Azərbaycan Respublikası adından HÖKM İmişli rayonu İş № 1(036)-42/2021 18.05.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ saat 10:25 Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Əhmədova Günel Mirzə qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxx 1997-ci ildə İmişli şəhərində anadan olmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, fərdi əməklə məşğul olan, orta təhsilli, əvvəllər məhkum olunmuş (İmişli Rayon Məhkəməsinin 1(036)-085/2020 saylı, 18 noyabr 2020-ci il tarixli hökmü ilə 1 (bir) il, 10 (on) ay, 24 (iyirmi dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş), İmişli şəhəri, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilməklə, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridaxanasında saxlanılan Təqsirləndirilən şəxs... Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və tarixdə şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 0.156 qram çəkidə narkotik vasitə olan heroini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib 1 (bir) ədəd şprisin içərisində maye ilə qarışdırıb ineksiya yolu ilə qəbul etmək üçün istifadəyə hazır vəziyyətə gətirib üzərində saxlamışdır. 15 yanvar 2021-ci il tarixdə, saat 18:00 radələrində İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs İmişli şəhəri, M.Əsədov küçəsində saxlanılaraq, Polis Şöbəsinə gətirilmiş və üzərində şəxsi axtarış aparılan zaman əynindəki qara rəngli gödəkçənin sol iç cibindən 1 (bir) ədəd şprisin içərisində həcmi 3.6 ml olan heroin məhlullu mayenin quru maddəsinin təmiz çəkisi 0.156 qram olan narkotik vasitə heroin aşkar olunaraq götülmüşdür. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilərək, ifadəsində bildirmişdir ki, o, ailəsi ilə birlikdə İmişli şəhəri, ünvan 1 ünvanda yaşayır və fərdi əməklə məşğul olur. Özü 1 (bir) ildir ki, narkotik vasitə istifadəçisidir. Narkotik vasitəni adətən tanımadığı şəxslərdən əldə edib, inyeksiya yolu ilə qəbul edir. 15 yanvar 2021-ci il tarixdə, təxminən saat 14:00-15:00 radələrində İmişli şəhəri, M.Əsədov küçəsində “xxxx” ASC-nin “İmişli” filialının yaxınlığında bir neçə nəfər polis əməkdaşı ona yaxınlaşıb, İmişli Rayon Polis Şöbəsinə getməyi təklif etmişlər. O da polis əməkdaşlarının təkilfini qəbul edərək, onlar ilə birlikdə İmişli Rayon Polis Şöbəsinə getmişdir. Polis Şöbəsində xidməti otaqların birində müdafiəçinin və hal şahidlərinin iştirakı ilə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı əynindəki qara rəngli gödəkçənin sol iç cibindən 1 (bir) ədəd şpirisin içərisində heroin məhlullu mayenin quru maddəsi, 1 (bir) ədəd ağzı açıq limon duzu və başı qırılmış “novakain” qabı aşkar olunmuşdur. Üzərindən digər qanunsuz narkotik vasitə, əşya və predmet aşkar edilməmişdir. Üzərindən aşkar edilərək, götürülmüş həmin narkotik vasitə onun, hal-şahidlərinin və müdafiəçinin iştirakı ilə qablaşdırılaraq zərfin içərisinə qoyulmuş, möhürlənmişdir. Onun həmin narkotik vasitəni satmaq və ya kiməsə bağışlamaq niyyəti olmamış, sadəcə olaraq özünün istifadə etməsi üçün özündə saxlamışır. Hal-hazırda törətdiyi cinayət əməlini etiraf edir, səmimi peşmanlıq hissi keçirir və gələcəkdə bir daha belə hallara yol verməyəcəyini bildirmişdir. Bütün bunları nəzərə alaraq, barəsində məhkəmə tərəfində yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, o, İmişli Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir və polis baş leytenantıdır. 15 yanvar 2021-ci il tarixdə onun icratına İmişli şəhəri, ünvan 2 ünvanda yaşayan Təqsirləndirilən şəxs üzərində narkotik maddə gəzdirməsi, həmin maddənin qəbulu ilə məşğul olması və İmişli şəhəri, M.Əsədov küçəsində gəzişməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat məlumatının yoxlanılması üçün bu barədə raportla İmişli Rayon Polis Şöbəsinin rəhbərliyinə məruzə etmişdir. Rəhbərliyin müvafiq göstərişi əsasında Təqsirləndirilən şəxs ətrafında əməliyyataxtarış tədbirlərinin keçirilməsi üçün qərar qəbul edilmiş və əməliyyat qrupu yaradılmışdır. O və İmişli Rayon Polis X2 Qrupunun baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid2 İmişli şəhəri, M.Əsədov küçəsində əməliyyat tədbirini həyata keçirmək üçün müşahidəyə başlamışlar. O, Təqsirləndirilən şəxs yaxınlaşıb, özünü polis əməkdaşı kimi təqdim etmiş və İmişli Rayon Polis Şöbəsinə getməyini təklif etmişdir. X8 heç bir etiraz etmədən, təzyiq (müqavimət) göstərmədən onlar ilə birlikdə İmişli Rayon Polis Şöbəsinin inzibati binasına gəlmişdir. İmişli Rayon Polis Şöbəsində xidməti otaqların birində təhqiqatçı tərəfindən müdafiəçinin və dəvət edilmiş 2 (iki) nəfər hal şahidinin iştirakı ilə X3 üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı X3 əynindəki qara rəngli gödəkçənin sol iç cibindən 1 (bir) ədəd şpris, 1 (bir) paket limon duzu, 1 (bir) ədəd üzərində “novakain” yazılmış, uc hissəsi qırılmış şüşə dərman qabı aşkar olunmuşdur. Aşkar olunmuş şprisin içərisində qana və heroinə bənzər rəngdə məhlul olmuşdur. Təqsirləndirilən şəxs həmin şprisin içərisində narkotik vasitə olan heroin olduğunu, heroini inyeksiya yolu qəbul etdiyini və bir neçə ay əvvəl Bakı şəhərində tanımadığı şəxsdən aldığını bildirmişdir. Lakin Təqsirləndirilən şəxs üzərindən digər qanunsuz əşya, predmet və narkotik vasitə aşkar edilməmişdir. Üzərindən aşkar edilərək, götürülmüş həmin narkotik vasitə olan heroin məhlulu Təqsirləndirilən şəxs, hal şahidlərinin və müdafiəçinin iştirakı ilə qablaşdırılaraq zərfin içərisinə qoyulmuş, möhürlənmişdir. Bu barədə təhqiqatçı tərəfindən müvafiq protokol tərtib edilmiş, protokol ucadan oxunmuş, heç bir etiraz daxil olmamış əlavə və düzəlişlik edilmədən bütün iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, o, ailəsi ilə birlikdə İmişli şəhəri, H.Cavid küçəsi, ev 18 ünvanda yaşayır və fərdi əməklə məşğul olur. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onun ilə heç bir qohumluq münasibəti və ədavəti yoxdur. 15 yanvar 2021-ci il tarixdə, təxminən saat 18:00-19:00 radələrində “Zabit” adlı qohumundan şikayət ərizəsi ilə müraciət etmək üçün İmişli Rayon Polis Şöbəsinə getmişdir. O, Polis Şöbəsinin inzibati binasında olan tanımadığı polis əməkdaşı ona yaxınlaşaraq, bir nəfər şəxsin üzərinə baxış keçirilməsində hal şahidi qismində iştirak etməsini xahiş etmişdir. O da polis əməkdaşının təklfini qəbul edərək, İmişli Rayon Polis Şöbəsinin xidməti otaqların birinə getmişdir. Təhqiqatçı ona Təqsirləndirilən şəxs göstərərək həmin şəxsin üzərinə axtarış keçiriləcəyi barədə məlumat vermiş, axtarış keçirilməzdən əvvəl ona və digər tanımadığı hal şahidinə hüquq və vəzifələri izah edilmişdir. Sonra isə təhiqatçısı tərəfindən hal şahidlərinin, polis əməkdaşlarının və müdafəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində axtarış aparılmışdır. Axtarış zamanı həmin şəxsin əynindəki qara rəngli gödəkçəsinin sol iç cibindən 1 (bir) ədəd içərisində maye ilə dolu şpris, ağzı açılmış vəziyyətdə 1 (bir) qutu limon duzu və başı qırılmış “novakain” ampulası aşkar olunaraq, götürülmüşdür. Təqsirləndirilən şəxs polis əməkdaşlarına həmin şprisin içərisində narkotik vasitə olan heroin olduğunu, heroini inyeksiya yolu qəbul etdiyini və bir neçə ay əvvəl Bakı şəhərində tanımadığı şəxsdən aldığını bildirmişdir. Lakin Təqsirləndirilən şəxs üzərindən digər qanunsuz əşya, predmet və narkotik vasitə aşkar edilməmişdir. Üzərindən aşkar edilərək, götürülmüş həmin narkotik vasitə olan heroin məhlulu Təqsirləndirilən şəxs, hal şahidlərinin və müdafiəçinin iştirakı ilə qablaşdırılaraq zərfin içərisinə qoyulmuş, möhürlənmişdir. Bu barədə təhqiqatçı tərəfindən müvafiq protokol tərtib edilmiş, protokol ucadan oxunmuş, heç bir etiraz daxil olmadan bütün iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra o, İmişli Rayon Polis Şöbəsinin inzibati binasını tərk etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 Şahid4 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Cinayət işində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X6 Bölməsinin 18/77 saylı, 16 yanvar 2021-ci il ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində: “Təqsirləndirilən şəxs üzərində...” sözləri yazılmış kağız paketdə 1 (bir) ədəd 5.0 ml-lik şpirisin içərisində həcmi-3.6 ml. olan maye narkotik vasitə heroin məhluludur. Həmin məhluldakı heroinin quru maddəsinin təmiz çəkisi-0.156 qramdır. Mayenin həcmi-3.6 ml, tədqiqata istifadə olundu-0.3 ml, qalıq-3.3 ml.dir. Məhkəmə bioloji ekspertizasının keçirilməsi üçün aparılmış tədqiqatın dəyəri 49.74 (qırx doqquz, yetmiş dörd) AZN məbləği təşkil edir. Cinayət işində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X10 Şəxsi Ambulator X1 442 saylı, 11 fevral 2021-ci il rəyindən görünür ki, Təqsirləndirilən şəxs nevroloji statusu: kəllə-beyin inervasiya normal daxilindədir. Bəbəklər eynidir. Fotoreaksiya normaldır. Akkomodasiya və konvergensiya normaldır. Nistaqm yoxdur. Burun-dodaq büküşləri simmetrikdir. Udma və yumşaq damaq refleksi normaldır. Dili orta xətt üzrədir. Kerer nöqtələr ağrısızdır. Vətər və sümüküstü refleksləri normaldır. Parez və plegiya yoxdur. Patoloji reflekslər aşkarlanmır. Qarın refleksi normaldır. Romberq vəziyyətində dayanıqsızdır. Qolları uzadılmış vəziyyətdə əl barmaqlarının titrəməsi müşahidə olunur. Distal hiperhidroz qeyd olunur. Psixi vəziyyəti: Huşu aydın, bələdliliyi bütün növlərdə saxlanılıb. Suallara düzgün cavab verir. Produktiv psixopatoloji simptomatika aşkar olunmur. Emosional iradi sferası dəyişkəndir. Əhval-ruhiyyəsi aşağıdır. Öz vəziyyətinə tənqidi münasibəti kifayət qədər deyildir. Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddı olan metamfetamindən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşka olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işində olan 15 yanvar 2021-cu il tarixli “şübhəli şəxsi tutma haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs 15 yanvar 2021-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan İmişli Rayon Məhkəməsinin 4(036)-001/2021 saylı, 17 yanvar 2021-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay müddətində “həbs” qətimkan tədbiri seçilmiş və “həbs” etmənin əvvəli 15 yanvar 2021-ci il tarixdən hesablanmışdır. Cinayət işində olan İmişli Rayon Məhkəməsinin 1(036)-085/2020 saylı, 18 noyabr 2020-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinərək, 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 27 aprel 2020-ci il tarixdən 25 iyul 2020-ci il tarixədək “həbs”də və “ev dustaqlığında” saxlanıldığı 2 (iki) ay, 28 (iyirmi səkkiz) gün və 29 iyul 2020-ci il tarixdən “həbs”də saxlanıldığı 3 (üç) ay, 20 (iyirmi) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəza müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, Təqsirləndirilən şəxs qəti olaraq 1 (bir) il, 10 (on) ay, 24 (iyirmi dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Cinayət işində olan məhkəmənin müvafiq sorğusuna əsasən əldə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İmişli Rayon İcra və Probasiya Şöbəsinin 611 saylı, 18 may 2021-ci il tarixli arayışından görünür ki, məhkum Təqsirləndirilən şəxs İmişli Rayon İcra və Probasiya Şöbəsində qeydiyyata alınmadığı üçün cəzasının çəkmədiyi müddət 1 (bir) il, 10 (on) ay, 24 (iyirmi dörd) gün təşkil edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları tam, obyektiv və hərtərəfli araşdırıb, mövcud sübutları düzgün təhlil edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif edilmişdir. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Bununla yanaşı, Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar yoxdur. Bu səbəbdən də, məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzalanmalı və ona cəza təyin etməklə, barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə tərəfindən təqsirləndirilən şəxsə cəza təyin edilərkən, onun şəxsiyyəti, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyi, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Belə ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən az ağır cinayətlər kateqoriyasına aiddir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs əməli etiraf etməsini və səmimi peşmanlığını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu nəzərə alaraq, barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulan azadlıqdan məhrum etmə ilə bağlı olan cəzanın təyin edilməsini, İmişli Rayon Məhkəməsinin 1(036)-085/2020 saylı, 18 noyabr 2020-ci il tarixli hökmü ilə təyin edilmiş 1 (bir) il, 10 (on) ay, 24 (iyirmi dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 1 (bir) il, 10 (on) ay, 24 (iyirmi dörd) gününü Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəza ilə qismən birləşdirilməsini, cəzaçəkmə müddətinin başlanğıcının məhkumun “şübhəli şəxs qismində” tutulduğu vaxtdan hesablanmasını, “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmasını, eləcə də, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsinə əsasən mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ məhkəmə məsrəflərinə daxildir. Həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1, 197.1.6-197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Məhkəmə cinayət işində olan ekspertiza xərci ilə bağlı məsələyə hüquqi qiymət verərək hesab edir ki, cinayət işinin ibtidai istintaqı zamanı məhkəmə bioloji ekspertizasının keçirilməsi üçün aparılmış tədqiqatın dəyəri olan 49.74 (qırx doqquz, yetmiş dörd) AZN məbləğində eskpertiza xərci Təqsirləndirilən şəxs oğlundan tututlaraq, dövlət nəfinə ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; Məhkəmə cinayət işində olan maddi sübutlarla bağlı məsələyə hüquqi qiymət verərək hesab edir ki, cinayət işinin ibtidai istintaqı zamanı Təqsirləndirilən şəxs oğlunun üzərindən aşkar edilərək götürülmüş, İmişli Rayon Polis Şöbəsinin maddi sübutların saxlanması otağına təhvil verilmiş və ekspertiza tədqiqatından sonra 1 (bir) ədə şpirisin içərisində qalıq çəkisi 3.3 ml. olan heorin məhlulu hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. İş üzrə mülki iddia və müsadirə edilməli əmlak yoxdur. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinsin və 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. İmişli Rayon Məhkəməsinin 1(036)-085/2020 saylı, 18 noyabr 2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 1 (bir) il, 10 (on) ay, 24 (iyirmi dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 1 (bir) il, 10 (on) ay, 24 (iyirmi dörd) gün Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə hesabı ilə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəza ilə qismən birləşdirməklə, Təqsirləndirilən şəxs qəti olaraq 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 15 yanvar 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs məhkəmə bioloji ekspertizasının keçirilməsi üçün aparılmış tədqiqatın dəyəri olan 49.74 (qırx doqquz, yetmiş dörd) AZN məbləğində eskpertiza xərci tututlaraq, dövlət nəfinə ödənilsin. Cinayət işi üzrə maddi sübutun qalığı olan İmişli Rayon Polis Şöbəsinin maddi sübutların saxlanması otağına təhvil verilmiş və ekspertiza tədqiqatından sonra 1 (bir) ədəd şpirisin içərisində qalıq çəkisi 3.3 ml olan heroin məhlulu hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Tərlan Nüsrətov
Məhkəmə qərarları › İş №1(036)-42/2021
İmişli Rayon Məhkəməsi Hökm — İş №1(036)-42/2021
18.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver