Məhkəmə qərarları › İş №1(036)-44/2021

İmişli Rayon Məhkəməsi Hökm — İş №1(036)-44/2021

27.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM İmişli rayonu İş № 1(036)-44/2021 27.04.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Qurban Hamid oğlu Hacıyevin sədrliyi, Nuranə Busat qızı Hacıyevanın katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs Əmiralı oğlu, Təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs1 qanuni nümayəndəsi X2, Təqsirləndirlən şəxslər: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 və onların müdafiəçiləri Müdafiəçi1 və Müdafiəçi2 iştirakları ilə, xx xxxxxx 2006-cı il tarixdə İmişli rayonunun Xoşçobanlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, əvvəllər məhkum olunmamış, İmişli rayonu, “İlqar Əhmədov” adına Xoşçobanlı kənd tam orta məktəbinin 9-cu sinif şagirdi, İmişli rayonunun Xoşçobanlı kəndində qeydiyyatda olmaqla İmişli şəhəri, P.Həsənov küçəsi ev 77-də yaşayan, barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə, 09 avqust 1998-ci il tarixdə İmişli rayonunun Otuziki kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, İmişli rayonunun Otuziki kəndində qeydiyyatda olmaqla İmişli şəhəri, P.Həsənov küçəsində yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 194.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs1, özgənin əmlakını gizli olaraq talama niyyətilə, 12 dekabr 2020-ci il tarixdə saat 14 radələrində Zərərçəkmiş şəxs Əmiralı oğluna məxsus İmişli rayonunun Xoşçobanlı kəndində yerləşən fərdi yaşayış evinə giriş qapısından qanunsuz daxil olaraq, həmin evin yataq otağındakı çarpayı döşəyinin altındakı qabın içərisindən bir ədəd 1250 (min iki yüz əlli) manat dəyərində 583 əyarlı, 14 qram çəkidə, qırxayaq (traktor) formalı qızıl qadın boyunbağını, bir ədəd 380 (üç yüz səksən) manat dəyərində 583 əyarlı, 4,2 qram çəkidə, saya formalı sadə qaşsız qızıl qadın üzüyünü, bir cüt 180 (yüz səksən) manat dəyərində 583 əyarlı, 2 qram çəkidə, ağ sadə qaşlı təkqaş formasında qızıl sırğanı, bir ədəd 220 (iki yüz iyirmi) manat dəyərində 583 əyarlı, 3,68 qram çəkidə, üzərində bir ədəd yaşıl və bir ədəd ağ şəffaf qaşları olan qızıl qadın üzüyünü gizli olaraq talayıb zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ümumilikdə 2030 (iki min otuz) manat miqdarında maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs2 qabaqcadan vəd etmədən, tanışı Təqsirləndirilən şəxs1 12 dekabr 2020-ci il tarixdə Zərərçəkmiş şəxs Əmiralı oğluna məxsus İmişli rayonunun Xoşçobanlı kəndində yerləşən fərdi yaşayış evinə qanunsuz daxil olaraq qızıl-zinət əşyaları oğurladığını bilə-bilə, sonuncunun cinayət yolu ilə əldə etdiyi bir ədəd qızıl qadın boyunbağını, bir ədəd qızıl qadın üzüyünü və bir tay qızıl sırğanı qazanc məqsədilə 14 dekabr 2020-ci il tarixdə ondan əldə edərək, onlara sahiblik və onlardan istifadə etməklə, həmin gün saat 12:30 radələrində bir ədəd qızıl qadın boyunbağını, bir ədəd qızıl qadın üzüyü və bir tay qızıl sırğanı İmişli şəhəri, Q.İsmayılzadə küçəsində qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğul olan Şahid6 öz əmlakı kimi təqdim edib ona 395 (üç yüz doxsan beş) manata sataraq, həmin pulun 30 (otuz) manatını özünə götürüb, qalan 365 (üç yüz altmış beş) manatını Təqsirləndirilən şəxs1 vermiş, daha sonra sonuncunun 12 dekabr 2020-ci il tarixdə Zərərçəkmiş şəxs Əmiralı oğluna məxsus İmişli rayonunun Xoşçobanlı kəndində yerləşən fərdi yaşayış evinə qanunsuz daxil olaraq qızıl-zinət əşyaları oğurladığını bilə-bilə, onun cinayət yolu ilə əldə etdiyi digər bir ədəd qızıl qadın üzüyünü də qazanc məqsədilə 22 dekabr 2020-ci il tarixdə sonuncudan təkrarən əldə edərək, onlara sahiblik və onlardan istifadə etməklə, həmin gün saat 12 radələrində bir ədəd qızıl qadın üzüyünü İmişli şəhəri, Q.İsmayılzadə küçəsində qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğul olan Şahid4 öz əmlakı kimi təqdim edib ona 100 (yüz) manata sataraq, həmin pulun 20 (iyirmi) manatını özünə götürüb qalan 80 (səksən) manatını Təqsirləndirilən şəxs1 vermişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilib ifadəsində göstərdi ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Əmiralı oğlu onun bibisi Aynurun həyat yoldaşıdır. O, 2020-ci ilin avqust ayına kimi İmişli rayonunun Xoşçobanlı kəndində yaşamış, sonra isə ailə üzvləri ilə birlikdə İmişli şəhərinə köçmüşlər. O, İmişli şəhərinə köçəndən sonra həftədə bir dəfə atasının valideyinləri ilə görüşmək üçün İmişli rayonunun Xoşçobanlı kəndinə gedirmiş. Hərdən bir kəndə gedərkən bibisi Aynurla da görüşmək üçün onların evinə gedirmiş. Sonuncu dəfə 11 dekabr 2020-ci il tarixdə günorta saatlarında nənə və babası ilə görüşmək üçün yenə də İmişli rayonunun Xoşçobanlı kəndində getmiş və gecə babası Yusifin evində qalmışdır. 12 dekabr 2020-ci il tarixdə saat 14 radələrində babası Yusifgildən çıxıb bibisi Aynurla görüşmək üçün onlara getmişdir. O, bibisigilin evlərinin həyətinə daxil olarkən həyətdə heç kim olmamışdır. O, həyətə girdikdən sonra pilləkənlə yuxarı qalxıb evin zalının taxta materialdan hazırlanmış, kilidlə bağlanmamış qapısını açaraq evin zalına daxil olmuşdur. Zala daxil olduqdan sonra sol tərəfdə birinci otaqda bibisinin qayınatası Əmiralı və qayınanası Gülbəyimin çarpayılarda uzandıqlarını görmüşdür. O, Əmiralıdan bibisinin harada olduğunu soruşduqda, sonuncu Aynurun evdə olmadığını, qonşuya getdiyini demişdir. Həmin vaxt Əmiralı və Gülbəyim həm qoca, həm də xəstə olduqları üçün uzandıqları çarpayıdan durmamışlar. O, Əmiralı ilə 5-6 dəqiqə söhbət etdikdən sonra həmin otaqdan çıxaraq bibisigilin yataq otağına keçmiş və yataq otağında olan taxtın baş tərəfində bibisinin döşəyinin altında saxladığı puldan götürmək qərarına gəlmişdir. Belə ki, əvvəllər bibisi Aynur həmin döşəyin altından ona xərcləmək üçün 1-2 manat pul götürüb verdiyindən bibisinin pul saxladığı yer yadında qalıbmış. Həmin vaxt otağın taxta materialdan hazırlanmış qapısı örtülü olsa da, kilidlə bağlı olmamış və o, qapını əli ilə dartaraq açıb otağa daxil olmuşdur. Bundan sonra otaqda olan taxta yaxınlaşaraq pul götürmək üçün taxtın döşəyinin baş tərəfini qaldırarkən orada qırmızı rəngli qızıl qabı və həmin qızıl qabını açarkən içərisində 1 ədəd qızıl sep, 2 ədəd qızıl üzük və 1 cüt qızıl sırğa olduğunu görmüşdür. O, həmin qızılları qabın içərisindən götürüb sonradan satmaq üçün əynində olan şalvarın cibinə qoymuşdur. Sonra evdən çıxaraq babası Yusifin evinə getmiş və gecəni orada qalmışdır. Səhəri gün, yəni 13 dekabr 2020-ci il tarixdə saat 09 radələrində babasıgildən çıxıb İmişli şəhərinə evlərinə gəlmişdir. Oğurladığı qızıl-zinət əşyalarını heç kimə göstərməmiş və oğurluq barədə heç kimə bir söz deməmişdir. 14 dekabr 2020-ci il tarixdə saat 12 radələrində qızılları satmaq üçün evdən çıxıb birbaşa İmişli şəhərində yerləşən “Kolxoz bazarı”na tərəf getmişdir. Bazara tərəf tək piyada gedərkən oğurladığı qızıl-zinət əşyalarını cibindən çıxardıb baxarkən 1 cüt sırğanın 1 tayının olmadığını görmüşdür. Sırğanın bir tayını harada, nə vaxt və hansı şəraitdə itirdiyini bilməmişdir. Ondan şübhələnməsinlər deyə oğurladığı qızıl-zinət əşyalarından 1 ədəd boyunbağını, 1 tay sırğanı və 1 ədəd üzüyü satmaq qərarına gəlmişdir. Bazara girən kimi ilk qarşısına çıxan qızıl mağazasına daxil olub oğurladığı qızıllardan 1 ədəd boyunbağını, 1 tay sırğanı və 1 ədəd üzüyü satmağı mağazanın işçisinə təklif etmiş, lakin mağazanın işçisi adını sonradan bildiyi Şahid6 azyaşlı olduğu üçün həmin qızıl-zinət əşyalarını ondan almaqdan imtina etmişdir. O, azyaşlı olduğu üçün qızıl-zinət əşyalarını sata bilməyəcəyini başa düşüb azyaşlı olmayan bir tanış tapıb qızılları həmin tanışının adından satmaq qərarına gəlmişdir. O, qızılları mağazada qoyub Ceyhuna adam tapmağa gedəcəyini deyib mağazadan çıxmışdır. Bazardan çıxıb evlərinə tərəf gedərkən təsadüfən onunla qonşuluqda yaşayan Şəmsi ilə görüşmüş və ona onda satdıq qızıl olduğunu və azyaşlı olduğu üçün həmin qızılları sata bilmədiyini deyib sonuncuya onun şəxsiyyət vəsiqəsi ilə qızılları satmağı təklif etmişdir. Şəmsi də ondan qızılları haradan aldığını soruşduqda o, qızılları İmşli rayonunun Xoşçobanlı kəndində yaşayan bibisi Aynurun evindən oğurladığını demişdir. Şəmsi onunla razılaşaraq qızılları satmağa görə ona nə qədər pul verəcəyini soruşduqda o, 30 manat pul verəcəyini demişdir. Şəmsi onunla razılaşmış və şəxsiyyət vəsiqəsini götürmək üçün onlar birlikdə sonuncunun evlərinə getmişlər. O, küçədə gözləmiş, Şəmsi isə evlərinə girərək şəxsiyyət vəsiqəsini götürüb onunla birlikdə bazara tərəf qayıtmışlar. Saat 12:30 radələrində qızılları satmaq üçün qızılları qoyduğu mağazaya geri dönmüşlər. Şəmsinin şəxsiyyət vəsiqəsi olduğu üçün Ceyhun qızılları Şəmsinin şəxsiyyət vəsiqəsi ilə almağa razılaşmışdır. Ceyhun Şəmsiyə 1 ədəd qızıl boyunbağı, 1 tay qızıl sırğa və 1 ədəd qızıl üzüyə görə ümumilikdə 395 manat pul verə biləcəyini dedikdə o, razılaşmışdır. Ceyhun qızılları götürüb əvəzində ona 395 manat pul vermiş və Şəmsinin şəxsiyyət vəsiqəsinin məlumatlarını öz kitabında qeyd etmişdir. Onlar mağazadan çıxıb oradan bir neçə metr uzalaşandan sonra o, pulu cibindən çıxarıb Şəmsiyə 30 manat pul vermişdir. Sonra Şəmsidən ayrılıb evlərinə getmişdir. Oğurladığı qızıllardan 1 ədəd yaşıl qaşlı üzük özündə qalmışdır. Sonra həmin qızılı da satmaq qərarına gəlmiş və bu məqsədlə 22 dekabr 2020-ci il tarixdə saat 12 radələrində Şəmsi ilə evlərinin yanında olan avto yuma sexinin yaxınlığında görüşüb söhbət edən zaman ona oğurladığı qızıllardan özündə 1 ədəd qızıl üzüyün qaldığını demiş və həmin qızılı da onun şəxsiyyət vəsiqəsi ilə satmağı təklif etdikdə, sonuncu razılaşmışdır. Sonra Şəmsi ilə birlikdə qızıl üzüyü satmaq üçüm İmişli şəhər “Kolxoz bazarı”na gəlmişlər. O, yolda bazara tərəf gələrkən qızıl üzüyü Şəmsiyə veribmiş. Əvvəl qızıl satdıqları mağaza bağlı olduğundan, digər qızıl mağazası axtarmağa başlamış və ət kəsilən yerin yaxınlığında olan qızıl mağazasına getmişlər. O, çöldə gözləmiş, Şəmsi isə mağazaya girmiş və bir neçə dəqiqədən sonra geri qayıdıb qızıl üzüyü 100 manata satdığını demişdir. Həmin puldan o, Şəmsiyə 20 manat pul vermişdir. Sonradan Şəmsinin üzüyü satdığı mağazanın işçisi Şahid4 olduğunu bilmişdir. Törətmiş olduğu cinayət əməlindən səmimi peşmandır. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 194.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilib ifadəsində göstərdi ki, 14 dekabr 2020-ci il tarixdə İmişli şəhərində yerləşən “Kolxoz bazarı”nda olduğu zaman onunla qonşuluqda yaşayan Təqsirləndirilən şəxs1lə rastlaşmış və söhbət əsnasında sonuncu ona İmişli rayonunun Xoşçobanlı kəndində yaşayan bibisi Aynurgilin evindən qızıl-zinət əşyaları oğurlamasını, həmin qızılları satmaq istəməsini, lakin azyaşlı olduğu üçün mağazada işləyən şəxs ondan qızılı almamasını demişdir. Pərvin ona şəxsiyyət vəsiqəsini həmin mağazaya təqdim edərək oğurladığı qızılları öz qızılları kimi satmağı təklif etdikdə o, ondan həmin satılan qızıllardan onun payına nə düşəcəyini soruşmuş və sonuncu satılacaq qızıllardan əldə olunacaq puldan ona 30 manat verəcəyini dedikdə o, razılaşmışdır. Bundan sonra onlar “Kolxoz bazarı”nın yaxınlığında yerləşən qızıl mağazasına girmişlər. Pərvin satacağı qızılları əvvəlcədən həmin mağazaya qoyub çıxıbmış. Onlar mağazaya girərkən satıcı adını sonradan bildiyi Şahid6 ondan qızılların oğurluq olub-olmamasını soruşduqda o, qızılların oğurluq olmamasını demişdir. O, mağazada 1 ədəd qızıl boyunbağı, 1 ədəd qızıl üzük və 1 tay qızıl sırğa olduğunu görmüşdür. Ceyhun həmin qızıllara görə 395 manat pul verəcəyini dedikdə o, Pərvindən razı olub-olmadığını soruşduqda, sonuncu razı olduğunu bildirmişdir. O, şəxsiyyət vəsiqəsini Ceyhuna vermiş və sonuncu öz kitabında onun adını qeyd edib qızlları götürərək əvəzində Pərvinə 395 manat pul vermişdir. Mağazadan çıxıb həmin yerdən uzaqlaşandan sonra Pərvin həmin puldan ona 30 manat vermişdir. Bir müddət sonra, yəni 22 dekabr 2020-ci il tarixdə o, Pərvinlə küçədə təsadüfən görüşən zaman sonuncu oğurladığı qızıllardan 1 ədəd qızıl üzüyün özündə qaldığını ona deyib həmin qızılı da satmağı ona təklif etmişdir. Pərvin ona qızılı satandan sonra əldə olunacaq puldan ona 20 manat verəcəyini dedikdə o, razılaşmışdır. Elə həmin gün onlar birbaşa İmişli şəhərində yerləşən “Kolxoz bazarı”na getmişlər. O, orada yerləşən qızıl mağazasına girmiş, Pərvin isə çöldə gözləmişdir. O, mağazaya girib satıcıya adını sonradan bildiyi Şahid4 Pərvinin ona verdiyi yaşıl qaşlı qızıl üzüyü göstərib satmaq istədiyini demişdir. İlkin qızılı ondan götürüb yoxlamış və həmin qızıl üzüyə görə ona 100 manat pul verəcəyini təklif etdikdə o, razılaşmışdır. İlkin qızılı alıb ona 100 manat pul vermiş və şəxsiyyət vəsiqəsinin şəklini telefonuna çəkmişdir. O, 100 manat pulu İlkindən götürüb mağazadan çıxmışdır. Ona verilən 100 manat pul bütöv olduğu üçün həmin pulu Pərvinlə birlikdə xırdalamış, öz payına düşən 20 manatı götürüb yerdə qalan 80 manatı sonuncuya vermişdir. Bundan sonra Pərvindən ayrılaraq evinə getmişdir. Törətmiş olduğu cinayət əməlindən səmimi peşmandır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətmiş olduqları cinayət əməli özlərinin etirafi ilə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi, iş materialları və işin digər obyektiv halları ilə tam subuta yetirilmişdir. Belə ki, məhkəmədə zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs Əmiralı oğlu ifadəsində göstərdi ki, 12 dekabr 2020-ci il tarixdə İmişli rayonunun Xoşçobanlı kəndində yaşadığı evindən həyat yoldaşı Aynura məxsus 1 ədəd 583 əyarlı, 14 qram çəkidə qırxayaq formalı, təxminən 1250 manat dəyərində qızıl qadın boyunbağı, 1 ədəd 583 əyarlı, 4,2 qram çəkidə, saya formalı sadə qaşsız, təxminən 380 manat dəyərində qızıl qadın üzüyü, 1 ədəd 585 əyarlı, yaşıl füruzə qaşlı, qaşı ilə birlikdə təxminən 3,5 qram, halqasında ağ sadə qaşlı formalı, təxminən 230 manat dəyərində qızıl qadın üzüyü və 1 cüt, 583 əyarlı, 2,0 qram çəkidə, ağ sadə qaşlı, tək qaş formasında təxminən 180 manat dəyərində qızıl qadın sırğası oğurlanmışdır. Evindən oğurlanmış qızıl-zinət əşyaları barədə ona 22 dekabr 2020-ci il tarixdə məlum olmuşdur. Belə ki, həmin tarixdə o, həyətində fəhlə işləmək üçün həmkəndlisi Nurməmməd Mirzəyevi çağırmış və onunla danışıb razılaşdıqdan sonra ona 15 manat pul verməli imiş. O, həyat yoldaşı Aynura evlərində saxladıqları puldan 15 manat gətirib ona verməsini demişdir. Evə girəndən təxminən 2-3 dəqiqə sonra Aynur gözləri dolmuş vəziyyətdə geri qayıdarkən o, ondan nə baş verdiyini soruşduqda, sonuncu yataq otaqlarında olan çarpayının baş tərəfində gizlətdiyi qızılların yerində olmadığını bildirmişdir. Sonra o və Aynur evin bütün otaqlarını axtarmağa başlamış, lakin qızılları tapa bilməmişlər. Bundan sonra o, evindən qızılların oğurlandığına əmin olmuşdur. O, dərhal oğurluq barədə İmişli RPŞ-nin növbətçi hissəsinə zəng vurub məlumat vermişdir. Evindən qızılların oğurlanmasında o, qayını X1 şübhələnmiş və polis şöbəsində ifadə verərkən bu barədə şöbəsinin əməkdaşlarına bildirmişdir. İbtidai istintaq zamanı onun şöbhələri doğru çıxmış və oğurluğun Pərvin tərəfindən edildiyi öz təsdiqini tapmışdır. İstintaq zamanı Pərvinin onun evindən oğurlayaraq İmişli şəhərində satmış olduğu 1 ədəd, təxminən 230 manat dəyərində qızıl qadın üzüyü müəyyən edilərək ona qaytarılmışdır. Digər qızıl-zinət əşyalarının dəyəri olan 1800 manat məbləğində ziyan Təqsirləndirilən şəxs1 valideyinləri tərəfindən məhkəmə iclas zalında ona tam şəkildə ödənilmişdir. Lakin ona vurulmuş maddi ziyanın ödənilməsinə baxmayaraq o, Təqsirləndirilən şəxs1 şikayətçidir və məhkəmədən sonuncunun cəzalandırılmasını xahiş edir. Digər Təqsirləndirilən şəxs2 qarşı isə heç bir şikayəti və tələbi yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 və Şahid3 işin hallarına dair zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Əmiralı oğlunun ifadəsinə uyğun ifadə verdilər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, atası Rafiq İmişli şəhərində “Kolxoz bazarı”nda yerləşən qızıl alqı-satqı mağazasını icarəyə götürüb işlədirmiş. Özü tələbə olsa da, pandemiya ilə bağlı dərsləri olmadığından atasına mağazada köməklik edirmiş. 22 dekabr 2020-ci il tarixdə mağazada olan zaman adını sonradan bildiyi Təqsirləndirilən şəxs2 mağazaya girərək qızıl üzük satmaq istədiyini demişdir. O da qızılı yoxlamaq üçün xüsusi məhlul olmadığına görə həmin qızılı yoxlamaq üçün Şəmsidən alıb digər qızıl mağazasına aparmışdır. Qızılı yoxlatdıqdan sonra qızıla 100 manat pul verməyi düşünmüşdür. O, işlədiyi mağazaya qayıdıb Şəmsiyə qızıla görə 100 manat pul verə biləcəyini dedikdə, sonuncu razılaşmışdır. Həmin vaxt onda pul olmadığı üçün tanışı Şahid5 zəng edib mağazaya çağırmışdır. O, Elmara qızıl üzüyü göstərib ona 108 manata satmağı bildirdikdə, sonuncu razılaşmışdır. Elmar ona 108 manat pul vermiş və o, həmin pulun 100 manatını Şəmsiyə vermiş, 8 manatını isə özünə qazanc kimi götürmüşdür. Həmin qızılı birbaşa Elmara satdığı üçün alqı-satqı kitabında qeyd aparmamış, yalnız Şəmsinin şəxsiyyət vəsiqəsinin şəklini çəkməklə kifayətlənmişdir. Şəmsidən qızıl alan zaman qızılın özünə məxsus olub-olmaması barədə soruşduqda, sonuncu qızılın özünə məxsus olduğunu bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, İmişli şəhərində yerləşən Lombardda qızıl qiymətləndiricisi işləyir. Şahid4 qızıl satan Rafiqin oğlu kimi tanıyırmış. 22 dekabr 2020-ci il tarixdə saat 13 radələrində İlkin ona zəng edib qızıl üzük satan olduğunu, lakin pul olmadığı üçün üzüyü ala bilmədiyini deyib həmin üzüyü onun almasını təklif etmişdir. O da İlkinin təklifi ilə sonuncunun işlədiyi mağazaya getmiş, orada qızıl üzüyə baxmış və sonuncu qızıl üzüyü qızıl satandan 100 manata alıb ona 108 manata satacağını dedikdə o, razılaşmışdır. Bundan sonra o, İlkinə 108 manat pul vermiş, sonuncu həmin puldan 100 manatını qızıl üzük satana vermiş, 8 manatını isə özünə qazanc kimi götürmüşdür. Sonradan həmin qızıl üzüyün oğurluq olduğunu bilmişdir. Polis əməkdaşları tərəfindən polis şöbəsinə dəvət edilən zaman qeyd olunan qızıl üzüyü özü ilə birlikdə gətirib təhvil vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, atası Yusif İmişli şəhərində “Kolxoz bazarı”nda yerləşən qızıl alqı-satqı mağazasını icarəyə götürüb işlədirmiş. O, özü də atasına köməklik etmək üçün həmin qızıl mağazasında olurmuş. 14 dekabr 2020-ci il tarixdə günorta saatlarında mağazada tək olduğu zaman adını sonradan bildiyi Təqsirləndirilən şəxs1 mağazaya daxil olaraq 1 ədəd qızıl boyunbağı, 1 tay qızıl qadın sırğası və 1 ədəd qızıl qadın üzüyü göstərib həmin qızılları satmaq istədiyini bildirmişdir. O, həmin qızıllara baxıb ala biləcəyini deyib Pərvindən şəxsiyyət vəsiqəsini istəmişdir. Pərvin şəxsiyyət vəsiqəsinin olmadığını bildirdikdə o, ona qızılları ala bilməycəni demişdir. Pərvin isə ona gedib şəxsiyyət vəsiqəsi tapıb gətirə biləcəyini bildirdikdə o, razılaşmışdır. Pərvin gedəndən təxminən bir neçə dəqiqə sonra ayrı bir şəxs adını sonradan bildiyi Təqsirləndirilən şəxs2 həmin qızılları gətirib ona göstərib satmaq istədiyini bildirmişdir. O, qızıllara baxıb onları tanımış və Şəmsiyə qızılları tanıdığını demişdir. Şəmsi qızılların özünə məxsus olduğunu və Pərvinə satmaq üçün verdiyini bildirmişdir. O, Şəmsidən bir daha qızılların oğurluq olub-olmadığını soruşduqda, sonuncu qızıllar özünə məxsus olduğunu demişdir. Qızıllara tam baxış keçirdikdən sonra qızılları qiymətləndirib 1 ədəd qızıl qadın boyunbağı, 1 ədəd qızıl qadın üzüyü və 1 tay qızıl qadın sırğasına ümumilikdə 395 manat pul verə biləcəyini demişdir. Onlar danışıq aparan zaman Pərvin çöldən mağazaya daxil olmuş və o, 395 manat pul verə biləcəyini Şəmsiyə dedikdə sonuncu ilə Pərvin bir-birləri ilə baxışıb həmin qızılları satmağa razılaşmışlar. Bundan sonra o, Şəmsidən şəxsiyyət vəsiqəsini götürmüş, sonuncunun və satdığı qızıl haqqında məlumatları mağazada olan “qızıl və brilyantların alqı-satqı kitabına” qeyd etmişdir. O, 395 manat pulu Şəmsiyə verib qızılları onlardan almış və sonuncu pulu ondan alandan sonra Pərvinlə birlikdə mağazadan çıxıb getmişlər. Sonra o, həmin aldığı qızılları bir neçə gündən sonra ərinməyə verilməsi üçün digər alınan qızıllarla birlikdə Bakı şəhərinə göndərmişdir. Şəmsidən qızılları aldığı zaman qızılların özünə məxsus olubolmaması barədə soruşduqda, sonuncu qızılların özünə məxsus olduğunu demişdir. İşə əlavə edilmiş materialların məhkəmə ekspertizası və məhkəmə-iqtisad ekspertizasının 26 yanvar 2021-ci il tarixli, 6/123-9/149 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş 1 ədəd sarı rəngli metaldan, üzərində 1 ədəd yaşıl və ağ şəffaf qaşları olan üzük (qırıqdır, 2 ədəd qaş yeri boşdur) üzərində «583» əyar damğası həkk olunmuşdur, metalı 583 əyarlı qızıla uyğundur, çəkisi 3,68 qramdır, qaşları qiymətli qaşlara aid deyil, qırıntı hesab olunur. Təqdim olunmuş 1 ədəd 583 əyarlı, 3,68 qram çəkidə qırıntı hesab olunan üzüyün 2020-ci ilin dekabr ayına olan pərakəndə satış qiyməti 193,0 manat müəyyən edilir. Təqdim olunmayan, qərarda göstəriciləri qeyd olunan məmulatların 2020-ci ilin dekabr ayına olan nəzəri qiymətləri ümumilikdə 1515,0 manat müəyyən edilir. Beləliklə də şərh edilən sübutları məcmu üzrə qiymətləndirərək məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.3-cü və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 194.1-ci maddələrində nəzərdə tutulan ictimai təhlükəli əməli törətməkdə təqsirlilikləri təsdiq edildi və onlar istinad edilən cinayət qanununun həmin maddələrinin sanksiyası həddində cəzalandırılmalıdırlar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 86.1 və 86.2-ci maddələrinə görə yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. Cəza təyin edilərkən yetkinlik yaşına çatmama yüngülləşdirici hal kimi, cəzanı yüngülləşdirən və ağırlaşdıran digər hallarla birlikdə nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs1 ilk məhkumluğunu, əməlini etiraf edib səmimi peşmançılıq çəkməsini, zərər çəkmiş şəxslə barışığa cəhd etməsini, vurulmuş maddi ziyanın valideynləri tərəfindən tam ödənilməsini, yaşayış yerindən müsbət xasiyyətləndirilməsini və yetkinlik yaşına çatmayan şəxs olmaqla orta məktəb şagirdi olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alıb ona təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 üzərinə cəzaçəkmə müddəti ərzində hər gün saat 20:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, İmişli rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmasını məqsədə müvafiq hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs2 ilk məhkumluğunu, əməlini etiraf edib səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslə barışmasını, sonuncunun ondan heç bir şikayətinin və tələbinin olmamasını və yaşayış yerindən müsbət xasiyyətləndirilməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alıb ona təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla əsaslı və ədalətli hesab edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 üzərinə cəzaçəkmə müddəti ərzində hər gün saat 21:00-dan növbəti gün saat 08:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, İmişli rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmasını məqsədə müvafiq hesab edir. Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan 1 (bir) ədəd, 230 manat dəyərində qızıl qadın üzüyünün sahibi zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Əmiralı oğluna qaytarılması nəzərə alınmalıdır. İş üzrə ekspertiza tədqiqatına sərf edilmiş 109.50 (bir yüz doqquz manat əlli qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada dövlət nəfinə tutulmalıdır. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-354, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs1 üzərinə hər gün saat 20:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, İmişli rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri hökm icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 194.1-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs2 üzərinə hər gün saat 21:00-dan növbəti gün saat 08:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, İmişli rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası İmişli rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. İş üzrə maddi sübut olan 1 (bir) ədəd, 230 manat dəyərində qızıl qadın üzüyünün sahibi zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Əmiralı oğluna qaytarılması nəzərə alınsın. Ekspertiza tədqiqatına sərf edilmiş 109.50 (bir yüz doqquz manat əlli qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada dövlət nəfinə tutulsun. İş üzrə mülki iddia yoxdur. Hökmdən 20 gün müddətinə İmişli rayon məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən: Qurban Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar