Azərbaycan Respublikası adından HÖKM İmişli rayonu İş № 1(036)-46/2022 04.05.2022 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxsin hüquqi varisi: Zərərçəkmiş şəxs, Təqsirləndirlən şəxs: Təqsirləndirilən şəxs və onun müdafiəçisi X1 iştirakları ilə xx xxxxxx 1969-cu il tarixdə Şabran (Dəvəçi) şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta ixtisas təhsilli, dul, himayəsində bir yetkinlik yaşına çatmayan uşağı olan, "xxxx" QSC-də ekskavator operatoru işləyən, əvvəllər məhkum olunmamış, Şabran şəhəri, İ.Qayıbov küçəsi, ev 16-da qeydiyyatda olmaqla İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində yaşayan, bаrəsində bаşqа yеrə gеtməmək barədə iltizаm qətimkаn tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 12 oktyabr 2021-ci il tarixdə saat 14:10 radələrində "xxxx" QSC-də ekskavator operatoru (sürücüsü) vəzifəsində işləyərkən cəmiyyət tərəfindən ona təhkim olunmuş “NEW HOLLAND E305LC” markalı, 10J321 dövlət qeydiyyat nişanlı tırtıllı ekskavatorla İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində yerləşən Bəhrəmtəpə Hidroqovşağında qəza vəziyyətinin aradan qaldırılması və yenidən qurulması tədbirləri layihəsi üzrə Hidroqovşağın sol sahilindəki mühafizə zolağında hamarlama işləri aparan zaman “Təşkilat, idarə, müəssisələrin fəhlə və qulluqçuları üçün nümunəvi daxili nizam qaydaları”nın 11-ci bəndi və “Birçalaovlu ekskavatorla işləyərkən təhlükəsizlik texnikası üzrə 43 nömrəli təlimat”ın 5 və 13 bəndlərinin tələblərini pozaraq, ekskavatorun hərəkət sxemi ilə tanış olmadan və siqnalçı təyin edilmədən özbaşına olaraq ekskavator ilə hamarlama işlərinə başlamaqla eskavatorun dönən hissəsi ilə beton plitələr arasında 1 metrdən az məsafə saxlayıb, ekskavatorun korpusunu döndərərkən Hidroqovşağın sol sahilində beton plitələrin arasını torpaqla doldurulması işinə cəlb edilmiş əmək müqaviləsi əsasında "xxxx" QSC-də fəhlə işləyən X3 ehtiyatsızlıqdan ekskavatorun korpusu ilə beton plitəsinə sıxaraq sonuncuya ehtiyatsızlıqdan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri yetirərək, çoxsaylı travmalar nəticəsində baş vermiş travmatik şok nəticəsində ölümünə səbəb olmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 124.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilib ifadəsində göstərdi ki, 2011-ci il tarixdən əmək müqaviləsi əsasında özəl şirkət olan "xxxx" QSC-də ekskavator operatoru vəzifəsində işləyir. Xidməti vəzifəsi "xxxx" QSCnin layihələri üzrə təhkim olunduğu yerdə Cəmiyyətə məxsus olan və ona təhkim olunmuş “New Holland E-305 LG” markalı ekskavatorla qazıntı, doldurma, hamarlama işlərinin aparılmasından ibarətdir. 2021-ci ilin avqust ayının sonlarında Cəmiyyətlə "xxxx" ASC arasında bağlanmış müqavilə əsasında İmişli rayon Bəhrəmtəpə Hidroqovşağında qəza vəziyyətinin aradan qaldırılması tədbirləri layihəsinin icrasına təhkim olunmuşdur. Həmin vaxtdan da o, Hidroqovşaq ərazisində kranların hərəkəti üçün torpaq sahələrinin hamarlanmasında iştirak etmişdir. O, hamarlama işləri aparandan sonra fəhlələr də bellə torpağı düzləşdirirmişlər. X6 "xxxx" QSC-də fəhlə işləmiş və vəzifəsi bellə qazmaq, doldurmaq, təmizləmək və eləcə də ekskavatorun götürə bilmədiyi hissələrdə işləmək olmuşdur. 12 oktyabr 2021-ci il tarixdə saat 14 radələrində nahar etdikdən sonra layihə rəhbəri Şahid1 fəhlə işləyən Ramil Şirinov, Şahid3 və Şahid2 beton blokların arasını torpaqla doldurmaqla bağlı işin görülməsini, ona isə beton plitələrdən 5-10 metr aralı məsafədə görəcəyi işlərlə tanış olmasını, ekskavatorun işləyəcəyi sahəyə baxış keçirməsini və sahənin təhlükəsizlik tələblərinə uyğun olub-olmamasını tapşırmış və bir az sonra özünün də onun yanına gələcəyini və bundan sonra işlərə başlayacağını demişdir. Buna görə də o, ekskavatorla sol sahilə hərəkət etmiş və onun sol tərəfində və qarşısında 1x1 ölçüdə beton hissəciklər olmuşdur. O, ekskavatorla hərəkətdə olarkən Ramilin onun qarşısındakı beton hissələrinin yanında dayandığını görmüşdür. O, ekskavatoru saxlamış, Ramil ekskavatordan təxminən 10 metr məsafədə dayanmış, ekskavatorun koğuşu isə sağ tərəfdə olmuşdur. O, ekskavatorun korpusunu üzü Ramilin dayandığı “Araz” çayı istiqamətində saxlamış və həmin vaxt sonuncu onunla üzbəüz dayanmışdır. O, koğuşla yeri qazmaq istəyərkən rahat olmadığını görüb ekskavatorun korpusunu dayandığı istiqamətdə sol tərəfə, yəni qarşısındakı beton hissələri tərəfdən hərəkət etdirmiş, korpusu döndərərkən Ramilin orada olmadığını görmüş və sonuncunun çıxıb harasa getdiyini düşünmüşdür. Koğuş sol tərəfdə yerləşən beton hissələrinin üzərində olarkən ekskavatorun arxasında, beton hissəciklərinin qarşısında yerdə adam olduğunu görüb ekskavatorla onu vurduğunu bilmişdir. O, dərhal korpusu saxlayıb yerə düşmüş və ekskavatorun korpusunun arxa sağ yan hissəsi ilə vurduğu şəxsin Ramil Şirinov olduğunu görmüşdür. O, ekskavatorun korpusunu döndərərkən Ramil xəsarət aldığı yerdəki beton hissəsinin yanında olmuş və korpusun sağ yan hissəsi onu betona sıxmışdır. Daha sonra təcili-tibbi yardım avtomobili gəlmiş və həkim Ramili müayinə edib artıq öldüyünü demişdir. Hadisə vaxtı onun işlədiyi yerdə Ramildən başqa Malik və Nicat olmuş, digər işçilər isə başqa ərazidə iş görürmüşlər. "xxxx" QSC-nin texniki təhlükəsizlik mühəndisi Hikmət Nemətov ay ərzində iki dəfə onların işlədiyi yerə gəlib onları texniki təhlükəsizlik və əməyin mühafizəsi qaydaları üzrə təlimatlandırır və təlim keçəndən sonra onlar bu barədə müvafiq jurnalı imzalayırmışlar. Gündəlik olaraq isə işçiləri texniki təhlükəsizlik və əməyin mühafizəsi qaydaları üzrə layihə rəhbəri Şahid1 təlimatlandırırmış. 12 oktyabr 2021-ci il tarixdə o, təlim keçildikdən sonra təlimat vərəqinə imza etmişdir. Surəddin ona işlədiyi əraziyə baxış keçirməsini, qısa müddətdən sonra özü gəldikdən sonra işə başlamasını tapşırmışdır. Onun işlədiyi Hidroqovşaq ərazisində "xxxx" QSC tərəfindən iş meydançası, iş sahəsi və iş yerinin təşkili, işin bütün mərhələlərində işçilərin təhlükəsizliyi təmin edilmiş, onlara fərdi mühafizə vasitələri verilmiş, görəcəkləri işə uyğun təlimatlandırılmışlar. İş aparılan sahələrdə insanlar üçün təhlükəli istehsalat faktorları olan zonalar müəyyən edilmiş, təhlükəli zonaları təhlükəsizlik nişanları və müəyyən edilmiş formada yazılar ilə nişanlanmışdır. O cümlədən, onun işlədiyi ekskavatorla bağlı işləyəcəyi sahədən beton plitələrə 5 metr məsafədə yaxınlaşmaması barədə təhlükəsizlik nişanları qoyulmuşdur. Törətmiş olduğu cinayət əməlindən səmimi peşmandır. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli özünün etirafı ilə yanaşı, iş üzrə dindirilmiş zərər çəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, ekspertiza rəyləri, iş materialları və işin digər obyektiv halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə zərər çəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, mərhum əri Ramil Şirinov 27 sentyabr 2021-ci il tarixdə "xxxx" QSC-yə fəhlə kimi işə düzəlmiş və İmişli rayon Bəhrəmtəpə Hidroqovşağında müqavilə əsasında işləmişdir. 12 oktyabr 2021-ci il tarixdə Ramil işə getmiş və həmin gün saat 14 radələrində ərinin qardaşı Amid ona Ramilin iş yerində nahardan sonra ekskavatorla beton plitələrinə sıxılıb öldüyünü demişdir. Təqsirləndirilən şəxs tərəfindən dəfn və yas mərasimləri üçün çəkilən xərclər və vurmuş olduğu mənəvi zərərin əvəzi ona ödənilmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmış və sonuncuya qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 17 avqust 2021-ci il tarixdən əmək müqaviləsi əsasında "xxxx" QSC-nin layihə rəhbəri vəzifəsində işləyir. "xxxx" QSC özəl şirkət olaraq müxtəlif profilli tikinti ilə bağlı tenderlərdə iştirak edir və qalib olduqdan sonra sifarişçi ilə podrat müqaviləsi bağlanır. 2021-ci ilin sentyabr ayının əvvəllərində "xxxx" ASC ilə bağlanmış müqavilə əsasında "xxxx" QSC İmişli rayon Bəhrəmtəpə Hidroqovşağında qəza vəziyyətinin aradan qaldırılması tədbirləri layihəsinin icrasını həyata keçirirmiş. "xxxx" QSC “Araz” çayında baş verə biləcək selin qarşısının alınması üçün Hidroqovşağın ərazisində 1x1 metr ölçüdə beton hissəciklərindən ibarət müvəqqəti sədd inşa olunurmuş. Onun xidməti vəzifəsi Hidroqovşaqda aparılan tikinti işlərinə nəzarət edilməsi və işlərin planlaşdırılmasından ibarət olmuşdur. X6 "xxxx" QSCdə müqavilə əsasında fəhlə işləmiş və vəzifəsi qazmaq, doldurmaq, təmizləmək və hamarlamaq işlərindən ibarət olmuşdur. Təqsirləndirilən şəxs isə Cəmiyyətdə ekskavator sürücüsü işləmiş və vəzifəsi Cəmiyyətə məxsus olan və ona təhkim olunmuş “New Holland E-305LC” markalı ekskavatorla qazma, doldurma, hamarlama işlərinin aparılması olmuşdu. 11 oktyabr 2021-ci il tarixdə saat 18 radələrində iş günü bitdikdən sonra Cəmiyyətin idarə heyəti toplanmış və növbəti günün işi planlaşdırılmışdır. 12 oktyabr 2021-ci il tarixdə saat 8-də iş başlamamışdan əvvəl işçiləri həmin plana uyğun təlimatlandırmış, işçilərə təhlükəsizlik texnikası və əməyin mühafizə qaydalarını izah etmiş, daha sonra gündəlik təhlükəsizlik təlimatına Ramil Şirinov da daxil olmaqla digər işçilər tərəfindən imza edilmişdir. Hadisə baş verməzdən əvvəl iş meydançası, iş sahəsi və iş yerinin təşkili, işin bütün mərhələlərində işçilərin təhlükəsizliyi təmin edilmiş, işçilərə fərdi mühafizə vasitələri verilmiş və görəcəkləri işə uyğun təlimatlandırılmışlar. İş aparılan sahələrdə insanlar üçün təhlükəli istehsalat faktorları olan zonalar müəyyən edilmiş, təhlükəli zonalar təhlükəsizlik nişanları və müəyyən edilmiş formada yazılar ilə nişanlanmışdır. “New Holland E-305LC” markalı ekskavatorun işləyəcəyi sahədən beton plitələrə 5 metr məsafədə yaxınlaşmaması barədə təhlükəsizlik nişanları qoyulmuşdur. İşlərin təhlükəsiz görülməsinə dair qayda və təlimatlar üzrə bilikləri yoxlanılmış, mühəndistexniki heyətdən cavabdeh olan məsul şəxs o təyin edilmişdir. 12 oktyabr 2021-ci il tarixdə saat 8-də iş başlamamışdan əvvəl həmişə olduğu kimi işçilər arasında iş bölgüsünü plana uyğun olaraq bölmüşdür. Həmin gün Ramil Şirinov, Şahid3 və Şahid2 nahardan sonra beton blokların arasını torpaqla doldurmaqla bağlı işin görülməsini, ekskavator sürücüsünə isə beton plitələrdən 5-10 metr aralı məsafədə görəcəyi işlərlə tanış olmasını, ekskavatorun işləyəcəyi sahəyə baxış keçirməsini və sahənin təhlükəsizlik tələblərinə uyğun olub-olmamasını tapşırmışdır. Qısa müddətdən sonra özünün də iş aparılan sahəyə gedəcəyini və bundan sonra işlərə başlayacağını demişdir. Həmin gün saat 14 radələrində o, dəmir qəlibləri işləri aparılan yerə düşərkən Nazimin işlədiyi yerdən sonuncunun qışqırıq səsini eşitmiş və dərhal ekskavatorun işlədiyi yerə getmişdir. Həmin yerdə ekskavatorun Hidroqovşağın sol sahilində beton hissəciklərinin yanında, koğuşun sol tərəf istiqamətində dayandığını, Ramil isə koğuşun altındakı beton hissəciklərinin qarşısında, torpaq sahəsinin üzərində üzü yuxarı istiqamətdə uzanıqlı vəziyyətdə və qan içində olduğunu görmüşdür. Nazim ona ekskavatorla işləyərkən ekskavatorun korpusunun sağ yan hissəsi Ramilə dəyərək betona sıxdığını demişdir. O, dərhal təcili-tibbi yardım xidmətinə zəng vurmuş və hadisə yerinə gələn həkim Ramili müayinə edib öldüyünü demişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 işin hallarına dair Şahid1 ifadəsinə uyğun ifadə verdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, 11 oktyabr 2021-ci il tarixdən əmək müqaviləsi əsasında "xxxx" QSC-də fəhlə işləyir və xidməti vəzifəsi bellə qazma, doldurma, təmizləmə və hamarlama işlərinin aparılmasından ibarətdir. X6 da "xxxx" QSC-də müqavilə əsasında fəhlə, Təqsirləndirilən şəxs isə “New Holland E-305B” markalı ekskavatorun sürücüsü işləmişdir. Hər gün səhər saat 8-də iş başlamamış layihə rəhbəri olan Şahid1 onları yığıb işləri ayıraraq hərəyə vəzifəsinə uyğun iş tapşırırmış. 12 oktyabr 2021-ci il tarixdə saat 14 radələrində nahardan sonra Surəddin fəhlələri yığıb Hidroqovşağın sol sahilində düzülmüş 1x1 metr ölçüdə beton bloklarının arasına qum doldurmağı, Nazimə isə onların işlədiyi yerin yanındakı torpaq sahəsini ekskavatorla hamarlamağı tapşırmışdır. O, iş yoldaşları Nicat və Ramillə birlikdə bellə həmin beton bloklarının yanına getmiş, Nazim də ekskavatoru ilə onların beton bloklarının qarşısında olan torpaq sahəsinə gəlmişdir. O və Nicat beton bloklarının üzərində olarkən ekskavatorla aralarında təxminən 8-10 metr məsafə olmuşdur. Həmin vaxt Ramil hələ gəlib onların yanına çatmamış, onlardan təxminən 30-40 metr aralıda və onların olduqları yerə gələn yolda olmuşdur. O, Nicatla birlikdə başını aşağı salıb beton bloklarına qum doldururmuş. Birdən başını qaldırıb ətrafa baxarkən Ramilin ekskavatorun işlədiyi yerin sol tərəfindəki beton blokunun qarşısında yerdə uzandığını görmüşdür. O, qışqırıb Nazimdən ekskavatoru saxlamasını istəmiş və sonuncu da ekskavatoru saxlayıb dərhal sükandan yerə düşmüşdür. O və Nicat qaçıb Ramilin yanına getmiş və sonuncunun beton blokunun qarşısında yerdə ağzı yuxarı istiqamətdə uzanıqlı vəziyyətdə və qan içində olduğunu görmüşdür. O, dərhal gedib işçiləri çağırmış və sonradan Nazimin ekskavatorla işləyərkən Ramili görməyib ekskavatorla vurduğunu eşitmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 işin hallarına dair Şahid2 ifadəsinə uyğun ifadə verdi. İşdə olan məhkəmə-tibbi ekspertizanın 12 oktyabr 2021-ci il tarixli, 21 nömrəli rəyindən görünür ki, X2 bədəni üzərində aşkar edilmiş xəsarətlər - qarının açıq küt travması, dalağın, sidik kisəsinin, cinsiyyət orqanlarının və bağırsaqların çoxsaylı cırılmış yaraları, çanaq sümüklərinin, bel fəqərələrinin, sol 10,11,12-ci qabırğaların, sol əlin 4,5-ci daraq sümüklərinin və 4,5-ci barmaq falanqalarının yerini dəyişmiş sınıqları, sol onurğayanı xətt boyunca bel nahiyəsində, qarnın ön aşağı hissəsində, qarnın sol yan səthində, sol əl pəncəsinin arxa səthində yaralar, sol bazunun orta-aşağı 1/3-nin arxa səthində sıyrıq, travmatik şok küt əşyanın (əşyaların) təsirindən törənmişdir, həyatidir və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurma əlamətlərinə aid edilir. Xəsarətlər qərarın təsviri hissəsində göstərilən vaxtda və şəraitdə, yəni 12.10.2021ci il tarixdə şəxsin ekskavatorun korpusu ilə beton hissə arasında sıxılması nəticəsində əmələ gələ bilərdi. X2 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti və güclü təsiredici maddələr aşkar edilməmişdir. X2 əynində olmuş paltarlar üzərindəki zədələr meyitin bədən səthində aşkar edilmiş xəsarətlərə uyğun gəlir. X2 ölümü 12.10.2021-ci il tarixdə baş vermiş və onun ölümünə səbəb almış olduğu çoxsaylı travmalar nəticəsində baş vermiş travmatik şok olmuşdur. İşdə olan məhkəmə-bioloji ekspertizanın 25 oktyabr 2021-ci il tarixli, 780/2021 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş 02 ədəd pambıq tampon, 01 ədəd kötük hissəsi, 01 ədəd basma düymənin qapağı, R.A.Şirinova məxsus 01 cüt qısaboğaz çəkmə, 01 cüt fəhlə əlcəyi, 01 cüt corab, alt mayka, trusik, alt şalvar, kofta, uniforma olan şalvar-gödəkcə dəsti üzərində insan qanı aşkar olundu. Tədqiq olunan qan ləkələrinin antigen və aqqlyutininlərə görə qrup göstəricisi ABO sistemi üzrə təyin olunduqda “B” antigeni, əksər ləkələrdə həmçinin alfa aqqlyutinini alındı. Bu qan ləkələri Balfa/İİİ/ qruplu şəxsə, o cümlədən X4 məxsus ola bilər. İşdə olan əlavə məhkəmə-əməyin mühafizəsi və təhlükəsizlik texnikası ekspertizanın 10 mart 2022-ci il tarixli, 10/1455 nömrəli rəyindən görünür ki, “Təşkilat, idarə, müəssisələrin fəhlə və qulluqçuları üçün nümunəvi daxili nizam qaydaları”nın 11-ci bəndinin və “Birçalovlu ekskavatorla işləyərkən təhlükəsizlik texnikası üzrə 43 nömrəli təlimat”ın 5, 13 bəndlərinin tələbləri pozulmuşdur. "xxxx" QSC-nin ekskavator operatoru (sürücüsü) ekskavatorun hərəkət sxemi ilə tanış olmadan və siqnalçı təyin edilmədən özbaşına olaraq ekskavator ilə hamarlama işlərinə başlamaqla eskavatorun dönən hissəsi ilə beton plitələr arasında 1 metrdən az məsafə saxladığına görə, “Təşkilat, idarə, müəssisələrin fəhlə və qulluqçuları üçün nümunəvi daxili nizam qaydaları”nın 11-ci bəndinin və “Birçalaovlu ekskavatorla işləyərkən təhlükəsizlik texnikası üzrə 43 nömrəli təlimat”ın 5, 13 bəndlərinin tələbləri "xxxx" QSC-nin ekskavator operatoru (sürücüsü) tərəfindən pozulmuşdur. Beləliklə də şərh edilən sübutları məcmu üzrə qiymətləndirərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 124.1-ci maddəsində nəzərdə tutulan ictimai təhlükəli əməli törətməkdə təqsirliliyi təsdiq edildi və o, istinad edilən cinayət qanununun həmin maddəsinin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə olaraq az ağır cinayət törətməsini, əməlini etiraf edib səmimi peşmançılıq çəkməsini, himayəsində bir yetkinlik yaşına çatmayan uşağını təkbaşına böyütməsini, ailəsinə yeganə qazanc gətirən şəxs olmasını, yaşayış yerindən müsbət xasiyyətləndirilməsini, zərər çəkmiş şəxsin ailəsinə maddi və mənəvi yardım göstərməklə onun hüquqi varisi ilə barışmasını və zərər çəkmiş şəxsin hüquqi varisinin ondan şikayətinin və tələbinin olmamasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Qeyd olunanlara əsaslanaraq məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, habelə təyin ediləcək cəzanın ağırlaşdıran hallarının olmamasını və cəzanı yüngülləşdirən halları nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 124.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə islah işləri cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. İş üzrə maddi sübut məhv edilməli, ekspertiza tədqiqatına sərf olunmuş ekspertiza xərci Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353 və 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 124.1-ci maddəsi ilə təqsirli bilinib aylıq qazancının 15 (on beş) faizi dövlət nəfinə tutulmaqla 2 (iki) il müddətə islah işləri cəzasına məhkum edilsin. Barəsində seçilmiş bаşqа yеrə gеtməmək barədə iltizаm qətimkаn tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs qeydiyyatda olduğu Şabran rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Cəzasını iş yeri üzrə çəksin. Cəza çəkmə müddətinin əvvəli hökm icraya başlandığı və məhkumun qazancından dövlət nəfinə tutmaların aparıldığı vaxtdan hesablansın. İş üzrə maddi sübut kimi İmişli rayon prokurorluğunun “Maddi sübutların saxlanılması” otağında saxlanılan - “New Holland E-305LC” markalı ekskavatorun korpusunun sağ arxa yan hissəsinin altından və beton hissəciyinin üzərindən pambığa hopdurma üsulu ilə götürülmüş qanabənzər ləkələr, o cümlədən götürülmüş üzərində qanabənzər ləkələr olan kötük hissəsi və 1 ədəd düymə, meyitə baxış keçirilərkən götürülmüş 1 cüt sarımtıl rəngli fəhlə əlcəyi, qara rəngli 1 ədəd gödəkçə, yaşıl rəngli uzunqollu 1 ədəd kofta, qara rəngli qolsuz 1 ədəd mayka, qara rəngli 1 cüt corab, qara rəngli 1 cüt çəkmə, belində qara kəməri olan qara rəngli 1 ədəd şalvar, qara rəngli 1 ədəd trusik və palıdı rəngli 1 ədəd idman şalvarı məhv edilsin. Ekspertiza tədqiqatına sərf edilmiş 204 (iki yüz dörd) manat ekspertiza xərci Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Hökmdən 20 gün müddətinə İmişli rayon məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Qurban Hacıyev
Məhkəmə qərarları › İş №1(036)-46/2022
İmişli Rayon Məhkəməsi Hökm — İş №1(036)-46/2022
04.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver