əhatə olunan qəsdlə yaşadığı İmişli şəhəri, P.Həsənov küçəsi ev 9 ünvanında yerləşən, nənəsi X7 məxsus fərdi yaşayış evinin içərisindən sonuncunun gəlini Zərərçəkmiş şəxs məxsus 250 manat dəyərində bir ədəd “Çinar” markalı soyuducunu, 200 manat dəyərində bir ədəd “İltimad” markalı, Türkiyə istehsalı olan çörək bişirən qurğunu, 50 manat dəyərində bir ədəd taxta çarpayını, 30 manat dəyərində bir ədəd dəmir materiallı çarpayını, 30 manat dəyərində bir ədəd kustar üsulla hazırlanmış qaz sobasını, 80 manat dəyərində bir ədəd taxta stolu, 45 manat dəyərində iki ədəd taxta stulu, hər biri 50 manat olan 150 manat dəyərində üç ədəd xalçanı, 5 manat dəyərində bir ədəd ağ rəngli çaydanı, 5 manat dəyərində beş ədəd boşqabı, 4 manat dəyərində iki ədəd yastıq üzünü, 15 manat dəyərində bir ədəd yun ədyalı, 3 manat dəyərində bir ədəd çömçəni, 3 manat dəyərində bir ədəd böyük qaşığı, 1 manat dəyərində bir ədəd plastik materiallı qabı, 10 manat dəyərində iki ədəd meyvə qabını, 2 manat dəyərində bir ədəd külqabını, həmin evin həyətyanı sahəsindən 100 manat dəyərində dəmir materiallı üç ədəd hazır tor çəpəri, 120 manat dəyərində vanna otağının dəmir materiallı qapısını, 100 manat dəyərində dəmir materiallı su qızdırıcısını, hər biri 18 manat olan, 144 manat dəyərində səkkiz ədəd dəmir armaturu və 50 manat dəyərində dəmir listi gizli yolla talayaraq, zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 1397 (min üç yüz doxsan yeddi) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.1 və 234.1-ci maddələri ilə elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun dayısı X3 həyat yoldaşıdır. Zərərçəkmiş şəxs ailəsi ilə birlikdə Bakı şəhərində kirayə ev tutub yaşayır. Anası, bacısı və bacısının ailəsi də Bakı şəhərində yaşayırlar. O, əvvəllər Bakı şəhərində müxtəlif yerlərdə fəhlə işləmişdir. 04 noyabr 2022-ci il tarixdə Bakı şəhərində tanımadığı Sarxan adlı şəxs tərəfindən ağ ciyərindən bıçaqlanmışdır. Bununla bağlı Nizami Rayon Polis İdarəsinin İstintaq bölməsində Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə cinayət işinin istintaqı aparılır və həmin cinayət işində zərərçəkmiş şəxs qismində tanınmışdır. Bu hadisədən sonra o, iş qabiliyyətini itirmiş və işləyə bilməmişdir. 2022-ci ilin dekabr ayının ortalarında İmişli şəhərinə qayıtmış və nənəsi Xanımağa Əsədovanın yaşadığı İmişli şəhəri P.Həsənov küçəsi ev 9 ünvanındakı evə yerləşmişdir. O, psixotrop maddələr aludəçisi olub, həkim resepti əsasında ay ərzində 90 ədəd “tramadol” adlı psixotrop tərkibli dərman qəbul edir. Həmin dərmanlar ona təxminən 20-22 gün kifayət edir. Qalan günləri isə təcili tibbi yardım çağırıb vurulan ağrıkəsici dərmanlarla sakitləşir. Hazırda heç bir yerdə işləmir və qazancı yoxdur. 16 yanvar 2023-cü il tarixdə evin həyətində olan bir ədəd iki metr uzunluğunda, paslanmış, köhnə çəpər setkasını nənəsinin icazəsi ilə götürmüş və aparıb satmışdır. Həmin çəpər setkası köhnə çarpayının setkasından düzəldilmişdir. O, setkanı küçədə tanımadığı motosklet sürücüsünü saxlatdırıb, həmin motoskletə qoymaqla İmişli şəhəri, H.Əliyev prospektində yerləşən metal qəbulu məntəqəsinə aparmışdır. O, həmin setkanı metal qəbulu məntəqəsində haradan və kimdən əldə olunduğu soruşulmadan 8 manat pula satmışdır. Motosklet sürücüsünə 4 manat pul vermiş, qalan 4 manatla isə yaşadığı küçədə yerləşən “Almarket” dən hazır qablaşdırılmış şor və iki ədəd çörək alıb evə gəlmişdir. 26 yanvar 2023-cü il tarixdə o, yaşadığı evə qayıdanda nənəsinin evdə olmadığını bilmişdir. Lakin bir neçə gün əvvəl söhbət zamanı nənəsinin Bakıya, oğlu Elçin Allahverdiyevin yanına gedəcəyi barədə sözünü xatırlamış, nənəsinin Bakıya getdiyini düşünmüşdür. Buna görə də axtarmamışdır. Həmin vaxtı onun heç bir qazancı olmamış, yemək pulu tapa bilməmişdir. Buna görə də məcbur qalıb evdə olan bir neçə köhnə əşyanı satmaq qərarına gəlmiş, ilk olaraq həyətdəki hamamda olan köhnə, paslanmış su qızdırıcısını, yəni kolonkanı satmaqdan başlamışdır. Küçəyə çıxıb tanımadığı motosklet sürücüsünü yolda hərəkət edərkən görüb saxlatdırmış və metal qəbulu məntəqəsinə dəmir aparacağını demişdir. Həmin şəxs də razılaşmış və motoskleti həyətin giriş qapısına yaxınlaşdırandan sonra o, su qızdırıcısını motosklet sürücüsünün köməyi ilə motoskletin yük yerinə qoymuşdur. Həmin şəxs bu dəmir parçasını nə üçün satdığını və onun kim olduğunu bilməmişdir. Su qızdırıcısını İmişli “Pambıq zavodu”nun yaxınlığında, yerləşən metal qəbulu məntəqəsinə aparmışdır. O, orada işləyən şəxsləri şəxsən tanımır, su qızdırıcısını satan zaman isə haradan əldə etdiyi soruşulmamışdır. O, su qızdırıcısını metal qəbulu məntəqəsinə 7 manata satıb, motosklet sürücüsünə 2 manat yol haqqı verdikdən sonra, qalan 5 manat pulu isə ac olması səbəbilə yemək almışdır. Haradan aldığı yadında qalmasa da həmin pula dönər alıb yemişdir. Daha sonra yenə də pula ehtiyacı olduğu üçün evin mətbəx hissəsində olan köhnə işləməyən, qapısı olmayan və hazırda markasını və digər əlamətlərini xatırlamadığı soyuducunu satmaq qərarına gəlmişdir. Soyuducu ağ rəngli və çürümüş vəziyyətdə olmuşdur. O, yenə də küçəyə çıxıb tanımadığı motosklet sürücüsünü saxlamış və evində köhnə soyuducu olduğunu, metal qəbulu məntəqəsinə aparmaq lazım olduğunu demişdir. Sürücü onunla razılaşdıqdan sonra həmin soyuducunu da setkanı satdığı metal qəbulu məntəqəsinə aparmışdır. Həmin soyuducunu da orada 15 manata satıb 5 manatını motosklet sürücüsünə yol haqqı vermiş, qalan 10 manata da xatırlamadığı müxtəlif dükanlardan yemək alıb yemişdir. İmişli şəhəri Depo məhəlləsində yaşayan Sevinc adlı qadını da İmişli şəhər sakini kimi tanımış, ciddi münasibəti olmamışdır. O, 30 yanvar 2023-cü il tarixdə axşam saatlarında Sevincin yaşadığı evə söhbət etmək məqsədilə getmişdir. Sevinc onu yaşadığı evin həyətində qarşılamışdır. Söhbət zamanı Sevinc evin giriş hissəsinə xalça lazım olduğunu dedikdə o, rastına düşərsə tapıb gətirəcəyini demişdir. Həmin günü axşam saatlarında gəlib evdə olan iki ədəd köhnə xalçaları götürüb əlində, piyada Sevincin yaşadığı evə apararaq, Sevincə 40 manat pula satmışdır. Sevinc ona 30 manat pul vermiş və 10 manat da borclu qalmışdır. Həmin 30 manat pula isə xatırlamadığı dükandan su, siqaret, toyuq almışdır. O, psixotrop dərmanlardan istifadə etdiyi üçün yaddaşı zəifləmiş və bu səbəbdən də həmin pulları hansı dükanlarda xərcləməyi yadından çıxmışdır. 31 yanvar 2023-cü il tarixdə dayısı arvadı Zərərçəkmiş şəxs evin əşyalarını oğurladığı üçün ondan şikayət edəcəyini demişdir. O, Sevincə heç bir əşya oğurlamadığını və satdığı əşyaları isə ac qaldığı üçün məcburiyyət qarşısında satdığını demişdir. O, çarpayı setkasından düzəldilmiş dəmir çəpəri 16 yanvar 2023-cü il tarixdə nənəsi Xanımağa Əsədovanın icazəsi ilə, qalan qeyd etdiyi əşyaları isə 26 yanvar 2023-cü il tarixdən 31 yanvar 2023-cü il tarixədək olan müddətdə yuxarıda qeyd etdiyi ünvanlardakı metal qəbulu məntəqəsinə satmışdır. 14 dekabr 2022-ci il tarixdə saat 16 radələrində İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı İmişli şəhəri P.Həsənov küçəsi ev 9 ünvanından aşkar edilib götürülmüş 485,0 qram narkotik vasitə olan marixuana və həmin gün saat 18 radələrində İmişli Rayon Polis Şöbəsinin inzibati binasında üzərində şəxsi axtarış zamanı aşkar edilmiş 0,63 qram çəkidə narkotik vasitə olan marixuana ona məxsus deyildir. O, 12 dekabr 2022-ci il tarixdə ünvan 1 ünvanında yerləşən evə gəlmiş və həmin vaxtı orada nənəsi Xanımağa Əsədova ilə birlikdə əvvəllər tanımadığı ər-arvadın yaşadığını bilmişdir. İki gün birlikdə həmin evdə yaşadıqdan sonra, 14 dekabr 2022-ci il tarixdə həmin tanımadığı şəxslər və nənəsi evdən çıxıb getmişlər. Onların hara və nə səbəbə getmələri barədə məlumatı yoxdur. O, nənəsinin yenə də onu Maştağada yerləşən narkoloji mərkəzə məcburi müalicəyə göndərəcəyini düşünmüşdür. Həmin günü saat 16 radələrində tanımadığı bir neçə nəfər şəxsin qaçaraq evin həyətinə daxil olmalarını görüb, həmin şəxslərin narkoloji mərkəzin mühafizəçiləri olduğunu və onu aparmağa gəldiklərini hesab etmişdir. Buna görə də qaçmağa cəhd etmiş, lakin polis əməkdaşlarından biri özünü “əməliyyatçı Qüdrət” kimi təqdim etdikdən sonra gələn şəxslərin polis əməkdaşları olduğunu bilmişdir. Polis əməkdaşları onu evin giriş hissəsinin görünməyən tərəfində saxlayıb evin içərisinə girən şəxsləri görməsinin qarşısını almışlar. Həmin vaxtı polis əməkdaşlarının yanında iki nəfər tanımadığı şəxs olmuş və bu şəxslərin hal şahidləri oluqlarını bilmişdir. Polis əməkdaşları onun iştirakı ilə birlikdə yatdığı otağa baxış keçirmişlər. Polis əməkdaşları şkafın içərisinə baxarkən bir ədəd sellofan torbada narkotik vasitə olan marixuana aşkar edilib götürülmüşlər. O, həmin kütlənin ona məxsus olmadığını və həmin şkafın içərisinə necə gəlib düşməsi barədə məlumatının olmadığını bildirmişdir. O, həmin vaxt polis əməkdaşları ilə birlikdə İmişli Rayon Polis Şöbəsinə gəlmiş, polis şöbəsində inzibati otaqların birində polis əməkdaşları, hal şahidləri, vəkilin iştirakı ilə üzərində şəxsi axtarış aparılacağı bildirilmişdir. Onun üzərində şəxsi axtarış aparılmazdan əvvəl o, əlini cibinə salmaq istədikdə polis əməkdaşları əlini cibinə salmamasını demişlər. Şəxsi axtarış zamanı əynində olan qara rəngli qış gödəkçəsinin sağ çöl cibində nəsə olduğunu hiss etmiş və əlini cibinə salanda sellofan bükümdə içərisində nə olduğunu bilmədiyi kütləni cibindən çıxarıb, qarşısındakı stolun üstünə atmışdır. Polis əməkdaşları həmin bükümün arasını açıb, içərisində narkotik vasitə olan marixuanaya bənzər kütlə olduğunu bildirmişlər. Cibindən çıxan həmin kütlənin adını və üz cizgilərini xatırlamadığı polis əməkdaşının ona yaxınlaşıb əməliyyatçı Qüdrətin qulağın söz deyən zaman qoyduğunu hesab etmişdir. İbtidai istintaq zamanı isə yaşadığı evdən və üzərindən aşkar edilib götürülən marixuana kütlələri ilə bağlı verdiyi ifadələri oxumadan imza etmişdir. O, saxlanılarkən və polis şöbəsində olarkən ona qarşı heç bir zorakılıq olmamışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadə verərək göstərdi ki, İmişli şəhəri P.Həsənov küçəsi ev 9 ünvanında yerləşən fərdi yaşayış evi ona və ailəsinə məxsusdur. Həmin evdə nənəsi X9 tək yaşamışdır Nənəsilə birlikdə həmçinin onun baldızı oğlu Təqsirləndirilən şəxs da yaşamışdır. O, ailəsi ilə birlikdə Bakı şəhərində kirayə mənzil tutaraq yaşayır. Lakin əsas evləri bura olduğu üçün tez-tez gəlib-gedir. 26 yanvar 2023-cü il tarixdə nənəsi ağır xəstə olduğu üçün o, nənəsini götürüb Bakı şəhərinə yanına aparmışdır. 31 yanvar 2023-cü il tarixdə səhər 10 radələrində anası X1 ona zəng edərək Təqsirləndirilən şəxs tərəfindən evin əşyalarının oğurlamasını bildirmişdir. O, İmişli şəhəri P.Həsənov küçəsi ev 9-da yerləşən evinə gələn zaman, evin qarşısına çəpər kimi çəkdikləri hər birinin uzunluğu 2 metr olan dəmir materiallı üç ədəd setkanın, hamamın dəmir materiallı qapısının, hamamda olan dəmir kolonkanın (su qızdırıcısı), evin alt hissəsinə yığdıqları yeddi-səkkiz ədəd, uzunluğu 3 metr olan dəmir armaturların, uzunluğu 2,20 metr olan list formada dəmirin oğurlandığını aşkar etmişdir. Evin içərisinə keçmiş və mətbəxdəki “Çinar” markalı, ağ rəngli, iki qapılı köhnə modelli soyuducunun, bir ədəd “İltimad” markalı, ağ rəngli, şüşə qapaqlı, Türkiyə istehsalı olan çörək bişirən qurğunun, evin kiçik yataq otağındakı bir ədəd taxta olsa da yatacaq hissəsi dəmirdən olan çarpayının, digər yataq otağında olan taxtadan olsa da yatacaq hissəsi dəmirdən olan çarpayının, evin kiçik otağında dəmirdən kustar üsulla hazırlanmış qaz peçinin, evin zal hissəsində olan bir ədəd taxta stol və ətrafında olan altı ədəd stuldan iki ədədinin, bir ədədi evin kiçik otağında, biri evin digər yataq otağında, biri isə zalda olmaqla 3 ədəd xalçanın oğurlandığını aşkar etmişdir. Ailə üzvləri xəstə olduğu üçün o, bir neçə gün yubanıb xx.xx.2023-cü il tarixdə gəlib polisə müraciət etmişdir. Sadaladığı əşyaları qohumu Təqsirləndirilən şəxs oğurlamışdır. Ziyanın həmin evə daxil olmasına və yaşamasına özləri icazə versələr də, amma Ziya bundan istifadə edərək 26 yanvar 2023cü il tarixdən 31 yanvar 2023-cü il tarixədək olan müddət ərzində evinin əşyalarını oğurlamışdır. Uzunluğu 2 metr olan dəmir materiallı üç ədəd hazır setka çəpərin qiyməti ümumilikdə 150 manat, hamamın dəmir materiallı qapısının dəyəri 150 manat, hamamda olan dəmir kolonkanın dəyəri (su qızdırıcısı) 150 manat, evin alt hissəsinə yığdığımız yeddi-səkkiz ədəd, uzunluğu 3 metr olan dəmir armaturların ümumi dəyəri 100 manat, uzunluğu 2,20 metr olan list formada dəmirin dəyəri 100 manat, “Çinar” markalı, ağ rəngli, iki qapılı köhnə modelli soyuducunun dəyəri 500 manat, bir ədəd “İltimad” markalı, ağ rəngli, şüşə qapaqlı, Türkiyə istehsalı olan çörək bişirən qurğunun dəyəri 230 manat, bir ədəd taxta çarpayının dəyəri 80 manat, digər yataq otağında olan dəmir çarpayının dəyəri 50 manat, evin kiçik otağında dəmirdən kustar üsulla hazırlanmış qaz peçinin dəyəri 50 manat, evin zal hissəsində olan bir ədəd taxta stolun dəyəri 250 manat və ətrafında olan altı ədəd stuldan iki ədədinin ümumilikdə dəyəri 60 manat, 3 ədəd xalçanın hər biri 100 manat olmaqla ümumilikdə dəyəri 300 manat təşkil edir. Bundan başqa yaşadığı evin qonaq otağındakı əşya şkafından ona məxsus olan bir ədəd ağ rəngli çaydanın, beş ədəd boşqabın, iki ədəd yastıq üzünün, bir ədəd yun adyalın, bir ədəd çömçənin, məişətdə istifadə edilən plastik qabın, iki ədəd meyvə qabının, bir ədəd kül qabı da oğurlanmışdır. Oğurlanmış əşyalardan bir ədəd “Çinar” markalı soyuducu, bir ədəd çaydan, beş ədəd boşqab, iki ədəd yastıq üzü, bir ədəd yun adyal, bir ədəd çömçə, məişətdə istifadə edilən plastik qab, iki ədəd meyvə qabı və bir ədəd kül qabı ona qaytarılmışdır. Hazırda ona vurulmuş maddi ziyan ödənilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş İmişli RPŞ-nin CAB-nın əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, 14 dekabr 2022-ci il tarixdə etimad doğuran və qərəzsiz mənbədən İmişli şəhər sakini Təqsirləndirilən şəxs üzərində və yaşadığı evdə narkotik vasitə saxlaması və həmin günü saat 16 radələrində İmişli şəhər P.Həsənov küçəsində yerləşən evində olacağı ilə bağlı məlumat daxil olmuşdur. Daxil olmuş məlumat rayon polis şöbəsinin rəhbərliyinə məruzə olunandan sonra əməliyyat-axtarış qrupu yaradılmış və təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilmişdir. Əməliyyat qrupu birlikdə Təqsirləndirilən şəxs yaşadığı İmişli şəhəri P.Həsənov küçəsi ev 9 ünvanında yerləşən fərdi yaşayış evinə getmişlər. Evin giriş qapısını döydükdən sonra Təqsirləndirilən şəxs evdə olduğunu bildirib onları qarşılamışdır. Onlar İmişli rayon polis şöbəsinin əməkdaşları olduqlarını bildirib xidməti vəsiqələrini göstərməklə özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxs yaşadığı evdə qanunsuz olaraq narkotik vasitə saxlaması ilə bağlı dəqiq və qərəzsiz, etimad doğuran mənbədən məlumat daxil olduğunu bildirib, bu səbəbdən yaşadığı evə özünün və hal şahidlərinin iştirakı ilə baxış keçirilməsinin zəruri olduğunu qeyd etmişlər. Təqsirləndirilən şəxs öncə şifahi etiraz edib sonra razılaşmış, ev sahibi Xanımağa Əsədova isə yazılı ərizə də təqdim etməklə heç bir etirazının və şikayətinin olmadığını bildirmişdir. Daha sonra onlar Təqsirləndirilən şəxs və hal şahidlərinin iştirakı ilə evə daxil olmuşlar. Evin qarşısında kürsü, yataq otağında isə çarpayı və çarpayı ilə qarşı-qarşıya mebel rəngli şkaf olmuşdur. Düzbucaq formasında olan şkafın qapısını açdıqda içərisində dolaşıq vəziyyətdə kabellər və bir ədəd sellofan torba aşkar edilmişdir. Sellofan torbanın içərisində sarımtıl-yaşıl rəngli, spesifik iyə malik olan, narkotik vasitə marixuanaya bənzər kütlə aşkar edilmişdir. Həmin kütlə təhqiqatçı Mehdi Hüseyinzadə tərəfindən ekspertiza tədqiqatına təqdim edilməsi üçün götürüldükdən sonra baxış davam etdirilmiş və həmin şkafın üstündə olan ağ rəngli, üzərinə “dokta” sözü yazılmış sellofan torbanın içərisində tramadol dərmanlarına məxsus 4 (dörd) qutu aşkar edilmişdir. Birinci qutuda 10 ədəd, ikinci qutuda 5 ədəd, üçüncü qutuda 10 ədəd dərman preparatı olmuş, dördüncü qutu isə boş olmuşdur. Həmin mebel rəngli şkafın üstündən bir vərəq Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsinin surəti və Azərbaycan Respublikası vətəndaşının pasportu aşkar edildikdən sonra evin digər otaqlarında baxışı davam etdirilmişdir. Lakin qanunla qadağan edilmiş hər hansı əşya və predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxsla birlikdə polis şöbəsinin inzibati binasına gəldikdən sonra keçirilmiş əməliyyat-axtarış tədbirinin davam olaraq Təqsirləndirilən şəxs üzərində də narkotik vasitə saxlaması ehtimalını nəzərə alaraq, inzibati otaqlarının birində dövlət hesabına təyin edilmiş müdafiəçinin və hal şahidlərinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli qış gödəkçəsinin çöl sol cibinin içərisindən bir ədəd şəffaf sellofana bükülmüş vəziyyətdə təbii narkotik vasitə olan marixuanaya bənzər kütlə aşkar edilmiş və qablaşdırılaraq götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, 14 dekabr 2022-ci il tarixdə yaşadığı küçənin yaxınlığında yerləşən “Almarket”ə gedərkən bir polis əməkdaşı yaxınlaşıb xidməti vəsiqəsini göstərməklə özünü təqdim etmiş və İmişli şəhəri P.Həsənov küçəsində yaşayan Təqsirləndirilən şəxs yaşadığı evdə və üzərində qanunsuz olaraq narkotik vasitə saxlaması ilə bağlı məlumat daxil olduğunu, buna görə Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsinin, bunun üçün də iki nəfər hal şahidinin orada iştirak etməsinin zəruri olmasını bildirmişdir. O, da öz ictimai borcunu yerinə yetirmək məqsədilə həmin polis əməkdaşları ilə razılaşıb getmişdir. Polis əməkdaşlarının yanında tanımadığı, onun kimi həmin baxışda hal şahidi qismində iştirak edəcək əlavə bir nəfər də olmuşdur. Birlikdə Təqsirləndirilən şəxs yaşadığı evə gəldikdən sonra polis əməkdaşları həyət qapısını döyüb Ziyanı çağırmışlar. Ziya ilə söhbət zamanı polis əməkdaşları sonuncunun qanunsuz olaraq narkotik vasitə saxlaması ilə bağlı məlumat daxil olduğunu və buna görə də yaşadığı evə baxış keçirilməsinin zəruri olması bildirmişlər. Evin sahibi olan tanımadığı bir nəfər yaşlı qadın da evinə baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirdikdən sonra tədbirdə iştirak edən polis əməkdaşları, Təqsirləndirilən şəxs və hal şahidləri özlərini təqdim etmişlər. Ona hüquq və vəzifələri izah olunduqdan sonra Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsində iştirak etmişdir. Evin yataq otağında çarpayı və içərisində dolaşıq vəziyyətdə kabellər və bir ədəd sellofan torba olan şkaf olmuşdur. Həmin sellofan torba açıldıqdan sonra polis əməkdaşları torbanın içindəkinin sarımtıl-yaşıl rəngli, spesifik iyə malik olan, narkotik vasitə olan marixuanaya bənzər kütlə olduğunu qeyd etmişlər. Təqsirləndirilən şəxsla birlikdə polis şöbəsinin inzibati binasına gəldikdən sonra, polis əməkdaşları onun üzərində narkotik vasitənin olub-olmamasını müəyyən etmək üçün sonuncunun üzərində şəxsi axtarış keçirəcəklərini demiş, bu zaman isə hal şahidləri və müdafiəçi də iştirak etmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli qış gödəkçəsinin çöl sol cibindən bir ədəd şəffaf sellofanda büküm aşkar edilmiş, polis əməkdaşları bu kütlənin təbii narkotik vasitə olan marixuanaya bənzədiyini, ekspertizaya göndərəcəklərini qeyd etmişlər. Həmin hərəkətlərin aparılması zamanı Təqsirləndirilən şəxs üzərində polis əməkdaşları tərəfindən hər hansı işgəncə, qeyri-insani hərəkətlərə yol verilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 İsrayıl qızı ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxs onun övladıdır. Həmin ünvanda o, anası Xanımağa Əsədova və oğlu Təqsirləndirilən şəxs birlikdə yaşayırdılar. Ziya 2014-cü ildən psixotrop tərkibli dərmanlar qəbul edir. Müalicənin faydası olmamış və yenə də həmin tərkibli dərmanlardan istifadə etmişdir. Ziya İmişli MRX-da narkoloji kabinetdə məcburi müalicə üzrə qeydiyyatdadır və hər ay 90 ədəd tramadol tərkibli müalicə məqsədli dərman yardımı alırdı. Lakin həmin miqdarda dərmanlar ona köməklik etmirdi. Tez-tez ağrıları olur və ağrıları başlayan zaman çox əsəbləşərək evdə olan əşyaları sındırırdı. 2022-ci ilin sentyabr ayından isə Ziyanın təkcə psixotrop maddələrdən deyil, həm də digər narkotik vasitələrdən də istifadə etdiyi ona məlum olmuşdur. 2022-ci ilin 29 dekabrda Ziya onunla mübahisə edib ağrılarının olduğunu və hardan olursa-olsun dərman tapıb gətirməyini, əks halda evə gəlməməsini demişdir. Həmin vaxtı Ziya üçün xəstəxanadan hələ dərman verilməsinin vaxtı olmadığını, heç bir yerdən gedib qanunsuz olaraq dərman tapa bilməyəcəyini, buna görə də Ziyanın əlindən bezib Bakı şəhəri, 4-cü mikrorayonda kirayədə yaşayan qardaşı Elçin Allahverdiyevin evinə getmişdir. Ziyanın bu hərəkətlərinin ucbatından anası Xanımağa Əsədovanın səhhəti pisləşmiş və oğlu Elçinin evinə yerləşmişdir. Ziya İmişli şəhəri P.Həsənov küçəsi ev 9 ünvanında tək yaşamışdır. Ev anası Xanımağa Əsədovaya məxsus olsa da, həmin ünvanda olan əşyaların hamısı qardaşı arvadı Zərərçəkmiş şəxs cehizləridir və ona məxsusdur. Ziyanın Zərərçəkmiş şəxs məxsus əşyaları oğurlaması nəticəsində sonuncuya maddi ziyan vurulmuşdur. Ziyanın oğurladığı əşyalara evin qarşısına çəpər kimi çəkdikləri hər birinin uzunluğu 2 metr olan dəmir materiallı üç ədəd setka, hamamın dəmir materiallı qapısı, hamamda olan dəmir kolonka(su qızdırıcısı), evin alt hissəsinə yığılmış yeddi-səkkiz ədəd, uzunluğu 3 metr olan dəmir armaturlar, uzunluğu 2,20 metr olan list formada dəmir, evin mətbəx hissəsində olan “Çinar” markalı, ağ rəngli, iki qapılı köhnə modelli soyuducu, bir ədəd “İltimad” markalı, ağ rəngli, şüşə qapaqlı, Türkiyə istehsalı olan çörək bişirən qurğu, daha sonra evin kiçik yataq otağındakı bir ədəd taxta olsa da yatacaq hissəsi dəmirdən olan çarpayı, digər yataq otağında olan taxtadan olsa da yatacaq hissəsi dəmirdən olan çarpayı, evin kiçik otağında dəmirdən kustar üsulla hazırlanmış qaz peçi, evin zal hissəsində olan bir ədəd taxta stol və iki ədəd stul, 3 ədəd xalça daxildir. O, evin qonaq otağında olan əşya şkafında dəqiq adını və sayını bilmədiyi xeyli sayda qabların, stəkanların, boşqabların, kül qabının, çəngəl-bıçaqlar da Ziya tərəfindən oğurlanmışdır. Ziyanın həmin əşyaları oğurlayıb hara satmasını bilmir, lakin əmindir ki, həmin əşyaları satıb pulunu narkotik vasitəyə vermişdir. Çünki, onunla birlikdə yaşayan zaman Ziyanın yaşayış tərzini görmüşdür. Ziya narkotik maddələrin istifadəçisidir və pul tapa bilmədiyi üçün Zərərçəkmiş şəxs məxsus əşyaları oğurlayıb satmışdır. Məhkmə iclasında ifadələri elan olunmuş şahidlər İmişli RPŞ-nin CAB-nın əməliyyat müvəkkili Şahid2 və İmişli RPŞ-nin PPXB-nin polis nəfəri Şahid3 işin hallarına dair ibtidai istintaq zamanı Şahid1 ilə eyni məzmunlu ifadə vermişlər. Məhkmə iclasında ifadəsi elan olunmuş Şahid5 işin hallarına dair ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində Şahid4 ifadəsinə uyğun ifadə vermişdir. xx.xx.2022-ci il tarixli “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, baxış keçirilən yer İmişli şəhəri P.Həsənov küçəsi 9 ünvanında yerləşən fərdi yaşayış evidir. Evin giriş qapısı dəmirdən olmaqla boz rəngdədir, nazik beton örtüklə örtülmüş həyətdə yaşayış evi, arxasında isə hamam vardır. Hamamda vanna otağının sağ tərəfində dəmir su qızdırıcısına məxsus olması ehtimal edilən xırda pas hissəcikləri və çürümüş dəmir qırıntıları yerdə müşahidə olunur. Evin yaşıl ot təbəqəsi ilə örtülmüş həyətyanı sahəsini həyətlə ayıran sərhədi göstərən izlər Zərərçəkmiş şəxs tərəfindən göstərilmiş və sonuncu setka dəmir çəpərin yerinin məhz ora olmasını bildirmişdir. Evin arxa hissəsində zirzəmiyə daxil olmaq üçün nəzərdə tutulan yeri göstərən Zərərçəkmiş şəxs dəmir listin və armaturların məhz həmin yerə yığıldığını göstərmişdir. Evin girişi ilə üzbəüz kalidor hissə yerləşir. Oradan mətbəxə daxil olunmuş və Zərərçəkmiş şəxs mətbəxdə olan soyuducunun və çörək bişirən qurğunun yerini göstərmişdir. Zərərçəkmiş şəxs kiçik yataq otağında olan taxta çarpayının, və kustar üsulla hazırlanmış qaz peçinin olduğu yeri göstərdikdən sonra, evin hazırda boş olan zal hissəsində olan stolun və stulların, xalçaların yerini göstərmişdir.Həyətə düşən zaman Zərərçəkmiş şəxs hamamın giriş hissəsindəki dəmir qapının da yerində olmadığını bildirmişdir. Baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı əşya və ya predmet aşkar edilməmiş və götürülməmişdir. xx.xx.2022-ci il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, İmişli Rayon Polis Şöbəsinin inzibati binasında Təqsirləndirilən şəxs olunun üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı onun əynində olan qara rəngli qış gödəkçəsinin çöl sol cibindən içərisində narkotik vasitə hesab edilən qurudulmuş marixuanaya bənzər kütlə olan bir ədəd şəffaf sellofana bükülmüş büküm aşkar olunmuş, həmin kütlə Təqsirləndirilən şəxs və hal şahidlərinin iştirakı ilə qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən götürülmüş narkotik vasitəyə oxşar olan kütlə ekspertizaya göndərilməsi üçün hal şahidlərinin iştirakı ilə bir ədəd zərfə qoyularaq qablaşdırıldıqdan sonra həmin zərf Azərbaycan Respublikası DİN-in 179 saylı möhürü ilə möhürlənmiş, hal şahidləri və Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlənin marixuana olduğunu və özünə məxsus olduğunu bildirmişdir. xx.xx.2023-cü il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, baxış keçirilən yer İmişli şəhəri P.Həsənov küçəsi ev 9-da yerləşən X7 məxsus olan fərdi yaşayış evi və həyətyanı sahədir. Kürsülü evin həyətinə giriş dəmir qapıdandır. Təqsirləndirilən şəxs yataq otağı qonaq otağı ilə kəsişməklə sol tərəfdə yerləşir. Yataq otağının sol tərəfində çarpayı, çarpayı ilə qarşı-qarşıya giriş hissəyə bitişik şkaf vardır. Şkafı açdıqda kabellər və bir ədəd sellofan torba aşkar edilmişdir. Həmin sellofan torbada spesifik iyə malik, yaşıl rəngli qurudulmuş marixuanaya bənzər kütlə müəyyən edilmiş və torba qablaşdırılaraq götürülmüşdür. Şkafın üstündə olan ağ rəngli üzərində yaşıl fonda ”dokta” yazılmış sellofanın içərisində 4 qutu 50 ml olan, tramadol dərmanı vardır. Dərman qutularının birincisinin içərisində 10 ədəd, ikincisinin içərisində 5 ədəd, üçüncüsünün içərisində 10 ədəd dərman preparatı olmuş, dördüncüsü isə boş olmuşdur. Həmin tumuçkanın üzərindən bir ədəd Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsinin surəti və Azərbaycan Respublikasının vətəndaşının pasportu aşkarlanmışdır. Evin qonaq, iki yataq, mətbəx otaqlarına, həyətyanı sahəsinə baxış keçirilmiş, ancaq həmin yerlərdən hər hansı bir qanunla qadağan olunmuş əşya aşkar olunmamışdır. Baxış zamanı ağ sellofanda olan dörd ədəd üzərində tramadol yazılmış dərman qutuları, Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsinin surəti və Azərbaycan Respublikasının vətəndaşının pasportu, həmçinin şkafda aşkar edilib götürülmüş sellofanda yaşıl rəngli qurudulmuş marixuanaya bənzər kütlə qablaşdırılaraq götürülmüşdür. xx.xx.2023-cü il tarixli “Baxış keçirilməsi və götürmə aparılması haqında” protokoldan görünür ki, baxış keçirilən yer İmişli şəhəri M.Sadıqcan küçəsi ev 12 ünvanında yerləşən fərdi yaşayış evidir. X5 məxsusdur. Sevinc Alışova istintaq zamanı verdiyi ifadəsini şifahi formada bir daha qeyd edərək Təqsirləndirilən şəxs ona satdığı məişət əşyalarını təqdim etmişdir. Həmin əşyalara bir ədəd ağ rəngli qapaqsız çaydan, iki ədəd rəngli xalça, beş ədəd boşqab, iki ədəd yastıq üzü, bir ədəd yun adyal, bir ədəd çömçə, bir ədəd qaşıq, bir ədəd plastik qab, iki ədəd meyvə qabı, bir ədəd kül qabı daxildir. Sevinc Alışova həmin əşyaların Təqsirləndirilən şəxs tərəfindən oğurlandığından xəbərsiz olduğunu və həmin əşyaları ümumilikdə 40 manata razılaşıb aldığını, lakin Təqsirləndirilən şəxs cəmi 30 manat pul verdiyini, 10 manat isə borclu qaldığını bildirmişdir. xx.xx.2023-cü il tarixli “Baxış keçirilməsi və götürmə aparılması haqında” protokoldan görünür ki, baxış keçirilən yer İmişli şəhəri H.Əliyev prospekti 6 ünvanında yerləşən metal qəbulu məntəqəsidir. Həmin məntəqə X8 məxsusdur. Həyətdə divarı sarı rəngdə, dam örtüyü isə qırmızı rəngdə olan ev vardır. Həyətdə topa şəkildə üst-üstə yığılmış tullantı dəmir materialları vardır. Həyətlə hərəkət etdikdə sağ baş tərəfdə mişar daşından hörülmüş çəpərin kənarında dəqiq sayının müəyyən edilməsi mümkün olmayan soyuduculara məxsus qalıqlar vardır. Həmin tullantıların üzərində olan bir ədəd ağ rəngli soyuducunun alıqları götürülərək zərərçəkmiş Zərərçəkmiş şəxs təqdim edildi. Sonuncu soyuducunu tanıyaraq sağ yan tərəfindəki ləkədən özünə məxsus olduğunu bildirmişdir. Bir ədəd “Çinar” markalı, ehtiyat hissələri sökülmüş vəziyyətdə, ağ rəngli soyuducu götürülərək zərərçəkmiş Zərərçəkmiş şəxs təqdim edilmişdir. İş materiallarında olan məhkəmə-bioloji ekspertizasının 15 dekabr 2023-cü il tarixli, 18/1318 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri və imzalar olan kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi - 0,63 qram olan kütlələr çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş üzərində “... Təqsirləndirilən şəxs yaşadığı evdəki...” sözləri və imzalar olan polietilen torbanın içərisində olan 01 ədəd ağ rəngli polietilen torbada təmiz çəkisi - 485,0 qram olan kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar olunan marixuana eyni tərkiblidir. İşdə olan məhkəmə-narkoloji ekspertizasının 17 yanvar 2023-cü il tarixli, 241 nömrəli rəyinə əsasən, Təqsirləndirilən şəxs Opioidlərin və Kannabinoidlərin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İşdə olan "xxxx" MMC-nin 19 fevral 2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, 31 yanvar 2023-cü il tarixdə uzunluğu 2 metr olan dəmir materiallı üç ədəd hazır setka çəpərin 100 manat, uzunluğu 2 metr, eni isə 80 sm olan hamamın dəmir materiallı qapısının 120 manat, hamama quraşdırılan, uzunluğu 1.80 metr olan dəmir materiallı su qızdırıcısının 100 manat, səkkiz ədəd, uzunluğu 3 metr olan dəmir armaturların hər biri 18 manat olmaqla ümumilikdə 144 manat manat, uzunluğu 2,20 metr olan list formada dəmirin 50 manat, “Çinar” markalı, ağ rəngli, iki qapılı köhnə modelli soyuducunun 250 manat, bir ədəd “İltimad” markalı, ağ rəngli, şüşə qapaqlı, Türkiyə istehsalı olan çörək bişirən qurğunun 200 manat, bir ədəd mebel taxta çarpayının 50 manat, dəmir materiallı çarpayının 30 manat, dəmirdən kustar üsulla hazırlanmış qaz peçinin 30 manat, bir ədəd uzunluğu 2 metr olan taxta stolun 80 manat, iki ədəd, taxta materiallı üç ədəd stulun 45 manat, uzunluğu 3 metr, eni isə 2 metr olan üç ədəd xalçanın hər biri 50 manat olmaqla ümumilikdə 150 manat, bir ədəd ağ rəngli çaydanın 5 manat, beş ədəd boşqabın 5 manat, iki ədəd yastıq üzünün 4 manat, bir ədəd yun adyalın 15 manat, bir ədəd çömçənin 3 manat, bir ədəd böyük qaşığın 3 manat, bir ədəd plastik materiallı qabın 1 manat, iki ədəd meyvə qabının 10 manat, bir ədəd külqabının orta bazar satış qiyməti 2 manat olmuşdur. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İmişli RİHB-nin İmişli şəhər inzibati ərazi dairəsi üzrə nümayəndisi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur və barəsində heç bir şikayət daxil olmamışdır. İmişli Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 02 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsdə saxlama müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanması müəyyən edilmişdir. Beləliklə, məhkəmə işdəki sübutları müqayisəli surətdə qiymətləndirərək hesab edir ki, cinayət əməlləri ittihamda göstərilən qaydada və şəraitdə baş vermişdir. Məhkəmə iclasında bilavasitə araşdırılmış sübutlarla Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini törətməsi tam təsdiq edilir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.1 və 234.1-ci maddələri ilə düzgün tövsif edilmiş və o, həmin maddələrlə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə iclasında verdyi ifadəsinə tənqidi yanaşır və hesab edir ki, özünü müdafiə və törətmiş olduğu cinayət əməllərinə görə təyin olunacaq cəzanı yüngülləşdirmək və həmin cinayət əməllərindən yaxa qurtarmaq məqsədi daşıyir. Məhkəmə qeyd edir ki, cinayət cəzası dövlətin cinayət törədən şəxsə qarşı reaksiyası olmaqla, şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinin əsas hüquqi nəticəsidir. Azərbaycan Respublikasınin Cinayət Məcəlləsi Maddə 2.1. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Maddə 8.1. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Maddə 41.1. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Maddə 41.2. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Maddə 58.1. Cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Maddə 58.3. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin göstərilən normalarının müəyyən etdiyi ədalət prinsipi və cəzanın təyin edilməsinin ümumi əsasları cəza təyin edilərkən törədilmiş cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin nəzərə alınmasını nəzərdə tutmuşdur. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CM-nin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə cinayət qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ilk məhkumluğunu, cinayət əməllərini qismən etiraf edib peşmançılıq çəkməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-nin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidir. Məhkəmə işin faktiki hallarına qiymət verərək Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasını təyin etməyi qanuni olmaqla əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs üzərində müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 14 dekabr 2022-ci il tarixdən 16 dekabr 2022-ci il tarixədək həbsdə saxlanıldığı 2 (iki) gün müddət təyin edilmiş cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəza çəkməsinin əvvəli həbsə alındığı gündən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğuna görə, cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İmişli Rayon Polis X6 müstəntiqinin xx.xx.2023-cü il tarıxli qərarı ilə Zərərçəkmiş şəxs mülki iddiaçı qismində tanınmışdır. Lakin, iş materialları ilə müəyyən olur ki, mülki iddiaçı qismində tanınma barədə ərizə verilərkən və mülki iddiaçı qismində tanınma barədə qərar qəbul edilərkən Azərbaycan Respublikası CPM-nin 179,181, 183-cü maddələrinin tələbləri pozulmuş, qanunvericiliyin tələbinə uyğun olaraq iddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməmiş, zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmamışdır. Cinayət mühakimə icraatı zamanı mülki iddianın əsasını və iddia tələbinin məbləğini dəqiqləşdirmək üçün Zərərçəkmiş şəxs təklif olunmasına baxmayaraq, mülki iddiaya əlavələr və dəyişikliklər etmək və ya dəqiqləşdirmə aparılması mümkün olmamış, nəticədə mülki iddia qeyri müəyyən olaraq qalmışdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 354.1.3-cü maddəsinə əsasən mülki iddianın əsasları və məbləği müəyyən olunmadığına görə iş üzrə mülki iddia baxılmamış saxlanmalıdır. İş üzrə maddi sübut kimi İmişli rayon polis şöbəsinin saxlanc anbarında saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalan çəkisi – 485,59 qram narkotik vasitə olan marixuana məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd “Çinar” markalı soyuducu, bir ədəd çaydan, beş ədəd boşqab, iki ədəd yastıq üzü, bir ədəd yun adyal, bir ədəd çömçə, məişətdə istifadə edilən plastik qab, iki ədəd meyvə qabı və bir ədəd kül qabının zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Ekspertiza tədqiqatına sərf edilmiş 31,95 (otuz bir manat doxsan beş qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1 və 234.1-ci maddələri ilə təqsirli bilinib, CM-nin 177.1-ci maddəsi ilə 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına və CM-nin 234.1-ci maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs üzərində 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 14 dekabr 2022-ci il tarixdən 16 dekabr 2022-ci il tarixədək həbsdə saxlandığı 2 (iki) gün müddət təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli həbsə alındığı gündən, yəni 02 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi İmişli Rayon Polis Şöbəsinin saxlanc anbarında saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalan çəkisi-485,59 qram narkotik vasitə olan marixuana məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd “Çinar” markalı soyuducu, bir ədəd çaydan, beş ədəd boşqab, iki ədəd yastıq üzü, bir ədəd yun adyal, bir ədəd çömçə, məişətdə istifadə edilən plastik qab, iki ədəd meyvə qabı və bir ədəd kül qabının Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Ekspertiza tədqiqatına sərf edilmiş 31,95 (otuz bir manat doxsan beş qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. İş üzrə mülki iddia baxılmamış saxlanılsın. Hökmdən 20 gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Telman Quliyev
Məhkəmə qərarları › İş №1(036)-41/2023
İmişli Rayon Məhkəməsi Hökm — İş №1(036)-41/2023
28.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver