Məhkəmə qərarları › İş №1(036)-46/2025

İmişli Rayon Məhkəməsi Hökm — İş №1(036)-46/2025

10.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM İmişli rayonu İş № 1(036)-46/2025 10.06.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (Şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, müdafiəçi - Müdafiəçi iştirakları ilə, xx.xx.1984-cü il tarixdə İmişli rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, İmişli şəhəri H.Aslanov küçəsi ev 08 mənzil 05 ünvanında qeydiyyatda olmaqla İmişli şəhəri Lətif Vəliyev küçəsi ev 36 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndiriməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilir ona görə ki, o, 10 fevral 2025-ci il tarixdə, saat 15 radələrində qanunsuz olaraq psixotrop maddə metamfetamin əldə etmək qərarına gəlib tanışı Şahid4 istifadəsində olan 523915******0669 nömrəli “Kapital banka” məxsus kart hesabına həmin gün saat 15:42 radələrində İmişli şəhəri, N.Savalanov küçəsində yerləşən “Romaşka” marketin içərisindəki “E manat” ödəmə aparatı vasitəsilə 25 (iyirmi beş) manat məbləğdə pulu köçürdükdən sonra, həmin gün saat 16 radələrində Şahid4 yaşadığı İmişli şəhəri, Koroğlu küçəsi 7 nömrəli evin qarşısında sonuncudan satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, yəni 0,200 qram çəkidə psixotrop maddə olan metamfetamin əldə edib daşıyaraq üzərində saxlamış, 10 fevral 2025-ci il tarixdə, saat 17:38 radələrində İmişli rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində İmişli şəhəri Q.İsmayılzadə küçəsində saxlanılıb üzəri yoxlanılan zaman əynindəki qara rəngli dəri materiallı gödəkçəsinin sol yan cibindəki ağ rəngli salfetə bükülmüş rəngli kağızın içərisində olan siqaret kağızının arasında 0,200 qram təmiz çəkidə psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib ifadəsində bildirmişdir ki, o, xəstə olduğu üçün həkim resepti əsasında psixotrop tərkibli dərmanlar qəbul edir. Lakin psixotrop tərkibli dərmanlar onun ağrılarına xeyir etmədiyi üçün, həm də bahalı olduğu üçün psixotrop maddə olan metamfetamindən istifadə etmək qərarına gəlmişdir. Bu məqsədlə o, 10 fevral 2025-ci il tarixdə, saat 15 radələrində İmişli şəhər sakini kimi tanıdığı Şahid4 zəng edib metamfetamin istəmiş, Elmar da təşkil edə biləcəyini bildirmişdir. Bunun üçün o, İmişli şəhəri, N.Savalanov küçəsində yerləşən “Romaşka” marketə gəlmiş və orada olan “E manat” ödəmə terminalı vasitəsilə Elmarın ona telefonda şifahi şəkildə bildirdiyi “Kapital banka” məxsus kart hesabına 25 manat pul göndərmiş, çeki də üzərində saxlamışdır. Bundan sonra Elmar ona metamfetaminin yaşadığı evinin yaxınlığında hasarın kənarına qoyacağını və gəlib oradan götürə biləcəyini demişdir. Bundan sonra o, piyada Elmarın yaşadığı evin yaxınlığına gəlib hasarın kənarından ağ rəngli salfeti götürmüşdür. Salfetin arasında rəngli kağız, kağızın arasındakı siqaret kağızında isə psixotrop maddə metamfetamin olmuşdur. Həmin bükümü əynində olan qara rəngli dəri gödəkçənin yan cibinə qoymuş və piyada yaşadığı evə tərəf gəlmişdir. İmişli şəhəri Q.İsmayılzadə küçəsində piyada hərəkətdə olan zaman polis əməkdaşlarının maşınla ona tərəf yaxınlaşdığını görüb ilk öncə qaçmağa cəhd etmiş, lakin polis əməkdaşları onu saxlamışlar. O isə heç bir müqavimət göstərməmişdir. Sonra polis əməkdaşları ona üzərində qanunsuz olaraq psixotrop maddə və ya narkotik vasitə gəzdirməklə bağlı məlumat daxil olmasını, həmin məlumatla bağlı olaraq əməliyyat tədbirinin keçirilməsini izah etmişlər. Onun üzərində yoxlama aparılmış və əynində olan qara rəngli dəri gödəkçənin sağ yan cibindən həmin Elmardan 25 manat pul qarşılığında əldə etdiyi psixotrop maddə metamfetamin aşkar edilmişdir. Bundan başqa həmin 25 manat pulun Elmarın kart hesabına göndərilməsi ilə bağlı ödəniş qəbzi, özünə məxsus “İtel” markalı sadə tipli mobil telefon və 5 manat pul aşkar edilmişdir. Üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamin qablaşdırılmış və zərfə qoyularaq möhürlənmişdir. Sonra üzəri o və digər iştirakçılar tərəfindən imzalanmışdır. Sonra birlikdə İmişli rayon polis şöbəsinə gəlmişlər. Həmin vaxt onu xidməti otaqlardan birinə gətirmişlər. Bundan sonra xidməti otaqda müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış aparılmışdır. Daha sonra əməliyyat tədbiri zamanı üzərindən aşkar edilən metamfetamin bükümü yenidən açılmış və onun gözünün qarşısında elektron tərəzidə çəkilərək qablaşdırılmışdır. Törətdiyi cinayət əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş İmişli RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində bildirmişdir ki, 10 fevral 2025-ci il tarixdə icraatına etibarlı mənbədən daxil olan məlumatda İmişli şəhəri sakini Təqsirləndirilən şəxs üzərində psixotrop maddə metamfetamin əldə etməsi, saxlaması və gəzdirməsi ilə bağlı məlumat daxil olmuşdur. Həmin məlumat dəqiqləşdirilmiş və İmişli RPŞ-nin rəhbərliyinə məruzə edilmişdir. Yoxlama zamanı həmin şəxsin Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Bundan sonra tərəfindən təxirə salınmaz əməliyyat-axtarış tədbirinin keçirilməsi haqqında qərar qəbul edilmiş və əməliyyat qrupu yaradılmışdır. 10 fevral 2025-ci il tarixdə, saat 17 radələrində daxil olmuş əməliyyat məlumatına uyğun olaraq əməliyyat qrupunun üzvləri ilə birlikdə İmişli şəhəri, Qadir İsmayılzadə küçəsində yolun kənarında Təqsirləndirilən şəxs hərəkətdə olduğunu görüb ona yaxınlaşmış, həmin vaxt Təqsirləndirilən şəxs qaçmağa cəhd edərkən onu yaxalamış və xidməti vəsiqələrini göstərməklə polis əməkdaşı olduqlarını bildirmişdir. Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq psixotrop maddə metamfetamin gəzdirməsi ilə bağlı məlumat daxil olmasını, həmin məlumatın realizə edilməsi üçün üzərinin yoxlanılacağı bildirilmişdir. Ondan üzərində psixotrop maddə metamfetamin olub-olmamasını soruşduqda Təqsirləndirilən şəxs üzərində psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Yoxlama zamanı sonuncu əynindəki qara rəngli gödəkçənin sol yan cibindən bir ədəd ağ rəngli salfetkaya bükülmüş kütlə təqdim etmişdir. Həmin ağ rəngli salfetkanın içərisində rəngli kağıza bükülmüş siqaretin gümüşü rəngli kağızının içərisində psixotrop maddə metamfetaminə bənzər kütlə olmuşdur. Sonra Təqsirləndirilən şəxs üzəri yoxlanılmış, əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən bir qutu “Pal mall” markalı siqaret və bənövşəyi rəngli alışqan, həmin gödəkçənin sol içəri cibindən hər biri 1 manat olmaqla 5 manat pul, bir ədəd “İTEL” markalı mobil telefon və bir ədəd “Kapital Bank hesabına köçürülmüş 25 manat ödəmə qəbzi aşkar olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir qutu “Pal mall” markalı siqaret və bənövşəyi rəngli alışqan və 5 manat pul Təqsirləndirilən şəxs geri qaytarılmışdır. Təqsirləndirilən şəxs şifahi sorğu zamanı üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamini tanışı Elmar adlı şəxsdən 25 manat pul müqabilində aldığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş bir ədəd “Kapital Bank hesabına köçürülmüş 25 manat ödəmə qəbz, metamfetamin əldə etmək üçün Elmar adlı şəxsin kart hesabına göndərdiyi pulun qəbzi olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində aşkar edilən ağ rəngli salfetkaya bükülmüş kütlə tərəzidə çəkilmiş və zərfdə qablaşdırılaraq iştirakçılar tərəfindən imzalanmışdır. Sonra birlikdə İmişli rayon polis şöbəsinə gəlmişlər və bu barədə protokol tərtib edilərək iştirakçılara elan edilmişdir. Protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Daha sonra müvafiq araşdırmanın davam etdirilməsi İmişli RPŞ-nin təhqiqat bölməsinə həvalə edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş İmişli RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid3 Şahid1 ifadəsində göstərilən xüsusatları təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında, şahid İmişli RPŞ-nin CAB-ın əməliyyat müvəkkili X2 elan olunmuş ifadəsindən görünür ki, o, ibtidai istintaq zamanı Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında, Şahid4 elan olunmuş ifadəsindən görünür ki, o, ibtidai istintaq zamanı ifadəsində bildirmişdir ki, o, Bakı şəhərində olan zaman “İnstagram” sosial şəbəkəsində Bəhmən adlı şəxslə tanış olmuşdur. Bəhmən özündə psixotrop maddə olan metamfetamin olduğunu və 40 manata satdığını bildirmişdir. Bundan sonra o Bəhmənin xatırlamadığı bank kartına 40 manat pul köçürmüşdür. Bəhmən metamfetamini Bakı şəhərində “7-ci mikrorayon” adlanan yerdə binaların arasında gizlətdiyini bildirmiş və o, həmin yerə gedib psixotrop maddə metamfetamini götürüb İmişli rayonuna qayıtmışdır. xx.xx.2025-ci il tarixdə saat 15 radələrində Təqsirləndirilən şəxs ona zəng edib ondan patı istəmişdir. O, Sahilə hazırda özünə istifadə üçün saxladığı bir büküm patını 25 manat pul müqabilində satdığını bildirmiş və Sahilə özünə məxsus bank kartının nömrəsini vermişdir. Bundan sonra Sahil 25 manat pulu karta atmış və Sahilə yaşadığı evin yaxınlığına gəlməsini bildirmişdir. Daha sonra Bakı şəhərində Bəhmən adlı şəxsdən əldə etdiyi bir ədəd bükümdə psixotrop maddə olan metamfetamindən bir az götürüb Sahilə vermək üçün ayrıca bir büküm yaratmışdır. Sahil onun yaşadığı evin qarşısına gəlmiş və Sahillə görüşüb bir ədəd kağız bükümdə olan patını ona vermişdir. Həmin gün saat 20:00 radələrində yerdə qalan bir bükümdə olan patını cibinə qoyub rayon mərkəzinə doğru hərəkət edərkən yaşadığı evin yaxınlığında üç nəfər polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etdikdən sonra narkotik vasitənin satışı ilə bağlı daxil olmuş məlumatın doğruluğunu dəqiqləşdirmək üçün İmişli rayon polis şöbəsinə getməli olduğunu bildirilmişdir. O da heç bir etiraz etmədən polis əməkdaşları ilə birlikdə İmişli rayon polis şöbəsinə gəlmişdir. Orada xidməti otaqlardan birində müdafiəçinin iştirakı ilə onun üzərində şəxsi axtarış aparılmışdır. Axtarış zamanı o, əynindəki papaqlı qara rəngli köynəyin sağ yan cibindən bir ədəd bükümdə olan psixotrop maddə metamfetamini çıxarıb təqdim etmişdir. Sonra təqdim etdiyi bir ədəd büküm elektron tərəzidə çəkilərək zərfdə qablaşdırılıb üzəri o və digər iştirakçılar tərəfindən imzalanmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Vətəndaşın saxlanılması və üstünün yoxlanılması haqqında 10 fevral 2025-ci il tarixli protokoldan görünür ki, İmişli şəhəri, Qadir İsmayılzadə küçəsində Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş narkotik vasitələr və ya psixotrop maddə onun prekursorlarının olub-olmaması soruşulmuş, olduğu halda təqdim olunması təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sol yan cibindən ağ rəngli salfetə bükülmüş rəngli kağızın arasındakı siqaret kağızının içərisində psixotrop maddə metamfetaminə bənzər kütləni çıxarıb təqdim etmişdir. Həmin aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuana kütləsi elektron tərəzidə çəkilmiş, qablaşdırılaraq möhürlənmiş və iştirakçılar tərəfindən üzəri imzalanmışdır. Təqsirləndirilən şəxs üzəri yoxlanılan zaman əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən bir qutu “Pal mall” markalı siqaret və bənövşəyi rəngli alışqan, həmin gödəkçənin sol içəri cibindən 5 ədəd 1 manatlıq pul əsginası, bir ədəd “İTEL” markalı mobil telefon və bir ədəd “Kapital Bank hesabına köçürülmüş 25 manat ödəmə qəbzi aşkar olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir qutu “Pal mall” markalı siqaret və bənövşəyi rəngli alışqan və 5 manat pul Təqsirləndirilən şəxs geri qaytarılmışdır (cild 1, vərəq 11-13); Şəxsi axtarış və götürmə haqqında 10 fevral 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində hər hansı bir əşya, predmet və ya narkotik vasitə olduğu halda təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və ya predmet olmadığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış və üzərində qanunla qadağan olunmuş əşya və predmet aşkar edilməmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş psixotrop maddə metamfetamini xx.xx.2025-ci il tarixdə İmişli şəhər sakini kimi tanıdığı Şahid4 25 manata aldığını, pulu ödəmə terminalı vasitəsi ilə sonuncuya məxsus bank kartına göndərdiyini bildirmişdir. Daha sonra İmişli RPŞ-nin əməkdaşlarının 10 fevral 2025-ci il tarixdə keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs üzərinə keçirilən baxış zamanı aşkar edilərək götürülmüş və zərfə qoyularaq möhürlənmiş psixotrop maddə metamfetaminə bənzər kütləyə baxış keçirilməsi üçün zərf açılmış və içərisindəki kütlə elektron tərəzi vasitəsilə çəkilərək qablaşdırılmış və DİN-nin 179 nömrəli möhürü üzərinə vurularaq dəqiq çəkisinin və tərkibinin müəyyən edilməsi məqsədilə ekspertizaya göndərilməsi üçün götürülmüş və zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır (cild 1, vərəq 31-33); Məhkəmə-kimyəvi ekspertizasının 11 fevral 2025-ci il tarixli,18/121 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş “.... Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış və imzalar olan kağız paketdəki bir ədəd bükümdə təmiz çəkisi 0.200 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetaminin təmiz çəkisi – 0,200 qram, cəmi tədqiqata sərf edildi - 0,05 qram, qalıq 0,150 qram (cild 1, vərəq 65- 68); Məhkəmə-narkoloji ekspertizasının 03 aprel 2025-ci il tarixli 1832 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixostimuliyatorların qəbulu nəticəsində yaranan aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür (cild 1, vərəq 281-282); Cinayət işinin başlanması haqqında xx.xx.2025-ci tarixli qərardan görünür ki, faktla bağlı Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi başlanmışdır (cild 1, vərəq 1) Cinayət törətməkdə şübhəli bilinən şəxsin tutulması haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 18:25-də şübhəli şəxs qismində tutulmuşdur (cild 1, vərəq 22); Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan olunmuşdur (cild 1, vərəq 98-99); Qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir (cild 1, vərəq 122-124); Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun özünün etirafedici ifadəsi, şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4 və 59.2-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını, əməlini etiraf edib səmimi peşmançılıq çəkməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsi ilə müəyyən edilmiş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun şəxsiyyətini, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyası çərçivəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini qanuni və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, təyin olunmuş cəza müddəti ərzində üzərinə CM-nin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, CM-nin 93.1.2-ci maddəsinə əsasən cəza çəkdiyi müddətdə barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Maddi sübutlar və məhkəmə məsrəfləri ilə bağlı məsələni tədqiq edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi İmişli rayon Polis Şöbəsinin maddi sübutların saxlanması otağında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0.150 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış bir ədəd pul köçürməsinə dair qəbz cinayət işi materiallarında saxlanılmalı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 31,95 (otuz bir manat doxsan beş qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməli və Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixədək 4 saat, xx.xx.2025-ci il tarixdən sonrakı dövr üzrə 8 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi İmişli rayon Vəkil Bürosunun vəkili Müdafiəçi 112 (bir yüz on iki) manat məbləğində pul Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və ya xüsusi müsadirə olunmalı əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 10 fevral 2025-ci il tarixdən 12 fevral 2025-ci il tarixədək həbsdə saxlandığı 2 (iki) gün müddət bir günə iki gün hesabı ilə hesablanmaqla 4 (dörd) gün təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə hər gün saat 22:00dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, İmişli rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi İmişli rayon Polis Şöbəsinin maddi sübutların saxlanması otağında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0.150 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd pul köçürməsinə dair qəbz cinayət işi materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 31,95 (otuz bir manat doxsan beş qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmün icrası İmişli rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixədək 4 saat, xx.xx.2025-ci il tarixdən sonrakı dövr üzrə 8 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi İmişli rayon Vəkil Bürosunun vəkili Müdafiəçi 112 (bir yüz on iki) manat məbləğində pul Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu gündən 20 gün müddətində Azərbaycan Respublikası CPMnin 385-ci maddəsində müəyyən edilmiş qaydada Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar