Azərbaycan Respublikası adından HÖKM İmişli rayonu İş № 1(036)-45/2021 25.06.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Qurban Hamid oğlu Hacıyevin sədrliyi, Nuranə Busat qızı Hacıyevanın katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs və mülki iddiaçı: X3, Təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə xx xxxxxx 1968-ci il tarixdə İmişli rayonunun Muradxanlı kəndində anadan olmuş Azərbaycan Respublikası vətəndaşı, ailəli, ali təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, İmişli rayonunun Muradxanlı kəndində qeydiyyatda olan və Bakı şəhəri, Xətai rayonu General Şıxlınski küçəsində yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs, özgə əmlakını ələ keçirmək məqsədilə, tanışı X1 etibarından sui-istifadə edərək sonuncunun oğlu Şahid1 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyində işə düzəldəcəyi vədi ilə aldadaraq, vahid niyyətlə Sarxan Məmmədovun 24 yanvar 2020-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu ərazisində 2000 manat, 31 yanvar 2020-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu ərazisində 3000 manat və 2020-ci ilin mart ayının ortalarında İmişli şəhəri, H.Əliyev prospektində 60 manat olmaqla, ümumilikdə 5060 manat pulunu ələ keçirərək zərər çəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilib ifadəsində göstərdi ki, zərər çəkmiş şəxs Sarxan Məmmədovla 1986-1988-ci illərdə Rusiya Federasiyasının Murmansk vilayətində bir yerdə hərbi xidmətdə olmuşlar. Həmin vaxtdan Sarxanla aralarında əvvəl əsgər yoldaşı, sonra isə çox yaxın dost kimi münasibətləri yaranmış və münasibətləri uzun illər davam etmişdir. 2020-ci ilin yanvar ayının əvvəllərində İmişli şəhərində Sarxanla görüşüb çay içərək söhbət etdikləri zaman sonuncunun oğlu Səftərin işsiz olması barədə söhbətləri olmuş və o, ona oğlunu Fövqəladə Hallar Nazirliyinə işə düzəldə biləcəyini demişdir. O, X5 Nazirliyində vəzifəli tanışının olduğunu, həmin tanışının vasitəsilə Səftəri ora işə düzəldə biləcəyini, işə düzəltmək üçün 5000 manat və bəzi sənədləşmə işlərini həll etməsi üçün 60 manat, ümumilikdə 5060 manat pul lazım olduğunu dedikdə Sarxan razılaşmışdır. O, Sarxana 5000 manat pulun 2000 manatını əvvəlcə Səftərin normativdən keçməsi üçün, qalan 3000 manatı isə sonra verəcəyini demişdir. 24 yanvar 2020-ci il tarixdə Sarxan 2000 manat pulu İmişli rayonundan Bakı şəhərinə taksi sürücüsü işləyən Ramil adlı sürücü vasitəsilə göndərmiş və sonuncu həmin gün 2000 manat pulu Bakı şəhərində “Neftçilər” metrostansiyasının yaxınlığında ona vermişdir. 31 yanvar 2020-ci il tarixdə Sarxanla telefonla danışaraq Səftərin işinin düzəlməsi üçün qalan 3000 manatı da göndərməli olduğunu demiş və sonuncu qalan 3000 manat pulu da yenə də taksi sürücüsü Ramilin vasitəsilə ona göndərmiş və o, həmin gün 3000 manat pulu Bakı şəhərində “Neftçilər” metrostansiyasının yaxınlığında Ramildən almışdır. Bundan sonra Sarxan bir neçə dəfə ona zəng edərək oğlu Səftərin işi barədə soruşsa da o, işin düzəlməyəcəyini ona deyə bilməmişdir. Belə ki, onun X6 Nazirliyinə işə düzəltmək üçün tanışı olmamış və həmçinin Sarxanın ona verdiyi 5000 manat pulu xərcləmişdir. Ona görə də Səftəri Bakı şəhərinə gətirib Fövqəladə Hallar Nazirliyinin şöbələrindən birinin qarşısına aparıb guya orada işə düzəldəcəyi qərarına gəlmişdir. Bu məqsədlə təxminən 2020-ci ilin fevral ayında Sarxana zəng edərək Səftərin işinin düzəlməsinə az vaxt qaldığını, sonuncunun Bakı şəhərinə gəlib onunla Fövqəladə Hallar Nazirliyinə getməli olduğunu demişdir. Səhəri gün Səftər Bakı şəhərində “Xətai” metrostansiyasının çıxışında onunla görüşmüş və onlar birlikdə taksiyə minərək Fövqəladə Hallar Nazirliyinin Xətai rayon şöbəsinin yaxınlığına getmişlər. Səftər sürücü ilə avtomobildə qalmış, o isə avtomobildən düşərək Fövqəladə Hallar Nazirliyinin Xətai rayon şöbəsinə getmiş və binanın içərisinə girib təxminən 20 dəqiqə orada gözləmişdir. Sonra isə əvvəlcədən götürdüyü bir vərəq kağızı cibindən çıxardıb binadan çıxıb Səftərin yanına gəlmiş və sonuncuya kağızın onun işə düzəlməsi üçündür deyib kağıza imza etdirmiş və telefon nömrəsini yazdırmışdır. Sonra kağızı götürüb yenidən binaya girmiş və təxminən 5 dəqiqə binanın içərisində gözlədikdən sonra çıxaraq Səftərin yanına qayıtmış və ona işə düzəlməyi üçün analizlər verməli olduğunu, analizlərlə bağlı onu yenə çağıracağını demişdir. Sonra Səftərlə birlikdə taksi ilə “Xətai” metrostansiyasının yaxınlığına gəlmiş və sonuncunu taksidən düşürdüb yola salmış, özü isə evinə getmişdir. 2020-ci ilin mart ayının ortalarında günorta saatlarında Sarxanı İmişli şəhərində “Daşkörpü” adlanan yerin yaxınlığına çağıraraq orada görüşüb iş üçün sənədləşmələrə görə ondan 60 manat almış və sonra sonuncudan ayrılaraq çıxıb getmişdir. Bundan sonra Sarxan bir neçə dəfə ona zəng edərək Səftərin işi barədə soruşduqda o, onu inandırmaq üçün Səftərin işi ilə bağlı gəlib analiz verməli olduğunu demişdir. Səhəri gün Səftərin Bakı şəhərinə gəlib analiz verməli olduğu barədə razılaşmış və həmin gün özünün vacib işi olduğu üçün Səftərlə görüşə bilməyəcəyinə görə məcbur olub oğlu Əliyə sonuncunu qarşılayıb “Semaşko” xəstəxanasına apararaq dəri-zöhrəvi xəstəliyi ilə bağlı analizdən keçirməsini tapşırmışdır. Əli Səftəri işə düzəltmək üçün onun Sarxana verdiyi vəd barədə və sonuncudan 5060 manat pul aldığını bilməmişdir. Həmin gün Əli Səftərlə Bakı şəhərində görüşərək onu “Semaşko” xəstəxanasına aparmış və sonuncu dəri-zöhrəvi xəstəliyi ilə bağlı analiz verərək getmişdir. Bundan sonra Sarxan bir neçə dəfə ona zəng edərək Səftərin işi barədə ondan soruşsa da o, oğlunun işinin düzəlməyəcəyini Sarxana deyə bilməmişdir. Törətmiş olduğu cinayət əməlindən səmimi peşmandır. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli özünün etirafı ilə yanaşı, iş üzrə dindirilmiş zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, iş materialları və işin digər obyektiv halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə zərər çəkmiş şəxs qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxsla 1986-1988-ci illərdə Rusiya Federasiyasının Murmansk vilayətində bir yerdə hərbi xidmətdə olmuşlar. Həmin vaxtdan Nazillə aralarında əvvəl əsgər yoldaşı, sonra isə çox yaxın dost münasibətləri yaranmış və münasibətləri uzun illər davam etmişdir. 2020-ci ilin yanvar ayının əvvəllərində İmişli şəhərində Nazillə görüşüb çay içərək söhbət etdikləri zaman sonuncu ondan oğlu Səftərin harada işləməsini soruşmuşdur. O, Səftərin heç bir yerdə işləmədiyini dedikdə Nazil ona Fövqəladə Hallar Nazirliyində sözü keçən yaxın dostu olduğunu, dostunun vasitəsilə Səftəri 5000 manat müqabilində işə düzəldə biləcəyini, bəzi sənədləşmə işlərinə görə isə 50-60 manat verəcəyini bildirmişdir. Nazillə aralarında 30 ildən artıq müddətdə dostluq münasibətləri olduğu üçün ona inanmışdır. Həmin ərəfədə onun Azərbaycan Beynəlxalq bankına 10000 manat kredit borcu olduğunu Nazilə dedikdə Səftərin normativdən keçməsi üçün əvvəlcə 2000 manat, qalan 3000 manatı isə sonra verəcəyi barədə razılaşmışlar. Həmin vaxt onun Nazilə verməyə 5000 manat pulu olmadığı üçün məcbur olub 21 yanvar 2020-ci il tarixdə Azərbaycan Beynəlxalq bankına olan 10000 manat kredit borcunu yeni müqavilə ilə 15000 manatla əvəzləşdirərək bankdan kreditə əlavə 5000 manat pul götürmüşdür. Bundan sonra Nazilin mobil telefonuna zəng edərək pulu götürdüyünü, sonuncu Səftərin normativdən keçməsi üçün 2000 manat pulu göndərməli olduğunu demişdir. O, 24 yanvar 2020-ci il tarixdə İmişli rayonundan Bakı şəhərinə taksi sürücüsü işləyən Ramil adlı şəxsə 2000 manat pulu verərək pulu Bakı şəhərində Nazilə çatdırmalı olduğunu bildirmiş və sonuncunun mobil nömrəsini də vermişdir. Elə həmin gün Nazil özü ona zəng edərək 2000 manat pulu Bakı şəhərində Ramildən götürdüyünü bildirmişdir. 31 yanvar 2020-ci il tarixdə Nazil yenə ona zəng edərək Səftərin işinin düzəlməsi ilə bağlı müəyyən yerlərə pul vermək lazım olduğunu, ona görə də qalan 3000 manatı da göndərməsini demişdir. O, 3000 manatı da yenə taksi sürücüsü Ramil vasitəsilə Nazilə göndərmişdir. Həmin gün Nazil özü ona zəng edərək göndərdiyi 3000 manat pulu Bakı şəhərində Ramildən götürdüyünü demişdir. Təxminən 2020-ci ilin fevral ayında Nazil ona zəng edərək Səftərin işinin düzəldiyini, sonuncunun Bakı şəhərinə gəlib onunla birlikdə Fövqəladə Hallar Nazirliyinə getməli olduğunu bildirmişdir. Səhəri gün o, Səftəri Nazillə görüşməsi üçün Bakı şəhərinə göndərmişdir. Həmin gün axşam saatlarında Səftər Bakı şəhərindən qayıdaraq ona səhər saat 11 radələrində Bakı şəhərində metronun “Xətai” stansiyasının çıxışında Nazillə görüşdüyünü, birlikdə taksi ilə Fövqəladə Hallar Nazirliyinin Xətai rayon şöbəsinin yaxınlığına getdiklərini, onun sürücü ilə avtomobildə qaldığını, Nazilin isə avtomobildən düşərək Fövqəladə Hallar Nazirliyinin Xətai rayon şöbəsinin binasına girdiyini, təxminən 20 dəqiqədən sonra binadan əlində bir vərəq kağız çıxaraq kağızın onun işə düzəlməyi üçün olduğunu deyib kağızı imzalatdırdığını, telefon nömrəsini yazdırdığını, sonra Nazilin kağızı götürüb binaya apardığını və təxminən 5 dəqiqədən sonra binadan çıxıb yanına qayıdaraq işə düzəlməyi üçün analizlər verməli olduğunu və bir müddət sonra analizlərlə bağlı yenə çağıracağını demişdir. Bundan sonra Nazil Səftəri avtomobillə metronun “Xətai” stansiyasının yaxınlığına aparıb orada düşürtmüşdür. 2020-ci ilin mart ayının ortalarında günorta saatlarında evində olduğu zaman Nazil onun mobil nömrəsinə zəng edərək İmişli şəhərində olduğunu, Səftərin işi ilə bağlı “Daşkörpü” adlanan yerdə görüşmək istədiyini demişdir. O, evdən çıxaraq piyada “Daşkörpü” adlanan yerə getmiş və orada Nazillə görüşmüşdür. Nazil ona Səftərin işi ilə əlaqədar bəzi sənədləşmələr aparılmalı olduğunu demiş və ondan 60 manat pul almışdır. Sonra Nazil ondan ayrılıb çıxıb getmişdir. Təxminən 2020-ci ilin aprel ayında Nazil ona zəng edərək Səftəri komissiyadan keçmək üçün Bakı şəhərinə göndərməsini demişdir. Səhəri gün o, Səftəri Nazillə görüşməsi üçün Bakı şəhərinə göndərmişdir. Həmin gün Səftər axşam saatlarında Bakı şəhərindən qayıdaraq səhər saat 10 radələrində Bakı şəhərində Nazilə zəng edərək onu gözlədiyini, sonuncu xəstəxanada müalicə olunduğu üçün oğlu Əlinin onu komissiyaya aparacağını, Əli ilə görüşərək xəstəxanaya getdiklərini və analiz verdiyini ona demişdir. Təxminən 2020-ci ilin may ayının əvvəllərində oğlu Səftərlə birlikdə evdə olduğu zaman oğlunun mobil nömrəsinə zəng gəlmiş və oğluna Fövqəladə Hallar Nazirliyindən olduqlarını bildirib onu işi ilə əlaqədar çağıracaqlarını demişlər. Bir müddət sonra o, Nazilin mobil nömrəsinə zəng etsə də sonuncu onun zənglərinə cavab verməmişdir. Bundan sonra Nazilin onu aldadaraq oğlu Səftəri işə düzəltmək adı ilə ondan aldığı 5060 manat pulu geri istəmiş və bu barədə Nazillə olan telefon danışıqlarını diskə köçürmüşdür. Hazırda Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyandan 2800 manatı ödənilmiş, ödənilməmiş qalan 2660 manatı tələb edir və təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 Sarxan oğlu işin hallarına dair atası zərər çəkmiş şəxs X1 ifadəsinə uyğun ifadə verdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, İmişli rayonundan Bakı şəhərinə sərnişin daşımaqla taksi fəaliyyəti ilə məşğul olur. 2020-ci ilin yanvar ayının axırlarında Sarxan ona zəng edərək səhəri gün Bakı şəhərinə gedibgetməyəcəyini soruşmuşdur. O, Bakı şəhərinə gedəcəyini bildirdikdə Sarxan ona Bakı şəhərinə pul göndərəcəyini, “Daşkörpü” deyilən yerin yaxınlığında yerləşən yaşadığı həyət evinə yaxınlığına gəlməsini demişdir. O, həmin yerə getmiş və Sarxan ona 2000 manat verərək Bakı şəhərində yaşayan əslən İmişli rayonunun Muradxanlı kəndindən olan əsgər yoldaşı Nazilə çatdırmasını demişdir. O, həmin gün saat 15 radələrində Nazillə Bakı şəhərində “Neftçilər” metrostansiyasının yaxınlığında görüşərək 2000 manatı ona vermişdir. Təxminən bir həftə sonra Sarxan İmişli şəhərində Nazilə çatdırması üçün yenə ona 3000 manat pul vermiş və o, sonuncu ilə Bakı şəhərində Nizami rayonu ərazisində Çobanzadə küçəsində görüşərək 3000 manat pulu ona vermişdir. X7 göndərdiyi 2000 və 3000 manat pulun hansı məqsədlə verməsini əvvəlcə bilməmiş, lakin bir neçə ay sonra Sarxan ona zəng edərək onun vasitəsi ilə Nazilə göndərdiyi 5000 manat pulu oğlunun Fövqaladə Hallar Nazirliyinə işə düzəltmək adı ilə sonuncunun aldadaraq aldığını demişdir. İşə əlavə edilmiş bir ədəd CD diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, telefon danışıqları zamanı X9 Ağalarova “oğlumu FHN-nə işə düzəldəcəyini dediyin üçün sənə 5000 manat pul verdim, Təqsirləndirilən şəxs isə sonuncuya “qulaq as mənə o gündə tam əminliklə sənə dedim ki, ayın 5-nə kimi sənin uşağının ya sənədlərini verəcəm, yada pulunu” sözlərini demişdir. Beləliklə də şərh edilən sübutları məcmu üzrə qiymətləndirərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulan ictimai təhlükəli əməli törətməkdə təqsirliliyi təsdiq edildi və o, istinad edilən cinayət qanununun həmin maddəsinin sanksiyası həddində cəzalandırılmalıdırlar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İşdə olan 26 yanvar 2021-ci il tarixli, 29 nömrəli arayışdan görünür ki, X4 07 yanvar 2020-ci il tarixdən 2 nömrəli X2 stasionar şöbəsində “Ağciyərlərin infiltrativ vərəmi dağılma mərhələsində VMB (+). Şəkərli diabet tip-2 diaqnozu ilə müalicə alır. Məhkəmə Təqsirləndirilən şəxs ilk məhkumluğunu, əməlini etiraf edib səmimi peşmançılıq çəkməsini, zərər çəkmiş şəxsə vurmuş olduğu maddi ziyanı qismən ödəməsini, himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olmasını, ailəsinə yeganə qazanc gətirən şəxs olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və xəstəliyi ilə əlaqədar müalicə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alıb ona təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla əsaslı və ədalətli hesab edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində hər gün saat 00:00-dan növbəti gün saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, İmişli rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmasını məqsədə müvafiq hesab edir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar məhkəmə tərəfindən müəyyən olunmadı. İş üzrə zərər çəkmiş şəxs X1 mülki iddiası qismən təmin edilməlidir. İş üzrə maddi sübut olan bir ədəd CD disk cinayət işi materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə xərcləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə hər gün saat 00:00-dan növbəti gün saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, İmişli rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. Zərər çəkmiş şəxs X1 mülki iddiası qismən təmin edilsin və mülki cavabdeh Təqsirləndirilən şəxs 2660 (iki min altı yüz altmış) manat məbləğində pul alınıb mülki iddiaçı X1 xeyrinə ödənilsin. Hökmün icrası İmişli rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. İş üzrə maddi sübut olan bir ədəd CD disk cinayət işi materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərcləri yoxdur. Hökmdən 20 gün müddətinə İmişli rayon məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən: Qurban Hacıyev
Məhkəmə qərarları › İş №1(036)-45/2021
İmişli Rayon Məhkəməsi Hökm — İş №1(036)-45/2021
25.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver