Məhkəmə qərarları › İş №1(036)-49/2023

İmişli Rayon Məhkəməsi Hökm — İş №1(036)-49/2023

22.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM İmişli rayonu İş № 1(036)-49/2023 22.08.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Məmmədli Nadir Cabir oğlunun katibliyi, Dövlət ittihamçısı, zərərçəkmiş şəxs AR ETSN 3 saylı Refional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə, müdafiəçi X1 iştirakı ilə, xx.xx.1982-ci il tarixdə Qazaxıstan Respublikası Almata şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, evli, Cəlilabad rayonu, Maşlıq kəndində yaşayan və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 259.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs ondan ötrü məhkəməyə verilmişdir ki, o, 2021-ci ilin noyabr ayında İmişli- Saatlı avtomobil yolunun İmişli rayonu Bəcirəvan kəndi ərazisindən keçən hissəsinin sağ tərəfində yerləşən, İmişli rayonu Bəcirəvan kənd sakini Şahid2 məxsus "xxxx" MMC və İmişli rayon icra hakimiyyəti arasında bağlanmış 10 yanvar - 2003-cü il tarixli 01 nömrəli icarə müqaviləsi əsasında Şahid2 tərəfindən icarəyə götürülmüş, İmişli rayonu Bəcirəvan kənd bələdiyyəsinə məxsus 6 ha torpaq sahəsində meşə fonduna daxil olmayan ərazidə yabanı halda bitmiş hər birinin qiyməti 80(səksən) manat olmaqla 71 (yetmiş bir) ədəd yulğun kollarını kök üstündə yaş gövdəsindən kəsməklə, ümumilikdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə 5680 (beş min altı yüz səksən) manat məbləğində, yəni xeyli miqdarda maddi ziyan vurmuşdur. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 259.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Şahid2 şəxsən tanıyır. 2018- 2022-ci illərdə X7 rayonu Bəcirəvan kəndində yerləşən fermasında həyat yoldaşı və üç oğlu ilə birlikdə işləmiş, ayda 400 manat əmək haqqı almışdır. Ferma “Çinar” kafesinin yaxınlığındakı balıq gölündən bir qədər aralıda yerləşir. 2022-ci ilin əvvəllərinədək o, həmin fermada, həmin vaxtdan etibarən isə Biləsuvar rayonu Kömürlük kəndi ərazisində yerləşən şəxsi fermada ailəsi ilə birlikdə çoban işləmişdir. 2021-ci ilin noyabr ayında İsmi ona həm işlədiyi, həm də yaşadığı fermanın ətrafında yerləşən və çinar ağaclarının əkildiyi sahədəki kolları təmizləməsini tapşırmışdır. Həmin yer fermanın ərafında "Çinar“ kafesinin yaxınlığında yerləşir. Orada ağaclıq sahənin ətrafında yabanı halda bitən böyürtkən kolları və iki-üç ədəd xırda yulğun kolları olmuşdur. Həmçinin İsmi “Çinar” kafesinin yaxınlığında yerləşən süni balıq gölünün ətrafında bağ salmış, həmin bağın yerində yabanı halda bitən yulğun kolları, yabanı bitkilər olmuşdur. Həşəratlar yığışmasın deyə, həmçinin açıqlıq yaratmaq məqsədilə orada olan yabanı kolları və xırda yulğun kollarını Şahid2 tapşırığı ilə təmizləmişdir. İsmi ona fermanın ətrafında olan kolları təmizləməyi tapşırmış, bunun üçün də ona 100-150 manat pul vermişdir. O, fermanın ətrafını təmizləyən zaman yulğun kollarının da orada maneçilik yaratdığını görmüş, buna görə də təxmini sayının 50-60 ədəd olduğunu hesab etdiyi yulğun kollarını kəsmişdir. Yulğun kolları pis görünmüş, abadlığı pozmaqla yanaşı, gölün ətrafında salınan bağ üçün açıqlıq gərəkli olmuşdur. İsmi həmin yerə gələndə ona yulğun ağaclarını nə üçün kəsdiyini dedikdə o, sonuncuya kolları təmizləməyi tapşırdığını, lakin yulğun kollarının da abadlığı pozduğu üçün kəsdiyini bildirmişdir. İsmi yulğun kollarının kəsməsini ona irad bildirmişdir. Həmin yulğun kolları kəsildiyi yerdə qalmış, kolların kim tərəfindən və nə vaxt aparılması barədə heç bir məlumatı olmamışdır. Həmin ərazidən kəsilən yulğun kollarının sayı təxminən 50-60 ədəd olmuşdur. Təqsirləndirilən şəxs daha sonra ifadəsində maddi imkanı olmadığına görə təbiətə dəymiş zərəri indiyədək ödəmədiyini bildirərək əməlindən peşman olduğunu ifadə etmişdir. Zərərçəkmiş şəxs ARETSN 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə ifadəsində göstərmişdir ki, o, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X2 Xidmətinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Ətraf mühitin mühafizəsinə nəzarət və ekoloji monitorinq sektorunun məsləhətçi-müfəttişi vəzifəsində işləyir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin elektron ünvanına İmişli rayon Bəcirəvan kənd sakini Şahid1 tərəfindən daxil olmuş müraciət əsasında İmişli rayonu Bəcirəvan kəndi ərazisində İmişli-Saatlı yolunun sağ tərəfində yerləşən həmən əraziyə baxış keçirmiş, baxış zamanı yanında idarə əməkdaşları olmuşdur. Baxış zamanı qeyd olunan ərazidə 71 ədəd yaş halda yulğun kolunun kəsilməsi aşkar olunmuş, bununla bağlı 73706 saylı akt tərtib edilmişdir. Vurulmuş ziyanın miqdarı ilə bağlı təbiətə dəymiş ziyanın qiymətləndirmə cədvəli tərtib etdikdən sonra inzibati araşdırma aparılaraq material aidiyyatı üzrə göndərilməsi üçün baş idarəyə verilmişdir. Şikayət edən Şahid1 izahatı alınarkən sonuncu həmin yulğun kollarının Şahid2 tərəfindən kəsilməsini qeyd etmiş, lakin bununla bağlı hər hansı sübutedici fakt təqdim etməmişdir. Şahid2 isə izahat verərkən ağacları özü kəsmədiyini, bu faktla bağlı heç bir məlumatının olmadığını bildirmişdir. Şahid2 araşdırma zamanı həmin yulğun kollarının kəsildiyi ərazinin xx.xx.2003-cü il tarixdə Bəcirəvan Bələdiyyəsi ilə bağlanmış 20 illik müqavilə əsasında icarəyə götürdüyünü, hazırda həmin ərazinin kənd sakinləri və özü tərəfindən istifadə edildiyini bildirmişdir. Həmin ərazi mal-qaranın suvarılması, əkinçilik kimi təsərrüfat məqsədləri ilə istifadə olunur. 3 saylı RETSİ tərəfindən aparılan araşdırma zamanı bəhs olunan ərazidə yerləşən sututarın təbii olması, oranın süni balıqçılıq gölü təyinatlı olmaması və ümumiyyətlə orada balıqçılıq fəaliyyəti ilə məşğul olma faktı öz təsdiqini tapmamışdır. Sonradan Baş prokurorluğun aidiyyatı əməkdaşları ilə birgə həmin əraziyə yenidən baxış keçirilmiş, baxış protokolu tərtib olunarkən Şahid2 kəsilən yulğun kollarının 10 ədədinin abadlıq işlərinin aparılması məqsədilə kəsdiyini bildirmiş, qalan 61 ədəd yulğun kollarının kəsilməsi faktından xəbərdar olmadığını qeyd etmişdir. O, həmçinin məhkəmədən baş vermiş cinayət əməli nəticəsində təbiətə vurulmuş ziyana görə 5680 manat məbləğində pulun Təqsirləndirilən şəxs tərəfindən tutularaq 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin hesabına ödənilməsi barədə verilmiş mülki iddianın təmin edilməsini xahiş etmişdir. İş üzrə Şahid2 ifadəsində göstərmişdir ki, 2003-cü il 10 yanvar tarixli 01 nömrəli icarə müqaviləsinə əsasən İmişli rayon İcra hakimiyyəti ilə onun təsisçisi olduğu "xxxx" MMC arasında bağlanmış icarə müqviləsinə əsasən İmişli rayonu Bəcirəvan kəndi ərazisində olan 6 ha ölçüdə torpaq sahəsi iyirmi illik müddətə ona icarəyə verilmişdir. Həmin ərazidə o, balıqçılığın inkişafı üçün göl yaratmış, gölün ətrafında isə ona məxsus olan “Çinar” kafesi və şəxsi təsərrüfatının saxlanıldığı ferma da mövcuddur. Həmin restoranın arxa hissəsindəki ərazidə o, müxtəlif ağaclardan ibarət bağ salmışdır. Bağın salındığı ərazi də balıq gölünün ətrafındadır. İcarəyə götürdüyü torpaq sahəsi İmişli-Saatlı yolunun üzərində yerləşir. 2021-ci ilin oktyabr-noyabr aylarında şəxsi təsərrüfatında işləyən Təqsirləndirilən şəxs restoranın ətrafında olan yabanı halda bitən kolları, otları təmizləməyi tapşırmışdır. Çünki, həmin yabanı otlar abadlığı pozmaqla yanaşı, həm də orada salınan bağdakı ağacların inkişafına mane olur. Fəxrəddin orada olan yabanı otları təmizləməklə yanaşı, həmçinin yabanı halda bitən yulğun kollarını da kəsmişdir. O, yulğun kollarının kəsilməsinin qadağan olduğunu bilir, lakin Fəxrəddin abadlıq işlərinin aparılması üçün orada olan yulğun kollarını da qırmışdır. O, kəsilmiş yulğun kollarının dəqiq sayını bilmir. O, Fəxrəddinə orada olan alaq otlarını təmizləməyi tapşırmış, lakin sonuncu bütün sıxlıq yaradan otları, həmçinin yulğun kollarını təmizləmişdir. Kəsilən yulğunlar həmin yerdə bir müddət qaldıqdan sonra kənd camaatı tərəfində qış fəslində yandırılması üçün aparılmışdır. Oradan kimin nə qədər yulğun kolu aparması barədə isə heç bir məlumatı olmamışdır. İş üzrə şahid X4 ifadəsində göstərmişdir ki, o, 2021-ci ilin noyabr ayında İmişli rayonu Bəcirəvan kəndinin ərazisində meşəlik sahədə heyvan otarmışdır. Kəndin ərazisində “Atasoniya- İKF” -yə məxsus olan balıq gölünün baş hissəsində meşəlik sahəsinin tam ortasındakı torpaq yolun ətrafında yulğun kolları olmuşdur. Həmin ərəfələrdə İmişli rayon Bəcirəvan kənd sakini Şahid2 heyvanlarına nəzarət edən bir çobanın orada olan yulğun kollarını kəsdiyini görmüşdür. Şahid2 də həmin “Atasoniya-İKF”-nin təsisçisidir. O, həmin çobanı tanımadığı üçün, həm də ona heç bir aidiyyatı olmadığı üçün bir söz deməmişdir. 2021-ci ilin noyabr ayında o, yenə də həmin ərazidə, “Atasoniya-İKF” -yə məxsus olan balıq gölünün baş hissəsində olan meşəlik sahəyə heyvan otarmağa gedən zaman orada çoxlu sayda qırılmış yulğun kollarını görmüş, həmin yulğun kollarının isə çoban tərəfindən qışda yandırmaq üçün qırıldığını zənn etmişdir. Bir neçə gün də keçməsinə baxmayaraq elə kəsilmiş yulğun kolları həmin ərazidə qalmış, qırılan kolları yığıb həyətinə gətirməyə qərar vermişdir. Evlərində qaz xətti olmamış, buna görə də məqsədi yanacaq kimi istifadə etmək olmuşdur. O, həmkəndlisi Röyal adlı şəxsə orada çoxlu qurumuş vəziyyətdə yulğun kollarının olduğunu, həmin kolları yandırmaq üçün aparmağı təklif etmiş, Röyal da onunla razılaşmışdır. Birlikdə ona məxsus ata qoşulan qoşqu vasitəsilə iki gün müddətində növbə ilə Röyalın həyətinə və onun həyətinə həmin qırılmış yulğun kollarını daşımışlar. Röyal və onun həyətinə ayrı-ayrılıqda iki araba olmaqla, ümumilikdə hər arabada 50-55 ədəd yulğun kolu olan dörd araba yulğunu daşıyıb gətirmişlər. O, həmin yulğun kollarını qışda yanacaq kimi yandırmşdır. O, yulğun kollarını aparan zaman bu barədə heç kimə deməmişdir. Çünki həmin yulğun kollarının bir hissəsi yanmışdır. Həmin ərazidə heyvan otaran şəxslərin soyuqdan qorunmaq üçün ocaq yandırdığını, yulğun kollarının bir hissəsi isə həmin ərəfədə yandırılmışdır. İş üzrə şahid X8 ifadəsində X3 göstərdiyi xüsusatları eyni ilə təsdiq etmişdir. İşdə olan AR ETSN 3 saylı X6 İdarəsi tərəfindən tərtib edilmiş 18 yanvar 2022-ci il tarixli 43706 nömrəli aktda göstərilmişdir ki, 3 saylı RETSİ-nin 05 yanvar 2022-ci il tarxli 05 saylı sərəncamın aəsasən İmişli rayonu Bəcirəvan kənd sakini Şahid1 ETSN-nin elektron səhifəsinə kənd bələdiyyəsinin sədri Məmi Atakişiyev tərəfindən müxtəlif ərazilərdə qanunsuz balıq göllərinin yaratması barədə ünvanlanmış müraciətinin araşdırılması məqsədilə şikayətçi ilə birlikdə qeyd olunan əraziyə baxış keçirərək yazılı izahatı alınmışdır. Vətəndaş izahatınd Məmi Atakişiyev tərəfindən kəndin İmişli-Saatlı avtomobil yolunun kənarında yerləşən “Çinar” kafesinin və kənd ərazisində Xocalı rayonuna məxsus torpaq sahələrində qanunsuz balıq göllərinin yaradılması, həmçinin “Çinar” kafesinin arxasındakı balıq gölünün yan tərəfindən yulğun kollarının məhv edildiyini bildirmişdir. Sözügedən məsələ ilə bağlı bələdiyyə sədri Məmi Atakişiyevlə görüşərək izahatı alınmış, Məmi Atakişiyev izahatında şikayətçinin onun barəsində qeyd etdiklərinin əsassız olduğunu bildirmişdir. Belə ki, şikayətçinin qeyd etdiyi ərazinin ona deyil, İmişli rayon İcra Hakimiyyəti ilə kənd bələdiyyəsi arasında bağlanmış icarə müqaviləsinə əsasən "xxxx" MMC-yə məxsus olduğunu bildirmişdir. Araşdırılmanın davam etdirilməsi ilə bağlı "xxxx" MMC-nin təsisçisi Şahid2lə görüşərək izahatı alınmışdır. Şahid2 izahatında “Çinar” kafesinin arxa hissəində yerləşən, əvvəllər Araz çayının yatağı kimi adlanan kənd bələdiyyəsinə aid olan sututarı 2003-cü ildə 20 il müddətinə bələdiyyə sədri ilə bağlanmış müqaviləyə əsasən icarəyə götürüldüyünü, hal-hazırda həmin sututarın və ərazinin kənd əhalisi tərəfindən sututar kimi istifadə edildiyini bildirmişdir. Şahid2 izahatında yulğun kollarının kəsildiyi ərazinin ona aid olmadığını, yulğun kollarının kim və ya kimlər tərəfindən məhv edildiyini bilmədiyini qeyd etmişdir. Araşdırma müddətində "xxxx" MMCnin rəhbərliyi tərəfindən təqdim edilən sənədlərə əsasən şikayətçi Şahid1 şikayət ərizəsində qeyd etdiyi Xocalı rayonuna aid əraziləri İmişli rayon İcra Hakimiyyəti Başçısının 10 aprel 2014-cü il tarixli 41 saylı sərəncamına əssən heyvandarlığın inkişaf etdirilməsi məqsədilə rayonun 3,4,5,7 saylı qiş otlaq sahəsindən 663,0 ha torpaq sahəsini 15 il müddətinə icarəyə verildiyi həmin ərazinin daxilində eskiz xəritəyə əsasən təbii sututarın olması müəyyənləşdirilmişdir. Bundan başqa şikayətçi ilə birlikdə baxış keçirilən zaman "xxxx" MMC ilə kənd bələdiyyəsi arasında 2003-cü il tarixdə bağlanmış müqaviləyə əsasən heyvandarlığın inkişafı üçün icarəyə götürülmüş örüş-otlaq sahəsində qazıntı işlərinin aparıldığı müəyyən edilmişdir. Araşdırmanın nəticəsi olaraq həmin əraziyə baxış keçirilərkən 71 (yetmiş ir) ədəd yulğun kollarının məhv edildiyi müəyyən edilmişdir. Bununla da Azərbaycan Respublikası Yaşıllıqların Mühafizə edilməsi haqqında qanunun pozulması faktı aşkar edilmişdir.( c.i. səh: 15-16) Cinayət işində olan “Baxış keçirilməsi haqqında” 03 mart 2022-ci il tarixli protokolda göstərilmişdir ki, baxış keçirilən yer İmişli rayonunun ərazisində, İmişli-Saatlı yolunun sağ tərəfində, Bəcirəvan kəndində “Çinarlı” restoranın arxa hissəsində yerləşən yerli bələdiyyə tərəfindən Şahid2 ayrılmış sahədir. 3 saylı RETSİ-nin əməkdaşı Nümayəndə qeyd edilən araşdırmanın həmin kəndin sakini Şahid1 elektron müraciəti əsasında aparıldığını, müraciətində kənd bələdiyyəsinin sədri Məmi Atakişiyevin “Çinarlı” kafesinin arxasında süni balıqçılıq gölü yaratması və gölün ətrafında olan yulğun kollarının məhv edilməsi barədə müraciət etdiyini bildirmişdir. 3 saylı RETSİ tərəfindən aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, qeyd edilən gölün yerləşdiyi ərazi Şahid2 müqavilə əsasında icarəyə verilmiş torpaq sahəsidir. Qeyd edilən sututar xx.xx.2003-cü il tarixdə Bələdiyyə ilə bağlanmış müqavilə əsasında 20 il müddətinə icarəyə götürülmüş, hazırda həmin sututar onun və kənd əhalisi tərəfindən istifadə edilməkdədir. 3 saylı RETSİ tərəfindən aparılan araşdırma zamanı qeyd edilən ərazidə olan gölün təbii sututar olması aşkar edilmişdir. İmişli-Saatlı yolunun sağ tərəfində, Bəcirəvan kəndində “Çinarlı” restoranının arxa hissəsində yerləşən sututarın arxa ətrafında ümumilikdə 71 ədəd yulğun kolunun məhv edilməsi müəyyən edilmişdir. +- *”Yaşıllıqların götürülməsi qaydasının” tətəbiq edilməsi haqqında AR NK-nın xx.xx.2016-cı il tarixli 321 nömrəli Qərarının tələbləri pozulmuşdur. Qeyd edilən ağacların kəsilərək məhv edilməsi nəticəsində təbiətə dəymiş ziyanın hesablanması AR NK-nın xx.xx.2016-cı il tarixli 421 nömrəli Qərarına əsasən hesablanmı və 71 ədəd yulğun kollarının məhv edilməsi nəticəsində təbiətə dəymiş ziyanın 5680 manat olması müəyyən edilmişdir. (c.i. səh: 70-79) İşdə olan AR ƏN MEM tərəfindən verilmiş 20 iyun 2022-ci il tarixli 9/3563 nömrəli rəyinə əsasən “Azərbaycan Respublikasının ETSN-nin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi” tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli 73706 saylı aktdan və ona əlavə edimiş cədvəldən istifadə etməklə, tikinti və abadlaşdırma məqsədi istisna olmaqla ümumilikdə 71 ədəd yulğun kolunun qanunsuz kəsilməsinə görə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 421 nöpmrəli Qərarına əsasən təbiətə dəymiş ziyanın ümumi məbləği 5680,0 manat (71 ədəd x 80,00 manat) müəyyən edilmişdir. (c.i. səh: 121) АR CPM-nin 124.2-ci maddəsinə əsasən şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi, maddi sübutlar, istintaq və məhkəmə hərəkətlərinin protokolları və digər sənədlər cinayət prosesində sübut kimi qəbul edilir. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs AR CM-nın 259.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətmişdir. Ona görə də, o, CM-nın Xüsusi hissəsinin müvafiq maddəsi ilə təqsirli bilinərək Ümumi hissəsinin normaları nəzərə alınmaqla cəzalanmalıdır. AR CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İşdə olan AR DİN BƏSİİ tərəfindən verilmiş sorğu məlumatına əsasən Təqsirləndirilən şəxs məhkum edilməmişdir. ( c.i. səh: 226) İşdə olan Cəlilabad RİHB Muğan kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışa əsasən Təqsirləndirilən şəxs evlidir və himayəsində iki nəfər azyaşlı uşağı vardır. Himayəsində iki nəfər azyaşlı uşağı olması və əməlindən səmimi peşmançılıq çəkməsi Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallardır. İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. İşdə olan Cəlilabad RİHB Muğan kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnaməyə əsasən Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmuşdur. (c.i.səh:227) «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı Qərarının 3-cü bəndinin 2-ci abzastında göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə hesab edir ki, törətdiyi cinayətin ictimai təhlükəlilik dərəcəsi, cəzasını yüngülləşdirən hallar və şəxsiyyəti nəzərə alınaraq Təqsirləndirilən şəxs AR CM-nın müvafiq maddəsinin sanksiyasında nəsərdə tutulan islah işləri cəzasına məhkum edilməli, İş üzrə olan 50,0 ( əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Dövlət büdcəsinə keçirilməlidir; İş üzrə olan mülki iddia təmin edilərək Təqsirləndirilən şəxs 5680,0 manat tutulub iddiaçı AR ETSN 3 saylı Refional Ekologiya və Təbii Sərvətlər İdarəsinin hesabına keçirilməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351-353 və 383-385-ci maddələrini rəhbər tutaraq, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 259.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib qazancından 10 (on) faiz dövlət nəfinə tutulmaqla 2 ( iki) il müddətə islah işləri cəzasına cəzasına məhkum edilsin. Cəza çəkməsinin əvvəli Təqsirləndirilən şəxs işlədiyi və qazancından tutulmaların aparıldığı gündən hesablansın. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə olan 50,0 ( əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Dövlət büdcəsinə keçirilsin. İş üzrə olan mülki iddia təmin edilsin: Təqsirləndirilən şəxs 5680,0 ( beş min altı yüz səksən) manat tutulub iddiaçı AR ETSN 3 saylı Refional Ekologiya və Təbii Sərvətlər İdarəsinin hesabına keçirilsin. Hökmdən 20 (iyirmi) gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim: Ülvi Qənbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar