Azərbaycan Respublikası adından HÖKM İmişli rayonu İş № 1(036)-47/2023 23.05.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Quliyev Telman Osman oğlunun sədrliyi, Şiralıyeva Günel Mirzə qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi İmişli rayon vəkil bürosunun vəkili X2 iştirakı ilə, xx xxxx 1980-ci ildə Füzuli şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, diş texniki işləyən, ailəli, əvvəllər məhkum olunmamış, İmişli rayonu, Yeni Bəhrəmtəpə qəsəbəsi ev 196 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs qanunsuz olaraq döyüş sursatını əldə edərək daşımış və saxlamışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən və vaxtda 18 ədəd, 7,62 mm kalibrli döyüş patronlarını qanunsuz olaraq əldə edib daşıyaraq yaşadığı İmişli rayonu, Yeni Bəhrəmtəpə qəsəbəsi 196 ünvanında yerləşən evinə gətirməklə saxlamış, 13 mart 2023cü il tarixdə saat 14 radələrində İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində İmişli rayonu Yeni Bəhrəmtəpə qəsəbəsi 196 ünvanında yerləşən evə baxış zamanı evin yataq otağındakı paltar şkafının aşağı hissəsindəki plastik qabın içərisindən qanunsuz olaraq saxladığı 18 ədəd zavod üsulu ilə istehsal olunmuş, 7,62х39 mm kalibrli Kalaşnikov avtomatlarında, əl pulemyotlarında və SKS karabinlərində atəş açmaq üçün nəzərdə tutulmuş, atəşə yararlı döyüş sursatları aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 1993-1994cü illərdə Fizuli şəhəri uğurunda Azərbaycan Ermənistan arasında gedən müharibə vaxtı o, 13-14 yaşlarında olmuş və Fizuli şəhərində yaşamışdır. Həmin vaxtı uşaq olduğu üçün hərbiçilər tərəfindən küçələrə atılmış atəşə yararlı 18 ədəd 7,62 kalibrli avtomat silahına məxsus döyüş patronlarını maraq üçün yerdən yığıb saxlamışdır. O, 1998-ci ildə ailəsi ilə birlikdə İmişli rayonu Yeni Bəhərəmtəpə qəsəbəsinə məcburi köçkün kimi gələrək yaşamış, həmin vaxt patronları da özü ilə gətirib evdə saxlamış və bu barədə heç kimə məlumat verməmişdir. Onda ata-babadan qalma bir ədəd qara rəngli idman səs tapançası olmuş və həmin tapançaya görə məsuliyyət nəzərdə tutulmadığını bildiyinə görə yaşadığı evdə saxlamışdır. 13 mart 2023-cü il tarixdə saat 15 radələrində bir neçə nəfər polis əməkdaşı yaşadığı küçədə yaxınlaşıb onda tapança olması ilə bağlı məlumat olduğunu bildirən zaman, o, bu faktı təsdiq edərək evində olan idman səs tapançasını polis əməkdaşlarına təqdim etmişdir. Bundan əlvə, polis əməkdaşları ilə söhbət edərkən onda Fizuli şəhərindən müharibə vaxtı gətirdiyi 18 ədəd 7,62 kalibrli avtomat silahına məxsus patronların olduğunu bildirmiş və həmin patronları saxladığı qutunu açıb kağıza bükülü vəziyyətdə olan patronları polis əməkdaşlarına təqdim etmişdir. Törətmiş olduğu cinayət əməlindən səmimi peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş İmişli RPŞ-nin CAB-nın əməliyyat müvəkkili Şahid1 ifadə verərək göstərdi ki, 13 mart 2023-cü il tarixdə icraatına İmişli rayonu Yeni Bəhrəmtəpə qəsəbə sakini Təqsirləndirilən şəxs yaşadığı evdə qanunsuz olaraq silah və sursat saxlaması barədə məlumat daxil olmuşdur. Məlumat İmişli RPŞ-nin rəhbərliyinə məruzə edildikdən sonra təxirəsalınmaz əməliyyat-axtarış qrupunun yaradılması barədə qərar qəbul etmişdir. Əməliyyat qrupunun üzvləri ilə birlikdə İmişli rayonu Yeni Bəhrəmtəpə qəsəbəsinə gedib, Təqsirləndirilən şəxs yaşadığı 196 saylı evin qarşısında yaxınlaşıb qanunsuz olaraq odlu silah və döyüş sursatı saxlaması ilə bağlı məlumat daxil olduğunu bildirdikdən sonra, sonuncuya üzərində və ya yaşadığı evdə qanunla qadağan olunmuş hər hansı əşya və ya predmetin olması halında onu könüllü təqdim etməsi bildirilmişdir. Təqsirləndirilən şəxs heç bir etiraz etmədən yaşadığı evdə bir ədəd idman səs tapançasının və 18 ədəd avtomat silahına məxsus patronlarının olmasını könüllü etiraf edib, könüllü olraq təqdim etməyə hazır olduğunu bildirmişdir. Hal şahidlərinin, Təqsirləndirilən şəxs və əməliyyat qrupunun digər üzvləri ilə birlikdə həmin evə daxil olduqdan sonra Təqsirləndirilən şəxs qeyd edilən əşyaları evin yataq otağında saxladığını bildirmişdir. Evin yataq otağında olan paltar şkafının aşağı tərəfindəki plastik qabın içərisində saxladığı bir ədəd qara rəngli idman səs silahını və 18 ədəd 7,62 kalibrli avtomat silahına məxsus patronları götürüb təqdim etmiş və polis əməkdaşları tərəfindən götürülərək ekspertiza tədqiqatı üçün qablaşdırılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadə verərək göstərdi ki, 13 mart 2023-cü il tarixdə saat 14 radələrində yaşadığı İmişli rayonu, Yeni Bəhrəmtəpə qəsəbəsində küçədə olarkən bir neçə nəfər polis əməkdaşı yaxınlaşıb özlərini təqdim etdikdən sonra onunla eyni qəsəbədə yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq evində silah və sursat saxlaması ilə bağlı məlumat daxil olduğunu, həmin məlumatla bağlı olaraq Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçiriləcəyini və bu zaman iki nəfər hal şahidinin iştirakının vacib olduğunu bildirmişlər. O, da buna etiraz etməmişdir. Polis əməkdaşları ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı evə getmiş, Təqsirləndirilən şəxs onlarla görüşdükdən sonra polis əməkdaşları keçirilən tədbirin mahiyyətini ona izah etmişlər. Təqsirləndirilən şəxs isə evində bir ədəd ailə yadigarı olan idman səs tapançasının və 18 ədəd avtomat patronlarının olmasını və həmin əşyaları da təqdim edə biləcəyini bildirdikdən sonra Təqsirləndirilən şəxs iştirakı ilə birlikdə onun yaşadığı evə daxil olmuşlar. Təqsirləndirilən şəxs evin yataq otağındakı paltar şkafının aşağı yerində, qabda olan idman səs tapançasını və 18 ədəd avtomat patronunu təqdim etmişdir. Samir həmin idman səs silahının ona ailə yadigarı olmasını, patronları isə İ Qarabağ müharibəsi zamanı 1994-cü ildə Fizuli şəhərinin mərkəzi küçəsindən yerdən yığdığını və saxladığını bildirmişdir. Həmin patronlardan istifadə etmədiyini, onları suvenir kimi saxladığını qeyd etdikdən sonra həmin idman səs tapançası və patronlar polis əməkdaşları tərəfindən götürülmüşdür. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 Adil oğlu və Şahid4 məhkəmə iclasında araşdırılmış ifadələri ilə Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli bir daha öz təsdiqini tapır. “Baxış keçirilməsi haqqında”13 mart 2023-cü il tarixli protokoldan görünür ki, baxış keçirilən yer Təqsirləndirilən şəxs məxsus İmişli rayonu, Yeni Bəhrəmtəpə qəsəbəsində yerləşən 196 saylı fərdi yaşayış evidir. Həmin yaşayış evinin yataq otağında yerləşən paltar şkafının aşağı gözündən, plastik materialda olan qabın içindən bir ədəd idman səs tapançası, 18 ədəd döyüş sursatı olan 7,62 çaplı avtomat güllələrinə bənzər (sursat) güllə götürülmüş və İmişli RPŞ-nin 179 nömrəli möhürü ilə möhürlənməklə qablaşdırılmışdır. Həmin evin digər otaqlarında baxış davam etdirilmiş, lakin qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Bu barədə protokol tərtib edilmiş və doğruluğu iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Məhkəmə-ballistik ekspertizasının 15 mart 2023-cü il tarixli 23/210R nömrəli rəyi ilə müəyyən olur ki, tədqiqata təqdim edilmiş 18 ədəd patronlar, zavod üsulu ilə istehsal olunmuş, 7,62x39 mm kalibrli Kalaşnikov avtomatlarında, əl pulemyotlarında və SKS karabinlərində atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatıdırlar və atəş üçün yararlıdırlar. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İş materialları ilə müəyyən olur ki, Təqsirləndirilən şəxs himayəsində azyaşlı və yetkinlik yaşına çatmamış uşaqları vardır. İmişli Rayon İcra Hakimiyyəti başçısının 1 saylı Yeni Bəhrəmtəpə qəsəbəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamə ilə Təqsirləndirilən şəxs müsbət xarakteriza olunur. İmişli Rayon Polis Şöbəsininin İstintaq bölməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-nin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Beləliklə, məhkəmə işdəki sübutları müqayisəli şəkildə qiymətləndirərək hesab edir ki, hadisə ittihamda göstərilən qaydada və şəraitdə baş vermişdir. Məhkəmə iclasında bilavasitə araşdırılmış sübutlarla Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini törətməsi tam təsdiq edilir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin göstərilən normalarının müəyyən etdiyi ədalət prinsipi və cəzanın təyin edilməsinin ümumi əsasları cəza təyin edilərkən törədilmiş cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin nəzərə alınmasını nəzərdə tutmuşdur. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CM-nin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə cinayət qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ilk məhkumluğunu, əməlini etiraf edib səmimi peşmançılıq çəkməsini, ictimai faydalı əməklə məşğul olmasını, himayəsində azyaşlı və yetkinlik yaşına çatmayan uşaqlarının olmasını, yaşayış yeri üzrə müsbət xasiyyətləndirilməsini, xroniki qaraciyər çatmamazlığı, qaraciyər sirrozu virus mənşəli xəstəliklərə mübtəla olmasını və ailəsində yeganə qazanc gətirən şəxs olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Cinayət cəzası dövlətin cinayət törədən şəxsə qarşı reaksiyası olmaqla, şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinin əsas hüquqi nəticəsidir. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs törətdiyi cinayətin ictimaitəhlükəlilik dərəcəsini və xarakterini, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, ailəsinin mövcud maddi və sosial vəziyyətini nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidir. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmçinin cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Qeyd olunanlara əsaslanaraq məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, habelə təyin ediləcək cəzanın ağırlaşdıran hallarının olmamasını və cəzanı yüngülləşdirən halları nəzərə alıb Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan islah işləri növündə cəzanın təyin edilməsini qanuni və əsaslı hesab edir. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində13 mart 2023-cü il tarixdən 15 mart 2023cü il tarixədək həbsdə saxlanılmışdır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 13 mart 2023-cü il tarixdən 15 mart 2023-cü il tarixədək həbsdə olduğu müddətin bir günü islah işləri cəzasının dörd gününə hesablanmaqla 8 (səkkiz) gün təyin edilmiş cəzadan çıxılmalıdır. Hökmün icrası İmişli rayon icra və probasiya şöbəsinə həvalə edilməli və cəza çəkmə müddətinin əvvəli hökm icraya başlanıldığı və məhkumun qazancından dövlət nəfinə tutmaların aparıldığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi İmişli Rayon Polis Şöbəsinin saxlanc anbarında saxlanılan 18 ədəd zavod üsulu ilə istehsal olunmuş, 7,62х39 mm kalibrli atəşə yararlı döyüş sursatları dövlət nəfinə müsadirə edilməlidir. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinib aylıq qazancının iyirmi faizi dövlət nəfinə tutulmaqla 2 (iki) il müddətə islah işləri cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 13 mart 2023-cü il tarixdən 15 mart 2023-cü il tarixədək həbsdə olduğu müddətin bir günü islah işləri cəzasının dörd gününə hesablanmaqla 8 (səkkiz) gün təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq aylıq qazancının iyirmi faizi dövlət nəfinə tutulmaqla 1 (bir) il 11 (on bir) ay 22 (iyirmi iki) gün müddətə islah işləri cəzası saxlanılsın. Hökmün icrası İmişli rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Cəza çəkmə müddətinin əvvəli hökm icraya başlanıldığı və məhkumun qazancından dövlət nəfinə tutmaların aparıldığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi İmişli Rayon Polis Şöbəsinin saxlanc anbarında saxlanılan 18 ədəd zavod üsulu ilə istehsal olunmuş, 7,62х39 mm kalibrli atəşə yararlı döyüş sursatları dövlət nəfinə müsadirə edilsin. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Hökmdən 20 gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Telman Quliyev
Məhkəmə qərarları › İş №1(036)-47/2023
İmişli Rayon Məhkəməsi Hökm — İş №1(036)-47/2023
23.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver